A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İSLAM VƏ YENİ DÜNYA
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

Təsnim: Nə üçün Avropa müsəlmanları qəbul etdiyi halda İslamı qəbul etmək istəmir?

 

Fayla Paşik: İslam dinində hər günün yaşam tərzi nəzərdə tutulur. İslam bu günün, sabahın və ya şənbə gününün dini deyil. Müsəlman üçün hər gün görəcəyi işlər var. Siz İslamın etiqadlı ailədə təsirini müşahidə edə bilərsiniz. Avropa cəmiyyətdə, küçə və meydanlarda İslamın təsirini görmək istəmir. Avropa müsəlmanların əl-ayağını, beynini, vücudunu istəyir. Onlar müsəlmanların xəlvəti şəkildə xüsusi həyat tərzinə müdaxilə etməsələr də bunun ictimailəşməsinə qarşıdırlar.

Avropa cəmiyyəti insanın qəlb və ruhunu yox, vücudunu istəyir. Amma biz bilirik ki, müsəlmanlıq imansız mümkün deyil. Müsəlmandan dini alınarsa şəxsiyyəti alınmış olur. Şəxsiyyətsiz insan söz sahibi ola bilməz.

 

Təsnim: Avropa mətbuatı ayrıseçkiliyi işıqlandırırmı? Sizcə informasiya vasitələri bu sahədə bir iş görə bilər, yoxsa başqa çıxış yolları axtarılmalıdır?

 

Fayla Paşik: Şübhəsiz ki, informasiya vasitələrinin, xüsusi ilə incəsənətin mühüm rolu var. Cəmiyyət informasiya ardıncadır. Təkcə bir fotoşəkil cəmiyyətdə fikir formalaşdırır. Biz layihələr həyata keçirib, informasiya şəbəkələrinin rolunu artıra bilərik. Təbii ki, müsəlmanların ixtiyarında olan təbliğat imkanları məhduddur. Sloveniyada cəmi 40 min müsəlman var. Onların da əksəriyyəti iqtisadi problemlərinin həlli üçün bu ölkəyə mühacirət edənlərdir. İnformasiya vasitələrindən lazımınca istifadə edə bilməməyimizin bir səbəbi də məlumatsızlığımızdır. Biz bildiyimizi öyrədə bilərik. Təbii ki, çalışırıq. Bəzi dostlarımız məsihidir. Biz insan olaraq bacı-qardaşlarıq. Bunu onlara anlatdıqda bizə kömək edirlər, problemlərimizin həllinə yardım göstərirlər. Biz audio-video, mətbuat materialları vasitəsi ilə öz həyat tərzimizi çatdırmağa çalışırıq. Deyə bilərəm ki, böyük işlər görülüb.

 

Təsnim: Alternativ informasiya vasitələrinin təsirinə şübhə yoxdur. Bu barədə nə deyə bilərsiniz?

 

Fayla Paşik: Biz informasiya vasitələri ilə həqiqi İslamı Qərb cəmiyyətinə tanıtdırmalıyıq. Mətbuat bu sahədə böyük rol oynayır. Hələ ki, müsəlmanlara məxsus informasiya şəbəkəsi lazımınca formalaşmayıb. Avropa informasiya vasitələri müsəlmanları hələ ki, mənfi simada tanıtdırmaqla məşğuldur. Onlar həqiqi İslamın nümayişindən çəkinirlər. Artıq Avropa mətbuatında müsəlman incəsənəti, memarlığı, ədəbiyyatı barədə yazılar görmək çətin olub. Biz müsəlman olaraq bu həqiqətləri çatdırmağa borcluyuq. Bu işi avropalılar görəsi deyil. Bu bizim vəzifəmizdir. Qardaşım doktor Əhməd Paşik Sloveniyada ictimai fəaliyyətləri ilə seçilir. O bir çox Avropa ölkələri ilə bağlı araşdırmalar aparıb. Araşdırmalarından aydın olur ki, hələ ki, bizim imkanlarımız zəifdir. Biz hələ ki, öz varlığımızı qorumalıyıq. Peşəkar fəaliyyətlər üçün hələ ki, gücümüz yoxdur. Bəli, Avropa müsəlmanlarının əsas problemi peşəkar olmamalarıdır. Öz dinimiz haqqında məlumatımız kifayət qədər deyil. Bilmədiyimizi başqalarına necə öyrədə bilərik?!

 

Təsnim: İnformasiya şəbəkələrində nüfuzu necə artırmaq olar?

 

Fayla Paşik: Elə düşünürəm ki, sualın cavabında İran modelindən danışmaq yetərlidir. İran necə güclənmək yolunu keçib, bu yolu bilir, bu sahədə sualları cavablandırmağa qadirdir. Biz güclənmədən, təbliğat imkanlarımızı genişləndirmədən ayrıseçkiliyin qarşısını ala bilməyəcəyik.

 

Təsnim: Necə düşünürsünüz? Dəyişən dünyada biz öz zəif nöqtələrimizi necə aradan qaldıra bilərik?

 

Fayla Paşik: Biz bu günlərdə yalnız internet mücahidlərinə çevrilmişik. Biz böyük bir cəmiyyət olduğumuz halda ayrıseçkiliyə məruz qalırıq. Demək, zəifik. Biz fəaliyyətsiz oturduğumuzdan qarşı tərəf istədiyini edir. Biz yalnız internetdə cihad aparırıq. Yalnız internetdə Fələstindən, Qəzzədən danışırıq. Bir növ pəncəsiz şirlərə çevrilmişik. Bizim Avropa cəmiyyətində müsəlmanlara nümayəndəlik edəcək şəxsə ehtiyacımız var. İslam məcazi, internet dini deyil. İslam dünyanı xilas edəcək bir dindir. Sadəcə biz zəif olduğumuzdan bu dinin güclü nöqtələrini işə sala bilmirik. Avropada Asiya, Balkanlar, Ərəbistan, Afrikadan xeyli müsəlman yaşasa da hələ ki, vahid mərkəz yoxdur. Sizin İranda dini təmsil edən alimləriniz, Ayətullahlar var. Bosniyada alimlər, Afrika ölkələrində şeyxlər var. Sizin İranda dini rəhbəriniz var. Ərəb ölkələrində də müftilər, din rəisləri var. Amma bizim Avropada şəraitə uyğun fitva verəcək alimimiz yoxdur. Məzhəbdən asılı olmayaraq Avropada müsəlmanlara rəhbərlik edəcək şəxsə ehtiyac var.

 

Təsnim: Siz müsəlmanların əlaqələrindən danışdınız. Dediniz ki, Cənab Rəhbər Ayətullah Xameneinin Avropa və Şimali Amerika gənclərinə ünvanlanmış məktubunu oxumusunuz. Bu məktuba münasibətiniz necədir?

 

Fayla Paşik: Dünya insanların daxilindən dəyişməyə başlayır. Ayətullah Xameneinin məktubu gənclərə dəyişmək əzmi verir. Məktub gözəl, ali, şəffafdır. Onu həqiqi bir Ayətullah yazıb. Ayətullah Xameneinin məktubu bütün dünyada müsbət dəyişikliklər istiqamətində böyük rol oynaya bilər. Hamının vahid rəhbərə ehtiyacı var. Hamı ona yol göstərəcək birinə ehtiyaclıdır. Siz bu məktuba baxanda hiss edə bilərsiniz ki, sizə yola göstərən var. Dünya əhalisinin böyük əksəriyyəti təşvişdədir. İnsanlar həyat yolunu tapa bilmir. Nəyin düz, nəyin yanlış olduğu məlum deyil. Əgər bir şəxs öz məktubu ilə sizin yolunuzu qısaldırsa bu çox gözəldir. Siz öz iradənizlə həyat yolu seçib, bu yolda irəli getməlisiniz. Əgər dünyanı dəyişmək istəyirsinizsə, əvvəlcə özünüzü dəyişməlisiniz. Hamı dünyanın dəyişməsini istəyir. Amma kimsə özünü dəyişmək üçün iş görmür. Biz özümüzdən başlamalıyıq. Artıq bizim özümüzü dəyişməmək üçün heç bir bəhanəmiz yoxdur.

 

Təsnim: Necə düşünürsünüz, biz hər birimiz bu məktubun mesajlarını çatdıra bilərikmi? İnternet cihadı adlandırdığınız formatda bu iş mümkündürmü?

 

Fayla Paşik: Sabahı kimsə görməyib. Biz Ayətullah Xameneinin məktubunu bu gün dünyaya çatdırmalıyıq. Bəli, biz bu işi görə bilərik. Bəzən bu iş kompyuter arxasında bir kliklə başa gəlir. Amma gənclərimizə xatırlatmalıyıq ki, bir kliklə iş görmək hələ son məqsədə çatmaq deyil. Biz uzunmüddətli iş görməliyik. Allah bizi gün ərzində 5 dəfə çağırır. Əgər biz bu 5 çağırışda özümüzü dəyişə bilsək, şübhəsiz dünya dəyişəcək. Söhbət əməldə dəyişməkdən gedir. Təəssüf ki, insanların çoxu hələ ki, nə vəziyyətdə olduğunu dərk etmir. Hansı yolun düzgün olduğunu təyin etməkdə çətinlik çəkirlər. Allah hər gün bizə baxır. Biz bunu hiss edib, günü alnıaçıq, pak vəziyyətdə başa çatdırmalıyıq. Dünən tarix olub, sabahı kimsə görməyib. Mən əmin deyiləm ki, sabahı görəcəyəm. Demək, bu gün ən mühüm gündür. Biz bu gün iş görməliyik. Bu günün suallarına cavab verməliyik. Bu gün Ayətullah Xameneinin məktubundakı mesajları çatdırmalıyıq.

 

Təsnim: Məktubla bağlı başqa nə deyə bilərsiniz?

 

Fayla Paşik: bu məktub məni çox sevindirdi. Məktubun yayılmasını zəruri sayıram. Mən öz fəaliyyətlərimin bəhrəsini görmək istəyirəm. Yaşadığımız əsr göstərir ki, bu bəhrəni görəcəyik. Məqsədə çatmaq o qədər də asan deyil. Məsihi ölkəsində müsəlmanlığı qorumaq, müsəlman kimi yaşamağın çətinlikləri var. Siz çox güclü olmalısınız ki, maneələri aşa biləsiniz.

Digər tərəfdən siz İslamın səfirisiniz. Çünki başınızda hicab var. Biz məsihi ölkəsində yaşayırıq. Demək, mən İslamın səfiriyəm, dinimi təmsil edirəm. Düzgün yolu göstərmək böyük işdir. Problemlər çoxdur. Çünki cəmiyyətin əksəri İslama pəncərədən daxil olur. Bu dini düzgün tanımaq üçün qapıdan daxil olmaq lazımdır. Biz İslamı bilən insanlar olaraq əxlaqi vəzifələrə malikik. Başqalarına kömək etməli, düzgün yolu göstərməliyik. Allah bizi seçib ki, bu sahədə çalışaq, onun səfiri olaq. Mən İslamı təmsil etməyimlə fəxr edirəm.

 

Təsnim: Demək, razılaşırsınız ki, dünya dəyişib. Dəyişən dünyada Avropa və Şimali Amerika gənclərinə məktub ünvanlanıb. İnsanlar mövcud imkanlardan istifadə etməklə doğru yol axtarışına çağırılıb. Gənclərə müraciət olunub. Çünki ölkənin gələcəyi gənclərin əlindədir. Gələcəyi onlar qurur. Onlar sonrakı nəsillərə də təsirlidir. Biz düşünürük ki, məktub İslama çağırış deyil. Məktubda gənclər müstəqil qərar çıxarmağa dəvət olunur. Gənclər özlərini tanımasalar doğru yolu da seçə bilməzlər. Siz gənclərin bu yola çağırışına necə baxırsınız?

 

Fayla Paşik: Düşünürəm ki, gənclərin inqilabi ruhiyyəyə ehtiyacı var. Elə bir ruhiyyə ki, onlar özlərini tapa bilsinlər. Əgər ruhla vücud arasında əlaqə olsa arzu olunan həyat tərzinə çata bilərik. Gənclər cəmiyyətin mühüm bir hissəsidir. Onlar gələcək nəslin bir hissəsidir. Onların sualları çoxdur. Əgər suallarına cavab verməsək doğru yolu tapa bilməzlər. Ya da öz sualları ilə başqalarının sorağına gedərlər. Siz dişiniz ağrayanda diş həkiminə müraciət edirsiniz. Əgər dinlə bağlı sualınız varsa din aliminə müraciət etməlisiniz. Biz gənclərin suallarına necə gəldi cavab verə bilmərik. Bir neçə ildən sonra onlar bizim övladlarımıza dərs keçəcəklər. Əgər doğru yolu tanımasalar, övladlarımıza da bu yolu göstərə bilməyəcəklər. İnqilabi ruhiyyə növbəti nəsillərə müsbət təsir göstərəcək. Çünki bu nəsil hazırda yolunu azıb. Bu gənclərin hazırda hansı dinə aid olmasının fərqi yoxdur. Onların heç birinin ruhani həyatla bağlılığı yoxdur. Vücudları bir tərəfə yön alıb, ruhları başqa bir tərəfə. İnsanın ruhu ilə vücudu arasında harmoniya olmalıdır. Bu olmasa insan başını itirər. Gənclərin sualları çoxdur, biz onlara yetərli cavablar axtarmalıyıq. Gənclər başa düşürlər ki, informasiya vasitələrində deyilənlər onların suallarına cavab deyil.

 

Təsnim: Hazırkı informasiya mühitində bir çox gənclərin ümumiyyətlə sualı yoxdur. Onlar bu ehtiyacı əldən çıxarıblar. Bu məsələyə necə baxırsınız?

 

Fayla Paşik: Mən belə düşünmürəm. Gənclər düşüncəlidir və informasiya vasitələrinin dediklərinə inanmırlar. Biz başqa bir dövrdə yaşayırıq. Əvvəlki nəslin yaşadığı dövrdən fərqli bir dövrdəyik. Burada yaxşı cəhətlər var. Ailələrimiz bizə tövsiyə verməklə kömək edə bilər. Onların dediyini universitetdə öyrənə bilmərik. Təbii ki, biz azad olduqda düşüncə köməyimizə gəlir. Azad olmaq üçün cəsarət lazımdır. Biz şüursuz canlı kimi deyilən sözlər qarşısında lal-kar dayana bilmərik. İnsan öz şəxsiyyətini, kimliyini müəyyənləşdirməlidir. Bizə yol göstərənləri tanımalıyıq. Dəyişmək üçün bəlkə də bir-iki nəfər bəs edər. Amma hər şey özünüzdən asılıdır. Sizin buna cəsarətiniz çatırmı? Bəziləri yaxşı təhsil alıb, varlıdır, gözəldir, xarizmatikdir. Amma onların cəsarəti yoxdur. Cəsarəti olmayan insan yolu azıb və doğru yolu tapmağa cürəti yoxdur. Bu gün cəsarətli insanların günüdür. Təəssüf ki, cəsarətli müsəlman cəmiyyətinə malik deyilik. Əgər bir-iki nəfər cəsarətli insan olsa böyük işlər görmək olar. İmam Xomeyni (r) tək idi, amma cəmiyyəti dəyişdi. Biz isə hələ ki, sadəcə tamaşa edirik.

 

Təsnim: Çox doğru buyurdunuz. İmam Xomeyni (r) həqiqətən ən cəsarətli insanlardan idi.

 

Fayla Paşik: Təsəvvür edin ki, siz özünüz haqqında bir mövzudan xəbərsizsiniz. Mən bir neçə gün öncə dostlar arasında belə bir sual verdim ki, nə üçün İran inqilabı qalib gəldi? Amma digər inqilablarda biz bu qələbəni görmədik. Çünki siz iranlılar nə istədiyinizi bilirsiniz. Amma başqa inqilablarda yalnız bu barədə düşünürlər ki, biz nəyi istəmirik. Qələbəyə çatmaq üçün insan nə istədiyini bilməlidir. Onlar demokratiya istəyirlər. Amma hansı demokratiya? Onlar insan haqları istəyirlər, amma hansı insan haqları? Amma siz dəqiq bilirdiniz ki, nə istəyirsiniz. Sizin müvəffəqiyyətinizin səbəbi bu idi. Sizin ölkədəki model başqaları üçün böyük nümunədir.

 

Təsnim: Bu günə qədər fəaliyyətlərinizə görə təzyiqə məruz qalmısınızmı?

 

Fayla Paşik: Təbii ki, fəaliyyətlərimə görə çətinliklərlə üzləşmişəm. Amma problemləri aradan qaldırmağın yolları var. Həmişə çıxış yolu var. Biz insan haqları, bərabərlik, qardaşlıq, həmrəylik kimi dəyərlərə inanırıq. Təəssüf ki, insan olaraq bir-birimizə inamımız yoxdur. Bu mövzular barədə müzakirə aparmırıq. Təəssüf ki, ətrafdakılara sevgidən çox nifrətimiz var. İnsanları cəzb etməkdən çox onları rədd etmək barədə düşünürük. Ətrafa mənfi enerji veririk. Nə qədər ki, dialoq yoxdur, bir iş görə bilməyəcəyik. Mədəniyyətlər, dinlər arasında dialoq çox zəruridir. Biz bu barədə hökmən danışmalıyıq. Bu dialoqlar bir çox problemləri aradan qaldıra bilər.

 

Təsnim: Son söz olaraq nə deyərdiniz?

 

Fayla Paşik: Mən 7-ci dəfədir İrana gəlirəm. Bəlkə də inanmazsınız İran mənim üçün doğma ev olub. Mən İranda özümü evimdəki kimi hiss edirəm. Dəfələrlə Yaxın Şərq ölkələrinə səfərə çıxmışam. Əminəm ki, yolumu işıqlandıran İran olub. Başqalarına necə kömək etməyi mən sizdən öyrənmişəm. Mən İrandakı hislərimi bölüşmək istəyirəm. İranı tanıtdırmaq üçün görəcəyim ən kiçik iş budur. Mən İrana vüqarlı xalq adını vermişəm. Başqa heç yerdə belə vüqarlı millət görməmişəm. İran mənim üçün bir həyat modelidir. Mən demək olar ki, hər il Avropadakı sənətçilər, mətbuat işçiləri, yazıçılardan bir qrupunu İrana gətirirəm. Müəssisəmizin əsas layihələrindən biri budur. Radio-televiziya, mətbuatda ölkəniz haqqında danışıram. Biz sənədli bir film, müsahibə vasitəsi ilə çox iş görə bilirik. Təbii ki, işin çətinliyi var və bu yol uzun yoldur. Amma bütün gördüyümüz işlər İranda gördüyümüz məhəbbətin əvəzi ola bilməz.

 

Müsahibəni apardı Məhəmməd Hüseyn Pərtuyan

 

 

 

 

 

 

İŞİD-in düşüncə və ideoloji mənbəsi nədir?

 

Hikmət və Fəlsəfə Araşdırma İnstitutunun rəisi doktor Xosrovpənahla söhbət

 

Mehr informasiya agentliyinin Hikmət və Fəlsəfə Araşdırma İnstitutunun rəisi Xosrovpənahla söhbətləşib. Alim deyib: Şiə imamları ağılın əhəmiyyətini vurğulayıb. Ağıla qarşı çıxmaq şiə məktəbinin mahiyyəti ilə uyğunlaşmır. Ağıl amansızlığa ziddir. Amma ağıl imana əsaslanmayanda amansızlıq mənşəsi ola bilər.

Bu gün İraq və Şam İslam Dövləti (İŞİD) yaratmaq iddiası ilə çıxış edən sələfi cərəyan və İŞİD təkfirçiləri tarixdə özünü göstərmiş azğın cərəyanların əqidə daşıyıcısıdır. Sələfilik yeni hadisə deyil. Belə görünür ki, bu cərəyan tarixin müxtəlif dövrlərində imkan yarandığı zaman ortaya çıxır. Təkfirçi cərəyanlar öz addımlarını xüsusi bir nəzəriyyə ilə əsaslandırırlar. Baş verən hadisələri düzgün şəkildə dəyərləndirmək üçün təkfirçilərin istinad etdiyi düşüncələrlə tanış olmaq lazım gəlir. Mehr informasiya agentliyi bu sahədə müxtəlif ekspertlərlə söhbətləşib. Bu dəfə agentliyin həmsöhbəti Hikmət və Fəlsəfə Araşdırmaları İnstitutunun rəisi doktor Əbdülhüseyn Xosrovpənahdır. Doktorla təkfirçilərin düşüncəsi barədə söhbətləşdik. Müsahibəni diqqətinizə çatdırırıq.

 

Mehr: İŞİD-in düşüncə və ideoloji mənbəsi nədir?

 

Doktor Xosrovpənah: Mən Mehr informasiya agentliyinə təşəkkür edirəm ki, xəbər sahəsində fəaliyyətlərdən əlavə nəzəri məsələlərə də vaxt ayırırsınız. Bu Mehr informasiya agentliyi üçün bir imtiyaz sayıla bilər. İŞİD hadisəsi təkfirçi cərəyan adlanan daha böyük hadisənin bir qoludur. Bu yeni yaranmış bir cərəyandır. Amma təkfirçilik yeni cərəyan deyil. Bu gün informasiya texnologiyaları gücləndiyindən xəbər ani olaraq dünyanın bütün nöqtələrinə çatır. Hazırda dünya İŞİD-in qlobal təhlükə olduğunu hiss etməkdədir. İŞİD-in cinayətlərini əyani göstərən videomateriallar dünyada qorxu yaratmaqdadır. Bilməliyik ki, İŞİD tarixi keçmişə malik olan təkfirçi cərəyana bağlıdır. Biz İŞİD-in atdığı addımların nümunələrinə İslam tarixində müxtəlif firqələrdə rast gələ bilərik. Əksəriyyət bundan xəbərdardır ki, İslam dünyasının “Şəhide əvvəl” və “Şəhide sani” adı ilə məşhur olan iki böyük alimi şiə olduğu üçün Cəbəlamildə öldürülərək yandırılıb. “Şəhide sales” (üçüncü şəhid) adı ilə tanınan Qazi Seyid Nurullah Şuştəri Hindistanda Tacmahal adlanan yerdə dəfn olunub. Bu şiə alimi Əkbər şahın qazisi olub. Sonradan o əskər və ya ordu qazisi kimi tanınıb. Hərbi sahədə mühakimə aparmaq məsuliyyəti onun üzərində olub. Alimin məskunlaşdığı Aqra şəhəri hərbi şəhər olub. Əkbər şahın ölümündən sonra Cahangir şah onun yerinə gəlib. Bir qrup sünnə əhli, alimi qamçı ilə o qədər vurublar ki, bədəni parça-parça olub. Sonra onu yandırmaq qərarına gəliblər. Amma şiələr onun cənazəsini ala biliblər. Bir müddət qəbrinin üstündə keşik çəkiblər. Yoxsa alimə qarşı olan firqə onu yandırmaq istəyirmiş.

Təkfirçi qruplar öz müxaliflərini qətlə yetirir, onların cənazələrini muslə edir, yəni doğrayır və ya yandırırdılar. Vəhhabilərin rəhbəri Məhəmməd ibn Əbdül Vəhhab Nəcddə iqtidara çatanda qısa müddətdən sonra öz müxalifləri ilə amansız rəftar etməyə başladı. O şafei, hənbəli və başqa məzhəblərdən olanları qətlə yetirir, ağıla gəlməyən cinayətlər törədirdi. Sünnə əhlindən olanlara belə rəhm etmir, onları qətlə yetirir, təkfir edib cəzalandırırdı.

Bəli, təkfirçilik yeni hadisə deyil. Mən bu cərəyanı təşkilatlanmış və himayə olunan bir cərəyan hesab edirəm. Biz deyə bilmərik ki, təkfirçilər yalnız sünnə əhli arasından çıxıb. Şiələr arasında da təkfirçilər olub. Amma şiələr təkfir etməklə, küfürdə ittiham etməklə kifayətləniblər. Tarixdə az nümunə tapılar ki, şiə qarşı tərəfi təkfir etdiyi üçün cəzalandırsın. Şiə məktəbində fəlsəfə və irfanla məşğul olanları təkfir edən alimlər olub. Bu gün də buna oxşar ittihamlara rast gəlirik. Sırf fiqh və kəlamla məşğul olan bəzi alimlər bu fikirdədirlər ki, ariflərin vəhdəti-vücud nəzəriyyəsi dindən uzaqdır və onlar təkfir olunmalıdır. Bəzi alimlər Molla Sədranın məadla bağlı fikirlərini qəbul etməyib, onu təkfir ediblər. Amma təkfir etdikləri şəxsə qarşı təzyiqdən başqa bir işləri olmayıb. Molla Sədra bu təzyiqlər altında İsfahandan Qumun Kəhək kəndinə mühacirət edib. Amma onu qətlə yetirməyiblər. Sərt fitvalar verilsə də sərt cəzalar tətbiq olunmayıb.

Mən deyə bilmərəm ki, İslamda təkfir adında bir düşüncə yoxdur. Xeyr belə deyil. İslamda təkfir mövcuddur. Bu çox ciddi bir mövzulardandır. Amma İslamın qəbul etdiyi təkfirin şərtləri, meyarları var. İstər şiə, istər sünni məktəbi İslamda təkfirin mövcudluğunu qəbul edir. Amma hər iki məktəb bu fikirdədir ki, şəhadəteyn kəlmələrini deyən şəxs müsəlmandır və bu şəxs məbdə və məadla bağlı xüsusi təfsir versə belə onu təkfir etmək olmaz. Amma bu şəxsi tənqid etmək mümkündür. Biz alimi tənqid edə bilərik ki, onun məadla bağlı fikirlərində yanlışlıq var. Bəli, bir şəxsin məad barədə şərhi yanlış ola bilər. Amma biz onu kafir saya bilmərik. Şəhadəteyn kəlmələrini deyən bir şəxs heç bir halda küfürdə ittiham oluna bilməz. Onun məbdə və məada etiqadı var. Bu insan əməldə dinin hökmlərini yerinə yetirir. İslam belə insanı küfürdə suçlamağa icazə vermir. Əgər biz şəhadəteyn kəlmələrini demiş bir şəxsi təkfir ediriksə bu ifratçı münasibətdir. Təəssüf ki, aramızda belələri var. Nəzəri problemlər sonradan ictimai problemlərə çevrilir. Bizim ictimai həyatda sabitlik üçün müdara, keçinməyə ehtiyacımız var.

Siz sual verdiniz ki, təkfirçi cərəyanın düşüncə mənbəyi nədir? İŞİD, Ən-Nüsrə cəbhəsi, Əl-Qaidə kimi qrupların ideoloji mənbəsi nədir? Bu qruplar sələfiliyin bir qolu sayılır. Sələfinin hənbəli, şafei və ya başqa firqədən olmasının fərqi yoxdur. Adətən malikilər arasında sələfilər olmur. Ən çox hənbəlilər arasında sələfilər müşahidə olunur. 7-ci əsrdə yaşamış İbn Teymiyyə sələfiliyin ideoloji banilərindəndir. Sələfi düşüncəsini təmsil edən başqaları da olub. Amma sələfilik əsasən 3-cü əsrdə mötəzilə firqəsi əhli-hədis, əxbarilər qarşısında dayananda özünü göstərib. Sonradan əşairə və maturidiyyə səhnəyə gəldi və əhli-hədis, mötəzilə səhnədən çıxdı. Artıq İslam cəmiyyətində onlar tanınmırdı. Daha çox əşərilik təfəkkürü yayılmışdı. Beləliklə mötəzilə və əhli-hədis, eləcə də maturidiyyə firqələrində bu düşüncə özünü göstərib. 7-ci əsrə qədər əhli-hədisdən bir xəbər olmayıb. Nəhayət İbn Teymiyyə onu ikinci dəfə aktuallaşdırıb. O deyir ki, biz sələflərimizə qayıtsaq, o zaman sələfi təfəkkürü səhnəyə gələcək.

 

Mehr: Belə qənaətə gəlmək olarmı ki, təkfirçi düşüncəni ikinci dəfə səhnəyə qaytaran İbn Teymiyyə olub?

 

Doktor Xosrovpənah: Bəli. Təkfirçiliyi teorizə edən İbn Teymiyyədir. O İslam cəmiyyətinin sonradan bu cərəyana meyli üçün zəminə hazırlayıb. Əlbəttə ki, istər İbn Teymiyyənin dövründə, istərsə də neçə əsr sonralar sələfi təkfirçiliyi özünü qabarıq göstərməyib. Ayrı-ayrı hallarda bu düşüncənin müdafiəsinə qalxan fərdlər olub. Nəhayət, hicri 11-ci əsrdə Məhəmməd ibn Əbdül-Vəhhab sələfi təfəkkürünü siyasətlə birləşdirərək onu genişləndirib, amma 20-ci əsrin əvvəllərində Osmanlı süqut edənə qədər özünü söz sahibi kimi göstərə bilməyib. Nəhayət, Avropa dövlətləri o cümlədən Britaniya və Fransa birləşərək Osmanlı imperiyasını süquta uğradaraq parçalayıb. Yunanıstanla qarşıdurmada yalnız bugünki Türkiyə qalıb. Atatürk bugünki Türkiyəni parçalanmadan qoruya bilib. Osmanlının nəzarəti altında olan digər ölkələr Avropanın nəzarəti altına keçib. Bu sırada ərəb ölkələrinin adını çəkə bilərik. Səudiyyə Ərəbistanı bu sahədə birinci olub. Həmin dövrdə Ərəbistan şiə alimi olan Şərif Hüseyn tərəfindən idarə olunurdu. Britaniyalılar fitnəkarlıq edərək onu hakimiyyətdən uzaqlaşdırdılar, hakimiyyəti azsaylı vəhhabilərə təhvil verdilər. Şiələr, malikilər, digər müsəlman firqələr sayca daha çox olduğu halda iqtidardan kənarda qaldılar. Bunu dünya bilir ki, vəhhabi firqəsinin yaradıcısı ingilislərdir. Əslində isə vəhabiliyi İngiltərə yaratmayıb, vəhhabilərin yaranışı üçün meydan verən İngiltərə olub. Beləcə Ərəbistanda vəhhabilik rəsmi hakimiyyətə yiyələnib. Xüsusi ilə Əbdül-Əziz, Fəhədin dövründə bir sıra uğurlar qazanıblar. İran İslam İnqilabından sonra Amerika İrandan ümidini üzdü. Bundan sonra bütün diqqətini Ərəbistan üzərində cəmləşdirdi. Ərəbistan Yaxın Şərqdə İran şahının rolunu oynayaraq Amerikanın əlaltısına çevrildi.

Gördüyünüz kimi belə tarixi şəraitdə sələfilik genişlənib. Onun siyasi nüfuzu artdıqca icitimai və ideoloji nüfuzu da artıb. Unutmamalıyıq ki, sələfilikdən danışanda sələfilik iddiasında olanların sözü ilə əməlləri arasında fərq müşahidə edirik. Bu gün Səudiyyə Ərəbistanındakı sələfilər modernləşmədən maksimum istifadə edirlər. Ali-Səud sülaləsinin əksər şahzadələri Amerika, Kanada, Avropa ölkələrində yaşayırlar və modern bir həyat tərzi sürürlər. Onların sələfi əqidəsinə zərrəcə bağlılığı görünmür. Onların bir çoxu dinə belə etiqadlı deyil. Sadəcə sələfiliyi əllərində vasitə olaraq saxlayıblar.

Sələfi düşüncəsinin kökü nədir? Əl-Qaidə, İŞİD və başqaları nədən qaynaqlanır? Düşünürəm ki, ağıl və zahir arasındakı ziddiyyət problemlər yaradır. Sələfilər bu iddiadadır ki, öz sələflərinin yoluna qayıdırlar. Deyirlər ki, onların sələfləri əhli-hədis olub. Onlar hədisə dəyər veriblər. Sünnə əhli arasında hədisin yeri böyükdür. Sünnə əhli alimləri arasında qəbul edənlər çoxdur ki, kifayət qədər uydurma hədislər var. Əbu Hureyrə, İbn Cündəbin hədisləri bu qisimdəndir. Kəbul-Hibar kimi İslam adından danışan biganələr az olmayıb. Bəzi sünnə alimləri hədisin doğru və ya yanlış olmasını mümkün sayır. Bəziləri isə hədisləri birmənalı olaraq qəbul edir. Hər halda sələfilər hədislərə bağlıdır. Hədislərin də zahiri mənasını əsas götürürlər. Açıq-aşkar əqlə zidd olan hədisləri özlərinə şüar edirlər. Onlara deyəndə ki, bu hədis ağıla sığışmır, cavabları bu olur ki, ağıl nə zamandan dəlil sayılır?