A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: VİLAYƏT BAĞÇASI (birinci cild)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Gənci az olan ölkələr elm, texnologiya baxımından öndə olsalar da, işləri ləng gedir, başqa ölkələrin gənclərini borc almağa məcburdurlar. Gənc və gənclik ilahi xilqətin gözəlliklərindəndir. Cəmiyyətlərin, o cümlədən müsəlman cəmiyyətlərin düşmənləri bu məqama yaxşı diqqət yetirmiş və xüsusi olaraq bunun üzərinə barmaq qoymuşlar. Bu məsələ bu günə aid deyil, bir əsr bundan öncədən indiyədək belə olmuşdur.

Gənc nəsli korlamaq planı

İslam ölkələrində gənc nəsli korlamaq üçün hərtərəfli proqramın icrasına başlandı. Bilirsiniz ki, müstəmləkə dövrü, yəni Qərb ölkələrinin Asiya və Afrika ölkələrinə soxulması təxminən iki yüz il qabaqdan başlandı. Onlar bilirdilər ki, bu vəziyyət davam etməyəcək və gənclər yetkinləşib mədəniyyətli və iradəli olsalar, əcnəbi və soyğunçuların boğazından su keçməyə qoymayacaqlar. Buna görə də gənc nəsli korlamaq üçün proqram hazırladılar.

Pəhləvi rejiminin siyasəti

Siz bəlkə bəzi kitablarda, məqalələrdə oxumusunuz ki, Latın Amerikası və ya Şərqi Asiya ölkələrinin bəzisində gənc nəsil müxtəlif fəsadlara, narkotikaya, spirtli içkilərə və cinsi pozğunluğa qərq olub. Orada vəziyyət əvvəldən elə olmayıb. Bu, yürüdülən siyasətin nəticəsidir. Təəssüf ki, zalım şah dövründə biz də bu məsələdən kənarda qalmadıq. Bu ölkədə də xəyanətkar və rəzil Pəhləvi ailəsi və onların alətləri vasitəsilə bacardıqları qədər bu siyasəti icra etdilər.

Ruhanilik

Əlbəttə, İslam ölkələrində İslam adlı bir xüsusiyyət var. Bizim ölkəmizdə isə bundan əlavə, həm də xalq ruhaniliyi vardı. Bilirsiniz ki, digər İslam ölkələrində İrandakı kimi olmayıb, hələ də belə deyil. İslam və İslam təbliğatı o böyük dalğa qarşısında dayandı. İnqilab şüarları və Böyük İmamın kəskin hərəkəti düşmənin işini çətinləşdirdi. Bu ölkəyə hakim olan fəsad dalğasının qızğın çağında iman əlamətləri və dinə boyun əymək həvəsi yenə də əvvəlcə gənclərin arasında özünü göstərdi.

İmamın ən böyük fəthi

Mən orta səviyyəli elə ata və analar tanıyırdım ki, öz gənclərinin dini duyğuları ilə ayaqlaşa bilmirdilər. Hətta bəzən gənclərindən müşahidə olunan dini duyğulardan, bəndəlikdən, zahidlikdən, dünyaya, yeməyə və rifaha etinasızlıq hissindən bizə şikayət edirdilər. O ata-analar yanlış tərbiyələr əsasında yetişmişdilər; müsəlman idilər, amma onlarda İslam coşqusu yox idi. Onların övladları inqilab tərbiyəsinin təsiri altına düşmüşdülər. Bundan irəli gələrək gənclər ailələrini öz arxalarınca aparırdılar. Bunun nəticəsində, imamın rəhbərliyi, xalqın çox böyük əksəriyyətinin dəstəyi və gənclərin canfəşanlığı ilə əzəmətli xalq qiyamı, dünyada bənzərsiz olan o hərəkət, yəni bizim İslam inqilabımız qələbə çaldı. Bu, bir fəth idi. Həm hegemonluqla mübarizə fəthi idi, həm də ondan üstünü, gənclərin qəlbinin fəthi. Bunu İslam, inqilab və imam etdi. Bu, ən böyük zəfər idi. İmamın ən böyük işi gəncləri belə yetişdirməsi idi.

Mömin gəncin möcüzəsi

Müharibəni düşmənin zərərinə bitirən də gənclər idilər. Bu gənc şəhidlərin, gənc döyüşçülərin, müharibə dövrünün gənc kadrlarının rolu elə bir şey deyil ki, belə taleyüklü bir hadisədə gənc nəslin əhəmiyyətini nəzərdən qaçırmaq mümkün olsun. Bu hadisə baş verdi. Qlobal hegemonizmin texnoloqları hər şeyi gördülər və anladılar ki, bu ölkədə mömin gənc inqilabçı İslam tərbiyəsi altında hansı möcüzələrə qadirdir.

Hegemonizmin xülyası

Bu gün hegemonizmin xülyasından hamı xəbərdardır. Hegemonizmin başında duran ABŞ-ın fikrini hamı başa düşüb. Bunların fikri bütün dünyaya hökmranlıq etməkdir; xüsusən də bizim yaşadığımız həssas regiona, yəni Orta Şərq bölgəsinə, Fars körfəzinə, iqtisadi və hərbi baxımdan bu strateji məntəqəyə. Bu hegemon fikrin arxasında planlar durur. Bu antixalq və antiislam planları insanlarla bağlıdır. Əgər hegemonizm möhtəşəm insan dalğasını öz önündən kənara çəkə bilsə, hökumətlər müqavimət göstərə bilməzlər. Hökumətlərin xəyanətkar Madrid konfransında nə etdiyini gördünüz. ABŞ-ın və onun əlaltılarının firon hegemonluğunun qarşısını ala biləcək qüvvə xalqlardır. İmperialist ideoloqların bu məsələni anlamaması mümkün deyil. Mümkün deyil ki, onlar xalqlara, xüsusən də gənclərə böyük bir təhlükə gözü ilə baxmasın, buna qarşı tədbir görməsin və lazımi taktikaları seçməsinlər.

Hegemonizmin məqsədi

Bu baxımdan, bu gün hegemonizmin əsas işlərindən biri İslam ölkələrində gənc nəsli səhnədən çıxarmaqdır. Hegemonizmin qarşısında hansı İslam ölkəsi hamıdan daha ayıq, canlı və qorxusuz dayanıb? Bu, İslam İranı deyilmi?! Buna görə, İslam İranının gəncləri bilsinlər ki, hegemonizm onları zəfərin mütləq xalqlara nəsib olacağı bu mübarizədən daşındırmaq üçün pullar xərcləyir və müxtəlif planlar cızır. Bu planların hədəfi ayaq üstə dayanıb inqilabın və imamın məqsədlərini sonuna qədər həyata keçirmək və bu yoldakı bütün maneələri dəf etmək istəyən siz mömin, inqilabçı və igid gənclərsiniz.

Hegemonizmin təhlükə duyması

Gənc nəslin müqavimət səhnəsindən kənara çəkilməsinə səbəb olan hər bir hərəkət vasitəli, yaxud vasitəsiz şəkildə ABŞ-a, hegemonizmə aiddir. Bu, ümumi bir meyardır. Onlar başqa ölkələrdə etdiklərini burada təkrarlamaq istəyirlər: gəncləri cinsi məsələlərə, narkotik maddələrə və spirtli içkilərə aludə etmək, başlarını şəxsi işlərlə qatmaq, beyinlərini inqilabın ideallarından və əsas məqsədlərdən yayındırmaq, diqqətini kiçik, xırda və qrup maraqlarına yönəltmək, gənc nəslin imanını zəiflətmək, İslam inqilabının, İslam Respublikasının prinsiplərinə, hətta imama inamını sarsıtmaq, bu böyük mübarizədə lazım olan hər şeyi gənc nəslin gözündən salmaq, faydasız və əbəs göstərmək. Əgər siz haradasa belə bir məsələ görsəniz, bir kitabda oxusanız, tərcümə edilmiş, yaxud yazılmış bir romanda mütaliə etsəniz, tərcümə olunmuş bir məqalədə, yaxud bir şeirdə və fəlsəfəpərdazlıqda müşahidə etsəniz, pafoslu və qəzəbli çıxışlarda bu tip əlamətlər görsəniz, ittiham edin və bilin ki, bunlar təsadüfi deyil. Bilin ki, ABŞ sizdən qorxur, dünyanın ən böyük və alçaq hegemonları sizin səhnədə olmanızdan təhlükə duyurlar.

Bu xalqı yer üzündən silmək arzusu

Sizi sıradan çıxarmaq istəyirlər. Bunu necə etmək olar? Öldürməklə edə bilməzlər. Əgər bu xalqı bir atom bombası ilə, yaxud başqa bir silahla məhv edə bilsəydilər, edərdilər, amma bacarmırlar. Bu onların zərərinə qurtarar, bunu bilirlər. Beynəlxalq ənənə bu deyil. Onda bu xalq və bu gənclər qalmalı, lakin onların təcavüz yolunu kəsməməlidirlər.

Bu gün İslam adlanan ölkələrin bəzisində bir neçə milyon gənc əllərini ciblərinə salıb fit çalır və dünyada baş verən böyük hadisələrə etinasız halda veyillənirlər. Bu gün bir neçə milyon gənc şəxsi həyata dair xırda məsələlərlə məşğuldurlar, özlərinin, insaniyyətin və xalqların şərəfinin düşmənlərinin nə etdiyini bilmirlər.

Gənclərin missiyası

Dünyada belə gənclər var. Hegemonizm öz-özünə düşünür ki, nə üçün biz bu gəncləri də onlar kimi etməyək. Bunun üçün çalışırlar. Bu hərəkətlər qarşısında möhkəm dayanmalısınız. Birinci növbədə tələbə və şagirdlər və sonra müxtəlif təbəqələrdən - fəhlə, tacir, kəndli, şəhərli olan digər gənclər bu planları zərərsizləşdirməlidirlər.

Tələbə və şagirdin özünüislahı

Əlbəttə, birinci dərəcədə tələbə və şagird olan gənc özünü islah etməlidir. Özünüzü dini tərbiyə ilə düzəldin. Tərbiyəvi işlər, tərbiyəçi müəllim, tərbiyəçi natiq yaxşıdır, lakin öz daxilində nəsihət edəni[23] və tərbiyəçisi olmayan şəxsə xeyri yoxdur. Özünüzü düzəldin, nəfsinizlə mübarizə aparın, öz çərçivənizdə Allahın hökmünün icrasına əhəmiyyətli yanaşın. Namaza, Allah zikrinə, dua və təvəkkülə əhəmiyyətli yanaşın. Bu sizi polad kimi möhkəm edəcək.

Siyasi ayıqlıq

ABŞ-ın qorxduğu hətta siyasi çıxışlar da deyil. Əlbəttə, siz siyasi təhlil qabiliyyəti əldə etməlisiniz. Gənclərin və xalqın siyasi görüşü olmasa, aldanarlar, səhnədən çıxarlar və din aləti ilə onları kənara çəkərlər. Dinə bağlı olduğunu bildirən və siyasi görüşü olmayan şəxslərin çoxunu çox asanlıqla səhnədən kənarlaşdırırlar. Hələ də ətrafda bir qrup insanlar var ki, özlərini dindar bilirlər, lakin dinə əsaslanan bu inqilabla araları yoxdur. Bu baxımdan, siyasi ayıqlıq lazımdır, amma hər şey deyil. Əsas məsələ ilahi və mənəvi imandır. Bu sizin qəlblərinizdə olmalıdır. Özünüzü əsl dindar yetişdirin.

Yaxşı işə dəvət və pis əməldən çəkindirmə

Gənclər öz çevrələrində yaxşı işlərə dəvət edib, pis əməllərdən çəkindirsinlər. Nə üçün bu vacib əməl müsəlman cəmiyyətində hələ də oturuşmayıb? Deməyin ki, mənə nə, o da deyə bilməz ki, sənə nə. Desə də siz fikir verməyin. Bəziləri elə bilirlər ki, pis bir iş görünən kimi yumruqla tədbir görmək lazımdır. Xeyr, bizim yumruqdan da güclü silahımız var. Bu, dil silahıdır. Dil yumruqdan çox güclü, təsirli və keçərlidir. Yumruq bir iş görmür.

Təkrar etməyin təsiri

Bəzi gənclər bizə məktub yazırlar ki, icazə verin pis əməllərlə mübarizə aparaq. Çox yaxşı, mübarizə aparın, amma necə? Qarşı tərəfi doğramaqla?! Xeyr, belə olmaz. Söz deyin, danışın. Bir kəlmədən artıq danışmaq, çıxış etmək lazım deyil. Pis bir iş görən - yalan, qeybət, böhtan, mömin qardaşa qarşı kin saxlamaq, dinin haramlarına, müqəddəslərə etinasızlıq, xalqın imanını aşağılamaq, münasib olmayan geyim - hər hansı bir çirkin hərəkətə düçar olanı görsəniz, sadəcə bir sözdən artıq bir şey lazım deyil. Deyin ki, sizin bu işiniz yanlışdır, bunu etməyin. Qəzəbli halda demək də lazım deyil. Siz deyin, başqaları da desinlər. Bu zaman cəmiyyətdə günah qalmaz.

Dilin əldən güclü təsiri

Nə üçün bəziləri deməkdən çəkinirlər? Bir qrup insan iradələrinin zəifliyinə görə deməkdən imtina edirlər, bir qrup da elə bilir ki, deməyin faydası yoxdur, əllə işləmək lazımdır. Xeyr, dil əldən çox əhəmiyyətlidir. Yaxşılıqlara dəvəti və pis işlərdən çəkindirməni dirçəldin. Gənc mühitlərdə - istər məktəblərdə, istərsə də universitetlərdə fəsada imkan verməyin. Bu mərkəzlər düşmənin hədəfindədir. Bilin ki, müsəlman ölkəmizin gənc nəsli aktivdir. Düşmən də bunu bilsin. Siz mömin gənclər varsınızsa, bizim üçün heç bir bəhanəyə yer qalmır.

Ərəb dövlətlərinin İsrailin hiylələrinə aldanması

Xəyanət konfransı bitdi; sözlərini danışdılar, sionistləri və işğalçı rejimi əməli olaraq, rəsmən tanıdılar. Nəticə nə oldu? Fələstinlilər nə qazandılar? Ərəb dünyası nə qazandı? İşğalçı və yalançı İsrail rejimi belə bir hadisənin qırx ildən sonra baş tutmasını arzulayırdı. Eyni zamanda özünü həvəssiz göstərirdi; hey naz edirdi, şərt qoyurdu. Sonra da konfransa gedib ərəblərin qarşısında ən kəskin, ən həyasız sözlərini dedi və konfransdan çıxdı. Ərəb dövlətləri nə üçün belə hiylə və yalan qarşısında silahı yerə qoydular?! Tarix bunlara nə deyəcək?! Allah qiyamətdə bunlarla necə sorğu-sual edəcək?! Xalqları bunlarla nə edəcək?!

Kompensasiya yolu

Əlbəttə, tam olmasa da, kompensasiya yolu mövcuddur. Ərəb dövlətləri görülən bu çirkin işi müəyyən həddə kompensasiya edə bilərlər: bütün ərəb dövlətləri elan etsinlər ki, biz İsraili rəsmən tanımırıq və İsrailin elə rəftar etdiyinə görə orada deyilən sözlər də qüvvədən düşür. Bu qərarla xalqları sevindirsinlər. Bu işi görə bilərlər, lakin ümid xalqlara və gənclərədir.

İsrailin aqibəti

Şübhə etmək olmaz ki, “yerdən qopardılmış, kökü olmayan pis bir ağac”[24] olan bu xəbis ağacın heç bir təməli, bünövrəsi və davamı olmayacaq. Şübhəsiz, məhv olacaq. Şübhə etmək olmaz ki, xalq qələbə çalacaq və Fələstin İslama qayıdacaq. Amma onun gec, yaxud tez olması müsəlmanların iradə və qeyrətindən asılıdır. Müsəlmanlar iradə göstərməli, gənclər laqeyd olmamalı, başıuca və qorxmaz İran xalqı kimi sözlərini deməli, istəklərini tələb etməlidirlər. Şübhəsiz, Allah-Taala da onlara mərhəmət göstərəcək.

Allah-Taaladan istəyirik ki, Öz hidayət və mərhəmətini siz əziz gənclərə, ölkəmizin və İslam ölkələrinin bütün gənclərinə şamil etsin! İmam Mehdinin (ə) müqəddəs qəlbini bizim hamımızdan razı salsın və o həzrətin duasını bizə də aid etsin!

Allahın salamı və rəhməti olsun sizə!


 

Gənc, təqva və inkişaf[25]

Bismillahir-Rəhmanir-Rəhim.

Allahın ölkəyə, inqilaba və imama bərəkəti

Əziz Bəsic üzvləri! Qardaş və bacılar! Çox xoş gəlmisiniz. Ümidvaram Allahın lütf və mərhəməti həmişə sizinlə olsun.

Bəsic Aləmlərin Rəbbinin ölkəyə, inqilaba və bizim böyük imamımıza nemətlərindən biri idi. Bir ölkədə silahlı qüvvələr tam hazırlıqlı olsalar, lakin xalqın könüllü qüvvələri tərəfindən himayə olunmasalar, şübhəsiz ki, onların hazırlığı yetməz. Bizdə Bəsic qüvvələri – bu ixlaslı və inqilabın məqsədlərinə sadiq könüllülər keçmişdə cəbhələrə dayaq olmasaydılar və bundan sonra olmasalar, əmin olun ki, inqilabın müdafiə işi axsayar. Əsas amil xalqın qüvvəsi, yəni Bəsicdir. Buna görədir ki, siz əziz gənclər, universitet və hövzə tələbələri, həmçinin digərləri Allah yolunda cihad edən böyük təşkilatın bir hissəsisiniz. Bilməlisiniz ki, əsas məsələ inqilabın silahlı müdafiəsidir. Bunu bacardıqca gücləndirmək lazımdır.

Niyyətin paklığı

Bəsic barədə bir iş məmurların öhdəsinə düşür, bir iş isə mömin və fədakar könüllülərin özlərinin. Allahın razılığından ötrü könüllü surətdə Allah yolunda cihadın ön sıralarına qatılmaq səadətinə nail olmuş, çətinliklərə dözmüş və hamının xəbərdar olduğu çoxlu işləri görmüş Bəsic üzvləri niyyətlərini Allah üçün xalis etməli, özlərindəki mənəviyyatı, əxlaqı, təqvanı və saleh əməli inkişaf etdirməyə çox çalışmalıdırlar.

Şeytanın tamahkarlığı

Qardaş və bacılar! Bilin ki, şeytan heç vaxt bizdən əlini üzmür, hər bir halda bizi yoldan çıxarmağa çalışır. O hətta peyğəmbərləri də yoldan çıxarmağa çalışmışdır, nəinki bizləri. İxlaslı bəndələri digərlərindən ayıran cəhət budur ki, onlar daim şeytanın burnunu ovur və onu nakam qoyurlar. Bu nə ilə mümkündür? Təqva ilə. Təqva da o qədər mürəkkəb bir şey deyil ki, insan anlaya bilməsin.

İnkişafın sirri

Təqvanın mənası budur ki, insan Allah-Taalanın vacib etdiyi işi görsün, vacib əməlləri yerinə yetirsin, haramlardan çəkinsin. Bu, təqvanın birinci dərəcəsidir. Allahın haramlarını tanımaq və onun ətrafına hərlənməmək lazımdır. Şeytan vəsvəsə edir. Hövzə, yaxud universitet tələbəsi, şəhərli, yaxud kəndli olan mömin Bəsic gəncinin qəlbində təqva, Allaha vurğunluq, Allahla bazarlıq, Onu xatırlamaq, yadda saxlamaq, zikr, dua və təvəkkül hissi inkişaf etdikdə elə möhkəm və sarsılmaz güc yaranır ki, onu heç kim qorxuda bilmir. İslam və inqilab məqsədlərinin inkişafına zəmanət verən amil budur. Bunun qədrini bilmək lazımdır.

Təqvanı qorumaq

Əziz Bəsic üzvü olan, imamın sevdiyi, yəqin ki, İmam Mehdinin (ə) də diqqət yetirdiyi və o həzrətin xeyir-dualarının şamil olduğu siz gənclərin ən müsbət cəhəti bu təqvanı qorumaqdır; Allah yolunda fədakarlıq və Allah-Taalanın iradə etdiyi yerdə olmaq üçün hazırlıq.

Dağ kimi

Düşmənlər müxtəlif qisimdir: xarici və daxili. Daxildə də düşmən var. Daxili düşməni, yəni münafiqi də tanımaq lazımdır. Müxtəlif düşmənlər qarşısında ümid sizlərədir. Siz bu düşmənlər qarşısında dağ kimi dayanmalısınız.

Bəsicin idarəsi

Bəsicin idarəsi və sizin öz mərkəzlərinizdə müntəzəm iştirakınız çox önəmlidir. Elə olmalıdır ki, Bəsic üzvlərinin hər biri hansı bölməyə məxsus olduqlarını, haraya toplaşmalı olduqlarını bilməli, İslamın və İslam quruluşunun ehtiyacı olduqda hazır olmalıdırlar.

Ümidvarıq ki, Allah-Taala sizləri müvəffəq etsin, qorusun! Allahın lüft və mərhəməti sizinlə olsun, həyatınız boyu həmişə məqsədlər uğrunda inkişafda ola və hər gün daha yaxşı və möhkəm addımlar atasınız!


Hövzə və universitet keçmişdə[26]

Bismillahir-Rəhmanir-Rəhim.

Çox-çox xoş gəlmisiniz! Allah bayramınızı mübarək eləsin! Cənabların qulluğunda durmaq bizim üçün şərəfdir. Uzun müddətdir, bəlkə də bir neçə ildir sizi ziyarət etmirəm, işlərinizdən də yaxşı xəbərim yoxdur.

Əsaslı hərəkət

Çoxlu insanlar görüş üçün gözləyirlər. Mən yalnız bir neçə kəlmə demək istəyirəm. Sizin işiniz çox əhəmiyyətlidir. Məsələ yalnız bunda deyil ki, biz humanitar elmlərə aid kitab rəflərini doldurmaq üçün kitab yazaq və nəşr etdirək. Baxmayaraq ki, bu da əhəmiyyətli işdir, amma əsas məsələ bundan yüksəkdir. Ölkənin bu iki elm mərkəzinin, yəni hövzə və universitetin tələbələrini birləşdirmək bizim üçün və inqilab üçün əsaslı və strateji bir məsələdir. Necə ki, onların ayrılması da strateji zərbədir. Bu məsələnin əhəmiyyətinə dair bunu bilmək kifayətdir ki, Rza xanın dövründə bu iki qurumun əlaqəsini kəsmək üçün uzun müddət çox ağıllı və düşünülmüş şəkildə iş aparıldı. Bu, adi bir məsələ deyildi. Nə üçün ölkədə bir təhsil qurumu dinsizliyin timsalına çevrilməli idi? Buna nə səbəb vardı?

Yalnız qeyri-dini elmlərlə məşğul olması universitetin dinlə ədavətinə səbəb ola bilməzdi. Amma bu, baş verdi. Dinlə düşmənçilik və dinin təhqir edilməsi başlandı. Bu, öz-özünə yarana bilməzdi. Qeyri-dini elmləri tədris edən qurum uzaqbaşı dindar olmaya bilərdi, amma din əleyhdarı olması düşünülmüş bir işin nəticəsi idi. Həm də elə bir ölkədə ki, din xalqın ruhunun dərinliklərinə hopub. Bu iş Rza xanın dövründə uzunmüddətli plan kimi icra olundu və məsələnin onlar üçün nə qədər əhəmiyyətli olduğundan xəbər verirdi.

Ruhanilik və Rza xan

Bu işlər cənab Cəfəriyana və digər gənc islamçı tədqiqatçılara aiddir. Bunu araşdırsınlar. Siz baxın, Qacarların şahlığının ikinci yarısında və Rza xanın dövründə, yəni avropalıların İranda ciddi maraqlar əldə etdiyində ruhanilik çox əhəmiyyətli bir məsələ idi. Avropalıların məqsədlərindən biri onları vurmaq və kiçiltmək idi. Bu iş Nasirəddin şahın zamanından başlandı, elə o zamandan da proqramlı və ciddi bir məqsəd, ideya formasına düşdü. Şah görürdü ki, ruhanilər də əmr edir, qadağa qoyur, nəyinsə qarşısını alır, nəyəsə imkan yaradır. O buna dözə bilmirdi. Bir vaxt bu həddə idi, sonra isə xarici maraqlar da meydana çıxdı. Yolu bu idi ki, gələcəkdə ölkəni idarə edəcək universitetləri dindən və ruhanilərdən ayırsınlar.

Pəhləvilərin məqsədi

Onlar bu məqsədə çatmaq üçün çalışdılar və müvəffəqiyyət də qazandılar. İş o yerə çatdı ki, bu iş Birinci Pəhləvinin axırlarından İkinci Pəhləvinin axırlarına qədər davam etdi. Onlar hövzə və ruhaniliyi universitet mənsublarına savadsız və dinsiz bir toplum kimi tanıtdırmağa çalışdılar. İlk məqsəd bu idi ki, ruhanidən söz düşəndə universitet mənsublarının təsəvvüründə savadsız və cahil bir insan canlansın; elə bir insan ki, araşdırdığının elm olduğunu zənn edir, lakin elm və savaddan ümumiyyətlə, uzaqdır. İkincisi məqsəd ruhanini vəqfləri yeyən, onu-bunu talayan, falçı və cadugərlər sayağı xalqı soyan dünyagir adam kimi təqdim etmək idi. Ruhani universitet mənsublarına belə tanıtdırıldı. Plan bu idi ki, ruhaninin əsas xüsusiyyətləri olan paklıq, təqva və zahidliyi pis göstərsinlər. Bundan əlavə, universitet mənsubları ilə bazar adamlarının arasının pis olması da köklü bir məsələdir. Mərhum Ali-Əhməd bunu araşdırıb. Mənim də hansı təbəqələrin hansı təbəqələrlə pis münasibətdə olmasına dair xüsusi bir fəlsəfə və baxışım var.

Xəyalları dağıdan

Bir-biri ilə arası olmayan iki təbəqələrdən biri də universitet mənsubları və bazar adamlarıdır. Onların özlərinə görə dəlilləri də var. Bu dəlillərindən biri budur ki, universitet adamları bazar adamlarını həmişə din alimlərinin ardıcılı, başqa sözlə desək, qoşunu kimi görürlər; din alimlərinə pul verirlər, sözlərinə qulaq asırlar, onların sözü ilə dükanlarını bağlayırlar. Əlbəttə, başqa səbəblər də var. Allaha şükür olsun ki, hərəkatın başlanması, inqilabın qələbəsi və ilk növbədə, bütün mif və əfsanələri puç edən imamın böyük şəxsiyyəti ilə şərait bütünlüklə dəyişdi. İmam bütün xəyalları məhv edən bir həqiqət idi. Baxmayaraq ki, hələ də bəziləri əl çəkməyiblər, keçmişdə, inqilabın əvvəllərində gördükləri işi yenə də davam etdirirlər və bundan sonra da davam etdirəcəklər. Amma siz bu işlərlə mübarizə aparırsınız. Təbii ki, bu işlərlə mübarizə təbliğat və şüarla olmur. Siz əməl nümayiş etdirməlisiniz. Bizim münasib formada qablaşdırılmamış mallarla dolu anbarlarımız var. Amma o anbarın bir küncü qədər həcmi olmayan kiçik bir mağazanı da doldura bilməmişik. Bu, çox acınacaqlıdır. Oraya çoxlu məhsullar qoymuşuq, amma onlarla kiçik bir mağazanı da doldurmağı bacarmamışıq ki, xalq istifadə etsin. Bu, çox acınacaqlıdır, lakin siz orta halqa yaratmalısınız. Bu orta halqa fundamental olaraq cənab Misbahın işlərindəndir. O indi doğrudan da dövrün əsas boşluğu olan orta halqanı yaratmağa çalışır. Bu baxımdan, şah əsərlərindən və görkəmli işlərindən biri sizlər, hövzə və universitetin əməkdaşlıq şöbəsi və bu kitabların nəşridir. Ola bilsin, sizi işdən soyutmaq istəsinlər, desinlər ki, təbliğin heç bir dəyəri yoxdur, bunlar faydasızdır, bunlar nədir yazmısınız. Ola bilsin, bu sözlərdən desinlər. Əlbəttə, mən mühakimə yürütmək istəmirəm. Çünki bu kitablar barədə çox məlumatım yoxdur, onlara diqqətlə baxmağa vaxt tapmamışam. Ola bilsin, birinci və ikinci kitab çox da dərin olmasın. Amma ümumiyyətlə, söhbət bundan getmir. Əsas məsələ işə başlamaqdır. Burada işin yolunu bilməyən sağlam və aktiv qüvvə var. Əgər otursa və günbəgün gücünü artırmasa, faydası olmaz. İşə başlamaq istəyəndə isə, heç şübhəsiz, bunun ardınca inkişaf və tərəqqi gələcək. Bu baxımdan, işiniz çox dəyərlidir.

Mən sizə duaçıyam. Ümidvaram ki, mümkün olan xidməti bacaracaqsınız.

Allahın salamı və rəhməti olsun sizə!


 

Qlobal hegemonizm[27]

Bismillahir-Rəhmanir-Rəhim.

Əziz qardaş və bacılara, tələbələrə, şagirdlərə, müəllimlərə, xüsusən də uzaq yollardan təşrif buyuranlara xoşgəldin deyirəm.

ABŞ – hegemonizmin tərənnümü



Geri   İrəli
Go to TOP