A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: VİLAYƏT NURU
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

 

Mart, 2015

 

 

 

 

Hərbi Hava Qüvvələri Günü bəyanatın tam mətni

İnqilabın batinində qəlbləri cəzb edən həqiqət nədir?

 

Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanları və işçiləri ilə görüş

 

Bismillahir-Rəhmanir-Rəhim...

Əziz qardaşlara, silahlı qüvvələrin mühüm bir bölməsi olan hərbi hava və havadan müdafiə qüvvələrinin çox ağır sahəsinin məsullarına xoşgəldin deyirəm. Bu gün Hərbi Hava Qüvvələri Günüdür (19 bəhmən). Hamınızı, İran İslam Respublikası Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanları və işçilərini, onların ailələrini təbrik edirəm. Sürud qrupuna da gözəl ifalarına görə təşəkkürümü bildirirəm.

Siz hər il 19 bəhmən gününü qeyd edirsiniz. 19 bəhmən şirin bir xatirəyə qayıdışdan daha uca gündür. Bəli, mühüm, şirin bir xatirədir. Belə xatirələri yaşatmağın yeri var. Amma hadisə daha böyük hadisədir. 19 bəhmən mənalı və unudulmaz hadisədir. Bu hadisə zamanı şah rejiminin aviasiya qüvvələrinin gəncləri ayağa qalxdılar və İmama (r) beyət etdilər. Bu addımı açıq-aşkar, şücaətlə atdılar. Mən özüm orada idim. Bəziləri şəxsiyyət vəsiqələrini göyə qaldırmışdılar. Bunun öz mənası, məzmunu var. Bu məzmunu hifz etmək lazımdır. Bu inqilabi bir vəzifədir. Nədir bu məzmun? Məzmun budur ki, inqilab ölkənin istənilən nöqtəsində haqq və cazibədar bir söz olaraq qərəzsiz, sağlam, agah, işıqlı qəlbləri özünə doğru çəkir. Hətta şah rejiminin hərbi hava qüvvələrini. Bu qüvvəllər hakim rejimin, hətta Amerikanın oyuncağı idi. Aviasiya qüvvələri ilə bir oyuncaq kimi rəftar edilirdi. Amerika və onun müzdurları təəssüf ki ölkəmizdə söz sahibi idilər, hökumət onların əlində idi. Hava qüvvələri ilə belə rəftar edirlər. O zaman hava qüvvələri inqilab həqiqətinin cazibəsi altında şövqə gəlib böyük bir addım atdı. Günün günorta çağı, bu qədər məmurun gözü önündə, o günün böyük təhlükələri qarşısında İmam görüşünə gəlib, İran prospektində ona beyət etdilər. Sürud oxudular, şəxsiyyət vəsiqələrini yuxarı qaldırdılar. Bu hadisənin mühüm məzmunu budur. İnqilabın batinində qəlbləri cəzb edən həqiqət nədir? Bunu bilməli və qorumalıyıq.

Ölkədən əlavə dünyada bu hadisə baş verdi. Bu inqilabda ölkənin bütün nöqtələrinə nüfuz etmək gücü vardı. Təkcə şəhərlər yox, əyalət və kəndlərdə də xalq ayağa qalxıb hərəkət edir, şüarlar səsləndirirdi. Bu şüarlar İmama tərəfdarlıq, şaha və diktaturaya müxalifət şüarları idi. Bütün millət ayağa qalxmışdı. Bundan əlavə dünya miqyasında tədricən eyni hadisə müşahidə edilirdi. Asyada, Afrikada, hətta Latın Amerikasında insanlar heyran qalmışdılar ki, dünyada bir millət Amerika, onun zorakılıqlarına qarşı çıxmaq cəsarətinə malikdir. Çətinliklə İran radiosunu, bu ölkədə baş verən hadisələri izləyirdilər. Mən İran xəbərlərini izləmək üçün fars dilini öyrənən ərəblər görmüşəm. Bu bir cazibədir. Xalq kütlələrini, ziyalıları, gəncləri, tələbələri, düşmənin ağır təbliğatı təsiri altında olmayan bütün insanları özünə çəkən inqilab cazibəsi idi. Bu hadisə hər yerdə baş verdi. Bir millətin zülmə qarşı çıxması Amerika və qərb zorlularının əsarəti altında qalmış insanları həyəcanlandırdı. Bu insanlar inqilaba tərəfdar oldular, inqilabı sevdilər. Bu hadisə hər yerdə, Asiyada, Afrikada, Latın Amerikasında baş verdi. Biz bindan yetərincə xəbərdar olduq. Çoxlu səfərlər olurdu. İnqilab və İmamın adının təsiri aydın müşahidə edilirdi.

Bəs qarşı tərəfdə nə baş verdi? Qarşı tərəfdə bu əzəmətli hərəkat əleyhinə olan güclər dayanmışdı. Onların başında Amerika dururdu. Bu böyük hərəkatın genişlənməsi, bütün millətləri cəzb etməsi, düşmənləri qorxutdu və sərt reaksiya verməyə başladılar. Ağıllarına gələn ilk iş inqilab ocağını söndürmək oldu. Bütün bu həyəcanları yaratmış ocağı söndürmək istədilər. Bu yolla başqa yerlərdə problemi təbii həll etməyi planlaşdırırdılar. Bacardıqları qədər güc işlətdilər.

Elə ilk gündən Amerika İslam Cümhuriyyəti ilə düşmənçiliyə başladı. Bunu gənclər bilsin. Bacardıqları işi gördülər. Amerika kimi bir dövlət hərbi, iqtisadi, ideoloji, təxribatçılıq baxımından nə bacarırdısa etdi. Onlar inqilaba düşmən idilər, bu gün də düşməndirlər. Onlar inqilabı qəbul etmiş xalqla düşməndirlər. Bu səhv fikirdir ki, Amerika, dünya imperializmi şəxslərlə, məsələn, İmamla ya Əli Xamenei ilə düşməndir. Belə deyil. Onlar inqilab prinsipləri ilə düşməndirlər. Müqavimət, müstəqillik tələbi, milli qürurla düşməndirlər. Bu istəkdə olan millətlə düşmənçilik edirlər. Bu düşmənçilik keçmişdə olub, bu gün də var və davam edir. Bir millərin möhkəm dayanması, düşmən təzyiqlərinə təslim olmaması onları qəzəbləndirir. Bəzi Amerika siyasətçiləri səhvə yol verib dilə gətirdilər ki, İran xalqı ilə düşməndirlər. Bu gün də Amerika və müttəfiqlərinin fəaliyyətləri bu xalqı dizə çökürmək üçündür. Bu xalqı aşağılamaq istəyirlər.

Əlbəttə ki, səhvə yol verirlər, analizləri yanlışdır. Amerikanın region hadisələri, xüsusilə əziz ölkəmizlə bağlı təhlillərinin yanlış olduğu reallıqdır. Elə bu səhvlərinə görə daim zərbə alırlar. Hesablamalarında yanılırlar.

Amerika məsullarından biri bir neçə gün öncə deyib ki, iranlılar çətinliyə düşüblər, nüvə müzakirələrində əlibağlı əyləşiblər. Burada yanlış hesablama var. İranlılar çətinliyə düşməyib. Siz 22 Bəhməndə İran xalqının nə edəcəyini, səhnəyə necə çıxacağını görəcəksiniz. Onda məlum olar ki, bu xalqın əlləri bağlıdır ya yox? İran xalqı işdə nümayiş etdirib və etdirəcək ki, əlləri bağlı deyil. Məsullar, dövlər başçıları da belədir və öz məharətləri ilə göstərəcəklər ki, bu xalqın əlləri bağlı deyil. İranı divara sıxdıqlarını düşünürlər. Səhv edirsiniz, Cənab, belə deyil. Çətinliyə düşən sizsiniz. Reallıq aydın göstərir ki, Amerika regionda və kənarda məğlubiyyətə uğrayıb. Amerika Suriyada, İraqda, Livanda, Fələstində, Qəzzədə məğlubiyyət yaşayıb. Amerika Əfqanıstan və Pakistan siyasətlərində məğlub olub. Bu millətlər Amerikaya nifrət edir. Regiondan kənarda da belədir. Amerika Ukraynada məğlubiyyətə uğrayıb. Məğlub olan sizsiniz, uzun illərdir ardıcıl məğlubiyyət yaşayırsınız!

İslam Cümhuriyyəti inkişaf edib. Bugünkü cümhuriyyət 35 il əvvəlki cümhuriyyətlə müqayisəyə gəlməz. Təcrübə toplanması, fəaliyyət sahələrinin genişlənməsi, məntəqədə qazanılmış mövqe, inqilabi dəyərlərin gənclərin qəlbinə nüfuzu kiçik işdirmi? Bunlar danılmaz həqiqətlərdir.

Müxtəlif məsələrdə hesabatları yanlışdır. Allahın fəzli, xalqın təlaşı, siz gənclərin fədakarlığı ilə bütün ölkədə, müxtəlif sahələrdə, möhtərəm komandanın yada saldığı hava qüvvələrindəki fəaliyyətlər kimi geniş fəaliyyətlər var. Bütün bu işlər iqtisadi sanksiyalar şəraitində həyata keçir. Elmdə, texnologiyada, müxtəlif sosial sahələrdə, beynəlxalq siyasətdə İslam Cümhuriyyətinin təkamülü və dəyərli təcrübələri var. Biz inkişaf edirik, bunu istəməyən düşmənin gözü kor olsun! Bacarmayan onlardır. Onlar bu ölkəni dağıtmaq istəyirdilər, İslam Cümhuriyyətinin varlığını həzm edə bilmirdilər. Siyasət, iqtisadiyyat, mədəniyyət və başqa sahələrdə bütün varlıqları ilə zərbə vurmağa çalışsalar da, istəklərinə çata bilmədilər. İslam Cümhuriyyəti inkişafını davam etdirir.

İndi nüvə məsələsini nümunə göstərirlər. Görüntü yaradırlar ki, İslam Cümhuriyyəti nüvə məsələsində çətinliyə düşüb. Amma belə deyil.

Mən deyirəm ki, əvvəla, mümkün razılaşmaya tərəfdaram. Əlbəttə ki, pis razılşmaya yox! Amerika tez-tez təkrarlayır ki, razılaşmanın olmaması pis razılaşmadan yaxşıdır. Biz də bu fikirdəyik. Biz də pis, nöqsanlı razılaşmanı milli mənafelərə zidd sayırıq. Əzəmətli İran xalqını aşağılayacaq razılaşma lazım deyil.

İkincisi, hamı bilsin ki, məsullarımız, müzakirə heyəti və dövlət sanksiya silahını düşmənin əlindən almağa çalışır.

İstəyirlər ki, bu silahı qəddar düşməndən alsınlar. Əgər bacarsalar yaxşıdır. Bacarmasalar, dostlar və düşmənlər bilsinlər ki, ölkə daxilində sanksiyaları gücdən salacaq yollar var. Belə deyil ki, sanksiya silahı qarşısıalınmazdır. Əgər çalışsaq, imkanlarımıza diqqətlə baxsaq – Allaha həmd olsun ki, belə bir ruhiyyə var – həmin silahı düşməndən almasaq da, onu təsirsizləşdirə bilərik.

Üçüncüsü, hörmətli prezident bir müddət öncə çıxışlarından birində gözəl bir nöqtəyə işarə etdi. Dedi ki, müzakirə iki tərəfin müştərək nöqtəyə çatmasıdır. Deyilənin mənası budur ki, hansısa tərəf təkcə öz istəklərinin reallaşmasını istəməməlidir. Amerikalılar belədir. Amerika və onun ardınca uşaq kimi qaçan bir neçə avropa ölkəsi strateji bir səhvə yol verirlər. Amerikaya tabe olan bu ölkələr yalnız öz istəklərinin və yalnız istədikləri şəkildə həyata keçməsini gözləyirlər. Bu səhv yanaşmadır. Müzakirə yolu bu deyil. İran tərəfi razılaşmaya kömək üçün görə biləcəyi bütün işləri görüb. Müxtəlif işlər görülüb: zənginləşdirmə maşınlarının artırılmasını dayandırıb. Müəyyən mərhələ üçün bu addımı lazımlı sayıblar. Uranın 20% zənginləşdirilməsi böyük bir uğur idi. Mütəxəssislər 5%-dən 20%-ə çatmağın nə demək olduğunu başa düşür. Bu işi də dayandırıblar. Müzakirələr bunu tələb edirdi. Texnologiya sahəsində çox böyük uğur sayılan Ərak müəsisəsinin fəaliyyəti dayandırılıb. Daxili qüvvələrin misilsiz fəaliyyətləri sayəsində yaradılmış, böyük ixtiralardan sayılacaq Fordo müəsisəsi hazırda işləmir. Deyilənlərdən görünür ki, İran tərəfi məntiqi addım atıb, müzakirələrin tələbinə cavab verib. Amma qarşı tərəf həddi aşır, həyasızlıq edir, bac istəyir. Əgər məsullar möhkəm dayansalar haqlıdırlar. Kimsə onları qınamamalıdır. Məsullarımız möhkəm dayanıblar və çalışırlar. Bəli, İslam Cümhuriyyəti əvvəlcədən məntiqi addım atıb. Biz qəbul etdirilmiş 8 illik müharibədə, qətnamənin qəbulunda məntiqi hərəkət etdik. Müharibədən bu günə qədər bütün hadisələrdə İslam Cümhuriyyəti məntiqi davranıb. Bu gün də hazırkı hadisələrdə məntiqlə hərəkət edilir. Amma qarşı tərəf məntiq nə olduğunu dərk etmir. Yalnız zora güvənirlər. Özləri deyirlər ki, İranı nüvə texnologiyalarının genişləndirilməsini dayandırmağa, müəyyən proqramları saxlamağa vadar etdik. Doğru deyirlər. İslam Cümhuriyyəti müzakirələrin məntiqinə uyğun olaraq bu işləri görüb. Amma onlar həddi aşır, qane olmurlar. İran xalqı yersiz tələblərə, zora təslim olmayacaq!..

Biz məsullarımızın başladığı, həqiqətən də təlaş göstərdiyi, vaxt qoyduğu  işdə inkişafdan razıyıq. Yaxşı bir razılıq əldə edilməsinə də tərəfdarıq. Əminəm ki,  İran xalqı onun şəxsiyyət və mənafelərinin qorunduğu razılaşmaya qarşı olmayacaq. Amma bu şərtlər şəksiz təmin olunmalıdır. İran xalqının ehtiramı, bu xalqın inkişafı hifz edilməlidir. İran xalqı düşmənlərin zorakı danışığını dinləməyə, bac verməyə adət etməyib. Qarşı tərəf Amerika olsun ya başqası, fərq etməz. Bir zaman Amerika ilə Sovetlər Birliyi əl-ələ verib meydan oxuyurdular. İslam Cümhuriyyəti təslim olmadı, axırda qalib gəldi. Bu gün də nəticə eyni olacaq. Bu gün də İran xalqı və İslam Cümhuriyyəti zora təslim olmayacaq.

Bu gün deyirlər ki, əvvəlcə ümumi razılşmaya gələk, sonra təfərrüat, xırdalıqlar həll edilər. Mən bu yolu bəyənmirəm. Qarşı tərəfin rəftarları barədə təcrübə göstərir ki, sabah bu xırdalıqları əllərində bəhanə tutacaqlar.  Əgər razılaşma olacaqsa, cüzi və külli məsələlər tam həll olunmalı, razılaşma imzalanmalıdır. Ümumi razılığa gəlib sonra bir məsələnin şərhi üçün cüzi məsələləri araşdırmaq düzgün məntiq deyil.

Məsullarımızla qarşı tərəf arasında razılaşmalar aydın və birmənalı olmalı, şərhə yer qalmamalıdır. Sabah qarşı tərəf sözündən qaçmaq üçün bəhanə gətirə bilməməlidir. Bütün bunlar düşmənin sanksiya silahını almaq üçündür. Bunu edə bilsələr yaxşıdır. Sanksiyalar tam aradan qaldırılmalıdır. Əgər belə olmasa İran xalqı, məsullar, möhtərəm dövlətin qarşısında yol çoxdur. Sanksiya silahını gücdən salmaq üçün həmin yollar keçilməlidir.

İnşaallah 22 bəhməndə İran xalqı göstərəcək ki, onu aşağılamaq istəyənlər əks zərbə ilə üzləşəcək. Bütün xalq, bütün məsullar həmfikirdir ki, bir məmləkət üçün milli şərəf və izzət çox əhəmiyyətlidir. Əgər izzət olsa təhlükəsizlik də olacaq. Əgər təhlükəsizlik, sabitlik  olsa inkişaf da elmi olacaq. Amma aşağılanan millət hər şeyi uduzacaq. Təhlükəsizliyi də, sərvəti də, hər şeyi! Milli şərəf və ləyaqət qorunmalıdır, məsullar bunu bilir. İnşaallah 22 bəhməndə xalq öz iştirakı ilə, iqtidarını göstərməklə düşməni dizə çökürəcək. Pərvərdigara! Bütün İran xalqını öz lütf və bərəkətindən bəhrələndir. Hər birimizi hidayət  et. Pərvərdigara! Müharibə dövründəki, ondan qabaq və sonrakı şəhidləri, silahlı qüvvələr, hava qüvvələri şəhidlərini Peyğəmbərlə məhşur buyur.Bu mübarək hərəkatın banisi olan böyük İmamı Peyğəmbərlə məhşur et.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

 

Fevral, 2015

 

 

 

 

Avropada Tələbə Dərnəkləri Birliyi Konfransına müraciət

Aldanış da xəbərsiz qalmaq qədər zərərlidir!

 

Cənab Rəhbər Ayətullah Xamenei Avropada Tələbə Dərnəkləri Birliyinin 49-cu konfransına müraciətində tələbələrə tövsiyə edib ki, elmə düşüncə ilə yiyələnin və bu iki məsələdə təqva və paklığı gözləyin; bu zaman ölkə üçün siz gənclər kimi ikinci sərvət olmayacaq.

Müraciət Cənab Rəhbərin Avropada təhsil üzrə nümayəndəsi höccətülislma vəlmüslimin Cavad Ejeyi tərəfindən oxunub.

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Əziz gənclər!

Sizin dünya ölkələrinin təhsil ocaqlarında olmağınız dünya hadisələrinə dərindən və mənalı baxmağınız, dünya miqyaslı və dünyanı tanıyan alimlərdən bəhrələnməyiniz üçün bir fürsətdir. Bunun qədrini bilmək lazımdır.

 

Aldanış da xəbərsiz qalmaq qədər zərərlidir. Xüsusilə bu barədə düşünün ki, nə üçün qərb siyasətində islamafobiya gücləndirilir? İran üslubunda siyasi İslamda hansı güc var ki, bu nəhəngləri, imperialistləri ona qarşı cəbhə açmağa vadar edir?

 

Elmə düşüncə ilə yiyələnin və bu iki məsələdə təqva və paklığı gözləyin; bu zaman ölkə üçün siz gənclər kimi ikinci sərvət olmayacaq. Allah yardımçınız olsun!

 

Seyid Əli Xamenei

 

Yanvar, 2015

 

 

 

 

Avropa və Şimali Amerika gənclərinə məktub

Fransada son hadisələrin ardınca...

 

Rəhman və Rəhim Allahın adı ilə

 

Avropa və Şimali Amerikanın bütün gənclərinə

 

Fransadakı son hadisələr və digər qərb ölkələrində cərəyan etmiş oxşar proseslərdən sonra qərara gəldim  ki, bu barədə sizinlə şəxsən danışım, birbaşa siz gənclərə müraciət edim. Səbəb bu deyil ki, sizin ata-analarınıza əhəmiyyət vermirəm. Sadəcə xalqınızın və məmləkətinizin gələcəyinin sizin əlinizdə olduğunu düşünürəm. Eləcə də, həqiqəti axtarmaq istəyini sizin qəlblərinizdə daha güclü, daha aydın görürəm. Həm də bu məktubda sizin siyasiləriniz və dövlət rəsmilərinizə müraciət etmirəm. Çünki onların məqsədli şəkildə  siyasəti sədaqət və düzgünlükdən ayırdığına inanıram.

 

Sizinlə İslam, xüsusilə İslamın sizə təqdim olumuş siması barədə danışmaq istəyirəm. İki onil bundan qabaqdan hazırkı günədək, yəni təqribən Sovetlər Birliyi dağlıldıqdan sonra,  bu böyük dini qorxunc düşmən simasında göstərmək üçün xeyli təlaş göstərilib. Təəssüf ki, qərbin siyasi tarixində qorxu və nifrət hissini qıcıqlandırmaq, bundan faydanlanmağın uzun keçmişi var.  Mən bu məktubda hazırkı günədək qərb xalqlarına təlqin olunan müxtəlif fobiyalardan danışmaq istəmirəm. Siz özünüz son tarixi araşdırmalara xülasə nəzər salsanız, görərsiniz ki, müasir tarixi səlnaməçilikdə qərb dövlətlərinin dünyanın başqa xalqları və mədəniyyətləri ilə qeyri-səmimi və  riyakar rəftarları məzəmmət edilir. Avropa və Amerika tarixi quldarlıq rüsvayçılığı yaşayır, istismar dövrlərinə görə başıaşağıdır,  rəngli dərililərə, qeyri-məsihilərə qarşı zülmdən dolayı xəcalətlidir. Araşdırmaçı və tarixçiləriniz din adı altında katoliklərlə protestantlar arasında, millətçilik adı altında birinci və ikinci dünya müharibələrində  axıdılan qanlara görə dərin təəssüflərini bildirilər.

 

Bu təəssüf, üzüntü öz-özlüyündə təqdirəlayiqdir. Bu uzun siyahını təkrarlamaqda məqsədim tarixi məzəmmət etmək deyil. İstəyirım öz ziyalılarınız, alimlərinizdən soruşasınız ki, nə üçün qərbdə vicdanlar on illər, bəzən yüz illər təxirlə oyanmalı, həqiqətdən xəbərdar olmalıdır? Nə üçün ictimai vicdan bu günü yox, yalnız uzaq keçmişi görə bilməlidir? Nə üçün İslam mədəniyyəti və düşüncəsinə yanaşma üslubu kimi əhəmiyyətli mövzuya, ümimi tanışlığın formalaşmasına maneələr yaradılmalıdır?

 

Gözəl bilirsiniz ki, kimisə təhqir etmək, kiməsə nifrət və kimdənsə qorxu yaratmaq mənafepərəst zalımların müştərək marağıdır. Özünüzə sual verin ki, nə üçün qədim qorxu və nifrət  yaratmaq siyasəti bu gün misli görünməmiş şəkildə   İslam və müsəlmanlara tuşlanıb? Nə üçün müasir dünyada güc mərkəzləri İslam düşüncəsini səhnədən çıxarmağa, süstləşdirməyə meyllidir? Hansı İslam düşüncəsi, İslam dəyəri  super güclərin planlarına mane olur? İslam haqqında mənfi ictimai rəy yaratmaqla nəyə nail olurlar? Bəli, mənim ilk istəyim budur ki, İslama qarşı bu qlobal qarayaxmanın səbələri barədə soruşub, axtarış aparasınız.

 

İkinci istəyim budur ki, tələsik mühakimələr və mənfi təbliğat seli qarşısında bu din haqqında vasitəsiz şəkildə məlumatlanmağa çalışın. Ən azı qorxudulduğunuz, uzaqlaşdırıldığınız hadisənin nə olduğunu öyrənmək sağlam məntiqin tələbidir. Mən təkid etmirəm ki, İslamı mənim və ya bir başğasının dərk etdiyi şəkildə qəbul edəsiniz. İstəyim budur ki, müasir dünyanın təravətli və təsirli bir gerçəkliyini sizə çirkli niyət və məqsədlərlə tanıtdırmasınlar. İmkan verməyin ki, öz seçdikləri terrorçuları riyakarcasına İslam təmsilçisi kimi təqdim etsinlər. İslamı əsil və ilk mənbələrindən öyrənin. Quran və Böyük Peyğəmbərin (s) həyatı vasitəsilə İslamla tanış olun. Ürəyimdən keçir soruşum ki, bu günə qədər müsəlmanların Quranına baxmısınız? İslam Peyğəmbərinin (s) təlimləri, Onun insani, əxlaqi tövsiyələrini mütaliə etmisiniz? İnformasiya vasitələrindən yox, başqa mənbələrdən İslamın missiyası barədə məlumat əldə etmisiniz? Özünüzdən soruşmusunuz ki, bu İslam uzun əsrlər necə, hansı dəyərlər əsasında dünyanın ən böyük elmi və ideoloji sivilizasiyanı yaradıb, böyük alim və mütəfəkkirlər tərbiyə edib?                

 

İmkan verməyin ki,   aldadıcı və çirkin çöhrələr yaratmaqla sizinlə həqiqət arasında mənəvi, emosional səd çəksinlər, tərəfsiz mühakimə imkanını əlinizdən alsınlar. Bu gün informasiya vasitələri coğrafi sərhədləri yarıb. Razılaşmayın ki, sizi  saxta, təxəyyüli sərhədlərdə mühasirədə saxlasınlar. Kimsə yaradılmış çatları təkbaşına doldura bilməsə də, hər biriniz özünüzü və ətrafınızı aydınlatmaq məqsədilə bu çatlar üzərindən düşüncə və ədalət körpüsü sala bilərsiniz. Sizinlə İslam arasında öncədən planlaşdırılmış bu problem acı olsa da, ətrafa maraqlı, axtarışda olan  düşüncənizdə  yeni suallar yarada bilər. Bu suallara cavab tapmaq üçün təlaş yeni həqiqətlərin kəşfi yolunda yeni imkanlar açır.  İslamı öncəmühakimələrsiz, düzgün dərk etmək imkanını əldən buraxmayın. Olsun ki, həqiqət qarşısında məsuliyyət hissiniz sayəsində gələcək nəsillər qərbin İslama qərəzli münasibət dövrünü  daha az sıxıntı, daha azad vicdanla qələmə ala biləcəklər.

 

Seyid Əli Xamenei

 

1 bəhmən , 1393 (şəmsi)

Yanvar, 2015

 

 

 

 

Qum əhalisi ilə görüşdə bəyanatın tam mətni

19 dey İran xalqı üçün ümumi hərəkatın başlanğıcıdır

 

19 dey qiyamının ildönümü münasibəti ilə İmam Xomeyni hüseyniyyəsində Qum əhalisi ilə görüşdə bəyanatın tam mətni

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Bütün qardaşlara, bacılara, möhtərəm alimlərə, əziz gənclərə xoşgəldin deyirəm, həzrət Peyğəmbər (s) və İmam Sadiqin (ə) səadətbəxş mövludu münasibəti ilə təbrik söyləyirəm. Hər birinizi, İran xalqını, bütün İslam ümmətini təbrik edirəm.

 

19 dey tarixi, böyük və təyinedici bir gün olub. Bu gün münasibəti ilə deyəcəyim ilk şey əziz Qum xalqına təşəkkürdür. Çünki bu hadisəni unudulmağa qoymadılar və bundan sonra da yaşadacaqlar. Hadisənin unudulmasında maraqlı olanlar var. Çalışanlar var ki, təyinedici və qürur doğuran inqilabi günlər, Müqəddəs Müdafiə dövrü yaddan çıxsın. 19 dey hadisəsinin də unudulmasını istəyirlər. İmam Hüseynin (ə) Aşura hadisəsini də zalımlar unutdurmağa çalışırdılar. Amma xanım Zeynəb buna yol vermədi. Həzrət Zeynəb iki iş gördü. Biri əsirlərin Kufə və Şama aparılması zamanı xanımın zalımların cinayətlərini ifşa etməsi oldu. Onun ikinci hərəkəti Ərbəin günü Kərbəla ziyarətinə gəlməsidir. Bunun birinci ya ikinci Ərbəində baş verməsi mühüm deyil. Bu hərəkətin mənası odur ki, mühüm hadisələrin unudulmasına çalışanlar məqsədə çatmasın. Əlbəttə ki, müvəffəq olmayacaqlar. Nə qədər ki, xalqlar oyaqdır, danışan dillər, həqiqəti söyləyən dillər susmayıb, nə qədər ki, möminlərin qəlbində şövq var bu hadisələri unutdura bilməyəcəklər. Necə ki, bu günə qədər məqsədə çatmayıblar. Belə hadisələri unutdurmaq cəhdi qədimdən olub. Mütəvəkkil Abbasi Aşura hadisəsindən 170-180 il sonra İmam Hüseynin (ə) məzarını dağıtmaq istədi. İran xalqı bundan sonra da oyaq olmalıdır ki, düşmənlər inqilabın gözəlliklərini unutdurmaq məqsədinə çatmasınlar. Düşmən əl çəkmir. Onlar inqilabı təhrif edir, ya da unutdurmaq istəyir. Məqsədləri budur ki, xalq öz tarixi keçmişini yaddan çıxarsın. Öz iftixarlı keçmişini bilməyən gələcəkdə də qürur doğuran hadisələr yarada bilməz. Düşmən bu istiqamətdə çalışır.

 

19 dey hadisəsini siz yaşatdınız. 29 bəhmən hadisəsinə siz həyat verdiniz. 22 bəhmən hadisəsini səhnədə saxlayan siz oldunuz. 9 dey hadisəsi də oxşar bir hadisədir. Bu hadisəni də yaddan çıxmağa qoymadınız. Sizin bu hərəkətiniz düşmən qarşısında bir mübarizədir. Onlar inqilabın həqiqətlərini təhrif etmək, unutdurmaq istəyir. Bu yolda pul xərcləyirlər, fəaliyyət göstərirlər. Mətbuatla, nəşriyyələrlə tanış olan insan düşmənin nə iş görmək istədiyindən xəbərdardır. Bu gün hətta Pəhləvi rejiminin çirkin simasını gözəlləşdirmək istəyirlər. Bu əlaltı rejim məmləkətimizi neçə illər geriyə atdı, xalqımız üçün böyük problemlər yaratdı. İndi bu çirkin rejimi bəzəyib İslam nizamı ilə qarşı-qarşıya qoymaq istəyirlər.

 

Bu fəaliyyətləri himayə edənlər İslam inqilabı ilə müxalif olanlardır. Onlar inqilabçı xalqla müxalifdir. Xalqın inqilaba sədaqəti onları narahat edir. Bu günə qədər məqsədə çata bilməyiblər. Ümid edirdilər ki, inqilabdan sonrakı ikinci, üçüncü nəsli dəyişə biləcəklər. Amma bacarmadılar. Üçüncü nəslin inqilabdan üz çevirməsinə nail ola bilmədilər. 9 dey hadisəsini bu üçüncü nəsil, gənclər yaratdı. Onlar o böyük hadisəyə imza atdılar. Onların bu hərəkəti fitnə yaratmaq istəyənlərə möhkəm sillə oldu. Bu silləni kim vurdu? Bəli, gənclər, inqilabın 3-cü nəsli. İndi növbəti nəsillərə ümidlə baxırlar. Bilirlər ki, İran xalqının sərmayəsi insanlardır. İnsanları inqilab yolundan döndərməyə çalışırlar. Nə qədər ki, siz dəyərli gənclər və mömin xalq meydandasınız, şövqümüz var, bəsirətlisiniz, bilirsiniz ki nə iş görmək istəyirlər. Təbii ki, məqsədə çatmayacaqlar. Yaxşı, bəs 19 deydə nə baş verib? Hamınız bilirsiniz ki, 19 dey İran xalqı üçün ümumi hərəkatın başlanğıcıdır. Bu od kül altda qalmışdı. Amma günbəgün yayılırdı. Şölələnməsi isə 19 deydə baş verdi. Bu işi qumlular gördülər. Bunun ardınca başqa hadisələr baş verdi. İran xalqı yekdilliklə meydana daxil oldu. Öz əziz, şücaətli imamlarının çağırışına ləbbəyk dedilər, azğın rejimlə mübarizəyə qalxdılar. Bəs xalqın etiraz etdiyi rejim kim idi? Bu çox mühümdür. Mən bir neçə xüsusiyyət sadalayacağam. Qeyd etdim ki, bu gün inqilabımızı təhrif etməyə maraqlı olanlar var. Onlar İran tarixinin ən çirkin rejimini gözəl göstərməyə çalışırlar. İran xalqı həqiqəti bilməlidir.

 



Geri   İrəli
Go to TOP