A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: TÖVHİD VƏ İLAHİ ƏDALƏT
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


4-Yəqinin ən yüksək dərəcəsi ayələr, rəvayətlər və əqli dəlillərə, ariflərin seyr etdikləri mərhələlərə əsasən, sonuncu yox, həmin mərhələlərdən biridir.

Qeyd etdiyimiz məsələlərə diqqət yetirdikdə (bizim məlumatımıza görə) görürük ki, yəqin və ondan yüksək mərhələyə nail olanların sayı çox azdır. Onların kimliyi vəfat etdikdən sonra bəlli olmuşdur. Çünki sirri gizli saxlamaq təkamül yolunun şərtlərindəndir. Müasir dövrün arifləri sırasında Seyyid Əli Qazi, Ənsari Həmədani, Əllamə Təbatəbai, İlahi (Əllamə Təbatəbainin qardaşı), İmam Xomeyni, Şeyx Cavad Məliki Təbrizi, Ayətullah Bəhcətin adını qeyd etmək olar. Onlar yəqin, bəlkə də, daha yüksək dərəcəyə nail olmuşlar.

Cavabın sonunda aşağıdakı hədisi qeyd edir, onun barəsində düşünməyə çağırırıq:

İmam Sadiq (ə) buyurmuşdur: Allah-taala imanı yeddi əsas üzərində qurdu: 1-Ehsan yaxşılıq. 2-Düz danışmaq. 3-Yəqin. 4-Razılıq. 5-Vəfalı olmaq. 6-Elm. 7-Səbir. Sonra onları camaat arasında bölüşdürdü. Bu yeddi qismin hamısına malik olan insan kamil iman mərhələsinə çatmışdır. Böyük Allah bəziləri (yeddi qismdən) bir, bəziləri iki, bəziləri isə üç pay əta etdi. Allah-taala bu minvalla bəzilərinə imanın bütün yeddi qismini bağışladı. İmanın yalnız bir payına malik olan şəxsdən iki payın, iki payına malik olan şəxsdən üç payın vəzifəsini istəməyin... Bu tələblə onların yükünü ağırlaşdırırsınız. Məhz bu səbəbdən , (insanlar) imanın yeddi payını qismini (kamil imanı) tədricən əldə etməlidirlər.”[208]

***

ALLAHIN ZATI HAQQINDA ANLAYIŞ

SUAL 8: Allahın zatı haqqında izahat verin.

Bəşər cəmiyyəti Allahın gözlə görünməyən zatını dərk etməyə qadir deyil. Bu barədə fikirləşən, heyrət və sərgərdanlıqdan, azğınlıqdan başqa bir şey qazanmaz.

“Qeybi huviyyət”, “qeybi zat”, “zat məqamı”, “zat mərtəbəsi”, bəzən də (“ünəqa” və “qeybül-qüyub” – “qeyblərin qeybi” kimi) başqa sözlərlə ifadə olunan ilahi zat mütləq varlıqdır. Onun heç bir hədd-hüdudu yoxdur. O istər məfhumi, istərsə də xarici nümunə baxımından konkretləşmədən pakdır. Onun nə adı var, nə əlaməti; nə isimdir, nə sifət; nə bir ad və sifətlə, nə də mütləq şəkildə – həmin sifət və ad olmadan məhdudlaşır; nə bir konkretləşmə ilə, nə də o konkretləşmə olmadan konkretləşir; hətta mütləqlik və konkretləşmənin olmaması ilə ona şərt qoyulmur. Çünki şərt və konkretləşmənin olmaması da öz növbəsində bir növ konkretləşmə və şərt sayılır. Allahın zat məqamı onların hamısından pakdır. Lakin Onun bütün ad və sifətləri zat məqamından təsirlənib, təcəlla məqamında aşkarlanır.

Buna görə də, Allahın zatını əql, güman, kəşf vasitəsilə dərk etmək qeyri-mümkündür və bütün bunlar həmin məqamı qavramaqda tamamilə acizdir. Əgər bu barədə fikirləşsələr, heyrət içində qalar, yaxud azğınlığa düşərlər. Nəinki ona çatmaz, hətta ondan uzaqlaşarlar. Qurani-kərimdə buyurulur: “(Rəbbin) Onların keçmişini , gələcəyini bilir. Onların elmi isə Allahın zatını əhatə edib qavraya bilməz.”[209]

ALLAHIN ZATI HAQQINDA FİKİRLƏŞMƏK

İnsan Allahın zatından başqa hər şeyi dərk edə bilər. Onun zatı hər şeydən üstündür və öz məxluqudur. Hətta “işarə” ilə bu məqama yol tapmaq qeyri-mümkündür–istər hissi işarə ilə, istərsə də zehni, əqli və xəyali işarə ilə. Bəli, konkretləşməyən zata neçə işarə etmək olar?

Məhz bu səbəbdən də Allah-taalanın zatı haqqında fikirləşmək qadağan olunmuşdur. İmam Rza (ə) buyurmuşdur: “Allahın zatını hansısa bir şeyə bənzədən şəxs Onu tanımamış, zat məqamına çatmaq (onu anlamaq) istəyən şəxs Onun yeganəliyini qəbul etməmişdir. Allahın zatını zehnində təsəvvür edən şəxs Onun həqiqətinə çatmamış, Allahın zatının hədd-hüdudu olduğunu deyən şəxs Onu təsdiq etməmiş və Onun zatına işarə edən şəxs Allaha üz tutmamışdır.”[210]

Hətta əql və eşq bir-birinə qoşulub, Allahın zat məqamına doğru yüksəlmək istəsə, heyrət və sərgərdan vəziyyətdə qalaraq, heç bir yerə çata bilməyəcək və bu sahədə öz acizliklərinə etiraf edəcəklər.

Dua edən “dua”, ibadət edən “ibadət”, zikr edən “zikr”, arif “irfan” məqamında Allahın adları zahir olan zaman Onun həqiqi zatına üz tutur. Onu adları və sifətləri ilə yad edirlər. Başqa sözlə, Allahın zatına yol tapmaq qeyri-mümkün olduğundan Onun zatını adları ilə çağırırlar.[211]

 

QURAN NÖQTEYİ-NƏZƏRİNDƏN ALLAH

Allah-taala barəsində dəqiq, əhatəli və aydın tərif bəyan edən Qurani-kərim Onu bizə yalnız adları və sifətləri ilə tanıtdırır.

Qurani-kərim Allah-taalanı adları və sifətləri vasitəsilə ən kamil həddə təqdim etmiş, alim və geniş mərhəmət sahibi,[212] tez hesab çəkən, diri və əbədi,[213] uca, böyük və haqq,[214] əzəmət və kərəm sahibi[215] hər şeydən ehtiyacsız[216] sifətləri ilə vəsf etmişdir.

Qurani-kərim nöqteyi-nəzərindən Allah hər şeydən ucadır;[217] yəni bizim təsəvvür etdiyimiz hər şeydən üstündür və heç vaxt Onun həqiqətini, cəlal və camal sifətlərini olduğu kimi dərk etməyə qadir deyilik.[218]

Allah təkdir,[219] onun tayı-bərabəri, bənzəri, oxşarı[220] və özündən başqa heç bir məbud yoxdur.[221]

Allah varlıq aləminin və kainatın həqiqi padşahıdır. O, hər nöqsandan pak, müqəddəs, salamatlıq və əmin-amanlıq bəxş edən, əziz, islahatçı və böyüklüyə layiq, yenilməz qüdrət sahibi[222] və hər şeyə qadirdir.[223]

Allah bağışlayan və mehribandır. Bu iki sifət Onda elə bir həddə əks olunmuşdur ki, Quranın bütün surələri bu iki sifətlə – “Bismillahir-Rəhmanir-Rəhim”lə başlayır. O, bəndələrinə qarşı mehriban və rəhmli olmağı Özü üçün əzəldən zəruri etmişdir![224]

Allah-taalanın əzəməti, böyüklüyü və kərəmi son həddədir. O, insana boyun damarından da yaxındır. İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslərədək hər şey Allaha məlumdur.[225]

Allah yenilməz qüdrət və qüvvət,[226] nemət,[227] rəhmət[228] və böyük fəzilət sahibi[229], tövbələri qəbul edən,[230] insanları sevəndir.[231]

Allah-taala kainatı, göyləri və yeri yaradan,[232] ixtiyar sahibi, aləmlərin Rəbbi, maliki və idarəedicisidir.[233] Onun yaradılışda, hakimiyyətdə, hökm etməkdə, rübubiyyətdə, şəfaətdə, ümumiyyətlə heç bir sahədə şəriki və bənzəri yoxdur.[234]

Bütün insanlar Allaha möhtacdır. Allah isə ehtiyacsızdır. O, insanların ibadətinə belə möhtac deyil. Allah şükrə, tərifə layiqdir, Onun bütün işləri bəyəniləndir.[235]

Allah-taalanın rəhmət və qüdrəti genişdir, insanlara istədiyi kimi əta edir, ruzi verir.[236] O hər yerdə bizimlədir və hər işimizdən agahdır.[237] Bir sözlə, hər tərəfə üz tutsaq, Allah oradadır.[238]

O, duaları eşidən, qəbul edəndir.[239]

***

ALLAH–TAALANIN MADDİ OLMAMASININ SÜBUTU

SUAL 9: Allah-taalanın maddi mütləq şəkildə möhtac olmamasını necə sabit etmək olar?

ALLAH CİSM VƏ MADDİ DEYİLDİR

Maddi və cismani varlıq məkana malikdir, hiss olunur. Buna günəşi, ayı, ağacı, havanı, işığı... misal göstərmək olar. Allah maddi deyil; çünki maddi varlıqlar məhduddur, nə qədər böyük olsalar da, sonsuz deyillər. Ən böyük kəhkəşanlar sona çatır və onlardan böyüyünü təsəvvür etmək olar. Lakin Allah qeyri-məhdud, sonsuz və mütləq kamaldır. Əks təqdirdə O möhtac və naqis olar.

Maddə həm də mürəkkəbdir; yəni, hissələr, ünsürlər və atomlardan təşkil olunmuşdur. Bu hissələr bir-birlərindən ayrılır. Mürəkkəb olan hər şey hissələrə və tərkiblərə ehtiyaclıdır. Allah-taala isə onlara möhtac deyil. Çünki O mütləq əhatəli və alimdir. Hər yerdə hazırdır.

Həmçinin, maddə bir haldan başqa hala keçir, onun tərkibində dəyişikliklər baş verir; bitkilər, heyvanlar, hətta günəş, dəniz və dağlar... da daim dəyişilir, bir haldan başqa hala keçir. Heyvanlar və bitkilər böyüyür və zəifləyir. İstiliklər və böyük partlayışlar nəticəsində günəşin çəkisi azalır. Dağlar günəş hərarəti, sel, zəlzələ, soyuq və digər amillərin təsirinə məruz qalır. Lakin Allah-taala dəyişmir, haldan hala keçmir; çünki Onda zəifliyə səbəb olacaq heç bir nöqsan yoxdur. Təbii ki, birbaşa Allahın məxluqu sayılan, zat məqamından kənar amillər Ona təsir edə bilmir. Əks təqdirdə, O, Özündən başqasına tabe olub, ondan təsirlənər. Bu da böyük Allahın mütləq hakimiyyətinə uyğun deyil.[240]

ALLAHIN EHTİYACSIZLIĞI

Allah mütləq şəkildə nəyəsə möhtac deyil; çünki O, zəruri varlıqdır və zəruri varlığın səbəbə ehtiyacı yoxdur. Əksinə O özü mümkün varlıqların səbəbidir. Əslində mümkün varlıqlar Ona möhtacdır. Əgər Allah başqa bir varlığa azacıq ehtiyac duysa, həmin varlıq Onun səbəbi olasıdır. Belə olan təqdirdə artıq O zəruri varlıq sayıla bilməz. Başqa sözlə, Allahın sübuti sifətlərini – elmini, qüdrətini, həyatını (diriliyini) və kəmalını isbat etməklə, belə bir həqiqətə çatacağıq ki, bütün varlıqlar bu sifətlərdə Allaha möhtacdır. Əgər Allah-taala bu yöndə onlara möhtac olsaydı, artıq mütləq qüdrət və mütləq elm sahibi olmazdı. Bir sözlə, belə bir varlıq Allah yox, məxluq olardı. Halbuki kamal və mütləq sifətlərə malik varlıq yalnız Allahdır!

***

İLAHİ SİFƏTLƏRİN MƏNASI

SUAL 10: Allah-taalanın məhdud bir varlıq olmadığını nəzərə almaqla Onun məhdud olmayan sifətlərini necə dərk edə bilərik?

İLAHİ SİFƏTLƏRİN DƏRKİ

Əsas sual bundan ibarətdir: İnsan əqli Allahın zatının hansı sifətlərə malik olduğunu başa düşməyə qadirdirmi? Onun zatına hansı sifətlər layiqdir, hansı sifətlər layiq deyil? Görəsən, insan əqli ilahi sifətləri dərk etməyə qadirdirmi? Əgər insan bu barədə fikirləşsə, müəyyən bir nəticəyə nail ola bilərmi?

Müsəlman sxolastlar bu sualları müxtəlif şəkildə cavablandırmışlar. Biz burada yalnız Əllamə Təbatəbainin ən tutarlı və mükəmməl cavabını qeyd etməklə kifayətlənirik:

İnsan əqli Allahın sifətlərini dərk etməyə qadir olduğundan, onlar haqqında araşdırma da apara bilər. Allahın elm, qüdrət və həyat kimi zati; rəhmət, məğfirət (bağışlamaq), ruzi, nemət və hidayət kimi feli sifətlərini isbat etməyimizin, eləcə də varlıqların Ona möhtac olduğunu qavramağımızın səbəbi məhz budur ki, həmin kamilliklərin nümunələrini özümüzdə görürük. Məxluqatda mövcud olan kamil sifətlər varlığın əsas mənbəyi olan Allahın həmin kamilliklərə malik olmasının əlamətidir. Eyni zamanda, Allahın zatının və sifətlərinin incəliklərinə bələd olduğumuzu iddia etmirik. Əksinə etiraf edirik ki, əqlimizlə isbat və vəsf etdiklərimiz Onun malik olduqlarından fərqlənir. Məsələn, özümüz məhdud olduğumuzdan, Allaha aid isbat və vəsf etdiyimiz elm də məhdud olur. Halbuki Allah-taala məhdud şeylərdən üstün və böyükdür. Bu məfhumlar məhdud olduğundan Allahın sonsuz vücudunu əks etdirə bilmir. Əlbəttə, bu, əqlin bu mövzuda hökmünün mötəbər olmamasının səbəbi deyil. Məsələn, insanın Allah-taala ilə tanışlığı insanın əllərini dənizin suyuna yaxınlaşdırıb, ondan götürmək istəməsinə bənzəyir. Belə ki, o şəxsin su içməkdə məqsədi yalnız öz susuzluğunu aradan qaldırmaqdır. O dənizdən iki əlinin tutacağı miqdardan artıq su götürə bilmədiyi üçün, bundan yuxarı hədd haqqında əsla fikirləşmir.[241]

ALLAHIN «SƏLBİ» SİFƏTLƏRİ

Biz öz əqlimiz və düşüncəmiz həddində Allahın sifətlərini başa düşürük. Lakin Allaha aid edilən bu məfhumların həqiqi və bizim düşüncəmizdən üstün mənalarını qəbul etmək üçün səlbi sifətlərə müraciə edir, ilahi sifətlərlə bağlı düşüncə nöqsanlarını aradan qaldırırıq. Eyni zamanda, Allah alim, qadir diridir – deyib, əlavə edirik ki, Allah-taala vəsfə sığmır və bizim vəsflərimizdən olduqca üstündür. Bu, bizi həqiqətə daha da yaxınlaşdırır.[242]

Biz inanırıq ki, bu məfhumlar əqlimizin dərk etdiyi mənaların fövqündədir. Bəzilərinin iddi etdikləri kimi, bütün bu ilahi sifətlərin və adların tək halda məcazlar və təmsili istiarələr olduğunu qəbul etmirik. Məsələn, “Həsən bildi” və “Allah bildi” cümlələri arasında heç bir fərq qoymayıb, onların eyni məna daşıdığını düşünürük. Bu məna alimin müəyyən bir şey bilməsindən ibarətdir. Bunu da bilirik ki, Həsənin elm və biliyi yalnız zehn vasitəsilədir. Lakin bunu Allaha münasibətdə təsəvvür etmək qeyri-mümkündür; çünki Allahı zehnlə vəsf etmək olmaz. Əlbəttə, bu xüsusiyyət elmin əyani nümunələrindəndir və məfhumun dəyişilməsinə səbəb olmur. Buna əsasən, məfhum birdir və əyani nümunələrin xüsusiyyətləri məfhuma təsirsizdir. Beləliklə, Allahın sifətlərinin bəyanında ümumi qayda budur ki, onların məfhumlarını səlbi sifətlər vasitəsilə nöqsanlardan uzaq bilək.[243]

Nəticə: Biz Allahın sifətləri dedikdə insanın sifətlərindən başa düşdüyümüz mənaları nəzərdə tuturuq. Əql insanın malik olduğu sifətləri dərk etdiyi kimi, Allah-taalanın sifətlərini də dərk edir. Lakin insanla Allah arasında dərəcə fərqinə görə Allah-taalanın sifətlərinə şübhə yaranır. Bu şübhə səlbi sifətlərin köməyilə aradan qaldırılır. Buna əsasən, sübuti və səlbi sifətlər vasitəsilə məfhumda heç bir dəyişiklik etmədən, onu həqiqi xarici nümunələrə tətbiq edərək deyirik: “Allah mövcuddur, lakin Onun varlığı məxluqların varlığından fərqlənir; Allahın elmi var. Lakin Onun elmi insanların elmindən fərqlənir; Onun qüdrəti var. Lakin məxluqların qüdrəti kimi deyil; O diridir. Lakin bu dirilik məxluqların diriliyindən fərqlənir...[244]

***

ZƏRURİ VARLIğIN (ALLAHIN) MÜTLƏQ KAMİL OLMASI

SUAL 11:Vücud sübutunda qeyd olunduğu kimi, mümkün varlıqlar öz varlıqlarını yalnız zəruri varlıqdan (Allahdan) alırlar. Bəs üçün zəruri varlıqmütləq kamil olmalıdır? O zat bütün varlıqların yaranmasına səbəb olduğu, eyni zamanda Özünün heç bir yaradanı olmadığı halda naqis ola bilməzmi? üçün zamandan kənardamücərrəd varlıqlar üçün beləhərəkət dəyişiklik qeyri-mümkündür?

ZƏRURİ VARLIQ

“Zəruri varlığın” mütləq kamil olması məhz həmin məfhumun özündən alınır. Belə ki, “zəruri varlıq” naqis olarsa, bir kamal üçün imkan halı olmayasıdır. Başqa sözlə, Onun zatı kamal sayılan sifətin birinə malik olmayacaqdır. Belə bir şəraitdə, “zəruri varlığın” zatı bəzi kamallara malik olub, digər kamallardan uzaq olmalıdır. Bu da, – əqlə əsasən, – “zəruri varlığın” varlıq və yoxluqdan ibarət olması mənasını ifadə edəcəkdir; yəni Allah-taala bir sıra kamallara sahibdir, digər kamallardan uzaqdır. Mürəkkəb varlıq– hətta əqli təhlillərə əsasən, hissələrdən təşkil olsa – öz hissələrinə möhtac olacaqdır. Belə olan təqdirdə, möhtac varlıq mümkün sayılacaqdır; yəni malik olmadığı kamallarla bağlı imkan formasını daşıyacaqdır. Başqa sözlə, Allahın zatı vacib varlıqdan uzaqlaşıb, mümkün varlıqlar sırasına daxil olacaqdır. Halbuki bu, bizim fərz etdiyimiz zat Allah-taalanın zəruri varlıq olması ilə uyğun gəlmir və həqiqətin əksinədir.

“Zəruri varlığın” əqlin təhlil etdiyi hissələrdən ibarət olmasının səbəbi budur ki, əql təklikdə məhdud varlıqları iki hissədən – vücud və mahiyyətdən ibarət bilib, başqa sözlə, mümkün varlıqlarla təhlil edir. (Çünki mümkün olan hər bir şey vücud və mahiyyətdən təşkil olunmuşdur.) Lakin “vacibül-vücud” mütləq vücuddur və əql heç bir mahiyyəti ona aid edə bilmir. Buna əsasən, Allah-taala hər bir tərkibdən, hətta əqlin təhlilindəki tərkibdən uzaqdır.[245]

Beləliklə, “zəruri varlığın” məfhumuna diqqət yetirdikdə, deməliyik ki, Allah-taala bütün kamallara malikdir, həqiqətdə mütləq kamaldır. Onun müqəddəs zatından bəzi kamalları ayırmaq, “zəruri varlığı” vacib və zərurilik halından çıxarmaq, mümkün bir varlıq saymaqdır. Bizim fərziyyəmizə görə isə Allah “zəruri varlıq”dır.

HƏRƏKƏT VƏ ZAMAN

Hərəkətin zamansız baş verməməsinin səbəbi budur ki, hərəkət və zaman arasında ayrılıq yoxdur. Varlıqlar hərəkət vasitəsilə zamana malik olur. Cisimlərin varlıq zatında həm hərəkət və diyişiklik, həm də zamanla həqiqi əlaqələri var!” – deyə bilmərik. Başqa sözlə, bizim dərk etdiyimiz və adını “zaman” qoyduğumuz həqiqət hərəkət, keçici dövr, tədrici yeniləşmə və seyr etməkdən başqa bir şey deyil. Bunlar xarici həqiqətə işarə edən təbirlərdir və həqiqətin, yaxud maddi varlıqların xüsusi keyfiyyətindən, yəni sabit yox, keçici olmasından ibarətdir.

“Zaman” hərəkətin və keçici dövrün məhz xarici həqiqətidir və maddi həqiqətlərin hər hansı birinin zatında qoyulmuşdur. Bəzən filosofların dilində belə bir ifadə ilə qarşılaşırıq: Zaman hərəkətin keçici dövrün miqdarından ibarətdir.” Diqqət yetirmək lazımdır ki, hərəkət və keçici dövrün miqdarı,onların məhz özüdür; yəni hərəkət və keçici dövrü bir şey, onun miqdarını isə başqa bir şey təsəvvür etmək olmaz. Həqiqətdə onun miqdarı müəyyən formadan (xarici hərəkət və keçici dövrdən) ibarətdir. Belə ki, müəyyən bir hərəkət və keçici dövr zamanın adını özünə götürür.[246]

“Zamanın mücərrəd olması” məsələsinə gəldikdə isə, bu düzgün iddia deyildir. Zaman maddi varlıqların xüsusiyyətlərindəndir. Mücərrəd varlıqların yalnız bir qismi üçün ikinci dərəcəli zaman və məkan nəzərdə tutmaq olar. O da bədənlə əlaqəli ruhdur. Deməli, insanın bədəni harada olsa, ruhu da oradadır. Bədən mövcud olduğu qədər ruh da mövcuddur. Belə bir məkan və zamana sığmaq həqiqətdə bədənin xasiyyətindəndir. Sadəcə ruh onunla əlaqəli olduğundan məcazi olaraq ona aid edilmişdir.[247]

ALLAHIN DÜZ DANIŞMASI

SUAL 12: Qurani-kərimdə nazil olanların həqiqiliyinə yəqinlik məqsədilə Allahın düz danışmasını necə isbat etmək olar?

Allahın danışığı ilahi rübubiyyətin, dünya və insana müdiriyyətin tələbidir. Bu danışıq elm, hikmət, insanların doğru yol yönəlişi, düzgün mərifətin əsasıdır. Onun hansısa söhbətlərinin həqiqətə uyğun gəlməməsi (yalan danışması) ilahi hikmətin əksinədir. Allahın hikməti və müdrikliyi insanları Onun söhbətlərinə inanmağa, dəvət edir, onlara düzgün mərifət yolunu tanıtdırır. Beləcə yalan Allahın sözlərinə etimadsızlıq yaradır. Bu, məxluqatın hidayət və mərifətinə yönəli ilahi məqsəd və hikmətə uyğun gəlmədiyindən Allah-taalanın bütün kəlamları və sözləri haqq və doğrudur.[248]

Bundan əlavə, yalan çirkin sifətlərdən sayıldığı üçün nadanların, ehtiyaclıların, aciz və qorxaqların üslubu olduğuna görə Allahın rübubiyyət məqamından uzaqdır. Allah-taala bəyənilməyən sifətlərə malik deyildir, üstəlik belə sifətlər Ondan uzaqdır. Eləcə də, Allah-taala heç bir şeyə ehtiyac duymadığı və Onda heç bir nöqsan olmadığı üçün yalan danışmır. Allah-taala bütün gözəl və kamal sifətlərə kamil şəkildə malik olduğundan, ən düz danışandır. Necə ki, Qurani-kərimdə bu həqiqətə belə işarə etmişdir: “...Allahdan daha doğru danışan kim ola bilər?”[249]

Ümid edirik ki, aşağıdakı incə-nöqtələrə diqqət yetirməklə Allah-taalanın sifətlərini dərk edək.

MÜTLƏQ VARLIQ

Öncə isbat olunduğu kimi, Allah-taala mütləq varlıq və mütləq həqiqətdir. Buna görə də, Ona yoxluq və fanilik yol tapa bilməz. Digər tərəfdən isbat olunmuşdur ki, kamal varlığa bərabərdir və nöqsanın mənbəyi yoxluqdur. Buna əsasən, Allah-taalanın zatı həqiqi kamala malikdir; çünki həqiqi kamal varlığa və həqiqətə qayıtmaqdan ibarətdir. Allahın zatı mütləq varlıq olduğu üçün mütləq kamaldır. Başqa sözlə, Allahın zatı mütləq varlıq olduğu üçün, (mümkün varlıqlar kimi) Ona əsla hədd təyin etmək olmaz. Buna əsasən, bütün səciyyələr, o cümlədən, ən yüksək və mütləq kamal Onun zatına aid edilir. Onun müqəddəs zatı heç vaxt naqis sifətlərlə –nadanlıq, zəiflik, qaranlıq və yalanla... vəsf olunmaz. Elm, düz danışıq, qüdrət və həyat kimi kamal sifətləri ən yüksək həddə Ona aid edilir. Çünki O, mütləq varlıqdır və kamillik varlığa bərabərdir.[250]

***

ALLAHIN ƏBƏDİ VƏ ƏZƏLİ OLMASI



Geri   İrəli
Go to TOP