A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATI
Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATI

ZEYNƏB (S.Ə.)

 

MÜƏLLİF: MƏHƏMMƏDİ İŞTİHARDİ

TƏRCÜMƏ EDƏN: VÜSAL HÜSEYNZADƏ, MAQSUD SAYİL

 

Kitabın adı:......... Həzrət Zeynəbin (s.ə.) həyatı

Müəllif:................Məhəmmədi İştihardi

Tərcümə edən:............Vüsal Hüseynzadə və Maqsud Sayil

Nəşr edən:..................«Məhdiyyə» nəşriyyatı

Tiraj.................................................................3000

Çap növbəsi:................Birinci. 2000 Bahar

 

 

ÖZ İLAHİ VƏZİFƏLƏRİnİ SƏBR VƏ MƏRDLİKLƏ YERİnƏ YETİRMƏKDƏ BöYÜK KƏRBƏLA XAnIMInA İQTİDA EDƏn, BÜTÜn ALLAH YOLU FƏDAİLƏRİnƏ TƏQDİM OLUnUR.

 

Gözəllikdən başqa bir şey görmədim.

Həzrət Zeynəb (s)

 

 

 

MÜQƏDDİMƏ

Ülgü və nümunələr

Cavan həyatı müstəqil fikir və başqalarını yamsılama ilə keçir, bəzi məsələlərdə öz ağlına müraciət edib, onun nurundan bəhrələnir, çox vaxt isə, başqalarının yol və üsulundan istifadə edir. özü də bu istifadənin xeyir və şərinə varmayıb, onların rəftarlarının doğruluğunu ağıl meyarı ilə ölçmədən. Ehtimal olunur ki, fikir və təqlidin bu qarışığı və çəkişməsi, insan həyatının cavanlıq dövrünün labud xüsusiyyətidir və şəxsiyyətin hələ tamamlanmadığını, müxtəlif cazibələrin, onun vücud əqrəbini ağıl və hissiyyat arasında sərgərdan qoyduğunu göstərir.

İnsanın başqalarına təqlidi dediklərimiz yalnız cavanlara aid deyildir. Başqa kəslər hətta ömrün yuxarı yaşlarında da (əlbəttə az miqdarda) bəzən başqalarına təqlid edir və onların cəlbedici cazibə mərkəzlərinə məruz qalırlar. Bu həqiqət tələb edir ki, biz pak və dəyərli şəxsiyyətləri cəmiyyətə xüsusilə də, cavanlara tanıtdıraq və onlar həmin şəxsiyyətlərin həyatından özləri üçün ali ülgü və nümunələr götürüb, onların yol və üsulunu öyrənsinlər.

Quran əziz Peyğəmbəri “Üsvətün-həsənə” adı ilə tanıtdırır ki, biz onu yaxşı və gözəl nümunə adlandırırıq. Elə ki, buyurur:

 (Ləqəd kanə ləkum fiyrəsulillahi usvətun həsənətun limən kanə yərcullahə vəlyəvməl axirə zəkərəllahu kəsirən)

Allahın Rəsulu (s), haqqın rəhmətinə ümidi qiyamət gününə imanı olanlar Allahı çox yad edənlər üçün yaxşı nümunədir.”

Bu gün bizim cavan nəslin nümunə görməyə başqalarından daha çox ehtiyacı vardır ki, ictimai və əxlaqi məsələlərdə onların söz və rəftarlarından ilham alsınlar. Amma, bü ülgülər kamal və nümunə cəhətindən bir deyillər, bəlkə vəhy xanədanına nə qədər yaxın olsalar, o qədər kamil olarlar.

Peyğəmbər (s) övladları arasında, vilayət bağının ilk qızı Zeynəbi-Kubra (s), iman və təqva, elm və mərifət, səbr və dözüm və başqa insani fəzilətlər sarıdan tamamlanmış, kamil bir insanın bariz nümunəsidir. O, bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbr və isar adı gəlsə, bu böyük xanımın adı parlayır.

Bu kitab, Kərbəla qəhramanının həyatının qısa araşdırmasıdır. Onun həyatının bir hissəsi gözəl nümunə sorağında olan imanlı bacılara yaxşı bir örnək ola bilər.

Bu xanımın həyatını neçə hissədə xülasə etmək olar:

1.Allah Peyğəmbərinin və anası Fatimənin qucağında keçirdiyi çox qısa dövr;

2.Anasının vəfatından sonra, əziz atası Əli (ə)-ın yanındakı həyatı;

3.Həzrət Əli (ə)-ın şəhadətindən Həsən ibni Əlinin şəhadətinə qədərki dövr;

4.İmam Həsən (ə)-ın şəhadətindən, qardaşının aşurasına qədərki dövr;

5.Onun son dərəcə nəzərə çarpan və ibrətamiz olan həyatının sonu;

Aşuradan sonra Hüseyn hərəkatının rəhbərliyindən 62-ci Hicri ilində bir dünya iftixarla Allah görüşünə nail olana qədərki dövr. Və xoşbəxtlikdən bunun hamısı bu kitabda araşdırılmışdır.

Biz, bu kitabın nəşri üçün “Fədakarlar İslami Təhqiqat Mərkəzinə” təşəkkür etməklə yanaşı, onu mütaliə etməyi bütün cavanlara, xüsusilə də əziz bacılara tövsiyə edirik. Ümidvarıq ki, belə kitablar ucuz qiymətə və yuxarı tirajla əxlaqsevərlərin ixtiyarına qoyulsun. çünki, bu cür əsərlər qərbin bizə sarı yönəlmiş mədəniyyət hücumu qarşısında müsbət addım və güclü manedir.

Qum. İmam Sadiq müəssisəsi.

Ustad Cəfər Sübhani     8\6\74.

ÖN SÖZ

Müasir dövrümüzün elm zərurətlərindən biri də dini elmlərin aydın və zəngin dəyərlərini daha dərin və geniş bəyan etməkdir. Heç şübhəsiz bu elmlərdən biri də Allah övliyalarının nəzəri və əməli davranışlarının nəhayətsiz üfüqlərinə bələd olmaqdır.

Din övliyaları və mərifət sahiblərinin müqəddəs həyatlarında diqqətli fikir və dərin araşdırmalar, həqiqət aşiqlərinin yoluna bir çıraq ola bilər ki, öz canlarını o əzəmətli nümunələrin həyatının axar çeşməsi ilə paklayıb. Həyat yollarına o pak ruhların ilahi feyzi ilə təravət bəxş etsinlər.

“Fədakarlar İslam Təhqiqat Mərkəzi” bu əhəmiyyətli işi yerinə yetirmək, əziz müharibə əlilləri və Allah yolu fədakarlarının elmi ehtiyaclarını təmin etmək və həmçinin isar elmini bəyan etmək üçün dini maarif və tarix sahəsində bir məcmuə hazırlamaqda səy göstərmişdir.

Əlinizdəki kitab o topludan biri və bu mərkəzin əməkdaşlarının səyinin məhsuludur. Bu kitabda, nübüvvət və Vilayət ailəsində tərbiyə olunanlardan biri, Siddiqey-Tahirə Həzrət Zeynəb (s)-ın şərəfli həyatının mütaliə və araşdırmasına səy göstərilmişdir. Heç şübhəsiz, o yer mələyinin bütövlükdə bəndəçilik, mənəviyyat, səbr və dözümdən ibarət olan səmavi həyatı barədə düşünmək, hamının, xüsusilə də qadınların və Allah yolu fədakarlarının təkamülünə, ilahi məqama yaxınlaşmasına kömək olacaqdır.

Bu kitab, tarixə istinadlı araşdırma, mötəbər mənbələrdən istifadə və rəvan nəsrlə yazılmış, o həzrətin şəxsiyyəti və həyatının qəribə xüsusiyyətləri və dərslərinin vəsflərindən bəhs etmişdir.

Möhtərəm oxucuların nəzər və tövsiyələrini böyük məmuniyyətlə qarşılayır və böyük Allahdan mərifət və itaət üçün tofiq diləyirik.

Qum Fədakarlar İslami Təhqiqat Mərkəzi.

BİRİNCİ FƏSİL

Vilayət çiçəyi

Təvəllüd

Atanın zinəti

Səmavi ad

Peyğəmbər (s) ilə birlikdə

Dərdli yuxu

Birinci hadisə

Anası Fatimə ilə görüş

Haqqın müdafiəsi

Sonuncu görüş

Anasından sonra

Şərikli həyat

Zeynəbin həyat yoldaşı

Ev mühitində

Ata məktəbində

Səbr dözüm

Ədalət

Zülmlə mübarizə

Ata müsibəti

İmam Həsən (ə)-ın imamət dövrü

Varlıq dünyası bəşəriyyətə məna bağışlayan bir ailəyə borculudr. O ailə ki, bütün kainat onların qarşısında baş əyib təzim edir, mələklər onlara səcdə etməkdən çəkinmir və Cəbrəil Əlinin məclislərinə girmək üçün izn istəyir. O ailə ki, ilahi nemətlər təcəssümü, Allahın cəlal və cəmal sifətlərinin aynasıdır.

Onlar Peyğəbmər və onun Əhli-beytidirlər ki, Allah məxluqatın yaranma səbəbini onların varlığı ilə izah edib, buyurur: “Əzəmətli səma və geniş yerləri, işıqlı günəş, ay və ulduzları, axar dəniz və dəryaları siz Əhli-beyt üçün və sizin məhəbbətinizdən ötrü yaratmışam.

Onlar hər növ eyb və nöqsandan uzaq olan beş müqədds nurlar, vəhy xanədanı və vilayət ailəsidirlər – Peyğəmbər, Əli, Fatimə, Həsən, və Hüseyn (s).

Belə bir ailədə bir qız uşağı dünyaya gəldi. Əzəmətli vilayət bağçasına mənsub olan bu çiçək, sonralar özünün Allah yolunda sədaqət və vəfası, şücaət və fədakarlığı, iman və təqvası, iffət və səbri, dözüm və mübarizəsi ilə bütün Allah yolçuları və xüsusilə, özünün Əhli-beyt davamçısı hesab edən qadınlar üçün ülgü və nümunə olacaqdı.

TƏVƏLLÜD

Həzrət Əli (ə) və Fatimeyi-Zəhra (s)-ın Həsən, Hüseyn, Zeynəb, Ümmi Gülsüm və Möhsin adlı beş övladı olmuşdur. İmam Sadiq (ə)-dan rəvayət olunmuş hədisə əsasən həzrət Zəhranın son övladı olan Möhsin, İmamın düşmənlərinin o həzrətin evinə olan təcavüzü nəticəsində anasının bətnində öldürüldü, xanım özü isə ağır yaralanaraq şəhadətə yetişdi!

Bu xanədanın üçüncü övladı Zeynəb Hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı.

ATANIN ZİNƏTİ

Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq:

SƏMAVİ AD

Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.

Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.

Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. çünki, o, Xədiceyi-Kubra kimidir.

Yəni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.

PEYĞƏMBƏR İLƏ BİRLİKDƏ

Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.

Bu beş il fürsət idi ki, Həzrət Zeynəb Peyğəmbərin mübarək vücudundan səbr və dözüm hədisini yazsın. çünki, o, Zeynəbin həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun.

DƏRDLİ YUXU

Zeynəb, onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin yetişdirməsi və Zəhranın qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq:

Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:

“Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.”

Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu:

“Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.”

BİRİNCİ HADİSƏ

çox keçmədi ki, Zeynəbin yuxusunun bir hissəsi çin çıxdı və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi. Bu, onun lətif və riqqətli qəlbini incidən ilk müsibət və sanki bir başlanğıc idi. Hələ bilmirdi ki, qarşıda hansı müsibət və bəlalar onu gözləyir. Amma bəşər tarixinin bu yenilməz siması heç vaxt həyatın ağrıları qarşısında baş əyməyəcək, mətanətlə islamın qorunması üçün öz vəzifəsini yerinə yetirəcəkdir.

ANASI FATİMƏ İLƏ GÖRÜŞ

Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb Zəhra kimi bir ananın məhəbbətindən yalnız bir neçə ilə bəhrələndi.

Bir neçə illik bu qısa müddət Zeynəbi Allah yolunda müsibət və çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb Peyğəmbərin vəfatından sonra anası Fatiməni gülən və hətta təbəssüm edən halda da görmədi. Fatimə atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yəqub, Yusif və imam Səccad (ə) kimi ən çox ağlayanların sırasında qeyd etmişlər.

Zeynəb bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-beyt haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o isə səbr edib dözür və sanki daha böyük müsibətlərə hazırlaşırdı.

HAQQIN MÜDAFİƏSİ

Zeynəb anası Fatimənin Peyğəmbər məscidində Fədək və Əhli-beytin müdafiə mövzusunda etdiyi çıxışda iştirak edirdi. O, anasının xütbəsini dinləməklə yanaşı, zülm qarşısında necə mövqe tutmaq yolunu da öyrənirdi.

O, anasından öyrəndi ki, düşmənlə necə mübarizə etmək və onu rüsvay etmək olar. O, hazırlaşırdı ki, Kufə bazarında, İbn Ziyad və Yezidin saraylarında öz sözləri ilə onların cinayətlərini ifşa edib İslam və Əhli-beyt vilayətini müdafiə etsin.

SONUNCU GÖRÜŞ

nəhayət, ana ilə son görüş və vidalaşma zamanı çatmışdır. Zəhranın pak ruhu mələkut aləminə pərvaz edib, cismi isə qüsl olunub kəfənlənmişdir. Atanın göstərişi ilə Zəhranın balaları ana ilə vidalaşır, son dəfə onu qucaqlayıb ayrılırlar. Həzrət Əli (ə) bu qəmli səhnələri belə təsvir edir:

“Zəhranın kəfənini düyünləyərək Ümmü Gülsüm, Zeynəb, Həsən və Hüseynə dedim: Gəlin son dəfə ananızla görüşün ki, bu ayrılığın başlanğıcıdır. növbəti görüş isə behiştdə olacaqdır. Həsən və Hüseyn anaları tərəfə gələ-gələ bu sözləri deyirdilər: Babamız Peyğəmbər (s) anamız Fatimənin (ə) ölmündə olan qəm və həsrət yanğısı heç vaxt sönməyəcək. Ana can! Bizim salamamızı babamız Məhəmməd Mustəfaya (s) çatdır və de ki, səndən sonra biz dünyada yetim qaldıq”.

Əli (ə) buyurur: “O zaman göydən bir səs eşitdim ki, deyirdi: Ey Əbul-Həsən, onları anasının qucağından götür. Bu iki uşaq göyün mələklərini ağlamağa məcbur etdilər.”

Beləliklə, Zeynəb körpə yaşlarında mehriban ana və səmimi dostunu itirdi.

ANASINDAN SONRA

Artıq Əli evi Fatimə vücudunun şamı ilə nurlanmırdı. Buna görə də uşaqları öhdəsinə götürən bir qadına ehtiyac var idi. Fatimə (ə) bu əhəmiyyətli işi ömrünün son günlərində duymuş, uşaqları üçün mehriban ana və Əli üçün vəfalı yoldaş tapıb onunla evlənməyi Əli (ə)-a tövsiyə etmişdi. Bu şərəf həzrət Zəhranın ögey bacısı “Əmaməyə” mənsub idi.

Zeynəb anasından sonra Əli kimi atanın tərbiyəsi sayəsində, Həsən və Hüseyn kimi qardaşlarla yanaşı böyüyüb yetkinləşir və elə uşaqlıqdan çoxlu çətinlik və ruhi sıxıntılara dözüb tərcrübə toplayır.

Zeynəb Həsən və Hüseyndən kiçik olamasına baxmayaraq, Fatimə qızı və onun yetişdirməsi olduğu üçün qardaşları ilə onun arasında vəsfəgəlməz məhəbbət və bağlılıq olmuşdur. Bu məhəbbətin nəticəsində də o, bir an da qardaşlarından ayrılmır və onların qüssələrinə dözə bilmirdi. necə ki, görəcəyik o, ömürünün sonuna qədər mehriban ana kimi onları sevir və qəmlərinə şərik olurdu.

ŞƏRİKLİ HƏYAT

Artıq Zeynəbin ailə qurmaq vaxtı yaxınlaşmışdır. O bilir ki, izdivac hər bir insan üçün təbii və şəri vəzifədir və bu sünnətdən imtina etmək Peyğəmbərin (s) dinindən çıxmaq deməkdir.

Lakin Zeynəb izdivac etməklə boynunda olan böyük vəzifəni unutmur. O bilir ki, hər an və bütün səhnələrdə qardaşının yanında olmalıdır. O bilir ki, əzizlərinin qiyamının səmərəsi onun əsir düşməsi, səbr edib dözməsi, qiyamın mahiyyət və səbəblərini bəşəriyyət tarixinə yetirməsindən asılıdır.

Bu səbəbdən Zeynəb izdivac ərəfəsində də vəzifəsini unutmur və ailə qurmaq üçün imam Hüseynlə (ə) birgə olmağı şərt kəsir. Əli (ə) qızına elçi göndərən və Əhli-beyt dostlarından olan Əbdüllah ibni Cəfər sözsüz ki, bu şərti qəbul edir və nəhayət Zeynəbi-Kübranın əri olmaq şərəfinə nail olur.

ZEYNƏBİN HƏYAT YOLDAŞI

Əbdüllah Cəfərin övladlarındandır. Cəfər isə Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir. Cəfəri-Təyyar adı ilə məşhur olan bu insanın şəxsiyyətini Peyğəmbərin (s) sözləri və ona bağlılığı ilə müəyyən etmək olar. Yəhudilərin Xeybər qalasının fəthi və Cəfərin Həbəşədən qayıtdığı zaman Peyğəmbər (s) onu qucaqladı və alınını öpüb buyurdu: “Bilmirəm hansı iş üçün sevinim. Xeybərin alınması, ya Cəfərin gəlişi üçün?” Sonra Peyğəmbər (s) ona məscidin qonşuluğunda mənzil verdi.

Mutə döyüşündə Cəfərin iki qolu da kəsiləndən sonra bayrağı yerə atmağa razı olmayıb onu dişlərinə aldı. Həzrət Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Allah Cəfərin iki qolunun yerinə ona iki qanad verəcək ki, behiştdə onlarla pərvaz etsin.” Buna görə də ona Cəfəri-Təyyar (uçan) deyiblər.

Əbdüllah Həbəşədə doğuldu. Bu o zaman baş verdi ki. Cəfər öz həyat yoldaşı və bir dəstə müsəlmanla birgə düşmənlərin təzyiqi nəticəsində, Peyğəmbərin (s) təklifi ilə həbəşəyə hicrət etmişdilər.

Əbdüllahın atası Cəfərin şəhadətindən sonra Peyğəmbər (s) onun uşaqlarını yanına gətirib bir ata məhəbbəti ilə qucağına alar, öpüb ağlayar, beləliklə sanki Əbdüllaha və başqa balalara təsəlli verərdi.

Peyğəmbərdən sonra Əbdullah Həzrətin (ə) yanında rəşadət və fədakarlıqlar göstərmiş, Süffeyn döyşündə isə döyüş səhnəsinin xüsusi qəhrəmanlarından hesab olunmuşdur. O zamanlar o, səxavət və əliaçıqlıqda da məşhur idi.

EV MÜHİTİNDƏ

Heç şübhəsiz, insan tərbiyəsinin ən mühüm dövrü və şəxsiyyətin formalaşma zamanı uşaqlıq çağıdır. Bu dövr də başqa dövrlərə nisbətən insanı əhatə edən təbii və ictimai mühit daha təsirli olub, onun formalaşmasında mühüm rol oynayır. Ata-ananın əməl, rəftar, münasibət və ümumiyyətlə bütün hərəkətləri, eləcə də onların bir-birləri və digərləri ilə davranış tərzləri uşağın əxlaq, ruhiyyə və xasiyyətinə bir-başa təsir göstərib, incə və həssas qəlbini öz təsiri altına alır.

Ata və ana böyütdükləri uşaq vasitəsi ilə öz hərəkət və rəftarlarının yaxşı və pisliyini müəyyən edə bilərlər. Bu mənada uşaq onlar üçün güzgü rolunu oynayır və uşağın xarakter və xüsusiyyətləri onların əxlaqının xülasəsi hesab olunur.

Uşaqlarda olan bu əks təsirə görə onların tərbiyəsi, eləcə də fikri, əxlaqi və ideoloji inkişafı sahəsində çoxlu tövsiyələr olmuşdur. Bu tərbiyələrin təsiri o həddə qədərdir ki, Əli (ə) uşaq qəlbini istənilən toxumu qəbul etməyə hazır olan boş və əkilməmiş torpağa bənzədir.

Buna görə də uşağın şəxsiyyət və gələcəyini ata və ananın əməli tərbiyələrindən asılı hesab etmək olar.

Lakin Zeynəb elə bir nümunəvi ailədə böyüyüb boy atmışdır ki, tarix belə böyük əzəmətli ailənin şahidi olmayıb və olmayacaq da. Zeynəbin şəxsiyyəti elə bir evdə formalaşdı ki, onda iman nuru parlayırdı, səfa-səmimiyyət, eşq və mənəviyyət dolu idi. Bir ev ki, Əli kimi atası, Fatimə kimi anası vardı. Bu məsum ata və ananın nəfsani və şeytani istəkləri onlara tabe idi və bütün duyğu və istəklər, iş və hərəkətlər yalnız ilahi vəzifəni yerinə yetirməyə xidmət edərdi. Onlar Allahın razılığından başqa bir şey düşünmür, islamın inkişafı və bəşəriyyətin nicatı üçün hərəkət edirdilər.

Zeynəb bu mühitdə və belə bir ata-anasının təsiri altında böyüyür, belə bir məktəbdə ilahi elmləri və islami qaydaları öyrənir, dini tərbiyə və əxlaqi fəzilətlər əldə edib kamilləşirdi.

Beləliklə Həzrət Zeynəb ailə, evdarlıq, uşaq tərbiyəsi, məişət idarəsi və ümumiyyətlə davranış qaydalarını anasından öyrənmişdi ki, gələcəkdə ərinin evində anası kimi öz vəzifəsinin icra etsin.

O, anasının evdə sabitlik, mehribanlıq, səmimiyyət və mənəviyyət yaratmaq üçün necə çalışdığını görürdü. O, atasının bu sözlərini eşitmişdi: “Həmişə evə gəlib Zəhraya baxanda qəm-qüssələrim yaddan çıxırdı. O, heç vaxt məni qəzəbləndirmədi”.

Zeynəb yoldaşlıq və səmimiyyət nümunəsinin öz mehriban ata-anasının timsalında görmüşdü. O, anasının evdarlıq zəhmətlərini və qabarlı əllərini görmüş, ev işlərinin Allah yanındakı əcr və savabına vaqif olmuşdu.

O, evdə birlik və həmkarlığı ata-anasından öyrənmiş, atasının çırpı və su gətirdiyini, anasının xəmir hazırlayı