A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: VİLAYƏT NURU
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


Ayətullah Seyid Əli Xamenei

 

VİLAYƏT NURU

 

Bəyanatlar, çıxışlar, müraciətlər... (iyun, 2014 – iyul, 2015)

Fitr bayramı namazının xütbələri

Ayətullah Xamenei: Rüsvayçılıq Amerikanın nəsibi olacaq

 

1 şəvval 1436

Tehranda İmam Xomeyni (r) müsəllası

 

Bismillahir-Rəhmanir-Rəhim ...

Bu səadətbəxş bayram münasibətilə siz qardaş və bacıları, əziz İran xalqı və bütün dünya müsəlmanlarını təbrik edirəm. Siz namazqılanları və özümü ilahi təqvaya çağırır, nəfsi gözləmək və günahdan uzaqlığa dəvət edirəm.

Bu il ramazan ayı sözün əsl mənasında mübarək bir ay idi. Allahın bərəkəti bu millətin üzərinə nazil oldu. Uzun və isti günlərin orucunda, bütün ölkə ərazisində geniş Quran məclislərində, minlərlə gənc, yaşlı, kişi və qadının qatılıb raz-niyaz etdiyi dua və təvəssül mərasimlərində (öz Rəbbi ilə ixlas və xüşu ilə söhbət edirdilər), infaqlarda, xoşbəxtlikdən neçə illərdir davam edən geniş iftar süfrələrində, məscid və xiyabanlardakı süfrələrdə, sonda əzəmətli Qüds günü nümayişində onun nişanələri müşahidə olundu. Bunlar ilahi rəhmət nişanələridir. Oruc tutmuş xalq mübarək ramazan ayının 23-cü günü əhya mərasiminin səhəri, qədr gecəsini sübhədək oyaq qalıb, isti yay günü, oruc ağızla böyük nümayişdə iştirak etdi. İran xalqını tanımağın düzgün yolu budur. İran xalqı bu xalqdır. Bu İran xalqıdır ki, ramazan ayında ibadət mehrabında və imperializmlə mübarizə səhnəsində özünü göstərir. Xalqımızı başqalarının qərəzli dilindən tanımamalıyıq. Xalqımızı onun özündən, şüarlarından, hərəkətindən, bu böyük nişanələrdən tanımaq lazımdır. Budur İran xalqı. Düşmən mənfi fəza yaratmaqla İran xalqını başqa cür göstərmək istəyir, bəzi yanlış düşüncəlilər də təəssüf ki, onların dediyini təkrarlayır. Bu yanlış və səhvdir. İran xalqı həmin xalqdır ki, bu ramazan ayında özünü müxtəlif cəhətlərdən göstərdi. İnşallah, bu gün hər biriniz təsdiq vəsiqəsi alırsınız. Bu gün inşallah bayram münasibətilə Allahın lütf və mərhəmət mənbəsindən öz ibadətlərinin qəbul olması ilə bağlı vəsiqə alacaq. İnşallah bəziləriniz qəbul vəsiqəsi ilə yanaşı mükafata da çatacaq. Həm dərəcələri yüksələcək, həm mənəvi və ruhi baxımdan yüksələcəklər. İran xalqının şüarları göstərdi ki, istiqamətli olmaq nədir. Qüds günü İsrailə ölüm, Amerikaya ölüm şüarları ölkə fəzasını titrətdi. Bu təkcə Tehran və böyük şəhərlərdə baş vermədi. Bütün ölkə bu əzəmətli hərəkatın çətiri altında idi.

Pərvərdigara! İran xalqının əməllərini öz lütf və mərhəmətinlə qəbul et.

Pərvərdigara! Öz lütfünü, mərhəmətini, sonsuz yardımlarını bu xalqa çatdır.

Pərvərdigara! Əziz şəhidlərimizi, böyük İmamı, xalqa bu yolda kömək edən bütün insanları öz rəhmətindən bəhrələndir.

 

Bismillahir-Rəhmanir-Rəhim...

(İkinci xütbə)

Bütün namazqılan qardaş və bacıları salamlayıb təbrik edir, onları təqvaya çağırıram. İkinci xütbədə ilk sözümüz budur.

Regiondakı hadisələr bu ramazan ayında və ondan öncə acı hadisələr idi. Acı hadisələr idi və belə də qalır. Təəssüf ki, çirkin əllər bu mübarək ayı bir sıra məntəqə xalqları üçün zəhərə döndərdi. Yəmən, Bəhreyn, Fələstin, Suriyada insanlar və bir çox mömin müsəlmanlar düşmənin çirkin əməllərinə görə ağır günlər yaşadılar və ağır şəraitdə oruc tutdular. Bütün bu hadisələr bizim xalqımız üçün əhəmiyyətlidir.

Məsələlərdən biri də daxili məsələmiz olan nüvə müzakirələridir. Bu barədə bir neçə nöqtə qeyd etməliyəm. Əvvəla, bu uzun sürən müzakirələri aparanlara, möhtərəm prezidentə, xüsusi ilə doğrudan da zəhmət çəkmiş, təlaş göstərmiş müzakirə heyətinə təşəkkürümü bildirirəm. Hazırlanmış mətn qanuni mərhələlərdə təsdiqlənsə də, təsdiqlənməsə də onun savabı yerindədir. Bu sözü onlara yaxından da demişəm. Bu mətnin təsdiqi üçün qanuni mərhələlər nəzərdə tutulub. Bu mərhələlərdən keçməlidir və keçəcək, İnşallah. Gözləntimiz budur ki, məsullar ölkənin mənafelərinə diqqət yetirməklə milli mənafeni nəzərə alsınlar, xalqa təqdim etdiklərini Allah-Taalanın qarşısında da boyunlarına götürə bilsinlər.

İkinci nöqtə budur ki, bu mətn təsdiq olsa da, olmasa da, Allahın qüdrəti ilə həmin mətndən sui-istifadəyə yol verilməyəcək. Kimsəyə icazə verilməyəcək ki, İslam Cümhuriyyətinin əsaslarına zərbə vursun. Müdafiə qüdrəti, ölkənin təhlükəsizliyi Allahın lütfü ilə hifz olunacaq. Bilirsiniz ki, düşmən bu nöqtə üzərində xüsusi təkidlə dayanıb. İslam Cümhuriyyəti öz müdafiə və təhlükəsizlik imkanlarının qorunmasında, düşmənin hədə-qorxuları şəraitində, onların həddi aşan istəklərinə təslim olmayacaq.

Növbəti nöqtə budur ki, bu mətn təsdiq olunsa da, olunmasa da, biz məntəqədəki dostlarımızı himayə edəcəyik. Məzlum Fələstin xalqı, məzlum Yəmən xalqı, Suriya xalqı və dövləti, İraq xalqı və dövləti, məzlum Bəhreyn xalqı, müqavimətin Livanda və Fələstində sadiq mücahidləri bizim tərəfimizdən daim himayə olunacaq.

Növbəti nöqtə budur ki, bu müzakirələr və hazırlanmış mətnlə istənilən bir halda hegemonçu Amerika dövlətinə qarşı siyasətlərimiz dəyişməyəcək. Dəfələrlə qeyd etdiyimiz kimi biz Amerika ilə dünya və regionun müxtəlif məsələlərini müzakirə etmirik. Bizim ikitərəfli müzakirələrimiz yoxdur. Nüvə məsələsi kimi istisna bir məsələdə bəzən müzakirə aparılır. Bundan qabaq da belə hallar olub. Mən əvvəllər öz söhbətlərimdə buna işarə etmişəm. Amerikanın regiondakı siyasətləri İslam Respublikasının siyasətlərindən 180 dərəcə fərqlənir. Amerika Livanın ən fədakar milli müdafiə qüvvəsi olan hizbullahı terrorda ittiham edir. Bundan böyük ədalətsizlik olmaz. Belə bir zamanda uşaq qatili olan sionist terrorçu rejimi himayə edir. Belə siyasətlərlə necə barışmaq olar? Bu mövzunu necə müzakirə etmək olar, hansı razılaşmaya gəlmək olar?! Başqa məsələlər də var, mən bu məsələləri başqa vaxta saxlayıram.

Növbəti nöqtə Amerikanın ötən neçə gündə meydan oxumasıdır. Müzakirələrdən keçən günlərdə Amerika məsulları, kişi və qadın dövlət rəsmiləri rəcəz oxuyub, rəcəz dilində danışıb. Onların bu işinə iradımız yoxdur. Onların daxili problemləri onları məcbur edir ki, rəcəz oxusunlar. Desinlər ki, biz İranı müzakirə stoluna oturtduq, biz İranı təslim etdik, biz İranın nüvə silahı əldə etməsinə mane olduq, biz İrandan filan imtiyazları aldıq və sairə. Həqiqət isə tamam başqadır. Deyirlər biz İranın nüvə silahı düzəltməsinə mane olduq. İranın nüvə silahı Amerika və başqaları ilə söhbətlərə aid deyil. Özləri də bilirlər. Arabir nüvə silahının haram olması fətvasının əhəmiyyətini də dilə gətirirlər. Biz Quran hökmü, İslam şəriəti əsasında nüvə silahının hazırlanması və saxlanılmasını, eləcə də bu silahdan istifadəni haram sayırıq və bu işi görmərik. Bunun onlara heç bir aidiyyatı yoxdur. Müzakirələrə də aid deyil. Onlar bilirlər ki, bu məsələ həqiqətdir. İran İslam Cümhuriyyətinə nüvə silahı yaratmaqda mane olan səbəbi hədə-qorxu yox, şəriət qadağası olduğunu bilirlər. Fətvanın əhəmiyyətini bilirlər. Yenə də deyirlər ki, biz imkan vermədik. Öz xalqlarına həqiqəti demirlər. Müxtəlif mövzularda danışır, nüvə sənayesinə mane olduqlarını, İranı təslim etdiklərini dilə gətirirlər. İranın təslim olmasını yuxuda görərlər. Amerikanın beş prezidenti inqilabın əvvəlindən bu günə qədər İslam Respublikasını təslim etmək arzusunda olub, ya ölüb, ya da tarixdə itib-batıb. Sizdə onlar kimi! Sizdə İran İslam Respublikasını təslim etmək arzunuza çatmayacaqsınız.

Amerika prezidentinin ötən günlərdəki söhbətində bir nöqtə vardı, o Amerikanın keçmiş səhvlərini etiraf edirdi. O etiraf etdi ki, 28 mordadda amerikalılar İranda səhvə yol verib. Etiraf etdi ki, Səddam Hüseynə yardım göstərmələri xəta olub. Bir neçə məqamı dilə gətirdi. Amma onlarla deyiləsi söz deyilmədi. İkinci pəhləvinin 25 illik zalım və qəddar hökumətindən danışmadı. İşkəncələrdən, qarətlərdən, qətillərdən, faciələrdən, İran xalqının izzətinin alçaldılmasından, İran xalqının mənafelərinin tapdanmasından danışmadı. Bütün bunlar Amerikanın vasitəsi ilə baş verib. Sionistlərin təcavüzlərindən, gəmidən atılan raketlə sərnişin təyyarəsinin vurulmasından və bir çox başqa şeylərdən danışmadı. Bir neçə səhvi yada saldı. Mən o cənaba bir nəsihət vermək istəyirəm: Siz uzun illər ötəndən sonra 28 mordaddakı hadisədə, 8 illik müharibədə səhvlərinizi etiraf edirsiniz. Sizə demək istəyirəm ki, indi də səhv edirsiniz. İndi də məntəqənin müxtəlif yerlərində, xüsusi ilə İslam Cümhuriyyətinə, İran xalqına münasibətdə səhvə düçar olmusunuz. Neçə illər sonra bir başqası gələcək, sizin səhvlərinizi yada salacaq. Necə ki siz keçmişdəkilərin səhvini üzə vurursunuz. Siz də səhv edirsiniz, oyanın, səhvinizə son qoyun. Həqiqəti anlayın. Məntəqədə böyük xətalara yol verilir.

İran xalqına demək istədiyim nədir: İslam Cümhuriyyəti ilahi tövfiq, Allahın qüdrəti ilə iqtidarlıdır və günbəgün güclənməkdədir. 10-12 ildir ki, dünyanın 6 böyük dövləti, iqtisadi baxımdan dünyanın iqtidarlı dövləti sayılan dövlətlər İrana qarşı dayanıb, İranı nüvə texnologiyasından məhrum etmək istəyir. Bunu açıq deyirlər. Məqsədləri budur ki, nüvə texnologiyası son bolt-qaykasına qədər sökülsün. Bunu illərlə öncə də deyiblər. İndi də bu arzudadırlar. 10-12 il çəkişmələrin nəticəsi bu oldu ki, bu 6 dövlət neçə min sentrafuqanın İranda qalması ilə razılaşmağa məcbur oldu. Bu texnologiyanın ölkədə davam etdirilməsi ilə razılaşdılar. Məcbur oldular ki, bu sənaye sahəsində araşdırma və inkişafı qəbul etsinlər. Nüvə sənayesinin inkişafı davam edəcək. Onların neçə illər fəaliyyətlərinin sonu bu oldu ki, bu gün öz imzaları ilə bunu təsdiqlədilər. Bunu necə mənalandırmaq olar? Bu İran xalqının iqtidarından başqa nə ola bilər?! Bu bizim millətin, milli müqavimətin, əziz alimlərimizin məharət və fədakarlığının nəticəsidir. Allahın rəhməti olsun Şəhriyarlara, Rizainijadlara, Əhmədi Rövşənlərə, Əli Məhəmmədilərə! Allahın rəhməti olsun nüvə şəhidlərinə, onların ailələrinə, öz haqq sözü üzərində dayanıb onu həyata keçirən millətə.

Bir son nöqtəni də qeyd etmək istəyirəm. Bu cənab deyib ki, İran ordusunu məğlub edə bilər. Bizim qədim adamlarımız bu qəbil sözlər haqqında deyərdilər ki, tanımadan laf! (“laf dər qəribi” – tanımadığın adamın qarşısında boş-boş danışmaq) Mən bu barədə bir söz demək istəmirəm. Onlar bu sözləri eşidəcəklər. Əgər düzgün anlamaq istəsələr, öz təcrübələrindən düzgün yararlanmaq qərarları olsa, bilsinlər ki, biz müharibə istəmirik, savaşda birinci addımı atmırıq. Amma əgər müharibə baş versə, bu müharibədə rüsvayçılıq təcavüzkar və cinayətkar Amerikanın nəsibi olacaq.

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

 

Iyul, 2015

 

Şairlərlə görüşdə bəyanat

Şeir dərin mənalarla birlikdə olduqda təsiri ikiqat artıq olur

 

İmam Həsən Müctəbanın (ə) milad gecəsi

İmam Xomeyni (r) Hüseyniyyəsində şairlər öz şeirlərini oxuduqdan sonra Cənab Rəhbər çıxış edib.

Bismillahir-Rəhmanir-Rəhim...

İmam Müctəba (ə), İmam Həsənin (ə) miladı; Peyğəmbəri-Xatəmin (s) dilində hüsni-mücəssəm. Bu adı həzrət o körpəyə qoydu. Bu çox əzəmətlidir. Mühümdür ki, Peyğəmbər (s) onu, bu mübarək körpəni Həsən (ə) adlandırdı. İnşallah, hamınız üçün mübarək olsun!

Sizin həssas qəlbləriniz, rəqiq ruhlarınız, hissləriniz üçün ramazan ayının bərəkətini yada salıram. bu böyük bərəkətdən istifadə etmək istəyən varsa, istifadə etməli olan və istifadə edən kəs zövq, ruh, qəlb, lətif hiss əhli olan sizlərsiniz. Onlar sizsiniz. Bu ayın dəqiqələrindən, anlarından, saatlarından, günlərindən və gecələrindən kim sizdən artıq bəhrələnə bilər?! Bu Allaha yaxınlaşma ayıdır. Qəlblərin riqqət ayıdır, Allahla ünsiyyət ayıdır, zikr və xüşu ayıdır. Belə pak, rəqiq, lətif qəlb və hisslərə malik olandan daha layiqlisi kimdir! Behiştə daxil olmaq üçün zikr, ünsiyyət, şövq dua üçün üstün vasitədir. Bu aya aiddir. İstər bu aya aid olan dualar, istərsə də bütün vaxtlarda oxunan dualar, o cümlədən Minacati-Şəbaniyyə, Səhifeyi-Səccadiyyə duaları istifadə üçün çox dəyərlidir. Vəsmə duai iza dəəvtuk, vəsmə nidai iza nadəytuk, vəəqbil əleyyə iza nacəytuk ... Siz bunu öz lətif qəlbinizlə daha artıq qəlb iştirakı ilə, diqqətlə bəyan edə bilərsiniz. Fəqəd hərəbtu ileykə və vəqəftu bəynə yədəyk ... Bu sözlər ən lətif qəlblərdən, ən fəsih dillərdən çıxıb. Bunları kim dərk etməli, faydalanmalıdır?! Pak və lətif qəlbli sizlərdən daha yaxşı kim dərk edə bilər?! Bu ayda duadan qəflətdə qalmayın. Minacati-Şəbaniyyə duasında: Həbli qəlbən yüdnihi minkə şəvquhu və lisanən yürfəu iləykə sidquhu və nəzərən yüqərribuhu minkə həqquh ... Bir qəlbin şövqü onu yüksəldir, rübubi zata doğru aparır. İnsan Allahdan bunu istəyir. Hansı qəlblər bu həssas və lətif qəlblərdən hazırlıqlıdır?! Həmd olsun Allaha ki, sizdə bu var.

Əbu Həmzeyi-Somali duasında: Bikə ərəftukə və əntə dələltəni əleykə və dəəvtəni ileykə vələv la əntə ləm ədri ma əntə ... Bu Həzrət Haqla lətif mənəvi rabitədir. Məhəbbət və izzət mənbəsi ilə rabitə. Bu çox dəyərlidir. Bu çox mühümdür. Bunlar həssas qəlbləri həqiqətən isidir, qoruyur, ümid verir, onlar üçün sığınacaq olur. Mərhum İxvanın bu şeiri kimin haqqında deməsi ilə işim yox. Mən bu şeiri Səhifeyi-Səccadiyyəyə xitabən oxuyuram. Mən bu şeiri Əbu Həmzeyi-Somaliyə xitabən oxuyuram: Ey ismətli və şövkətli gözəl anların sığınacağı, tənhalıq və xəlvətimin sığınacağı... Bu duadır. Bundan əl çəkməyin. Duadan uzaq olmayın. Dua çox dəyərlidir. Dua ümidsizliyə düçar olmuş qəlbləri, sarsılmış qəlbləri doğru yola yönəldir. Dua belədir. Bu gecələrdən istifadə edin. Dua oxumağa, duadan doğrudan da bəhrələnməyə ən layiq olan insanlar sizsiniz.

Əlbəttə ki, duanın təkcə sözlərini oxumaq dua oxumağın ən aşağı səviyyəsidir. İnsan duanı oxuyur, sözlərini düzgün anlamır. Amma duanın, onun mənalarının qəlbə hopması, insanın duada qərq olması çox dəyərlidir.

Şeir çox təsirli bir hadisədir. Şeir dərin mənalarla birlikdə olduqda təsiri ikiqat artıq olur. Heç bir söhbət, heç bir fəsahətli və gözəl söz, heç bir dərin mənalı ifadə şeirdəki təsirə malik deyil. Şeir belə bir hadisədir. Şeir stimul yaradır. İnsanı şövqə gətirir. Şeirdə yönəltmək təsiri var. Şeir bir növ yol göstərir. Dinləyən insan şeirdən yol öyrənir. Bu məsuliyyət yaradır. Əgər sizin ixitiyarınızda bir sərvət, imkan varsa, bundan böyük işlər üçün istifadə edə bilərsiniz. Əgər istifadə etməsəniz, məsuliyyətinizi yerinə yetirməmisiniz, xəta etmisiniz. Allah-Taala bu neməti sizə verib. Amma bütün nemətlər kimi bu nemətin də sorğusu olacaq. Allah əta etdiyi barədə soruşacaq. Sizdən soruşulacaq ki, bu neməti nəyə sərf etdiniz?

Şeir vasitəsi ilə dinləyicini həm doğru yola sövq etmək olar, həm də azdırmaq olar. Təəssüf ki, bu gün cilovunu qırmış bir ənənə, əxlaqi dəyərlərdən uzaq mədəniyyət, insanlığa sığmayan hadisələr yeni vasitələr, informasiya vasitələri ilə çox yayılır. Bəzən şeirdən insanları çaşdırmaq, azdırmaq məqsədi ilə istifadə olunur. Bu da bir gerçəklikdir. Şeirin belə iki təsiri var. Şair öz lətif hissləri ilə dərk edir, şövqə gəlir, qəmlənir, şadlanır. Şairin əlinə qələm alması onun qüssəsindən, hisslərindən, düşüncəsindən, müşahidələrindən yaranan şövqdəndir. Bunu başqaları müşahidə edə bilmir. Bunun da iki cəhəti var. Həmin şövq insanı yaxşıya, bəzən də əks tərəfə sövq edə bilər. Əgər şeir cinsi istəklərin təsiri altında olarsa, azdırıcıdır. Təəssüf ki, bu gün ölkəmizdə bəzi qüvvələr şeiri bu istiqamətə çəkir. Gənclərimiz səfa-səmimiyyətli, lətif və gözəl mənəvi fəza, fədakarlıq və inqilab ruhiyyəsi adrınca bəzi qüvvələr tərəfindən başqa yola çəkilir. Bu ən çox məcazi fəzada, internetdə baş verir. Bütün bunlar öz yerində. Həm də şeir vasitəsi ilə gəncləri ifrat cinsi meyillərə sövq edirlər və bu çox pisdir. Bu xəbərdarlıqdır. Təəssüf ki, tariximizdə bunun nümunələri çoxdur. Şeirdə zülm-sitəmin sitayişi də var.

Bu gün mənfi istifadənin ziddini də görürük. Həmd olsun Allaha, görürük ki, əziz gənc şairlərimiz bu cərəyana qarşı dayanıblar. Əvvəllər də Yəmən haqqında cənab Səyyarın şeirini dinləmişik. Çox gözəldir. Bu gün oxunan şeirlər, dostların oxuduğu şeirlər çox gözəl idi. Bu düzgündür, doğru işdir. Bu məsuliyyət barədə Allah-Taala soruşacaq. Məkarimul-Əxlaq duasının cümlələrindən biri: Vəstəmilni bima təsəluni ğədən ənhu ... Bu barədə düşünmək lazımdır. Sabah bizdən nələrsə soruşulacaq. Duada deyilir ki, Pərvərdigara, bir gün məndən soruşacağın şeylərə bu gün əməl etmək üçün vasitə yarat. İndi sizin əlinizdə vasitə var. Bəzilərinin ürəyi dolu olsa da danışa bilmir. Həmd olsun Allaha, siz danışa bilirsiniz və bu təsirlidir. Sizin Bəhreyn, Yəmən, Livan, Qəzzə, Fələstin, Suriya haqqında oxuduğunuz hər şeir gözəldir. İslam ümmətinin məqsədləri üçün oxuduğunuz şeirlərin hər nöqtəsi dəyərlidir. Onlardan istifadə olunur. Əgər şeirlərimiz lazım olan cəhətə yönəlsə onların haqqında “innə minəşşiri lə hikmə” demək olar. Bu söz həmin şeir haqqında qüvvədə olar. Dorğudan da, belə şeir hikmətdir.

Dəfələrlə söhbətlərimizdə demişəm ki, haqla batilin savaşında bitərəflik mənasızdır. Şübhəli savaşlarla işimiz yox, bu ayrı mövzudur. Amma aşkar haqla batilin savaşında bitərəflik mənasızdır. Haqqın tərəfində dayanıb batilə qarşı olmaq lazımdır. Kimi hərb meydanında bu işi görür, kimi siyasətdə. Müxtəlif şəkillərdə bu işi görmək olar. Kimi də dillə, düşüncə ilə müqavimət göstərir. Şair haqla batilin savaşında bitərəf ola bilməz. Şair bitərəf olanda, sənətkar bitərəf olanda Allahın ona verdiyi neməti zəiflədir. Allah eləməmiş, öz sənəti ilə batilin tərəfində dayansa xəyanət etmişdir, cinayətə yol vermişdir. Burada söhbət məsuliyyətsizlik yox, cinayətdən gedir. Sizin xalqlarınız bu illərdə böyük zülmlər görüb. Bu zülmlərdən danışmağa dəyər. Bunu dünyaya yaymaq zəruridir.

1366-cı ildə Sərdəşt bombalandı. Bu zarafat deyil, bir şəhər kimyəvi hücuma məruz qaldı, minlərlə körpə, yaşlı, gənc, kişi, qadın qətliam edildi. O zaman dünya susdu. Bugünkü dünya bəzən bir pişik quyuya düşəndə onu informasiya vasitələrində, televizyada işıqlandırır. Bir pişik ya bir tülkü quyuya düşəndə müxtəlif təşkilatlar, qurumlar ayağa qalxır, onu quyudan sağ-salamat çıxarmaq istəyir. Ya bir su heyvanı sahilə düşüb can verəndə onu suya qaytarmağa çalışırlar. Bu zaman səs-küy qaldırırlar. Hansı ki bir şəhər kimyəvi hücuma məruz qalıb qətliam ediləndə dünya susur.

Mən dünya deyəndə xalqları, millətləri nəzərdə tutmuram. Millətlərin əlində bir imkan yoxdur. Nəzərdə tutduğum təbliğat vasitələrinə nəzarət edən dünya gücləridir. Buna dilimizdə Amerika, İngiltərə, qərb və sionizm qüvvələri deyirlər. Dünya təbliğat vasitələrinə bunlar hakimdir. İmkan vermirlər mənafelərindən kənar addım atılsın. Bu gün Yəməni vururlar. Gecə-gündüz ölkəni bombalayırlar. Heç bir səs çıxmır. Bir qədər öncə Qəzzəni, Livanı vururdular. Yenə hamı susurdu. Amma bir neçə qaçaqçı edama məhkum ediləndə dünyanın informasiya vasitələri işə düşür, hay-küy salır. Dünya budur. Bu dünya qarşısında nə etməliyik? Şərəfli bir insan belə cəbhələşmə, belə həyasızlıq, belə xəbislik qarşısında nə edir? Dini vəzifəni, iman vəzifəsini kənara qoysaq, insanlıq şərəfi, vicdan nə hökm verir? Bu gün çiyinlərdə belə ağır yük var.

Mən inqilabdan sonra ölkədə şeirin inkişafından çox məmnunam. Doğrudan da, gözəldir. 10 il bundan öncəki gənclərin oxuduğu şeirlərlə bu gün oxunan şeirlər arasında fərq var. Həqiqətən inkişaf müşahidə olunur. Amma ölkəmizdə şeirin yeri bundan çoxdur. Hazırkı vəziyyətdə çox-çox geniş imkanlar var. Bu məclisdə şeir oxumuş xanım məktəblidir. Əyalətdə bir qrup toplayıb gənclərimizə şeir oxuduğunu dedilər. Özü də belə gözəl, məzmunlu şeirlər. Bu çox gözəldir. Qeyd edim ki, bugünkü şeirimizin səviyyəsi müasir İranın səviyyəsinə çatmayıb. Bizdə uzaq olmayan keçmişdə bugünkündən səviyyəli şeir olub. İstər qəsidə, qəzəl, istər başqa üslublarda gözəl şeirlər yazılıb. Bunu yadda saxlamalıyıq ki, bugünkü səviyyəni yüksəldə bilək. Bunun üçün çalışmaq lazımdır.

Meydan çox genişdir, çalışmalıyıq ki, geniş imkanlardan faydalanaq. Əlbəttə ki, incəsənət sahəsinin öz məsuliyyətləri var. Başqa orqanlar da məsuliyyət daşıyır. Dövlət, respublikanın müxtəlif qüvvələri, radio-televiziya şirkəti kimi qurumların vəzifəsi var. Şeirə dəyər verilməlidir. Şeir çox böyük hadisədir, mühüm hadisədir. Bəziləri şeirin dərin mahiyyətini hələ ki dərk etməyib. Şeir lazıminca dəyərləndirilməyir. Şeirin ecazkar təsiri var. Bəzən bir beyt şeir və ya bir qəzəl, bir parça şeir bir-iki saatlıq söhbətdən təsirli olur. Bu çox mühümdür. Başqa sözlə, şeir dəyərli bir gövhərdir. Böyük əhəmiyyəti var. Onun qədrini bilmək lazımdır.

Ölkəmizdə görülən işlərdən həmd olsun Allaha bu məclisdə də müşahidə etdiklərimizdə, əvvəllər də görülən işlərdən çox razıyam. Gənc şairlərimizin hadisələrə reaksiyasi sürətlidir. Bu çox dəyərlidir. Bu çox gözəldir. Kimsə bunu mənfi iş kimi dəyərləndirməsin. Bu çox müsbət hadisədir. Biz tarix boyu, öz müasir dövrümüzdə belə sürətli reakasiyaları əks etdirən əsərlər görmüşük. Gənc qız İsrail təyyarəsini qaçıranda mərhum Əmiri Firuz Kuhi bir qəsidə yazdı. Dostlar Əmiri Firuz Kuhini tanıyırlar. O, gənc və inqilabçı idi. Yaşadığı hisslər əsasında gözəl, ali bir qəsidə yazmışdı. 40-cı illər idi. Vaxta, zamana uyğun yazmışdı. İndi beytlərinin çoxunu unutmuşam. O zamanlar özündən eşitmişdim, yaxşı xatırlayırdım. Hadisələrə dərhal reaksiya verilməsi hadisələrin işıqlandırılması çox yaxşıdır.

Ümid edirəm ki, inşallah inqilabi şeir günbəgün güclənəcək, bu şeirin səviyyəsi yüksələcək. Mən inqilabi şeir deyəndə inqilab dövrünün şeirini nəzərdə tutmuram. Bəziləri düşünür ki, müharibə şeiri təkcə müharibə haqqında ola bilər. Amma müharibə şeiri müharibəyə qarşıdır. İnqilab şeiri inqilabın məqsədlərinə xidmət edən şeirdir. İnqilab şeiri deyəndə inqilab dövrünün şeirləri nəzərdə tutulmur. Məqsədim bu deyil. Nəzərdə tutduğum şeir inqilabın ideallarının daşıyıcısı olan şeirdir. Ədalətə, insanlığa, dinə, vəhdətə, milli tərəqqiyə, ölkənin hərtərəfli inkişafına, sözün əsl mənasında insan tərbiyəsinə xidmət edən şeir. Bu inqilabi şeirdir, inqilabın məqsədləri istiqamətindədir.

Ümid edirəm ki, inşallah Allah hamınızı müvəffəq edəcək. Gəncləriniz inşallah uzun illər bu doğru yolda irəli gedəcək, məmləkəti, gələcək nəsilləri bəhrələndirəcək.

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

 

Iyul, 2015

 

 

 

 

Universitet ustadları ilə görüşdə bəyanat

Bizdən çox bilənlərə şagird olmağa hazırıq!

 

Hicri qəməri 1436-cı il, mübarək ramazan ayının 17-i

İmam Xomeyni (r) Hüseyniyyəsi

 

Bismillahir-Rəhmanir-Rəhim...

Əziz qardaşlar və bacılar, çox xoş gəlmisiniz. Mən qeyd etmişəm ki, bu məclisin, əziz və hörmətli ustadlarla görüşün təşkilində ilk məqsəd onların dəyərli məqamına ehtiram göstərilməsidir. Biz ölkədə ustad və müəllimlərə ehtiramın ənənəyə çevrilməsini istəyirik. Bu İslamda böyük təlim-tərbiyə mövzularındandır. Bu barədə qədim alimlər kitablar yazıb, hədislər nəql edib, Qurandan ayələr yada salınıb. Bəli, ilk növbədə məqsəd ehtiram bildirməkdir. İkinci, üçüncü məqsədlər də - ustad qardaş və bacıların sözlərini eşitmək, həm də nəzərdə tutduğum sözləri onlara çatdırmaq mühümdür.

Bugünkü məclis çox gözəl məclis idi. Təəssüf ki vaxt az oldu, çıxışı nəzərdə tutulan bəzi ustadlardan bəhrələnə bilmədik. Dostların qeyd etdiyi mövzular çox mühüm idi. Bəzi məsələlərlə hökmən məşğul olacağıq. Bu barədə göstəriş verəcəyəm.

Bir neçə nöqtə qeyd etmək istəyirəm. Birincisi budur ki, ustad təkcə müəllim demək deyil. Onun tərbiyəçi mənası da var. Bu məna hamıya aydındır. Bir şəxsdən nəsə öyrəniriksə, bir şəxs bizim üzümüzə hansısa elm qapısı açırsa, təbii şəkildə qəlbimizə və ruhumuza nüfuz edir. Bir növ təlim alanın üzərində təlimin bərəkəti ilə təsir yaranır. Bu böyük və müstəsna fürsətdir. Böyüklərdən, ata-anadan, ailədən söz eşitmək istəməyən gənclərə ustadın bir sözü, bir işarəsi dərin təsir göstərir. Ustad belədir. Təbii şəkildə təhsildə tərbiyə imkanları da var. Bu fürsətdən istifadə etmək lazımdır. Əgər ustad etiqadlı olsa, milli qeyrətə malik olsa, inqilabi şövqlü olsa, çalışqan ruhiyyədə olsa, təbii şəkildə bütün bunlar tələbəyə, təlim alana ötürüləcək. Əksi də qüvvədə qalır. Ustad insaflı, əxlaqlısa, insaflı və əxlaqlı tələbə tərbiyə etmək imkanı yüksək olacaq. Bunun da əksi öz gücündə qalır.



  İrəli
Go to TOP