A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Gözdəyməyə qarşı nə edim?
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Nəticə alırıq ki, dua yazılması və duanın qapıdan, boyundan, qoldan asılması dini mənbələrdə təsdiqlənmiş bir işdir və gözdəymə qarşısında təsirlidir.

Dua yazarkən bəsirətli olmaq

Sual yarana bilər ki, İslamda dua yazmaq tövsiyə olunmuşdur? Duanı hər adam yaza bilərmi? Dua yazanlara müraciət etmək bəlanın qarşısını alırmı? Dua yazan insanın hansı xüsusiyyətləri olmalıdır? Dua yazmaq üçün xüsusi zaman və şərait nəzərdə tutulmuşdur? 

Dua yazmaqla bağlı bəzi nöqtələr

Əziz oxucular yaxşı bilirlər ki, duanı zəfəran və ya gülabla yazmaq tövsiyə olunub. Aydın olur ki, hər bir insan dua yaza bilər. Təbi ki, iman əhli və həqiqi alimlərin və eləcə də Quran əhlinin sözü və qələmi təsirlidir. Onlar dua yazarkən bu sözlərdə xüsusi təsir ola bilər.

 

Gözdəyməyə qarşı dua yazmaq

 

Sualı cavablandırmazdan qabaq deməliyik ki, müəllif gözdəymə mövzusu ilə çox maraqlanıb.  Bu mövzuda bir çox suallar aktual olaraq qalır. Mən bu barədə böyük ustadlardan soruşmuşam və onların cavablarını nəzərinizə çatdıracağam. Amma xoş bir məqsədlə adlarını çəkməyəcəyəm.

Alimlərlə söhbətlərdə və rəvayətlərdə duayazan kəlməsinə rast gəlmədim. Amma qədim zamandan alimlər dua yazıblar. Rəbbani  alimlərin qələmlərində şəfaverici təsir olub.

Amma dua yazmağın mümkünlüyü ilə bağlı araşdırmalarda şahid olduq ki, sünni və şiə mənbələrində dua yazmaq məqbul sayılır. Xüsusi ilə şiə mənbələrində buna yer verilib. Tövsiyə olunur ki, belə duaları boyun və ya qoldan assınlar. İnsan yaşadığı yerdə, iş yerində də bu duaları asa bilər. Harada gözdəymə ehtimalı çoxsa bu işə daha çox müraciət olunur. Məsum İmamların dövründə insanlar İmamlardan dua istəyirdilər.

Məhəmməd ibni Harub İmam Baqirə (ə) məktub yazır, cinlərin uşaqlara təsirinə qarşı dua istəyir. Həzrət öz xətti ilə iki dua yazır. (“Biharul-Ənvar”, c. 92, s. 113)

İmam Sadiq (ə) buyurur: “Dua sehri gücdən salır. Duanı kağıza yazıb boyundan asın.” (Həmin mənbə)

Gözdəyməyə qarşı İmam Rizanın (ə) tövsiyəsi var ki, Həmd, Nas, Fələq, Tövhid, surələri və Ayətəl-kürsünü bir kağıza yazsınlar. (Həmin mənbə)

Şeyx Abbas Qummi “Məfatihul-Cinanda” Şeyx Kəfəminin “Məfatihul-Qeyb” kitabından nəql edir: “Hər kəs Bismillah sözünü yazıb evin qapsına vursa bədbəxtlikdən amanda qalar-hətta kafir olsa!” (“Məfatihul-Cinan”, s. 1085)

Bir şəxs İmam Rizaya (ə) babasil xəstəliyindən şikayətlənir. Həzrət buyurur ki, “Yasin” surəsini balla yaz və suyunu iç.” (“Biharul-Ənvar”, c. 95, s. 82) Nəzərdən keçirdiyimiz rəvayətlərdən aydın olur ki, həyatın çətin vaxtlarında problemlərlə qarşılaşan zaman ayə və rəvayətləri yazıb boyundan və ya evdən asmağın faydası var.

Sual olunur ki, hər bir insan öz ehtiyacına uyğun dua yaza bilərmi? Rəvayətdə “yaz” göstərişi verildiyindən aydın olur ki, bu işi hər bir adam özü görə bilər. Dua və ərizə yazmaq təvəssül və istiğasə üsullarındandır. Bunu yazdığın zaman nə qədər imanlı, diqqətli və ümidli olsan bir o qədər təsirlidir. (“Biharul-Ənvar”, c. 92, göz babı) Amma  dua yazarkən bəzi şərtlərə əməl etmək lazımdır. Dəyərli ustad Quran təfsirçisi doktor Əhməd Abidini maraqlı bir tövsiyə verir: “Duaları qələmlə, İran kağızlarına və samana yazın. Bunun hikməti var.”

Dua yazdırarkən nəzərdə saxlamaq lazımdır ki, dua yazanın iman və diqqəti təsirsiz deyil. Qədim zamanlardan xəstəlik və bəla ilə üzləşənlər dua yazanlara müraciət ediblər. Bu duaların təsirindən faydalananlar olub. Bəziləri dua yazan kimi məhşurlaşıb. Pak nəfsli, təqvalı, alim insanların yazdığı duaların bəla və xəstəliklərə təsirini inkar etmək olmaz. Belə pak insanlardan dua istənilməsi müsbət ənənədir. Belə dua yazanlar Allahın razılığını qazanmaq niyyəti ilə mötəbər kitablara müraciət etmiş, xalqın problemlərini aradan qaldırmaq üçün dualar yazmışlar. Uşaqlıq dövründən xatirələrim var ki, pak seyid ruhanilər belə işlərdə xalqın ümid yeri olublar. Dua yazanın xalis niyyəti, qəlbən etiqadı, müraciət edənin imanı duanın təsirində rol oynayır. Təbii ki, belə pak insanlarla yanaşı dua yazmağı özünə peşə edən işbazlar da var. Onların yeganə məqsədi xalqdan pul qoparmaqdır. Belə dua yazanların əksəri savadsız olur. Müqəddəs İslam və sağlam ağıl insana göstəriş verir ki, dua üçün pak insanlara müraciət olunsun. Quran oxumağın, dua və tövbənin insanın taleyinə təsiri danılmazdır. Həzrət Əli (ə) buyurur: “Dua möminin sipəridir.” (“Üsuli-Kafi”, c. 4, s. 214)

İmam Sadiq (ə) buyurur: “Dua dəmir nizədən iti və təsirlidir.” (“Üsuli-Kafi”, c. 2, s. 267)

İmam Sadiq (ə) buyurur: “Dua ərşin qəti qəza-qədərini dəyişər.” (“Üsuli-Kafi”, c. 4, s. 469) Belə bir nəticə çıxarırıq ki, dua yazmaq və dua oxumaq mühüm mənəvi işlərdəndir. Allah-taala bu işləri varlıq aləmindəki müəyyən dəyişikliklər üçün təsirli edib. Bu baxımdan varlıq aləminin həqiqətləri təkcə fiziki hadisələrə bağlı deyil.

 

 

Dua yazana müraciət edə bilərikmi?

Xüsusi hallarda bizə icazə verilib ki, sehr və cadunu təsirsizləşdirmək biliklərinə malik dua yazana müraciət edək. Sehr-cadu gözdəymədən fərqli hadisədir. Sehr dağıdıcı həqiqətlərdəndir, insanlar arasındakı münasibətləri, dostluğu aradan qaldırır, kin-küdurət yaradır. Sehr-cadu İslamda haram əməl sayılır. Həzrət Peyğəmbər (s) buyurur: “Sehr-cadu edən məndən deyil.” (“Mustədrək”, c. 12, səh. 111) Bəzən insanlar arasında sevgi-məhəbbət yaratmaq üçün də sehr-zadudan istifadə olunur. Bu iş də lənətlənib. Sehr-cadu ilə insanların qəlbinə yol tapıb onun var-dövlətinə sahib durur, dilini bağlayır, ona əzab-əziyyət vermək üçün cinlər göndərirlər.

İslamda sehri təsirsizləşdirmək biliyinə malik olan alimlərə bu işi görmək vacibi-kifayidir, yəni sehr təsirsizləşdirilənə qədər vacibdir. (Bütün təqlid mərcələrinin nəzəri budur ki, sehr-cadu haram işdir, onu təsirsizləşdirmək vacibi-kifayidir.)

Nəticə alırıq ki, sehr dağıdıcı olduğundan alimlər və məharətli dua yazanlar sehr-cadunu təsirsizləşdirməyə vəzifəlidirlər. Bəzən sehr-cadu haralardasa gizlədilir. Onlar basdırılmış mina kimidir. Bu minaların təsirsizləşdirilməsi üçün mütəxəssislərə müraciət etmək olar. (Sehr sözünün lüğət mənası zərif, lətif deməkdir. Kim bir başqasını yumşaltmaq məqsədi ilə qeyri-təbii güclərdən istifadə edərsə bu sehrdir; (Elm və din baxımından ruh və cin, s. 295)

 

Bizim öz gözlərimizdə təhlükə varmı?

 

Söhbətimizin əvvəlində qeyd etdik ki, gözdəymənin çevrəsi böyükdür. Hamıda göz enerjisi var. Bu barədə ən dəqiq məlumatı peyğəmbərlər və vəhy təfsirçiləri veriblər. Bəzi rəvayətlərdən aydın olur ki, bir qrup insan nəinki gözü ilə bizə problem yaradır, hətta biz özümüz də gözümüzlə onlara problem yaradırıq. Buna görə də rəvayətlər tövsiyə edir ki, dost və yaxın insanların əlində bir nemət gördükdə və bundan heyrətləndikdə də dərhal “Və in yəkadulləzinə kəfəru...” ayəsini, başqa dua və zikirləri oxuyaq. Bu dua və zikrləri təkrarlamaqla gözün mənfi dalğalarını zərərsizləşdirmək olar.

Gözümüzün mənfi təsirinin qarşısını necə alaq?

Gözdəymə barədə dini mənbələrdə verilən məlumatlara və təcrübəli insanların tövsiyələrinə əsasən bütün insanların gözündə böyük enerji var. Xüsusi şəraitlərdə bu enerji işə düşür və öz dağıdıcı təsirini göstərir. Hər birimizdə belə enerji var. Təcrübədə sübuta yetib ki, bizim öz sevdiyimiz övladlarımıza da gözümüz dəyir.

Övladlarımızın evinə gedəndə və gözəl bir əşya görəndə bu bizi ehtizaza gətirir. Yaxınlarımızın boy atması, gözəlləşməsi bizi təəccübləndirir. Bəzən sevdiyimiz insanların işdə uğur qazanması bizdə sevinc yaradır. Biz bütün bu işlərdən ləzzət alsaq da, Allaha şükür etsək də, göz enerjimiz dağıdıcı təsirini göstərə bilər. İslam məktəbi göz enerjisini ilahi zikrlərlə cilovlamağı tövsiyə edir. Xüsusi zikrlərlə bu dağıdıcı qüvvənin qarşısını almaq olar. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər müsəlman qardaşınızın əldə etdiyi şey sizi təəcübləndirsə dərhal deyin: “Təbarəkallahu əhsənul xaliqin”. Çünki gözdəymə həqiqətdir.” (“Musnədi-Hənbəl, c. 3, s. 84,447) Imam Sadiqin (ə) tövsiyələri arasında belə bir tövsiyə yer alıb: “Qardaşınızın əlində olan şeydən xoşunuz gələndə, buna təəccüblənəndə dərhal deyin: “Təbarəkəllahu əhsənul xaliqin”. Bəli, gözdəymə həqiqətdir.” (“Biharul-Ənvar”, c. 60, s. 26) Kim gördüyü şeydən təəccüblənsə, heyrətlənsə, sevinsə desin: “Əllah, Əllah, maşaəllah, la qüvvətə illa billah”, bu zaman gözündə heç bir mənfi təsir olmayacaq.” (Həmin mənbə)

İmam Sadiq buyurur: “Gözdəymə həqiqətdir. Nə sən başqalarının gözündən amandasan, nə də başqaları sənin gözündən amandadır. Buna görə də gözdəymənin qarşısını almaq üçün üç dəfə de: “Maşaəllahu, la qüvvətə illa billahil-əliyyil əzim.” (Həmin mənbə)

Həzrət peyğəmbərin belə buyurduğu nəql edilir: “Gözdəymə həqiqətdir. Bir insana, heyvana, bir əşyaya baxıb onun gözəlliyindən təəccüblənəndə deyin: “Aməntu billahi və səlləllahu əla Muhəmmədin və alih”. Bundan sonra gözün mənfi təsiri aradan qalxar.” (Həmin mənbə)

Başqa bir yerdə Peyğəmbərdən (s) belə nəql olunur: “Sizlərdən birinizi müsəlman qardaşınızın var-dövləti təəccübləndirəndə dərhal deyin: “Təbarəkallahu əhsənul xaliqin”. Çünki gözdəymə həqiqətdir.” (Musnədi-Hənbəl”, c. 3, s. 447)

İmam Sadiq (ə) buyurur: Mömin qardaşda olan bir şeydən xoşunuz gələndə təkbir, (Allahu-əkbər) deyin ki, ona zərər toxunmasın.” (“Biharul-Ənvar”, c. 60, s. 25)

“Musnədi-Hənbəl” və digər sünni mənbələrində nəql olunur ki, peyğəmbər zamanında Səhl ibn Hənif adlı bir şəxs Mədinədə göldə üzdüyü zaman Abdullah Amir adlı bir şəxs ona baxıb təəccüblə deyir: “Bu günə qədər belə gözəl heykəl görməmişəm!” Bu söz onun ağzından çıxan kimi səhl haldan düşür, vəziyyəti ağırlaşır. Amir özü Peyğəmbərin (s) yanına girir və baş vermiş hadisəni danışır. Həzrət Peyğəmbər (ə) buyurur: Nə üçün öz qardaşınızı öldürürsünüz! Nə zaman müsəlman qardaşa baxıb təəccüblənsəniz deyin: “Təbarəkallahu əhsənul xaliqin.” Sən bunu demədinmi? Axı gözdəymə həqiqətdir.” Sonra Peyğəmbər Amirə göstəriş verir ki, dəstəmaz alsın. Amir dəstəmaz alandan sonra Səhlin vəziyəti yaxşılaşır. (“Təfsirul-Qurtubi”, c. 9) Bir daha qeyd edək ki, gözdəymənin səbəbi baxan insanın paxıllığı, kin-küdurəti deyil. Sevgi ilə, məhəbbət ilə baxış da təsirlidir. Necə ki, ananın öz övladına gözü dəyir. Bunun qarşısını almaq yollarından biri gözü qaçırmaqdır. Bir şeydən xoşunuz gələndə dərhal gözünüzü qaçırmğa çalışın.

Nəticə alırıq ki, həm bizim gözümüz başqalarına təsirlidir, həm də başqalarının gözü bizə təsirlidir. Ətrafdakı insanları ittiham edib özümüzü təmizə çıxarmayaq.

 

Gözün dağıdıcı enerjisinin qarşısını almaq üçün ən gözəl vasitə bunun üçün nəzərdə tutulmuş dualardır. Demək nigaran olmağa əsas yoxdur, sadəcə bu duaları öyrənmək lazımdır.

Allah qorxusundan, Əhli-beytin (ə), xüsusi ilə İmam Hüseynin (ə) məzlumiyyətinə ağlayan gözlərdən, harama qapanan gözlərdən inşallah zərərli təsir götürülər.

Çalışaq ki, bu sahə üçün nəzərdə tutulmuş duaları əzbərləyək, bir şeyə baxıb təccübləndiyimiz zaman həmin duaları uca səslə oxuyaq. Əgər  belə etsək müalicəvi zikr adı altında bir mədəniyyət formalaşar. Bizə göstəriş verilib ki, bir şey gözünüzə xoş görünəndə, gözünüzü tutanda, onu Allahın pənahında qərar verin və Peyğəmbərə (s) salam göndərin. (“Biharul-Ənvar”, c. 60, s. 25)

Nəql olunan rəvayətlərdən görünür ki, gözün mənfi enerjisinin qarşısını almaq üçün dəstəmaz almaq təsirlidir. Dəstəmaz dində bəyənilmiş əməllərdəndir. Öz gözünün mənfi təsirindən ehtiyatlanan insan bir səhnə ilə qarşılaşdıqdan sonra dəstəmaz alıb desin: “Allahu əkbər, maşaallah, təbarəkallahu əhsənul xaliqin...

Gözdəymə hadisəsi bizim ixtiyarımızda deyil və biz istəmədən baş verir.  İslam təlimlərində bilməyərəkdən baş verən bütün işlərə görə insan məsuliyyət daşımır. Yəni bu işlər ona günah yazılmır.

 

Gözü dəyən insanın vəzifələri

 

Gördüyün səhnədən təəccüblənəndə, sevinəndə dərhal de: Təbarəkəllahu əhsənul xaliqin.

Heyrətləndiyin zaman de: Allah, Maşaallah, la-qüvvətə ila billah.

Təəccübləndiyin zaman de: Maşəllahu, la qüvvətə illa bilahil-əliyyil-əzim

Əgər gördüyün səhnə səni heyrətləndirdisə dərhal de: Aməntu billahi və səlləllahu əla Muhəmmədin və alih.

Dostların əlində bir nemət görüb təəccüblənəndə de: Allahu əkbər.

Əgər gözün dəydisə və həmin şəxs zərər çəkdisə dərhal dəstəmaz al.

Gözündə təsir olan insan çalışsın ki, xoşu gələn şeylə rastlaşanda gözünü ona zilləməsin, dərhal gözünü qaçırsın.

Bütün bunlar İslamın tövsiyələridir. Gözündə təsir olanlar buna əməl etməlidir. Gözünün təsirinə özü və başqaları şahid olanlar yuxarıdakı göstərişlərə əməl etməlidirlər.

 

Üçüncü pəncərə

 

Gözün müsbət enerjisinin gücləndirilməsi

Söhbətimizin bu hissəsinə Hafizin qəlbə yatan bir beyti ilə başlayaq:

Uzun illər könül came-cəm istədi,

Özündə olanı biganədən istədi...

Hafizin bu beyti insanın potensial imkanlarına işarədir. Qədim zamanlarda gözdəyməyə qarşı dini göstərişlər bəyan olunub. Söhbətimizin bu yerində insanın potensial imkanlarından, böhranlardan keçmə məharətindən, eləcə də gözdəymənin qarşısını alma yollarından danışacağıq.

Məsumlar insandakı göz nemətinin böyüklüyündən danışıb. Gözün nuru ilə yanaşı qəlbin nurunu gücləndirmək tövsiyə olunub. Olsun ki, bu göstərişlər gözün zərərli təsirinin qarşısını alır. Dində Kəbəyə, Qurana, ata-ananın simasına baxmaqın xüsusi hikmətlərə malik olduğu bildirilir.

Əvvəlcə qeyd etdiyimiz sualı bir də təkrarlayaq: Yalnız başqaları bizə problem yaradır, yoxsa bizdə gözümüzlə başqalarına problem yaradırıq? Rəvayətlərdən alınan nəticə budur ki, bütün insanların gözündə dağıdıcı enerji var. Amma bu enerji dalğasının uzunluğu fərqlidir. Bəs dağıdıcı enerjini necə zəiflətmək olar? Eləcədə müsbət enerjini necə gücləndirmək mümkündür?

 

İslamda dəyərli baxış

 

Qurana, həzrəti Peyğəmbərin (s) nurani kəlamlarına baxmaqla ruhumuza təravət verə bilərik. Həzrət buyurur: “Gözlərinizi Quran ibadətindən məhrum etməyin.” Həzrətə sual veriləndə buyurdu ki, Qurana baxmaq, bu barədə düşünmək və ibrət götürmək ecazkar təsirlərə malikdir." (“Muhəccətul-Bəyza”, c. 2, s. 231)

Gözünün mənfi təsirindən ehtiyatlanan əzizlər həzrət Peyğəmbərin (s) göstərişlərinə itaət etməklə bu mənfi enerjinin qarşısını ala bilərlər. Qurana baxmaqla qəlbi səfalandırmaq insana müsbət enerji verir.

Allah qorxusundan və İmam Hüseynin (ə) məzlumiyyətinə ağlamaq

İnsan ağladığı zaman gözündən yaş gələn yeganə varlıqdır. Göz yaşı xüsusi bir maddədir. İnsanın nə üçün ağlaması göz yaşının tərkibinə təsirlidir. Məsələn, qadınların göz yaşı ilə kişilərin göz yaşının tərkibi arasında fərq var.

İnsan müxtəlif səbəblərdən ağlaya bilər. İnsan ağlamasına sevinc, ayrılıq, təəssüf, peşmançılıq, qəzəb, intizar, eşq, yaxınlardan ayrılıq, bəzən də soğan soymaq səbəb ola bilər. Bütün bu göz yaşlarının tərkibi fərqlidir. İslamda göz yaşı ilahi rəhmət nişanəsi kimi tanıtdırılır. Həzrəti Peyğəmbər buyurur: “Allah öz bəndələrinin qəlbinə mərhəmət vermişdir. Eyni zamanda Allah mərhəmətli bəndələrinə rəhm edir.” (“Sonuncu Peyğəmbər”, c. 6, s. 34)

Göz yaşları arasında ən dəyərli göz yaşı Allah qorxusundan ağladığın zaman gələn göz yaşıdır. Ən ağır göz yaşı fəzilətlərdən məhrum olmaq səbəbindən peşmançılıq çəkəç insanın göz yaşıdır. Ən dəyərli göz yaşı şəhidlər ağası İmam Hüseyn (ə) üçün ağlayarkən gələn göz yaşıdır.

Araşdırmalar göstərir ki, yerində ağlaya bilən insanlarda mədə və on iki barmaq bağırsaq yarası xəstəliyi nadir hallarda müşahidə edilir. Asanlıqla ağlayan insanların ürəyində problem olmur, ruhları təravətli olur. Digər tərəfdən insan ağladığı zaman onun bədənindəki zəhərli maddələr xaric olur. Bu zaman zərərli baxışlarda, enerjilərdə aradan qalxır. Buna görə də daş qəlbli insanların gözündə mənfi enerji güclü olur. Demək, İmam Hüseynə (ə) ağlamaqla gözümüzü zəhərli enerjilərdən xilas edə bilərik.

 

Diqqəti cəlb etməmək orta həddi gözləmək

 

İslam təlimlərində insanın gözəllik istəyinə xüsusi diqqət yetirilir. Müsəlmanlar paklığa, öz gözəlliyinə diqqət yetirməyə çağırılır. İslam təlimləri müsəlmanı pintilikdən, səliqəsizlikdən çəkindirir. Həzrət Peyğəmbərin (s) gözəlliyə diqqət verməsi rəvayətlərdə geniş yer alıb. Həzrət özü evdən çıxanda və ya bir şəxslə görüşə gedəndə saçlarını darayar, özünü səliqəyə salar, hətta simasını səliqəyə salarkən qabda suya baxardı. Həzrət buyurur: “Allah gözəldir və gözəllikləri sevir. Allah bəndəsində öz nemətinin əsərini görəndə razı qalır. Bir insan özünü yoxsul göstərəndə Allah qəzəblənir. (“Kənzul-Ummal”, h. 17166)

Bəzənmək dedikdə səliqəli, pak olmaq, ətirlənmək nəzərdə tutulur. Amma bu insanın özünü gözə soxması, diqqəti cəlb etməsi üçün deyil. Bəzi insanlar ətrafdakı insanların diqqətini cəlb etmək üçün qiymətli libaslar geyinir, qiymətli bəzək əşyalarından istifadə edir. Bəli, bu sahədə ifrata varanlar var. Təfrit yolunu gedənlər isə əksinə gözdəymədən qorxaraq özünü yoxsul göstərməyə çalışır, hətta tez-tez imkansızlıqdan gileylənirlər. İslam bunu da bəyənmir. Özünü cəmiyyətə göstərməyi adətə çevirən insanlar şeytanın tələsinə düşüb. Modern dünyamızda bütün təbliğat vasitələri insanları cəmiyyətə gözəl şəkildə çıxmağa çağırır. Amma burada məqsəd dəbdəbəçiliyi, kübarlığı yaymağdır. Modern dünyanın gözəlliyə çağırışı ilə İslamın gözəlliyə çağırışı arasında yerlə göy arası fasilə var. Əgər İslamın çağırışı cəmiyyətə müsbət enerji verməkdirsə, modern dünyanın çağırışı başqalarını qıcıqlandırmaqdır. Bəziləri də bir məsəli özlərinə şüar ediblər: “Palaza bürün ellə sürün.” Bunu başqa şəkildə də ifadə edirlər. Deyirlər ki, rüsvay olmaq istəmirsənsə camahat gedən yolu get. Bu gün dünyada israfçılıq ifrat həddə çatıb. İnsanlar nəyin bahasına olursa olsun ətrafdakılardan fərqlənmək, diqqəti cəlb etmək istəyirlər. İnsanların qazancı, maddi durumu onların geyimi, zahiri görkəmindən çox aşağı olur.

Belə bir nəticə çıxarırıq ki, İslam buyurduğu kimi, ən gözəl yol orta yoldur.

Orta yolu tutan, öz zahiri görkəmi ilə diqqəti cəlb etməyən insanlar gözdəymədən də amanda qalır. Demək sağlam həyat tərzinin şərtlərindən biri mötədillik, orta həddi gözləməkdir. İstər geyimin, istər ev-eşiyin, istər avtomobilin orta səviyyədə olması insanı zərərli baxışlardan müdafiə edir. Biz Allahın istədiyi həddə gözəlliyə riayət etməliyik. İmam Sadiq buyurur: “Bir insan gözəl şəkildə evdən xaric olursa “Fələq” və “Nas” surələrini oxusun ki, ona zərər toxunmasın. “Məuzəteyni” oxusa Allahın izni ilə zərərli baxışdan amanda qalar.

Bizə tövsiyə olunur ki, gözün zərərli enerjisindən qorunmaq üçün Əllərimizi qunutda olduğu kimi üzümüz qarşısında tutaq “Həmd”, “Tövhid”, “Fələq” və “Nas” surələrini oxuyaq sonra əllərimizi üzümüzə çəkək. (“Məfatihul-Cinan”, s.1006)

İnsanların bir çox problemlərinin kökü onların özünü göstərmək həvəsindədir. Bəziləri sanki cəmiyyətin diqqətini cəlb etmək üçün yaşayır. Belə insanlar həqiqi xoşbəxtliyin ləzzətini bilmir. Çünki onların görkəmi başqalarında həsəd hissi yaradır, eyni zamanda həmin insanlar üçün problemlər ortaya çıxarır. Buna görə də ətrafdakı insanları təhrik edən işlərə yol verməməliyik. Özümüzün, ailəmizin, övladlarımızın sağlamlığı üçün mötədilliyi gözləməliyik.

 

Düşüncədə müsbət surət yaratmaq

 

İnsanın mənfi düşüncələrə təslim olması onu inkişaf və uğurdan saxlayır. Bütün müvəfəqiyətsizliyimizin səbəbini bəd nəzərdə axtarmaq düzgün deyil. Biz düşüncəmizi müsbətə kökləməli, nikbin olmalıyıq. Əgər mənfi düşüncələri özümüzdən uzaqlaşdıra bilsək həqiqi səadətin ləzzətini dadarıq.

Qurani məcid behişt gözəllikləri, behişt libasları, behişt meyvələri, behiştdəki şəraitdən danışmaqla insanları gözəl həyata həvəsləndirir. Quranın bu sahədəki buyuruqları insan təsəvvüründə müsbət surət yaradır. Allah-Taala Quranda iman əhlinə müjdə verir. Bu müjdələr insanı ümidsizlik, bədbinlikdən uzaqlaşdırır.

Deyilənlərdən belə bir qənaətə gəlirik ki, bir çox insanlar özləri mənfi enerji istehsal edirlər. Mənfi düşüncələrə qapılmaq, özünü bu düşüncələrə əsir etmək ən böyük bədbəxtçilikdir. Həyatda uğur qazanmaq üçün düzgün müdiriyyətə ehtiyac var. İnsan öz həyatını, ailəsini, işini düzgün idarə etməlidir. Bu sırada ən təsirli sahələrdən biri insan düşüncəsidir. Əgər insan öz düşüncəsini düzgün idarə edə bilməsə müvəffəqiyyət qazana bilməz. Düşüncəsini idarə etməyi bacaran insan mənfi enerjilərdən də xilas ola bilər. Bəli, müsəlman nikbin və qədirdan olmalıdır. O gələcəyə ümidlə baxmalı, ixtiyarında olan nemətlərə görə şükür etməlidir. Xoşbəxtliyin ilk şərti belə bir ruhiyyədir. Belə bir ruhiyyə insan sağlamlığına müstəsna təsir göstərir. Allah təvəkkül edək ki, bizi həmişə görür və bizim çağırışlarımıza cavab verərək, ehtiyaclarımızı aradan qaldırır.

 

Əqiq və firuzə daşın təsiri

 

Şübhəsiz ki, varlıq aləmi nizamlıdır və öz hərəkəti ilə müəyyən vəzifələr yerinə yetirir. Yer üzündə və yerin altında olan nemətlər boş yerə yaradılmayıb. Onların hər birinin hikməti var. Bu sırada mədən daşları da yer alır. Mədən daşlarının insan orqanizminə müalicəvi təsiri var. Mədənçi mütəxəssislər Allahın bu nemətləri barədə heyrətamiz məlumatlar verirlər. Onlar iddia edirlər ki, firuzə canlıdır. Əqiqdə də belə bir xüsusiyyət olduğunu bildirirlər. (Daşların möcüzəsi)

İnsanlar bəşər tarixi boyu daşların xüsusiyyətlərindən faydalanıb. İnsanlarda qədim dövrdən belə əqidə olun ki, daşlar mənfi enerjini uzaqlaşdırır. Hətta daşların şeytanları qovduğu da bildirilir. İmam Sadiq (ə) buyurur: “Əqiq daş hər bəla və hadisədən hifz edir.” (“Məfahitul-Cinan”, s.1006)

Həzrət Əli (ə) buyurur ki, barmağınıza Yəmən əqiqindən qaşı olan üzük salın. Bu şeytan hiylələrini insandan uzaqlaşdırır.” (“Üsuli-Kafi”, c. 6, s. 472)

İmam Baqir (ə) buyurur: “Barmağına əqiq üzük salan insan onu əlindən çıxarana qədər Allahın himayəsindədir.” (Həmin mənbə)

 

Amma daşların gözdəymənin qarşısını alması ilə bağlı hədislərlə rastlaşmırıq. Qeyd olunur ki, bir çox mənfi enerjilər qeyb oxlarıdır. Bunları bəla kimi yada salırlar. Bəşər düşüncəsi tarix boyu mənfəətə çatmaq, zərərdən uzaqlaşmaq üçün yollar axdarıb. Bu məqsədlə İbrahim dinlərinə üz tutulub. Əqiq, Firuzə, Nəcəf dürrü müqəddəs daşlardan sayılır. Qədim dövürdə müxtəlif xalqlar bu daşlardan qoruyucu vasitə kimi istifadə ediblər. Firuzə haqqında deyiblər ki, bu daş mənfi enerjini dəf edib, müsbət enerjini özünə çəkir. Olsun ki, bu sahədə də ifrata varmalar mövcuddur. Müəllifin araşdırdığı sahələrdən biri də qədim tibdir. Qədim tibdə daşların təsirindən istifadə olunur. Olsun ki, yuxarıda deyilənlər də buna işarədir.

Nəticə alırıq ki, Əqiq, Firuzə, Nəcəf dürrü olan üzük və ya boyunbağıdan istifadə etmək qəm-qüssəni uzaqlaşdırır, duanın qəbuluna səbəb olur, insana ruzi gətirir. Allahın izni ilə bu daşların mənfi enerjiyə mane olduğu bildirilir. Hər halda ilahi nemət olan bu daşların müsbət təsirlərindən faydalanmaq lazımdır.

 

Sədəqə bəlaların qarşısını alır

 

İslam təlimlərində sədəqə yer və göy bəlalarının qarşısını alan amil kimi göstərilir. İslam sədəqəni insan üçün ən mənfəətli ticarətə bənzədir. Sədəqə verən insan bunun müqqabilində qat-qat mənfət əldə edir. Həzrəti Peyğəmbər (s) buyurur: “Gecəni sübhə çıxdıqın zaman sədəqə ver, gecənin bəlası səndən uzaq olsun.” (“Məfatihul-həyat”, s. 547) Həzrəti Peyğəmbər (s) başqa məqamda buyurur: “Allah sədəqəyə xatir insandan yetmiş növ pis ölümü uzaqlaşdırar. (“Məfatihul-Həyat”, s. 550)

Maraqlıdır ki, İslamda başqalarına kömək etmək, susuza su vermək, insanlara məhəbət göstərmək, elm öyrətmək, heyvanlara qayğı göstərmək sədəqə nümunəsi kimi qeyd olunur. Nəticə budur ki, mənfi enerjisinin qarşısını almaq üçün ən təsirli yollardan biri sədəqə verməkdir. Sədəqə bəlaları uzaqlaşdırır, zəhərli baxışları təsirsizləşdirir, səssiz güllə kimi insanı hədəfə almış bəlaların qarşısını kəsir.

 

Millətlər arasında ənənələr

 

Söhbətimizin əvvəlində qeyd etdik ki, Əhli-beyt (ə) məktəbində zəhərli baxışlardan uzaq olmaq yolu zikrdir. Zikr və duada sehr və cadu kimi pisliyi zərərsizləşdirmək gücü var. Quran oxumaq, dua və minacat, təsbih və təmcid insanı mənfi enerjilərdən qoruyur. Qədim dövrlərdən insanlar arasında belə ənənələr olub. Hər halda dini mənbələrdə verilən tövsiyələr daha əhəmiyyətlidir. Amma olsun ki, müxtəlif xalqların bu sahədəki ənənələri də hikmət sahiblərinin tövsiyəsi əsasında formalaşıb. Zaman ötdükcə buna xurafatların əlavə olunması mümkündür. Tarix boyu insanların gözdəymədən çəkinməsi və buna qarşı tədbirlərə əl atması tamamilə əsassız ola bilməz. Əlbəttə ki, bu ənənələrə xurafatlar da əlavə edilib.



Geri   İrəli
Go to TOP