A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmam Həsən Müctəba əleyhissəlamın həyatı
Müəllif: Mehdi Pişvayi
Naşir: Test
Çap tarixi:
Səhifələrin sayı: 25
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Yuxarıda deyilənlərdən əlavə, o dövrün İraq camaatı mütəşəkkil və vahid deyildi. Əksinə, cəmiyyət müxtəlif ünsürlü və bir-biri ilə zidd olan dəstələrdən təşkil olunmuşdu. Belə ki, bə’zi vaxtlar bu dəstələr bir-biri ilə heç cür yola gedə bilmirdilər. Bir dəstə çox təhlükəli olan Əməvilər sülaləsinin tərəfdarı, digər bir dəstə həm Əməvilərlə, həm də İmam Həsən əleyhissəlamla vuruşmağı özlərinə vacib bilən xəvaric dəstəsi, başqa bir dəstə müxtəlif yerlərdən gəlib İraqda məskunlaşmış və sayı iyirmi min nəfərə çatan qeyri-ərəb müsəlmanlar, başqa bir dəstə də əqidəsi sabit olmayan, İmam Həsən əleyhissəlamla Müaviyə arasında hansı birinin üstün olmasında şəkk edən insanlardan ibarət idi. O dövrün İraq və Kufə əhalisi bu dəstələrdən təşkil olunmuşdu. Bunlardan fərqli olaraq digər bir dəstə də Əli əleyhissəlamın həqiqi dostları idi.[15]

Pərakəndə ordu

Əhali arasındakı bu dəstələr təbii ki, İmam Həsən əleyhissəlamın ordusunda da yayılmış, ordunu pərakəndə hala gətirib çıxarmışdı. Buna görə də, xarici düşmənlərə qarşı mübarizədə belə bir orduya arxalanmaq heç cür mümkün deyildi.

Şiə məzhəbinin böyük ustadı mərhum Şeyx Müfid və başqa tarixçilər İmam Həsən əleyhissəlamın ordusundakı bu təhlükə barədə belə yazırlar: «İraq əhalisi çox gec və süstlüklə İmam Həsən əleyhissəlamın ordusuna qoşuldu. İmam Həsən əleyhissəlamın təşkil etdiyi qoşun aşağıdakı dəstələrdən ibarət idi:

1) Əli əleyhissəlamın şiələrindən ibarət tərəfdarları;

2) Xəvaric; (Onlar Müaviyə ilə döyüşmək üçün bütün yollara əl atmışdılar. Onların İmam Həsən əleyhissəlamın dəstəsinə qoşulması Müaviyə ilə düşmənçiliklərinə görə idi.)

3) Dünyapərəst və mənfəətpərəst şəxslər; Bunlar da özlərinə maddi mənfəət əldə etmək üçün İmam Həsən əleyhissəlamın ordusuna qoşulmuşdular.

4) İkiürəkli və şəkk edən insanlar; Onların nəzərincə İmam Həsən (əleyhissəlam) kimi böyük bir şəxsiyyətin Müaviyədən elə bir üstünlüyü yox idi.

5) Nəhayət, din xatirinə yox, əksinə, qəbilə düşmənçiliyinə görə və sadəcə olaraq öz qəbilə başçılarından itaət edib mübarizəyə qoşulanlar.[16]

Beləliklə də, İmam Həsən əleyhissəlamın ordusu Müaviyə kimi bir düşmənə qarşı mübarizədə lazımi təşəkkülü tapmamış və pərakəndə şəkildə olmuşdu.

Canlı sənəd

O dövrün İraq əhalisinin pərakəndəliyini və camaatın döyüşə qarşı süstlüyünü, əslində heç kim İmam Həsən əleyhissəlamın özündən yaxşı bəyan edə bilməz. İmam Həsən (əleyhissəlam) ordusunun irəlilədiyi son məntəqə olan Mədaində çox geniş və ruhlandırıcı bir çıxış etdi. O, sözlərinin əsnasında buyurdu: «Bizi Şam əhlinə qarşı (Müaviyənin ordusuna qarşı) mübarizədən heç bir şəkk-şübhə saxlaya bilməz. Biz bundan qabaq da sizin dözümünüz və daxili anlayışınızla Şam əhlinə qarşı mübarizə etmişik. Ancaq bu gün kin-küdurət nəticəsində vəhdət və qarşılıqlı anlaşma sizdən uzaqlaşmış, öz müqavimətinizi itirmiş və indi də giley-güzar edirsiniz. Siffeyn döyüşünə gedəndə dininizin mənfəətini dünya mənfəətinizə üstün tutdunuz, lakin indi isə dünyanızı dininizdən üstün tutursunuz. Biz indi də keçmişdə olduğumuz kimiyik, ancaq siz bizə qarşı keçmişdə olduğunuz kimi vəfadar deyilsiniz. Sizlərdən bə’ziləri Siffeyn döyüşündə, bə’ziləri də Nəhrəvan döyüşündə öz qohum-əqrəbasını, yaxınlarını itirmişdir. Birinci dəstə öz ölülərinə ağlayır, ikinci dəstə isə ölülərinin qan bahasını istəyir. Qalanları da bizim əmrlərimizdən boyun qaçırırlar. Müaviyə bizə insafdan uzaq, bizim izzət və böyük məqsədimizin əksinə olan bir təklif etmişdir. İndi əgər Allah yolunda ölməyə hazırsınızsa, deyin, onda mübarizəyə qalxaq və onun bu təklifinə qılıncla cavab verək. Yox, əgər sağ qalmaq istəyirsinizsə, deyin, onda bu təklifi qəbul edib sizin razılığınızı tə’min edək.»

İmam əleyhissəlamın sözləri bu yerə çatanda hamı bir ağızdan biz yaşamaq istəyirik, biz sağ qalmaq istəyirik1– deyə qışqırdı.

Döyüş ruhiyyəsindən məhrum olmuş belə bir ordu ilə İmam Həsən (əleyhissəlam) Müaviyəyə qarşı necə mübarizəyə girişə bilərdi? Müxtəlif ünsürlü dəstələrdən təşkil olunmuş və kiçik bir qəflət nəticəsində özləri xətər törədə bilən bir ordu ilə qələbəmi əldə etmək olar? Fərz edək ki, İmam Həsən (əleyhissəlam) deyil, Müaviyə belə bir qoşuna başçılıq edir, o İmam əleyhissəlamın gördüyü bu, işdən (sülhdən) başqa bir iş görə bilərdimi?

Bəli, bu səbəblər yığışıb İslam cəmiyyətini qəti təhlükənin iki addımlığına çatdırdı və çox acınacaqlı hadisələr əmələ gətirdi. İndi bunun şərhini sizin nəzərinizə çatdırırıq.

İmam Həsən əleyhissəlamın ordunu səfərbər etməsi

Keçmiş və müasir tarixçilər bə’zi tarixi hadisələri dəyişdirib onun əksini yazırlar. Onlardan bə’ziləri belə iddia edirlər ki, güya İmam Həsən əleyhissəlamın Müaviyə ilə vuruşmaq məqsədi yox idi. Elə xilafətin ilk günlərindən bu fikirdə idi ki, Müaviyədən maddi imkanlar alıb rahat yaşasın. Müaviyə ilə müxalifət edirdisə də, bu imkanları tə’min etmək üçün edirdi.

Əldə olan tarixi sənədlər göstərir ki, bu töhmətlər tamamilə yalandır və tarixi həqiqətlərlə heç cür uyğun gəlmir. Çünki əgər İmam Həsən (əleyhissəlam) Müaviyə ilə vuruşmaq fikrində deyildisə, bəs nəyə görə ordu toplayırdı? Halbuki bütün tarixçilər deyirdilər ki, İmam Həsən (əleyhissəlam) ordu toplayıb döyüşə hazır oldu. Lakin bir tərəfdən İmam əleyhissəlamın ordusundakı dəstəbazlıq və pərakəndəliklər, digər tərəfdən də Müaviyənin xaincəsinə qurduğu hiylələr nəticəsində İmam əleyhissəlamın nizami qoşunu döyüş başlamazdan qabaq və heç bir vuruş olmadan bir-birindən ayrıldı və camaat İmam əleyhissəlamın ətrafından dağıldı. İmam Həsən (əleyhissəlam) da çarəsizlikdən döyüşməyib, sülhü qəbul etdi.

Buna əsasən, İmam Həsən əleyhissəlamın hərəkəti qiyam, müharibə e’lan etmək və ordu toplamaqla başladı, sonra da vəziyyəti və İslam cəmiyyətinin şəraitini dərindən yoxlayıb zamanın məsləhətinə uyğun olaraq şərti sülhlə nəticələndi.

İndi isə oxucuların nəzərini bu barədə daha geniş mə’lumata cəlb edirik.

Əhdini danan camaat

Bir az bundan qabaq deyildiyi kimi İraq və Kufə camaatı sözübütöv və mütəşəkkil deyildi. Əksinə, onlar vəfasız, e’timad edilməyən və hər gün bir bayraq altında yığışan (külək hara əsdi, ora meyl edən), mövcud olan vəziyyətdən və zəmanənin qüdrətindən istifadə edən adamlar idi. Elə buna görə də, İmam əleyhissəlamın ordusunda yaranan böhran və hər iki tərəfin öz qoşunlarını səfərbər etməsilə həmzaman Kufənin adlı-sanlı qəbilələrinin başçılarından bir neçəsi İmam Həsən əleyhissəlama xəyanət edərək Müaviyəyə məktub yazıb bildirdilər ki, onlar onun hökumətini himayə edirlər. Onlar məktubla Müaviyəni məxficə İraqa tərəf hərəkət etməyə də’vət edərək söz verdilər ki, Müaviyə İraqa yaxınlaşan kimi ya İmam Həsən əleyhissəlamı tutub ona verəcək, ya da ona sui-qəsd edəcəklər.

Müaviyə həmin məktubları olduğu kimi İmam Həsən əleyhissəlama göndərib bildirdi ki, bu cür insanlara arxalanıb döyüşə necə hazır ola bilərsən?[17]

Xain sərkərdə

İmam Həsən (əleyhissəlam) Müaviyə ilə döyüşmək məqsədi ilə Kufəni tərk etdikdən sonra Übeydullah ibn Abbası on iki min nəfərlik döyüşçü ilə ordunun ön hissəsinə, özünün ən yaxın dostlarından olan Qeys ibn Sə’d və Səid ibn Qeysi[18] isə Übeydullaha müşavir və canişin tə’yin etdi. Belə ki, bu üç nəfərdən birinin başına bir iş gəlsəydi, növbə ilə digəri onun işini görməli idi.

İmam Həsən (əleyhissəlam) qoşunun hərəkət edəcək səmtini müəyyən edib belə göstəriş verdi ki, Müaviyənin qoşunu ilə rastlaşdıqda onların hərəkətinin qarşısını alıb İmamı bu işdən xəbərdar etsinlər və İmam da əsas ordu ilə onlara qoşulsun.[19]

Übeydullah ibn Abbas öz ordusunu hərəkətə gətirdi. Onun ordusu Məskin adlı bir yerdə Müaviyənin ordusu ilə üz-üzə gəldi və Übeydullahın ordusu elə oradaca düşərgə saldı. Az bir zamanda İmama xəbər çatdı ki, Übeydullah Müaviyədən bir milyon dirhəm alıb səkkiz min nəfərlə onun tərəfinə keçmişdir.

Təbii ki, bu sərkərdənin xəyanəti vəziyyətin böhran içində olduğu belə bir vaxtda ordunun ruhiyyəsinin zəifləməsinə və İmam Həsən əleyhissəlamın nizami mövqeyinin bir-birinə dəyməsinə çox böyük tə’sir göstərmişdi. Çox şücaətli, imanlı və Əli əleyhissəlamın ailəsinə qarşı vəfalı olan Qeys ibn Sə’d ordunun sərkərdəliyini öz öhdəsinə götürür və özünün ruhlandırıcı çıxışı ilə döyüşçülərin ruhiyyəsini artırmağa çalışır. Müaviyə onu da pulla ələ almaq istəyir, lakin Qeys ona aldanmayıb İslam düşmənlərinin qarşısında axıra qədər durur.[20]

Xaincəsinə görülmüş hiylələr

Müaviyə təkcə Übeydullahı ələ almaqla kifayətlənmədi. Eyni zamanda o, İmam əleyhissəlamın ordusunu zəiflətmək və ordu arasında şayiə yaymaq məqsədilə öz casus və muzdurlarını İmam əleyhissəlamın başçılıq etdiyi orduya göndərdi. Onlar İmam əleyhissəlamın başçılıq etdiyi orduda belə bir şayiə yaydılar ki, Qeys (ön xəttin başçısı) Müaviyə ilə saziş bağlayıb, eyni zamanda Qeysin də ordusu arasında şayiə yaydılar ki, İmam Həsən (əleyhissəlam) də Müaviyə ilə sülh bağlamışdır. İş o yerə çatdı ki, Müaviyə camaatın gözündə zahirən yaxşı olan adamlardan bir neçəsini İmam Həsən əleyhissəlamın hüzuruna göndərdi. Onlar gəlib Mədain düşərgəsində İmam əleyhissəlamla görüşdülər. İmam əleyhissəlamın çadırından kənara çıxdıqda, camaat arasında car çəkdilər ki, Allah Peyğəmbər (əleyhissəlam) nəvəsinin vasitəsi ilə fitnəni yatırtdı və müharibəni sakitləşdirdi. Həsən ibn Əli (əleyhissəlam) Müaviyə ilə sülh edərək camaatın qanının tökülməsinin qarşısını aldı.

Onlar özlərinə qarşı camaatın e’timadını doğrultduqlarına görə heç kim araşdırma aparmadan onların sözlərinə inanıb İmam əleyhissəlamın əleyhinə qiyam qaldıraraq o Həzrətin çadırına hücum edib çadırda nə var idisə, hamısını qarət etdilər. Hətta İmam əleyhissəlamı öldürmək fikrinə də düşdülər. Ancaq sonradan hamı dağıldı.

Xəvaricin xəyanəti

İmam Həsən (əleyhissəlam) (ordu ilə birgə) Mədaindən Sabata tərəf hərəkət etdi. Yolda gizlənmiş və qabaqcadan İmam əleyhissəlamı güdən xəvaricdən biri o Həzrətə güclü bir zərbə endirdi. İmam Həsən (əleyhissəlam) bu zərbə nəticəsində ağır yaralanaraq çoxlu qan itirdi və zəiflədi. İmam əleyhissəlamın bir neçə yaxın dostu onu yenidən Mədainə qaytardı. Mədaində İmam əleyhissəlamın halı aldığı zərbə nəticəsində çox ağırlaşdı. Bundan istifadə edən Müaviyə vəziyyəti tam ələ aldı. Lazım olan nizami ordunu itirib tək qalmış İmam Həsən (əleyhissəlam) məcbur olub sülh təklifini qəbul etdi.[21] Deməli, əgər İmam Həsən (əleyhissəlam) sülhü qəbul edibsə, bundan başqa çarəsi olmayıb. Necə ki, Təbəri və digər tarixçilər yazırlar: «Həsən ibn Əli (əleyhissəlam) yalnız ordusu onun başından dağılıb tək qaldığı halda sülhü qəbul etməyə razı oldu.»[22]

Sülhün səbəbləri barədə İmam Həsən əleyhissəlamın buyurduqları

İmam Həsən (əleyhissəlam) onun sülhünə e’tiraz edən bir nəfərin cavabında bu acı həqiqətlərə işarə edərək öz sülhünün səbəblərini belə bəyan etdi:

«Mən hökuməti Müaviyəyə onunla vuruşmağa heç bir tərəfdarım olmadığından həvalə etdim, əgər tərəfdarım olsaydı, gecə-gündüz onunla vuruşub işi birdəfəlik həll edərdim. Mən Kufə camaatını yaxşı tanıyıram və onları dəfələrlə sınamışam. Onlar islah olunmayacaq azğın insanlardır. Nə vəfalıdırlar, nə də ki, iki nəfəri bir-biri ilə yola gedirlər. Onlar zahirdə bizə itaət edir, batində isə bizim düşmənlərimizlə əlbirdirlər.»[23]

İkinci İmam öz dostlarının bu süstlüyündən və ona arxa olmadıqlarından çox narahat olmuş və bir gün çox şiddətli bir xütbə söyləmişdir. Xütbədə bə’zi məsələlərə işarə edib buyurmuşdur:

«Nə dinləri, nə də abır-həyaları olmayan adamlara təəccüb edirəm! Vay olsun sizlərə! Müaviyə məni öldürmək üçün sizə verdiyi və’dələrin heç birinə əməl etməyəcək. Əgər mən Müaviyəyə bey’ət etsəm, öz şəxsi vəzifələrimi indi olduğundan da yaxşı yerinə yetirərəm. Lakin hökumət Müaviyənin əlinə düşsə, o qoymayacaq mən öz cəddimin şəriətini cəmiyyətdə icra edim.

And olsun Allaha, (sizin xəyanətiniz səbəbindən) məcbur olub hökuməti Müaviyəyə təhvil versəm, yə’qin bilin ki, Bəni–Üməyyənin hökumət bayrağı altında heç vaxt üzünüz gülməyəcək və cürbəcür əzab-əziyyətlərlə rastlaşacaqsınız. İndi elə bil öz gözlərimlə görürəm ki, sabah sizin uşaqlarınız onların uşaqlarının qapısı qarşısında durub onlardan su, çörək istəyəcəklər. Hansı ki, həmin su və çörəyi Allah sizin uşaqlarınız üçün qərar verib və sizin uşaqlar onun həqiqi sahibidirlər. Bəni–Üməyyənin uşaqları onları öz qapılarından qovub öz haqlarından məhrum edəcəklər.»

Daha sonra İmam (əleyhissəlam) əlavə edib buyurdu:

«Əgər Allah düşmənlərinə qarşı mübarizə etmək üçün silahdaşlarım olsaydı, heç vaxt hökuməti Müaviyəyə təhvil verməzdim. Çünki hökumət Bəni–Üməyyəyə haramdır...»[24]

Müaviyənin çirkin hökumətinin mahiyyətini yaxşı tanıyan İmam Həsən (əleyhissəlam) bir gün Müaviyənin hazır olduğu bir məclisdə çıxış etmiş və çıxışında buyurmuşdur: «And olsun Allaha, nə qədər ki hökumət Bəni–Üməyyənin əlindədir, xoş həyat görməyəcəksiniz.»[25]

Bu, tənbəllik səbəbindən və gələcəkdə rahat yaşamaq məqsədilə Müaviyə ilə mübarizə etməkdən boyun qaçıran İraq əhlinə bir xəbərdarlıq idi. Daha onların xəbəri yox idi ki, Müaviyənin hökumətində heç vaxt öz arzularına çatmayacaqlar.

Sülh müqaviləsi və İmam Həsən əleyhissəlamın məqsədləri

İmam Həsən (əleyhissəlam) yuxarıda qeyd etdiyimiz səbəblərə görə Müaviyə ilə vuruşmağı İslam cəmiyyətinin ali məsləhətləri və İslamın qorunub saxlanmasının zərərinə görüb atəşkəs və sülhü qəbul etmək məcburiyyətində qaldığı üçün öz ali və müqəddəs məqsədlərini mümkün olduğu qədər sülh yolu ilə həyata keçirməyə çox çalışdı. Digər tərəfdən də Müaviyə sülhü bərqərar etmək və qüdrəti ələ keçirtmək üçün hər cür imkanatı İmam əleyhissəlamın ixtiyarında qoymuşdu. Hətta Müaviyə İmam (əleyhissəlam) üçün möhürlənmiş ağ bir kağız göndərib bildirdi ki, İmam (əleyhissəlam) ona nə yazsa, Müaviyə qəbul edəcək və razılıq əlaməti olaraq qabaqcadan öz möhrünü də vurmuşdu.[26] İmam Həsən (əleyhissəlam) bu fürsətdən necə lazım idisə istifadə edərək İmam əleyhissəlamın ali məqsədlərindən hesab olunan əsas və mühüm məsələləri sülh müqaviləsində yerləşdirdi və Müaviyənin  dilindən sülh müqaviləsinə əməl edəcəyinə zəmanət aldı. Tarixi qaynaqlarda sülh müqaviləsinin mətni tam, mükəmməl və tərtiblə deyil, pərakəndə şəkildə verilmişdir. Hər tarixçi onun bə’zi maddələrini qeyd etmişdir. Ancaq bunların hamısını bir yerə yığdıqda, təxminən kamil şəkildə bir müqavilə düzəltmək olar. Kiçik bir baxışda İmam Həsən əleyhissəlamın sülh müqaviləsində qeyd etdiyi məsələlərə və onları həyata keçirməkdə etdiyi israr və tə’kidə nəzər salmaqla İmam Həsən əleyhissəlamın siyasi mübarizə zamanı düşməndən xal almaq üçün işlətdiyi fövqəl’adə tədbirini müşahidə etmək olar.

İndi sülh müqaviləsinin maddələrini ayrı-ayrılıqda araşdırmazdan qabaq beş maddədə cəmlənmiş sülh müqaviləsinin hamısını əziz oxucuların nəzərinə çatdırırıq.

Sülh müqaviləsinin mətni

Birinci maddə: Həsən ibn Əli (əleyhissəlam) hökuməti Müaviyəyə o şərtlə təhvil verir ki, Müaviyə hökuməti Qur’an qayda-qanunu və Peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnəsi əsasında idarə etməlidir.

İkinci maddə: Müaviyədən sonra hökumət Həsən ibn Əli əleyhissəlamın ixtiyarına keçməlidir. Əgər onun (İmam Həsən əleyhissəlamın) başına bir iş gələrsə, Hüseyn ibn Əli (əleyhissəlam) hökumət başına gələcək. Həmçinin, Müaviyənin özündən sonra canişin tə’yin etməyə haqqı yoxdur.

Üçüncü maddə: Əmirəlmö’minin Əli əleyhissəlama namaz qılarkən hörmətsizlik edib onu söyməyin, lə’nətlənməyin qarşısı alınsın və o Həzrət yaxşılıqla yad edilsin.

Dördüncü maddə: Kufə beytül-malında olan beş milyon dirhəm pul Müaviyənin hökumətinə verilməkdən istisna olunur və həmin pulu İmam Həsən əleyhissəlamın özü lazımi yerlərə sərf edəcək. Həmçinin, Müaviyə beytül-maldan ayrılan payda Bəni Haşimi Bəni Üməyyədən üstün tutmalıdır. Eləcə də Müaviyə Darabegərd şəhərinin xəracının bir milyon dirhəmini Əli əleyhissəlamın rəhbərliyi altında Cəməl və Siffeyn döyüşlərində şəhid olanların ailələri arasında bölüşdürməlidir.[27]

Beşinci maddə: Müaviyə bütün əhaliyə, istər Şam, istər İraq, istərsə də Hicaz əhalisinə hər hansı millətdən olursa olsun, bir daha tə’qib etməməsi və əzab-əziyyət verməməsi barədə zəmanət verməlidir. Onları Müaviyənin hökumətinə qarşı keçmişdəki fəaliyyətlərinə görə axtarışa mə’ruz qoymamalı, xüsusilə keçmiş kin-kudurətə görə İraq əhalisinə əziyyət verilməməlidir. Bundan əlavə, Müaviyə Əli əleyhissəlamın dostlarını harda olursa olsunlar amanda saxlamalı və onların heç birinə əziyyət etməməlidir. Əli əleyhissəlamın şiələrinin canı, malı və pulunun hörməti qorunmalıdır. Onlar əsla axtarışa mə’ruz qalmamalı və onlara zərrə qədər də narahatçılıq yetişməməlidir. Hər kəsin haqqı onun özünə çatmalıdır. Əli əleyhissəlamın şiələrindəki beytül-mal onların özlərində qalmalıdır.

Həmçinin, Həsən ibn Əli (əleyhissəlam) və qardaşı Hüseyn ibn Əli (əleyhissəlam) və eləcə də, Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsindən olan hər hansı bir şəxs üçün Müaviyə tərəfindən heç bir xətər icad olmamalı, heç bir yerdə onlar üçün qorxu hissi yaranmamalıdır.

Müqavilənin sonunda Müaviyə maddələrin hamısına əməl edəcəyinə söz verərək Allahı bu işdə şahid tutdu və bütün Şam ə’yan-əşrafı buna şəhadət verdilər.

Beləliklə də, İmam Həsən (əleyhissəlam) hələ uşaq olarkən Peyğəmbərin (səlləllahu əleyhi və alih) gələcəkdən verdiyi xəbər həyata keçdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) bir gün İmam Həsən əleyhissəlamı (uşaq olarkən) minbərin başına çıxmış görüb buyurdu: «Mənim bu övladım müsəlmanların ağasıdır. Allah onun vasitəsilə iki müsəlman dəstə arasında sülh yaradacaq.»[28]

İmam Həsən əleyhissəlamın Müaviyə ilə sülh etməkdə məqsədi

Dünyanın böyük şəxsiyyətləri, ölkə başçıları vəziyyətin öz məqsədləri ilə zidd olduğunu görüb iki yol ayrıcına çatanda, çalışırlar işi elə həll etsinlər ki, ziyanı az olsun. Bu da siyasi və ictimai gedişatda bir əsas kimi götürülmüşdür.

Bu məsələyə əsaslanaraq İmam Həsən (əleyhissəlam) da çalışırdı ki, öz yüksək məqsədlərini mümkün qədər tə’min etsin. Buna görə də, Müaviyə ilə sülh etmək məcburiyyətində qalanda müqavilənin birinci maddəsinə əsasən, hökuməti Müaviyəyə bu şərtlə təhvil verdi ki, Müaviyə hökuməti Qur’an qayda-qanunları və Peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnəsi əsasında idarə etsin. Mə’lumdur ki, İmam əleyhissəlamın məqsədi qüdrəti ələ almaq və İslam hökuməti təşkil verməklə yanaşı həm də cəmiyyətdə İslam qayda-qanununu qoruyub saxlamaq və cəmiyyətə bu qayda-qanun əsasında rəhbərlik etmək idi. Əgər bu qayda-qanun Müaviyə tərəfindən də icra olunsaydı, yenə İmam əleyhissəlamın məqsədi az da olsa tə’min olunardı. Buna əlavə olaraq ikinci maddəyə əsasən, Müaviyənin ölümündən sonra İmam Həsən (əleyhissəlam) İslam cəmiyyətinin rəhbərliyini azad şəkildə öz öhdəsinə götürə bilərdi. Müaviyənin otuz yaş İmam Həsən əleyhissəlamdan böyük olduğunu[29], o dövrdə artıq Müaviyənin qocalıq vaxtlarını keçirtməsini və adi halla onun ömrünün sonlarının yaxınlaşdığını nəzərə alanda, bu maddənin adi hesablamalar əsasında İslam və müsəlmanlar üçün nə qədər faydalı olduğu mə’lum olur. Müqavilənin digər maddələri də bu cür əhəmiyyət daşıyır. Çünki cümə namazında və eləcə də digər namazlarda Əli əleyhissəlamın rəsmi şəkildə heç bir qorxu olmadan lə’nətləndiyi, bu işin bir bid’ət kimi camaat arasında yayıldığı və Əli əleyhissəlamın şiə və dostlarının, eləcə də Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsinin (qohum-əqrəbasının) hər yerdə tə’qib olunduğu və tutularaq cürbəcür təzyiqlərə mə’ruz qaldığı bir dövrdə bu işlərin bundan belə təkrar olunmayacağı barədə maddə yazıb onu Müaviyəyə qəbul etdirmək və Müaviyənin onlara əməl edəcəyi və’dini onun dilindən almağın nə qədər böyük nailiyyət olduğunu inkar etmək mümkün deyil.

Kufədə toplanış

Sülh müqaviləsi bağlandıqdan sonra tərəflər (İmam Həsən əleyhissəlamla Müaviyə) hərə öz ordusu ilə birlikdə Kufə şəhərinə gəlib şəhərin böyük məscidində bir yerə toplaşdılar. Camaat gözləyirdi ki, indi sülh müqaviləsinin maddələri hər iki tərəfin rəhbərliyinin iştirkı ilə camaat üçün oxunulacaq və daha onun icra olunacağında heç kimin şəkk-şübhəsi qalmayacaqdır.

Əlbəttə, camaatın bu intizarı heç də yersiz deyildi. Çünki camaat qarşısında çıxış etmək sülh proqramının əsaslarından biri idi. Buna görə də, Müaviyə minbərə çıxıb xütbəyə başladı. Ancaq o, nəinki sülhün maddələrinə əməl edəcəyi haqqında söhbət etmədi, hətta tə’nə və təhqirlə dedi: «Mən sizinlə namaz qılıb həcc yerinə yetirmək, zəkat ödəmək üçün vuruşmadım. Mən bilirəm ki, onsuz da siz bunları yerinə yetirirsiniz. Mən sizinlə ona görə vuruşdum ki, sizi özümə tabe edib hökuməti ələ keçirəm.»

Daha sonra dedi: «Bunu bilin ki, Həsən ibn Əli əleyhissəlamla bağladığım sülh müqaviləsinin bütün maddələrini ayağım altına qoyub tapdalayıram və onların heç birinin dəyəri yoxdur.»[30]

Beləliklə də, Müaviyə İmam Həsən əleyhissəlamla bağladığı sülh müqaviləsini ayağı altına saldı və onu açıqcasına pozdu.

Müaviyənin cinayətləri

Müaviyə bu siyasəti yürütdükdən sonra öz işlərini düzəltmək əvəzinə əksinə, cinayətlərini daha da artırdı. O, Əli əleyhissəlama əvvəlkindən daha çox hörmətsizlik etməyə başladı. Yaşayışı, Əli əleyhissəlamın vəfalı, böyük dost və şiələrinə həddən artıq darısqallaşdıraraq Hicr ibn Ədiyy kimi İslamın böyük şəxsiyyətlərini qətlə yetirdi. Əli əleyhissəlamın şiələrinə yönələn qətl, işkəncə və əzab-əziyyəti daha da şiddətləndirdi. Belə ki, Əli əleyhissəlamın əksər dostları ya tutulub həbs edilir, ya dərbədər düşür, ya da öz ev-eşiklərindən uzaq düşüb sıxıntılı mühitdə yaşayırdılar. Müaviyə təkcə Əli (əleyhissəlam) və şiələrinin hörmətinin qorunması maddəsini pozmaqla kifayətlənməyib  hətta Darabegərd məntəqəsinin xəracına da müqavilədə olduğu kimi əməl etmədi.

Təbəri bu barədə yazır: «Bəsrə əhalisi Darabegərdin xəracını verməyib dedi ki, bu mal bizim beytül-malın olub və bizə məxsusdur.»[31]



Geri   İrəli
Go to TOP