A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: VİLAYƏT BAĞÇASI (birinci cild)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri  


Allahın salamı və rəhməti olsun sizə!


 

Tələbə birliklərinin əhəmiyyəti[43]

Bismillahir-Rəhmanir-Rəhim.

Din ətrafında toplaşmaq

Əziz qardaşlar və bacılar! Çox xoş gəlmisiniz. Bu il mənim üçün ən şirin, ən səmərəli və ən əziz toplantılardan biri budur; ölkə üzrə görkəmli tələbələrin İslam, iman və əməl ətrafında baş tutan bu toplantısı. Bu toplantını ümumrespublika tədbiri kimi qeyd etdiyinizə görə, tələbə cəmiyyətlərinin mərkəzi heyətlərinin məsul şəxsləri olan siz qardaş və bacılara təşəkkür edirəm; həmçinin zəhmət çəkib Quma təşrif buyurduğunuza və sizi ziyarət etmək üçün imkan yaratdığınıza görə.

Gələcəyin təminatçısı

Universitet hər bir ölkə üçün əslində, hər şeydir. Tələbə cəmiyyətin gələcəyinin təminatçısıdır. Bu günün tələbəsinə baxıb hər bir cəmiyyətin sabahının necə olacağını bilmək, güman etmək olar. İranda dini inancı kökündən qoparmaq niyyətilə universitetə gedən və tələbə mühitini antidin təfəkkür, xəyal və məşğuliyyətlərilə bulayan insanlar nə etdiklərini çox yaxşı anladılar və öz çirkin məqsədlərindən ötrü doğrudan da əsas amil üzərində dayandılar.

Bilirsiniz ki, İranda universitet açılanda və ölkəmizdə yeni elmlərə maraq yarananda - əlbəttə, bu iş çox lazım idi və çox gec başlandı; əslində, 100 il əvvəl başlanmalı idi - seçim və proqramlarda dini vurmağa başladılar.

Dünənki universitet

İnsan bəzi məsələlərə həqiqətən, adət edib, onların əhəmiyyətini anlamır. Biz tağut dövründə adət etmişdik və belə başa düşürdük ki, universitetə gedən hər bir gənc dinsiz çıxacaq. Bu fikir hələ də yanlış olaraq bir çox beyinlərdə var. O zaman isə doğru idi; yəni məlum idi ki, universitet dinə və dindarlığa dözməyən bir yerdir. Belə şərait yaratmışdılar.

Qərb elminin keçmişi

Onlar düşünülmüş şəkildə elə proqram hazırlamışdılar və istədiklərinə nail oldular. Bu ölkədə təxminən əlli il, yaxud bir qədər də artıq müddət ərzində yeni elmə, təcrübəyə və Qərb mədəniyyətinə bir qədər yaxınlaşanlar öz ənənələrindən və əsl İslam inancından bir o qədər uzaqlaşdılar. Təbii ki, cəmiyyətimiz müsəlman idi və hər halda, ali təhsillilərimizdə müəyyən təsir buraxırdı. Eyni zamanda, cəmiyyətdə o fikirlərə müxalif və zidd amillər də vardı. Onlar bu barədə düşünməmişdilər.

Məlumatlı tələbə

O gün arxada qaldı. Bu gün dünya səviyyəsində yenidən din məsələsi gündəmə gəlib. Siz əziz gənclər dünya xəbərləri ilə tanışsınızsa, bunu yaxşı başa düşürsünüz. Mənim universitetin məlumatlı, ayıq, siyasi iş və zehniyyətli bir yer olmasına təkid göstərməyim bundan ötrüdür ki, tələbə dünyada baş verən hadisələrlə tanış olsun. Siz gənc olduğunuza görə bu məsələləri dərindən və asanlıqla görə bilərsiniz.

Dünyanın mənəviyyata yönəlməsi

Bu gün dünyada dinə meyl yaranıb. Əlbəttə, proqnoz vermək olmaz ki, iyirmi, yaxud əlli ilə Avropa xalqının tam dindarlığı ilə nəticələnəcək. Xeyr, əsla belə deyil. İnsani məsələlər çoxlu amillərin təsiri altındadır. Bir-iki amili nəzərə alıb cəld nəticə çıxarmaq olmaz. Demək olmaz ki, dinə meyl var, lakin ona qarşı bir iş görülmür. Şübhəsiz ki, dünya səviyyəsində dinə yönəlməyə qarşı çoxlu işlər görülür, lakin mənəviyyata və dinə meyl ciddidir. Dünyanın hər bir şeyi təxminən bir-birinə uyğun formalaşır. Bu meylin zirvəsi bizim ölkəmizdir, burada din və İslam dövləti qurulub. Lakin digər müsəlman cəmiyyətlərində də bu təmayül var.

ABŞ-ın məğlubiyyəti

İndi ABŞ və sionizmin sərhədsiz siyasətlərinin texnoloqları düşünürlər ki, Misir, Mərakeş, yaxud Əlcəzair məsələsini bəzi şəxlərlə həll etdilər, birilərini hakimiyyətə gətirdilər, hərbi çevriliş etdilər və iş bitdi. Xeyr, belə deyil. Yenidən ötən onilliklərdəki vəziyyət olmayacaq; yəni Qərbin bu neft regionuna mütləq hökmranlığı təmin olunmayacaq. Vəziyyət dəyişib. Səbəb də xalqımızın bu böyük hərəkətidir. O, çox planları pozdu, ABŞ və Qərbin bu ölkələrə hökmranlıq tilsimini qırdı. Daha belə olmayacaq. Lakin bu vəziyyətin nə qədər çəkəcəyi məlum deyil.

İslam dünyasının tələbələri

Bu meyl İslam dünyasında çox güclüdür. Əsasən də tələbə və gənc mühitlərə ciddi İslam təmayülü hakimdir. Siz Misirdə yüz gənc görsəniz, məsələn, on beşi tələbə olsa, onlarda İslama meyl tələbə olmayan gənclərdən dəfələrlə çox olacaq. Yəni şəhərli, kəndli, tacir və fəhlə gənclərdə İslama tələbələr qədər güclü təmayül yoxdur.

1984-cü ildə Əlcəzair küçələrində İran üslubunda hicab taxmış gənc qızları gördüm. Bu, çox mənalıdır. Düzdür, oradakı müsəlmanların da hicabı var, amma bu gənc qız ali təhsilli, tələbə, müəllim, yaxud hər halda, elm adamına bənzəyirdi; özü də Əlcəzairdə. Əlcəzairlə Paris arasında yalnız bir saatlıq məsafə var; Aralıq dənizinin bu tərəfindən o tərəfinə. Və hər şey də belə sürətlə keçir. Fransa işğalçıları onillər boyu Əlcəzairdə Qərb mədəniyyətini yayıblar. İndinin özündə də orada Qərb əxlaqının mənfi təsirləri çoxdur. O zaman da var idi. Bizim ölkədə belə şeylər azdır. Təsəvvür edin, gənc bir oğlan başının yarısını qırxdırıb, yarısını da hörüb küçədə gəzir. Üçüncü dünya gənclərinin belə şıltaqlığı Qərbin bezikmiş gəncini yamsılamaqdan ötrüdür.

Dünyanın İslama təmayülü

Əlcəzairdə də belə şeylər çox idi. O zaman orada belə bir hicab və təmayül də mövcud idi. Onun nəticəsi sonradan məlum oldu. Təxminən beş ildən sonra Əlcəzairdə İslam dövləti qurmaq istəyən bir partiya qəfildən seçkilərdə qələbə çaldı. Çox maraqlı bir hadisə idi. Dünya belədir, mənim əzizlərim. Dünya İslamı istəyir.

Bunu da deyim ki, hamının gözü İrandadır; təzə yol yeriməyi öyrənən uşaq kimi. Belə bir uşaq qaçan bir gəncə necə baxır, onun hərəkətlərini yamsılayır və işlərindən ilham alırsa, İrana, İran xalqının hərəkətlərinə də belə baxırlar. Bu, həqiqətdir.

Qərbin arzusu

Doğrudur, beynəlxalq media, dünyanın qərəzli analitik və sözçüləri bir çox qəti və əhəmiyyətli məsələlər kimi bu haqda da bir kəlmə danışmırlar. Qərb dünyasının bütün təzyiqi bundan ötrüdür ki, İslam İranı bu bir neçə ildə səhv etdiyinə dair bir söz desin. Yaxud desin ki, bəzi əsaslı işlərdə və ya Salman Rüşdi məsələsi kimi bəzi mühüm məsələlərdə səhv etmişdir. Qərbin bütün təzyiqi bundan ötrüdür; İran xalqının və inqilabın bu etirafını hamıya göstərib desin ki, baxın, özləri səhv etdiklərini deyirlər. Yalnız bununla onları bu yoldan çəkindirmək olar.

Amerikalıların arzusu

Bəziləri elə bilirlər ki, amerikalıların İrana hərbi hücuma keçməsi mümkündür. Mən deyirəm ki, ABŞ-da hər hansı bir şəxs belə bir iş görsə, sonsuz dərəcədə ağılsızlıq və axmaqlıq etmiş olar. Əlbəttə, hegemonizmin əsas idarəçilərinin siyasəti bu deyil. Onlar bilirlər ki, bu xalqa nə qədər təzyiq göstərsələr, dünyada daha çox seviləcək, hörməti daha artacaq, müqaviməti dünyanı daha da heyrətləndirəcək. Xeyr, onlar istəyirlər təzyiq göstərməsinlər, belə bir hücum etməsinlər, lakin elə işlər görsünlər ki, İran xalqı öz keçmişinə laqeydcəsinə və istehzalı təbəssümlə baxsın.

İmamın vəfatından sonrakı ilk üç ayda qərəzli, mənfur və tam asılı olan bəzi qələm sahiblərinin qəzetlərimizdə nələr yazdıqlarını gördünüz. Kimin yadındadırsa, mənim nə dediyimi bilir. Fikirləşib görsün ki, bu baxışla məsələ nə qədər mühümdür.

İranlı tələbənin mövqeyi

Deməli, İslamı istəyən, İslama üz tutan və İran xalqına pərəstiş edən dünya iranlı tələbə gəncin mövqeyinin nə olduğunu bilmək istəyir. İslam inqilabından heyrətlənmiş dünya Allah yolunda hərəkət edən, məqsədlərinə sadiq qalan bu mətanətli, başıuca və qüdrətli xalqa baxır, onun düşmənə əsla əyilmədən, azacıq da qorxmadan hərəkət halında olduğunu görür. İndi görün belə böyük bir məsələdə tələbənin yeri haradır? Mənim fikrimcə, onun çox əhəmiyyətli yeri var.

Birliklərin əhəmiyyəti

Əzizlər universitetlərdəki din məsələsinə bu gözlə baxsınlar. Problem bu deyil ki, üç-dörd gənc dinsiz olar və ya namaz qılmaz. Bəli, bunların hamısı qüsurdur. Gənc bir oğlanın və ya qızın dinsiz, laqeyd və dini qanunlara etinasız olması eyibdir. Amma məsələ bununla bitmir. Tələbələrin dini birliklərinə bu gözlə baxın. Adı nə olursa-olsun. Adlar mühüm deyil, məzmun, məqsəd, istiqamət və işlər mühümdür. Buna görə də, mən tələbələrin İslam birliklərinə çox əhəmiyyətli yanaşıram. Siz universitetə təsir göstərə bilərsiniz. Universitetdə düşmən təbliğatının təsiri altına tez düşən insanlar var, nəfsə tez uyurlar, şübhələrdən çox tez təsirlənirlər. Siz bunları qorumalısınız.

İman və bəndəlik

Universitetdə tələbələr üçün əhəmiyyətli olan bir məsələ onların zehinlərində və qəlblərində İslam təfəkkürünün inkişafı, bir məsələ də bəndəlik, Allaha təslimçilik hissinin yaranmasıdır. Müsəlman sözünün mənası budur. “Biz Ona müsəlmanıq” - yəni biz Allaha təslimik. Bəndəliyin mənası budur: Allahın fərmanına təslim olmaq. Bu ruhiyyə güclənməlidir. Əlbəttə, bilirsiniz ki, bəndəliyin əqli dəlillərlə, fəlsəfi məsələlərlə, elm, elmi fəaliyyət, universitet və tələbə fəaliyyəti ilə heç bir ziddiyyəti yoxdur. Onların hamısı da olmalıdır, bəndəlik və təslimçilik də. Əgər belə olsa və başqa şərtlər də əldə olunsa, bir insan böyük imamımız kimi ola bilər.

Əgər şeytan vəsvəsələrinin, nəfsi istəklərin, bizim daxilimizdə, xarakterlərimizdə mövcud olan müxtəlif mənfi cəhətlərin, mahiyyətimizə qarışmış çirklərin bədən üzvlərimizi hərəkətdən saxlamasını istəmiriksə, bizdə bu bəndəlik hissi olmalı, Allahın hökmü, əmri və şəriət vəzifəsi olduqda yerinə yetirməliyik. Qorxu, çəkinmə, təhdid, təhlükə və tamahlandırmalar bizim qarşımızı almamalıdır. Buna görə tələbədə bəndəlik ruhu gücləndirilməlidir. Çünki bu gənc sabah məmləkətin işlərindən birini əlinə alacaq. İndidən onun üzərində işləmək lazımdır. Mənim və mənim kimilərin yaşına çatanda quru və bərk bir ağac kimi olacaq, daha heç bir iş görmək olmayacaq. İnsan sizin yaşınızda öz əyriliklərini düzəltməyə və qüsurlarını aradan qaldırmağa qadirdir.

Nailiyyətləri müdafiə

Buna əsasən, tələbələrdə İslam etiqadı, dərin və güclü iman, Allah qarşısında bəndəlik, təslimçilik və sonra xalqın böyük nailiyyətlərini müdafiə etmək ruhiyyəsi - bu inqilab, İslam Respublikası quruluşu, konstitusiya, qanunlar, məsul şəxslər və ölkəni idarə edən təşkilatlar bu nailiyyətlərdəndir - sözün əsl mənasında gücləndirilməlidir; həmçinin mənim qabaqca üzərində təkid göstərdiyim siyasi ayıqlıq, yəni dünyanın və ölkənin cari məsələlərinə laqeyd qalmamaq.

Birliklərin vəhdəti

Tələbələrin böyük hissəsi bu xüsusiyyətlərin birinə, yaxud bir neçəsinə malik deyil. Buna dair işlər görülməlidir. Biz bəzi mərkəzlərə, o cümlədən Allahın lütfü ilə yaxşı din alimləri və təcrübəli ruhanilər tərəfindən idarə olunan nümayəndəlik orqanına və tələbələrin İslam birliklərinə ümidvarıq. Bunlar birgə işləməli, bir-biri ilə əlaqədə olmalı, birliklər də bir-biri ilə əməkdaşlıq etməlidir. Nə üçün çox əziz olan məhdud bir qüvvə öz daxilində əməkdaşlıq etməməli və bəzən də bir-biri ilə çəkişməlidir?! Çalışın bu cəmiyyətlərə, xüsusən də əsas vəzifələrə təqvalı və dindar insanları təyin edin.

Birliklər və siyasi qruplar

Başqa bir məqam budur ki, universitet xaricindəki problemlərin, siyasətbazlıq və tərəfbazlıqların özlərini tələbə birliklərinə sırımalarına, onların içinə girmələrinə qoymayın. Universitet xaricindəki hər bir qrup başqa qrupu vurmaq üçün tələbələrlə əlaqə saxlamaqda maraqlıdır. Buna imkan verməyin. Əlbəttə, ölkənin müxtəlif məsələləri, dini, yaxud siyasi fəaliyyət zamanı universitet xaricindəki insanlarla əməkdaşlıq mümkündür. Bunun eybi yoxdur. Amma belə olmasın ki, iki nəfər bayırda bir-bir ilə dava etsinlər, biz də universitetdə onların tərəfindən dava edək, onların problemləri tələbələrə də keçsin. Bu, məsləhət deyil. Əgər bu məsələlərə diqqət yetirilsə, universitetlərin gələcəyinə çox ümidvar olacağam.

Tələbə etikafı

Düzdür, bu gün universitetlər keçmişdəkindən yerlə göy qədər fərqlənir. Ölkəmizin ən böyük universiteti olan Tehran Universitetinin məscidində tələbələrin etikaf etməsi İslam Respublikası quruluşu və İran xalqı üçün doğrudan da bir fəxrdir. Bu, çox əhəmiyyətli və möhtəşəm hadisədir. Mən eşidəndə doğrudan da heyrətə gəldim. Bilirsiniz o məscid haradadır və o universitet kimlərin əli ilə yaradılıb?! Dindar tələbələrin o universitetdə, o məscidin içində etikaf etməsi onların qəbirdəki cəsədlərini lərzəyə gətirir. Onlar elə bilirdilər ki, universitet gələcəkdə bütün İran xalqını dindən ayırmağa bəs edəcək. İndi gənc tələbələr üç gün oruc halda universitetin məscidində oturur, etikaf edirlər. Bu, çox mühüm məsələdir. Bu işləri bacardığınız qədər artırın. Eşitmişəm ki, Allahın lütfü ilə orada və digər universitetlərdə izdihamlı camaat namazları da qılınır.

Ümidvarıq Allah-Taala sizə kömək etsin və müvəffəqiyyət versin! Biz də sizin üçün dua edəcəyik.

Allahın salamı və rəhməti olsun sizə!


Qeydlər

[1] Tələbə və müəllimlərin beyət mərasimində çıxışı: 13 iyun 1989.

[2] Hegemonizmə qarşı Milli Mübarizə Günü münasibəti ilə tələbə və şagirdlərlə görüşdə çıxışı: 1 noyabr 1989.

[3] Bəqərə/34.

[4] Əraf/88.

[5] Əraf/88.

[6] Universitet mənsubları və hövzə tələbələri ilə görüşdə çıxışı: 20 dekabr 1989.

[7] Maidə/16

[8] Fəth/29.

[9] Mədəniyyət və ali təhsil nazirliyinin əməkdaşları və universitet rektorları ilə görüşdə çıxışı: 14 avqust 1990.

[10] "Ali-İmran"/19.

[11] "Bəqərə"/112.

[12] Şəhid fondunun məsul şəxsləri, bir qrup müəllim və tələbə və xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışı: 15 avqust 1990.

[13] Təhrim/6.

[14] Maidə/105.

[15] Şəms/9.

[16] Universitet müəllimlərinin İslam birliyinin Mərkəzi Şurasının üzvləri ilə görüşdə çıxışı: 9 sentyabr 1990.

[17] Fəqih rəhbərin ölkə universitetlərindəki nümayəndəliklərinin məsul şəxsləri və Mərkəzi Şurasının üzvləri ilə görüşdə çıxışı: 30 sentyabr 1990.

[18] Səhiyyə naziri və ölkə üzrə tibb universitetlərinin rektorları ilə görüşdə çıxışı: 23 oktyabr 1990.

[19] Hövzə və Universitetin Birlik Günü münasibəti ilə hövzə və universitet tələbələri ilə görüşdə çıxışı: 19 dekabr 1990.

[20] Kövsər/1.

[21] Mədəniyyət və ali təhsil naziri, nazirliyin əməkdaşları və bir neçə universitet rektoru ilə görüşdə çıxışı: 25 dekabr 1990.

[22] 13 Aban - Hegemonizmə qarşı Milli Mübarizə Günü münasibəti ilə tələbə və şagirdlərlə görüşdə çıxışı: 6 noyabr 1991.

[23] Bax: “Vəsail əş-şiə”, c. 12, səh. 25.

[24] İbrahim/26.

[25] Bəsic təşkilatının yüksək rütbəli zabitləri və Bəsic üzvü olan universitet və hövzə tələbələri ilə görüşdə çıxışı: 21 noyabr 1991.

[26] Hövzə və Universitetin Əməkdaşlıq İnstitutunun üzvləri ilə görüşdə çıxışı: 1 fevral 1993.

[27] Hegemonizmə qarşı Milli Mübarizə Günü münasibəti ilə tələbə və şagirdlərlə görüşdə çıxışı: 3 noyabr 1993.

[28] Maidə/44.

[29] Ali-İmran/173.

[30] Ali-İmran/118.

[31] Hövzə və Universitetin Birliyi Günü münasibətilə tələbələrlə görüşdə çıxışı: 15 dekabr 1993.

[32] Fəqih rəhbərin ölkə universitetlərindəki nümayəndəliklərinin məsul işçiləri ilə görüşdə çıxışı: 28 may 1994.

[33] Kuhgiluyə və Buyer Əhməd vilayətinin universitet mənsubları və mədəniyyət işçilərilə görüşdə çıxışı: 8 iyun 1994.

[34] "Bihar əl-ənvar", c. 2, səh. 25.

[35] Fəqih rəhbərin universitetlərdəki nümayəndələrinin toplantısında çıxışı: 13 sentyabr 1994.

[36] Tələbə Bəsicinin komandanları və məsul işçiləri ilə görüşdə çıxışı: 6 oktyabr 1994.

[37] Amerikanın casus yuvasının tutulmasının ildönümü və Hegemonizmə qarşı Milli Mübarizə Günü ərəfəsində çıxışı: 2 noyabr 1994.

[38] Hövzə və Universitetin Birliyi Günü münasibəti ilə hövzə və universitet tələbələri və xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışı: 18 dekabr 1994.

[39] Babul şəhərində universitet mənsubları, elm və mədəniyyət işçiləri ilə görüşdə çıxışı: 19 oktyabr 1995.

[40] "Vəsail əş-şiə" c. 27, səh: 27.

[41] "Qafir" ("Mömin")/82-83.

[42] Rəd/17.

[43] Qum şəhərində ölkənin bir çox tələbə birlikləri ilə görüşdə çıxışı: 9 dekabr 1995.



Geri  
Go to TOP