A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Gözdəyməyə qarşı nə edim?
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


Gözdəyməyə qarşı nə edim?

 

İslam gözdəyməyə qarşı hansı məsləhətləri verir?

Müəllif: Zibeydə Xudayi

Bu kitab hədiyyə olunur Həzrət Fatimə övladı Həzrət Mehdinin bir baxışına!

Cümə günləri sübh, aşiqlərı göz yaşı içində onun baxışı intizarındadırlar və səmimi qalbdən oxuyurlar: “Və unzur iləyna nəzrə rəhimətən nəstəkmilu bihəl-kəramətə indək.” (Nüdbə duasından)

 

Ön söz

 

Gözdəymə dünyada yayılmış bir inancdır

 

Qədim dövrdən insanları düşündürən inanclardan biri sirli təsirə malik olan gözdür. Gözdəymə deyəndə insanlar fövqəl-elmi bir hadisə nəzərdə tuturlar. Gözdəymə həqiqətdir və buna şübhə etməyə əsas yoxdur. İslam dini gözdəymə hadisəsini qəbul edir. Quran ayələri, hədis və rəvayətlər müxtəlif şəkildə gözdəyməni təsdiqləyir. Allah-taala buyurur: “Göz, baxış təsiri bir həqiqətdir, hətta dağların zirvəsini uçurar.” (“Musnədi-Əhməd”, c. 1, s. 274; “Tibbul-Əimmə”, s. 302) Digər tərəfdən dini adətlərə qarışmış ənənələr mövcuddur. Belə ənənələr və etiqadlar da gözdə müəyyən enerji olduğunu təsdiqləyir.

Qeyd edək ki, uzun əsrlər boyu bəd nəzər barədə xürafi fikirlər də yaranıb. Gözdəymə həqiqət olduğu halda bu hadisə şişirdilib, təhrif olunub.

Bəziləri gözdəymə hadisəsində ifrata vararaq onun təsirini böyüdüblər. Düşünüblər ki, göz enerjisi həyatın bütün sahələrinə təsir göstərə bilər. Hətta öz gücsüzlüklərini, tənbəlliklərini, düşüncəsiz hərəkətlərini başqalarının bəd nəzəri ilə əlaqələndiriblər. Hətta bəd nəzərin təsiri altında olduqlarını sübuta yetirmək üçün həqiqəti gizlədib, uğurlarını pərdələyiblər. Bəziləri də gözdəymə hadisəsini kiçiltməyə cəhd göstəriblər. İddia ediblər ki, əslində belə bir təsir yoxdur və cahil insanlar xürafata uyaraq buna inanır. Amma belələri çox azdır.

Belə görünür ki, gözdəymə, bədnəzər barədə ifrat və təfritçiliklər, tərəfdarlıq və müxalifətçiliklər bu hadisənin metafizik hadisə olması ilə bağlıdır. Yəni bu hadisə fiziki hadisə yox, ruh adlanan fövqəltəbii bir qüvvə ilə əlaqəlidir. Təbii ki, təcrübi elmlərə, təbiət elmlərinə daha çox bağlanan insanlar bunu asanlıqla qəbul etməyib. Onlar heyrətlə deyirlər ki, insan gözü ilə necə zərbə vura bilər?! Gözün təsiri onları təəccübləndirir. Bəziləri də bəd nəzər qorxusundan həyəcanlanaraq çıxış yolu axtarmış və düzgün yol tapmadığından xürafat ardınca getmişlər. Bəd nəzərdən qorunmaq üçün metal nişanələrə, düyünlənmiş saplara, rəngli şüşələrə, tilsim və cadulara üz tutmuşlar. Bəşər tarixində ayrı-ayrı dövrlərdə gözdəyməyə münasibət və onun qarşısını almaq üsulları fərqli olub. Təbii ki, yaşadığımız texnologiya əsrində də münasibət fərqlidir.

Müəllif ölkə xaricinə, Asiya və Avropaya səfərlərində bəd nəzərlə bağlı bir çox xürafatlarla rastlaşıb. Xüsusilə mədəniyyətinə üz tutduğumuz avropada gözdəyməyə ifrat xürafi münasibət var. Modern həyat yaşayan insanlar gözün təsirindən ağıla gəlməyən dərəcədə qorxurlar. Müxtəlif rənglərə üz tutur, boyunbağılar asır, qolbaqlar taxır, hətta virtual aləmdə, saytlarda bəd nəzərin qarşısını almaq üçün müzakirələr açırlar. Qətiyyətlə deyə bilərik ki, bu gün avropada şər ruhların qovulması, bəd nəzər ən aktual mövzulardandır.

Əllamə Təbatəbai xürafatla bağlı yazır: “İnsan ən qədim dövrdən bu günə qədər xürafatdan təsirlənib. Bəziləri düşünürlər ki, xürafatın vətəni şərqdir. Amma bu həqiqət deyil. Əgər qərblilər şərqlilərdən xürafatçıl olmasalar da ən azı şərqlilər qədər xürafatdan təsirlənirlər.” (“Mənəviyyati-Təşəyyö”, s. 246)

Bir şərq ölkəsi olaraq İranda da  gözün dağıdıcı təsirinə etiqadların uzun tarixi var. Gözdəymənin qarşısını almaq üçün ilan fəqərəsindən tutmuş kaftar gözünədək vasitələrə əl atıblar. Yumurta sındırmaq, paltarı yandırmaq xürafat qarşısında insanların seçdiyi vasitələrdir və bu təssüf doğurur.

Təəccüblüdür ki, dini təlimlərdə gözdəymə haqqında kifayət qədər məlumat verildiyi halda bu günə qədər cəmiyyətdə lazimi araşdırmalar aparılmayıb, xürafata meydan açıq qalır. Müəyyən araşdırmalar aparılsa da, müəyyən məqalələr yazılsa da, bu sadəcə gözdəymə hadisəsi barədə məlumat xarakteri daşıyır. Amma “görünən kəndə bələdçi lazım deyil”, deyiblər. Təəssüf ki, bu günə qədər gözdəymə ilə bağlı xürafatları aradan qaldırmaq üçün dini təlimlərin köməyindən istifadə olunmayıb.

Bəd nəzər, gözdəymə ilə bağı bu qədər söz-söhbət ortada ikən təbii ki, qarşımızda vəzifələr dayanır. Bu sahədə məsuliyyət daşıyanlar insanları xurafatdan çəkindirməklə yanaşı cəmiyyətə onun elmi izahını verməlidirlər. Qeyd etmək lazımdır ki, müəllif mövzu ilə bağlı bir çox  çıxışlar, müşavirələr dinləmişdir. O İmam Rizanın (ə) hərəmi, xanım Məsumənin (s) hərəmi, müqəddəs Cəmkəran məscidi və başqa müqəddəs yerlərdə xalqın sualları ilə qarşılaşmış və bunun məhz bəd nəzərə düzgün olmayan münasibətlə əlaqələndirmişdir. Təəssüf ki, bu mövzuda müsdəqil bir kitab yazılmamışdır. Əgər mövzu lazımi həddə araşdırılsaydı, cəmiyyətə tövsiyələr verilsəydi problem həll olunardı. Bu sahədə zəruri kitabın olmaması müəllifi həmin işi görməyə sövq etdi. Bu mövzuda yazılmış məqalələr ayrıca kitab tərtib olunması üçün stimul oldu. Xüsusi ilə Cənab Doktor Mehdi Əkbərnejadın elmi araşdırması, onun həmkarı Ruhullah Muhəmmədinin yazısı mənim bu mövzuda yazmağım üçün kömək oldu. Bir növ mövzuya giriş üçün kodlar əldə etdim. (Bu mövzuda məqalə şəmsi 1388-ci ildə yazılmışdır. Məqalədə Quran və rəvayət əsasında gözdəymə mövzusu nəzərdən keçirilir.)

Bu kitabda təlaş göstərilir ki, uzun illər boyu xalq arasında gözdəymə ilə bağlı yaranmış ənənələrin etiqada çevrilməsinə diqət yönəldilsin. (Gözdəymə barədə məqalə, wikifeqh.ir) Biz bu mövzuda İslam təlimlərində yer almış məlumatları nəzərdən keçirəcəyik. Peyğəmbər və din rəhbərlərinin buyuruqları əsas meyarlar kimi götürüləcək. Çoxları bu mövzuya dinin münasibətini bilmək istəyir. Siz bu kitabı mütaliə etməklə gözdə olan enerjinin gücü ilə yanaşı ona qarşı necə dayanmaqla bağlı tövsiyələrlə tanış olacaqsınız.

Əssəlamu əla mənittəbiəl Huda

Zibeydə Xudai

Fərvərdin 1393

Müqəddəs Qum şəhəri

 

Kitab nə üçün yazılıb?

 

Məqsəd mövzu ilə bağlı yanlış düşüncə və xürafatı aradan qaldırmaqdır. Tövhid çağırışçılarının əsas vəzifələrindən biri xürafatın aradan qaldırılması olub. Onlar insanların suallarına cavab verib şübhələri aradan qaldırmaqla yanaşı insanların düşüncəsini işıqlandırıblar.

Müəllif hövzə tələbəsi olaraq göz, baxış, gözün enerjisi, gözün təsiri mövzusunu araşdırmağı özünə vəzifə sayıb. Araşdırmada ayə və rəvayətlər əsasında gözdəymə hadisəsini aydınlaşdırmağa cəhd göstərilib. Gözdəymə bir həqiqətdir, biz onun xurafat əlavələrini təmizləməliyik.

Xurafat barədə

Xurafatın köklərini insanların etiqadlarında axtarmaq lazımdır. İstər dini, istər qeyri-dini inanclarda xürafat təhlükəlidir. Xürafat nəinki dini həqiqi yolundan çıxarır, bütünlüklə dini cameəyə zərbə vurur. Xürafat inkişaf və çiçəklənmənin qarşısını alır.

Alim və tədqiqatçıların nəzərincə xürafatın çevrəsi olduqca genişdir. Bizim savadlı və savadsız dediyimiz hər iki zümrədə bu mövzuya maraq var.

Xurafat nədir? Xuarafat ərəb sözüdür. Ərəblər həqiqəti olmayan, dəyərsiz bir əhvalatı xürafat adlandırıblar. Qeyd edək ki, xüsusilə səmavi kitablar və tarixdə yer almış ən böyük xürafatlarda yəhudilərin əli var. (Hövzənin xüsusi buraxılışı, xürafatla mübarizə, 3 cild, şəmsi 1388)

Dini və qeyri xürafat nümunələri

1.Hələ də Qərbdə məsihilər arasında nərdivan altından keçmək üç üqnumun təhqiri kimi dəyərləndirilir. Bəziləri inanırlar ki, bu hərəkət insana uğursuzluq gətirir.

2.Birinci dünya müharibəsinin qızğın çağında belə bir şayiə yayılmışdı ki, əgər bir kibrit çöpü ilə üç siqaret yandırılsa üçüncü şəxs ölməlidir. Bu xurafat həmin dövrdə kibrit fabriklərinə böyük fayda verirdi.

3.Hindistanda qadın körpəsini qucağına alanda onu gözdəymədən qorumaq üçün iki qaşının arasına rəngli xal qoyurlar. (Hövzənin xüsusi buraxılışı, xurafatla mübarizə...)

4.Bəzilərində belə bir əqidə var ki, qız xörək bişirərkən mahnı oxuyarsa ərsis qalır.

5.Orta əsrlərdə Avropada xəstələrlə amansız rəftar olunurdu. Bəzi xəstəliklərə görə keşişlər xəstələri döyürdülər ki, guyə bədənə daxil olmuş cinlər ondan uzaqlaşsın.

6.Qaranlıq cahiliyyət dövründə xurafat zirvə nöqtəsinə çatdı. Dəvə saxlayanlar arasında belə adət var idi ki, dəvələrin sayı 100-ə çatanda dəvənin bir gözünü kor edərdilər. Dəvələrin sayı 100-ə çatanda onun iki gözünü kor edərdilər. Bununla gözdəymənin qarşısını alacaqlarını düşünürdülər. İslamın zühurundan sonra həzrət Peyğəmbər onları bu əməllərdən çəkinməyə çağırdı. 1400 il öncə İslam peyğəmbərinin əmri ilə heyvanlarla amansız rəftar edilməsi qadağan olundu.

Bir sözlə bəşər tarixində ən çox yayılmış xürafatlardan biri bəd nəzər, göz dəyməsidir. Hətta xalq arasında belə inam var ki, bəzilərinin gözündə fövqəladə güc var və bir baxışla insanı məhv edə bilərlər. Gözdəymə ilə bağlı həqiqət xürafata elə qarışıb ki, xürafatı həqiqətdən ayırmaq çətin olub. Təkcə müsəlmanlar arasında yox, bütün dünyada, o cümlədən Qərbdə xürafat rüsvayçı həddə cəmiyyəti bürüyüb.

 

İslam xürafata qarşıdır

 

Xürafat bütün peyğəmbərlərin, o cümlədən İslam peyğəmbərinin dövründə olub. İlahi peyğəmbərlərin əsas vəzifələrindən biri xürafatla mübarizədir. Xürafat olan yerdə dini dəyəri gündəmə gətirmək mümkün deyil. Buna görə də öncə xürafat aradan qaldırılmalıdır. Bütün ilahi peyğəmbərlər insanların fitrətini oyatmağa, onları düşüncəyə sövq etməyə çalışıb.

İslam peyğəmbəri süd anası olan Həlimə Sədiyyənin yanında idi. Bədəvi həyat yaşayan bu qadın çox mehriban idi. Peyğəmbər öz süd qardaşları ilə birlikdə səhraya getmək istəyəndə Həlimə Peyğəmbəri (s) hazırlamağa başladı. Onun saçlarına yağ çəkdi, gözlərinə sürmə vurdu, şərdən qorunsun deyə boynuna yəmən daşı asdı. O zaman peyğəmbərin üç yaşı olmazdı. Boynundan daşı açıb kənara qoydu. Sonra Həliməyə buyurdu: “ Anacan! Narahat olma. Bu nədir? Məni qoruyan Allahım var. (“Biharul-Ənvar”, c. 15, səh. 392)

Həzrət Peyğəmbərin (s) oğlu İbrahim dünyasını dəyişəndə gün tutulması baş vermişdi. Camaat danışırdı ki, günəş də peyğəmbərin oğlunun ölümünə görə qəmgindir. Həzrət peyğəmbər İbrahimin dəfnindən qabaq camaatı məscidə toplayıb minbərə qalxdı və buyurdu: “Günəş və ay Allahın iki qüdrət nişanəsidir. Günəş və ay kiminsə həyatı və ölümünə görə tutulmaz. Günəş və ay tutulanda Ayat namazı qılın. “Sonra minbərdən düşdü və camaatla birlikdə Ayat namazı qıldılar.” (“Əl-Durrul Mənsur fi Təfsiril-Məsur”, c. 3, s. 20)

İslam peyğəmbəri bir gecə öz yaxınları ilə əyləşmişdi. Bir ulduz hərəkət etdi və bir qədər hərəkətdən sonra söndü. Həzrət peyğəmbər ətrafdakılardan soruşdu: “Cahiliyyət dövründə bu barədə nə deyirdilər?” Cavab verdilər: “Bu böyük bir doğuş və ya böyük bir ölüm nişanəsi sayılırdı.” Həzrət buyurdu: “Bu fəza hadisəsidir. İnsanların ölüm və həyatına aidiyyatı yoxdur.” (“Biharul-Ənvar”, c. 22, s. 155, 156)

Yuxarıda nəql olunan hadisələrdən belə bir qənaətə gəlirik ki, həzrət Peyğəmbər (ə) öz ardıcıllarının, cəmiyyətin diqqətini Allaha yönəltməyə çalışırdı. Varlıq aləminin yaranışı barədə insanları düşündürəcək söhbətlər edirdi.

 

Kitabın məqsədi

 

İnsanların psixoloji sağlamlığı, fiziki baxımdan salamatlığı üçün gözdəymə barədə kitab yazmaq qərarına gəldim. Bu işdə istinadım dini mətnlər, İslam təlimləri, ayə və rəvayətlər oldu. Bu çox əhəmiyyətli mövzudur. Həzrət Peyğəmbər (s) buyurur: Həqiqətən göz dəymə insanı qəbrə, dəvəni qazana salar.” (“Biharul-Ənvar”, c. 63, s. 26) İmam Sadiq (ə) buyurur: “Əgər qəbrlər yarılsa görərsiniz ki, ölənlərinizin çoxu gözdəymədən ölüb. Gözdəymə həqiqətdir.” Başqa bir məqamda Peyğəmbər (s) buyurub: “Gözdəymə həqiqətdir. Hər kəs iman qardaşının əlində olan şeyə təəccüb etsə Allahı yada salsın ki, ona bir zərər dəyməsin.” (“Biharul-Ənvar”, c. 95, s. 227)

Həzrətin nurani kəlamında iki mühüm nöqtə var:

1.Heyrət və təəccüb. İnsan bir şeyi görəndə və ya eşidəndə gözün halı dəyişir.

2.Allahın zikri. Allahı zikr etməklə gözün istehsal etdiyi mənfi enerji aradan qalxır.

Beləcə, gözdəymə, bədnəzər, gözlə cadu qəbul olunmuş bir həqiqətdir. Bu hadisələri inkar etməyə əsas yoxdur. Çoxları bunu öz həyatında təcrübədən keçirib. Biz özümüz gözdəyməyə məruz qalmışıq, eləcə də gözümüzlə mənfi təsir göstərmişik. Bəziləri düşünə bilər ki, bu barədə danışmağın yeri var? İddia oluna bilər ki, bu barədə danışmaqla insanların gözdəymə qorxusunu daha da gücləndiririk. Əslində söhbətin necə təsir etməsi məqsəddən asılıdır. Bizim məqsədimiz gözdəymə ilə bağlı stresi, psixoloji gərginliyi aradan qaldırmaq, onun qarşısnı alacaq düzgün yolları göstərməkdir.

 

Bəzi suallar

 

Qeyd etdik ki, qədim dövrdən gözdə olan böyük enerjiyə etiqad olub. Əksər xalqlar, tayfalar arasında belə əqidə var. Bu barədə əfsanələr yaranıb, zərbülməsəllər deyilib. Ədəbiyyatda bu mövzuya tez-tez rast gələ bilərik. Bütün bunlar insan ruhunda olan böyük enerjidən danışır. Həmin enerjidən sui-istifadə tilsim, cadu, falçılıq bazarını qızışdırır. Göz dəymə ilə bağlı etiqada təkcə cəmiyyətin savadsız təbəqəsində rast gəlmirik. Təhsilli, yüksək elmi dərəcəyə malik insanlarda da belə etiqadlar var. (Şəmsi 1385-ci ildə Tehranda maraqlı bir sosioloji sorğu aparılıb. 18-74 yaş arasında təhsilli insanlar arasında aparılan sorğu göstərib ki, 18-35 yaş arasında olanların gözdəyməyə inamı yaşı 40-dan yuxarı olanların inamından güclüdür.)

Bütün bunlar onu göstərir ki, insan öz həyatında sirli enerjilərdən bəhrələnir. Eyni zamanda belə enerjilər onu qorxudur.

İbrahimi dinlərdə belə hadisələrə qarşı atılacaq addımların müəyyənləşməsi bir növ təhlükəsizliyin təminidir. Bu barədə bir neçə misal göstərək.

Müasir həyatda ev tikmək üçün əlaqədar orqanlardan icazə almaq lazımdır. Həmin orqanlar tikinti ilə bağlı müəyyən qanunlar qəbul edib və ev tikən şəxs bu qanunlara riayət etməlidir. Əgər riayət olunmasa cərimələrin tətbiq olunması gözlənilir. Əgər məhdudiyyətlərin nə üçün qoyulduğu barədə soruşsaq cavab verilər ki, qanunlar mütəxəssislər tərəfindən cəmiyyətin təhlükəsizliyi üçün tənzimlənib. Bina müəyyən standartlara cavab verməlidir ki, zəlzələ, tufan, sel kimi hadisələrə davam gətirə bilsin.

 

Və ya Qırmızı Aypara cəmiyyəti bəzən zəlzələ ilə bağlı manevr tədbiri keçirir. Bu zaman insanlar güclü siqnal səsindən həyəcana gəlir. Səbəbi soruşulanda deyilir ki, bu hazırlıq gözlənilən təhlükənin qarşısını almaq üçündür.

Dünya səhiyyə təşkilatı qida məhsulları, dərman pereparatları ilə bağlı qanunlar və məhdudiyyətlər tətbiq edir. Bu məhdudiyyətlərdə məqsəd insanları xəstəlik və ölümün caynağından çıxarmaqdır. Mətbuat və televiziyada xərçəng, QİÇS xəstəliyi ilə bağlı aparılan verilişlər insanları həyəcanlandırsa da bu onların gələcəyi üçün zəruridir.

Müəllif Əhli beyt (ə) xidmətçisi olaraq gözdəymədən danışmaqla insanları həyəcanlandırmaq, diqqəti bu hadisəyə yönəltmək fikirində deyiləm.  Əksinə mən insanların psixoloji sağlamlığı üçün bir həqiqət olan gözdəymə hadisəsinə düzgün yanaşma yollarını araşdırıram. Mən bunu özümə vəzifə bilmişəm və cəmiyyətin gözdəymə ilə bağlı məlumatlandırılması faydalıdır. Quran və məsumların buyuruqlarına əməl etməklə biz bir çox təhlükələrdən qurtara bilərik. Dini göstərişlərdən xəbərsiz qalsaq həyatın ləzzətini, aramlığın nə olduğunu bilmərik. Bu gün sionistlərin fitnəkarlıqları, insan psixologiyası üzərində aparılan təcrübələr diqqətimizdən yayınmamalıdır. Əgər mövzuya belə qurucu şəkildə yanaşsaq günümüzə hakim kəsilmiş süstlüyü, ümidsizliyi, bədbinliyi aradan qaldıra bilərik.

 

İlk pəncərə

Göz ən böyük ilahi nemətdir

 

Qurani-kərimin “Bələd” surəsinin 8-ci ayəsində buyurulur: “Məgər insan üçün iki göz qərar vermədik?!” (Ələm nəcəl ləhu əynəyn) Quran həyat kitabıdır. Bu kitab insanları düşünməyə çağırır. Quran insanları ilahi nemətlərlə tanış edir. Allahı tanımaqla insan öz həyatından daha çox bəhrələnə bilər. Təbii ki, Allahı tanımaqla yanaşı onun nemətlərini tanımaq lazım gəlir. Ayədə insana göz neməti xatırladılır. Sualın cavabı onun özündədir.

Bu günə qədər gözün necə böyük nemət olması barədə düşünmüşük? Göz beyindən sonar insan orqanizminin ən mürəkkəb üzvüdür. İnsan gözündə 2 milyondan artıq fəal və həssas nöqtə var. İnsan gözündə 120 milyon mikrolif və 70 milyon makrolif mövcuddur. İnsan gözü hər saatda 36 min bayt informasiya toplayır. Göz əldə olunan ümumi məlumatın 85 faizini insanın ixtiyarına verir. Bütün bu heyrətamizliklərə nəzər saldıqda ağıl əmr edir ki, deyək: “Pərvərdigara yoxdur Səndən başqa Məbud, Sən paksan, şübhəsiz mən zalımlardan oldum.” (“Ənbiya”, 87)

Göz neməti

Gözün funksyaları olduqca böyükdür, quruluşu mürəkkəbdir. İnsan öz gözünün quruluşunu və funksiyalarını lazımca bilsə bu onun Allah qarşısında baş əyməsi üçün bəs edir. Bu araşdırmalar bəşəriyyətin üzünə elm qapıları açır. Mömin insan mərifət gözünü açmaqla ibadətdən aldığı ləzzəti gücləndirir, Allaha bir aşiq olaraq pərəstiş edir. Gözlər hər bir insanın durumunu, daxili vəziyyətini bildirir. İnsanın daxili aləminə onun gözü ilə nüfuz etmək olar. İnsanın qorxusu, eşqi, başqa  hisləri onun gözlərindən oxunur. İnsan xəstələndiyi zaman bu xəstəlik onun gözlərində özünü göstərir. Qan azlığı, böyrək çatışmazlığı kimi xəstəliklər göz vasitəsi ilə müəyyənləşdirilə bilər. İnsan gözləri yaranış hikməti və fitrəfə uyğun olaraq bəzi şeylərə maraqlıdır. O nəyisə sevir, nəyəsə nifrət edir. Bəzi görüntülər insan gözünü yorur, bəzi görüntülər onun yorğunluğunu aradan qaldırır. İnsanın dünya ilə rabitəsində göz ən güclü vasitədir. İnsan danışmadan gözü vasitəsi ilə rabitə yarada bilər. İnsan gözəlliyində də gözün xüsusi rolu var. Allah-taala behişt zövcələrini vəsf edərkən onların gözlərini yada salır. Elə həyatda da belədir. Bir insanın gözəlliyindən danışarkən onun gözlərindən başlayırıq. İri, qara nüfuzlu gözlər göz üçün bir tərifdir. Göz Qiyamət günü insan əməllərinə şəhadət verən orqanlardandır. (Bax: Fussilət surəsi, ayə 20) Bəli, göz bir nemətdir. Göz qiyamət günü bir kamera kimi çəkdiklərini ortaya qoyasıdır. Sevgi və nifrət gözdə özünü göstərir. Bir sözlə, göz insan həyatında baş verən hadisələrin əsas izləyicisidir.

İmam Sadiq (ə) Müfəzzələ xitabən buyurur: “Bax, gör insan gözləri minarə üzərində çıraqlar kimidir. Göz insanın baş hissəsində yerləşib ki, daha əhatəli görə bilsin.” (“Tövhidi-Müfəzzəl”, səh. 61)

İslam bir nemət olaraq gözü yüksək dəyərləndirir. Gözün insanın cism və ruhuna xüsusi təsiri var. “Nur” surəsində bu barədə buyurulur ki, möminlər (harama baxmaqdan) gözlərini yumsunlar; iman əhlinə de ki, nəfs istəklərinə gözlərini qapasınlar…(Bax: “Nur” surəsi, ayə 30, 31)

 

Aydın məsələdir ki, cismin sağlamlığı qida, halal ruzi, orqanizmin tələblərinə uyğun pak qidalanma ilə təmin olunur. Ruhun sağlamlığında da göz və qulağın xüsusi rolu var.

İnsan göz vasitəsi ilə elmi biliklərə yiyələnir, müxtəlif informasiyalar əldə edir. İslamda “hərim” adlandırılan bir anlayış var. Əslində bütün dünyada bu anlayış müxtəlif ifadələrlə öz əksini tapıb. Hərim dedikdə yalnız şəxsə məxsus olan fəza nəzərdə tutulur. Əslində hər bir mövcud üçün hədd-hüdud, hərim sərhədləri var. İslamda hərimə malik olan şeylərdən biri göz nemətidir. Bu nemət qarşısında hədlər gözlənildikdə onun dəyəri böyük olur.

Şair Cavad Mühəddisi yazır: Gözləri dəyərdən salan başqalarının həriminə münasibətdə həddi gözləməmək, başqalarına məxsus olan hərimə nüfuz etməkdir. Göz dəyərli gövhər, böyük ilahi nemətdir. Gözün dəyəri insanın bütün vücudunun dəyərinə bərabərdir. İslam şəriətində bir şəxsin iki gözü çıxarılarsa həmin şəxsə tam bir insanın diyəsi ödənilməlidir. (“Risaleyi-Novin”, c. 4, s. 285) Amma insan başqasının həriminə, evinə, namusuna oğurluq baxarsa və baxdığı zaman vurub onun gözünü çıxararlarsa bu gözün diyəsi yoxdur. Beləcə göz dəyərsiz də ola bilər. İcazəsiz, hədd gözləmədən, harama düçar olaraq başqasının həriminə yönələn göz günaha batır. ( Mühəddisi, “Əxlaqi-müaşirət”, s. 126)

Gözdən lazımınca faydalanmaq üçün, Zəhra Yusifinə nəzər salmaq ləyaqəti qazanmaq üçün, gözə nəzarətdə ilahi eşq, Əhli-beyt (ə) məhəbbətindən kömək almaq lazımdır.

İslamda  gözün saflığı və sağlamlığı istedadların çiçəklənməsi səbəbi kimi göstərilir. Belə göz sayəsində ilahi hikmət və ilham əldə olunur. Xain, haram baxış insan gözünün saflığına təhlükə yaradır. Başqasının həriminə gizli baxmaq, şorgözlük, xalqın namusuna göz dikmək İslamda qadağandır. Bəs gözü necə qorumaq olar? Bunun yolu imanı gücləndirməkdir. Allah-taala öz bəndələri ilə rabitəsi haqqında buyurur: “Harada olsanız Allah sizinlədir, o bütün işlərinizi görür.” (“Hədid”, 4)

Həzrət Əlinin (ə) düşündürücü nurani kəlamlarının birində buyurulur: “Gözünü günahdan qoruyan insan cözəl xüsusiyyətlərə sahib olar.” (“Mizanul-Hikmə”, c. 10)

İslam peyğəmbəri xain baxış haqqında buyurur: “Pis baxış şeytanın zəhərli oxlarındandır.” (“Mizanul-Hikmə”, c. 10)

Qədim zamanlarda döyüşdə oxdan istifadə olunurdu. Çox vaxt oxun ucunu zəhərə batırırdılar ki, düşmən ox yarasından ölməsə də zəhərin təsirindən ölsün. İmam Sadiq (ə) buyurur: “Pis baxış şeytanın zəhərli oxlarındandır.” (“Mizanul-Hikmə”, c. 10) Bu qəbil rəvayətlərdə gözün təhlükəli enerjisindən, dalğalarından, şüalanmasından danışılır. Bu insanın həm ruhuna, həm də cisminə təsirlidir. İnsan gözünə nəzarət etməklə həm özünü, həm də başqalarını onun təhlükəsindən qoruya bilər.

Bir növ baxış da təhqiramiz baxışdır. Təhqiramiz baxış İslamda günah sayılır və haram kimi dəyərləndirilir. Məhəbbətli baxış insanın yüksək ruhiyyəsindən danışır. İslam insanda bu ruhiyyəni gücləndirmək yollarını göstərir. Təhqiramiz baxışlar qadağan olunmaqla yanaşı tövsiyə edilir ki, insan din qardaşlarına hörmətlə yanaşsın, onlarla mehriban davransın, xoş üz göstərsin. (Həzrət peyğəmbər buyurur: “Öz müsəlman qardaşını bir kəlmə sözlə əzizləyən insan, onun qəmini aradan qaldıran şəxs əzizlədiyi müddətdə Allahın mərhəməti sayəsindədir; “Əl-Kafi”, c. 2, s. 206) İslam tövsiyə edir ki, Allah bəndələrinə mehriban baxışla onlara sakitləşdirici enerji verin. İslamda haram edilən baxışlardan biri də eyb axtaran baxışlardır. İslamda istənilən bir şəkildə insanların eyblərini açmaq qadağan olunur. (Həzrət Peyğəmbər (s) buyurur: “Ey müsəlmanlar, ey dildə iman gətirib qəlbində həqiqi imanı yerləşdirməyənlər! Müsəlmanları məzəmmət etməyin, onların eyblərini açmayın. Kim müsəlmanın eybini açsa Allah da onun eybini açar.” “Əl-kafi”, c. 2, s. 182) Eləcə də əxlaqsız səhnələrə, filimlərə baxmaq İslamda məqbul sayılmır. Belə çirkaba batan gözlərdə İmam Mehdinin (ə) camalını seyr etmək ləyaqəti qalmır.

Xəcə Əbdullah Ənsari deyir: “Nə yolla olursa olsun insanların qəlbinə yol tap ki, bir şəxs olasan.” (Ənsari, minacat, məqalələr, s. 35) Bəli, İslamda vacib əmrlər və qadağalar əsasında gözə nəzarət etmək, onu tərbiyələndirmək müsəlmanın mühüm vəzifələrindəndir.

 

Gözdəymə sözü ilə tanışlıq

Məhəmməd Hüseyn ibni Xələf Təbrizinin “Bürhan” kitabında göz dəymə barədə deyilir: “Gözdəymə insanlarda bir şeyi görüb tərifləməklə ona zərər, nöqsan gətirilməsidir”

Gözdəymə hadisəsi insanların baxışından sonra ortaya çıxan hadisədir. Bu metafiziki bir hadisə sayılır. Kimsə onu qəbul edir, kimisə rədd edir.

Gözdəyməyə verilən bütün təriflərdə əsas mövzu zərər, dağıdıcılıq, nöqsan yetirilməsidir. Fars dili ensiklopediyasında deyilir: “Kimin gözündə belə bir təsir olduğu ehtimal edilirsə ona bəd nəzər deyirlər.”  (Fars dili ensiklopediyasi, c. 4)

Nəticə bu olur ki, nüfuzlu baxışlarla qarşı tərəfə zərər yetirilməsi göz dəymədir, və baxan şəxsə bəd nəzər deyirlər.

 

Kimin gözü dəyir?

 

Gözü dəyən insanlar haqqında çox danışılır. Bəziləri iddia edir ki, paxıl insanların gözündə belə təsir var. Onlar bir şeyi görüb xoşladıqda həsrət çəkirlər və xayınlıq hissi yaşayırlar. Bəziləri isə iddia edir ki, gözündə belə təsir olan insanların düşmən olması zəruri deyil. Dostlarda, yaxın insanlarda, rasltaşdığın insanlarda belə təsir ola bilər. Bu insanların həsəd aparması zəruri deyil. Onlar bir şeyə sevgi ilə baxdıqları zaman həmin şey təsirə məruz qala bilər.

Bəziləri bir qədər də ifrata vararaq deyirlər ki, ana övladını çox sevdiyindən ona gözü dəyə bilər.

 

Ayə və rəvayətlərdə nə deyilir? 

 



  İrəli
Go to TOP