A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NÜBÜVVƏT
Müəllif: Ustad Mürtəza Mütəhhəri
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İslam nübüvvətin sonunu elan etməklə yanaşı, öz əbədiliyini və həmişəyaşarlığını da bildirdi:

"Muhəmmədin halalı qiyamətə qədər halal və Muhəmmədin haramı qiyamətə qədər haramdır".[23]

Bu məsələ, ətrafında yaranmış suallar və iradlara görə səsli-küylü məsələlərdən biridir. Deyirlər: Məgər nəyinsə əbədiyi mümkündürmü? Dünyada hər bir şey əbədiliyin əksinədir; bu dünyanın ən əsas prinsiplərindən biri dəyişiklik prinsipidir; əbədi olan varsa, o da heç bir şeyin əbədi olmamasıdır.

Əbədiliyi inkar edənlər bəzən öz sözlərinə fəlsəfi rəng verərək, bir dəlil-sübut olaraq təbiətin ümumi qanunu sayılan dəyişiklik prinsipinə əsaslanırlar.

Məlum məsələyə yalnız bu cəhətdən yanaşarıqsa, iradın cavabı bəllidir: daima dəyişkənlikdə olan, maddə və dünyanın maddi tərkibləridir, lakin qayda-qanunları – istər təbii qanunları, sistemləri, yaxud təbii qanunlara əsaslanan ictimai qaydaları – buna aid etmək olmaz. Ulduzlar və günəş sistemi yaranaraq bir müddətdən sonra aradan gedir, fani olur, lakin cazibə qanunu həmişəki kimi öz qüvvəsindədir; bitkilər və canlılar doğulur, doğur və ölürlər, ancaq biologiyanın qanunları yaşamaqdadır.

İnsanların və onların yaşam qanunları da belədir; Peyğəmbər daxil olmaqla bütün insanlar ölür, amma onun səmavi qanunu ölməzdir, həmişəyaşardır.

مصطفی را وعده داد الطاف حقّ         گر بميری تو نميرد اين سَبَق

Təbiətdə dəyişkən olan qanunlar deyil, "fenomenlər"dir. İslam fenomen deyil, qanundur. İslam təbiətin qanunları ilə harmoniyalaşmadıqda ölümə məhkumdur, ancaq özünün iddia etdiyi kimi, insan və toplumun fitrətindən qaynaqlanar və təbiət və onun qanunları ilə uyğun olarsa, nə üçün ölməlidir?!

Lakin bəzən ictimai yöndən irad edilərək deyilir: İctimai qayda-qanunlar ictimai tələblər, ehtiyaclar əsasında təyin edilmiş şərti qanunlardır. İctimai qanunlarda əsas götürülən tələblər sivilizasiya faktorlarının inkişafı və tərəqqisi ilə dəyişirlər; hər bir əsrin tələbləri başqa bir dövrün, əsrin tələbləri ilə fərqlidir; raket, atom, təyyarə, elektrik, televizor və bilgisayar əsrinin ehtiyacları at, ulağ və dəvə əsrinin tələb və ehtiyacları ilə fərqlənir; onun indiki zamandakı yaşayış qanunlarının at, ulağ və dəvə dövrünün qanunları ilə eyni olması necə mümkündür? Başqa deyişlə, sivilizasiya amillərinin tərəqqi və inkişafı, məcburi olaraq yeni istəklər gətirir; nə "tarixi məcburiyyət"in qarşısını alaraq zamanı bir halda saxlamaq və nə də zamanın tələbləri ilə ayaqlaşmamaq olmaz. Sabit və yeknəsəq qanunlara söykənmək zamanın tələbləri ilə uyğunlaşmağa və sivilizasiya karvanı ilə ayaqlaşmağa əngəl törədir.

Şəkksiz, dinlərin, xüsusilə də İslamın qarşılaşdığı ən önəmli məsələlə budur. Gənc nəsil dəyişiklik, yeniləşmə və zamanın tələbləri ilə ayaqlaşmaqdan başqa bir mövzu haqda fikirləşmirlər. Müasir nəsillə qarşılaşarkən ilk eşidilən söz budur. Bu nəslin ifratçılarının baxışında din və yeniləşmə iki təzadlı fenomendir: yeniləşmənin xüsusiyyəti hərəkət və keçmişə arxa çevirməkdirsə, dinin xüsusiyyəti durğunluq, sabitlik və keçmişə diqqət edərək mövcud durumu qoruyub saxlamaqdır.

Hər bir dindən daha artıq İslam bu qrupla mübarizə aparmalıdır. Çünki İslam bir tərəfdən əbədilik iddiasındadır (hansı ki bu iddianı qəbul etmək bu dəstəyə çox ağır gəlir), digər tərəfdən də insanla Allah arasındakı əlaqədən tutmuş, fərdlərin ictimai əlaqələri, ailə münasibətləri, fərd və toplum münasibətləri, insanla aləm arasındakı münasibətlərə kimi həyatın bütün sahələrinə müdaxilə etmişdir. Əgər İslam bəzi başqa dinlər kimi, bir sıra ibadətlərlə və quru əxlaqi göstərişlərlə kifayətlənərdisə o qədər də problem olmazdı, ancaq bütün bu ictimai, siyasi, hüquqi, mülki, cəza və ailə qayda-qanunları ilə nə etmək olar?

Göründüyü kimi sözügedən iradda "tarixi məcburiyyət", "tələblərin dəyişilməsi", "zamanın tələbləri ilə uyğunlaşma"dan söz açıldığından, biz məlum iradın əsas elementini təşkil edən bu üç predmet haqda qısa izah verir, daha sonra islami prizmadan problemin həllini açıqlayırıq.

Bu məqalə bir neçə səhifədə sözügedən mətləbi bütün təfərrüatı ilə şərh etmək iddiasında deyil, çünki bu məsələnin araşdırılması eyni zamanda fəlsəfə, fiqh, tarix və sosiologiya elmlərinə aid olub, uzun illərin araşdırmasının məhsulu olan geniş həcmli kitab tələb edir. Ümid  edirik ki, bu məqalədə problemin həlli yolunun əlamətlərini göstərə biləcəyik.

TARİXİ  MƏCBURİYYƏT[24]

İki hissədən ibarət söz birləşməsi: məcburiyyət, tarix.

Məcburiyyət qaçılmazlıq, hökmən müəyyən tərzdə olmaq, filosofların təbirincə isə zərurət və vaciblik deməkdir. Misal olaraq 5x5 zəruri və məcburi olaraq 25-ə bərabərdir, yəni hökmən belədir, bunu əksi qeyri-mümkündür. Aydındır ki, fəlsəfi məna daşıyan bu termində məcburiyyət ikrah və zor tətbiq etmə mənasında işlənən hüquqi, fiqhi və ümumi kütlənin anladığı məcburiyyətlə fərqlidir. 5x5 zor tətbiq edən, məcbur edən bir qüvvənin deyil, öz zati təbiətinin hökmünə uyğun olaraq 25-ə bərabərdir.

Tarix isə insan sərgüzəştindən ibarət hadisələr toplusudur. İnsanın həyatı müəyyən bir prossesdən keçir və onu idarə edən bir sıra qüvvələr vardır. Tikiş maşını əl ilə, yaxud fabrik buxarla işlədiyi kimi, tarix də bir sıra amillər və qüvvələrlə işləyir, idarə edilir, yüksəlir.

Demək, tarixi məcburiyyət bəşər sərgüzəştinin qaçılmazlığından ibarətdir. "Tarixin hərəkəti məcburidir" – dedikdə, bəşərin ictimai həyatında təsirli amillərin qəti, qaçılmaz təsirlərə malik olması nəzərdə tutulur; bu amillərin təsirediciliyi labüd və qaçılmazdır.

"Tarixi məcburiyyət" sözü dövrümüzdə böyük bir dəyər qazanmışdır. Hazırda bu söz, keçmişdə "qəza və qədər" sözünün ifa etdiyi rolu oynayır: olaylar qarşısında təslim olmaq üçün bir növ bəhanə və təqsirlər üçün üzrdür.

Qarşısında razılıq və təslim olmaqdan başqa bir çarə tapılmayan qaniçən aslan keçmişdə qəza və qədər idi, hazırkı zamanda isə, tarixi məcburiyyət.

Əslində, həm "qəza və qədər" və həm də, "tarixi məcburiyyət" düzgün fəlsəfi anlama malikdir; onların əsl mənalarının doğru qavranılmaması yalnış şəkildə ifadə edilmələrinə səbəb olmuşdur. İnsan və Tale kitabında qəza və qədərə dair söz açmışıq. Keçək tarixi məcburiyyətə.

Dünyanın digər olayları kimi bəşər həyatının da dəyişməz bir qanuna tabe olmasına və başqa faktorlar kimi tarixi amillərin qəti, zəruri təsirə malik olmasına heç bir söz yoxdur. Qurani-kərim də özünəməxsus deyişi ilə "sünnətullah" (Allahın sünnəsi, dəyişməz adəti) adı altında bunu təsdiqləmişdir. Ancaq söhbət bu amillərin təsiretmə formasından gedir. Görəsən tarixi amillərin məcburi təsiri hər bir şeyin keçici, məhdud və məhvə məhkum olması tərzindədir, yaxud başqa bir tərzdə?

Aydındır ki, bu, amilin növündən asılıdır. Tarixin mühərrikləri sabit və əbədi olarsa, onların məcburi təsiri müəyyən bir prossesi davam etdirmək tərzində olacaqdır. Və əksinə, keçici olduqda onların məhsul və təsirləri də keçici olacaqdır. Tarixi amillərdən biri də cinsi amildir. Sabit və dəyişməz olan bu amil daima insanları ailə qurmaq, həyat yoldaşı seçmək və övlad dünyaya gətirməyə tərəf sövq etmişdir. Bəşər tarixi boyunca ailə həyatı əleyhinə edilən inqilabların hamısı uğursuzluqla nəticələnmişdir. Niyə? Çünki tarixi məcburiyyətin əksinə həyata keçmişdir; tarixi məcburiyyət bunun yaşamasını tələb edirdi. Tarixi faktorlardan biri də din amilidir. Bəşərin daxilində pərəstişə tərəf (formasından asılı olmayaraq) meyl olmuşdur. Bu amil bütün dönəmlərdə öz rolunu ifa edərək dinə diqqətin unudulmasının qarşısını almışdır.

Demək, tarixi məcburiyyəti keçicilik və məhdudiyyətlə bərabərləşdirərək hər bir qanun-qaydanın dəyişkənliyi üçün əsas götürmək tam yalnışdır. Tarixi məcburiyyət - iqtisadi istehsal faktoru kimi müəyyən bir faktorun dəyişərək, başqa bir faktorun onu əvəz etdiyi təqdirdə dəyişkənliklə nəticələnəcəkdir. Elə isə, insan və onun ehtiyacları, tarixə hərəkətverici qüvvələr və cəmiyyətdə hər bir amilin təsiretmə dairəsini bilməli və bununla da, faktorların hər birinin hüdudunu, hansının ölməz və davamlı, hansının qeyri-sabit və dəyişkən olmasını üzə çıxarmalıyıq.

Həqiqət budur ki, tarixi məcburiyyətin insan həyatının bütün sahələrinin dəyişkənliyi ilə eyni olması fərziyyəsi, "təkqütblü insan" fərziyyəsinin məhsuludur. Bu fərziyyəyə əsasən, insan yalnız bir orijinal qütbə malikdir, tarixin dəyişkənliyi isə, bircəhətli dəyişkənlikdir. Bu fərziyyənin tərəfdarlarına görə, hər bir dönəmdə tarixin əsas və orijinal amili iqtisadiyyatdır; sərvətlərin istehsalı və bölüşdürülməsi, fərdlərin iqtisadi əlaqələri, o cümlədən: fəhlə və kapitalist, əkinçi və feodal və s. arasındakı münasibətlər (əlbəttə ki, bunlar qeyri-sabit, dəyişkən münasibətlərdir) din, elm, fəlsəfə, qanun, etika və incəsənət kimi həyatın digər yönlərini müəyyənləşdirir. İlk olaraq dünyada geniş səs-küylə sonlanan bu fərziyyə hazırda öz əvvəlki dəyər və etibarını itirmişdir. İndi dünya və tarixi materialistcəsinə izah edən bir çox alimlər belə bu fərziyyəyə arxa çevirmişlər.

İnsanın, "bu naməlum varlığ"ın neçə qütblü olması və insan tarixinin neçə qütblü fərzlə izahına dair elmi baxımdan qəti şəkildə söz deyilə bilməməsinə baxmayaraq, insanın birqütblü olmaması danılmazdır. İnsanın birqütblü olması və insan tarixinin bir xətt üzərində hərəkət etməsi fərziyyəsi, ən puç və əsassız fərziyyələrdən biridir.

EHTİYACLAR

Doğrudurmu ki, bəşərin bütün ehtiyacları dəyişkəndir? Və ehtiyaclar dəyişdikcə onunla əlaqədar qanun-qaydalar da dəyişir?

Cavab budur ki, nə bütün ehtiyaclar dəyişkəndir. Və nə də ehtiyacların dəyişkənliyi onunla əlaqədar həyatın əsas prinsiplərinin, qanunlarının dəyişdirilməsini tələb edir?

 Birinci hissəyə gəldikdə deməliyəm ki, ehtiyaclar iki növdür: birinci dərəcəli və ikinci dərəcəli ehtiyaclar. Birinci dərəcəli ehtiyaclar bəşərin psixoloji və bioloji quruluşunun dərinliyindən və ictimai həyatın təbiətindən qaynaqlanır. Nə qədər ki, insan insandır və nə qədər ki, onun həyatı toplum şəklindədir, bu ehtiyaclar olacaqdır. Bu ehtiyaclar bioloji, ruhi-psixoloji, yaxud da ictimaidir. Bioloji ehtiyaclara misal olaraq qida, geyim, məskən, həyat yoldaşı və s.-yə; ruhi ehtiyaclara isə, elm, gözəllik (estetika), yaxşılıq, sitayiş, ehtiram və tərbiyəyə; nəhayət ictimai ehtiyaclara isə, yardım etmə, fikir mübadiləsi, ünsiyyət, azadlıq və musavata olan ehtiyacları göstərmək olar.

İkinci dərəcəli ehtiyaclar birinci dərəcəli ehtiyaclardan qaynaqlanır. Hər bir dövrdə başqa dönəmlərlə fərqlənən müxtəlif növ yaşayış əşyalarına, avadanlıqlara, cihazlara olan ehtiyaclar bu qəbildəndir.

Birinci dərəcəli ehtiyaclar bəşəriyyəti həyatın təkamül və inkişafına tərəf çəkən amildir. İkinci dərəcəli ehtiyaclar isə, həyatın təkamül və inkişafının məhsulu olub, eyni zamanda bəşəri daha geniş inkişaf və daha yüksək təkamülə tərəf hərəkətə gətirir.

Ehtiyacların dəyişilməsi, onların yenilənməsi və köhnəlməsi ikinci dərəcəli ehtiyaclara aiddir. Birinci dərəcəli ehtiyaclar nə köhnəlir, nə də aradan gedir; həmişə aktiv və yenidir. İkinci dərəcəli ehtiyacların da bəzisi belədir. O cümlədən, qanuna olan ehtiyac. Qanuna olan ehtiyac ictimai yaşayışa olan ehtiyacın məhsulu olmaqla yanaşı, eyni halda daimi və ölməzdir. Bəşərin qanuna olan ehtiyacları heç vaxt kəsilməyəcək və o, qanuna qarşı ehtiyacsız olmayacaqdır.

Keçək ikinci hissəyə. Doğrudur, sivilizasiya amillərinin tərəqqisi yeni ehtiyaclar yaradır və bəzən bir sıra ikinci dərəcəli qayda-qanunlar tələb edir, məsələn müasir nəqliyyat vasitələri şəhərlər üçün "yol hərəkət qaydaları" adlı bir sıra qanun-qaydaların və ölkələr arasında bəzi beynəlxalq qanunların təyin edilməsini tələb edir. Hansı ki, keçmişdə belə qanunlara heç bir ehtiyac yox idi; ancaq sivilizasiya amillərinin tərəqqisi hətta alver, qəsb, zaminlik, irs və nikah və s.-ə aid hüquqi, cəza xarakterli və mülki qanunların belə (ədalət və real fitri hüquqa söykəndiyi təqdirdə) dəyişdirilməsini tələb etmir, o da ki qalsın insanla Allah və ya cəmiyyət münasibətlərilə bağlı qanunların dəyişdirilməsinə.

Qanun ehtiyacların təmin edilməsinin düzgün, ədalətli və şərəfli yolunu müəyyənləşdirmişdir. İstifadəsi gərəkli əşyaların və avadanlıqların dəyişikliyi, onların əldə edilmə və ədalətli mübadilə yolunun dəyişdirilməsinə səbəb olmur. Bu dəyişiklik yalnız bir surətdə ola bilər ki, həyatımızda lazımlı olan əşyaların, avadanlıqların əvəziləndiyi və tərəqqi etdiyi kimi, haqq, ədalət və əxlaq məfhumlarının da dəyişkən olmasını fərz edək. Başqa sözlə, haqq və ədalətin nisbi məfhumlar olduğunu, yəni müəyyən bir zamanda haqq, ədalət, əxlaq sayılan hər hansı bir predmetin, başqa bir dönəmdə haqqsızlıq, ədalətsizlik və əxlaqsızlıq olduğunu fərz edək.

Hazırda bu fərziyyə haqda çox danışılır, ancaq bu yazıda məlum məsələni araşdırmağa macal yoxdur; bu qədərlə kifayətlənirik ki, haqq, ədalət və əxlaq anlamlarının düzgün qavranılmaması, dərk edilməməsi bu fərziyyə ilə nəticələnmişdir. Haqq, ədalət və əxlaq məsələsində dəyişkən olan onların həqiqət və mahiyyəti deyil, onların icra forması və praktiki inikasdır.

Hər hansı bir ana yasa hüquqi və fitri bazisə yiyələnər, həmişəyaşar bir dinamizmdən qidalanar, həyatın magistral yollarını göstərər və sivilizasiyanın dərəcəsindən asılı olan yaşayışın forması barədə susarsa, həyatın dəyişikləri ilə ayaqlaşa bilər, hətta bu dəyişiklikləri istiqamətləndirə də bilər.

Qanunla günbəgün dəyişən ehtiyaclar arasındakı ziddiyyət o zaman baş qaldırır ki, qanun hərəkət xəttini göstərmək əvəzinə, həyatın forma və zahirinə fikir versin; məsələn, mədəniyyət və sivilizasiya ilə tam bağlı olan xüsusi əşyaları, avadanlıqları həmişəlik olaraq imzaladığı zaman, məlum təzad ortaya çıxır.

Qanun, yazarkən hökmən əldən, minikdə at və eşşəkdən, işıqlandırmada neft çırağından və geyimdə əldə toxunmuş paltarlardan və s. istifadə edilməsini deyərsə, belə bir qanun elm, sivilizasiya və onun tələbləri ilə mübarizəyə qalxmışdır və şübhəsiz ki, tarixi məcburiyyət onu dəyişdirəcəkdir.

Qanun xüsusi və maddi olduqca, yəni özünü xüsusi maddələr və formalarda hasarladıqca yaşamaq və davamedicilik şansı azalacaq, əksinə, ümumi və mənəvi olduqca və öz diqqətini əşyaların zahiri formalarına deyil, əşyalarla şəxslər arasındakı münasibətlərə yönəltdikcə yaşamaq və davamedicilik şansı artacaqdır.

ZAMANIN TƏLƏBLƏRİ

Zamanın tələbləri mühitin, cəmiyyətin və yaşayışın tələbləri deməkdir. Bəşər şüur, yaradıcılıq və seçim qüvvəsilə silahlandığına və yaxşı yaşamağa meylli olduğuna görə iqtisadi, ictimai və mənəvi ehtiyaclarını təmin etmək üçün daima yeni-yeni düşüncələri, fikirləri, amilləri və vasitələri həyatına daxil edir. Daha mükəmməl amillər və vasitələrin gəlişi, istər-istəməz köhnə və naqis amillərin sıradan çıxması və insanın yeni amillərə və onun tələblərinə bağlı olması ilə nəticələnir. Bəşərin bir sıra maddi və mənəvi ehtiyaclara bağlılığı, bu ehtiyacları dəf edən amillərin və vasitələrin ardıcıl dəyişkənliyi və onların, öz növbəsində bir sıra yeni ehtiyaclara səbəb olan daha da təkmilləşməsi və yaxşılaşması hər bir dönəmdə mühitin, cəmiyyətin və həyatın tələblərinin dəyişilməsinə və insanın özünü yeni tələblərlə uyğunlaşdırmasına səbəb olur. Bu tip tələblərlə döyüşə qalxmamalıyıq, əslində bu heç mümkün də deyildir.

Ancaq təəssüflər olsun ki, zamanda meydana gələn bütün yeni fenomenlər heç də düzgün təfəkkürlər, dolğun düşüncələr və maksimum xoşbəxt həyat üçün mükəmməl amillər və vasitələrdən ibarət deyil. Zamanı, mühiti və cəmiyyəti yaradan bəşərdir, bəşər isə heç zaman səhvsiz olmamışdır; bu baxımdan insanın yeganə vəzifəsi zaman və onun düşüncələri, ideyaları, adətləri və dəblərinə tabeçilik yox, həm də zamana nəzarət və onu islah etməkdir. Əgər insan zamanı özünə meyar götürərək tamamilə özünü zamanla uyğunlaşdırmalidırsa, bəs zamanı nə ilə uyğunlaşdırmalı və ölçməlidir?!

Dar düşüncəli insanlar "zamanın tələbləri" dedikdə, günün dəblərini düşünürlər. "Hazırkı dünya bəyənmir" cümləsi, bunların şəxsiyyətini gözdən salmaq və onları qeydsiz-şərtsiz təslim etmək üçün, hər növ nəzəri, praktiki, formal, metodoloji, eksperimental, deduktiv və induktiv məntiqdən daha təsirlidir. Bunların düşüncə tərzinə görə, müəyyən bir şey moddan düşcək (xüsusilə də qərb dünyasında), bunu "zamanın tələblərinin dəyişməsi", "tarixi məcburiyyət", "qaçılmazlıq", "tərəqqi və inkişafın məntiqi nəticəsi" adlandırmaq yetər; halbuki zaman, mühit və ictimai amillərin bəşər tərəfindən yaradıldığını, müqəddəs aləmdən gəlmədiyini bilirik. Bəşərin səhvə yol verməsi isə (qərbli olsa belə), mümkündür.

Bəşər şüuru və elmi olduğu kimi, ehtiras və nəfsani meylləri də vardır. Və məsləhətli və yaxşı yaşayış istiqamətində addımladığı kimi, bəzən sapqınlığa da düçar olur; demək zamanın da həm inkişafı və həm də sapqınlığı mümkündür; zamanın inkişafı ilə irəliləməli və onun sapqınlıqları ilə mübarizə edilməlidir.

"Azadlıq" kimi acı taleyə sahib (xüsusilə şərqdə) sözlər sırasında yerləşən "zamanın tələbləri" ifadəsi, hazırda orijinal şərq mədəniyyətini əzmək və ona qərb ruhunu təhmil etmək məqsədlilə müstəmləkəçilik aləti rolunu ifa edir. Bu adla necə sofistikalar həyata keçir və necə də bədbəxtliklər bu gözəl afişa ilə təhmil edilir!

Deyirlər, elm əsridir. Deyirik doğrudur, amma bəşərin elmdən başqa bütün bulaqları qurumuşdurmu? Və doğulanlar bütünlüklə elmin qanuni və doğma oğludurmu?! Hansı bir dövrdə elm və bilik yaşadığımız dövrdəki kimi qüvvət, qüdrət və genişliyə malik olmuşdur? Hansı dönəmdə bu dönəm kimi azadlıq - özünü əldən verərək, ehtiras divinə və eqoistlik, məqampərəstlik, pulgirlik, istismarçılıq əjdahasına məğlub olmuşdur?!

Zamanın tələblərinin dəyişməsi nəticəsində heç bir qanunun həmişəyaşar qalmamasını iddia edənlər, öncə yuxarıdakı iki predmeti bir-birindən ayırmalıdırlar. Bununla da məlum olmalıdır ki, İslamda heç bir şey yaxşı yaşayışa tərəf irəliləmənin, inkişafın əleyhinə deyildir.

Dövrümüzün problemi budur ki, hazırkı bəşər bu iki məsələni bir-birindən ayırd etməyə çox az hallarda müvəffəq olur. Ya gerilikdən yapışaraq, köhnə ilə əhd-peyman bağlayır və bununla da hər bir yeniliklə mübarizəyə qalxır və yaxud nadanlıq göstərərək zamanın tələbləri adı ilə bütün yeni fenomenə haqq qazandırır.

MÜTƏHƏRRİKLİK VƏ ZAMANLA UYĞUNLUQ

Tarixi məcburiyyət, ehtiyacların dəyişilməsi və zamanın tələbləri kimi məsələləri ortaya atılması bu qədər faydalıdır ki, bilək ki, bunları bəhanə gətirərək gözübağlı müəyyən bir qanunu məhkum və ölməzliyini inkar etmək olmaz.

Lakin aydındır ki, bu məsələlərin gündəmə çəkilməsi təklikdə əbədilik problemini həll etmir. Çünki, əbədi bir qanun, həyatın bütün dəyişkən formalarını əhatə etmək, bütün problemlərdən çıxış yolunu göstərmək və hər bir problemi xüsusi tərzdə həll etmək istəsə, mütləq bir növ dinamikliyə, dəyişkənliyə və zamanla uyğunluğa sahib olmalı və quru, durğun və qeyri-uyuşqan olmamalıdır.

İndi isə görək İslam "Muhəmmədin halalı qiyamət gününə qədər halaldır və Muhəmmədin haramı qiyamət gününə qədər haramdır"[25] prinsipini qorumaqla həyatın ayrı-ayrı formalarında müxtəlif çıxış yollarını necə göstərmək istəyir? Bu problemə sinə gərmək üçün, İslamın qanunvericilik sistemində yəqin ki, müəyyən sirlər olmalıdır.

Bütün sirlərin mənşəyi İslamın məntiqi ruhu və onun insan fitrətinə-təbiətinə, cəmiyyətə və bütün dünyaya tam bağlılığıdır.

İslam öz qanun-qaydalarını müəyyənləşdirərkən fitrərə olan ehtiramını və fitri qanunlara bağlılığını rəsmən elan etmişdir. Məhz bu cəhət, İslam qanunlarına ölməzlik, həmişəyaşarlıq, əbədilik imkanı vermişdir.

İslamın fitrətlə bağlılığını aşağıdakı göstəricilərlə tanımaq olar:

1. Əqlin din dairəsinə daxil edilməsi: İslam qədər heç bir din əqllə sıx əlaqə qurmamış və onun "hüquq"unu tanımamaşdır. Hansı din əqli şəriət hökmlərinin qaynaqlarından biri kimi tanıtdırır? İslam fəqihləri dörd şeyi şəriət hökmlərinin mənbəyi hesab etmişlər: Kitab, Sünnət, İcma və Əql. İslam fəqihləri əqllə şəriət arasında qırılmaz münasibətin olmasını qəbul edir və bunu "Mülazimə qaydası" adlandırırlar.

Kullu ma həkəmə bihil-əql həkəmə bihişşər

"Əqlin qəbul etdiyi tərzdə şəriət hökm edir və şəriətin hökm etdiyi əqli bazisə əsaslanır".

İslam fiqhində əql həm müəyyən bir qanunu kəşf edə, həm qeydləndirə və dairəsini kiçildə yaxud genişləndirə və həm də başqa qaynaqlardan, sənədlərdən hökmlərin çıxarışı zamanı yardımçı rolunu oynaya bilər.

Əqlin müdaxilə hüququ İslamın həyatın reallıqları ilə əlaqədə olması baxımından üzə çıxır. İslam öz təlimləri üçün naməlum həll olunmaz səmavi sirləri qəbul etmir.

2. Hərtərəflilik, Quranın təbirincə "Vəsətiyyət": Hər bir qanunun və ya məktəbin təkqütblülüyü, onun ləğv edilməsinin sübutudur. İnsan həyatına təsirli və hakim amillər xeylidir. Bunların hər hansı birisini göz ardına vurmaq, istər-istəməz müvazinətsizlik yaradır. Əbədiliyin ən önəmli rüknü - maddi, psixoloji, fərdi və ictimai cəhətlərin hamısına diqqət yetirməkdir. İslam təlimlərinin hərtərəfliliyi islamşünaslar tərəfindən qəbul edilmiş həqiqətdir. Bu barədə təfsilatı ilə bəhs etməyimiz bu yazının öhdəsindən xaricdir.

3. İslam heç zaman həyatın forma, surət və zahiri haqda söz açmır. İslam təlimləri bütünlüklə bəşəri hədəflərə, mənalara qovuşduran ruha, mənaya və yola yönəlmişdir. İslam məqsəd və mənaları, və bu məqsəd və mənalara yetişmə yolunu öz dairəsində yerləşdirmiş və bu çərçivədən kənarda bəşəri azad buraxmış və bununla da sivilizasiya və mədəniyyətin inkişafına hər hansı bir zərbəni endirməkdən çəkinmişdir.

İslamda müqəddəs xarakter daşıyan və müsəlmanlar tərəfindən qorunub saxlanması vacib olan heç bir maddi əşya və zahiri forma tapmaq olmaz; bu baxımdan, elm və sivilizasiyanın inkişafının təzahürləri ilə mübarizədən çəkinmə bu dinin zamanın tələbləri ilə uyğunlaşmasını asanlaşdıran və əbədiliyin ən böyük maneəsini aradan qaldıran cəhətlərdən biridir.

4. Bu dinin son və həmişəyaşar olmasınının fitri qanunlarla ahəngdarlıqdan qaynaqlanan digər bir səbəbi də budur ki, bəşərin sabit ehtiyacları üçün sabit və dəyişilməz qanunlar nəzərdə tutmuş və onun dəyişkən şəraiti üçün dəyişkən durum proqnozlaşdırmışdır.

Öncə qeyd etdik ki, bəşərin istər fərdi, istərsə də ictimai sahədə bir sıra ehtiyacları sabit bir duruma malik olub, bütün zamanlarda eyni haldadır. İnsanın öz şəxsi meyllərini tənzimləməsindən ibarət olan "əxlaq", cəmiyyəti tənzimləməsindən ibarət olan "ədalət", öz yaradanı ilə qurduğu əlaqədən və imanını yeniləşdirməkdən və təkmilləşdirməkdən ibarət olan "ibadət" bu qəbildəndir.

Bəşərin ehtiyaclarının digər bir hissəsi isə, dəyişkən olub və qanun baxımından dəyişkən durum tələb edir. İslam bu dəyişkən tələblər üçün dəyişkən durum nəzərdə tutmuşdur. Belə ki, dəyişkən şəraiti dəyişməz və sabit prinsiplərlə əlaqələndirmişdir və sabit prinsiplər hər bir yeni və dəyişkən durumda şəraitlə uyğun ikinci dərəcəli bəndlər yaradır. Burada iki nümunə ilə kifayətlənirik:

İslamda aşağıdakı tərzdə ictimai bir prinsip mövcuddur:

﴿وَأَعِدُّواْ لَهُم مَّا اسْتَطَعْتُم مِّن قُوَّةٍ﴾

"Düşmənlərə qarşı bacardığınız qədər qüvvə toplayın"[26]

Bu prinsipi "Kitab" yəni Quran bizə öyrədir. Başqa bir tərəfdən sünnədə "səbq və rimayə"[27] adlı bir sıra göstərişlər gəlmişdir; əmr edilmişdir ki, özünüz və övladlarınız at çapmağı və ox atmağı kamil şəkildə öyrənin. At çapmaq və ox atmaq o dövrün hərbi fəndlərindən və düşmən qarşısında qüvvə tolpamaq üçün ən gözəl vasitələrdən idi. "Səbq və rimayə" qanununun əsası, "Düşmənlərə qarşı bacardığınız qədər qüvvə toplayın" ayəsidir; yəni ox, qılınc, nizə və at İslam baxımından prinsipiallığa malik deyil və İslam hədəflərinin bir hissəsini təşkil etmir, prinsipial olan budur ki, müsəlmanlar hər bir dönəmdə bacardıqları qədər düşmən qarşısında hərbi müdafiə baxımından qüdrətli olmalıdırlar.

Həqiqətdə, ox atma və at çapma məharətinin gərəkli olması düşmən qarşısında güclülüyün gərəkli olmasının simvoludur, başqa bir sözlə ox atma və at çapma o dönəmdə güclü olmağın praktiki forması idi. Düşmən qarşısında qüdrətli olmağın zəruriliyi sabit ehtiyacdan doğan dəyişməz qanundur; ancaq ox atmaq və at çapmağın gərəkliliyi isə, keçici bir ehtiyacın simvolu olub, zamanın tələbləri və mədəni və texniki amillərin genişlənməsi ilə dəyişir və beləliklə, müasir silahlardan istifadənin öyrənilməsinin zəruriliyi onu əvəz edir.

Başqa bir nümunə: İslam peyğəmbəri (s) elm öyrənməyi hər bir müsəlmana vacib bilmişdir.



Geri   İrəli
Go to TOP