A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ZƏRİF MƏQAMLAR (Dördüncü cild)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Müharibədə hamı iştirak edirdi. Müharibə zamanı rəhbərin rolu birinci dərəcəlidir. Bizim rəhbərimiz bütün xalqın iştirakını təmin etdi. Bu səfərbərlik, könüllülər, Mühafizəçilər korpusunun yaradılması, ordunun əzəmətli hərəkəti, xalqın köməyi, iştirakı, görülən çoxlu işlər - bütün bunlar ziyalıların inkişafına lazım olan əlverişli şəraiti düzgün istiqamətdə gücləndirirdi.

Bu dediklərim əksəriyyətə aiddir, bunda istisnalar da var. Elə müharibə dövründə bir yazıçı müharibə haqda bir hekayə yazdı. O bu hekayədə müharibədən ötrü İranı günahkar çıxardı. Baxın, nəyin bahasına olursa-olsun, öz yanlış mövqeyindən çəkinmək istəməyən şəxs belə olur. Əhvaz, Abadan və Xürrəmşəhr şəhərləri düşmənin hərbi hücumuna məruz qalan, rəhbəri, hökuməti və silahlı qüvvələri daxil bütün xalqı döyüşə atılan İslam Respublikasında hansı iradı tutmaq olar?! Bu roman əvvəldən axıra qədər xalqa və onun iqtidarına iradla, məsxərə və təhqirlə doludur. Bunlar bəzi köhnələrdən baş verdi, ümumi vəziyyət isə belə deyildi. Döyüşdən sonralara və çox sonralara qədər gedən ümumi proses düzgün istiqamətdə idi. Ziyalı aləmində bu, bir inkişaf, tərəqqi və ziyalı təbiətinə uyğun iş idi. Ziyalının təbiəti inkişaf etməkdir və doğrusu bu idi ki, həmin səhvdən və xəstəlikdən qurtulsun. Bu, inqilabdan öncəki şəraitdə mümkün deyildi. İnqilab bu şəraiti təmin etdi.

21. Müharibədən sonrakı dövr

Bir söz qaldı. Bütün bu söhbətlərdə məqsədim həmin bir söz idi. O bir söz budur ki, müharibədən sonrakı dövrdən İran ziyalılarını inqilabdan öncəki xəstəliyə salmaq üçün ciddi səylər başlanıb: mürtəcelik, keçmişə qayıdış, dindən, yerli ənənələrdən küsmək, Qərbə üz tutmaq, ona qeyd-şərtsiz sevgi və asılılıq, Avropa və Amerikadan gələn hər bir şeyi qəbul etmək, əcnəbiyə məxsus hər bir şeyə hörmətlə yanaşmaq, özümüzə aid olanları isə aşağılamaq. Bu əslində, həm İran xalqına, həm də onun təməl prinsiplərinə qarşı təhqirdir. Mən bunu müşahidə edirəm. Bunlar kimlərdir? Təbii ki, təxminən bilmək olar; mən burada dəqiq söz deyə bilmərəm. Nə İslama, nə də İrana heç zaman iman gətirməyən bir qrup insan var. Bu ilahi, dini, həqiqi, yerli - adını nə qoyursunuzsa-qoyun - ziyalılığın İranda mövcud olduğu bir neçə ildə bunlar baş qaldıra bilmədilər; ya bir kənara çəkildilər, ya ölkədən xaricə getdilər və öz tanrılarını, qiblələrini, məşuqlarını orada tapdılar. Bu xalq, bu ənənələr, bu tarix və bu mədəniyyət onlar üçün heç bir əhəmiyyət kəsb etmədi. Təbii ki, bu xalqın gələcəyi də onlar üçün əhəmiyyətsizdir. Danışıb iddia edə bilərlər, amma keçmiş göstərir ki, onlar səmimi deyillər, xalqın qayğısına qalmır və özlərini düşünürlər.

Bəzi qüvvələr də bunların təsiri altına düşənlərdir. Təmtəraqlı adlar insanları çaşdırır. Dəqiq deyə bilmərəm, amma güman ki, bəziləri muzdurdurlar. Pula xidmət edən sahələrdən biri də ədəbiyyat, incəsənət, qələm və şeirdir. Bu, təəccüblü deyil. Biz əslində lənətə və nifrətə layiq olan bəzi şahlara şeir deyib onları tərifləyən böyük şairlər görmüşük. Bizdə pula, dünyaya və ehtiraslara görə mənfur və çirkin əsasları himayə edən adamlar çox olub; halbuki onlardan uzaqlaşmalı idilər. Bu, başadüşüləndir. Əlbəttə, dedim ki, bu fikir dəqiq deyil, gümandır. Güman edirəm ki, onlar prosesi geriyə qaytarmaq istəyirlər. Bizim müsəlman ziyalılarımız buna imkan verməməlidirlər. “Buna imkan verməməlidirlər” sözündə məqsədim bu deyil ki, qalxıb dalaşmalıdırlar. Xeyr! Ziyalının işi yumruqlaşmaq və dalaşmaq deyil. Mədəniyyət xadimlərinin və ziyalıların işi elə mədəni işlərdir. Onun vasitələri mədəni vasitələrdir. Uyğun sahələrdə çalışan cavanlar gərək fəal olsunlar.

Gənclər! Özünüzü islah edin. Bir xalq inkişaf və təkamül yolunu keçmək üçün düşüncə baxımından möhkəm bir yerə arxalanmalıdır. Məzhəbsiz, imansız, əxlaqi, dini və mənəvi təməllərə etiqadı olmayan bir topluma bağlanmaq və onların sözü ilə irəliləmək istəyən bir xalqın, bir nəslin, bir cavanın ayağının altı boşalar, gənc nəsil Pəhləvi dövrünün gənc nəsli kimi olar: ümidsiz, faydasız, fəsada meylli, sapqınlığa hazır. O zaman kiminsə onları yenidən düzgün yola yönəltməsi üçün çoxlu imkanlar, İslam inqilabı kimi bir hərəkət lazım olacaq, amma o, bir ölkədə bir əsrdə, yaxud bir neçə əsrdə asanlıqla meydana gəlmir. Bütün vücudumuzla mövcud vəziyyəti qorumalıyıq. Uzun illər ziyalılıqla və mədəni fəaliyyətlərlə bu xalqa heç bir xidmət göstərməyənlər, ən azı heç bir mühüm problem zamanı xalqın yanında olmayanlar, xalqa çatmayanlar, yəni onun rəhbəri və öncülü olmaq istəyən, lakin həmişə ondan geri qalan və kənara çəkilən bir qrupun yenidən ölkəyə qayıdıb öz fikir və mədəniyyətlərini hakim etməsinə icazə verməyin. Bu gün bəzi mətbu orqanlarında, jurnallarda və mədəniyyət sahələrində keçmişə, xəstə ziyalılığa qayıdışı izləyən məqamlar görünür. Bu, günün problemi, çox əsaslı və mühüm məsələdir.

22. Cəlal Ali-Əhmədin tarixi səhvi

Əlbəttə, ziyalı təbəqəsi bu barədə özündən nəsə deyə bilər. Deyər ki, mümkün deyil, ziyalılıq dinlə uyğunlaşmır, bir ölkəyə din gəldikdə, hər bir şeyi öz təsiri altına salır və sair. Təəssüf ki, mərhum Ali-Əhməd də kitabında bir məqamın izahında belə bir cümlə işlədib. Məncə, bu onun tarixi səhvidir. Deyir ki, Səfəvilər dövründə din, ədəbiyyat və katiblik hakim aparatın yanında idi, məsələn, Mir Damad gedib Şah Abbasın yanında oturmuşdu. Buna görə də, o dövrdə mədəniyyət, ədəbiyyat, fəlsəfə və incəsənət tənəzzülə uğradı. Bu, səhvdir. Ədəbiyyat tarixində Səfəvilər dövrü kimi bir dövr yoxdur. Mərhum Ali-Əhməd şeir adamı deyildi, məncə, o, məlumatsızlığından belə deyib. Hind üslublarına qarşı çıxan şairlər yanlış bir söz yaymışdılar. Hind üslubu Səfəvilər dövründə yayıldı və Zəndilər dövrünə, eləcə də Qacarların əvvəllərinə qədər davam etdi. Sonra modernistlər və İsfahan Ədəbi Məclisi adlanan bir qrup meydana çıxdı. Bunlar Hind üslubunun kəskin əleyhdarı idilər. Əlbəttə, onların şeirləri heç zaman Hind üslubu şairlərinin şeirlərinə çatmır, fərq olduqca böyükdür. Lakin ona qarşı çıxırdılar. O zamandan belə yayıldı ki, guya Səfəvilər dövrü şeirin tənəzzül etdiyi dövrdür. Xeyr, Saib kimi böyük şair bu dövrə aiddir. Kəlim Ürfi, Talib Amiri kimi şairlər Səfəvilər dövrünə məxsusdurlar. Şeir tarixi boyu bu misiliz şairlər Səfəvilər dövrünün yetirmələridir. Nəsrabadi “Nəsrabadi təzkirəsi” kitabında öz dövründə İsfahanda yaşayan minə yaxın şairin bioqrafiyasını yazıb. İsfahan kimi şəhərdə min şair! Əlbəttə, cəfəngiyyat deyən şairlər yox, yaxşı şairlər. Onların şeirləri qalır. “Nəsrabadi təzkirəsi” də mövcuddur. Bizim nə zaman və harada belə vəziyyətimiz olub?!

Bütün İslam fəlsəfəsi tarixinin ən böyük filosofu olan Molla Sədra Səfəvilər dövrünə məxsusdur. Mir Damad Səfəvilər dövründə yaşayıb. Məşhur arif Feyz Kaşani Səfəvilər dövrünə məxsusdur. Məşhur mütəkəllim və filosof Lahici bu dövrə aiddir. Bu nə sözdür ki, Səfəvilər dövrü şeirin tənəzzül dövrüdür?! Xeyr, əslində, Səfəvilər dövrü ədəbiyyat və incəsənətin zirvə çağıdır. Əlbəttə, şeir mənasında olan ədəbiyyatı nəzərdə tuturam, nəsri yox. Nəsr də yaxşıdır, amma çox da zirvədə deyil.

Ən yaxşı kafelçilik və ən yaxşı memarlıq da Səfəvilər dövründə olub. Siz tarix boyu Şeyx Lütfullah məscidi kimi bir məscid, İsfahanın Nəqşi-cahan meydanı kimi bir meydan, o binalar kimi bir bina tapa bilməzsiniz, çox az taparsınız. Bunlar Səfəvilər dövrünə aiddir. Səfəvilər şairləri saraya aparmırdılar ki, onlara pul versinlər.

Mən Səfəviləri müdafiə etmək istəmirəm. Biz bütün şahların əleyhinəyik. Şah pisdir. Ümumiyyətlə, şah yaxşı ola bilməz. Şahlıq, krallıq pisdir. Özünü məlik, kral və padşah adlandıran insan, özünü xalqın, necə deyərlər, öz rəiyyətinin ağası hesab edir. İslamda bu məsələ kökündən rədd olunub. O gün cümə namazında da dedim ki, xilafət və vilayət bu növ şahlığın əksidir. Səfəvi padşahları da şah idilər. Biz onları müdafiə edə bilmərik. Lakin bu, tarixi baxımdan yanlış sözdür ki, deyək Səfəvilər dövründə şeir və ədəbiyyat tənəzzülə uğrayıb. Mən görürəm ki, hələ də o dövrü yamsılayaraq orada-burada, televiziya və radioda bəzən həmin sözü deyirlər. Xeyr, Səfəvilər dövrü tənəzzül dövrü deyil. Hafizdən sonra Saib kimi böyük qəzəl şairi gəlməyib. Rudəkidən sonra heç bir şair Saibin şeirləri qədər şeir deməyib. İki yüz min şeiri var. Sözsüz ki, sanballı şairi nəzərdə tuturam. Əks təqdirdə, cəfəngiyyatçı şairlər nə qədər istəsəniz, şeir deyirlər. Heç bir şəhər İsfahan qədər şair, filosof, fəqih və incəsənət xadimi görməyib. Bu nə sözdür?!

Hər halda, ziyalılığın irticası budur: dərd-qəmsiz xəstə ziyalılıq dövrünə qayıtmaq, əsl ziyalılığın bütün prinsipial ənənələrinə, bu xalqın bütün köklü və yerli ənənələrinə, tarix və mədəniyyətinə etinasızlıq dövrünə qayıtmaq. Bu gün buna dəvət edən hər bir şəxs mürtəcedir. Adı ziyalı, şair, yazıçı, tədqiqatçı və tənqidçi olsa belə, inqilabdan qabaqkı xüsusiyyətlərinə, dinə və ənənələrə zidd istiqamətli ziyalılığa qayıtmaq istəyən mürtəcedir. Bunun adı ziyalılığın irticaçılığıdır.

Siz tələbələr ziyalı təbəqəsinin nümayəndələrisiniz. Bu məsələ üzərində düşünməli və çalışmalısınız. Əlbəttə, mən bu barədə söhbət etmək istəsəm, bir saat kifayət etməz. Bunun çoxlu misal və nümunələri, bu sahədə çoxlu sözlər, müxtəlif tənqidlər var. Mən bunların hamısına toxunsam, çox uzanar. Söhbətin davamı növbəti görüşlərə qalsın.[13]


Üçüncü fəsil: Dini və İslami dəyərlər

23. Təqvanın mənası

Təqva nə deməkdir? Təqvanın mənası çoxlu ibadət etmək deyil. Bu, təqvanın nəticələrindən ola bilər, amma təqva bu deyil. Təqvanın mənası odur ki, insan hər bir işinə, qərarına nəzarət etsin, nə etmək istədiyini, ayağını hara qoyduğunu diqqətlə düşünsün. Bəzən insan məst halda nə etdiyinə diqqət yetirmədən hərəkət edir, addım atır, qərar qəbul edir, hansısa bir işi görür, yaxud görmür. Bəzən də bütün bu işləri nə etdiyini bilərək yerinə yetirir. Bu, təqvadır.

Siz bəzən asfalt üzərində yol gedirsiniz. Bu, bir növ yol getməkdir. Amma bəzən tikan kolları ilə dolu bir yerdə addımlayırsınız. Bu zaman elə addım atırsınız ki, tikan paltarınıza yapışmasın, ayağınızı yaralamasın. Təqva budur: diqqətlə addım atmaq. Təqvasız adama “gəl yaranış haqda, varlığın məqsədi barədə düşün” dedikdə, cavab verir ki, get işinlə məşqul ol. Bu, təqvasızlıqdır. Təqvalı insan odur ki, varlıq aləminin məqsədindən, Allah və qiyamətdən söhbət düşdükdə fikrə dalır, düşünür və nəhayət, doğru yolu tapır. Bu barədə düşünmək təqvadır. Əmirəlmöminin təqvanı sakit bir ata bənzədir; insan yüyənindən tutub istədiyi yerə çapır və istədiyi yerdə saxlayır.

Təqvanın əksi diqqətsizlik və azğınlıqdır. Əmirəlmömininin hədisində “yanlışlıq” təqvanın antonimi kimi göstərilmişdir: “Xətaya” - yəni düşüncənin, dilin, əlin, ayağın, ürəyin, qərarın və əməlin yanlışlığı nəzarətdən çıxmış dəcəl at kimidir. Onun üstünə bir nəfəri mindiriblər, amma atın ixtiyarı onun əlində deyil. At özü onu aparır. Məlumdur ki, belə bir insan salamat qurtarmayacaq. Diqqətli olun, işlərdə yaxşı fikirləşin və yaxşı əməl edin. Heç zaman düzgün yollar barədə düşünməyə tənbəllik etməyin. “Get işinlə məşğul ol”, “yaxamdan əl çək” fikirləri çox pis hallardır. Bunlar çox təhlükəlidir. Hər bir məsələni diqqətlə izləyin. Gənc nəsil belə olmalıdır.[14]

            24. Təqva cavanların dünya və axirət müvəffəqiyyətlərinə zəmanət verən böyük sərmayədir!

Bəzən öz-özümə fikirləşirəm ki, ömrünün ən gözəl çağını yaşayan cavan özünün dünya və axirət uğuruna zəmanət verən bir amilə nail olmaq üçün nə etməlidir? Çox əhəmiyyətli sualdır. Əvvəla, söhbətin mövzusu dünya və axirət uğurudur: can və bədən, ürək və düşüncə. İkinci tərəfdən, bu sual cavanların xüsusi bir qrupuna aid deyil. Mənim zehnimə gələn cavab da cavanların xüsusi bir qrupuna aid cavab deyil. Yəni bu cavab tam dindar cavanlara məxsus deyil. Xeyr. İbadət və dindarlıq baxımından çox da yuxarı dərəcədə olmayan bir cavana da aiddir. Hətta etiqadlarında problemi olan bir cavana da aid ola bilər.

Mənim gəldiyim qənaət bir sözdür: təqva! Əgər insan cavanlıq dövründə çalışıb Quranda və dini ədəbiyyatda deyilən təqvanı əldə edə bilsə, həm dərsi, həm islahedici fəaliyyətləri, həm dünyəvi ucalığı, həm maddi nailiyyətlər və əgər mənəviyyat adamı olsa, həm də mənəviyyat üçün böyük bir kapital toplamış olar. Təqva, hətta adətən, orta səviyyəli adamların da çox uzaq olduğu yüksək amallara, böyük ariflərin, mənəvi eşq adamlarının işarə vurduqları irfani və mənəvi üfüqlərə çatmaq üçün də vasitədir.[15]

25. Elm və təqva - cavanları mənəviyyata cəzb edən silah

Əgər cavanların imanını, düşüncəsini və hərəkətini özünüz olduğunuz istiqamətə yönəltmək istəyirsinizsə, bunun yolu elm və təqvadır. Çünki elmin qarşısında hər bir beyin kiçilir və təzim edir; istəsə də, istəməsə də. Elmin xüsusiyyəti budur, insanları öz qarşısında təvazökar edir, əyir. Əgər zahirdə təkəbbürlülük və inad göstərsə də, daxildə öz kiçikliyini duyur. Təqva da elə böyük və qəribə silahdır ki, kəsərliliyinin həddi-hüdüdu yoxdur. O, yolları açır, mühiti işıqlandırır, inadı aradan qaldırır, düşmənlikləri azaldır və dostların işini düzəldir. Təqva çox qəribə amildir. O, bütün yaranmışların hər bir halda irəlilədiyi zirvələrə doğru hərəkəti rövnəqləndirir, cazibəli və gözəl edir.[16]

26. Tövbə insanın daimi vəzifəsidir!

Kimsə deyə bilər ki, biz cavanıq, hələ ömrümüzdən bir şey keçməyib ki, sizin kimi çoxlu günahlar etmiş olaq və tövbəyə ehtiyacımız olsun. Xeyr, bu, düzgün deyil. Tövbə insanın həmişəlik vəzifəsidir. Ən pak insanlar da tövbə etməlidirlər. Tövbə Allaha qayıdış deməkdir: səhv yoldan qayıdış, ürəyi Allaha sarı yönəltmək və üzü tamamilə Allah səmtinə tutmaq. İmam Səccaddan (ə) pak olan bir kəs varmı?! Siz, Səhifeyi-Səccadiyyənin əvvəlindən axırına qədər baxın, görün onda necə hal, necə yanğı və necə tövbə gizlənib. İmam Səccad (ə) Allaha-Taalaya belə deyir: “Ey mənim Rəbbim, mən bəzi vaxtlar Sənin fərmanından boyun qaçıran nəfsimə qarşı qəzəbliyəm. Səndən raziyam və nəfsimin Sənə qarşı itaətsizliyinə görə xəcalət çəkirəm”. Bu, İmam Səccadın (ə) raz-niyazıdır.[17]

27. Namaza böyük əhəmiyyət verin və onu özünüz üçün yorucu iş halından çıxarın!

Böyük və kiçik, qoca və cavan olmasından asılı olmayaraq hər bir insan səhvlərə yol verir, bəzi günahlar edir. Namaz isə həyatda müvəffəqiyyət qazanmaq istəyən adama böyük kömək göstərə bilər. Quranın şərafətli ayəsində oxuyuruq ki, namazı günün hər iki tərəfində və gecənin bəzi hissəsində qılın. Çünki yaxşılıqlar pislikləri aradan qaldıra bilər. Namaz nurdur, zülmətləri ortadan götürür, pislikləri məhv edir, günahların təsirini ürəkdən təmizləyir. İnsanın bəzi çirkli işlərə bulaşması və əl-ayağının səhvə yol verməsi mümkündür. Əgər namazda möhkəm olsanız, bu nurluluq sizdə qalacaq və günah ruhunuza hopmağa imkan tapmayacaq.

Mən xahiş edirəm ki, namaz məsələsinə ciddi yanaşın. Əlbəttə, sizin hamınız namazqılansınız, lakin çalışın namazı yoruculuq və əzginlik halından çıxarın. Çünki belə adət halına düşmüş və necə deyərlər, tutuquşuluq peşəsinə çevrilmiş bir iş halından çıxara bilməsək, yorucu olacaq. Yəni insan ayağa qalxıb dəstəmaz alacaq və nə olduğunu bilmədiyi bir işi görməyə başlayacaq. Əgər sözlərin mənasını anlasanız, görərsiniz ki, namaz yorucu iş yox, ruh yüksəldən bir ayindir. Bu zaman insan namaza tələsər və “həyyə ələs-salah”, yəni “namaza tələsin” sözü gerçəkləşər.[18]

28. Quranla tanışlıq

Quranla tanışlığın ilk mərhələsi onun mətni ilə tanış olmaqdır. Bu mərhələdən keçmək lazımdır. Sonrakı mərhələ isə Quranla sıx əlaqədir. Quran oxumağı tərk etməyin. Əlbəttə, kimsə Quranı əzbərləsə, bir neçə addım irəlidə olacaq və qalan işlər ona asanlaşacaq. Hər halda, sonrakı mərhələ Quran ayələri üzərində düşünməkdir. İnsan Quranın hər bir ayəsinə kiminsə ciddi danışığı kimi baxmalıdır. Əgər danışan ciddi və düşünərək danışırsa, biz onun sözlərini başa düşmək üçün diqqətli olmalıyıq. Quranla belə rəftar edin. Quranda sizinlə ciddi və düşünərək danışılıb.

Quranın bütün sözləri dərindir. Ayələrin tərcüməsi mütləq lazımdır. Yəni ayələrdə düşünmək və təfəkkür etmək istəyən şəxs Quranın mənasını bilməlidir. Bu, vacib mərhələdir. Siz ayələrin tərcüməsini bilsəniz, diqqətlə oxuyacaqsınız, düşünmə imkanı yaranacaq və Quran üzərində düşünə biləcəksiniz.[19]

29. Quranı cəmiyyətin beyninə hakim etmək istəyiriksə, onun oxunuşunu ümumiləşdirməliyik!

Quran oxunuşuna diqqətin mühüm bir fəlsəfəsi var. Məsələ təkcə məharət cəhətindən, yaxud baş qarışdırmaqdan ibarət deyil. Əgər Quranın cəmiyyətin zehni arenasında yayılmasını, onun məfhumlarının düşüncələrdə yaşamasını və Quran adətinin cəmiyyətin beyninə hakim olmasını istəyiriksə, - qeyd etməliyəm ki, bu, çox əhəmiyyətli bir məsələdir - cəmiyyətin bütün üzvləri Quranı mütləq düzgün oxuya bilməlidirlər. Onlar bununla Quran ayələri üzərində düşünmək imkanı tapacaq və düşünməklə öz səviyyələri çərçivəsində onun dərinliklərinə yiyələnəcəklər. Quranı gözəl oxuyan qarilər digərlərini də Quran oxumağa sövq edən bayraqdarlardır. Quranı gözəl və düzgün oxumağın bu xususiyyəti var.[20]

30. Xalq Quranı anlamalıdır!

Bilin ki, İslam ümmətinin hər hansı bir hissəsi, məsələn, İran əhalisinin əksəriyyəti, yaxud bu ümmətin böyük bir hissəsi Quran məfhumları ilə birbaşa əlaqə qura bilməsələr, Quran mədəniyyətinin təməlləri möhkəmlənməyəcək. Xalq Quranı anlamalıdır. Gərək bizim cavanlarımız, qızlarımız, oğlanlarımız, ata-analarımız, rəsmi idarə işçiləri, ticarət adamları, əkinçilər, fəhlələr - cəmiyyətin bütün təbəqələri ictimai, siyasi, yaxud iqtisadi məsələlər barədə düşünərkən zehinlərində Quran ayələrinə söykənən bilgilər toplusu əks olunsun. Görün nə qədər mühümdür! Hansı cəmiyyətin əksəriyyəti, yaxud böyük bir hissəsi bu vəziyyətdə olsa, İslam təməllərinin oturuşmasına ümid bəsləyə bilər. Biz bu məqsədə doğru gedirik.[21]

31. Həyatın bütün sahələrində Quranın aydın və həlledici sözü var!

Misal üçün, tənbəl bir insan Quranın bu məşhur “İnsana ancaq öz zəhməti qalar! Şübhəsiz ki, onun zəhməti görünəcəkdir!”[22] ayəsini xatırladıqda və bildikdə ki, heç bir insan zəhmətinin nəticəsindən savayı bir şey görməyəcək və öz zəhmətinin bəhrəsini mütləq görəcək, görün onda necə həvəs yaranar! Görün bu ayə laqeyd insana necə həvəs verər və həvəskar adamı möhkəm saxlayar. Həyatın bütün sahələrinə dair Qurani-kərimin aydın, şəffaf, yolgöstərən və həlledici sözü var. Əgər insanlar Qurana bağlansalar, mənasını başa düşsələr, bu məfhumlar tədricən beyinlərə hopar və cəmiyyətin sabit düşüncələrinə çevrilər.[23]

32. Nəhcül-bəlağə və Səhifeyi-Səccadiyyə ilə ünsiyyətdə olun!

Əzizlər, Nəhcül-bəlağə ilə ünsiyyətdə olun. Nəhcül-bəlağə çox oyadıcı, düşündürücü və düşünüləsidir. Toplantılarınızda Nəhcül-bəlağə ilə, Əmirəlmömininin sözləri ilə ünsiyyətdə olun. Əgər Allah–Taala uğur versə və bir addım irəliyə getsəniz, o zaman zahiri baxımdan yalnız bir dua kitabı, lakin əslində, Nəhcül-bəlağə kimi dərs, hikmət, ibrət və insan səadətinin göstəricisi olan Səhifeyi-Səccadiyyə ilə əlaqə yaradın.[24]

33. Əsl dua ciddi və israrla istəməkdir.

Siz diqqətli dua ilə öz müqəddəratınızı yaxşılaşdıra bilərsiniz. Bu o demək deyil ki, çalışmağın taleyə təsiri yoxdur. Çalışmaq səbəbdir və heç bir nəticə səbəbsiz həyata keçmir. Lakin səbəbləri əldə etmək də öz növbəsində başqa bir səbəbə bağlıdır. Dua səbəblərə şərait yaradır. Siz Allaha deyirsiniz ki, “Ya müsəbbib əl-əsbab”, yəni ey Səbəbləri səbəbləndirən, onlara səbəblik bəxş edən, işlərin həyata keçməsi üçün onları təmin edən. Allah-Taala insan üçün ixtiyar və seçimin müqəddimələrini düzəldir. Yaxud mərhum Əllamə Təbatəbainin sözü ilə desək, sizin tanıdığınız digər maddi və mənəvi səbəblər kimi, dua da səbəblərdən biridir. Biz həyatın bütün hadisələrində, bütün işlərində bəzi səbəblər müşahidə edirik. Bu səbəblərin bəzisi maddidir, bəzisi mənəvi, bəzisi də insani. Bəziləri insanın imkanından xaricdir, bəziləri isə bunların sintezindən yaranır. Dua da bu səbəblərdən biridir. Allah-Taaladan istəmək bir səbəbdir. Buna görə duaya ciddi yanaşın, Allah-Taaladan həqiqətən, istəyin. Dua bu deyil ki, insan hansısa sözü filan cür deməyə çalışsın; sanki şeir, yaxud nəğmə oxuyur, eləcə deyir ki, İlahi, mənə bunu ver, mənə onu ver, bizi bağışla. Bu, dua deyil, dilin vərdişidir. Dua - diləməkdir. Allahdan istəmək lazımdır. Bacardığınız qədər israrla və ciddi şəkildə istəyin. Bu zaman qəbul olunmaq ehtimalı daha böyük olur. Ciddilik lazımdır. Bəziləri təəccüblə deyirlər ki, bizim dualarımız qəbul olunmadı. Əgər soruşulsa ki, siz nə etdiniz, necə dua etdiniz, deyirlər rövzə məclisində filan ağa çoxlu dua etdi, biz də “amin” dedik. İnsan nə istədiyini bilməsə, kimdən nə dilədiyinə diqqət yetirməsə və ümumuyyətlə, ciddi istəyi olmasa, bu, dua deyil.

Bu mövzu barədə başqa bir məqam budur ki, həyatın istəkləri bitmir. Bəzi istəklər kiçikdir, bəzi istəklər isə böyük, uca və dəyərli. Böyük istəkləri tapın, uca və qədir-qiymətli istəklər diləyin. Demək istəmirəm ki, adi yaşayışa aid heç bir şey istəməyin. Yox, bəzən adi istəklərdə də olduqca təyinedici məqamlar olur. Amma bəzi istəklər çox kiçikdir.[25]

34. Duada afiyət istəmək

Afiyət – sağlamlıq üçün dua mühümdür. Hədislərə görə, məsumdan və bəlkə də Peyğəmbərimizdən soruşdular ki, nə üçün dua edək? Buyurdu: “Afiyət üçün”.

Bəziləri afiyəti yanlış anlayırlar, elə bilirlər ki, bu, rahatlıq deməkdir. Yəni insan ağır işlərdən uzaqlaşıb bir kənara çəkilsin və özü üçün yaşasın. Xeyr, duada istənən afiyətin mənası bu deyil. Afiyət bəla sözünün antonimidir: pis əxlaqdan, el arasında rahatlığa qaçmaq adlanan xəstəlikdən, biganəlik xəstəliyindən sağlam qalmaq. Günahdan, düşmənin istismarından, nüfuzundan və nəfsi istəklərdən sağlam qalmaq. Bütün bunlar afiyətdir. Buna görə də, axırıncı səcdənin dualarında deyirik: “Ya vəliyyəl-afiyəh, əsəlukəl-afiyəh: afiyətəd-dünya vəl-axirəh”. Yəni: “Ey afiyət sahibi, səndən afiyət istəyirəm: dünya və axirət afiyətini, sağlamlığını”.

İmam Hüseyn (ə) bütün əzəməti, azadlıq, cəsarət və fədakarlıq simvolu olması ilə yanaşı, Ərəfə duasında belə deyir: “Pərvərdigara, əgər Sən məndən razı olsan, başqa heç bir şeyə əhəmiyyət vermərəm”. Ardınca deyir: “Lakin mənə afiyət nəsib etsən, çətinlik və bəlaları qarşıma çıxarmasan, mənim üçün daha yaxşıdır”. Yəni İmam Hüseyn (ə) də bu mənada afiyəti istəyir.[26]

35. Qəza və qədər və insanın iradə azadlığı

İslamda və dini ifadələrdə təqdir və qəza adlı məsələlər var. Bunlara bir yerdə qəza və qədər deyirlər. Bizim qəza və qədərə etiqadımız var. Həm qədər haqdır və həm qəza. Bəzi insanlar belə düşünürlər ki, insan qəza və qədərə inansa, insan iradəsini və onun seçim ixtiyarını təsirli hesab edə bilməz. Bu, qəza və qədəri yanlış anlamaqdan doğur. Xeyr, biz həm qəza və qədərə, həm də insanın seçim haqqına etiqad bəsləyirik. Bunlar bir-birini tamamlayır. Mən bir neçə cümlədə bunu izah etmək istəyirəm.

Qədər, yaxud təqdir - ölçmək və təyin etmək deməkdir; yəni dünya qanunlarını müəyyən etmək, səbəb və nəticələri, qanunlar arasındakı əlaqəni anlamaq. Zəhər içən insanın təqdiri ölməkdir. Zəhərin mədədə, qan dövranında və insanın həyat amilləri üzərində təsiri budur ki, onu məhv edib öldürsün. Hündür bir yerdən özünü atan insanın təqdiri parçalanmaqdir. Buradan durub Əlvənd dağının zirvəsinə getməyi qərarlaşdıran bir insan hərəkət etdikdə, onun təqdiri Əlvəndin zirvəsinə çatmaqdır.

Səbəb və amilləri Allah-Taala yaratmış, onlara nəticələr bəxş etmişdir. Siz nəticəli bir amili seçərsiniz, yoxsa seçməzsiniz? Əgər seçsəniz, bu seçimin ardınca gələn təqdir qəza olacaq. Qəza hökm və mütləqlik deməkdir. Qəzanın mənasında qətiyyət və labüdlük var. Bəzən elə olur ki, siz seçim etmirsiniz. Fərz edin, bir neçə yolayrıcına çatmısınız, meydanın ətrafında bir neçə küçə var. Birinci küçə ilə hərəkət edən insanın təqdiri bir yerə çatmadır, ikinci küçə ilə hərəkət edənin təqdiri isə başqa bir yerə. Üçüncü, dördüncü, beşinci və altıncı küçələrdən hərəkət edənlərin təqdiri bu küçələrin sona çatdığı yerlərə çatmaqdır. Əgər siz meydandan heç bir küçəyə keçmək istəməsəniz, bu təqdirlər reallaşa bilərmi?! Xeyr! Siz bu məqsədlərə çatmamağı seçmisiniz, buna görə də çatmırsınız. Əgər birinci küçəni seçsəniz, qərar versəniz və öz qüvvələrinizi işə salıb getsəniz, o nəticəyə çatarsınız. Sizin qəzanız, yəni labüd hökmünüz budur ki, o məqsədə çatasınız.



Geri   İrəli
Go to TOP