A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ZƏRİF MƏQAMLAR (Dördüncü cild)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Demək istədiyim ikinci məqam budur: Dedik ki, təqdir yolunu seçməkdə seçim sizinlədir. Buna şübhə yoxdur. Amma Allahın hidayət və yardımının rolunu da mütləq nəzərə almaq lazımdır. Bəzən siz bir işi yerinə yetirməyə yorulursunuz, Allah-Taaladan güc istəyirsiniz, Allah-Taala da güc bağışlayır və siz işinizi davam etdirirsiniz. Bəzən bir seçimdə problemlə rastlaşır, Allah-Taaladan hidayət və yardım diləyirsiniz, O da sizi hidayət edir. Biri də var ki, belə bir şəraitdə Allahdan güc istəmir, güc də əldə edə bilmir. Allahdan hidayət istəmir və hidayətdən kənarda qalır. Aləmlərin Rəbbi bizə buyurub ki, Məndən istəyin; hidayət istəyin, kömək istəyin, yardım diləyin. Mən xüsusən cavanlara deyirəm ki, Allahla rabitənizi möhkəmləndirin, duanın və Allaha yalvarmağın rolunu bilin. Duanın mənası bu deyil ki, siz Allahdan istəyə və sonra oturub düşünməyəsiniz. Xeyr, Allahdan istəyin ki, hərəkət etdiyiniz zaman hərəkətdə, seçim etdiyiniz zaman düzgün seçimdə sizə kömək etsin. Allahdan istəyin ki, məsələ qaranlıq və şübhəlidirsə, haqla batili ayırd etməkdə sizə yardım etsin.[27]

36. Həzrət Zəhranın (ə) həyatından örnək götürməyin yolu

Kimsə bizə örnək göstərib "sizin örnəyiniz budur" deməməlidir. Təyinatlı və zorla sırınan örnək yaxşı ola bilməz. Örnəyi özümüz tapmalıyıq. Baxıb görək gözümüzün qarşısında olan simaların hansını daha çox bəyənirik. Hansını çox bəyənsək, təbii ki, örnəyimiz də o olacaq.

Məncə, müsəlman gənc, xüsusən imamlarımızın, Peyğəmbər ailəsinin və erkən İslam çağı müsəlmanlarının həyatı ilə tanış olan müsəlman gənc üçün örnək və model tapmaq çətin olmaz. Belə örnəklər az deyil. İndi sizin özünüz xoşbəxtlikdən həzrət Zəhranın (ə) adını çəkdiniz. Mən Fatimeyi-Zəhranın (ə) müqəddəs şəxsiyyəti haqda bir neçə cümlə demək istəyirəm. Bu, başqa imamlar və böyük şəxsiyyətlər haqda düşünmək üçün də sizə ipucu verə bilər.

Elm, sənaye və texnologiya dövründə, böyük maddi sivilizasiyalar dünyasında və bütün bu yeniliklər əsrində yaşayan siz xanımlar, məsələn 1400 il bundan əvvəl yaşamış örnəyinizdən nə götürə bilərsiniz? Onun hansı cəhətdən sizin bugünkü vəziyyətinizə bənzədiyini düşünür və ondan öyrənmək istəyirsiniz. Məsələn, bilmək istəyirsiniz ki, o, universitetə necə gedib, yaxud dünyanın siyasi hadisələri haqda nə düşünüb?! Təbii ki, bunlar deyil. Hər bir insanın şəxsiyyətində təməl xüsusiyyətlər vardır. Onları müəyyən etmək və nümunəni onlarda axtarmaq lazımdır. Məsələn, müxtəlif hadisələrlə rastlaşdıqda insan necə davranmalıdır? Bu məsələlər bəzən metro, qatar, təyyarə və kompüter olan dövrə aiddir, bəzən də qədim dövrə. Lakin müxtəlif hadisələr həmişə insanın qarşısına çıxır. İnsan bu məsələlərdə iki növ mövqe seçə bilər: biri məsuliyyətli, biri isə laqeyd. Məsuliyyətli yanaşmanın da müxtəlif növləri var: hansı ruhiyyə ilə, gələcəyə hansı baxışla? İnsan ona örnək olacaq şəxsiyyətdə bu əsas xətləri tapmalı və həyatında icra etməlidir. Mən bu mövzuya bir dəfə də toxunmuşam. Bizim söhbətlərimizdə bəzən yaxşı sözlər də olur, lakin çox zaman diqqət yetirilmir və beləcə itib-batır.

Həzrət Zəhranın (ə) doğum tarixində fikir ayrılıqları vardır. O, altı, yaxud yeddi yaşında olarkən Əbu Talib dərəsi məsələsi qarşıya çıxdı. Əbu Talib dərəsindəki dövr İslamın erkən çağında çox çətin bir dövr olmuşdur.

Peyğəmbərin dəvəti başlanmışdı, Məkkə xalqı, xüsusən cavanlar və qullar tədricən Peyğəmbərə iman gətirirdilər. Əbu Ləhəb, Əbu Cəhl və digər tağut böyükləri gördülər ki, Peyğəmbəri və onun ətrafındakı insanları Mədinədən qovmaqdan başqa yol qalmayıb. Onlar belə də etdilər: onlarla ailədən, Peyğəmbərdən, onun qohumlarından və Əbu Talibin özündən - Əbu Talib də böyük şəxsiyyətlərdən idi - ibarət çoxlarını uşaqlı-böyüklü Məkkədən çıxardılar. Bunlar Məkkədən çıxdılar, amma haraya getsinlər? Təsadüfən, cənab Əbu Talibin Məkkənin təxminən bir neçə kilometrliyində bir dərədə mülkü vardı. Oranın adı Əbu Talib dərəsi idi. Ora dağ yarığı və kiçik bir dərə idi. Məkkədə gündüzlər hava isti, gecələr isə olduqca soyuq idi. İndi siz fikirləşin ki, nə qədər dözülməz bir vəziyyət yaranmışdı. Onlar üç il bu dərədə yaşadılar. Nə qədər aclıq çəkdilər, çətinlik gördülər, Allah bilir.

Peyğəmbərin çətin dövrlərindən biri bu dövr idi. O zaman əziz Peyğəmbərin vəzifəsi təkcə cəmiyyəti idarə etmək mənasında olan rəhbərlik deyildi. O, çətinliyə düşmüş insanların yanında öz hərəkatını müdafiə etməyi də bacarmalı idi. Bildiyiniz kimi, vəziyyət yaxşı olanda rəhbərin ətrafına yığışan insanlar da razı olurlar. Deyirlər Allah atasına rəhmət eləsin ki, bizi belə yaxşı vəziyyətə çıxarıb. Amma çətinlik görəndə hamı deyinir ki, biz bunu istəmirdik, o, bais oldu. Əlbəttə, güclü imanı olanlar dayanırlar. Hər halda, bütün çətinliklər Peyğəmbərin çiyninə düşürdü. Bu əsnada, çox çətin psixoloji durumunda onun dayağı və ümidi olan cənab Əbu Talib və həmçinin ona ən böyük psixoloji köməyi göstərmiş Xədiceyi-Kübra bir həftənin içində dünyadan köçdülər. Çox qəribə bir hadisə idi; yəni Peyğəmbər tək-tənha qaldı.

Mən bilmirəm siz indiyədək bir işçi qrupun başçısı olmusunuzmu və bir toplumun məsuliyyətinin nə demək olduğunu bilirsinizmi? Belə bir şəraitdə insan doğrudan da çarəsiz qalır. Bu şəraitdə Fatimeyi-Zəhranın (ə) roluna baxın. İnsan tarixin künc-bucağında bu məqamları tapmalıdır. Lakin təəssüf ki, belə məsələlər üçün fəsil ayırmırlar. Fatimeyi-Zəhra (ə) Peyğəmbərə bir ana, müşavir və təbib kimi olub və buna görə ona “ummu əbiha”, yəni atasının anası demişlər. Bu, o zamana aiddir, yəni altı-yeddi yaşı olan zamana. Əlbəttə, ərəb cəmiyyətlərində və isti yerlərdə qızlar fiziki və psixoloji cəhətdən daha tez inkişaf edirlər - məsələn, bizim indiki 10-12 yaşlı qızlarımız qədər.

Məsuliyyət hissi budur. Bu, bir gəncə örnək ola bilməzmi: böhran zamanı tez məsuliyyət hiss edib fəaliyyətə başlamaq, vücudunda olan böyük potensialı xərcləmək, yaşı misal üçün, əllini ötmüş və təqribən qocalmış atasının üzündən qəm-kədəri silmək?! Bu, bir cavan üçün nümunə ola bilməzmi?! Bu, çox əhəmiyyətli məsələdir.

Növbəti nümunə həyat yoldaşı kimi roludur. Bəzən insan elə bilir ki, xanım mətbəxdə xörək bişirməli, otağı təmizləməli, döşəkləri səliqəyə salmalı və qədimdə olduğu kimi, döşəkcəni hazırlayıb kişinin idarədən, yaxud dükandan gəlməsini gözləməlidir. Xanımın işi təkcə bunlar deyil. Siz baxın, görün Fatimeyi-Zəhra (ə) necə xanım olub.

Peyğəmbərin Mədinədə olduğu on ilin təxminən doqquzunda həzrət Zəhra və həzrət Əli (ə) həyat yoldaşı olmuşlar. Bu doqquz ildə kiçikli-böyüklü təqribən altmış müharibə baş vermişdir. Həzrət Əli (ə) onların əksərində iştirak edib. İndi siz baxın, bu xanım evdə oturub, əri isə daim cəbhədədir. Cəbhəyə getməsə, işlər axsayar. Döyüş məsələləri ona bu qədər bağlıdır. Məişət vəziyyətləri yaxşı deyil. Eşitdiyimiz kimi, “onlar öz iştahları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər”[28] - yəni doğrudan da çox kasıb yaşayırdılar. Halbuki o, həm də rəhbərin, Peyğəmbərin qızıdır. Bu baxımdan da bir növ məsuliyyət hiss edir. Görün belə bir ərə yardımçı olmaq üçün xanımda necə ruh yüksəkliyi olmalıdır. O, ailə nigaranlığı və həyat problemləri baxımından ərini arxayın etməli, ona ürək-dirək verməli, uşaqlarını belə gözəl tərbiyə etməlidir. Siz deyə bilərsiniz ki, İmam Həsən (ə) və İmam Hüseyn (ə) imam idilər. Axı Zeynəb imam deyildi. Fatimeyi-Zəhra (ə) onu bu doqquz ildə tərbiyə edib. Çünki o həzrət Peyğəmbərdən sonra çox yaşamayıb.

Belə evdarlıq etdi, həyat yoldaşı oldu və bununla tarixin həmişəyaşar ailəsinin həyatında əsas mərkəzə çevrildi. Məgər bunlar bir cavan qız, bir evdar xanım üçün nümunə ola bilməzmi?! Bunlar çox mühumdur.

Peyğəmbərin vəfatından sonra məscidə gəlməsi və bəlli xütbəni oxuması da çox böyük məsələdir. Bizlər bədahətən nitq söyləyənlər olduğumuz üçün bu sözlərin nə qədər əzəmətli olduğunu anlayırıq. 18 yaşlı, 20 yaşlı, uzaqbaşı 24 yaşlı bir qız - o həzrətin yaşı dəqiq məlum deyil, doğulduğu il haqda fikir ayrılığı var - bütün dərd və problemlərinə rəğmən, məscidə gəlir və izdiham qarşısında hicabla çıxış edir.

Bu çıxışın bütün sözləri tarix kitablarında qeyd olunmuşdur. Ərəblər yaddaşın güclülüyü ilə məşhur idilər. Bir nəfər gəlib 80 beytlik bir qəsidə oxuyurdu, məclis bitdikdən sonra 10 nəfər onu yazırdılar. Dövrümüzədək gəlib çatan bu qəsidələr çox zaman belə qalmışdır. Şeirlər ictimai yerlərdə oxunur və qeyd olunurdu. Belə çıxış və hədislər də çox zaman belə olub. Oturub yazıb, əzbərləyib və günümüzədək saxlayıblar. Əbəs sözlər tarixdə qalmır, hər söz qalmır. O qədər sözlər deyilib, çıxışlar edilib, şeirlər söylənib, amma qalmayıb və heç kəs onlara əhəmiyyət verməyib. Lakin tarix bu çıxışı öz qəlbində saxlayır, üstündən 1400 il keçəndən sonra oxuyan hər bir insan onu uca tutur. Bu da bir üstünlüyü göstərir. Məncə, bu, gənc qız üçün örnəkdir.

Öz dövrümüzdə da örnək var. İmam Xomeyni örnəkdir. Bizim Bəsic üzvü olan gənclərimiz örnəkdirlər: həm şəhid olanlar, həm də bu gün yaşayanlar. Söz yox ki, insan örnəyi öz meyarları ilə seçir. Mən xahiş edirəm seçmək istədiyiniz hər bir örnəkdə qeyd etdiyim təqva meyarını mütləq nəzərə alın. Təqva vaz keçiləsi bir şey deyil. Təqva həm dünya həyatı üçün lazımdır, həm də axirət həyatı üçün.[29]

37. Əmmarə nəfs və xudbinlik

Bizim vücudumuzda bizim ən böyük düşmənimiz yatıb. O, əmmarə nəfs, ehtiras və xudbinlikdir. Biz bu zəhərli ilanı və qəddar düşməni hətta müvəqqəti olsa belə, öz yerində oturda bildiyimiz an uğurlu və səadətli əmələ, müqavimətə və Allah yolunda cihada qadir ola bilərik. Bu düşmən baş qaldırdığı, vücudumuzdakı ağlı, mənəvi gücü və ilahi nəfsi məğlub etdiyi, öz fərmanı altında saxladığı an isə tənəzzül və süqut qarşısında qalacaq və sonra geriləməyə başlayacağıq. Dayanmaq, elə geriləmək deməkdir. Bunlar bir şeydir.[30]

38. İnsan ruhu nə zülm edir, nə də zülmü qəbul edir!

Xalqların problemi insan donu geyinmiş vəhşi və yırtıcıların hakimiyyəti problemidir. Minlərlə insanı qətlə yetirmək, ailələri, kiçik uşaqları kimyəvi silahlara məruz qoymaq belə insanlar üçün heç bir əhəmiyyət kəsb etmir. Onlar asanlıqla cinayət törədirlər, zahirdə insan, əslində isə canavardırlar. Onun mənəvi və həqiqi siması qiyamət günü malik olacağı vəhşi heyvan simasıdır. Belə insanlar öləcəkləri və özlərinin xar həyatlarının ağır sərsəm yuxusundan ayılacaqları gün baxıb, özlərini canavar kimi görəcəklər.

Dünyada bu ağır vəziyyətə dözən insanlar, bütün bu faciə və cinayətlərə qarşı laqeyd və soyuqqanlı olanlar, məsuliyyət hiss etməyənlər də başqa bir cəhətdən problemdədirlər. Onların da nəfsani tərbiyələri yoxdur. Yaşamaq sevgisi və ölüm qorxusu onları da yaxalayıb. Onların mənəvi simaları canavar olmasa da, siçandır. Əgər yırtıcı deyilsə də, yırtılmalı və yeyilməli heyvandır, quzudur. Bəli, ən hörmətli ifadə budur. İnsan ruhu nə elə cinayət və zülmlər etməyə icazə verir, nə də zülm qarşısında susmağa.[31]

39. Şəhidlik

Şəhidlik odur ki, insan özünün ən uca və ən sevimli dünya sərvətini bəşəriyyət üçün faydalı olduğunu düşündüyü amal uğrunda qurban versin. Bu, ən gözəl insani dəyərlərdən biridir. Bu, Allahın bütün peyğəmbərlərininin arzusu və ilahi amalıdır. Bu dəyər bütün bəşəri idealların başında durur və heç bir maddi ölçüyə sığmır. Bu təfəkkürü qəbul etmək həqiqət yolunun mübarizlərinə düşmən cəbhəsinin hesablamalarını puça çıxarmaq qüdrəti bağışlayan heyrətamiz amildir. Təcrübə göstərib ki, bu amil düşməni çıxılmaz vəziyyətə və aciz duruma salır.[32]


Dördüncü fəsil: Siyasi və ictimai məsələlər

40. Azadlıq, onun hüdud və qaydaları

Bu gün universitetdə azadlıq məsələsi çox müzakirə olunur. Bəzən deyirlər ki, azadlıq verilmir, alınır. Mən deyirəm azadlıq həm verilir, həm alınır, həm də öyrənilir. “Azadlıq verilir” nə deməkdir? Bu o deməkdir ki, dövlət məmurlarının təbii azadlıq haqqını, yəni qanuni azadlıqları heç kimdən almağa ixtiyarları yoxdur. Bu, dövlət tərəfindən lütfkarlıq da deyil. Dövlət azadlığı verməyə borcludur.

“Azadlıq alınır” nə deməkdir? Yəni cəmiyyətdə hər bir ayıq və şüurlu insan öz azadlıq haqqı və hüdudları ilə tanış olmalı, onları tələb etməli və istəməlidir. “Azadlıq öyrənilir” nə deməkdir? Yəni azadlığın mədəniyyəti və qayda-qanunları var. Onları öyrənmək lazımdır. Azadlıq mədəniyyəti və qaydaları olmadan bu böyük nemət heç kəs və heç bir cəmiyyət üçün lazımi həddə mövcud olmaz. Əgər cəmiyyətdə insanlar azadlıqdan istifadə qaydasını bilməsələr, heç şübhəsiz, fəal, çalışqan və öncül bir cəmiyyət üçün zəruri olan azadlığı əldən verəcəklər. İslam nöqteyi-nəzərindən bu, bir cəmiyyət üçün faciə deməkdir. Azadlığın əldən çıxması faciədir.[33]

41. Mən partiyalaşmanın əleyhinə deyiləm.

Bəziləri deyirlər ki, filankəs partiyalaşmanın əleyhinədir. Halbuki İslam inqilabının qələbəsindən sonra ilk partiyani biz yaratdıq. Əgər partiyalaşma sözün həqiqi mənasında olsa, mən onun tərəfdarıyam. Lakin məncə, partiyalaşma bu deyil ki, siyasət iddiaçılarının bir qrupu hakimiyyətə gəlmək məqsədilə 15-20 nəfəri bir yerə toplayıb yalançı şüarlarla xalqı o tərəf-bu tərəfə çəksinlər, davamlı olaraq dava və ixtilaf salsınlar, bekar qalmamaqdan ötrü kiçik bir məsələni böyütsünlər, əhəmiyyətsiz bir şeyi əhəmiyyətli göstərib günlərlə, həftələrlə barəsində danışsınlar, təhlil etsinlər, onun əsasında dost və düşmən müəyyənləşdirsinlər: filankəs filan tərəfdədir - deməli, bizim düşmənimizdir; filankəs filan tərəfdədir - deməli, dostumuzdur. Mən bunları partiyalaşma bilmirəm. Bunlar dünyada tanınmayan yanlış siyasi oyunlardır. Mən sevinirdim ki, İranda belə şeylər yayılmayıb, amma təəssüf ki, bəziləri bu işləri sevirlər.[34]

42. Səlahiyyətə nəzarət və onun fəlsəfəsi

Səlahiyyətə nəzarət qanunda nəzərdə tutulmuş məsələdir və heç kim qanuna əməl olunmasından şikayət etməməlidir. Nəzarət Şurasının bu işi qanun çərçivəsindədir, konstitusiyaya əsaslanır. Bunun kökü konstitusiyadadır və digər qanunlarda da təsdiq olunmuşdur. Bu nəzarət adi vətəndaşlar üçün deyil. Bu, zərərli, pis və ləyaqətsiz bir insanın həssas mərkəzlərə daxil ola bilməməsi üçündür. Bu nəzarət təkcə parlamentə aid deyil, prezidentə də şamil olur. Siz təsəvvür edin, xarici ölkələr tərəfindən dəstəklənən, ixtiyarında çoxlu pul olan, özünü müxtəlif şəkillərdə bəzəyən peşəkar bir fırıldaqçı namizədliyini irəli sürsə, xalqın çoxunu aldatmağı bacarsa və prezident seçilsə, bu məmləkətin başına nələr gələr?! Səlahiyyətə nəzarət onun üçündür ki, ölkə qanunlarına əsasən, həssas vəzifələrə - istər parlamentə, istər prezidentliyə, yaxud bu şuranın nəzarətində olan başqa yerlərə, məsələn Dini Ekspertlər Məclisinə daxil olmaq səlahiyyətinə malik olmayan şəxslərin qarşısı alınsın, onlar bu həssas mərkəzlərə yol tapa bilməsinlər.[35]

43. Fəqihin mütləq vilayəti o demək deyil ki, rəhbər ürəyi istədiyi hər bir işi görə bilər!

Bəzi insanlar elə bilirlər ki, konstitusiyada göstərilən “fəqihin mütləq vilayəti” o deməkdir ki, rəhbər ürəyi istəyən hər bir işi görə bilər. Xeyr, mütləq vilayətin mənası bu deyil. Rəhbər qanunların hər birini icra etməli və onlara hörmətlə yanaşmalıdır. Lakin bəzən elə olur ki, məsul şəxslər bir qanunu dəqiqliklə icra etmək istədikdə problemlə rastlaşırlar. İnsan qanunu belədir. Konstitusiya bir çıxış yolu göstərib deyir ki, müvafiq orqanlar filan vergi qanununda, xarici siyasətdə, ticarətdə, sənayedə və universitetdə çıxılmaz vəziyyətdə qalsalar və bir iş görə bilməsələr, rəhbərə müraciət etsinlər. İmam Xomeyninin vaxtında da belə idi. Çünki belə deyil ki, siz bu gün bir şeyi parlamentə aparasınız və sabah qərar çıxarıb cavab versinlər.

Mən İmam Xomeyninin vaxtında prezident idim. Çıxılmaz vəziyyətlərdə imama məktub yazırdıq və o, cavab verirdi. İmamdan sonra da qabaqkı və indiki iqtidarlar bəzən müxtəlif məsələlərlə bağlı məktub yazıb problem olduğunu bildirmiş və qanunun filan hissəsinin pozulmasına icazə istəmişlər. Rəhbər də diqqətlə araşdırıb bu işin görülməsinin labüd olduğunu duyduqda icazə verir. Ölkənin mühüm probleminə çevrilmiş məsələlər isə Quruluşun Məsləhətini Müəyyənləşdirən Quruma verilir. Mütləq vilayətin mənası budur. Rəhbər, prezident, nazirlər, deputatlar, bir sözlə, hamı qanuna tabedir və olmalıdır da. Qanun bizim əməllərimizə hakim olacaq qədər əhəmiyyətlidir.[36]

44. Mətbuata nəzarət bir vəzifə kimi

Məncə, mətbuata nəzarət bir vəzifədir. Bu, konstitusiyada və mətbuat haqqında qanunda da müəyyənləşdirilib. Heç şübhəsiz, nəzarət olmadan milli maraqlar mətbuat tərəfindən təmin edilməz. Bəziləri elə düşünürlər ki, ictimai rəy azad və qeyd-şərtsiz bir zonadır, bununla istədiklərini edə bilərlər. İctimai rəy laboratoriya siçanı deyil ki, hər kəs onunla istədiyi işi görə bilsin. Yanlış təhlillərlə, şayiə, böhtan və yalanlarla xalqın iman, duyğu, inam və müqəddəslərinə zərbə vururlar. Axı bu, düzgün deyil! Bu işlərin qarşısını almaq üçün nəzarət lazımdır. Bu, bir vəzifədir və əgər yerinə yetirilməsə, səbəbi soruşulmalıdır.[37]

45. Mətbuatın üç əsas vəzifəsi

Məncə, mətbuatın üç əsas vəzifəsi var: tənqid və nəzarət, düzgün və şəffaf informasiya çatdırmaq, cəmiyyətdə fikir mübadiləsinə şərait yaratmaq. Məncə, söz azadlığı xalqın və mətbuatın danılmaz haqqıdır. Buna heç bir şübhəm yoxdur. Bu, konstitusiyanın açıq-aşkar göstərdiyi prinsiplərdəndir. Məncə, bir cəmiyyət azad və mütərəqqi mətbuatı, azad və düşüncəli qələmləri əldən verərsə, çoxlu başqa şeyləri də itirməli olar. Azad mətbuatın olması bir xalqın inkişaf əlamətlərindəndir. Yəni bir tərəfdən xalqın inkişafı və azadlığı onu yaradır və digər tərəfdən, o da öz növbəsində xalqın inkişafını artırmağa qadirdir. Əlbəttə, məncə, bu dəyərin yanında başqa dəyər və həqiqətlər də var. Mətbuat və söz azadlığı adıyla onları tapdamaq olmaz. Böyük hünər odur ki, insan həm azadlığı qorusun, həm həqiqəti dərk etsin; həm azad mətbuatı olsun, həm bu ziyanlara uğramasın. Bu yolla getmək lazımdır.[38]

46. Məhkəməni sual altına almaq

Məncə, bir ölkədə məhkəməni sual altına almaq fəsadın başlanğıc nöqtəsidir. Ali məhkəməni sual altına almaq olmaz. Ona görə yox ki, o, həmişə düzgün əməl edir, yaxud bütün işçiləri düzgündürlər. Xeyr, heç şübhəsiz, onda bəzi qanun pozuntuları var. Bu yaxınlarda Ali məhkəmənin özü bir hakimini mühakimə etdi, o indi də həbsdədir. Buna da şübhə yoxdur ki, o şəxs bir siyasi bandaya aid olsaydı, indi əks-sədası bütün dünyanı bürümüşdü. Bağlı olmayanda səs-küy də olmur.

Ali məhkəmə öz daxilindəki fəsadlara qarşı qətiyyətlə mübarizə aparır. Demək istəmirəm ki, Ali məhkəmə nöqsansızdır, yaxud bütün adamları vicdanlıdırlar. Demək istəyirəm ki, hər bir şeyə rəğmən, hamı onu rəsmən tanımalıdır. Onu sual altına almaq olmaz. Əgər məhkəmə sual altına düşsə, hər bir cinayətkar bu bəhanə ilə mühakimədən yayına bilər, daha heç kimi təqib etmək olmaz. Buna görə də, hamı məhkəmənin hökmünə təslim olmalıdır.[39]

47. Cənab Misbah bizim dövrümüzdə Əllamə Təbatəbai və Şəhid Mütəhhəri kimi şəxsiyyətlərin yerini tutur!

Bu gün bizim İslam quruluşumuz fəxr edir ki, onda parlaq elmi və mənəvi şəxsiyyətlər mövcuddur. Bu əziz və əzəmətli şəxsiyyət (cənab Misbah) da onlardandır. Bu işlər onun sayəsində baş tutub. Mən onu qırx ilə yaxındır tanıyıram, ona səmimi hörmətim var. O, fəqih, filosof, mütəfəkkir və İslamın əsaslı məsələlərində nəzər sahibidir. Əgər Allah-Taala bizim indiki nəslə Əllamə Təbatəbai, yaxud mərhum Şəhid Mütəhhəri kimi şəxsiyyətlərdən bəhrələnmək imkanı verməmişsə də, şükür olsun ki, bu əziz və böyük şəxsiyyət (cənab Misbah Yəzdi) o əzizlərin yerini tutub. Mən həqiqətən, Allaha şükür edirəm ki, bizim cəmiyyətimizdə, xüsusən cavanlarımız arasında ona böyük hörmət var. Mən öyrənib gördüm ki, ölkəmizin hər yerində cavanlarımız ona böyük sayğı bəsləyir, inanır və onu uca tuturlar. Bu, Allahın böyük neməti və işin sağlamlığının əlamətidir. İnsan ilahi ruhiyyə ilə və ilahi məqsədlə işləsə, belə də olar.[40]

48. İnqilabi islahatçılıq və Amerika islahatçılığı

İslahatçılıq sözü bu gün geniş yayılmış sözlərdəndir. Məncə, islahatçılıq inqilabın təməl xüsusiyyətlərindəndir. Ümumiyyətlə, inqilab irəliyə doğru böyük bir hərəkət deməkdir. Bu hərəkət heç vaxt dayanmır, daim irəliləyir. Bu irəliləyiş elə islahatçılıqdır. Əlbəttə, amerikalılar bizə islahatçılıq dərsi keçmək istəsələr, təbii ki, qəbul etməyəcəyik. Çünki onun islahatçılıq bildiyi amillər eynilə keçmişə irticaçılıqdır. Əgər bu gün bu ölkədə xalqa arxalanan, müstəqil, qorxmaz və fəal İslam Respublisakı hökumətinin əvəzinə Qərbə itaət göstərən mürtəce bir padşah rejimi olsaydı, onlar bunu islahatçı biləcəkdilər. Belə islahatçılıq onlar üçün yaxşı sayılır. Əgər belə islahatçılıq yaxşıdırsa, gedib özləri üçün yaratsınlar.

Əsl islahatçılıq inqilabın ayrılmaz hissəsidir. Bir müsəlman tələbə islahatçı olmaya bilməz. İslahatçılıq siyasi jest deyil. Bundan siyasi jest kimi, onu-bunu cəlb etmək məqsədilə istifadə etmək olmaz. Ondan əsl simanı ört-basdır etmək üçün istifadə etmək olmaz. İslahatçılıq bir vəzifə və mübarizədir. Hökumət və xalq islahatçı olmağa borcludurlar. Əlbəttə, islahatçılığı başqalarının tərif etməsinə icazə verməsinlər. Özləri öz mənfəətlərini axtarmalı, tanımalı, təyin və tərif etməlidirlər. Bunun əksi ABŞ islahatçılığı və əcnəbilərin bəyəndiyi islahatçılıqdır.[41]

 

49. Siyasi ehkamçılıq dini ehkamçılıqdan daha təhlükəlidir!

Biz “ehkamçılıq” dedikdə təsəvvürümüzdə dini ehkamçılıq canlanır. Bəli, o da bir növ ehkamçılıqdır, amma ehkamçılıq təkcə bu deyil. Ondan da təhlükəli olan siyasi ehkamçılıqdır. Siyasi partiya və təşkilatların formalaşmasından doğan ehkamçılıq heç kəsə düşünmə imkanı vermir. Əgər bir məsələnin düzgün olması üçün on qaneedici dəlil göstərsək, qəbul edir, amma əməl zamanı ayrı cür əməl edir. Niyə? Çünki partiyası, yəni başının üstündə duran siyasi təşkilat mafiya atalığı kimi, ondan belə istəyir. İnsan bunun bəzi nümunələrini təəssüf ki, hətta univeristetdə də görür.[42]

50. Qanuni kobudluq və qeyri-qanuni kobudluq

Kobudluq məsələsinə iki baxımdan yanaşmaq olar: əxlaqi və hüquqi, bir də psixoloji müharibə və təbliğat sahəsində. Bunları bir-birinə qarışdırmaq lazım deyil. Hüquqi və əxlaqi baxımdan kobudluq məsələsi aydındır və dəfələrlə demişik ki, kim qanunsuz olaraq başqalarının hüququna təcavüz etsə, kobudluq göstərsə, mühakimə olunmalıdır. İslamın baxışı da belədir. İslamda hədd, qisas və bu kimi cəzalar məhz kobudluğun və zorakılığın qarşısını almaqdan ötrüdür. Xislətində qətl törətmək və oğurluq etmək olan insanın qarşısını almaq üçün cəzalar müəyyənləşdirilmişdir. Bu barədə söhbətə ehtiyac yoxdur. Mən dəfələrlə demişəm, cümə namazında da demişəm ki, zorakılıqla dini cəzaların mənasını eyniləşdirməyin əleyhinəyəm. Hansı cinahdan olursa-olsun, pis bir iş baş verdikdə demək olmaz ki, filan yaxşı cavan, yaxud filan cinahın filan cavanı, yaxud filan yerə bağlı olan filan cavan bu işi görüb, ona görə də bu işin pisliyi bir qədər azalmalıdır. Xeyr, pis pisdir. Bunda müzakirəyə ehtiyac yoxdur.

Amma bir də təbliğat sahəsi var. Burada inqilab əleyhinə psixoloji muharibə başlayıblar. İlk dəfə zorakılığı bizim ölkənin mənfi cəhəti kimi göstərənlər kimlər idilər? Qolları dirsəyə qədər günahsız insanların qanına batmış adamlar, yəni amerikalılar, dünyada istədikləri şəxsi terror edənlər. Zorakılıqdan dəm vuran və onu pisləyənlər bunlardır. Sionistlər və onların radioları zorakılıqdan danışırlar. Bu, siyasət və təbliğat məsələləri kimidir, real baxılası və barəsində fikir yürüdüləsi məsələ deyil. Bunu da unutmaq olmaz.

Hakimiyyət acı olan xəstə və ya səfeh bir qrup insan eyni sözləri yenidən təkrarlayırlar. Rəhmət və mərhəmət tərənnümü olan böyük imamı zorakılıqda, kobudluqda ittiham edirlər. İmam arif bir insan və həqiqətən, mərhəmət tərənnümü idi. İnqilabı belə qətiyyətlə idarə edən bu insan duyğusal məsələlər qarşısında çox dəqiq idi... İmam hissiyyat tərənnümü idi, olduqca duyğusal və mehriban idi. Belə bir insanı daşürəklilikdə ittiham edirlər. Niyə? Çünki onun vaxtında Mirsad əməliyyatında bir qrup cinayətkar qatilə qarşı qanuni hökm icra edilmişdi. Bir qrup insan xalqla vuruşmuşdu, imam da qanunu icra etmişdi. Əlbəttə, bu işi imam etməmişdi, o zamanın aidiyyətli orqanları etmişdilər. Amma imamı daşürəklilikdə suçlayırlar. İndi də bir qrup qafil, səfeh, yaxud düşmənin planından xəbərsiz insan bunları ölkə daxilində təkrarlayır. Bu, həqiqətən, zülmdür.[43]

 

51. Məmurların meşşanlığı ikiqat zərbədir!



Geri   İrəli
Go to TOP