A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ZƏRİF MƏQAMLAR (Beşinci cild)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

19. Qərbdə elmin sekulyarlaşdırılması

Dünyada elmin sekulyar mahiyyətli olmasını və dəyərlərlə heç bir əlaqəsi olmadığını sübuta yetirmək üçün çox çalışdılar, onun üçün fəlsəfə düzəltdilər, dəlil göstərdilər.

Həqiqət budur ki, elm və ağıl ikitərəfli qüvvələrdir. Onlar dəyərlərə də xidmət edə bilərlər, heyvanlığa və yırtıcılığa da. Bu, elmin idarəsinin kimin əlində olmasından asılıdır. Əgər elmin idarəsi dünyagir, pulpərəst və müstəmləkəçi insanların əlində olsa, bu gün dünyada müşahidə etdiyiniz olacaq; yəni elm müstəmləkə, istismarçılıq, xalqların təhqiri, işğalçılıq, pozğunluq, seks və heroini yaymağa vasitə olacaq. Elm olmasaydı, müstəmləkə də olmazdı. Avropalılar elmlərinin sayəsində dünyada ölkələri müstəmləkəyə çevirdilər. Əgər elm düzgün insanlar tərəfindən idarə olunsa, belə hallar qarşıya çıxmaz və elm bəşəriyyətin xidmətində durar. Onda bu qüdrət var. Buna görə də, elmi sekulyarizə etməyə, onun dəyərlə birgə olmadığını isbatlamağa çalışmaq çox böyük bir çaşdırma və hiylədir. Xeyr! Elm dəyərlə birgə ola bilər. İslam mənəviyyatının heyvanlıqla, fəsadla və elmdən sui-istifadələrlə problemi var, elm, texnologiya və tədqiqatla yox. Mənəviyyat elmlə birgə ola, elm və tədqiqatın nəticələri mənəviyyat istiqamətində hərəkət edə bilər.[19]

 

20. Qərblilərin elmi üstünlüyü onlardan mədəniyyət öyrənməyə dəlil deyil!

Bəziləri belə düşünürlər ki, qərblilər elmi cəhətdən bizdən üstün olduqlarına görə, biz mədəniyyəti, inancları, həyat tərzini, ictimai və siyasi münasibətləri də onlardan öyrənməliyik. Bu, düzgün deyil. Əgər çox gözəl və sevdiyiniz bir müəllim sizə dərs verirsə, bu o deməkdir ki, onun xoşu gəlsin deyə, mütləq onun paltarı rəngində paltar geyinməlisiniz?! Əgər bu müəllimin pis bir adəti varsa, siz də bu adəti ondan öyrənməlisiniz?! Məsələn, müəllim dərsin ortasında əlini burnuna salırsa, siz ondan elm öyrənirsiniz deyə, bu işini də yamsılamalısınız?!

Avropalıların səhv işləri və çirkin hərəkətləri olduqca çoxdur. Nəyə görə bunları öyrənməliyik?! Qərblilərin elminə ürəkdən məftun olan bir nəfər deyirdi ki, biz təpədən dırnağa qədər qərbləşməliyik. Niyə? Biz iranlıyıq, iranlı da qalmalıyıq; müsəlmanıq, müsəlman da qalmalıyıq. Onların elmi bizdən çoxdursa, eybi yox, biz gedib onlardan elm öyrənərik. Nəyə görə adət-ənənələri, mədəniyyət və rəftarları da onlardan öyrənək?! Bu, çox yanlış məntiqdir. Onlar hər hansı bir səbəbə görə qalstuk adlı bir şeyi boyunlarına dolayırlar. Biz onları bu işə görə qınamırıq, qalstuk onlarındır. Amma biz də onları yamsılamalıyıqmı?! Bu iş üçün bizim məntiqimiz nədir?! Biz nə üçün onların geyimlərini, rəftarlarını, davranış və danışıq tərzlərini və hətta ləhcələrini yamsılamalıyıq?! Mən bəzən televiziyada bizim müxbirimizin dünyanın hansısa nöqtəsindən farsca bir reportaj verdiyini izləyirəm. O, farsca elə danışır ki, elə bil bir ingilis fars dilində danışır. Bu, milli qürurun zəifliyindən və həqarət hissindən doğur.[20]

 

21. İndiki nəslin özünə inamsızlığı Qərb texnologiyasının əzəmətinə görədir!

Təəssüf ki, yeni nəsil bizim keçmişdə olan elmi nailiyyətlərimizdən xəbərsizdir. Siz elm adamları kimi, ölkəmizin elm tarixinin necə şanlı olduğunu bəlkə bizdən də yaxşı bilirsiniz. Bəzən nəyisə aşağılamaq üçün onun Orta əsrlərə aid olduğunu deyirlər, amma bilmirlər ki, Orta əsrlər Avropa üçün xəcalət dövrü, bizim üçün isə nur çağıdır.

Siz hicrətin dördüncü əsrinə baxın. Adam Mitsin “Dördüncü hicri əsrində İslam mədəniyyəti” kitabı göstərir ki, bütün İslam məmləkətləri dünyanın elm bazarı və onun əsas mərkəzi də İran olmuşdur; yəni İsfahan, Rey, Fars, Xorasan, Hərat, Mərv və s. Bu şəhərlər dünya elminin mərkəzi və zirvəsi olmuşdur. Təəssüf ki, bugünkü nəsil bunları bilmir. Əlbəttə, dediyim bu sözləri yüz dəfə eşidiblər, hamı kitabında yazıb, hər yerdə danışılıb, amma buna inam yoxdur. Dillə deyilməsə də, bugünkü və bundan qabaqkı nəsildə İranın keçmişinə dair inamsızlıq haləti var. Səbəbi də budur ki, Qərb sivilizasiyası və nəhəng texnologiya hər yeri o qədər bürüyüb ki, heç kim öz keçmişinə baxmağa cürət etmir.[21]

 

22. Qərb ölkələrində təhsil alanlarda milli və mədəni kimliyin unudulması

Bir dönəmdə bizim ölkənin cavan nəslinin başına böyük bir bəla gəldi. O da bu idi ki, onlar elm öyrənmək üçün başqa ölkələrə getdilər; elm öyrəndilər, amma daha əhəmiyyətli bir şeyi unudub orada qoydular. Bu, onların mədəni və milli kimliyi idi. Onlar qayıtdıqları ölkədə dəyərli alim olmalarına baxmayaraq, bir əcnəbi kimi rəftar etdilər, öz ölkələrinin və xalqlarının köklü məqsədlərinə lazımi xidməti göstərə bilmədilər. Bir dönəmdə bizim ölkəmizdən gedib Avropada təhsil alanların çoxu asılılığa səbəb oldular. Çünki öz kimliklərini, milli mənliklərini itirmişdilər.[22]

 

23. Qərb dünyasının ən böyük çatışmazlığı kainatın düzgün dərkinə əsaslanan bir ideologiyanın olmamasıdır!

Avropanın, adətən, Qərb dünyasından və onun əlaltılarından ibarət bugünkü hakim dünyanın ən böyük çatışmazlığı düzgün təfəkkürə və kainatın düzgün dərkinə əsaslanan bir düşüncə və ideologiyanın olmamasıdır. Onların ən böyük çatışmazlığı budur, buna görə də, ardıcıl olaraq yalançı ideologiyalar düzəltməyə çalışırlar. Bizim inqilabımızdan qorxmalarının ümdə səbəblərindən biri budur ki, bu inqilabın düzgün dünyagörüşünə və yaradılış aləminə dair məntiqli və möhkəm dərkə əsaslanan, düzgün tərif olunmuş bir təfəkkürü vardır. Buna əsasən, bizdə hər kəs bilir ki, dünyanın və yolun harasında yerləşir, hansı istiqamətə hərəkət edir. Bu zaman həyat da, mübarizə də məqsədli olur.

İslam təfəkkürünə görə, insan həyatının məqsədi kamillik zirvələrinə çatmaqdır: maddi gözəlliklə yanaşı olan mənəvi təkamülə, necə deyərlər, dünyadan keçən axirətə, yüksək maddi gücə, mənəvi istiqamətlərə, etikaya və həqiqi bəşəri hisslərə malik mütərəqqi və mənəvi bir ölkə və ədalətli cəmiyyət qurmağa nail olmaq. Görün nə qədər uca və gözəl bir məqsəddir! Qərblilərin belə bir şeyi yoxdur. Bir-birinin belinə mindirdikləri bütün bu sivilizasiya və yarış xudpəsəndliyə, şəxsi maraqlara dayanır. Buna görə də, bu yarışda bir yerdə qələbə əldə edirlər, amma başqa bir yerdə problemlər çıxır. Bu əxlaqi anormallıqlar, düşüncə boşluqları, cavanların sinir pozğunluğu, iztirabı və məqsədsizliyi sözügedən xudpəsəndlikdən, eqoistlikdən və şəxsi maraqların birinciliyindən qaynaqlanır. İslam quruluşunda isə belə deyil. İslamın fəlsəfi təfəkkürü və İslam əsaslarının düzgün anlayışı insanın hər an harada, yolun harasında olduğunu və hansı səmtə doğru hərəkət etdiyini bilməsinə kömək edir, hadisələri analiz etmə qabiliyyəti yaradır və hər bir şəraitdə vəzifəsini müəyyənləşdirir. Bu gün bizim cavanlarımız belə olmalıdırlar![23]

 

24. Ölkənin tələbə nəsli bilsin: Bu gün elmi üstünlük qərblilərdədirsə, iş və iradə sayəsində sabah onu özümüzünkü edə bilərik.

Biz dünya elmindən iki yüz il geri qalmışıq. Amma elmin sərhədlərinə çatmaq o demək deyil ki, avropalıların iki yüz ilə getdikləri yolu biz də iki yüz ilə gedək, sonra onların bu gün çatdıqları yerə çataq. Yox, belə deyil, biz kəsə yollar tapmalıyıq. Biz elmi öncüllüyü avropalılardan almalıyıq. Biz öyrənməyə utanmırıq. İslam deyir ki, dünyada bir neçə qrup var. Onların biri bilmədiklərini öyrənmək fikrində olanlar, öyrənməyə utanmayanlardır. Biz bu gün bəşər beyninin, istedadının nəticəsi olan elmləri öyrənirik. Bilmədiklərimizi böyük məmnuniyyətlə öyrənirik, müəllimlərimizə hörmət də edirik, bizə elm öyrədənlərə hörmətsizlik etmirik. Amma ayrısından elm öyrənmək şagirdin həmişə şagird qalması mənasında başa düşülməməlidir. Biz bu gün şagirdik, sabah onların müəllimi olacağıq. Necə ki, onlar bir gün bizim şagirdimiz idilər, amma indi müəllimimiz olmuşlar.

Qərblilər elmi bizdən öyrəndilər. Siz Pier Russonun Elmlər tarixi kitabına baxın: Dörd-beş əsr öncə bir tacir Avropa ölkələrindən birində bir müəllimə müraciət edir, deyir ki, istəyirəm övladım dərs oxusun, onu hansı məktəbə yollayım? Müəllim cavab verir ki, əgər dörd riyazi əməllə - toplama, vurma, çıxma və bölmə ilə kifayətlənirsənsə, onu bizim, yaxud digər bir Avropa ölkəsinin istənilən məktəbinə yolla, amma bundan artığını istəyirsənsə, onu Andalusa, yaxud müsəlmanlar yaşayan başqa bir bölgəyə göndərməlisən. Bunu Pier Russo yazır, mənim sözüm deyil.

Xaç yürüşləri bu sahədə onlara kömək etdi. Onlar bizdən öyrəndilər. Onların alimlərinin bu bölgələrə səfərləri bizdən öyrənmələrinə səbəb oldu. Həmçinin bizim alimlərimizin səfərləri və kitablarımızın aparılması onlara böyük kömək göstərdi. Bir gün onlar bizdən öyrəndilər, bizim şagirdimiz oldular, sonra isə bizə müəllimlik etdilər. İndi də biz onlardan öyrənirik, onların şagirdi oluruq və sonra onlara müəllimlik edəcəyik. Buna görə ölkəmizin tələbə, tədqiqatçı və alim nəsli bilsin ki, bu gün elmi üstünlük qərblilərdədir, amma sizin əmək və iradəniz sayəsində yaxın gələcəkdə onu sizdən öyrənə bilərlər.[24]

 

25. Qərb elmi sindromunun mənfi təsirləri

Başqalarının öz elmi nailiyyətlərini, formul və nəzəriyyələrini öyrətmələri, öyrənənlərin də dərinliyə varmadan öyrənmələri heç bir ölkənin inkişafına kömək etməz; nə bizim, nə də başqa ölkənin.

Keçmişdə bu ölkədə elm bulaqları qurumuşdu. Bu iş müxtəlif yollarla baş tutmuşdu. Biri bu idi ki, Qərbin elmi tərəqqisi qarşısında ölkəmizdə belə bir təsəvvür çox ciddi şəkildə formalaşmışdı və təkidlə deyilirdi ki, iranlı qadir deyil, iranlı bacarmır, iranlının elm və sənaye inkişafı üçün lazım olan istedadı yoxdur. Bu gün bu söz sizin qulaqlarınıza tanış deyil, amma bilin ki, uzun müddət ölkədə bu düşüncə tərzi yayılırdı. Deyirdilər ki, iranlı ancaq ədəbiyyatı bacarır, özü də poetik ədəbiyyatı - gülü-bülbülü və sair belə məsələləri. Ədəbi araşdırmalarımızı da avropalılar və Avropa şərqşünasları aparırdılar, iranlı ciddi və əsaslı işləri bacarmırdı. Elmi yoxsulluğun nəticəsi sənaye yoxsulluğu oldu. Sənaye yoxsulluğunun nəticəsində adi dünya yaşayışı səviyyəsinə nail olmaq üçün bütün ehtiyatları xərcləməli olduq; yəni həmişə idxal etdik, montaj sənaye yaratdıq, başqalarının ardınca qaçdıq, neft və digər daxili ehtiyatları əldən verdik. Başqa bir nəticəsi də bu oldu ki, bu ölkədə humanitar istedadlardan əlavə, həm də çoxlu təbii potensiallar məhv oldu. İnsanlar alim olmadıqda, sənaye, elm və texnologiyaları olmadıqda, özlərinin təbii sərvətlərindən xəbərsiz qaldılar.

Uzun illər ötürdü; bu ölkədə neft var idi, amma heç kim bilmirdi ki, o nədir və hansı işə yarayır. İnkişaf etmiş əcnəbilər isə onu tanıyır, işləndiyi yerləri yaxşı bilirdilər. Buna görə də, gəlib onu kəşf etdilər, ona sahib çıxdılar və öz xeyirlərinə işlətdilər. Həm bizim ölkəmizdə, həm də dünyanın çoxlu neft ölkələrində belə etdilər. Bütün bunlar elmi geriliyin nəticəsidir.[25]

 

26. Qərb və hegemonizm dini xalqların tiryeki kimi tanıtdırdılar!

Qurucu hərəkətlərdə din-imanın böyük təsiri var. Lakin bunun əksinə olaraq, Qərb dünyası və hegemonizm uzun illər dini uyuşdurmaq, mürgülətmək, bir kənara çəkilmək və dünyadan küsmək kimi tanıtdırmışlar. Siz İmam Xomeyniyə nəzər salın. O, həqiqi bir dindar idi, görün dünya işlərində, siyasətdə, müxtəlif hadisələrdə və quruculuqda nələr etdi. Dinin təsiri belədir. Dinin xalqlar üçün uyuşdurucu olduğunu deyənlər dini tanımamışlar, yaxud da qərəzli olaraq belə danışırlar. Onlar bəlkə doğrudan da dini tanımamışlar. Onlar din adlanan və uyuşdurucu olan tamam başqa bir şeyi görür, dinin uyuşdurucu olduğunu düşünurdülər. Xeyr, din uyuşdurucu deyil. Onların gördüyünün uyuşdurucu olması mümkündür, amma İslam dini oyadan və yaşadandır.[26]

 

27. Müsəlman və Qərb romanlarının müqayisəsi

Yüsif peyğəmbərin hünəri təkcə bir cinsi ləzzətdən imtina etmək deyil, daha böyükdür. Siz tam kübar bir ailədə, evin xanımının xüsusi diqqət mərkəzində olan və evin kişisinin etimad etdiyi gözəl və ləyaqətli bir cavanı təsəvvür edin. Misir əzizinin evində hər cür insan mövcuddur: nökər, xidmətçi, işçi və sair. Şəxsiyyətli, ağıllı, gözüaçıq, nəcabətli, pak və olduqca gözəl olan bu cavan evin kişi və qadını tərəfindən sevilir. Bu evin bütün üzvləri bu cavana hörmət edir və əmrlərini yerinə yetirirlər.

Bu gənc bir imtahanla üz-üzə qalıb. Bu imtahanın təfərrüatını, qadının dəvətini və bu cavanın imtahandan necə uğurla çıxdığını hamınız eşitmisiniz, bilirsiniz. Öz ehtirasına üstün gəlmək məsələnin kiçik tərəfidir. Görün Quran nə qədər zəngindir! Bu hələ məsələnin kiçik tərəfidir.

Mən Qərb mədəniyyətinin çirkinliklərini ona görə təkrarlayıram ki, müqayisə məqamında aydınlıq və zülmət, təmizlik və çirkinlik qarşı-qarşıya dayanır. Tanınmış yazıçı Stendalın “Qırmızı və Qara” adlı məşhur hekayəsi yüz ildir bütün dillərə tərcümə olunub. Bu hekayə bir neçə il əvvəl fars dilinə də çevrilmişdir. Burada da oxşar vəziyyət var: Bir gənc evə daxil olur. Əlbəttə, ev nisbətən kübardır, amma Misir əzizinin evi kimi deyil. Cavan da Yusif kimi deyil, amma həmin hadisə baş verir. Yəni evin xanımı bu oğlana aşiq olur. Bu qadınla gənc arasında baş verənlər cinsi murdarlığın, xəyanətin, alçaqlığın, vəfasızlığın, şəhvətpərəstliyin və nəfsə qul olmanın bariz nümunəsidir. Stendal Qərb ədəbiyyatının korifeylərindəndir. Bu kitabına görə onun adı Fransanın birinci dərəcəli roman yazıçıları sırasında çəkilir. Bu əsər dünyanın ən yaxşı və ən məşhur on romanından biridir.

Baxın, belədir. O da dərsdir. Romanı təkcə baş qarışdırmaq üçün yazmırlar, onun mesajı var və bir mədəniyyətin göstəricisidir. Roman öz oxucusuna bir növ həyat dərsi verir. Quran belə bir imtahan qarşısında Yusifi elə təsvir edir ki, insan bu əzəmətə heyran qalır. Həssas bir şəraitdə qadın bu cavanı yaxalayır, amma cavan onun əlindən qaçır və dərhal ittiham olunur. Bu zaman Misir əzizini otağın qarşısında görürlər.[27] Qadın tez bu cavanı ittiham edərək deyir ki, günahkar budur. Sonra o, günahsız olduğuna görə xilas olur, qadının günahı sübuta yetir.

Bəli, bu, böyük bir imtahandır. Elə bir imtahandır ki, zəif formasında belə minlərlə insandan biri də uğurla çıxmır. Burada Yusif paklıq və təqva simvoluna çevrilir, lakin bundan da üstünü sonra gəlir.

Misirdə söz-söhbət gəzir ki, əzizin xanımı öz xidmətçisinə aşiq olub. O, ittihamları uzaqlaşdırmaq məqsədilə Misirin qadınlarını evinə dəvət edir və meyvə soymaq üçün hər birinin qarşısına bir bıçaq qoyur. Bunlar nağıl deyil, Qurandır, gerçəyin mətnidir. Müxtəlif məsələlərdə lazımsız məqamlardan yan keçən Quran burada məsələni təfərrüatı ilə çatdırır. Qadın qonaqlarının hər biri üçün bir mütəkkə hazırlayır və sonra Yusifi qadınların gözü qarşısında məclisə daxil edir[28]. O, ittihamı özündən uzaqlaşdırmaq istəyir. Hansı ittihamı? Bu cavana aşiq olmaq ittihamını? Yox, yersiz hərəkət ittihamını. Demək istəyir ki, mən hərəkətini bilməyən qadın deyiləm. Yusif budur; kim belə bir gözəllikdən imtina etmək istəyirsə, buyursun. Yusif məclisə daxil olur. Qonaqlar Yusifin gözəlliyinə elə heyran olurlar ki, hamısı əllərini kəsirlər. “Qəttə`nə”[29] sözü ilə “qətə`nə” sözünün fərqi var. Qətə`nə - yəni kəsdilər. Qəttə`nə isə - yəni ciddi şəkildə yaraladılar. Şoka düşdüklərindən nə etdiklərini bilmirdilər. Onlar əllərini qanatdılar. Sonra Misir əzizinin xanımı dedi ki, həmin cavan budur. And içdi ki, mənim iradəmə təslim olmasa, onu həbsə salacağam.

Yusif məsələnin nədən ibarət olduğunu bilir. Ona deyiblər. Deyir ki, İlahi, həbs mənim üçün bu günahdan, bu həvəsbazlıqdan və bunların məni dəvət etdiklərindən yaxşıdır. Burada artıq məsələ bir cinsi istəkdən imtina etmək məsələsi deyil, hər bir şeydən keçməkdir: ağalıqdan, rahatlıqdan, onu sevən bir ailədə yaşamaqdan. Bu həyat onun üçün çox gözəl idi. Hər yerdə hörmət-ehtiram, təzim, parlaq gələcək, çoxlu pul, geniş imkanlar... Onun üçün hər şey var idi. O, bütün bunlara göz yumur. Təqva budur. Həbsə düşür, həbsi bir ay, iki ay, altı ay, bir il çəkmir, bunun ümumiyyətlə, zamanı yoxdur. O dövrün həbsi belə idi ki, həbsə düşən artıq məhv olmuş sayılırdı. Bəzi hədislərə görə, o, 7 il, bəzilərinə görə isə 14 il həbsdə qaldıqdan sonra azad edilir və Allah-Taala onu mükafatlandırır.[30]

 

28. Qərb uçurum qarşısında

Əgər bu gün müxtəlif Qərb cəmiyyətlərinə baxsanız, xüsusən daha çox maşınlaşmış ölkələrdə fəsadların günbəgün artmaqda olduğunu görəcəksiniz. Əxlaqi çirkinliklər cəmiyyəti məhv edir. Bu, zəlzələ və sel kimi birbaşa bəlalardan deyil tədrici, amma müalicəsiz bəlalardandır. Hər hansı bir cəmiyyət bu bəlaya düçar olsa, bunu tezliklə anlamır, tədricən başa düşür. Bu xəstəlik bədənin içini məhv etdikdən sonra özünü göstərir. O zaman da daha əlacı tapılmır.

Bu gün Qərb cəmiyyətləri buna doğru gedirlər, özü də sürətlə. Yəni doğrudan da çox təhlükəli bir uçuruma çatmışlar.[31] Qərb dünyasında ailə institutu dağılıb, ailələr gec qurulur və tez dağılır, fəsad və pozğunluq günbəgün artır. Əgər bu, sonacan davam etsə, cəmiyyət çox böyük problemlərlə üzləşəcək. Əlbəttə, bu xəstəliklər və müsibətlər beş ilin, on ilin içində özünü göstərmir. Lakin uzun illərdən sonra öz təsirini göstərdikdə cəmiyyəti bütünlüklə məhv edir, elmi və maddi sərvətləri dağıdır. Qərb ölkələrinin çoxunu bu gələcək gözləyir.[32]


İkinci fəsil: İslamın və Qərbin qadına baxışı

 

29. Qadın - İslamın və Qərbin gözüylə

Cahiliyyət dolu hegemon dünya yanlış olaraq qadının dəyər və qiymətini kişilər önündə bəzənməkdə, şor gözlərin baxıb ləzzət almasında və tərifləməsində görür. Bu gün dünyada Qərbin əxlaqsız mədəniyyəti tərəfindən təbliğ olunan “qadın azadlığı” məsələsinin əsas məğzi bundan ibarətdir ki, kişilərin cinsi ləzzət almaları üçün qadınları onların qarşısına çıxarsın. Kişilər ondan ləzzət alsınlar və beləliklə qadın kişinin bu işinə alət olsun. Bu, qadın azadlığıdırmı?! Cahil, qafil və azğın Qərb mədəniyyətində insan hüquqularının tərəfdarı olmalarını iddia edənlər əslində, qadına zülm edənlərdir. Qadına uca bir insan gözü ilə, uca insanlar yetişdirməklə cəmiyyəti islah edən amil kimi baxsaq, onun hüququnun nə və azadlığının necə olduğunu bilərik. Qadına ailənin əsas amili kimi baxın. Ailə kişi və qadından təşkil olunur, onu qurmaqda hər ikisi təsirlidir, lakin ailə mühitinin asayişi və evdə olan dinclik, rahatlıq qadına və qadınlıq xarakterinə görədir. Qadına bu gözlə baxın. Bu zaman onun necə təkamülə çatdığı və hüququnun nə olduğu məlum olar.

Avropalılar yeni sənayeni yaratdıqlarında, yəni Qərb kapitalistlərinin böyük zavodlar açdıqları 19-cu əsrin əvvəllərində ucuz, iddiasız və başağrısız işçi qüvvəsinə ehtiyac yarandı. Bu zaman onlar qadın azadlığı şüarını ucaltdılar ki, qadını ailədən çıxarıb zavodlarda ucuz fəhlə kimi işlətsinlər, öz ciblərini doldursunlar, qadını yüksək məqamından endirsinlər. Bu gün Qərbdə müzakirəyə çıxarılan qadın azadlığı həmin nağlın davamıdır. Qərb mədəniyyətində qadına olan zülm, Qərbin mədəni və ədəbi əsərlərində qadına yanlış yanaşma tərzi bütün tarixdə misilsizdir. Keçmişdə hər yerdə qadına zülm olunub, amma belə ümumi və əhatəli zülm son dövrə aiddir və məhz Qərb mədəniyyətindən qaynaqlanır.

Qadını kişilərin kef çəkməsi üçün alət edib adını Qadın azadlığı qoydular. Ancaq bu, əslində, qadınların yox, qadınla ehtirasını doyuran kişilərin azadlığı idi. Onlar təkcə iş və sənayedə yox, ədəbiyyat və incəsənətdə də qadına zülm etdilər.

Siz hekayələrə, romanlara, rəsm əsərlərinə və incəsənətin digər sahələrinə baxın, görün qadına hansı gözlə baxılır. Qadında olan müsbət cəhətlər və uca dəyərlər nəzərə alınırmı?! Allah-Taalanın qadının vücudunda əmanət qoyduğu analıq hissi, övlad tərbiyəsi, övladını qorumaq istəyi və bu kimi incə duyğular, mehriban və şəfqətli rəftar nəzərə alınır, yoxsa ehtiras cəhətləri?! Onlar çox yanlış olaraq bunun adını eşq qoyurlar. Bu, eşq deyil, ehtiras və şəhvətdir. Qadını bir istehlakçı varlıq kimi yetişdirdilər, buna alışdırdılar: əli və ürəyiaçıq istehlakçı, iddiasız və ucuz işçi. İslam bunları qadın üçün dəyər bilmir. İslam qadının işləməsinə razıdır. Nəinki razıdır, hətta bu işləmək onun əsas və mühüm peşəsi olan övlad tərbiyəsi və ailəsini qorumaqda problem yaratmasa, bəzən vacib də bilir. Heç bir ölkə müxtəlif sahələrdə qadınların işçi qüvvəsindən ehtiyacsız ola bilməz. Amma bunlar qadının hörməti, onun insani və mənəvi dəyəri ilə ziddiyyət təşkil etməməlidir. Qadını aşağılamaq, onu təvazokarlığa və kiçilməyə məcbur etmək olmaz. Təkəbbürlülük hər bir halda qəbahət sayılır. Amma qadınların naməhrəm kişi qarşısında təkəbbürlülüyü belə deyil. Qadın naməhrəm kişi qarşısında təkəbbürlü olmalıdır. “(Yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın!” (Əhzab surəsi, 33). Qadın başqa kişi ilə danışdığı zaman özünü kiçiltməməldir. Bu, qadının hörmətini qorumaq üçündür. İslam bunu istəyir və müsəlman qadının örnəyi budur.[33]

 

30. Qərbli qadın modeli romalı qadın modelindən yaranmışdır!

Bugünkü Avropanın qadın modeli qədim Roma və Yunan modelinin törəməsidir. O zaman da qadın kişinin kef çəkməsi üçün alət idi və hər bir şey bu qaydaya tabe olurdu. Bu gün də bunu istəyirlər. Qərblilərin əsas sözü budur.[34]

 

31. Qərbin hörmət adıyla qadını təhqir etməsi

Qərbin vəziyyətini göstərən romanlarda, tarixi və incəsənət əsərlərində göründüyü kimi, Avropa tarixində qadınla rəftar İslamın rədd etdiyi tərzdə olmuşdur. Avropada və Qərbdə kişi cinsi hər bir şəkildə qadından həzz almağa haqlı olub. Bu, qədim Roma mədəniyyətində müxtəlif formalarda mövcud olmuşdur. Bu iş kübar qadına qarşı bir formada, rəiyyət, yoxsul və savadsız qadına qarşı da onun vəziyyətinə uyğun formada həyata keçmişdir. Məlumdur ki, qadından bu növ istifadə bəzən ona yaltaqlanmaqla olur. Amma bu yaltaqlıq əsla həqiqi hörmət deyil, hətta həqiqi təhqirdir də. Bunun aydın nümunələri var, lakin mən təfərrüatı ilə danışmaq istəmirəm. Bunlar həqiqət olsa da, etikadan kənardır. Mən xahiş edirəm xanımlar bu barədə düşünsünlər və aydın misalları tapıb qadınlara anlatsınlar. Əgər Qərbdə hər hansı bir yolla qadına hörmət görünürsə, kino ulduzlarına, aktrisalara və gözəllik müsabiqələrində iştirak edən gözəl qadınlara guya hörmət edirlərsə, bu, təhqir şəkilli hörmət və ya hörmət formasında olan təhqirdir.[35]

 

32. Qərb mədəniyyətində qadın azadlığının başlanğıcı

Avropalılar yeni sənayeni yaratdıqlarında, yəni Qərb kapitalistlərinin böyük zavodlar açdıqları 19-cu əsrin əvvəllərində ucuz, iddiasız və başağrısız işçi qüvvəsinə ehtiyac yarandı. Bu zaman onlar qadın azadlığı şüarını ucaltdılar ki, qadını ailədən çıxarıb zavodlarda ucuz fəhlə kimi işlətsinlər, öz ciblərini doldursunlar, qadını yüksək məqamından endirsinlər. Bu gün Qərbdə müzakirəyə çıxarılan qadın azadlığı həmin nağlın davamıdır. Qərb mədəniyyətində qadına olan zülm, Qərbin mədəni və ədəbi əsərlərində qadına yanlış yanaşma tərzi bütün tarixdə misilsizdir.[36]

 

33. Qərbdə qadın azadlığının mənası

Hal-hazırda Qərbdə mövcud olan devizlərdən biri də Qadın azadlığı məsələsidir. Azadlıq geniş mənalara malikdir: həm əsirlikdən, həm də əxlaqdan azad olmağa şamil edilə bilər. Çünki əxlaq da bir növ buxov və zəncir sayılır. Azadlıq qadını az muzdla zavoda çəkən sahibkarın sui-istifadəsindən, eləcə də onu əri qarşısında vəzifəli edən qanunlardan azad olmaq mənasında işlədilə bilər. Azadlıq bütün bu mənalarda ola bilər. İrəli sürülən bu şüarların böyük bir hissəsində bu istək və tələblər var. Bunlar bəzən bir-biri ilə ziddiyyət təşkil edir. Bu azadlığın mənası nədir?

Təəssüf ki, bu gün Qərb dünyasında azadlıq sözü yanlış və zərərli mənalarda işlədilir: ailə məhduduiyyətlərindən azad olmaq, ərinin nəzarətindən azad olmaq, qarşısında ötəri ehtiras məqsədi olduqda hətta nikah bağlamaqdan, ailə qurmaqdan və övlad böyütməkdən azad olmaq. Buna görə də, Qərb dünyasında səslənən fikirlərdən biri də abortun azadlığı məsələsidir. Bu, çox əhəmiyyətli məsələdir. Zahiri sadə və kişik olsa da, əslində, çox təhlükəli və ağır sözdür. Bu, Qərbdə irəli sürülən bir alət, şüar və istəkdir. Onlar bu məsələləri Qadın azadlığı hərəkatı adlandırırlar. Düzgün sistemdə, düzgün tələb və mübarizədə məqsəd bu qədər geniş ola bilməz. Onun bir qisminin zəzərli olduğunu qətiyyətlə deyə bilərik. Başqa bir qismi faydalı da ola bilər. İndi daha yaxşı, daha münasib, daha düzgün və daha həlledici şüarlar axtarmaq lazımdır.[37]

Bu gün dünyada Qadın azadlığı adı ilə pozğun Qərb mədəniyyəti tərəfindən ortaya qoyulan məsələnin məğzi qadını cinsi istifadə üçün kişinin ixtiyarına buraxmalarıdır. Bu, qadın azadlığıdırmı?! Cahil, azğın və qafil Qərb sivilizasiyasında insan hüquqlarının tərəfdarı olduqlarını iddia edənlər əslində, qadına zülm edənlərdir.[38]

 



Geri   İrəli
Go to TOP