A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: VİLAYƏT BAĞÇASI (Altıncı cild)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

Azadfikirlilik və hövzə

Mənim çox vacib saydığım məsələlərdən biri də azadfikirlilikdir. Burada çıxış edənlərin bəzisi buna toxundu. Nə üçün Qumda azad diskussiyalar təşkil olunmur? Bunun nə eybi var?! Bizim elm hövzələrimiz həmişə elmi azadfikirliliyin mərkəzi və beşiyi olmuşdur. İndinin özündə də biz bununla fəxr edirik. Elm hövzəsindən başqa təhsil mərkəzlərində belə bir şey yoxdur ki, şagird dərsdə müəllimə irad bildirsin, acıqlansın, müəllim də ondan düşmənçilik və qərəz duymasın. Tələbə azad şəkildə iradını bildirir, müəllimdən əsla çəkinmir, müəllim də bundan əsla incimir və narahat olmur. Bu, çox mühüm məsələdir və hövzəyə aiddir. Bizim elm hövzələrimizdə həm fiqhdə, həm də bəzi daha köklü sahələrdə ixtisaslaşmış böyük alimlər olmuşdur. Filosof, arif və fəqihlər bir-birinin yanında yaşayır, bir yerdə işləyirdilər. Bizim hövzələrimiz keçmişdə belə olmuşdur. Birinin bir elmi əsası vardı, digəri onu qəbul etmirdi. Əgər böyük alimlərin həyatına baxsanız, bunu müşahidə edərsiniz.

 

Fikir fərqləri və dözümlülük

Mərhum Hədaiq sahibi ilə mərhum Vəhid Bəhbəhani bir-birinə müxalif idilər. Hər ikisi eyni zamanda Kərbəlada yaşayırdı, birgə elmi mübahisələr də edirdi. Bir gecə onlar Şəhidlər ağası İmam Hüseynin (ə) pak məqbərəsində bir məsələ üstündə mübahisəyə başladılar. Bu iki ruhani sübh azanına qədər ayaq üstə mübahisə etdilər. Vəhid Bəhbəhani o zaman nisbətən gənc idi, lakin Hədaiq sahibi qoca kişi idi. Onlar bir-biri ilə mübahisə də edirdilər, amma hər ikisi bir idilər, hər ikisi tədris edirdilər. Mən eşitdim ki, Vəhidin şagirdləri - Vəhid əxbarilərin qatı əleyhdarı idi - olan Riyaz sahibi və digərləri gedib Hədaiq sahibinin dərsində də iştirak edirdilər. Belə olmuşdur. Biz hövzədə dözümlülük səviyyəsini yüksəltməliyik. Bəli, birinin fəlsəfi zövqü var, birinin irfan zövqü var, birinin fiqh zövqü. Ola bilsin, bir-birlərini qəbul etməsinlər. Mən bir neçə ay öncə Məşhəddə dedim ki, mərhum ağa Şeyx Müctəba Qəzvini uca hikmət fəlsəfəsinə, Molla Sədranın üslubuna qarşı idi. O bu məsələdə olduqca kəskin və sərt idi. İmam isə Molla Sədra məktəbinin xülasəsidir. Təkcə fəlsəfi sahədə yox, irfanda da belədir. Amma mərhum ağa Şeyx Müctəba imamı nəinki qəbul, hətta təbliğ də edirdi; ömrünün sonuna qədər imamı təbliğ etdi. O, imamı görmək üçün Məşhəddən Quma gəldi. Mərhum ağa Mirzə Cavad Tehrani Məşhəddə həmin məktəbin görkəmli nümayəndələrindən idi, imamın televiziyadan yayımlanan təfsir dərsinə etiraz etmişdi, amma cəbhəyə getdi. Mənim özümə dedi. Həm o, həm mərhum ağa Mirvarid belə idilər, amma müdafiə də edirdilər. Üslub və məktəb baxımından müxalif, lakin siyasi, ictimai və dostluq baxımından bir idilər, bir-birinə dözürdülər. Qumda belə olmaq lazımdır.

 

Hövzədə təkfir məsələsinin ləğv edilməsi

Bir nəfər yeni bir fiqhi nəzər irəli sürür. Çox gözəl, qəbul etməyin. Dəyirmi masa təşkil olunsun və mübahisə edin. Beş nəfər, on nəfər alim gəlib bu fiqhi nəzəri dəlillə rədd etsinlər, eybi yoxdur. Bir fəlsəfi fikir irəli sürülür, yenə də belə. Maarif və kəlam nəzəriyyəsi irəli sürülür, yenə belə etmək lazımdır. Təkfir (kafir elan etmək) və bu kimi məsələləri hövzədən yığışdırmaq lazımdır; özü də hövzə daxilində böyük və görkəmli alimlərə qarşı. Sözünün bir hissəsi mənim fikrimə müxalifdir; mən ağzımı açım onu gözdən salım. Belə olmaz. Buna tələbələrin öz daxilindən başlamaq lazımdır. Bu elə bir şeydir ki, tələbələrin özləri vasitəsilə mübahisə və müzakirə masaları təşkil edilmədən və qeyd etdiyim azadfikirlilik hərəkatı başlatmadan mümkün deyil. Bunu elm hövzəsində adət halına salın, jurnallarda və yazılarda deyilsin. Bir nəfər fiqhdə bir söz deyirsə, bir nəfər onun əleyhinə bir yazı yazsın, kimsə onu qəbul etməsə, o da bir tənqidi yazı yazsın. Eybi yoxdur, qoyun bir-biri ilə elmi mübahisə etsinlər. Mənim fikrimcə, elmi mübahisə yaxşıdır.

 

Qumda Elmi Şura

Bir məsələ də alim və müəllimlərin ictimai mövqeyi məsələsidir. Bu da bizim problemlərimizdən biridir. İndi bəzi dostlar bir təklif irəli sürdülər, mən onu açıqlamaq istəyirəm. Təklif budur ki, Qumda Elmi Şura yaradılsın. Yəni müxtəlif pillə və fənlər üçün rəsmi elmi şuralar qəbul olunsun. Bir nəfər bir həddə çatdıqda, bir imtahandan keçdikdə Qum Elmi Şurasının üzvü olsun. Bu, elmi bir ad olsun. Əlbəttə, mən bunun oxşarını bir neçə il bundan öncə Müdərrislər cəmiyyətinin möhtərəm üzvlərinə dedim. Dedim dairəni bir qədər genişləndirsinlər, amma deyəsən, nəzərdə tutulan formada olmadı və həyata keçmədi. İndi bu forma irəli sürülür.

 

Hövzədə işin çoxluğu

Hər halda, hövzədə iş çoxalıb. Görülməsi lazım olan, yaxud indiyə qədər görülməyən işlər aktuallığını itirməyibsə, bundan sonra görülməlidir. Belə işlər indiyədək hövzədə gördüyümüz işlərdən yüz dəfə artıqdır və bu yüz qat artıq işləri görmək olar; bu şərtlə ki, sizlər iştirak edəsiniz, iradə ilə işə girişəsiniz. Siz səhnəyə çıxın. Hansınızın hansı sahədə nəzəri və ixtisası varsa, o sahədə işləsin. İnşallah, hövzə rəhbərliyi də sizin qüvvənizdən istifadə edər.

 

Bu toplantıların sözlərinin yazılmasının zərurirliyi

Mən bu təkliflərin bəzilərini qeyd etdim, lakin bunların hamısı yazılmışdır. Mənim fikrimcə, çox yaxşıdır. Bəlkə də burada deyilən sözlərin hamısının yazılıb bir kitab formasında nəşr olunması lazımdır. Fikrimcə, bu, çox münasib olardı. İnsanın ürəyi istəyir ki, bunlar televiziyada yayımlansın, lakin mən zərurət və imkanlarla çox da tanış olmadığımdan bu işin nə qədər mümkün olduğunu bilmirəm. Ona görə bunu demirəm. Əgər bu da mümkün olsa, lap yaxşı olar. Lakin ən azı budur ki, bizim dostlarımız - istər burada, istərsə də Qumdakı dəftərxanada çalışan dostlar oturub bu sözləri çıxarsınlar, redaktə etsinlər və yaysınlar. Bunun özü çox faydalı və yaxşıdır.

 

Bir gözəl təklif

Burada deyilən və mənim xoşum gələn, bəyəndiyim təkliflərin biri budur ki, ölkənin elm hövzəsi mədrəsələrinin müdirləri seminarlar təşkil etsinlər, bir yerdə otursunlar, təcrübələrindən istifadə etsinlər. Bunlar çox yaxşıdır.

 

Vahid müdiriyyətdən sonra hövzə ilə münasibət

Mənim fikrimcə, çox yaxşı işlərdən biri İslam dövlətindən və İslam quruluşundan müxtəlif formalarda irəli sürülən gözləntilərdir. Bəli, nə qədər ki, hövzənin vahid rəhbərliyi yoxdur, bunların bəzisi əsla mümkün deyil. Yəni hövzənin idarəsi elə olmalıdır ki, inşallah idarəçi, mütəfəkkir, hamının etimad göstərdiyi və işlərdən xəbərdar olan bir mərkəz formalaşsın, sonra kimsə onunla işləyə bilər. Çünki burada deyilən təkliflərin çoxu hövzənin imkanlarından asılıdır. Fərz edin, gəlib hövzə alimlərindən, hövzənin düşüncələrindən istifadə etsinlər. Yaxşı, kiminlə, harada, necə? Bunun üzərində işlənməlidir. Hövzədə iş görmək lazımdır. Əlbəttə, İslam quruluşu hövzədən istifadə etməyə və bu münasibəti qurmağa borcludur. Lakin deyilən əlaqələrin bir hissəsi indi də mümkündür.

 

“Beynəlxalq təbliğat” təhsil müəssisəsinin zəruriliyi

Cənabların irəli sürdüyü və mənim də bəyəndiyim təkliflərdən biri beynəlxalq təbliğat üçün bir təhsil müəssisəsi açmaqdır. Əlbəttə, mən bunu təxminən 14-15 il öncə dedim. O zaman hövzənin böyüklərindən olan və bu gün də Allahın lütfü ilə faydalı ömrü davam edən alimlərin biri müalicə üçün Avropa ölkələrindən birinə getmişdi. Orada gənclər, tələbələr və iranlılar ona müraciət edirlər ki, misal üçün, gəlin buraya filan məclisdə söhbət edin, filan yerdə çıxış edin. Bu böyük və möhtərəm cənabı bir ay, yaxud bir qədər artıq saxladılar və o, ehtiyacları gördü. Buraya gələndən sonra məndən görüş aldı və acıqla dedi ki, bu qədər ehtiyac var, siz nə üçün təmin etmirsiniz? Mən dedim ki, biz bəzi işlər görmüşük, lakin əlimiz boşdur. İndi bu meydan, bu da siz: gedin Quma, bütün dünya üçün dini təbliğatçılar yetişdirən bir mərkəzin proqramını hazırlayın, xərci də mənim öhdəmə; mən bütün xərclərini verərəm. Siz bunun üçün xüsusi bir mədrəsə açın. Mən Quma gəlib mədrəsə aça bilmərəm. O getdi və bir müddət çalışdı. Fikrimcə, Qumda elan da verildi ki, kimsə iştirak etmək istəyirsə, gəlsin. Sonra isə yaddan çıxdı. İndiyə qədər də yaddan çıxıb. Bu işi görün, bu, çox yaxşı və zəruri işdir.

 

Minbərin əhəmiyyəti və təbliğatçı yetişdirmək

Minbər barədə də danışdılar. Bu mənim həmişəki sözlərimdəndir. Bizim sözümüzün həmişəki nəqəratlarından biri də minbərin uca tutulması, əhəmiyyəti və təbliğatçı yetişdirmək məsələsidir. Çox gözəl, bu meydan, bu da siz. Gedin məşğul olun, proqram hazırlayın, işə başlayın. Bunun üçün güclü və tutarlı proqram hazırlayın və başlayın. Əlbəttə, çoxlu problemlər var. İşə başlayanlar yavaş-yavaş problemlərlə tanış olacaqlar. Lakin inanıram ki, siz gənclik enerjisi, əzmkarlıq, iradə və inamınızla bütün bu problemləri həll edə bilərsiniz.

İlahi! Bizim bu məclisimizi İslam, müsəlmanlar və ruhanilik üçün xeyir-bərəkətli et! Deyib-eşitdiklərimizi Özün üçün və Öz yolundakı işlərdən say!

İlahi! Bizi, qiyamətdə soruşacağın sualların cavabına hazır et!

İlahi! Bütün bu uğurların və mövcud imkanların səbəbkarı olan əziz şəhidlərimizin pak ruhlarını və Böyük İmamın pak ruhunu öz övliyalarınla birgə və bizdən razı et!

Allahın salamı və rəhməti olsun sizə!


 

Özünəinam[34]

 

Bismillahir-Rəhmanir-Rəhim.

 

Siz əziz gənclərin səfalı, səmimi və izdihamlı toplantısında iştirak etməyə çox şadam. Siz gəncsiniz və gənc paklığın, səmimiyyətin, iradənin, amallara və ideallara şövqün aynasıdır. Əziz gənclərimizin burada bəyan etdiyi müxtəlif fikirlərin hamısı mənim üçün gözəl idi. Ona görə yox ki, bu dostların təklif etdiklərinin hamısı icra olunmalı, prioritet seçilməli, yaxud ümumiyyətlə, icra olunmalıdır, yoxsa yox. Bunlar araşdırmaya ehtiyaclıdır; deyəcəyik araşdırsınlar. Lakin istedadlı tələbənin, təşkilat üzvü olan gəncin bir universitet tədbirində qalxıb öz cari məsələləri haqda fikirlərinin xülasəsini cürətlə və özünəinamla bəyan etməsinin, tələb etməsinin özü mənim üçün mənalı və çox şirindir. Mənim bugünkü söhbətimin mövzusu da əsasən, bu barədədir.

 

Milli özünəinam - İslam inqilabının nailiyyəti

Mən dünən xalqın ümumi toplantısında özünəinam haqqında bir qədər danışdım. Lakin əsas müraciət sizədir. Bizim ciddi şəkildə özünəinam əldə etməsinə ehtiyaclı olduğumuz təbəqə bizim gənc təbəqəmizdir; xüsusən də ölkənin gələcəyinin potensial idarəçisi olan tələbə gənclər. Mən dünən ötəri şəkildə özünəinamdan danışdım, bu gün isə bu haqda bir qədər geniş danışmaq istəyirəm. Bu təbəqə özünəinam tövsiyəsinə yaxşı qulaq asmalı, ürəkdən qəbul etməli və bütün fəaliyyətlərində onu meyar seçməlidir.

Ümumiyyətlə, mən nə üçün özünəinam məsələsini irəli sürürəm? Məgər ölkədə hansı hadisə baş verib ki, xalqımızın və gənclərimizin özlərinə güvənmələri üzərində israr edirəm. Bunun izahı var. Bizim xalqımız inqilabın, müqəddəs müdafiənin və imamın xüsusi şəxsiyyətinin təsirindən və müxtəlif inkişaflar səbəbindən bu gün özünəinamın məqbul bir həddinə çatmışdır. Qorxuruq ki, psixoloji və informasiya müharibəsində, bizimlə bu müharibəni israrla davam etdirmək istəyən düşmənlərimiz arasındakı bu yumşaq müharibədə bu özünəinam ya zədələnsin, zəifləsin, sarsılsın, ya da ən azı, xalqımızın ehtiyaclı olduğu həddə inkişaf etməsin. Biz yolun ortasındayıq. Mən əyani şəkildə görürəm ki, bu özünəinam bizim ölkəmizin bir çox görkəmli şəxsiyyətlərinin zehnində, dilində və əməlində hələ lazımi həddə çatmamışdır.

 

Təhlükəli xəstəlik

Özünəinamın əksi özünə inamsızlıqdır; dünya xalqlarının bir cinahının - bu gün Qərbin fikri, fəlsəfəsi, elmi, hətta onların təklif etdiyi milli inkişaf modelləri qarşısında özünə inamsızlıq; halbuki milli inkişaf modeli müxtəlif xalqlara görə fərqlənir. Çox təhlükəli xəstəlik olan özünə inamsızlığı davamlı onillər boyu xalqımızın beyninə yeridiblər. Qərb sözləri, Qərb fikri, Qərb sözlərindən nümunə götürmək bizdə yayılmış işlərdəndir. Mən indi dinləyirəm, görürəm ki, keçmiş onillər boyunca xalqın dilinə düşmüş Qərb sözlərindən əlavə, təəssüf ki, bizim radio və televiziyamızda aradabir başqa bir Qərb sözü deyilir. Xalq gedib kiməsə müraciət edib onun mənasını öyrənməlidir. Axı buna nə lüzum var?! Siz ölkəyə yeni daxil olmuş bir anlayışa söz axtarırsınızsa, gedin söz düzəldin, bu qədər geniş diliniz var.

Bunlar keçmişin qalıqlarından olan özünə inamsızlıqdır. Bunu nə üçün dedim? Ona görə ki, bizim hələ özünəinam sahəsində çox işləməli olduğumuz bilinsin. Mən qorxuram ki, bu milli özünəinam ruhu lazımi inkişaf etməsin.

 

Yolu davam etdirmək üçün daimi səy

Biz son xəttə çatmaq üçün dayanmadan qaçmalıyıq. Siz burada plakat üzərinə yazmısınız ki, 2025-ci ildə İran inkişaf etmiş ölkə olacaq. Mənzərənin nəticəsi budur ki, texnologiya və digər baxımdan biz regionda digər ölkələrdən irəlidə olaq. Siz elə bilirsiniz digər ölkələr elə yerində qalmışlar, biz irəliləyəcəyik, onlar isə hərəkət etməyəcəklər?! Onlar da hərəkət etməkdədirlər. Qaçış yarışıdır, əgər yolun ortasında mənim və sizin iradəmiz zəifləsə, ümidimiz azalsa, faydasız olduğunu və çatmayacağımızı düşünsək, bəllidir ki, çatmayacağıq. Mən bundan qorxur və buna görə özünəinam haqqında danışmaq istəyirəm.

 

Qlobal istismarçı cinah

Bu gün biz özünəinamın lazımi həddində deyilik. Dedim ki, qeyd olunan bir neçə amilin səbəbindən. Bizim düşmənimiz qlobal istismarçı və hegemon cinahdan ibarətdir. “Düşmən” dedikdə bunu nəzərdə tuturuq. İndi siz deyin tərənnümü ABŞ dövlətidir - olsun. Bizim ölkə və dövlətlərlə problemimiz yerli, irqi, milli və ad problemi deyil. Problem budur ki, onlar dünyada yeri yaranmış “İslam dövləti”, “İslam Respublikası” adlı bir güclə, onlara qarşı bu ciddi maneə ilə möhkəm vuruşurlar. Mənim fikrimcə, bu gün onun tərənnümü Amerika Birləşmiş Ştatları dövlətidir və ən böyük şeytanın təcəssümü odur. Adı nə olur-olsun, kim olur-olsun, bu, düşməndir. Bizimlə düşmənliyi də ona görədir ki, burada bir maneə var. Dayanmadan və maneə görmədən kəsib irəliləyən bir kəsici alət qarşısında möhkəm bir polad parçası dayanmışdır – kəsməyə qoymur. Təzyiq bundan ötrüdür. Bizim Qərblə problemimiz buna görədir.

 

İran xalqının təslim olmamaq iradəsi

Bəziləri oturub filosofcasına, ağsaqqalcasına öyüd verirlər ki, nə üçün hamı ilə dalaşırsınız. Dalaşmaq məsələsi deyil, söhbət bundan getmir ki, biz kiminləsə dalaşmaq istəyirik. Bizim işimiz istismarçı qarşısında müqavimətdir. Biz elə bir xalqıq ki, uzun əsrlər, ən azı, onillər boyu bizi yuxuda, qəflətdə, məst və huşsuz halda saxlayıblar, istədiklərini ediblər. Biz indi oyanmışıq. Biz daha təslim olmaq istəmirik. Bizim günahımız budur, problem bundadır.

 

Hizbullahın özünəinam hissi

İran xalqının qarşısında olan bu düşmən sizin bu günə qədər çatdığınız özünəinam həddi ilə vuruşacaq. Xüsusən də Amerika bu gün özünün Orta Şərq siyasətlərində məğlubiyyətə uğramışdır. ABŞ-ın Orta Şərq siyasətləri əsasən, İslam Respublikasına yönəlmişdi; bir tərəfdən Əfqanıstan, bir tərəfdən İraq. Düşünürdülər ki, İslam Respublikası bir kəlbətinin ağzında, təzyiq altında qalıb əllərini yuxarı qaldıracaq. ABŞ-ın Orta Şərq siyasəti sionist rejimini gücləndirməyə əsaslanırdı, ən böyük işlərindən və qərarlarından biri bu idi ki, işğal olunmuş Fələstin torpaqlarına yaxın qonşu olan Livanın daxilində hərəkətverici, mömin və təsirli qüvvə olan Hizbullahı və müqavimət gücünü ortadan götürsünlər. Ötən ildəki rüsvayçı məğlubiyyətləri ilə bu, əllərindən alındı, indiyə qədər də dayanmadan əl-ayaq çalırlar. Livanda bir iş görmək, ABŞ tərəfdarı olan bir hökumət və ordu qurmaq üçün çabalayırlar. İndi Livan problemi bundan ötrüdür. Amerikalılar öz xəyallarında bişirdikləri bu əti dişlərindən çıxarmaq istəmirlər. Onlar ordu komandanı olan əlaltılarından birini hakimiyyətə gətirmək və onun ardınca orada istədikləri kabineti qurmaq istəyirlər ki, Hizbullahı təzyiq altında saxlasınlar. Amma indiyə qədər bacarmayıblar. ABŞ kimi bir güc üçün bunlar uğursuzluqdur. O qədər iddia, o qədər güc, o qədər pul, o qədər qüdrətli diplomatiya, o qədər texniki və insani amillərlə belə, Hizbullahla mübarizə apara bilmədilər. Onlar Hizbullahı İranla əlaqəli, Hizbullahın qələbəsini İslam Respublikasının qələbəsi bilirlər. Burada da məğlubiyyətə uğradılar.

 

Düşmənin xalqın özünəinam ruhiyyəsi qarşısında məğlubiyyəti

Amerikalılar bir neçə ay öncəyə qədər təkid edirdilər ki, İran bütün nüvə fəaliyyətlərini kənara qoymalıdır. Yəni Liviyada olduğu kimi yerini süpürüb onlara təqdim etsinlər, tam daşındıqlarını bildirsinlər. Son zamanlar, bir neçə həftə bundan öncə vəziyyət elə bir yerə çatmışdı ki, dedilər İran indiki həddə dayansın. Baxın, bunların arasında fərq çoxdur. Bir gün bunlar beş sentrifuqa da dözməyə hazır deyildilər. Avropa ilə müzakirə aparan məmurlar demişdilər ki, iyirmi sentrifuq saxlasınlar, onlar demişdilər ki, olmaz. Demişdilər ən azı beşini, demişdilər olmaz. Əgər birini desəydilər, yenə də deyəcəkdilər olmaz. Bu gün üç min sentrifuq var, çoxu da işləməyə hazır vəziyyətdədir. Deyirlər həmin həddə dayanın. Bu da ABŞ-ın uğursuzluqlarından biridir.

Amerikalılar 11 sentyabr hadisəsindən sonra çalışdılar ki, səhnəni bu regionda ikiqütblü təsvir etsinlər: demokratiya və terrorizm arasında müharibə. Nə qədər təbliğat apardılar, nə qədər işlədilər, nə qədər hərbi hücum etdilər, ordu yeritdilər, xərc çəkdilər və nə bacarırdılarsa etdilər ki, desinlər biz demokratiya daşıyıcısıyıq, bölgə isə terror mənbəyidir, biz bölgəni xilas etməyə gəlmişik. Bu gün siz baxın, bunların fəaliyyətlərinin mərkəzi olan İraqın özündə adi camaatdan soruşun, deyəcəklər ki, terrorizmin səbəbkarı və amili amerikalıların özləridir. Heç kəs ABŞ-ın İraqa demokratiya gətirdiyini düşünmür. Qurulan bu hökumət, iş başına gələn bu kabinet, seçilən bu parlament ABŞ-ın istəyinin əksinə oldu. Bunu istəmirdilər, məcbur qaldılar; bunu hamı bilir. Deməli, bunlar müxtəlif sahələrdə uğursuz oldular.

 

Sayıqlıq və düşmənin yeni yollarına diqqət

İstismarçı bir güc bir xalqı mənəvi və psixoloji cəhətdən geriyə salmaqda və onun özünəinamını sındırmaqda bu qədər uğursuz olduğu zaman sakit oturarmı? Cavab budur ki, xeyr, sakit oturmaz, yeni yollar axtarar. O yeni yollar axtardığından biz də yeni üslublar fikrində olmalıyıq. Biz gərək düşmənin yeni yollarını hesablayaq, bilək ki, onun imkanları kəmiyyət imkanları deyil. Mən dəfələrlə demişəm: Düşməni kiçik və gücsüz saymaq olmaz. Düşmənin təbliğat imkanları İslam Respublikasının təbliğat imkanları ilə müqayisəedilməzdir. Mədəni-ideoloji, təbliğat və informasiya sahələrində düşmənin imkanları olduqca genişdir. Həmişə məşğuldurlar, çoxlu pul da xərcləyirlər. Dedilər ki, biz İranda quruluşun müxaliflərinə səksən milyon, yüz milyon dollar veririk. Bunlar məsələnin zahiridir. Bu iş üçün xərclədikləri olduqca çoxdur. Pul xərcləməkdədirlər. Mən, siz, bu məmləkətin gənci, tələbəsi, məmuru, müəllimi bilməlidir ki, düşmən hansı yolla gələcək. Bunu proqnoz etməlidir. Əgər proqnoz etdinizsə, o zaman cəmiyyətdə baş verən hadisələri tanıyacaqsınız. Əgər bir tufan gözlənildiyini bilirsinizsə, sizin həyatınızda sel, yaxud tufan öncəsi hadisələr baş verirsə, seldən, yaxud tufandan öncəki anları tanıyır, amilini bilirsiniz. Bilmədikdə bu amillər sizin üçün məchul qalır. Bəzən insan bilmədən o amillərə kömək də edə bilər. Mövzunu bizim üçün ciddi edən də budur.

 

Özünəinamın əhəmiyyəti

Mən əvvəlcə özünəinamın əhəmiyyəti barədə bir neçə cümlə deyim. Bir ölkənin istedadlı şəxsiyyətlərinə lazım olan milli özünəinamın ən mühüm təsiri digərlərindən kömək və yardım ummanın qarşısını almasıdır. Özünə güvənməyən bir xalq həmişə gözləyir ki, onun üçün bir şey gətirib versinlər. Siz hazır xörək gözlədikdə daha xörək bişirmir və xörək bişirməyi də öyrənmirsiniz. Bu, əsas təhlükələrdən biridir. Çox da aydındır, çətin, mürəkkəb, fəlsəfi bir şey deyil, amma bu aydın məsələ bəzən diqqətimizdən kənarda qalır.

Mən yaddan çıxarmıram, inqilabdan illər öncə bir dostumuzun evinə getmişdik. Ölkənin şimal rayonlarından idi, Məşhədə gəlmişdi. Biz onu görməyə getdik. Həmin şəhərdən Milli Şura Məclisində deputat olan bir nəfər də təsadüfən, Məşhəddə idi və o da bu şəxsi görməyə gəlmişdi. Biz o zaman sizin kimi gənc idik. Siz ürəyiniz istəyəni dediyiniz kimi, biz də məsələnin nəticələrini nəzərə almırdıq. Mən başladım rejimi tənqid etməyə və o zaman düşündüklərimi dedim. O, şah parlamentinin deputatı idi. Ona toxundu, ona görə başladı bizimlə mübahisə etməyə. Mənim ona dediyim sözlərdən biri bu idi ki, bu məmləkəti hərəkətsiz saxlamısınız; hamısı idxal, idxal, hamısı digərlərinin məhsulları, bəs nə üçün özümüz işləmirik? Onun verdiyi cavab düşüncə tərzini bilməniz üçün maraqlıdır. Dedi ki, çox yaxşı, çox yaxşı, avropalılar nökər kimi işləsinlər, biz də onların məhsulundan istifadə edək. Görün bir zəhərli düşüncəni bəzən xalqın və aparıcı şəxslərin beyninə necə yeridirlər.

 

Özünəinam və istedadların aşkara çıxması

Özünəinam olmayanda insan digərlərinin kömək etməsini, əl tutmasını gözləyir. Bir tərəfdə oturmuş gücsüz, iflic adam kimi gözləyir ki, oradan bir nəfər keçsin və ona kömək etsin. Bunun əksi ehtiyacsızlıq halətidir. İnsan ona nəsə gətiriləcəyini gözləmədikdə öz ehtiyaclarını təmin etmək barədə fikirləşir, potensial istedadı aktuala çevrilir, uğur qazanır. Hər uğur da öz arxasınca bir salxım uğur gətirir. İşin təbiəti belədir.

 

Müqəddəs müdafiədə özünəinam

Müqəddəs müdafiə dövrünün əvvəllərində, xüsusən də Mühafizəçilər korpusunun və Bəsic uşaqlarının “Kalaşnikov” və tüfəngdən başqa bir şeyləri olmayanda onlar bu fikrə düşdülər və bunun özü onların üzünə bəzi qapılar açdı. Mənim əziz gənclərə tövsiyəm budur ki, şəhid komandirlərin tərcümeyi-halını oxuyun. Onların sözlərinin bəzi hissələri duyğusal və mənəvidir. Onlar da öz növbəsində faydalıdır, amma bəzi hissələri döyüş təcrübələridir. Mən dəfələrlə demişəm ki, biz müharibədə RPG-7 silahını qaçaq yolla, bir neçə qat bahasına digər ölkələrdən gətirirdik. Çoxlu çətinliklər çəkirdik. Bir neçə dəfə artıq pul verib bir qədər belə primitiv silahlar əldə edirdik. O təcrübə və özünəinam nəticəsində İran xalqı elə bir yerə çatdı ki, özünün istehsal etdiyi silahların bəzisi regionda birinci dərəcəli və misilsizdir, bəzilərinin də misli azdır. Bu, həmin ehtiyaca görə idi. Çünki bizə satmırdılar. Biz hiss etdik ki, özümüzə arxalanmalıyıq. Bizim gənclərimiz özlərinə arxalandılar. Bu isə istedadları çoşdurdu. Bu özünəinam həm kəşfiyyatda var, həm elmdə, həm istehsalatda, həm də inkişaf modelində.

 

Yerli inkişaf modeli

Mən ötən il Məşhəd və Simnan səfərlərində bir-iki tələbə görüşlərində yerli inkişaf modeli haqda danışmışam. Yerli inkişaf modeli odur ki, biz ölkənin inkişafı üçün Avropa alimlərinin nəzəriyyələrinə müraciət etməyək. Demirəm onların elmindən bəhrələnməyək, amma bilək ki, onların nüsxəsi özləri üçündür. Onların elmini öyrənərik, amma xəstəliyimizin nüsxəsini özümüz yazmalıyıq ki, etimadlı olsun, ona arxalanaq və arxayın olaq. Özünəinam olmasa, deyəcəyik ki, məgər biz bacararıq?! Digərləri bu qədər təcrübə etmişlər, biz indi onlardan yaxşısını tapmaq istəyirik?! Bu, özünə inamsızlıqdır. İndi də təəssüf ki, bizim bəzi ali təhsillilərimiz bunu deyirlər. Biz dedik ki, yerli inkişaf modeli hazırlayaq. Deyirlər ki, hansı yerli inkişaf modeli?! Məgər mümkündür?! Baxın, bu, keçmişdən qalmış tör-töküntülərdir, özünəinamın olmamasıdır. Əgər bir xalq inkişaf etmək istəyirsə, digərlərini gözləməməlidir.

 

Elm adamları vasitəsilə özünə inamsızlığın təlqini

Qərblilərin, avropalıların öz xeyirlərinə tamamlanan ən çirkin işlərindən biri bu idi ki, digər ölkələlərin istedadlılarını ələ aldılar, onlara öz fikirlərini təlqin etdilər, sonra öz ölkələrinə buraxıb, dedilər gedin.

Qərb ölkələri - yəni İngiltərə, Fransa və digər ölkələr pul xərcləyib həmin ölkələrdə öz siyasi təfəkkürlərini yaymaq əvəzinə, onların yetirmələri pulsuz və minnətsiz onların işlərini gördülər. Geriqalmış və inkişaf etməmiş ölkələrin bəlalarından biri bu idi. İndi də ardıcılları var və öz işlərini görməkdədirlər. Buna son qoymaq lazımdır. Özünəinamın əhəmiyyəti budur ki, biz milli özünəinam əldə etsək, bu istedadlar çağlayacaq. O zaman görəcəyik ki, bacarırıq. Bizim üçün sübut olunacaq ki, bacarırıq.

 

Özünəinamın əsas maneələri

Özünəinam prosesi və onun səmərəyə çatması yolunda üç əsas maneə mövcuddur. Biz bu maneələrə diqqət yetirməliyik. Bu üç maneə milli özünəinam prosesini, onun davamlı qələbələrlə sonuclanmasını və amallara çatmasını sarsıda bilər.

 

1. Məyusluq yaratmaq



Geri   İrəli
Go to TOP