A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATI
Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri  


Zeynəbin sözləri elə məntiqi və kəskin idi ki, heç kəsin onun qarşısında dayanmağa cürəti çatmadı. Zeynəbin sözlərinin qətiyyət və əhatəliyi Yezid kimi çirkin bir şəxsiyyətin bütün cəhətlərini göstərdi, Peyğəmbər və xanədanının böyüklük və kəramətini yada salıb, ilahi dəyərləri öz ziddlərindən ayırdı. Bu sözlərin mühüm məsələlərlə dolu olmasına baxmayaraq, burada o əbədi danışıqdan bir neçə mühüm məqama işarə edirik.

QARA QOVLUQ VƏ MURDARLIĞIN KöKLƏRİ

Zeynəbin sözlərinin cəlbedici cəhətlərindən biri Yezidin qara qovluğunu və murdarlığın köklərini ifşa etməsidir.

Zeynəb Yezid xanədanının çirkinliklərini sayır və heç kəsin inkar etməyə qürdrəti çatmır. Ey Yezid, sən Hindin balasısan. Həmin qadın ki, Ühüd döyüşündə Allah Peyğəmbərinin şücaətli sərdarı Seyyidüş-şühəda Həmzənin ciyərini çeynəyib yerə atdı. Belə napak xanədandan Kərbəla faciəsindən başqa bir şey gözlənilmir.

Zeynəb başqa bir yerdə Yezidə «İbnit-tuləqa» “köləlikdən azad olunmuşların oğlu” – deyə xitab edirdi. Bu söz Məkkə şəhərinin fəthi və Qüreyş başçılarının azadlığına işarədir ki, uzun illər Peyğəmbərlə döyüşüb düşmənçilik etmişdilər. Peyğəmbər isə kəramətlə onları azad edib buyurdu:

«İzhəbu əntumut-tuləqa».

Yəni, “gedin siz hamınız azadsınız.” Bəli Yezid Peyğəmbərin azad etdiklərinin balasıdır ki, indi Peyğəmbərin xanədanını əsir edibdir. Zeynəb bu sözlə Yezidə anlatdı ki, həqiqi əsir sənsən. nə bizim əsirliyimiz zillətimizə sübutdur, nə də sənin qüdrətin qələbə və kəramətinin nişanəsidir.

Zeynəbin sözlərinin bu hissəsindən sonra onun islam tarixindən geniş və dəqiq məlumatlı olduğu görünür.

ALLAH VƏ ŞEYTAN DƏSTƏLƏRİ

Zeynəb öz xanədanının iftixarlı adını Allah dəstəsi və Yezidin napak xanədanının Şeytan dəstəsi adı ilə tanıtdıraraq buyurur: çox təəccüblüdür ki, Allah dəstəsi Şeytan dəstəsinin və azad olunmuşların əli ilə öldürülsün. Bizim canımız sizin pəncələrinizin ucundan axır və ətlərimiz ağzınızdan tökülür.

HİCAB VƏ İFFƏTİN QİYMƏTİ

İmanlı və Əhli-beyt sevər qadınlar üçün Zeynəbin kəlamından alınası öyüd hicab və iffətliyin dəyərli öyüdüdür. Zeynəb Peyğəmbər xanədanının qız və qadınlarının əsir olunması, onların şəhərlərdə küçə və bazarlarda gəzdirilməsi, napakların gözü qarşısında qalmalarına kəskin etirazını bildirir və onu ədalətsizliyin aşkar nümunəsi bilirdi. Bu həssaslıq, müsəlman qadının hicab və iffətinin əhəmiyyətinin göstəricisidir ki, gərək həmişə onu qorusun.

DÜZGÜN FİKİR

Zeynəb sözünün axırında qəti bir səs və dərin bir baxışla buyurur: «Ey Yezid, qədər məkr hiylə varındır işlət, qədər gücün var çalış. Amma Allaha and olsun, heç vaxt bizi yaddaşlardan silib Allahın vəhyini boğa bilməzsən».

Bil ki, sənin fikrin süst və hakimiyyətin puçdur... Şükr olsun o Allaha ki, bizim əvvəlimizi səadət və məğfirətlə xətm etdi, axrımızı şəhadət və rəhmətlə nicat verdi. Zeynəb dediyi kimi də oldu.

ZEYNƏBİ-KUBRA VƏ BAŞQA BİR VƏZİFƏ

Yezidin məclisində əsirlərin arasında imam Hüseyn (ə)-ın kiçik yaşlı qızlarından birinin məsum çöhrəsi ay kimi parıldayırdı. Bu səfərdə əziyyət çəkib müsibət görməyinə baxmayaraq çöhrəsinin gözəlliyi qəmli simasından bəlli idi. Bu gözəllik Yezidin tərəfdarlarından şamlı bir kişinin diqqətini cəlb etdi. Yezidə dedi: Bu qızı mənə bağışla! Fatimə bibisi Zeynəbin paltarına sarıldı və dedi: Bibican yetim olmuşam. Gərək kəniz də olam? – Zeynəb bu vaxt üzünü şamlı kişiyə tutub dedi: Yalan dedin, alçaqlıq etdin. nə sənin belə bir haqqın var, nə də Yezidin. Yezid bu sözü eşitməklə halı dəyişdi və dedi: Belə haqqım var, əgər istəsəm edərəm. Zeynəb onun cavabında buyurdu: Heç vaxt bacarmazsan, çünki, Allah sənə belə haqq verməyib. O vaxt edə bilərsən ki, bizim dinimizdən çıxıb başqa dini seçəsən. Yezid dedi: Atan və qardaşın dindən çıxdılar, Zeynəb buyurdu: Əgər müsəlmansansa, babamın, atamın və qardaşımın dininə hidayət olubsan! Yezid özünü Zeynəbin sözünün qarşısında aciz görüb söyüş silahını aldı və dedi: Ey Allahın düşməni yalan deyirsən! Zeynəb buyurdu: Sən indi əmirsən və zülmlə söyüş verirsən, öz qüdrətini gözə soxub meydan oxuyursan. nəhayət Yezid guya xəcalət çəkirmiş kimi sakit oldu.

Bu Zeynəb idi ki, hər bir istəyinin icra olunacağını guman edən Yezidin qarşısında dayandı və onu başqalarının gözü qarşısında diz çökdürdü.

5-Cİ FƏSİL

MƏDİNƏYƏ QAYIDIŞ

Mədinəyə qayıdış

Hərəmin astanasında

Vəfat

Xanım Zeynəbin Yezidin sarayında və imam Səccadın Şam məscidindəki təsirli və ifşa edici çıxışları. Müaviyənin Əhli-beyt (ə) əleyhinə olan 40 illik zəhərli təbliğatına son qoydu. Bəni Üməyyənin cinayət və azğınlıqları ifşa edildi.

Onların çirkinlikləri aşkar olundu. Şam camaatı özlərinə gəlib, uzun illər islam və Peyğəmbərin canişini adı ilə onlara hakimlik edən Müaviyə və Yezidin qan içən bir vəzifəpərəst olduqlarını başa düşdülər.

Belə rüsvay olacağını güman etməyən Şam hökuməti Əhli-beytin Şama gəlişi, nitqləri və camaatın agahlığı ilə öz mevqeyini təhlükədə görüb çarə axtarmaq fikrinə düşdü. Şam hökumətinin, ümumi fikirlərlə razılaşmaq və millətin qəzəbini soyutmaqdan başqa çıxış yolu qalmadı. Buna görə də Əhli-beytlə xoş davranmağı qərara aldı. Belə ki, Əhli-beytin Seyyidüş-şühəda (ə) üçün üç gün əzadarlıq məclisi qurması istəyini yerinə yetirdi, hətta Şam sarayının qadınları da məclisdə iştirak edirdilər. Günlər keçdikcə Şam camaatı ayılır və Şam hökumətinin əməllərinə daha da qəzəblənirdilər.

Bu səbəbdən Yezid Əhli-beytin Şamda qalmağını özünə və hökumətinə məsləhət görməyib, karvanı ilk fürsətdə Mədinəyə göndərməyi qərara aldı. Karvanı onunla birgə Mədinəyə göndərmək üçün, Peyğəmbər səhabələrindən olan nöman ibni Bəşiri yanına çağırdı. nöman səfər boyunca Allahın peyğəmbərinin xanədanı ilə mehriban davranır və imkan qədərincə onların istəklərini yerinə yetirirdi.

MƏDİNƏYƏ DOĞRU

Aşura karvanı uzun səfər və çətin bir yol keçdikdən sonra və qanlı Aşura hərəkatını səmərələndirdikdən sonra Mədinəyə qayıdırdı. Onlar nə qədər çətin və əziyyətli günlər yaşamış və nə qədər ömür azaldıcı müsibətlər görüb, dil yaraları eşitmişdilər! Kərbəladan Kufəyə və Kufədən Şama qədər bütün yollar əziyyət və çətinliklərlə dolu idi. Kufədə İbni Ziyadın məclisi və Şamda Yezidin məclisi, bütünlüklə hər yer məzəmmətlə dolu idi. Artıq aləmlərin müsibətini çəkmiş, yorğun bədənli, sınıq qəlbli, dərdli, qəmli məzəmmət və dil yarası eşitmiş. Amma eyni halda etdiyi böyük iş üçün, bəşərin tarix və müqəddəratında əmələ gətirdiyi böyük dəyişiklik üçün iftixar və baş ucalığı hiss edən bu karvan Mədinəyə doğu hərəkətdədir. Camaatın Əhli-beyt (ə)-ın Şama daxil olduğu vaxtdakı şadlıq və gülüşü indi artıq peşimançılıq və göz yaşı ilə əvəz olunmuşdur. Camaat öz göz yaşları ilə karvanı müşayət edir və öz nalələri ilə Əbu Süfyanın ünvanına lənət göndərirdilər.

Karvan nömanla birgə Mədinəyə tərəf dönür. Zeynəb həmin karvanla Mədinədən Məkkəyə doğru və Məkkədən də Kərbəla səmtinə hərəkət etdiyi günü unutmurdu. Həmin karvan ki, rəhbəri Hüseyn (ə) idi, Əbbas və Əliəkbər kimi ay üzlü igidləri və özü ilə birgə qardaşı imam Müctəba (ə)-ın yadigarı var idi. Qardaşı Hüseyn (ə)-ın aram və nurani çöhrəsi, Əbbasın şücaət və vəfası, Qasimin paklığı və səfası, Əli Əkbərin Peyğəmbərə oxşarlığı, və s... Zeynəbin yaddaşından silinmirdi.

HƏRƏMİN ASTANASINDA

Karvan anbaan Mədinəyə yaxınlaşırdı. Həzrət Peyğəmbərin pak qəbrinin ətri duyulurdu. Əzizlərin yoxluğunun xatirəsi əvvəlkindən daha çox hiss olunur və dərdlər bir-birinin ardınca təzələnirdi. Hamı bunu düşünürdü ki, imamın şəhadət xəbərini Mədinə xalqına necə çatdırsın, Mədinəyə necə daxil olsunlar və necə qalsınlar?

O Mədinə ki, Hüseyni yoxdur, Əbbası yoxdur, Əliəkbəri, Ounu, Cəfər və s.. yoxdur. Bu yoxluğa dözməyə necə bacarmaq olar? Karvan əhlinin hər biri babaları Peyğəmbərin pak qəbrinə ürək dərdlərini deyir, dözdükləri böyük müsibət, əziyyət və çətinliklərdən gileylənirdilər.

Karvan imam Səccad (ə)-ın göstərişi ilə Mədinə yaxınlığında dayandı. Yükləri açdılar, xeymələri qurub, qadın və uşaqları aşağı endirdilər. Camaat Mədinəyə daxil olmazdan qabaq böyük bir xəbərdən agah olmalıdır. İmam, Bəşir ibni Cəzləmi çağırır:

Bəşir! Allah sənin atana rəhmət etsin ki, şair idi, sənin də şairlik qabiliyyətin varmı?

Bəli, ey Allah Rəsulunun övladı, mən də şairəm.

Mədinəyə get və Hüseyn (ə)-ın şəhadət xəbərini Mədinəyə çatdır.

Bəşir deyir: Ata minib Mədinəyə doğru tələsdim.

Peyğəmbər məscidinə gəlib gözlərimdən yaş axa-axa şivən ilə fəryad etdim. Bu şeri qoşub uca səslə oxudum:

<center><table><tr><td>

Ya əhlə yəsribə la muqamə ləkum biha

Qutiləl Huseynu fəədmui midrar

Əlcismu minhu bi kərbəla muzərrəc

Vər-rəsu minhu ələl qənati yudar

</td></tr></table></center>

Ey Mədinə camaatı! Mədinədə qalmayın, çünki Hüseyn (ə) öldürülüb. Buna görə də gözlərimdən su sel kimi axır. Hüseynin cəsədi Kərbəlada qan və torpaq arasına düşüb və müqəddəs başını nizə üzərində, şəhərlərdə gəzdirirlər.

Bu vaxt fəryad qopardım: Ey Mədinə camaatı! İndi Əli ibni Hüseyn öz bibiləri və bacıları ilə Mədinənin yaxınlığındadır. Mən imam Səccadın sizin tərəfinizə göndərdiyi şəxsəm və onun yerini sizə göstərəcəyəm.

Bəşir deyir: Qadınlar hamısı şivən edən halda evlərdən bayıra töküldülər. Mən camaatı heç bir zaman o günkündən çox ağlar görmədim və müsəlmanlar üçün o gündən acısını müşahidə etmədim. Mədinə camaatı Bəşirlə birgə Əhli-beytə doğru tələsdilər. İmam Səccad camaat üçün xütbə oxudu və Allahın onlara nəsib etdiyi və öhdəsindən gəldikləri böyük bir imtahan üçün Allaha şükr deyib, hamını Peyğəmbərin pak ailəsinə üz verən böyük müsibətlər, çətinliklər və hadisələrdən xəbərdar etdi. Camaat şivən edə-edə Əhli-beytlə birlikdə Mədinəyə daxil olurdu. Əhli-beytin gözü Peyğəmbərin pak qəbrinə düşcək “Va Məhəmməda” fəryadı ucaldı və Peyğəmbərlə dərdləşməyə başladılar. Ey Allahın Rəsulu! Sənin Hüseynini susuz şəhid etdilər və Əhli-beyti əsir tutdular. Mədinə camaatı onların səsinə səs verdilər. Ağlamaq və şivən səsləri qarışdı. Bütün Mədinə ağladı. Sanki darvaza və divar da ağlayırdı. Zeynəb Peyğəmbərin məscidinə yetişən kimi qapının iki tərəfini tutub belə dedi: Ey Allahın Rəsulu! Mən Hüseynin ölüm xəbərini gətirmişəm sənə. Ondan sonra Zeynəbin gözləri həmişə yaşlı olardı. İmam Səccada baxanda dərdi, qəmi təzələnərdi.

Təbidir ki, Zeynəb sakitləşmir və Aşura hadisələrini danışmaqla camaatda dəyişiklik edir, həyacanlandırırdı. Camaat oyanır və imam Hüseynin intiqamını almaq üçün ayağa qalxırdı.

İmam Hüseyn (ə) bir dəfə şəhadətə yetişdi, amma onun carçıları öz haqtələb fəryadlarını islam və bəşəriyyət aləminə yetirdilər.

VƏFAT

Mədinəyə daxil olduqdan sonra əzəmətli Zeynəb günəşinin şüası bir ildən artıq davam gətirmədi. Həmin Hüseynsiz bir illik həyat Zeynəb üçün çətin oldu. Həmin Zeynəb ki, uşaqlığından cavanlığa və cavanlıqdan imam Hüseynin şəhadətinə qədər olan ömrünü onunla idi və ona məhəbbət bəsləyirdi. Əgər xanım Zeynəbin uca məqamlı səbr və təslimi olmasaydı, kifayət idi ki, imam Hüseyn (ə)-dan sonra Kərbəla və Aşura xatirələrinin hər birini xatırlayıb təzələməklə can tapşırıb, dünya yaşayışı ilə vidalaşaydı. Amma o, Allahın layiqli bəndəsidir. O, Allaha bəndəliyini müxtəlif sahələrdə göstərərək «Fəsbir səbrən cəmilən» “Gözəl səbr et” fərmanına cavab verdi və qardaşı Hüseyn (ə) kimi, “gözəl səbr” surətini bəşəriyyət tarixinin səhifələrinə həkk etdirdi.

Belə uca bir ruhla və bu növ əzəmətli həyatdan sonra haqqın tükənməz rəhmətinə və pak ailəsinə qovuşmaqla yaxşı yaşamaq, Allaha itaət, iffət, isar, fədakarlıq, əhdə vəfa və Allah yolunda səbr və dözüm dərsini hamıya göstərdi.

Dünyaya göz açdığı, dünyadan köçdüyü və pak əcdadı ilə fəxrlə qəbrdən qalxacağı zaman salam olsun ona!

SONUnCU FƏSİL

İNSANLIĞINƏZƏMƏTİ

İnsanlığın əzəməti

İbadət bəndəlik

Təfəkkür tədbir

İsar fədakarlıq

Səbr dözüm

Kitabın sonunda münasibdir ki, Zeynəb (s)-ın saysız-hesabsız fəzilətlərinin bəzi cəhətlərinə nəzər salıb, onun simasını insana aid olan uca ləyaqətlər güzgüsündə görək və kamillik yoluna o böyük xanımdan ilham almaqla qədəm götürək.

İbadət və bəndəlik

Allaha bəndəlik və ibadət bəşərin ən böyük fitri ehtiyacının təminatçısıdır və insanın inkişafı, kamilliyi bu bəndəliklərin sayəsində müyəssər olur. İnsan bu bəndəliklə kamala əl tapır və mələklərdən önə keçərək yer üzündə Allahın canişini və mələklərin səcdəgahı olur.

Bəndəlik bütün vücudu ilə öz ağa və məbudunun qulluqunda olmaq, onun fərmanından başqasına qulaq asamamaq, ondan başqası üçün iş görməmək və onun razılığından başqa bir şey düşünməmək deməkdir. Bəndəlik və ixlasın mənası budur. İnsanın bəndəliyinin qədəri onun Allaha olan mərifətinə bağlıdır. Buna əsasən Allahı yaxşı tanıyıb varlığı yaradanın əzəmətini dərk edənlər özlərinin Allaha olan möhkəm aslılıq və ehtiyaclarını anlayır və ona ibadət üçün baş əyirlər.

Peyğəmbər və imamlar mərifətin uca zirvəsində, ibadət və bəndəliyin nəhayətindədirlər. Bu xanədanın əzəmətli ağacının bir qönçəsi olan Zeynəb onların məktəbində tərbiyə almış, bəndəlik və ibadət dərsini yaxşı öyrənmişdir. Belə ki, onun bəndəliyinin əzəmətini həyatının bütün mərhələlərində görürük. Böyük və əzəmətli Allaha əlaqəsini, ibadət və namazlarını həyatının ən çətin mərhələlərində müşahidə edirik. Həyatın eniş-yoxuşları nəinki onu Allahın ibadət və bəndəliyindən qafil etməyib, hətta onun bəndəlik və ibadət cilvələri çətinliklərdə daha çox özünü büruzə verir. O, gecə yatmamaq və məbudu ilə razi-niyaz etməyin aşiqi, gecə oyaqlıqlarının və gecə yarısı ahlarının tərbiyələndirdiyidir. İmam Hüseyn (ə) Zeynəbin uca məqamına hamıdan yaxşı bələddir. Ona görə də Aşura gününün sonuncu vidasında bacısına buyurdu:

«Ya uxtah, la tənsini fi nafilətil-ləyl».

“Bacıcan, gecə namazında məni unutma”. Həmçinin imam Hüseyn (ə)-ın qızı Fatimədən belə nəql olunurdu ki, bibim Zeynəb Aşura gecəsi bütün gecəni ibadət mehrabında dayanıb, öz Allahı ilə münacat edərək onun dərgahından kömək diləyirdi: nə bizim göz yaşımız bir anlığa dayandı və nə naləmiz kəsildi. Bu cəhətdəndir ki, imam Səccad (ə) buyurur: Bibim Zeynəb Kərbəladan Şama qədər olan əziyyət və çətinliklərə baxmayaraq gecə nafilələrini qılır və bütün çətinliklərlə belə öz ibadətlərini unutmurdu. Zeynəbin qorxmazlığı, şücaəti, ürək qüvvəti və aramlığı həmin Allaha təvəkkülündən qaynaqlanırdı. Yezidin sarayındakı kəskin sözləri və o zəhərli fəzada “nəhy əz munkər” etməsi səfərin bütün mərhələlərində ismət və həyasını qoruyub saxlaması, hər yerdə öz vəzifəsinə əməl etməsi, hamısı bütünlüklə Zeynəb bəndəliyinin cilvələridir.

TƏFƏKKÜR VƏ TƏDBİR

Zeynəbin mühüm xüsusiyyətlərindən biri onun elmi və savadıdır ki, bunun dərinliklərini onun çıxış və nitqlərində görmək olur. necə ki, imam Səccad (ə) Kufə bazarında Zeynəbin bu xüsusiyyəti ilə iftixar etdi və buyurdu:

«Ənti bihəmdillahi alimətun ğeyru muəllimətun fəhimətun ğeyru mufəhhəmətun».

“Allaha şükr olsun ki, sən təlim olunmamış alim və öyrədilməmiş müdriksən”.

Zeynəb bütün mərhələlərdə öz vəzifəsi ilə tanış idi. Sükut edilməli yerdə sükut, fəryad edilməli yerdə fəryad və canfəşanlıq edilməli yerdə canfəşanlıq edirdi. Əhli-beyt karvanını idarə etməkdə isə tədbiri çox heyrətamiz idi. Qadının şəfqət və hissiyatlarla dolu olmasına baxmayaraq, heç vaxt bu hissiyat Zeynəbin düşüncə və tədbirinə qalib olmadı, onu öz ilahi vəzifəsindən qafil etmədi. O, ən qorxulu səhnələrdə düşüncə ilə davrandı və buna görə də “Əqileye bəni haşim” yəni, bu xanədanın bilikli qadını adı ilə tanındı.

İSAR VƏ FƏDAKARLIQ

Zeynəb, Əli və Zəhranın qızıdır, o ailə ki, “Həl əta” surəsi onların şənində nazil olub, onları xaliscəsinə etdikləri isara görə tərif etdi. özündən keçmək və başqalarını özündən qabağa salmaq Peyğəmbər xanədanın xüsusiyyətlərindəndir. Bu xanədandan olan və tovhid məktəbindən dərs alan Zeynəb, öz yaşayışının hamısında, xüsusi ilə Seyyidüş-şühəda hərəkatında öz rahatlıq və asayişinə göz yumdu. Və fədakarcasına özünü və əzizlərini Allah yolunda fəda etdi. Bütün çətinlikləri canına alıb dözdü. Onun böyük Kərbəla hərəkatındakı fədakarlıqları tarixin dillər əzbəridir. O, çətinliklərdə özündə keçdi və fədakarcasına davrandı. çətinlikləri qarşılamaqda qabaqcıl idi və onların qarşısında nəhayət dərəcədə müqavimət göstərirdi. Səfər boyunca uşaqları və karvan əhlini himayə edir və hətta öz yemək payını da başqalarına verirdi. İmam Səccad (ə) buyurur:

Bibim Zeynəb Kufədən Şama qədər bütün müstəhəb və vacib namazlarını yerinə yetirdi. O, mənzillrdən birində zəiflik və aclığın şiddətindən oturaq halda namaz qıldı, çünki üç gün idi öz yemək payını kiçik yaşlı uşaqlara verirdi.

Zeynəbin bütün bu fədakarlıqları öz məqsəd və yoluna imanı olduğu üçün idi və o yolda heç cür canfəşanlıqdan sıxılmırdı. Bəlkə də əziz Peyğəmbərin Zeynəbin təvəllüdü vaxtında buyurduğu “hamının bu qıza hörmət etməyini vəsiyyət edirəm, çünki, o Xədicəyə oxşayır” kəlamı onun Allah yolunda fədakarlıq və özündən keçmə ruhiyyəsində olduğu üçün idi. Axı Xədicə də belə idi. Peyğəmbərin tək olduğu vaxtda Xədicə bütün var-dövlətini və öz mevqeyini fədakarcasına islamın inkişafı yolunda sərf etdi. Zeynəb də imam Hüseyn (ə)-ın kənarında və onunla birgə Allahın dinini qorumaq yolunda hər şeydən keçdi.

SƏBR VƏ DöZÜM

Həqiqi səbri yalnız imanın yanında axtarmaq lazımdır. Həqiqi səbr edən düzgün mömindir. İman və səbrin əlaqəsi o qədər səmimi və bir-birinə bağlıdır ki, rəvayətlərdə onların ikisinin baş və bədən ifadəsi ilə adları çəkilibdir.

«Əssəbru minəl imani bi mənzələtirrəsi minəl cəsəd».

“Səbrin imana nisbətən mövqeyi, başın bədənə nisbətən olan mövqeyidir”. Bu təbir imanın həyatı və mömininin inkişaf və tərəqqisinin, onun səbrinin sayəsində olduğunu, səbirsiz möminin imanının get-gedə aradan getməsini bəyan edir. İmanla yaşamaq və öz vəzifə və borcunu yerinə yetirmək səbirsiz mümkün deyil. Bu səbəbdən səbr barəsində olan rəvayətləri üç hissəyə – itaət bərabərində olan səbr, günah bərabərində olan səbr və müsibət üz verən zaman səbr etməyə bölmüşlər. Allaha bəndəlik, Şeytan qarşısında dözüm – hamısının qarşısında səbrə ehtiyac var.

Mömin insanın yaşayışında qarşılaşdığı çətinliklərin müxtəlif əsərləri var. Allah yolunun çətinlikləri və müsibətlərinin qiymətli əsərlərindən biri insanın inkişaf və kamilliyidir. Yəni, Alah yolunun çətinlikləri, həmişə insanın inkişaf səviyyəsini formalaşdırır. necə ki, Əli (ə) buyurur: İnsan imanın həqiqətini bu üç xüsusiyyətə malik olmasa dərk edə bilməz: Dindən xəbərdar olmaq, çətinliklərin qarşısında səbrli olmaq və yaşayışını idarə etməkdə yaxşı tədbirli olmaq. Görün ki, həyat çətinlikləri qarşısında insanın səbr etməsi imanın həqiqətini dərk etməyə zəminə yaradır.

Allah yolunda çəkilən çətinliklər və müsibətlərin başqa bir təsiri axirətdə insana nəsib olan səvab və nemətlərdir. İmam Sadiq (ə) belə buyurur: Allah insana həyatın çətinlikləri, xəstəliklər, qohumların müsibəti, iqtisadi problemlər və dünya bəlaları ilə öz nəzər diqqətində yer verir ki, ona səbr və əcr əta etsin. Bəzən isə kamillik və behişt nemətlərinə yetişmək, yalnız həyatın çətinlik və müsibətlərindən keçməklə m