A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmam Həsən Müctəba əleyhissəlamın həyatı
Müəllif: Mehdi Pişvayi
Naşir: Test
Çap tarixi:
Səhifələrin sayı: 25
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bir çox ardıcıl döyüşlər nəticəsində artıq vuruşmaqdan yorulub öz tayfa başçılarının sözü, Müaviyənin təbliğatçılarının hiyləgər tabliğatı və yağlı və’dələri ilə sülh etməyə razılaşan camaat nə vaxtsa oyanmalı idi. Onlar döyüşə qarşı yorğunluq göstərməklə, Müaviyənin yalan və yağlı və’dələrinə inanmaqla və kor-koranə öz tayfa başçılarının sözü ilə sülhü qəbul etməklə necə böyük səhvə yol verdiklərini anlamalı idilər. Bu isə təkcə bir yolla – öz gördükləri işin acınacaqlı nəticələrini görməklə mümkün idi. Bundan əlavə, müsəlmanlar Əməvi hökumətinin əsl və həqiqi sifətini görməli, onların cəmiyyətdə yaratdıqları çətinlikləri, məhrumiyyətləri, ardıcıl axtarışları və zülmləri öz gözləri ilə görməli idilər.

İmam Həsən əleyhissəlamın və onun ən yaxın dostlarının o həssas dövrdə həyata keçirmək istədiyi məsələ o idi ki, bu hadisələri olduğu kimi camaata göstərsinlər, camaatın ağıl və düşüncəsi nəticəsində onları Əməvi hökumətinin bu cür acınacaqlı işlərinin əleyhinə qiyama hazırlasınlar. Deməli, İmam Həsən (əleyhissəlam) sülh edibsə, bu ağır yükü boynundan atmaqdan ötəri sülh etməyib, əksinə ona görə sülh edib ki, mübarizəni başqa sahədə aparsın. Elə sülhdən sonra baş vermiş hadisələr də bu məsələyə kömək etdi və İraq əhalisini qəflət yuxusundan oyatdı. Təbəri yazır: «Müaviyə (sülh müqaviləsi bağlanandan sonra Kufə yaxınlığındakı) Nüxeylə adlı bir yerdə düşərgə saldı. Bu zaman xəvaricin bir dəstəsi Müaviyənin əleyhinə qiyam edib Kufə şəhərinə daxil oldu. Müaviyə Şam əhalisindən bir dəstəsini onlara qarşı vuruşmağa göndərdi, lakin xəvaric onları məğlubiyyətə uğratdı. Bundan sonra Müaviyə Kufə ordusuna xəbər göndərdi ki, xəvarici məhv etsinlər, əks təqdirdə Kufə əhalisi amanda olmayacaq.»[33]

Beləliklə, Əli əleyhissəlamın və İmam Həsən əleyhissəlamın ordusunda vuruşmağa razı olmayan İraq əhalisi onların və xəvaricin müştərək düşməni olan Müaviyə tərəfindən xəvariclə vuruşmağa məcbur oldular. Bu da onu göstərir ki, camaat Müaviyənin hökumətində arzuladığı sülh və asayişə heç vaxt çatmamışlar.

Qorxu içində saxlamaq və aclıq siyasəti

Bundan əlavə, Müaviyə camaata qarşı insaniyyətdən uzaq olan bir siyasət də yeridirdi. Bu siyasəti qorxu içində saxlamaq və aclıq siyasətindən başqa bir şey adlandırmaq olmaz. O, bu yolla İraq əhalisini həyat səhnəsindən götürürdü. Müaviyə bir tərəfdən İraq əhalisini hər cür çətinliklər qarşısında qoyur, digər tərəfdən də onları öz hüquqlarından məhrum edirdi.

Sünni məzhəbinin görkəmli alimi ibn Əbil Hədid yazır: «Harada şiə var idisə, qətlə yetirilirdi. Bəni–Üməyyə tərəfindən şiə olduğunu ehtimal verən şəxslərin əl-ayaqları kəsilirdi. Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsinə məhəbbəti olanların hamısı ya həbs edilir, ya mal-dövlətləri müsadirə olunur, ya da evi viran edilirdi. Şiələrə qarşı təzyiqlər o qədər artmışdı ki, Əli əleyhissəlamı sevmək nisbəti küfr nisbətindən pis sayılırdı və onun ardınca acınacaqlı əzablar gözlənilirdi. Kin-küdurət doğuran bu siyasətin icrasında Kufə şəhərinin vəziyyəti hər yerdən pis idi. Çünki Kufə Əli əleyhissəlamın şiələrinin mərkəzi hesab olunurdu. Müaviyə Ziyad ibn Süməyyəni Kufənin valisi tə’yin etdi, sonradan Bəsrənin də hökumətini ona tapşırdı. Bir vaxtlar Əli əleyhissəlamın şiələrindən olan Ziyad onları çox yaxşı tanıyırdı. O, şiələri harada gizlənmişdilərsə, tapıb öldürdüyünü öldürdü, bə’zilərini hədələyərək əl-ayaqlarını kəsdi, gözlərini çıxartdı, xurma ağaclarının budaqlarından asdırdı və onları İraqdan didərgin saldı. Belə ki, daha şiənin tanınmış şəxsiyyətlərindən heç biri İraqda qalmadı.»

Kufə və Bəsrədə təzyiqlərin artması

Yuxarıda qeyd etdik ki, İraq əhalisi, xüsusən də kufəlilər hamıdan çox təzyiqlərə mə’ruz qalırdılar. İş o yerə çatmışdı ki, onlar öz e’tibarlı, inamlı dostlarının evinə get-gəl edib bir gizli söhbət etmək istədikdə, ev sahibinin xidmətçisindən qorxduqları üçün ondan xəbərçilik etməyəcəyi barədə and almayınca sözə başlamazdılar.

Müaviyə ölkənin bütün valilərinə məktub yazıb onlara tapşırdı ki, şiə və Əli (əleyhissəlam) övladlarının şəhadətini də qəbul etməsinlər.

O, məktubların birində belə yazır: «Əgər iki nəfər bir nəfərin şiə olduğuna şəhadət verərsə, dərhal onun adını beytül-maldan silin və onu hüququndan məhrum edin.»[34]

Növbə ilə altı ay Kufədə, altı ay Bəsrədə vali olan Ziyad Bəsrədə olmadığı dövrdə öz işlərini Səmürə ibn Cündəbə tapşırırdı. Səmürə bu müddətdə (altı ayda) səkkiz min nəfəri qətlə yetirdi. Ziyad ona dedi: Qorxmursan ki, onların arasında biri günahsız olar? Səmürə dedi: “Onların iki bərabərini öldürsəm də, yenə qorxmaram.”

Əbu Səvar Ədəvi deyir: «Səmürə bir gün hamısı Qur’anı əzbərdən bilən qırx yeddi qohumumu öldürdü.»[35]

Sülh – Aşura hərəkatı üçün zəminə yaradan

Bu qorxulu hadisələr İraq əhalisini möhkəm oyatdı və əhali Əməvi hakimiyyətinin əsl mahiyyətini az da olsa, tanıdı. Onlar artıq sakit oturmaqdan, süst qalmaqdan bezmişdilər. Tayfa başçılarının İmam Həsən əleyhissəlamın sülhündən istifadə edib Müaviyənin «səxavətindən» bəhrələndiyi bir vaxtda İraqın adi əhalisi öz ayaqları ilə tərəfinə getmiş və öz əlləri ilə ona be’yət etmiş Müaviyənin zalım hökumətinin əsl mahiyyətini yavaş-yavaş tanımağa başlayırdı.

Müaviyə Müğeyrə ibn Şü’bəni Kufəyə, Abdullah ibn Amiri isə Bəsrəyə başçı tə’yin etdi. Osmanın ölümündən sonra Bəsrədən çıxıb getmiş Abdullah yenidən oraya qayıtdı. Müaviyənin özü isə Şama gedib Dəməşqdə ölkə işlərinin tədbirinə başladı.

İraq camaatı hər dəfə Əli əleyhissəlamın dövründəki yaşayışlarını yada saldıqda, qəmgin olur və Əli əleyhissəlamı himayə etmədiklərinə görə peşmançılıq çəkirdilər. Eləcə də, Şam əhalisi ilə bağladıqları sülhə görə peşman olmuşdular. Onlar bir-biri ilə rastlaşanda, bir-birini danlayır, bir-birindən soruşurdular ki, görəsən, nə olacaq, nə etməliyik? Sülhdən bir neçə il keçməmişdi ki, Kufə şəhərinin nümayəndələri İmam Həsən əleyhissəlamı görüb onunla söhbət etmək və onun sözlərinə qulaq asmaq üçün Kufədən Mədinəyə get-gəl etməyə başladılar.[36]

Bu əsasa görə İmam Həsən əleyhissəlamın sülh dövrü gələcək günə qədər camaatın azğın Əməvi hökumətinə qarşı hazırlıq və döyüş üçün məşq etmək dövrü hesab olur. Elə bir gün ki, İslam cəmiyyəti artıq həmin gün mübarizə etmək üçün hazır olacaqdı.

Qiyam etmək üçün hazırlığı bildirmək

İmam Həsən (əleyhissəlam) sülh edəndə, hələ camaatın düşüncə tərzi o dərəcəyə çatmamışdı ki, İmam əleyhissəlamın məqsədini tə’min etsin. O zaman İslam cəmiyyəti arzu və istək zəncirlərinin əsiri idi. Bu həmin arzu və istək idi ki, camaatda məğlubiyyət ruhiyyəsi yaratmışdı. Buna görə də, İmam Həsən əleyhissəlamın qarşısında duran məqsəd camaatın fikrini Əməvi hökumətinə qarşı qiyama yönəltmək, camaata Əməvi hökumətinin həqiqi mahiyyətini başa düşüb fikirləşmək üçün fürsət verməkdən ibarət idi. Xüsusilə qeyd etmək lazımdır ki, İmam Həsən əleyhissəlamın Əməvi hökumətinin cinayət və zülmlərinə, onların Qur’an və İslam qayda-qanunlarını kəskin surətdə pozmasına işarə etməsi, camaatın fikrini tamamilə oyadırdı. Yavaş-yavaş bu oyanış artdı və İraqın böyük şəxsiyyətləri İmam Hüseyn əleyhissəlamın yanına gəlib ondan qiyam etməsini istədilər.[37]

Hadisələrin Mədinədə tə’siri

İmam Həsən əleyhissəlamın şəhadətindən sonra İmam Hüseyn (əleyhissəlam) İmamət məqamını öz öhdəsinə götürdü. Bu vaxtlar Müaviyənin törətdiyi cinayətlər Mədinədə səs-küyə səbəb olmuş və İmam Hüseyn əleyhissəlamın böyük şiə şəxsiyyətləri ilə İraq, Hicaz və başqa yerlərdə təşkil etdiyi ictimai yığıncaqların əsas söhbətinə çevrilmişdi. Məsələn, Müaviyə Hicr ibn Ədiyy və onun yol yoldaşlarını öldürdükdən sonra Kufənin adlı-sanlı şəxsiyyətlərindən bir neçəsi İmam Hüseyn əleyhissəlamın yanına gedərək məsələdən onu xəbərdar etdilər. Bu xəbərin yayılması ilə bütün mö’minlər arasında hökumətə qarşı böyük nifrət hissi oyandı.

Bu məsələdən mə’lum olur ki, artıq o vaxtlar Əməvi hökumətinə qarşı müntəzəm olaraq müxalifətlər irəli sürülürdü. Bu müxalifətin təbliğatçıları və əsas aparıcı qüvvələr İmam Həsən əleyhissəlamın sayca az olan ən yaxın dostları idi. İmam Həsən (əleyhissəlam) öz ağıllı tədbiri ilə onların canını Müaviyənin apardığı çirkin bəlasından qoruyub saxlamışdı. Bu azsaylı dəstənin məqsədi o idi ki, qiyamın yetişməsi və camaatı qiyama hazırlamaq məqsədilə Müaviyənin hakimiyyəti dövrü ərzində törətdiyi bütün cinayətləri camaatın yadına salsın.[38]

Nəyə görə İmam Həsən (əleyhissəlam) sülh, İmam Hüseyn (əleyhissəlam) isə qiyam etdi?

Ötən araşdırmalarda İmam Həsən əleyhissəlamın sülhünün səbəblərini aydınlaşdırdıq. Burada belə bir sual irəli gəlir ki, nəyə görə İmam Həsən (əleyhissəlam) sülh, İmam Hüseyn (əleyhissəlam) isə qiyam etdi? Əgər sülh etmək düzgün fikirdisə, bəs onda nəyə görə İmam Hüseyn (əleyhissəlam) Yezidlə sülh bağlamadı? Yox əgər vuruşmaq lazım idisə, onda nəyə görə İmam Həsən (əleyhissəlam) vuruşmadı?

Bu sualların cavabını bu iki böyük İmamın yaşadığı müxtəlif şəraitli dövrdə və Yezidlə Müaviyənin rəftarında axtarmaq lazımdır. İndi Müaviyə ilə Yezidin rəftarındakı fərqli cəhətlər haqqında az da olsa, sizə mə’lumat veririk.

Müaviyənin baş aldatmaları

Müaviyə hakimiyyəti dövründə avam, aldadıcı plan və siyasətlərlə öz hökumətini şər’i və İslami bir hökumət kimi göstərməyə çalışırdı. O, camaatın fikrini onun hökumətinin həqiqi İslam siyasətindən kənar olduğunu anlamaqdan yayındırırdı. Düzdür, Müaviyə əməldə İslamı təhrif etmiş və əsl İslam hökumətinin yerinə Əməvi hakimiyyətini gətirib çıxarmaqla İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə çevirmişdi, lakin bununla belə yenə də İslamın zahirinə əməl edir, zahirdə İslam qayda-qanunlarına riayət edirdi. Arada olan pərdələri cırmırdı, sarayında azca da olsa, İslamın zahiri qayda-qanunlarını dəyişməyə qoymurdu. O, çox yaxşı bilirdi ki, din və İslam xilafəti adı ilə camaata başçılıq edir. Buna görə də, aşkarda elə bir iş görməməli idi ki, camaat o işi dinə qarşı mübarizə kimi qələmə versin. Çünki Müaviyə də elə bu dinə əsasən, camaata rəhbərlik edirdi. Əksinə, o tutduğu mövqeyə uyğun olaraq həmişə öz əməllərini din çərçivəsində yerləşdirirdi. İslam və din qayda-qanunlarına uyğun olmayan işləri isə gizlində görürdü.

Bundan əlavə, Müaviyə çətinlikləri həll etməkdə və müşkülatı yoluna qoymaqda fövqəl’adə bir siyasət işlədirdi. Çətinlikləri xüsusi yollarla həll edirdi. Ancaq Yezid bu cür siyasət yeritmirdi. Elə bu iki səbəbə görə Müaviyənin hakimiyyəti dövründə qiyamın qələbə ilə nəticələnməsi və şəhadətin müsbət tə’sir verəcəyi sual altında qalırdı. Çünki camaat o vaxt Əməvi hakimiyyətinə qarşı qiyam etməyi düzgün hesab etmirdi. O vaxt camaatda Əməvi hakimiyyətinə qarşı hələ nifrət hissi oyanmamışdı. Cəmiyyətin ümumi fikri Müaviyənin İslamdan kənar olduğunu hələ anlamadığına görə, bə’zi gözlənilməz ünsürlər səbəbindən İmam Həsən əleyhissəlamın Müaviyə ilə mübarizəsi haqqın batilə qarşı mübarizəsi kimi yox, hakimiyyət uğrunda mübarizə kimi hesab olunurdu. Belə bir vaxtda şəhid olmaq qiyamın məqsədlərini irəli aparmaqda heç bir kömək etməz, camaatın ümumi rə’yi səhv formalaşar və bununla da, həqiqət heç olardı.

Münasib olmayan mühit

Yuxarıda qeyd etdik ki, Müaviyənin dövründəki siyasi vəziyyət elə bir halda deyildi ki, bir nəfər islahedici müəyyən bir yolla işi həll edə bilsin. Cəmiyyət öz ağlı ilə öz yolunu tə’yin edə biləcək səviyyədə deyildi. Əksinə, onda vəziyyət elə idi ki, o vəziyyətdə hər hansı bir islahedici fəsad rəhbərlərin əməllərini gözləməli, fürsət düşdükdə öz imkanlarını, ətrafdakıları və düşmənlə mübarizəsini nəzərə almaqla əks tədbirlər görməli idi. Bununla da, “məğlub olmuş həqiqət”ə “qalib gəlmiş yalan” qarşısında qələbə qazandırmalı idi. İmam Həsən əleyhissəlamın dövründəki əsas müşkül də elə bu idi. O dövrdə şəhadət lazımi şərait istəyirdi ki, fərdi şəhadətdən çıxıb ictimai şəhadətə çevrilsin. Şəhidin qanı camaatda yeni fikir yaratmalı idi.

Tarixi faktlar göstərir ki, İmam Həsən (əleyhissəlam) onun ətrafına toplaşmış süst ordu ilə (onların gördükləri bə’zi işləri sizin nəzərinizə çatdırmışıq) ayağa qalxıb Müaviyə ilə vuruşsaydı, onu tezliklə bir qəhrəman kimi şəhid etməzdilər. Onu əsir tutardılar. Müaviyə istəyirdi ki, özünün və ailəsinin (qohum-əqrabasının) İslam ordusu qarşısında rüsvayçılığını və bu orduu tərəfindən əsir olunmalarının əvəzini Məhəmmədin (səlləllahu əleyhi və alih) ailəsinin böyüklərindən birini əsir tutmaqla çıxsın. Deməli, əgər İmam Həsən (əleyhissəlam) məğlub olsaydı, qəhrəman bir şəhid kimi (Aşurada olduğu kimi) öldürülməz, Müaviyə tərəfindən əsir olar və nəhayət müəmmalı şəkildə öldürülərdi. Bu da o dövrdə haqqa dəyəcək böyük bir ziyan olardı. Əgər İmam Həsən əleyhissəlamın ordusu Müaviyənin ordusu ilə döyüşdə məğlub olsaydı, Müaviyənin ordusu müsəlman şəhərlərinə hücum edib bacardığı qədər əhalini qırardı. Xüsusilə də, Həzrət Əli (əleyhissəlam) və İmam Həsən əleyhissəlamın tabeçiliyində olan Məkkə, Mədinə, Kufə, Bəsrə və digər şəhərləri talan edərdi. Beləliklə də, ölənlərin sayı Kərbəladan fərqli olaraq məhdud qalmaz və həddi aşıb-daşardı. İmamın qarşısını aldığı hədər qanın tökülməsi də elə bu idi.1

Bəlkə də elə bu səbəblərə görə (və İmam Hüseyn əleyhissəlamın İmam Həsən əleyhissəlamın sülhünə razılıq bildirmək məqsədilə) İmam Hüseyn (əleyhissəlam) qardaşının şəhadətindən sonra Müaviyənin son on il hakimiyyəti dövründə, yə’ni, təxminən hicrətin əllinci ilindən altımışıncı ilinədək qiyam etmədi. İmam Hüseyn (əleyhissəlam) o vaxt münasib fürsətin ələ düşməsi üçün günləri sayır və camaatın ümumi fikrini oyatmaqla kifayətlənirdi. Çünki İmam Hüseyn (əleyhissəlam) əgər o vaxt qiyam etsəydi, bu qiyam İslam cəmiyyətində necə nəticələnəcəyi və camaatın fikrində necə cilvələnəcəyi mə’lum deyildi.

Yezid – İslam cəmiyyətinin nifrətamiz siması

Yuxarıda dediyimiz məsələlər Yezid barəsində tamamilə əksinədir. Çünki Yezidin, həm atası Müaviyənin yeritdiyi siyasətdən başı çıxmırdı, həm də din adı altında camaata rəhbərlik etdiyi İslam dininin zahirindən də çox uzaq idi.

Yezid hələ bişməmiş, şəhvətpərəst, özbaşınalıq edən, ehtiyat və uzaqgörənlikdən uzaq olan bir gənc idi. O, ağılsız, qorxusuz, kefcil, əyyaş və çox aşağı səviyyəli fikir düşüncəsinə malik olan bir adam idi.

Hakimiyyətə gəlişindən qabaq həvayi-nəfsinin qulu və dünya təmayüllü Yezid hakimiyyətə gəldikdən sonra da, atasından fərqli olaraq heç İslamın zahirinə də əməl etmirdi. O, hətta zahirdə də özünü dindar və imanlı bir şəxs kimi göstərmirdi. Əksinə, qorxusuzluğu nəticəsində İslamın zahiri qayda-qanunlarını da pozur və şəhvətini doyuzdurmaqdan ötrü əlindən gələni edirdi. O, açıq-aşkar şərab içir və açıqcasına fitnə-fəsad törədirdi. Yezid siyasi nöqteyi-nəzərdən o qədər zəif idi ki, İslamla barışmaz düşmən olan və cahiliyyət dövrünü xatırladan Bəni–Üməyyə hakimiyyətinin əsl mahiyyətini camaata aşkar etdi. Yezidin bu qanun pozuntuları və işlərə laqeyd yanaşması artıq onun xilafət məqamını qoruyub saxlamağa ləyaqəti olmadığını və müsəlmanların rəhbəri olmasına səlahiyyəti çatmadığını hamıya sübut etmişdi. Buna əsasən, Bəni–Üməyyə hakimiyyətinin muzdurları İmam Hüseyn əleyhissəlamın qiyamını camaatın fikrində müttəhəm edə bilməzdilər. Çünki camaat Yezidin dini qayda-qanunlarla heç cür uyğunluğu olmayan işlərini öz gözləri ilə görürdü. Elə Yezidin bu rəftarı onun hökumətini devirmək üçün qiyam etmək fikrini camaatda oyatmaq üçün mühüm amil hesab olunurdu. Belə bir dövrdə camaat İmam Hüseyn əleyhissəlamın qiyamını siyasi ixtilaf və vəzifə üstündə mübarizə kimi yox, Peyğəmbər (səlləllahu əleyhi və alih) balasının İslamı qorumaq məqsədilə batil hökumət əleyhinə mübarizəsi kimi qələmə verirdi.

Qiyamçılar qüvvə toplayır

İmam Hüseyn əleyhissəlamın qiyamının başqa bir səbəbini də, İmam Həsən əleyhissəlamın sülhündən sonra şiələrin də’vətinin genişlənməsində və ümumi fikrin oyanmasında axtarmalıyıq. Çünki İmam Həsən əleyhissəlamın sülhündən sonra Əməvi hökumətinə qarşı yaranmış hərəkat günbəgün artır və hərəkatın dairəsi genişlənirdi. Müaviyənin də siyasəti istər bilərəkdən, istərsə də, bilməyərəkdən bu hərəkatın genişlənməsinə gətirib çıxarmışdı. Çünki İmam Həsən əleyhissəlamın şəhadətindən sonra meydanı bir az açıq görən Müaviyə get-gedə vəziyyəti camaata (xüsusən də, Əli əleyhissəlamın şiələrinə) çətinləşdirir və əlindən gələn zülmü edirdi. Müaviyənin müsəlmanların hüquqlarına dəfələrlə təcavüz etməsi və onun ordusunun günahsız insanları qırması, yaxud əziyyət verməsi, sülh müqaviləsini pozması, sülh müqaviləsində qeyd olunanın əksinə olaraq özündən sonra Yezid üçün vəliyyi-əhd adı ilə camaatdan bey’ət alması, nəhayət İmam Həsən əleyhissəlamı zəhərləməsi Bəni–Üməyyə hakimiyyətini daha da ləkələyən və onun mövqeyini bir qədər də zəiflədən məsələlər idi. Bu hadisələr şiələrin birləşməsi və Əməvi hökumətinə qarşı cəbhənin güclənməsinə və tədricən İmam Hüseyn əleyhissəlamın qiyamının başlanmasına səbəb oldu.

Görkəmli Misir alimi və yazıçısı doktor Taha Hüseyn sülh müqaviləsindən sonra Müaviyənin şiələri tə’nə və tənqid etməsini qeyd edərək yazır: «Müaviyənin son on il hakimiyyəti dövründə şiələrin işi artdı və onların də’vəti İslam ölkəsinin Şərqində və ərəb məntəqələrinin Cənubunda həddən artıq yüksəliş tapdı. Belə ki, Müaviyənin ölümü zamanı camaatın əksəriyyəti, xüsusən də, İraq əhalisi Müaviyəni lə’nətləməyi və Əhli-beyt məhəbbətini özlərinə bir dini vəzifə kimi hesab edirdi.»1 Beləliklə də, İslam cəmiyyəti Əməvi hökumətinin həqiqi simasını kifayət qədər tanıdı. Onlar bu hökumətin işkəncələrini kifayət qədər daddılar və bu hökumətin müsəlmanların hüquqlarına etdiyi təcavüz və zülmləri gördülər. Bu hökumətin Müaviyənin hakimiyyəti dövründə üzünə keçirdiyi üzlük kənara çəkilərək camaat onun həqiqi qiyafəsini tanıdı. Bunun da nəticəsində Müaviyənin ölümü və İslam cəmiyyətinin oyanması ilə Müaviyənin dövründə baş tutacaq bir qiyama mane olan səbəblər aradan qaldırıldı və Əməvi hökumətinə qarşı qiyam üçün yol açıldı. Belə bir vaxtda Hüseyn ibn Əli (əleyhissəlam) azğın Bəni–Üməyyə hökumətinə qəti zərbə endirərək o böyük və misilsiz qiyamı həyata keçirtdi.

İlhamverən qiyam

İmam Hüseyn əleyhissəlamın qiyamı cəmiyyətdə böyük dönüş yaradaraq vəziyyəti dəyişdirdi. Bütün fikirləri Əməvi hökumətinə qarşı yönəldərək «Təvvabin» qiyamı, Mədinə əhalisinin qiyamı, Muxtari-Səqəfinin qiyamı, Zeyd ibn Əli ibn Hüseyn əleyhissəlamın qiyamı və bir neçə başqa ardıcıl qiyamlara səbəb oldu. Əgər bu qiyam İmam Həsən əleyhissəlamın dövründə və o Həzrətin başçılığı altında həyata keçsəydi, heç bir nəticəsi olmayacaqdı.

İmam Hüseyn (əleyhissəlam) həqiqətdə öz əziz qardaşının tutduğu proqramla irəliləyirdi. Çünki İmam Həsən (əleyhissəlam) son dərəcə vüqarla kütbeyin insanların səhvlərinə dözərək o dövrün həqiqətlərinin üstü-örtülü olması nəticəsində sülh imzalamaqla  yavaş-yavaş qiyam üçün zəminə yaradaraq camaatın beynində inqilabi fikirlər oyatdı. Elə ki şərait tamamilə hazır oldu, Hüseyn ibn Əli (əleyhissəlam) fəsad mərkəzinə hücumun rəhbərliyini öz öhdəsinə götürdü.

Tərəfdarların fərqi

İmam Həsən əleyhissəlamla İmam Hüseyn əleyhissəlamın yaşadığı dövr arasındakı fərqdən əlavə, bu iki İmamın tərəfdarları arasındakı fərqi də nəzərə almaq lazımdır. İrəlidə qeyd etmişdik ki, İmam Həsən əleyhissəlamın ordusu bir şayiə eşitməklə bir-birinə dəydi və bə’ziləri İmamın çadırına hücum edərək hətta onun ayağı altındakı xalçanı da qarət etdilər. İmamla Şam ordusuna qarşı vuruşmaq və bu yolda can vermək istəyənlərin özləri fitnə yaradaraq İmamı tək qoydular. İndi onları İmam Hüseyn əleyhissəlamın tərəfdarları ilə müqayisə edin. İmam Hüseyn əleyhissəlamın tərəfdarları Aşura gecəsi (Tasua günü) (İmam Hüseyn əleyhissəlama) deyirdilər: «And olsun Allaha, əgər bilsək ki, öldürüləcəyik, sonra bizi dirildib yenə öldürərək yandırıb külümüzü küləyə verəcəklər və bu işi yetmiş dəfə təkrarlayacaqlar, sənin yolunda can verməmiş yenə səndən ayrılmarıq. Ölmək ki, bir dəfədən çox deyil! Özü də şəhadətə yetişmək kimi ölmək. Bu, əbədi səadət və izzətdir!»

Bəli, bu cür insanlarla bəşəriyyət tarixində «şəhadət» adlı bir şövq, göylərdə «Aşura» adlı bir zümzümə yaratmaq olar. Lakin o cür şəxslərlə (İmam Həsən əleyhissəlamın dövründəki adamlarla) nə qələbə mümkündür, nə də şəhadət. Onlar adamı əl-qolu bağlı düşmənə təhvil verər və adama əsirlik zillətindən başqa heç bir şey nəsib etməzlər. İmam Həsən əleyhissəlamın mübarizə səngərini dəyişməsinin səbəbi də elə bu idi. Başqa sözlə desək, İmam Həsən (əleyhissəlam) mübarizə məqsədini yox, formasını dəyişdi. Elə bil ki, nəqliyyat vasitəsi gedə-gedə namaz qılan şəxs nəqliyyat vasitəsi sağa-sola dönərkən o da yerini dəyişir, ancaq cəhəti (qibləyə tərəf durmaq) olduğu kimi qalır. Haqq tərəfdarlarının məqsədi də daima batilə qarşı mübarizə etmək olub. İstər bu mübarizə Aşurada (Kərbəla çölündə), istər Kufənin məhəllə və küçələrində, istər Mədinə məscidində, istər Bağdad zindanında və istərsə də ayrı yerlərdə olsun.

İmam Həsən (əleyhissəlam) o dövrdə haqq-ədalətin yayılmasına böyük mane olan Müaviyəni hədəf tutmuşdu. Bu ali məqsədə gah ordu hazırlamaqla yetişmək istəyir, gah da sülhü qəbul etmək tədbiri ilə.1

Bir vəzifənin iki tərəfi



Geri   İrəli
Go to TOP