A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: VİLAYƏT NURU
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Başqa bir dəlil təkfirçi cərəyanın dünya miqyasında İslamın simasını bulaşdırmasıdır. Bütün dünya gördü ki, cinayətini sübuta yetirmədən insanın başını kəsirlər. Allah-Taala buyurur: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər; Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!” (Mumtəhinə, 8, 9) Onlar tam əksinə hərəkət edir, müsəlmanları qətlə yetirir, təcavüz etməyən qeyri-müsəlmanın boynunu vurur, videogörüntüləri dünyaya yayırlar. Bütün dünya buna baxır. Hamı görür ki, adını müsəlman qoymuş bir şəxs qətlə yetirdiyi insanın sinəsini yarıb ürəyini çıxarır və dişinə çəkir. Bunu dünya görür. Bunlar İslamın ayağına yazılır. Mərhəmət İslamı, düşüncə İslamı, məntiq İslamı belə tanıtdırılır. Bundan böyük cinayət olar?! Bundan xəbis fitnə?! Bütün bunlar təkfirçi cərəyanın işləridir.

Növbəti dəlil təkfirçi cərəyanın Müqavimət hərəkatının mehvərini təkləməsidir. Qəzzə 50 gün tək vuruşdu, 50 gün təkbaşına müqavimət göstərdi. İslam məmləkətləri Qəzzənin köməyinə getmədi. Neftdən gələn pullar, dollarlar Qəzzəyə xərclənmədi. Hətta bəziləri sionist rejimin xidmətində durdu.

Təkfirçi cərəyan müsəlman gəncliyin İslam dünyası boyu müqavimət hərəkatını yolundan çıxardı. Bu gün bütün İslam dünyasında gənclərdə bir fədakarlıq şövqü var, İslam oyanışı onlara təsir göstərib, böyük məqsədlər yolunda xidmət etməyə hazırdırlar. Təkfirçi cərəyanlar bu fədakarlıq şövqünü yolundan azdırdı, bəzi xəbərsiz və cahil gənclər müsəlmanların, qadın və uşaqların qətliamına sövq edildilər. Bu da təkfirçi cərəyanın cinayətlərindəndir.

Bütün bu dəlillərə rahatca göz yummaq olmaz. Aydın görünür ki, təkfirçi cərəyan imperializmin, İslam düşmənlərinin, Amerikanın, Britaniyanın, sionsit rejimin xidmətindədir. Təbii ki, başqa dəlillər də var. Bizə məlumat verildi ki, Amerikanın yük təyyarələri İŞİD adlı qrupun İraqdakı mərkəzlərinə havadan silah-sursat atır, onlara kömək edirlər. Əvvəlcə düşündük ki, bu səhvən ola bilər. Amma sonra yenə təkrarlandı. Mənə verilən məlumata görə 5 dəfə bu hadisə baş verib. 5 dəfə səhv etmək olar? İddia edirlər ki, anti-İŞİD koalisiyası yaradıblar. Aşkar yalandır! Bu koalisiyanın xəbis məqsədləri var. Onlar təkfirçi fitnəkarlığını yaşatmaq istəyirlər. Tərəfləri qarşı-qarşıya qoyub, müsəlmanlar arasında müharibənin davamına çalışırlar. Məqsədləri budur. Əlbəttə ki, bunu bacarmayacaqlar. Yaxşı bilsinlər!

Bir neçə mühüm vəzifə yerinə yetirilməlidir. Siz möhtərəm cənablar iki günlük iclasda Müəyyən yollar araşdırdınız, vəzifələr müəyyən etdiniz. Mən bir neçə məsələni nəzərinizə çatdırıram. Birincisi, təkfirçi cərəyanın kökünü qazmaq üçün bütün İslam məzhəbi alimlərinin geniş elmi və məntiqi hərəkat yaratması zəruridir. İslama can yandıran bütün məzhəblər, İslamı qəbul edən bütün qüvvələr bu işə görə məsuliyyət daşıyır. Əzəmətli elmi hərəkat yaradılmalıdır. Onlar “saleh sələfin ardınca” kimi yalan şuarlarla meydana girdilər. Saleh sələfin təkfirçi cərəyanın işlərinə nifrətini din, elm, məntiq dili ilə sübuta yetirmək lazımdır. Gəncləri xilas etməliyik! Bir dəstə bu azdırıcı fikirlərin təsiri altına düşüb və düşünür ki, yaxşı iş görür. Quran buyurur: “(Ya Rəsulum!) De: Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?.. O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.” (bax: Kəhf, 103, 104) Bu biçarələr yuxarıdakı ayələrin onlar haqqında olduğunu düşünür. Allah yolunda vuruşduqlarını güman edirlər. Hansı ki, Quran təbirincə: “Deyəcəklər: “Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar; Ey Rəbbimiz! Onlara ikiqat əzab ver, onları böyük bir lənətə (əzaba) düçar elə!” (Əhzab, 67, 68) Dəməşq məscidində böyük müsəlman alimini qətlə yetirən də bunlardandır. Müsəlmanları dində azmaq bəhanəsi ilə qətlə yetirən bu qrupdur. Pakistanda, Əfqanıstanda, Bağdadda, İraqın başqa şəhərlərində, Suriyada, Livanda partlayış törədən, günahsız insanları al qana boyayan adamlar bunlardandır. Qiyamət günü deyəcəklər ki, böyüklərimiz bizi azdırdılar. Qurani-Kərimin başqa bir yerində oxuyuruq: “(Allah qiyamət günü onlara) Buyuracaq: “Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər tayfa girdikcə (özündən əvvəlki) dindaşına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada (Cəhənnəmdə) toplandığı zaman sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları) barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver! (Allah) buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!” (Əraf, 38); “Şübhəsiz ki, bu – cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi (çənə-boğaz olması) bir həqiqətdir!” (Sad, 64) Onları xilas etmək lazımdır, bu gəncləri xilas etməliyik. Bu iş alimlərin öhdəsinədir. Alimlərin ziyalı cəmiyyətləri ilə əlaqələri var. Xalq kütlələri ilə rabbitədədirlər. Onlar təlaş göstərməlidirlər. Allah-Taala qiyamət günü alimlərdən nə etdiklərini soruşacaq. Addım atmaq lazımdır.

İkinci iş ABŞ və Britaniyanın siyasətlərini aydınlaşdırmaqdır. Bütün İslam dünyası bilməlidir ki, bu arada Amerikanın rolu nədir. ABŞ, Britaniya, sionist rejim casus şəbəkələrinin təkfirçilik fitnəsinin dirçəldilməsində rolu nədən ibarətdir? Bunu hamı bilməlidir. Hamı bilməlidir ki, bu cərəyan onlara işləyir. Plan cızan, himayə edən onlardır. Maliyyə yardımları isə məntəqə ölkələrindən gəlir. Bu aldanmış insanları bədbəxt edirlər. İslam dünyasına problem yaradırlar. Görüləsi mühüm işlərdən biri budur.

Üçüncü iş hökmən Fələstin məsələsinə diqqət yetirməkdir. İmkan verməyin ki, Fələstin, Qüdsi-Şərif, Məscidül-Əqsa problemləri yaddan çıxsın. Onlar bunu istəyir. Onlar İslam dünyasına Fəlsətini unutdurmağa çalışır. Həmin günlərdə sionist rejim dövləti Fələstin məmləkətini yəhudi məmləkəti elan edir. Fələstin bir yəhudi ölkəsi kimi tanıtdırılır. Çoxdan bu işi görmək istəyirdilər. İndi açıq-aşkar addım atırlar. İslam dünyasının, müsəlman xalqların qəflətdə olduğu bir şəraitdə sionist rejim Qüdsə sahib durur, Məscidül-Əqsanı işğal edir. Fələstinliləri bacardıqca zəiflətməyə çalışırlar. Buna diqqətli olaq. Bütün xalqlar Fəlsətin probleminə diqqəti öz dövlətlərindən tələb etməlidirlər. Tələb etməlidirlər ki, bu problemlə məşğul olsunlar. Mühüm vəzifələrdən biri budur. Allaha şükür edirik ki, İran İslam Cümhuriyyətində dövlət və xalq bu işdə həmrəydir. İslam cümhuriyyəti və böyük imam əvvəlcədən Fələstinin himayəsi və sionist rejimlə düşmənçilik siyasətini ortaya qoydu. O zaman başlanılan iş bu günə qədər davam etməkdədir. 35 ildir bu xətdən kənara çıxmamışıq və xalqımız həvəslə həmkarlıq edir. Bəzən gənclərimiz məktub yazırlar, məndən xahiş edirlər ki, sionist rejimlə ön cəbhədə döyüşmək üçün icazə verilsin. Xalqımız sionizmlə döyüş aşiqidir. İslam cümhuriyyəti bunu işdə göstərib.

Biz ilahi yardımla məzhəb ixtilafları maneəsini keçdik. Şiə olan Livan Hizbullahına kömək etdiyimiz kimi, sünnə əhlindən olan HƏMAS və İslam Cihadı təşkilatlarına kömək etmişik və edəcəyik. Biz məzhəbi məhdudiyyətlərin əsiri deyilik. Deməmişik bu şiədir, bu sünnidir, bu hənəfidir, bu hənbəlidir, bu şafeidir, bu zeydidir. Biz əsas məqsədə baxdıq, kömək etdik və fələstinli qardaşlarımızı Qəzzə və digər məntəqələrdə gücləndirə bildik. İnşaallah bu iş davam edəcək. Mən elan etmişəm və hökmən bu iş olacaq ki, Qərb Sahili Qəzzə kimi silahlanacaq, müdafiəyə hazır olacaq.

Siz qardaşlara bunu da deyim ki, Amerikanın hay-küyü sizi qorxutmasın. Düşmən zəifdir. İslamın düşməni imperializmdir. Onlar ötən 100-150 illə müqayisədə daha zəif olublar. Qərbin imperialist dövlətlərinə baxın. İqtisadi, siyasi böhran içindədirlər. Qeyri-sabitlik problemi yaşayırlar. İmperialist Qərb dövlətlərinin çeşidli problemləri var. Amerika onlardan da pis vəziyyətdədir. Əxlaq problemi, siyasi problemlər, maliyyə problemi, dünyada super güc nüfuzunun itirilməsi problemi bu sıradadır. Təkcə İslam dünyasında yox, bütün dünyada nüfuzdan düşürlər. Sionist rejim keçmişlə müqayisədə çox zəifləyib. Bu həmin rejimdir ki, “Nildən Fərata qədər” iddiası ilə çıxış edirdi. Açıq deyirdilər ki, Nildən Fərata qədər bizimdir. Qəzzədə 50 gün müharibə apardılar, fəlsətinlilərin tunellərini ələ keçirə bilmədilər. 50 gün bütün qüvvələrini topladılar ki, HƏMAS və İslam Cihadının, fələstinlilərin yeraltı tunellərini məhv etsinlər. Bacarmadılar. Bu həmin rejimdir ki, Nildən Fərata qədər mənimdir deyirdi. Görün nə qədər vəziyyət dəyişib, nə qədər zəifləyiblər.

İslam düşmənlərinin problemləri çoxdur. İslam düşmənləri İraqda məqsədə çata bilmədilər. Suriyada, Livanda, müxtəlif məntəqələrdə nakam qaldılar, planları reallaşmadı. İslam Cümhuriyyəti ilə mübarizədə Amerika Avropa dövlətləri ilə əl-ələ verdilər, bütün güclərini işə saldılar ki, İslam cümhuriyyətinin nüvə proqramını dizə çökürsünlər. Bacarmadılar və bacarmayacaqlar. Bu onların zəifliyidir. Siz inşaallah günbəgün güclənəcəksiniz. Gələcək sizindir. Allah Öz işində (əmrində) qalibdir...! (bax: Yusif, 21)

 

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

 

Noyabr, 2014

 

 

 

 

Tələbə və ruhanilərlə görüşdə təbliğat mövzusunda çıxış

Dünyada qanunu ən çox pozan dövlət Amerikadır...

 

Bismillahir-Rəhmanir Rəhim...

 

Bu nurani məclisə toplaşmış əziz qardaş və bacıları salamlayıram. Bu məclisdə hörmətli alimlər, əziz tələbələr, Qum Elm Hövzəsinin ustad və məsulları iştirak edir. Bu toplum üstün və oxşarsız toplumdur.

Söhbətimizin mövzusu təbliğatdır. Təbliğat mənim və sizin əsas işimizdir. Məhərrəm ayı təbliğat üçün daha münasib aydır. Bir müddət öncə mübahilə günü idi, qarşıda məhərrəm günləridir. Bir münasib gün də hövzə və universitetin vəhdət günüdür. Bütün bu münasibətlər biz təbliğatçılar üçün mühüm münasibətlərdir.

Mübahilə günü həzrət Peyğəmbər (s) ona əziz yaxınlarını səhnəyə çıxardı. Bu hadisədə özümüz və özünüz, qadınlarımız və qadınlarınız ifadələri işlədilir. Həzrət Peyğəmbər (s) ona əziz insanları haqq və batilin mübarizə səhnəsinə çıxarır. Övladlarını, qızını, Əmirəlmöminini (ə) özü ilə meydana aparır. Mübahilə günündə bu hadisənin baş verməsi, yəni əzizlərin səhnəyə çıxarılması həqiqətin bəyanının nə qədər mühüm olduğunu göstərir. Peyğəmbər (s) elan edir ki, kim haqlıdır qalsın, kim haqsızdır məhv olsun. Əzizlərini yanına alıb bu sözü dilə gətirmək ilahi arxayınlıq istəyir.

Eyni hadisə məhərrəmdə əməli şəkildə həyata keçir.

İmam Hüseyn (ə) həqiqətin bəyanı üçün ən əziz insanlarını özü ilə meydana gətirir. İmam bilirdi ki, hadisənin sonu nədir. Bacısı Zeynəbi, ailə-övladını, əziz qardaşlarını bu səhnəyə çıxardı. Burada da mövzu dinin təbliğidir. Təbliğin əsil mənası sözü çatdırmaq, fəzanı aydınlaşdırmaqdır. Fəza ifrat bulaşdıqda ya söz, ya da əməllə onu aydınlaşdırmaq lazım gəlir. İmam Hüseyn (ə) Ağır bir qiymətə bu işi görür. Ailə-övladını, əzizlərini, Əli (ə) övladlarını meydana çıxarır ki, həqiqət aydın olsun.

Bu gün əsas mövzulardan biri də hövzə ilə universitetin rabitələridir. Burada da qurmaq, həqiqəti çatdırmaq vəzifələri var. Ölkədəki universitet tələbələrinin din alimləri ilə rabitələri arzulanan bir rabitədir. Hövzə ilə universitetin vəhdət günü bu məqsədə xidmət edir. Hövzə hövzədir, universitet də universitet. Məqsəd səmərəli rabitələr yaratmaqdır, birini o birində əritmək deyil. Rabitələrin dəyəri əziz imam tərəfindən bəyan olundu. Düşmən siyasəti bu idi ki, universiteti İslamdan uzaqlaşdırsınlar. Eyni zamanda hövzəni dünyada baş verən hadisələrdən xəbərsiz saxlamaq istəyirdilər. Bu iki qanadı birlikdə hərəkət etməyə qoymurdular. Yenə təbliğ məsələsi irəli gəlir. Təbliğin əhəmiyyəti burada görünür. Biz oxuyuruq ki, Allahın göstərişlərini təbliğ edək, insanlara çatdıraq. İstər dini maarif, istər dini hökmlər, istər ilahi əxlaq olsun.

Bu münasibətlər və təbliğ məsələsi bəsirətli əmələ bağlıdır. Bəsirət zəruridir. Yəqinlik dedikdə qəlb imanı nəzərdə tutulur. Bəsirət və yəqin əsasında hərəkət edilməlidir. Bəsirət və yəqin olan bir vaxtda bir iş görülməsə bu bəyənilmir. Təbliğ lazımdır. Bu da var ki, bəsirət və yəqinliksiz təbliğ səmərəsizdir. Hansı sütun möhkəm deyilsə məqsəd ödənməyib. Bəqərə 285: “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) Hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) Eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” Demək, Allah əmrini gətirən öncə özü ona inanır. Belə olmasa, sözün təsiri olmaz. Bu iman bəsirətlə yanaşı olmalıdır. Bəqərə 277: “İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!” Ayədən göründüyü kimi saleh əməl də ortaya gəlir. Demək, təbliğdə düşünmək və iş görmək lazımdır. Cənab Müqtədayi bu günə qədər eşitmədiyim məlumat verdi. Dedi ki, dini təbliğatın layihələndirmə mərkəzi yaradılıb. Bu mənim istədiyim işdir.

Bu gün dünyada təbliğat böyük rol oynayır. Əslində həmişə belə olub. Amma qədimdə bugünki təbliğat vasitələri olmayıb. Biz tələbə və ruhanilərin imtiyazı üzbəüz təbliğat imkanıdır. Bunun yerini heç nə tuta bilməz. Minbərdən xalqla danışmaq bütün başqa təbliğat üsullarını kölgədə qoyur. İncəsənət növləri də təsirlidir. Amma minbər təbliğatı xüsusi təsirə malikdir. Başqa təbliğat vasitələri onun gördüyü işi görə bilmir. Bəli, bizim ixtiyarımızda təsirli təbliğat üsulu var.

Qeyd edim ki, təbliğat cərəyan, dialoq yaratmalıdır. Təbliğat atmosfer ərsəyə gətirməlidir. Fəza yaratmaq suyu və havanı lazım olan yerə çatdırmaq kimidir. Təbliğat işini dayandırmaq olmaz və layihələndirməyə ehtiyac var.

Dialoq fəzası yaratmaq nə üçündür? Qeyd edim ki, məhz bunun sayəsində cəmiyyətdə dini düşüncə inkişaf edir. Düşüncə inkişaf edəndə məsuliyyət hissi olarsa əməl səhnəyə gəlir. Peyğəmbər (s) bunun ardınca idi. Düzgün mədəniyyət, düzgün mərifət oyaq fəzada iş görür. Təbliğin belə təsirləri var.

Bir nümunəsi məhərrəm ayı təbliğatıdır. Məhərrəm əzadarlığı təbliğat üçün ən münasin zamandır. Bu fürsətdən istifadə etmək lazımdır. İki yol ayrıcında məqsədi göstərən tablo olmasa yolçu qərar çıxara bilməz. Yol artdıqca azmaq ehtimalı da artır. Meyarlar təyin olunmalıdır. İşarə barmağını aydın şəkildə göstərmək lazımdır ki, insanlar azmasın. Düşmənin bu gün əsas işi fitnə yaratmaqdır. Haqq tərəfdarları bəsirətli olmalı, həqiqəti xalqa aydın şəkildə çatdırmalıdır.

Təbliğdə bir mühüm nöqtə var. Əhzab 39: “O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir.” Burada iki şərt qoyulur. Biri Allahdan qorxmaq, o biri Allahdan qeyrilərindən qorxmamaqdır. Qorxu Allah yolunda olmalıdır. Əgər Allah yolunun ziddinə olsa, azğınlıqdır. Yunis 32: “O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə (haqdan) necə döndərilirsiniz?” Bəli, insan Allah xofu sayəsində həqiqəti dərk edir. Çünki həqiqətin düşməni var. Həqiqəti bəyan etmək asan deyil. Həqiqətin düşməni dünyapərəstlər, zalım hakimlərdir. Tarix boyu belə olub. Əsrin imamı zühur edənə qədər də belə olacaq. Zalım başçılar işsiz dayanmayıb. Hiylə qurur, zərbə endirirlər. Bütün vasitələrə əl atırlar. Demək, bu düşmən qarşısında Allah xofuna, eyni zamanda düşməndən qorxmamağa ehtiyac var. Qorxu bir şəkildə olmur. İnsan bəzən canına, bəzən malına, bəzən şəxsiyyətinə görə qorxur. Bəzən bir sözü deməyə qorxurlar. Bu qorxuları kənara qoymadan düzgün təbliğat aparmaq olmaz. Çoxları başa düşmür ki, bu işin nə qədər zəhməti var. Özlərini kənara çəkir və dildə işi Allaha tapşırırlar. Amma işi Allaha tapşırmaqla yanaşı addım atmaq, şücaət göstərmək lazımdır.

Bəziləri deyə bilər ki, məhərrəm ayında Kərbəladan danışmaq lazımdırsa, buyurun danışın. Rövzə, göz yaşı nəyə lazımdır?! Hadisədən danışın, məqsədlərini aydınlaşdırın, bununla da söhbətinizi başa çatdırın!! Bu çox yanlış fikirdir. Allah övliyalarına qəlb bağlılığımız var, hadisələr bizi duyğulandırır. Eşqsiz, hissiz bu yolu getmək çətindir. İmam Rahil (r) buyururdu ki, ənənəvi qaydada əzadarlıq adətkarlıq deyil. Qurani-Kərimdə Allah övliyaları haqqında 3 təbir işlədilir. Maidə 55: “Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.” Aydın olur ki, bağlılıq, mərifət vilayətin tərkibindədir. Nisa 59: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” Bu əmələ aiddir. Əməl meydanında özünü sübuta yetirməlisən. Şura 23: “Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)” Bu sevgi nədir? Bu vilayəti qəbul etmək, ona itaət nə üçündür? Bu sevgi insan üçün bir arxadır. Əgər Əhli-Beyt (ə) sevgisi olmasa ilkin İslam dövründə həmin məhəbbəti kənara qoyanların başına gələn müsibətlər bizim də başımıza gələsidir. Unutmayaq ki, məhəbbət duyğularla yaranır. Biz Kərbəla müsibətindən danışarkən duyğulanırıq və bu qəlbimizdəki eşqlə bağlıdır.

Bütün bunları nəzərə aldıqda görürük ki, əzadarlıqda ağlamaq zəruridir. Bəzi ziyalıların bunu gərəksiz sayması səhvdir. Xalqın bu ruhiyyəsi həmişə lazımlıdır. Təbii ki, bütün işlərdə ifrat olduğu kimi burada da var və İslam bunu qəbul etmir. Məsələn, baş yarmaq bu qəbildəndir, biz bunu məqbul saymırıq. Başyarma hadisəsi Əhli-Beyt (ə) düşmənləri üçün bir bəhanə olub. Amma bayraq götürülməsi, sinə vurulması eşqlə bağlıdır. İnsan sevgidən də ağlaya bilər. Bu çox yaxşıdır və təbliğ bu sahədə əhəmiyyətlidir.

Qum bir elmi mərkəzdir. Burada cərəyan yaratmaq, təbliğ strategiyası üzərində işləmək lazımdır. Yuxarıda qeyd edilən mərkəzin yaradılması bir müjdə oldu. Bu gün və bundan sonra 5 il təbliğ edilməsi zəruri olan mövzu sonradan aktuallığını itirə bilər. Təbliğat mövzuları planlaşdırılmalıdır. Biz tələbə və ruhanilərə tövsiyə edirik ki, cəmiyyətin ehtiyaclarını nəzər alsınlar. Amma bu bir fərdin işi deyil. Fərdlər səhvə yol verə bilər. Bunun üçün mərkəz və proqramlaşdırmaya ehtiyac var.

Təbliğ üçün ən mühüm məqam ortaya fitnə çıxan məqamdır. Peyğəmbər (s) dövründə ən böyük zəhmətlər münafiqlərlə bağlı idi. Peyğəmbərdən (s) sonra Əmirəlmömininin (ə) dövründə həmin ağrılar yaşandı. O biri imamların da dövründə belə fitnələr vardı. Bədr savaşı çətin deyil. Meydanda düşmənlə üzbəüz dayanmısansa bu özü işi asanlaşdırır. Amma Əmirəlmöminin (ə) İslam iddiasında olanlarla üzbəüz gəlmişdi. Həzrətlə vuruşanlar İslamdan üz çevirənlər yox, yolunu azanlar idi. Nəfs istəkləri onları aldatmışdı. Belə məqamlarda insanlarda şübhə yaranır. Səhabə Abdullah ibn Məsud həzrətin hüzuruna gəlib şübhədən danışır. Nə üçün şübhə edilməlidir? Belə xüsusi şübhələr İslam cəmiyyətinin yolu üstündə böyük maneədir. Xüsusi insanlar şəkkə düşəndə vəziyyət gərginləşir. Həzrət Əlinin (ə) problemi bu idi. Bu gün də eyni problemlə üzləşirik. Elə bizim cəmiyyətimizdə də bu hal varş

Beynəlxalq səhnədə düşmən bütün vasitələrə əl atır, ictimai fikiri çaşdırmağa çalışır. Əllərindən gələni edirlər. Qanun çıxarırlar, insan haqlarından danışırlar. Özlərini məzlumun müdafiəçisi kimi göstərirlər. Bunlar sadəcə gözəl sözlərdir, amma həqiqət tamam başqadır. ABŞ prezidenti deyir ki, biz qanunu pozan dövlətləri məsuliyyətə çağırır. Sual olunur ki, qanunu pozan hansı dövlətdir? Amerikadan çox qanunu pozan var? Hansı qaun əsasında İraqı işğal etdilər, bu qədər zərər vurdular, ölkəni dağıtdılar? Özləri bi şayiə uydurdular və bu şayiə əsasında İraqa hücum etdilər. Ötən illərdə İraqda 100 minlərlə insan həlak olub, neçə milyon insan evindən didərgin düşüb. Məlumat verilir ki, İsrail 550 İraq alimini terror edib. Bu azdır? Terror mərkəzləri əməliyyat keçirib İraq alimlərini qətlə yetirdilər. Buna şərait yaradan İraqı işğalı oldu. Hansı əsasla İraqa girmisiniz? Hansı qanunu tanıyırsınız? İraq xalqını hansı qanunlar əsasında alçaldırsınız? Əfqanıstanı hansı qanun əsasında işğal etdiniz? Əfqanıstanda toy karvanlarını bombaladılar. Belə hadisələr ötən illərdə çox baş verib. Amerikalı zabit Talibanı axtarırıq deyib toy karvanını bombalayır. Heratda da oxşar hadisə olub. Bu hadisədə 100 nəfərdən artıq dinc sakin qətlə yetirilib. Aralarında 50-yə yaxın uşaq olub. Siz amerikalılar qanunsuzluğun məzhərisiniz. Dünyada qanunu ən çox pozan dövlət Amerikadır...

 

Noyabr, 2014

 

 

 

 

Qədiri-Xum bayramı münasibətilə görüş

"Əsil düşmən Amerika və sionizmin siyasətləridir"

 

Qədiri-Xum bayramı münasibəti ilə İmam Xomeyni (r) hüseyniyyəsində görüşdə Cənab Rəhbər Ayətullah Xameneinin bəyanatının tam mətni:

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Bütün möhtərəm iştirakçıları, əziz qardaş və bacıları, İran xalqı və bütün şiələri, İslamın irfani həqiqətlərindən və şərif dinin mahiyyəti ilə tanışlıqdan ləzzət alan bütün insanları mübarək Qədir bayramı münasibətilə təbrik edirəm. Möhtərəm iştirakçılara, xüsusilə uzaqdan gəlmiş bacı və qardaşlara, bu hüseyniyyəni öz hüzuru ilə zinətləndirənlərə xoşgəldin deyirəm. Bir cümlə Qədir mövzusunda, daha bir cümlə Qədirlə tanışlıqdan yaranan, üzərimizdə olan vəzifə barədə ərz edirəm. Bu iki məsələyə diqqət yetirin.

Qədir məsələsi İslam tarixində çox mühüm məsələdir. Əvvəla, bu hadisənin özü heyrətamizdir. “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” Peyğəmbər (s) buyuruğu təkcə şiələr tərəfindən qəbul və nəql olunmuş söz deyil. Bu söz aksiomlar qismindəndir. Bu sözə irad bildirmək istəyənlər heç vaxt bəyanatın özünə qarşı çıxmayıblar. Yeganə işləri bu bəyanatı istədikləri kimi mənalandırmaq, təhrif etmək olub. Yenicə meydana çıxmış bir qrupun təsəvvürünə gələn fikirlər də min il qabaqkı fikirlərdir, böyük alimlər onların cavabını verib, zərrəcə şübhəyə yer qalmayıb. Həzrət Peyğəmbərin (s) “ələstu əvla bikum min ənfusikum” sualı Qurani-Kərimin “ənnəbiyyu əvla bil mumininə min ənfusihim” ayəsinə işarədir. Həzrət bu sualın ardınca “mən kuntu məvla fə haza əliyyun məvla” cümləsini buyurur və bu buyuruğa zərrəcə şübhə yoxdur. Bu tarixi və dərin mənalı şərif cümlənin yalnız şərhi ilə bağlı iradlar var. Əvvəla, bu cümlə ilə Əmirəlmömininin xilafət və imamət məqamı ortaya qoyulur. Digər bir mühüm məsələ İslamın hökumət və siyasətə nəzarəti məsələsidir. Bu məsələdən qəflətdə qalmamalıyıq. İslamı ictimai-siyasi məsələlərdən kənarda görənlər, bu dinin yalnız fərdi məsələlərlə bağlı səlahiyyətli olduğunu iddia edənlər əslində sekulyar baxışa malikdirlər. Düşmən təbliğatı, düşmən əlləri də uzun illərdir müsəlmanlar arasında bu baxışı yayır. Qədir hadisəsi onlara cavabdır. Həzrət Peyğəmbər (s) həyatının son aylarında, çox həssas bir zamanda Allah-Taalanın əmri ilə prinsipial və mühüm bir mövzunu bəyan edir. Bu məsələ Peyğəmbərdən (s) sonra Əmirəlmömininin (ə) canişinliyini təsdiq etməklə hakimiyyət mövzusunu səhnəyə gətirməkdən ibarətdir. Bu təyinat yalnız mənəvi yönə malik deyil. Təyinatda hakimiyyət, dövlətçilik, siyasət, İslam cəmiyyətinin idarə olunması nəzərdə tutulur. Peyğəmbər (s) xalqa bunları tövsiyə etdi. İslamı siyasətdən, dövlətçilikdən, bu kimi məsələlərdən uzaq sayanlar Qədir hadisəsi ilə sarsıdıcı bir cavab aldılar. İki həqiqət, Əmirəlmömininin (ə) Peyğəmbərdən (s) sonra üçün imamətə təyinatı və Peyğəmbərdən (s) sonra hökumət və siyasətə nəzarət Qədir hadisəsinin çox mühüm və həssas göstərişləridir. Bu iki göstəriş Qədir hadisəsinin zəmanət verdiyi maarifdəndir, bugünki və sabahkı müsəlmanlara böyük dərsdir.



Geri   İrəli
Go to TOP