A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: FƏLƏSTİN
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İslam dünyasının öz potensialından istifadə etməsi

İslam dünyası mübarizə aparsın, bunu bacarar. Xəbislik və tamahkarlıqlar qarşısında dayanmaq üçün İslam dünyasının potensialı olduqca böyükdür. Bütün diqqətlər tez neftə yönəlir. Neft məsələsi deyil, bura dünyanın mərkəzidir. Qərb məhsullarının ən böyük bazarları bu regiondadır, işləri buraya bağlıdır. Dünyanın ən mühüm yolları müsəlman ölkələrinin ixtiyarındadır. Bunlar dünyanın həyat damarlarıdır, müsəlmanların əlindədir. Müsəlmanlar bunlardan istifadə etməlidirlər və bunu bacararlar.

Bütün bunlardan əlavə, bugünkü dünyada siyasi məntiq və söz keçərlidir. Hətta bu vasitələrdən istifadə etmədən də istəyə bilərlər. Hökumət və xalqların istəyinin beynəlxalq hadisələrdə böyük çəkisi var. Təəssüf ki, bundan istifadə olunmur, buna əhəmiyyətsiz yanaşılır.[318]

Ərəb Liqası üçün çətin imtahan

Ərəb hökumətləri çətin bir imtahan qarşısındadırlar. Ayıq ərəb xalqları onlardan qətiyyətli addım tələb edirlər. İslam konfransı və Ərəb Liqası Qəzzənin mühasirəsinin tam götürülməsindən, qərb sahillərində fələstinlilərin evlərinə hücumun tam dayandırılmasından, Netanyahu və Ehud Barak kimi cinayətkarların mühakiməsindən azına qane olmamalıdırlar.[319]


Altıncı fəsil: Media qurumlarının məsuliyyəti

Fələstini müdafiədə media qurumlarının vəzifəsi

Düşmən ictimai rəyi idarə etmək istəyir. Siz onun öz xalqınızın və səsinizin çatdığı qədərincə digər xalqların ictimai rəyini idarə etməsinə imkan verməməlisiniz. Fələstin hadisəsinə baxın. Orada haqq və batil cəbhələri aydındır. Bir xalqı öz ata-baba yurdundan, babalarının dəfn olunduğu tarixi torpaqlarından, həyatlarından, evlərindən məhrum etmişlər. Avropadan, Rusiyadan, ABŞ-dan və digər yerlərdən bir qrup əcnəbini toplayıb deyirlər ki, buranı idarə edin. Əgər ortada başqa heç bir amil olmasaydı da, bunun özü haqq və batilin harada olduğunu göstərərdi, o ki qala işğalçı əcnəbi qrup müxtəlif qəddar və yırtıcı üsullarla o torpağın sahibi olanları məhv edə. Daha bundan da aydın haqq və batil varmı?! Siz görün bu regionda İsrailin tərəfdarları – ABŞ, sionistlərin özü və digər hökumətlər bunun özünü dünyanın ictimai rəyində necə dəyişmişlər! Yəni ictimai rəyi elə dəyişmişlər ki, bu gün bu acınacaqlı hadisələr qarşısında dünyada mühüm hərəkət baş vermir. Əgər bu təbliğatlar olmasaydı, Fələstinlə heç bir əlaqəsi olmayan dünya xalqları belə hər gün Fələstin xalqının xeyrinə yürüş keçirər, etiraz edər, hökumətlərə təzyiq göstərərdilər. Əgər bu təbliğatlar olmasaydı, ümumiyyətlə, dünya siyasəti dəyişərdi. Onlar ictimai rəyi özləri istədikləri tərəfə yönəldirlər. Media işinin sözügedən məntiqi ardıcıllığına əməl etdiklərinə görə bu böyük yalanı xalqın beyninə yeritdilər. Əgər biz düzgün media işi görə bilsək, bu vəziyyəti bir qədər düzəldə bilərik. Yəni dünyanın ictimai rəyi üzərində elə iş aparaq ki, həqiqət aşkara çıxsın. Biz bu sahədə zəifik. “Biz” deyəndə haqq cəbhəsini nəzərdə tuturam.[320]

İnfromasiya vasitələrinin vəzifəsi

Bu gün dünya media və təbliğat dünyasıdır. Bu gün sizin qarşınızda İslam düşmənlərinin xəbər imperatorluğu durur. Bunların çoxu sionistlərin nəzarətindədir. Bu gün kütləvi informasiya vasitələri tərəfindən dünyanın - o cümlədən, ərəb və İslam ölkələrinin ictimai rəyinə sarı birtərəfli bir xəbər və təhlil avtobanı mövcuddur. Sionistlər əvvəldən informasiya və təbliğat vasitələrindən istifadə etdilər. Onların siyasətlərindən biri dünya mediasını ələ keçirmək idi. Onlar əvvəldən bir təbliğat fəndi seçdilər. Bu, çox əhəmiyyətli və həlledici idi, bu günə qədər təsirli olmuşdur. Bu təbliğat fəndi özlərini məzlum göstərməkdən ibarətdir. Bundan ötrü çoxlu əfsanələr quraşdırıldı, xəbərlər düzəldildi, dayanmadan səylər göstərildi. Bu gün qəddarlığın zirvəsində ola-ola həmin təbliğat yenə də davam edir. Yenə də ən mühüm təbliğat işləri özlərini məzlum göstərməkdir. Onlar yəhudilərin psixoloji sarsıntı məsələsini ortaya atıb dedilər ki, yəhudilər uzun əsrlər boyu təzyiq altında olublar, psixoloji sarsıntı keçiriblər və psixoloji dincliyə ehtiyacları var. Sionistlər Qərb ölkələrinin başçıları ilə və sonralar İslam və ərəb ölkələri ilə müzakirələrində psixoloji dinclik məsələsini irəli sürüb dedilər ki, bizim buna ehtiyacımız var və bu təmin olunmalıdır. Bu nə deməkdir? Bunun heç bir konkret mənası və heç bir sonu yoxdur. Hər hansı bir addımı atmaq lazım olduqda, onların xeyrinə olmasa, psixoloji dinclik bəhanəsi ilə mane ola bilirlər. Dünyada bir çoxlarını qane etdilər ki, psixoloji dincliyə ehtiyacları var və bu təmin olunmalıdır...

Onlar baş verən hadisələrdən, məsələn, 11 sentyabrda Nyu-York və Vaşinqtonda baş verən hadisədən maksimum istifadə edib Fələstin məsələsini İslam dünyasının problemləri sırasından kənarlaşdıra bildilər. ABŞ bu cəhətdən də sionistlərə hərtərəfli kömək göstərdi. Lakin qarşı tərəfdən, azadlıq iddiası edən ölkələrdə fələstinli qadın və uşaqların həyatına od vurmağa etiraz etməyə və bu gün Fələstin xalqı əleyhinə edilən qəddarlıqları söyləməyə heç kəsin haqqı yoxdur.

İslam ölkələrinin informasiya vasitələrinin rəhbər və əməkdaşları öz məsuliyyətlərini yaxşı təyin etməlidirlər. Bu, həyati əhəmiyyətə malik bir işdir. Bu, təkcə Fələstin xalqı üçün yox, bütün İslam dünyası üçün həyati məsələ və ağır vəzifədir...

İşğalçı sionistlər əleyhinə təbliğatın strategiyası üçün əsaslı bir proqram lazımdır. Bizim taktika formasında hər bir mövqedə məzlumluqların bir hissəsini bəyan etməyimiz yetmir. Bütün İslam dünyasında ümumi və ortaq təbliğat strategiyası təyin edilməli və rəhbər tutulmalıdır.

Dünyanın böyük media qurumları bizim ixtiyarımızda deyil. Amma ixtiyarımızda olanlar da az deyil. Biz bütün İslam dünyasına məxsus olanlardan maksimum istifadə etməliyik.[321]

İsraillə mübarizə üçün təbliğat yollarından istifadənin lazımlığı

İşğalçı dövlətin qurulmasına zəmin yaradan və bu gün də yaşamasını təmin edən amillərdən biri sionistlərin və dünyanın hər yerində olan dostlarının beynəlxalq informasiya vasitələrinin apardığı təbliğatdır. Dünyanın ictimai rəyini inandırmışlar ki, ev sahibi orada hakim olanlardır və bir qrup mədəniyyətdən uzaq insan da onlara maneçilik törədir. Təəssüf ki, bunu dünyada oturuşdurmuşlar. Bu məsələ üzərində bütün dünyada təbliğat işi aparmışlar, biz müsəlmanlar isə yatıb qalmışıq. Biz müsəlmanlar düşmənin təbliğat üsullarını bilməmiş, Fələstin xalqının haqlılığını çatdırmaq üçün ən yaxşı üsullardan bəhrələnməmişik.

Bu girişlə söyləmək istədiyim budur ki, dünyanın hər tərəfində bütün ziyalılar, yazıçılar, sənət adamları və informasiya işində azca da olsa, çalışan bütün şəxslər bu məsələyə qarşı tam məsuliyyətlə vəzifələrini yerinə yetirməlidirlər.

İkinci Dünya Müharibəsindən sonra yəhudilər bütün dünyada özlərini məzlum göstərmək üçün yüzlərlə və bəlkə də minlərlə film hazırlamışlar. Bu filmlər onların simasını məzlum, onlarla həqiqi, yaxud qeyri-həqiqi formada mübarizə aparan şəxslərin simasını zalım göstərir. Bizim bildiyimiz qədərincə bu gün Fələstin xalqına edilən zülm heç bir xalqa edilməmişdir. Ancaq təəssüf ki, dünyanın ictimai rəyi bu zülmdən xəbərdar deyil. Bu, düzgün çatdırılmalı, filmlər hazırlanmalı, sənət işləri görülməlidir ki, dünyanın bütün ictimai rəyi nə baş verdini bilsin.

Təəssüflə etiraf etməliyik ki, bizim ziyalılarımız və bacarıqlı şəxslər səhlənkarlıq etmişlər. Biz Fələstin məsələsini dünya miqyasında olduğu kimi tanıtdırmalıyıq. Bu iş üçün zəhmət çəkilməli, insanlar çalışıb işləməlidirlər. Biz bundan xəbərsiz qalmışıq.[322]

Təsadüfən, iki-üç il öncə italiyalılar bir kitab yazdılar, fars dilinə də tərcümə olundu. Orada CIA təşkilatının İncəsənət şöbəsinin müxtəlif fəaliyyətlərinə toxunulmuşdur. Siyasət bu şəkildə incəsənətdən istifadə edir. Bəs siz burada nə etmək istəyirsiniz?! Əgər dünyanın bütün siyasətçiləri, hegemonları, quldurları və hakim qüvvələri incəsənətdən istifadə etməyəcəklərinə dair öz müqəddəs kitabları önündə Allaha and içsəydilər, insan nisbətən rahatlaşıb deyərdi ki, çox gözəl, Allaha şükür olsun, daha incəsənət xilas oldu. Amma onlar incəsənətdən istifadə etməkdədirlər. Bəs siz nə düşünürsünüz?! Siz istəyirsiniz onların incəsənət vasitəsi ilə nail olduqları tamahkar məqsədlər qarşısında bu vasitədən istifadə etməyəsiniz?! Bu, ağıllı işdir?! Xeyr, bu ağıllı iş deyil.

Bu, İslam Respublikasının günahıdır. Müxtəlif məsələlərdə - Fələstin məsələsində və digər məsələlərdə də belədir. Bir xalq dünya güclərinin hegemon istəkləri qarşısında təslim olmadığına görə bütün vasitələrlə, o cümlədən, incəsənət vasitəsilə şiddətli hücuma məruz qalır. Qeyd etdiyim kimi, CIA təşkilatının İncəsənət şöbəsi var. İnqilabdan sonra onların bizim əleyhimizə, Şiəliyin və İslamın əleyhinə hazırladıqları filmlər olduqca çoxdur. İranlı prodüsser, kinematoqraf, aktyor, musiqiçi və bəstəkar olan sizlər bu reallığı və məzlumluğu dərk edirsinizsə, vəzifəniz nədir? Üzərinizə heç bir vəzifə düşmürmü?!

...Onlar bu qədər silah istehsal edib bütün dünyaya verirlər. Həqiqət budur ki, onların özü ən böyük zorakılığı törədənlərdir. Terrorizimdən danışırlar, amma məqsədləri budur ki, İslam Respublikası nə üçün öz vətənlərini müdafiə edən mübariz fələstinliləri dəstəkləyir. Beynəlxalq informasiya vasitələrinə görə, terrorizmi müdafiə fələstinli mübarizləri müdafiədir. İsrail tanklarının fələstinlilərin evlərini başlarına uçurması və bir neçə aylıq körpələri qətlə yetirməsi terrorçuluq deyil. Amma qəddar cinayətkar bir hərbçi bir hadisədə öldürüldükdə, öz mətbuatlarında ağlayan həyat yoldaşının şəklini ayrıca, uşağının şəklini ayrıca, dəfn mərasiminin şəklini də ayrıca vururlar. Bu, qarşı tərəfi zorakı və terrorçu təqdim etməkdən ötrüdür. Bu, sözügedən təbliğat əməllərindəndir. Qısası budur ki, incəsənətə və siyasətə bir qədər dərindən baxmalıyıq, dayaz yanaşmaq olmaz.[323]


Yeddinci fəsil: Aparıcı şəxsiyyətlərin məsuliyyəti

Müsəlman alimlərin, ziyalıların, siyasətçilərin, şairlərin, yazıçıların, sənət adamlarının və universitet mənsublarının məsuliyyəti

Hamı bu sahədə məsuliyyət daşıyır; ziyalılar, siyasətçilər, şairlər, yazıçılar, sənət adamları və universitet mənsubları məsuliyyət daşıyırlar. Bunlar aparıcı təbəqələr, media qurumlarını düzgün qidalandıra bilən şəxslərdir. Sizin burada toplanmanızın özü böyük bir hadisədir. Bu toplantıda siz bunu bütün İslam dünyasında sistematik media hərəkəti üçün bir əsasa çevirə bilərsiniz. Bu, mümkün işdir. Nə üçün biz öz imkanlarımızdan istifadə etmirik?!

İslam dünyasının bir çox yazıçı və ziyalıları bəzi İslam ölkələrinin və sionistlər qarşısında münasib rəftarı olmayan hökumətlərin başçılarına etiraz edib deyirlər ki, nə üçün öz neftinizdən, sərvətinizdən və siyasi imkanlarınızdan sionistlərə qarşı istifadə etmirsiniz. Əlbəttə, bu etiraz düzgündür. Lakin eynilə həmin sualı ziyalı, yazıçı və alimlərdən də soruşmaq olar: Nə üçün dəyərli elm və ziyalılıq sərvətindən layiqincə istifadə olunmur?! Bəzən bir şeir çoxlu puldan böyük təsir buraxır. Bir gün bir fələstinli şair bir qəsidə deyib ərəb dünyasının qəlbini təlatümə gətirdi. Bu, 1988-89-cu illərə aiddir. Bəzən yaxşı bir media fəaliyyətinin təsiri neft kranlarını bağlamaqdan da artıq olur.[324]

Siz İslam alimlərinin, müsəlman ölkələrinin yazıçı, ziyalı və tələbələrinin üzərinə daha təcili vəzifələr düşür. Siz xalqları ABŞ və İsrailin İslam dünyası üçün hazırladığı planların təhlükəsilə tanış edib möhtəşəm milli qüvvəni onunla mübarizəyə səfərbər edə bilərsiniz. Özlərini bu xəyanətlə yoldaşlığa hazırlayan hökumətlər öz xalqlarının qəzəb təhlükəsini duymalıdırlar.[325]

Bu gün müsəlman, xüsusən də ərəb hökumət və xalqlarının öhdəsinə ağır vəzifə düşür. Sözsüz ki, hökumətlərin vəzifəsi olduqca ağır və mühümdür. Lakin xalqların, xüsusən də dini və qeyri-dini alimlərin, siyasi şəxsiyyətlərin, ziyalıların və digər aparıcı qüvvələrin vəzifəsi hökumətlərin vəzifəsindən yüngül deyil. Bu vəzifə kömək etməkdən, ruhlandırmaqdan və bu müqəddəs cihadı davam etdirməkdən ibarətdir. Allah-Taaladan istəyirəm ki, bu vəzifəyə əməl etmək üçün bizim hamımıza uğur bəxş etsin.[326]

Siyasətçilərin, mütəfəkkirlərin və ziyalıların birliyi

İslam ümməti oyanıb onların qarşısında möhkəm dayanmalıdır. Birinci dərəcəli vəzifə də siyasətçilərin öhdəsinə düşür. İslam ölkələrinin rəhbərləri ayıq olmalıdırlar. Bu fəryadın bəzi doğma siyasətçilərin ağzından çıxması mümkündür. Lakin biz səhv etmirik. Biz əsas amili tanımaqda səhvə yol vermirik. Bunların ağzındandır, amma bunlarınkı deyil. Fəryad digərlərinin fəryadıdır, dünyanın hegemon qüvvələrinə aiddir. İslam ümmətinin birliyinə qarşı olanlar onlardır. Bu, onların səsidir. Biz bu səsi tanıyırıq. Birinci dərəcədə siyasətçi və rəhbərlər, həmçinin mütəfəkkirlər, xalqın beyni və qəlbi üzərində işləyən şəxslər, İslam dünyasının din alimləri, ziyalılar, yazıçılar, jurnalistlər, şairlər və ədəbiyyatçılar bu birliyi pozmaq istəyən əlləri xalqa tanıtdırmaqdan ibarət böyük vəzifəyə məsuliyyət daşıyırlar.

Quran bizə açıq şəkildə deyir: "Hamılıqla Allahın ipinə möhkəm sarılın".[327] Allahın ipinə sarılmaq işini tək-tək də görmək olar. Amma Quran deyir ki, hamılıqla Allahın ipinə möhkəm sarılın, birgə olun və ayrılmayın. Hətta Allah ipinə sarılmaqda da təfriqəyə düşməyin, nəinki bəziləri Allah ipinə, bəziləri isə şeytan ipinə sarılmaq istəsinlər. Hətta hamı Allah ipinə sarılmaq istədikdə də bu, birlikdə olmalı, yekdil şəkildə görülməlidir. Bu, İslam dünyasının böyük problemidir.

Allah-Taala bütün İslam ümmətinə, bütün İslam xalqlarına və bütün İslam hökumətlərinə bu mühüm məsələni öz çəkisi və əhəmiyyəti qədər qəbul və icra etmək səadətini nəsib etsin! Allahın rəhməti olsun bizim dövrümüzdə vəhdət nidasını ucaldıb müsəlmanları birliyə dəvət edən Böyük İmamımızın ruhuna! Allah-Taala bizim qəlblərimizi Öz dəvəti ilə daha artıq tanış etsin və İslam ümmətinin gələcəyi keçmişdəkindən dəfələrlə yaxşı olsun![328]

Müqavimətə mənəvi dəstək

Fələstin xalqının hər şeydən çox mənəvi dəstəyə və mövqe möhkəmliyinə ehtiyacı var. Düzdür, maddi ehtiyacları da var və onun üçün də ciddi addımlar atmaq lazımdır. Lakin onların özləri müxtəlif müsahibələrində deyirlər ki, bizim hər şeydən çox güclü ərəb-İslam mövqeyinə ehtiyacımız var.

Sizin konfransınız bu işin həyata keçməsinə şərait yaratmalı və Fələstin xalqını İslam ümmətinin geniş dəstəyinə ümidvar etməlidir. Müxtəlif İslam ölkələrinin nümayəndələri olan sizlər bu yolda çalışmaqla öz xalqlarınızın imkanlarını Fələstinin azadlığı üçün səfərbər edin, Fələstin xalqını müqaviməti davam etdirməyə ümidləndirin. Fələstin xalqı yaxşı bilir ki, İsrailin Livandakı dağıdıcı hərəkətlərini cilovlayan amil İsrailə cavab verən İslam müqavimətinin gücü və ona ağır zərbələr endirməsidir, onun-bunun sülh və vasitəçilik fəaliyyətlərinə güvənmək yox.[329]

Fələstin xalqının ən konkret və ən təcili tələbləri

Fələstin xalqının ən konkret və ən təcili tələbi budur ki, bu üç həftədə Fələstin qırğınlarını törədənlər bir İslam, yaxud ərəb məhkəməsində mühakimə olunub cəzalansınlar. Əqsa məscidinə getməsi ilə müsəlmanların hisslərini yaralayan o murdar məxluq[330] cəzalandırılmalıdır. Şərafətli Qüds sionistlərdən tam təmizlənməli, Fələstin xalqının azad şəkildə öz taleyi barədə qərar çıxarmasına imkan yaradılmalıdır. Bunlar ərəb dövlət başçılarının irəli sürə biləcəyi konkret tələblərdir.[331]


Səkkizinci fəsil: Digər təbəqələrin məsuliyyəti

Hacıların siyasi ayıqlığı yüksəltmək vəzifəsi

Dünyanın dörd tərəfindən Kəbənin təvafının və böyük Peyğəmbərin ziyarətinin həvəsilə toplaşmış müsəlmanlar öz aralarında İslam ümmətinin bir çox böyük dərdlərinin dərmanı olan qardaşlıq bağlarını möhkəmlətmək üçün bu fürsətdən istifadə etməlidirlər. Bu gün açıq şəkildə görürük ki, İslam dünyasının bədxahları müsəlmanlar arasında daha çox təfriqə yaratmaqla məşğuldurlar. Halbuki İslam ümməti bu gün birlik və həmrəyliyə keçmişdəkindən daha ehtiyaclıdır. Bu gün düşmənlərin qanlı pəncəsi İslam torpaqlarının hər bir yerində aşkar şəkildə faciə törətməkdədir; Fələstin sionistlərin mənfur hökmranlığı altında günbəgün daha artıq əzabdadır, Əqsa məscidi ciddi təhlükəyə məruz qalır, məzlum Qəzzə əhalisi misilsiz soyqırımdan sonra hələ də ən ağır şəraitdədir.

İşğalçılar bir tərəfdən Fələstin, Livan və digər yerlərdə olan xalq müqavimət hərəkatlarını terrorçu adlandırır və digər tərəfdən regionun xalqları arasında vəhşicəsinə dini və milli terrorçuluğu idarə edirlər.[332]

Hacıların Fələstin məsələsinə dair vəzifəsi

Bu il bütün dünyadan Allahın evinə toplaşan qardaş və bacılar çalışıb müsəlmanların problemini irəli sürməklə, onların arasında birlik və həmrəylik yaratmağa çalışmaqla, - bu, müsəlmanların zalım güc imperatorluğunun caynağından xilası üçün əsas şərtdir - İslamın əsaslı təlimlərini yaymaqla və müasir dövrdə müsəlmanların böyük vəzifələrinə dair fikir mübadiləsi aparmaqla həcci İbrahim (ə) və Məhəmməd (s) həccinə çevirsinlər.

Böyük İslam rəhbəri olan İmam Xomeyni tərəfindən irəli sürülən İsrailin məhvi şüarı siyasətbaz sülh tərəfdarlarının istəyinə rəğmən, güclü və möhkəm şəkildə ortaya qoyulmalı, həcdə müsəlmanların ümumi tələbinə çevrilməlidir.[333]

Orada bir qrup müsəlman zülm altındadır və nə vaxt qətliam ediləcəyini gözləyir. Müsəlmanlar bu barədə nə etsinlər?! Həcdən başqa bir yol varmı?! Hegemon qüvvələri qorxudan amil xalqdır. Dünyanın hansısa tərəfində keçirilən bir konfransda bir neçə ölkənin oturub bir qətnamə qəbul etməsinə əhəmiyyət vermirlər. Yüz qətnamə də qəbul etsələr, nəticəsizdir. Məgər işğalçı sionistlər əleyhinə indiyədək bir neçə qətnamə qəbul olunmayıb?! Yəni heç nə; yəni hava! Qətnamənin faydası yoxdur. Hegemon qüvvələri qorxudan və durduran əsl amil xalqların fəallığıdır. Bunun üçün həcdən yaxşı yer varmı?! Bütün İslam ölkələrindən oraya iki milyon müsəlman toplaşır. Onların hansı birindən "Sizin Qorajde[334] barədə fikriniz nədir?" - deyə soruşsan, cavab verəcək ki, oraya gedib məzlum müsəlmanları müdafiə etmək istəyirəm. Heyf deyil ki, biz bu toplumu əldən verək?! Heyf deyil ki, bu qədər faydalı olan və bu qədər müsəlmanın canını xilas edə bilən belə yaxşı bir toplantı əldən çıxsın?! Bu, həcci siyasiləşdirməkdir?![335]

 

Qeyri-müsəlman ölkələrdən gözlənti

Qeyri-müsəlman və əsasən, Avropa ölkələrindən gözlənti budur ki, bir xalq - kişilər, qadınlar, qocalar, yeniyetmələr, südəmər körpələr əleyhinə törədilən cinayətlər qarşısında susmasınlar. Nə üçün susurlar?! Bu qədər cinayətdən sonra o işğalçı dövləti necə himayə edirlər?! Məgər insan haqlarının müdafiəçisi deyillər?! Əgər bu söz yalan, hiylə, siyasi oyun və xalqları talamaq üçün vasitə deyilsə, bura onun sınaq meydanıdır. Burada insan hüquqları tapdanır; mövqe bildirsinlər, danışsınlar, İsrailin işlərini pisləsinlər və ona təzyiq göstərsinlər. Necə ki, dünyanın bir yerində casusluq cinayətinə görə mühakimə olunan bir neçə yəhudi cinayətkardan ötrü səfərbər olurlar, müdaxilə edib danışmağı özlərinə borc bilirlər. Halbuki orada cinayətkar cəzalandırılır və qanuni bir iş baş verir, burada isə bir xalq məzlum olur. Müdaxilə etsinlər. Nə üçün müdaxilə etmirlər?! Sionistlərin, onlara bağlı kompaniyaların və sionist oliqarxların təsiri altında olmaq Avropa dövlətləri üçün rüsvayçılıqdır. Biz ABŞ-a bir söz demirik və ondan bir şey gözləmirik. O nə bir iş görəcək, nə də görə bilər. Çünki ABŞ-ın hakim heyəti sionistlərin əlindədir.[336]

Avropa dövlətlərinin imtahan yeri

Bu gün avropalılar və qərblilər üçün də böyük bir imtahan günüdür. Onlar bu qədər iddia etdikləri insan hüquqlarını və azadlığı müdafiə barədə imtahanlarını verməlidirlər. Məzlumluğun bu həddində olan bir xalqı necə müdafiə etməmək olar?! Düzdür, bəzi Avropa dövlətləri bir neçə söz demişlər, amma bunlar kifayət etmir. İslam Konfransı Təşkilatının və İslam ölkələrinin üzərinə vəzifə düşür.[337]

İkinci yol dəstəkdir. Bütün dünya bunları dəstəkləməlidir. Əlbəttə, xalqlar dəstəklədilər; Avropada da dəstəklədilər, yürüşə çıxdılar və müxtəlif üsullarla iradələrini göstərdilər. Bu dəstəklər hətta Amerika Birləşmiş Ştatları daxilində də göründü. Bundan sonra da bu işlər davam etdiriləcək. Lakin hökumətlər öz vəzifələrinə əməl etməlidirlər. Hamıdan vacib müsəlman və xüsusən də ərəb hökumətləridir.[338]

İslam Konfransı Təşkilatının Fələstini müdafiə vəzifəsi

Bu gün vəzifəsi və əsas fəlsəfəsi ümumiyyətlə, Fələstini müdafiədən, Fələstin məsələsindən ibarət olan İslam Konfransı Təşkilatı həqiqətən, müqavimət göstərməyə, İslam dünyasını sionistlərin və onların himayədarları olan superdövlətlərin zülmlərinə qarşı səfərbər etməyə borcludur.[339]

İdmançıların vəzifəsi

Əzizimiz olan bu cənab Araşın[340] işi olduqca dəyərli idi. O, yarışını keçirsəydi və qələbə də çalsaydı, işinin dəyəri bu qədər olmazdı. Düzdür, dünyada bu işi gözdən salmağa çalışdılar, amma bacarmadılar. Hamısı əlbir oldular ki, olimpiyanı korladınız, siyasiləşdirdiniz. Onların özləri hər şeydən öz müstəmləkəçi siyasətlərinin xeyrinə istifadə edirlər. Amma müsəlman və mömin bir gənc bir dəyəri qoruyanda, məzlum bir xalqı müdafiə edəndə, nərə çəkən güclü bir beynəlxalq quldurla bu dillə və bu yolla vuruşanda onun əleyhinə belə ajiotaj yaradırlar. Əlbəttə ki, qələt edirlər. Onlar görülmüş bir iş qarşısında qaldılar və texniki zərbə aldılar, bu işlə vuruldular. İndi bundan sonra nə qədər ajiotaj yaratmaq istəyirlər yaratsınlar. O, öz işini gördü.[341]


Dördüncü bölmə: Cinayətlər

Qəddarlıq

Sionistlərin rəftarı o qədər vəhşicəsinə, insani mürüvvət və mərhəmətdən uzaqdır ki, Fələstində iş başına gəlmiş bu gənc nəsli təbii şəkildə təngə gətirmişdir; daha taqətləri bitmişdir və dözə bilmirlər. Sionistlər elə bilirlər ki, qəddarlıq etsələr, tank gətirsələr, top atsalar və kimyəvi silahlardan istifadə etsələr, xalqı sakitləşdirəcəklər. Bəli, təzyiqi artırıb bir dövrdə xalqı sakitləşdirmələri mümkündür, lakin boğazlarda düyünlənmiş nifrəti məhv edə bilməzlər. Onlar məhvediləsi deyil. Onlar elə tufan qoparacaqlar ki, bütün saraylar uçacaq.[342]

Cinayətlərin məqsədi

Bu xoşagəlməz və çirkin faciə sionist hakimlərin qanunsuz istəklərinin sülh müzakirəçilərinə qəbul etdirilməsi məqsədilə həyata keçsə də, qorxmaz Fələstin xalqı bu müzakirələri qınayacaq. Bu mübarizələr ilahi yardım vədləri ilə bir gün səmərəyə çatacaq, tutulmuş torpaqlar azad ediləcək və tarac olunmuş sərvətlər əsl sahiblərinə qayıdacaq.[343]

İsrailin misilsiz cinayətləri

Fələstin məsələsində üç əsas cəhət var. Bu üç cəhət tarixin yadında qalacaq:

Birinci cəhət bu gün sionistlərin törətdiyi misilsiz zülm və cinayətdir. Bu, tarixdə qalasıdır. Bir gənc bu qədər əzab çəkdikdən və müsibət gördükdən sonra öz canını fəda edir ki, evini işğal edənə bir zərbə vursun; özü də şəhid olur. Onlar gəlib bu gəncin evini, ata-anasının evini dağıdırlar, ailəsinə işgəncə verirlər. Tankla düşərgələrə və şəhərlərə girirlər, evlərə hücum edirlər, evləri, tarlaları dağıdırlar, insanları öldürürlər. Silahsız fələstinli gənci, uşağı, qocanı və qarını öldürmək indi gündəlik bir iş olub. Bu, qəribə haldır, doğrudan da tarixi bir hadisədir. Bu, tarixdə qalacaq.

Beynəlxalq təşkilatların və dövlətlərin sükutu



Geri   İrəli
Go to TOP