A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: VİLAYƏT BAĞÇASI (birinci cild)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Təbii ki, onlar üçün insan öldürmək və cinayət törətmək adi bir işdir. Lakin onların maraqlarına qarşı çıxdıqda, yaxud bir vətəndaşları dünyanın bir tərəfində bir qələt etmiş və bir neçə nəfər hirslənib onun başına bir bəla gətirmişlərsə, bütün dünyanı ayağa qaldırırlar. Çünki özləri üçün heç bir bəşər övladına tanımadıqları həyat haqqı tanıyırlar. Bu, dünyanın indiki istismarçı sistemində mövcud olan hegemon ruhdur.

İstismarçı və istismar olunan

Biz bütün dünyaya elan etmişik ki, İslam inqilabı istismarçı sistemə müxalifdir. Bu sistem belədir ki, bəzi dövlət və güclər hegemonluq etsinlər, digər xalq, qrup, ölkə və dövlətlər də bununla razılaşsınlar. Hər iki tərəf istismarçı sistemin tərəfləridir. Biz bu sistemi rədd etdik, rədd edirik və onunla mübarizəyə qalxmışıq. Biz istismarçı sistemdə hər iki tərəfi müqəssir bilirik: həm istismarçını, həm də istismar olunanı.

Qərb dövlətlərində hegemonizm əlamətləri

Siz bu gün Qərb dövlətlərinə baxsanız, hegemonizmin və müstəmləkəçiliyin bu xüsusiyyətini görərsiniz. Əlbəttə, dünyada ABŞ rejimi kimi heç bir ölkə bunu həyasızcasına aşkarlamır. Lakin bu xüsusiyyət təkcə ona məxsus deyil, bütün Qərb dövlətləri, onlara tabe olanlar, irticaçı, vassal və özləri üçün güc hesab olunan dövlətlər müstəmləkəçi xüsusiyyətlərini göstərirlər; dünya onları böyük güc kimi qəbul etməsə də.

Hicab üstündə qalmaqal

Avropadakı bu hicab qalmaqalına baxın. Verdikləri azadlıq şüarlarına rəğmən, özlərindən başqa və özlərinə zidd təfəkkürün kiçik əlamətinə və məhdud tərənnümünə belə heç vəchlə dözmürlər. Bu, sözügedən hegemon ruhdur. Bu, "ey Şüeyb, səni ixrac edəcəyik"[5] sözüdür.

Demokratiya iddiaçıları

Məzhəbçi quruluşu və azlığın çoxluğa hakimiyyətini qəbul etdirmək üçün Livan xalqına göstərilən təzyiq bütün demokratiya iddialarının ziddinədir. Lakin bu işlər dünyada demokratiya iddiasında olanlar tərəfindən görülür. Bu, dünyada mövcud müstəmləkənin əlamətlərindən və hegemonizmin xüsusiyyətlərindəndir.

Görürsünüz ki, bütün dünyada mübariz, müsəlman və ixlaslı qruplar əleyhinə təbliğat əksər hallarda hegemon media tərəfindən aparılır. Onlar ağır həyat şəraitindən qurtulmaq üçün canlarından keçməyə hazır olan fədakar insanları terrorist kimi təqdim edirlər. Bütün bunlar hegemonizmin xüsusiyyətlərindəndir.

İran xalqının mübarizəsi

Quranda hegemon kimi göstərilən şəxslərdən biri firondur. O, Musa (ə) barədə belə sözlər danışırdı. Buna əsasən, hegemonluq bir Quran mövzusudur. Biz yuxarıda deyilən bütün bu işlərə müxalifik. Bizim xalqımızın mübarizəsi şüarçılıq və emosiya mübarizəsi, ötəri və taktiki məsələ deyil. Bu, Qurandan qaynaqlanan dərin və ideoloji köklərə malik bir mübarizədir.

Dünyada hegemonizmin bütün əlamətləri ilə mübarizə

Biz dünyada hegemonizmin bütün elementlərinə qarşı çıxırıq. ABŞ-la dünyanın digər hegemon dövlətlərindən daha artıq mübarizə aparırıq. Çünki hamıdan çox təkəbbürlüdür, qarşısında dayanan xalqlara və hamıdan çox bizim xalqımıza qarşı qürurla, cahil şəkildə və daha çox hegemonluq edir. İran xalqının mübarizəsinin təhlili belədir. Düzdür, adətən, müəyyən siyasi təşkilatlara bağlı analitiklər İran məsələlərini düzgün təhlil etmir, qərəzli izah edirlər. Onlar deyirlər ki, İranda iki cinah var: biri belə deyir, o birisi isə elə; yaxud deyirlər ki, filan şəxsiyyətlə yola getmək üçün işlər görürlər. Bunlar bizim düşmənlərimizin təhlilləridir. Bunlar həqiqətdən uzaq təhlillərdir.

Hegemon ABŞ-la daimi mübarizə

İranda İslam inqilabına, İslama, bu inqilabın dini təməllərinə inanan hər kəs bu gün başda ABŞ olmaqla dünya hegemonları ilə daimi mübarizəni vacib sayır. Əlbəttə, dünya mediası bizim düşmənlərimizin əlindədir. Onlar təbliğat üsullarını da çox yaxşı bilirlər, onu öyrənmək üçün çoxlu pullar xərcləyiblər və çox asanlıqla bir xalqı radikallıqda, vəhşilikdə, mədəniyyətsizlikdə və davakarlıqda ittiham edə bilirlər. Yalnız buna görə ki, onlar öz insani haqlarını tələb edir və təcavüzkarlara qarşı çıxırlar. Onlar bu bir neçə ildə xalqımıza qarşı bu işlərdən görüblər. Amma biz burada oturub onların təbliğatının təsiri altına düşməməliyik.

ABŞ təbliğatı

Nə üçün inqilabçı və müsəlman ölkə daxilində kimsə ABŞ əleyhinə fəryadı radikal və dəlisov bir iş kimi başa düşməlidir?! Bu onların təbliğatıdır, dəlisovluluğu sizin evinizə daxil olan oğru edir, siz yox. Siz onu evinizdən çıxarır, ondan şikayət edir, başına çığırır və ya orada-burada öz məzlumluğunuzu danışırsınız.

Radikallıq

Radikallığı o adam edir ki, hər hansı bir ölkənin, o cümlədən bizim ölkəmizin və xalqımızın yüzlərlə, minlərlə inqilabçı insanının canının onun üçün heç bir dəyəri yoxdur, düşmənlərin və belə güclərin radikal və vəhşi üsullarına qarşı fəryad çəkən bizlər yox, Livanda və digər yerlərdə ABŞ qüvvələrinin, onun siyasi və hərbi muzdurlarının təzyiqi altında intihari əməliyyata üz tutub öz varlıqlarını və qeyzlərini göstərmək istəyən yazıqlar yox. Bəli, dünya təbliğatı bu hərəkəti radikallıq, dəlisovluluq, mədəniyyətsizlik kimi göstərir, amma öz əməllərini görmürlər.

Gənc nəsil

Siz tələbə, şagird və gənclər gələcək üçün inqilabın əsas təməllərisiniz. Bu gün də sizin inqilaba böyük təsiriniz var, çünki gəncsiniz. Siz bu gün də siyasi, hərbi quruculuq və digər hər hansı bir sahədə iştirak etsəniz, inqilabın aktiv qüvvələri olarsınız. Bu gün təsirli amilsiniz, sabah isə əsas və həlledici amil olacaqsınız. Çalışın inqilabı köklü surətdə, elmi və məntiqi əsasları ilə düzgün tanıyın. İndi həmin qanlı günlərdən on bir il ötür. İran xalqının gənc nəslinin özündən qabaqkı qara günləri unutmağa haqqı yoxdur. İran xalqının böyük hərəkətində gənc nəsil öncül olmalıdır. Gənc nəsil, xüsusən də tələbə nəsli üçün laqeydlik və soyuqqanlılıq yolverilməzdir. Ölkənin taleyini düşünməyən, dünyada ölkəsi əleyhinə planlaşdırılan hadisə və düşmənlikləri görməyən, onlara qarşı coşmayan bir gənc özünə inqilabçı bir xalqın gənc vətəndaşı adını qoymağa layiq deyil. Gəncin ruhu çətin dönəmlərdə ölkənin və xalqın dadına çatan xilaskar və aktiv ruhdur.

Bu günün və dünənin gəncləri

Bugünkü nəslin gənci Rza xanın və Məhəmmədrza şahın repressiya dövründə yaşamadığı üçün bəxtəvərdir. O zamanın gənclərinin çəkdiyi çətinliklər heç zaman bugünkü gənclərin yadından çıxmamalıdır. Əlbəttə, bu fədakarlıq təkcə bizim millətə məxsus deyil. Digər xalqların gənc və yeniyetmələri də ölkələrinin işğalı və xalqlarına hakim olan repressiya dövründə fədakarlıq etmişlər.

Gənc və inqilabın dərki

Bu gün siz gənclərin vəzifəsi budur ki, inqilabı ruhunuzun dərinliklərinə aparasınız, inqilab anlayışını və onun düşüncə əsaslarını dərindən dərk edəsiniz, bu xalqın ehtiyaclı olduğu və iki səhnədə mübarizə apardığı vaxt üçün özünüzdə saxlayasınız. Birinci səhnə inqilabı iqtisadi, hərbi və ya siyasi baxımdan təhdid edən səhnədir. Siz o ehtiyatı inqilabı və ölkəmizi zamanın və mövqeyin tələblərinə uyğun şəkildə qorumaq üçün işlətməlisiniz. İkinci səhnə quruculuq səhnəsidir. Ən yaxşı qurucular inqilabçı quruculardır. İnqilab bağının ən yaxşı bağbanları inqilabdan çağlayan və inqilabı ruhən yaşayan şəxslərdir. Siz gənclər bu iki səhnə üçün özünüzü hər an hazır etməlisiniz.

Düşmənin gənclər üzərində sərmayə qoyması

Mən bütün qrupları tanıyan, pərdə arxasında cərəyan edən beynəlxalq proseslərdən, düşmən hiylələrindən xəbərdar olan və inqilabın əvvəlindən onlarla işləyən bir insan kimi deyirəm: Əziz gənclər! Düşmən sizin üzərinizdə böyük sərmayə qoymuşdur. Diqqətinizi toplayın. Onlar bir qrupu laqeydliyə çağırır, bir qrupu ümidsiz və məyus edirlər. Ümidsizlik gəncin ən böyük bəlasıdır. Gənclər məyusluğun gənc ruhuna təəssüf ki, daha tez yol tapdığını bilsinlər. Ümid də belədir. Düşmənin gənclərə təlqin etmək və sırımaq istədiyi ümidsizlik qarşısında özünüzdə müqavimət yaradın.

Gənclərin düzgün yoldan yayındırılması

Düşmən paklıq və səmimiyyət tərənnümü olan gənci fəsada, müxtəlif natəmizliklərə və napaklıqlara çəkmək, eləcə də yanlış siyasi təfəkkürlər aşılamaqla onların bir qismini doğru yoldan yayındırmaq istəyir. İnqilabın əvvəllərində bu ölkədə bir qrup gənc əllərinə silah götürüb Şərqin və Qərbin mübarizə apardığı inqilabçı dövlətlə vuruşmağa başladılar. Düşmən bu yazıq uşaqların beyninə yanlış siyasi fikir yeritmişdi. 1979-1980-ci illərdə tələbələr Tehran Universitetində barrikada qurub, silah götürüb inqilabçı dövlətə və xalqa atəş açırdı. Bu iş hansı meyarla başadüşülən və inanılasıdır?! İnqilabın düşmənləri qarşısında sinəsini sipər etməli və həyatı bahasına olsa belə, bu inqilabı qorumalı olan bir tələbənin özü inqilabın bəlasına çevrildi. Bu, əsla inanılası deyil, lakin baş verdi.

İnqilab – coşqun dalğa

Əlbəttə, inqilab ona qarşı çıxmaq istəyən heç bir amilə dözməyən coşqun dalğadır. İnqilab onları və onlardan böyüyünü də yuyub apardı. Bəzi qüvvələr inqilabla razılaşıb birtəhər özlərini qurtara bildilər, bəzi qüvvələr isə bu təlatümlü okeanda batıb məhv oldular. Və heç şübhəsiz, mənəvi məhvləri fiziki məhvlərindən daha təhlükəlidir.

Hidayətedici təfəkkür

Bu gün gənci inqilabın məsul şəxslərindən, öncüllərindən və ölkə rəhbərlərindən ayrı olduğunu duymağa sövq edən hər bir fikir düşünülmüş şəkildə təlqin edilən yanlış siyasi təfəkkürlərdəndir. Bu gün xalq və hökumət əl-ələ verib bir-birinin yanında dayanmalı, bütün gücləri ilə müstəmləkəçiliyin və hegemonizmin bütün tilsimlərini qırmağa və məhv etməyə çalışmalıdırlar. Bu, çox əhəmiyyətli və həssas bir məsələdir. Sizi hidayət edəcək və etməli olan təfəkkür İslam təfəkkürüdür. Siz universitetlərdə İslam təfəkkürünə və İslam işinə çox əhəmiyyətli yanaşmalısınız.

Ümidvaram Allah-Taala sizi müvəffəq etsin, sizə kömək göstərsin! Siz bacı və qardaşlara, xüsusən də imamın xəttinin davamçısı olan əziz və müsəlman tələbə şəhidlərin ailələrinə təşəkkür edirəm. Şübhəsiz, bu şəhidlik onların zəhmətlərinin, sədaqət və paklıqlarının mükafatıdır. Allah sizin hamınıza uğur bəxş etsin! Allah İslam quruluşunun möhkəmləndirilməsi və İslam təfəkkürünün bütün dünyada yayılması yolunda bizə kömək etsin!

Allahın salamı və rəhməti olsun sizə!


 

Hövzə və universitetin birliyi – elm və dinin birlik amili[6]

Bismillahir-Rəhmanir-Rəhim.

Hövzə, universitet birlik

Öncə siz qardaş və bacıların hamısına, həm uzaq yollardan və digər şəhərlərdən təşrif buyuranlara, həm də müxtəlif idarə və təşkilatlardan gəlmiş qardaş və bacılara xoşgəldin deyir, bu günlərdə anılan əziz şəhidimiz mərhum Ayətullah Doktor Müfəttihin xatirəsini uca tutur və onu hörmətlə yad edirik.

Bu günlərin söhbəti universitet, elm hövzəsi və birlik ətrafındadır. Bu üç söz və anlayış inqilab üçün çox əhəmiyyətlidir. Hövzə və universitetin birliyi - böyük imamımız bu ifadəni Allahın hidayətindən ilham alan arif və hikmətli qəlbindən buyurdu - üç əsas amil üzərində dayanır. Bu üç amil - yəni hövzə, universitet və birlik inqilabın və ölkənin əsas məsələlərindəndir.

Tövhid təfəkkürü

Bizim elmi, etiqadi, ictimai və praktik əsasımız olan tövhidin təməli birlikdir. Şirk təfəkkürü insanları da bölür. Şirk əsasında qurulan bir cəmiyyət insan təbəqələrini ayırıb, bir-birinə yadlaşdırır. Müşrik bir cəmiyyətdə insanların varlığın mənbəyinə və dünyaya hakim olan bir qüvvəyə bağlı olduqları ortaya çıxanda, təbii və zəruri olaraq bu cəmiyyətdə insanlar bir-birindən ayrılırlar: biri bir tanrıya, digəri başqa tanrıya, üçüncüsü isə daha başqa bir tanrıya inanır. Şirkə əsaslanan bir cəmiyyətdə insanlar, tayfalar arasında aşılmaz bir divar və keçilməz bir uçurum var. Bunun əksinə olaraq, tövhid cəmiyyətində varlığın mənşəyi və sahibi, varlıq aləminin sultanı, kainatın bütün iş və hərəkətlərinin mənbəyi olan əbədi və qüdrətli Allah bir olduğundan, qara, yaxud ağ, müxtəlif qanlara, müxtəlif irqlərə və müxtəlif ictimai vəziyyətlərə malik insanlar bir-biri ilə qohumdurlar. Çünki hamısı bir Allahda birləşiblər, bir yerə birləşiblər və bir yerdən kömək umurlar. Bu, tövhidə etiqadın zəruri nəticəsidir. Tövhid baxışında nəinki insanlar, hətta kainatın bütün cisimləri, heyvanlar, yer, göy - hər bir şey bir-birinə birləşib, bir-birinə bağlıdır və hamısı insanla qohumdurlar. Buna görə insanın gördüyü, duyduğu və dərk etdiyi hər bir şey sağlam bir dünyada və təhlükəsiz mühitdə yerləşən bir aləm və vahid toplumdur.

İslam cəmiyyətinin vilayət ətrafında birləşməsi

Quranda buyurulur ki, Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər.[7] Allah-Taala Ona iman gətirənləri hidayət edir, sülh yollarına sövq edir. Bu, İslam cəmiyyətinin tövhid əsasında olmasına görədir. Vilayətin mənası da budur: sıx, möhkəm və ayrılmaz bağlılıq. İslam cəmiyyəti vilayət sahibidir. Yəni onun bütün hissələri bir-biri və cəmiyyətin mərkəzi olan vəli ilə birləşir. Bu bağlılığa və əlaqəyə görə İslam cəmiyyəti öz daxilində bir vahiddir və bir-birinə bağlıdır, xaricdə də özünə uyğun amilləri cəlb edir və düşmənləri uzaqlaşdırır, onlara qarşı çıxır; yəni "kafirlərə qarşı sərt, öz aralarında mehribandırlar".[8] Bu, İslam cəmiyyətinin vilayət və tövhidinin nəticəsidir.

“Tövhid vəhdət yaradır, şirk isə təfriqə!”

Bu tövhid təməli və həzrət Haqqın birliyinə etiqad İslam cəmiyyətinin bütün fərdi və ictimai sahələrində təsirlidir, cəmiyyəti ahəngdar, bir-birinə bağlı və vəhdətli (istiqamətin, hərəkətin və məqsədin vəhdəti) formaya gətirir. Bu cəmiyyət şirkin, müşriklərin və şirk yaradan ilahənin əksidir. Buna görə də möminlərin, saleh bəndələrin arasında nə zaman vəhdət varsa, orada tövhid və Allah da var. Harada möminlər və Allahın saleh bəndələri arasında ixtilaf varsa, heç şübhəsiz, orada şeytan və Allahın düşmənləri var. Siz harada ixtilaf görsəniz, axtarın, çətinlik çəkmədən orada şeytanı taparsınız. Yaxud öz nəfsimiz daxilində olan və əmmarə nəfs adlanan ən təhlükəli şeytanı görərsiniz. Buna əsasən, bütün ixtilafların arxasında ya bizim eqoistliklərimiz, dünyagirliklərimiz və arzularımız durur, ya da xarici şeytanlar, yəni düşmən, hegemonizm və zalım güclər.

Min il bir-birinin yanında olan elm və din

Bizim ölkəmizdə min il elm və din bir-birinin yanında olub. Bizim tariximizin böyük alim, həkim, astronom və riyaziyyatçıları, adları və kəşfləri bu gün də dünyada məşhur olan dahi şəxslər ilahi alimlərdən, din sahiblərindən və dini mütəfəkkirlərdən olmuşlar. Tibb kitabı hələ də dünyada canlı elm kitabı sayılan, özü müxtəlif sahələrdə bəşər tarixinin parlaq siması hesab olunan, bu min ildə dünyanın bütün elm sahələrində tanınan və tanınmaqda olan, elm tarixinin bəzi nailiyyətlərinə imza atan İbn Sina həm də bir din alimi olmuşdur. Məhəmməd İbn Zəkərriyya Razi, Əbu Reyhan Biruni və digər alimlər - İslam dünyasının mütəfəkkirləri, kəşf və ixtira sahibləri də belə olmuşlar. Ölkəmizdə və İslam dünyasında vəziyyət belə idi.

Elm və dinin ayrılığı

Dinin hakim olduğu və xalqın həyatının dindən, mənəvi məsələlərdən tam uzaqlaşmadığı vaxta qədər vəziyyət belə idi. Avropalıların, qərblilərin, sionist siyasətçilərin və İslam dünyasını məhv etmək üçün plan cızan mütəfəkkirlərin elmi siyasətlə birgə ölkəmizə daxil etdikləri vaxtdan onu dindən ayırdılar və nəticədə din elmdən, elm də dindən uzaq bir amilə çevrildi.

Elm hövzələri və yeni elmlər

Elm hövzələrində yeni elmlərə qapı açılmadı. Axtarmaq lazımdır ki, nə üçün indiki və ötən əsrdə əvvəllər hövzələrdə tədris olunan qeyri-dini elmlər hövzələrdən yığışdırıldı və qabaqkı əsrlərdə özləri həmin sahələrin alimləri, varisləri, mütəxəssis və mütəfəkkirləri olan alimlər onları rədd etdilər. Bunun iki səbəbi vardı və hər iki səbəb qərblilərin dünya miqyasında təbii elmlərə yiyələnməsindən irəli gəlirdi. Bu səbəblərin biri budur ki, din alimləri din düşmənləri və kafirlər tərəfindən yayılan istənilən elmə bədbin yanaşır və onu rədd edirdilər. İkinci səbəb isə bu idi ki, həmin düşmənlər və kafirlər elmi onlara öyrətmək istəmir, sahib olduqları elmi dini mərkəz olan elm hövzələrinə buraxmırdılar. Hər ikisi bir-birindən qaçır, bir-birinə düşmən olmuşdular. Əsas səbəb də bu idi ki, bütün dünyada, o cümlədən İslam ölkələrində elm antidin siyasətlər üçün bir alətə çevrilmişdi.

19-cu əsr və dinin insan həyatından çıxarılması

Qərb dünyasında elmi tədqiqatın zirvəsi sayılan on doqquzuncu əsr dindən ayrılmaq və dinin həyatdan çıxarılması əsridir. Bu təfəkkür ölkəmizdə də təsir buraxdı və bizim universitetimizin bünövrəsi qeyri-dini təməllər əsasında quruldu. Din alimləri universitetdən üz çevirdilər, universitet də din alimlərindən və elm hövzələrindən. Bu acınacaqlı hal həm elm hövzələrinə, həm də universitetlərə mənfi təsir buraxdı. Elm hövzələrində din alimlərinin fəaliyyətini yalnız və yalnız dinin zehni məsələlərində məhdudlaşdırdı və onları xarici dünyadan xəbərsiz etdi. Elmi inkişaflar onlar üçün məchul qaldı. Yeniliyə təmayül ruhu, İslam fiqhində və dini hökmlərin araşdırılmasında yeniliyin zərurəti hövzələrdə yaddan çıxdı. Dinin və İslam fiqhinin tədqiqində bu yenilik həmişə mövcud olmuşdu. Çünki fiqh cəmiyyətin ehtiyacını təmin etmək üçün Quran və sünnəyə əsaslanır. Hövzələr həyat reallığından, dünyada baş verən hadisələrdən və həyata keçən nəhəng dəyişikliklərdən xəbərsiz qaldı və bir sıra fiqhi, əksər hallarda xırda məsələlərlə məhdudlaşdı. Fiqhin əsas məsələləri, o cümlədən cihad, hakimiyyət, İslam cəmiyyətlərinin iqtisadiyyatı, xülasə, dövlət fiqhi təcrid oldu, yaddan çıxdı, tərk edildi. Cüzi, çox cüzi və əksər hallarda həyatın mühüm məsələlərindən uzaq məqamlara daha artıq diqqət yetirildi. Bu, elm hövzələrinə vurulan zərbə idi. Siyasi qüvvələr də bundan istifadə etdi və təbliğatla, şeytan üsulları ilə hövzələri bacardıqları qədər həyat yeniliklərindən uzaq saxladılar.

Keçmişdə universitetin din və əxlaqdan uzaq olması

Xəmiri dindən və elm hövzələrindən ayrı yoğrulan universitet də nə dinə, nə İslam əxlaqına, nə siyasi əxlaqa, nə bir vətəndaşın ölkəsinə və xalqına qarşı hisslərinə sahib olan bir qrup insanın əlinə düşdü. Son yetmiş ildə Əmir Kəbir kimi bəzi insanlardan və sonralar meydana çıxan çox azsaylı bir neçə nəfərdən başqa bu ölkədə ali təhsil işlərinə rəhbərlik edənlərin çoxu əcnəbilərin maraqları qarşısında İran xalqının maraqları üçün heç bir üstünlük tanımayan, bu xalqın və bu ölkənin gələcəyindən daha çox başqa məsələlər haqda düşünən insanlar idilər.

Zəngin mədəniyyət və parlaq istedadlar

Təsadüfi deyil ki, İran xalqı bəlli elmi keçmişinə, parlaq istedadına - müxtəlif xalqlar üzərində tədqiqat aparan və bizim tanıdığımız şəxslərin hamısı xalqımızın orta bəşəri səviyyədən yüksək istedada malik olduğunu söyləmişlər - zəngin və dərin İslam mədəniyyətinə, əsrlər boyu yetişən çox böyük alimlərinə, oxumağa və öyrənməyə qarşı təbii həvəsinə baxmayaraq, dünyanın elm və bilik zirvələrinə sarı dördnala çapdığı son iki yüz, yaxud yüz əlli ildə geriqalmış qrup və xalqlardan olmuşdur.

Əgər bu xalqı özbaşına buraxsaydılar, elmdə öncül olardı, əvvəldən cəmiyyətlərin öz daxilindən baş qaldıran və çiçəklənən elmlərin çoxunda inkişaf edərdi, dünya ilə birgə irəliləyər və bu qədər geri qalmazdı.

Orta əsrlər

Qərbin müasir elmlərinə yol açıldıqdan sonra xəyanətkar və ya dünyadan bixəbər qüvvələr bu xalqın geri qalması və inkişaf etməməsi üçün bəzi işlər gördülər. Uzun illər və hətta əsrlər boyu xalqımız elmin zirvəsində dururdu, dünyanın heç bir yerində elm bizdə olduğu qədər inkişaf etməmişdi. Siz eşitmisiniz ki, Orta əsrlər qaranlıq və zülmət əsridir. Bu gün də avropalılar hər hansı bir xalqı pisləmək istəyəndə deyirlər ki, bunlar Orta əsrlərə aiddirlər. Orta əsrlər Avropa xalqlarının cəhalət və zülmət çağıdır. Məhz bu əsrlərdə İranda və İslam ölkələrində elmin parlaq dövrü yaşanırdı. İbn Sina, Əbu Reyhan Biruni, Məhəmməd ibn Zəkəriyya, böyük astronom və riyaziyyatçı olan Ömər Xəyyam, təbiət elmlərində bizim ən böyük alimlərimiz, ən böyük ədiblərimiz, elmi əsərləri bu gün də dünyada mühüm sayılan ən böyük riyaziyyatçılarımız, astronomlarımız və təbiblərimiz Orta əsrlərdə yaşamışlar. Bəli, Orta əsrlər avropalılar üçün zülmət və qaranlıq əsrləridir, biz müsəlmanlar üçün isə elmi inkişaf dövrüdür. Avropalılar bunu gizlədirlər, Qərb tarixçiləri bunu dilə gətirmirlər. Biz də adət etmiş və inanmışıq.

Tənəzzülümüzün ümdə səbəbi

Belə bir parlaq keçmişə malik olan xalq zalım şah rejimi dövründə və əsasən, son iki yüz, yaxud yüz əlli ildə, yəni Qacarlar dövrünün sonlarından Pəhləvilər dövrünün axırına qədər elmi inkişaf baxımından bu qədər tənəzzülə uğradı. Onlar bunu etdilər. Bunun əsas səbəbi ölkəmizdə dinin elmdən ayrılığı idi. Bizim ölkəmizdə təbii elmlərin mütəxəssisləri, alim və tədqiqatçıları dindən ayrı qaldılar və nəticədə xalqlarına və ölkələrinə yaramadılar. Ən yaxşıları gedib əcnəbilərə xeyir verdilər, bir qismi də burada əcnəbilər üçün çalışdılar. Bu universitetlərdə dərs oxumuş ziyalılar Pəhləvi rejimində ən xəyanətkar şəkildə ölkəni idarə edənlər idilər. Onlar bu universitetlərin məzunları idilər. Allah rəhm elədi və İslam inqilabı baş verdi. Bu cəmiyyətin müasir ziyalıları tərəfindən tədricən universitet təhsili alan və siyasi işlərlə məşğul olan nəsli o qədər köksüz və etiqadsız idi ki, onlar iş başına gəlsəydilər, Allah bilir bu xalqın və bu ölkənin başına nə oyun açacaqdılar; bu xalqın var-yoxunu, olan-qalanını yandırıb məhv edəcəkdilər. Allaha şükür olsun ki, macal tapmadılar, İslam inqilabı baş verdi və bu sülaləni devirdi.

Elm və dinin yanaşı hərəkəti

İslam quruluşunda elm və din yanaşı hərəkət etməlidir. Hövzə və universitetin birliyi bu deməkdir. Hövzə və universitetin birliyinin mənası bu deyil ki, mütləq hövzə ixtisasları universitetdə və universitet ixtisasları hövzədə tədris olunsun. Xeyr! Buna ehtiyac yoxdur. Əgər hövzə və universitet bir-biri ilə əməkdaşlıq etsə, bir-birinə yaxşı münasibət bəsləsə və kömək göstərsə, elm və din adlı bir müəssisənin iki şöbəsi kimi olarlar. Elm və din müəssisəsi bir şeydir. Bu müəssisənin iki şöbəsi var: biri elm hövzələri, digəri isə universitetlər. Amma bunlar bir-biri ilə əlaqədə, bir-birinə qarşı xoş niyyətdə olmalı, birgə işləməli, bir-birindən ayrılmamalı və bəhrələnməlidirlər. Bu gün elm hövzələrinin öyrənmək istədiyi elmləri universitet mənsubları onlara öyrətsinlər, universitet tələbələrinin ehtiyaclı olduğu din və dini bilgiləri də hövzə alimləri onlara öyrətsinlər. Universitetlərdə ruhani nümayəndələrinin fəaliyyəti bundan ötrüdür. Çox yaxşı olar ki, bu əlaqələr proqramlı şəkildə idarə olunsun. Bu ən yaxşı və ən təbii vəhdətlərdən biridir.

Ruhani və universitet məzunu



Geri   İrəli
Go to TOP