A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: VİLAYƏT BAĞÇASI (birinci cild)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Sözün xülasəsi budur ki, Rza xanın dövründə ölkədə universitetin əsası təkcə dinsizlik üzərində yox, hətta dinlə mübarizə üzərində qoyulub. Bu universitetlərin ilk fəalları, müəllim və rəhbərləri antidin ünsürlər, dinə heç bir etiqadı olmayan, dini məsələləri xurafat hesab edən şəxslər idilər.

İran və din ziyalılığı

Ölkəmizin ziyalılığı da dinlə ziddiyyət əsasında qurulub. Qacarlar dövründən İran ziyalılığının bünövrəsini qoyan şəxslər - Mirzə Mülküm xan və digərləri ümumiyyətlə, antidin adamlar idilər. Demirik ki, dinlə mübarizə aparmaq üçün kimdənsə pul alırdılar. Bəziləri belə də ola bilər, lakin indi bu haqda mühakimə yürütmürük. Onlar Avropada təhsil almışdılar. O dövrün çar Rusiyasında təhsil alanlar da vardı. Onların ümumiyyətlə, dinə etiqadları yox idi. Deyirdilər bu sözlər nədir? Ruhani nədir? Bir qrup mərdimazar və savadsız. Fikirləri belə idi. Universitetin özülü belə qoyuldu.

Universitetdə din

İnqilabın hər yerdə yaratdığı böyük hərəkət bu fikirlərin çoxunu məhv etdi. Əlbəttə, inqilabdan qabaq da universitetdə bir qrup dindar, mömin və yaxşı müəllimlər vardı. Bu, mühüm məsələdir, yadınızda qalsın: inqilabdan məsələn, iyirmi il qabaq universitetdə bir neçə dindar müəllimin nəzərə çarpmasının səbəbi bu idi ki, onlar azlıqda idilər. Mühit dinsiz olduğu üçün bir neçə nəfər bir-birini tapıb bir yerə toplaşırdılar və bu, nəzərə çarpmalarına səbəb oldu. Yoxsa onların hər biri doğrudan da görkəmli və mübariz insanlar deyildilər. Sonra böyük hərəkat başlandı və universitetdə dini mühit yarandı; o da dərin və uzunömürlü olmayan dini mühit. Çünki dinsizlik onun iliyinə işləmişdi. Məhz buna görədir ki, siz bu gün inqilabın qələbəsindən on beş il sonra hələ də universitetdə dini mühit görmürsünüz. On beş il çox müddət deyil, bəli, dinsizlik hakim ənənə də deyil. Keçmişdəki kimi deyil ki, dinsizlik hakim olsun və dindar olmaq istəyən çətinliklə üzləşsin. Bir oğlanın saqqal saxlaması, bir qızın hicab bağlaması, kiminsə namaz qılması, sinifdə pis bir hala qarşı çıxması və sair işlər üçün bir mübarizlik lazım idi. Bu gün elə deyil, amma din gözlədiyimiz kimi hakim də deyil. Cənablar bu məqama da diqqət yetirsinlər. Bu illər ərzində həm hökumətimiz dini hökumət olub, həm nazirlərimiz əksərən dindar adamlar olublar, həm də universitetdə ruhanilər fəaliyyət göstəriblər. Eyni zamanda dini ənənə, dini mədəniyyət və dini meyl dərinləşməyib. Deməli, işdə nöqsan var. Məgər bunu inkar etmək olar?! İşdə bir qüsur var. Eybi tez büdcənin azlığına yönəltmək çox asandır. Amma mənim fikrimcə, bütün nöqsanları büdcənin, dəstəyin və nə bilim nəyin azlığına bağlamaq düzgün deyil. Ruhani təbəqə bütün şəraitlərdə bir gül kimi açıb ətrafını öz rənginə boyayır. Bazarda, zavodda, idarədə, ölkə xaricində, inqilab düşməni olan repressiv bir mühitdə də bir ruhani dinsiz bir mərkəzə nüfuz edirdi. Məgər onda dəstək, pul, kabinet, telefon və xidmətçi var idi?! Ruhani mənəviyyatı ilə iş görürdü. Bu gün universitetlərlə işləyən bizlərdə o mənəviyyat görünməlidir.

Ruhaninin universitetdə vəzifəsi

İki cəhəti diqqətdə saxlamalısınız. Biri elmdir. Gərək elmi nüfuz qazanasınız və tələbə bilsin ki, siz alimsiniz. Yolu da budur ki, bilmədiyimizi danışmayaq. Bu, işi korlayır. Harada da korlamasa, universitetdə korlayır. Siz bunu universitet məsələlərində bir qədər təcrübəsi olan adamın sözü kimi qəbul edin. Universitetdə nəyisə bilməsəniz, deyin təəssüf ki, bilmirəm, gərək baxım; baxaram və sonra deyərəm. Gedib baxın və sonra ən yaxşı, ən gözəl şəkildə izah edin.

Əməldə ixlas

İkinci cəhət də dini nüfuzdur. Yəni əməldə göstərməlisiniz, dillə olmur. Bu elə məsələlərdəndir ki, dillə isbat etmək mümkün deyil. Dillə nə qədər artıq israr etsəniz, sözünü and içməklə sübut etmək istəyən insan kimi olarsınız; nə qədər çox and içsə, qarşı tərəfin etimadı bir o qədər azalar. Heç zaman dillə deməyin ki, biz Allah üçün işləyirik, biz filan edirik. Xeyr, bu sözləri kənara qoyun, əməldə göstərin ki, niyyət xalis və Allah üçündür.

Dəbdəbədən çəkinmək

Əgər bu iki cəhətə riayət olunsa, universitet sizin əlinizdə olacaq. Əlbəttə, şərtlərdən biri də budur ki, işinizdə çoxlu dəbdəbə olmasın. Şəxsi həyatınızda onsuz da belə bir şey yoxdur, məqsəd budur ki, idarəyə aid dəbdəbədən də çəkinin, işiniz çox da idarə formasında olmasın. Adı belə olsun: universitetə ezam olunmuş ruhani. Bu addan məlum olsun ki, bu, hövzədən universitetə ezam olunan şəxsdir. Belə olmasa, dəbdəbə baş alıb gedəcək: əvvəl universitet rektorunun adını çəkək, yoxsa bu ağanın; filan yerdə onun stulunu hara qoyaq, bunun stulunu hara? Əgər bu məsələlər olsa, siz bir məmurun səviyyəsinə enəcəksiniz. Hər halda, bir məmur da bəzən yaxşı iş görür, bəzən ondan razıdırlar və bəzən narazı. Bu zaman daha ruhani tərzindən çıxmış olarsınız. Bu, zərərlidir. Gərək dediyim bu iki xüsusiyyətə malik güclü ruhani olasınız. Bizim də borcumuz sizin üçün dua etməkdir və edirik də.

Allahın salamı və rəhməti olsun sizə!


 

Bəsic üzvü olan tələbə[36]

Bismillahir-Rəhmanir-Rəhim.

Bəsicin mahiyyəti

Allahın lütfü ilə mübarək Bəsic bayrağı cəmiyyətin bütün, yaxud əksər təbəqələrinin başı üzərində dalğalanır, bu müqəddəs libas saysız-hesabsız gənclərin, kişi və qadınların qamətinə biçilib və onlara əzəmət bəxş edir. Lakin bəlkə də demək olar ki, bu mübarək bayraq altında dayanmağa heç bir təbəqə tələbə gənclər qədər layiq deyil. Nə üçün? Çünki Bəsic mahiyyət etibarilə, məntiq və ağılla yanaşı olan duyğusal bir hərəkətdir. Duyğusaldır; çünki onda eşq, həvəs və fədakarlıq duyğusu digər hisslərdən daha aydın görünür. Məntiqli və əqlidir; çünki hər bir sağlam ağla görə, bir ölkənin sərhədlərini və bir xalqın heysiyyətini qoruyacaq yeganə amil xalq qüvvəsidir. Xalq qüvvəsi hətta döyüşə qatılmasa da, sayəsi hərbi qüvvələrin başı üzərində olmalıdır ki, onlar vuruşa bilsinlər. Məgər bir ölkəni və bir xalqı xalqsız müdafiə etmək olar?! Bu da Bəsicin məntiqi cəhətidir. Bu baxımdan, Bəsicin məntiqi duyğu ilə yanaşı, ağlı hisslərlə həmrəydir və bu qədər xüsusiyyəti olan hər hansı bir amil istedadlı gənclərə məxsusdur.

Bütün yaxşı cəhətlərin mərkəzi

Gənclik Allah-Taalanın insanda yaratdığı bütün yaxşı cəhətlərin mərkəzidir. Gənclik böyük nemətlərdəndir. Əbəs deyil ki, Allah-Taala qiyamət günü bir neçə suala cavab vermədən heç bir bəndənin bir addım atmasına icazə verməyəcək. Sualların biri budur ki, gəncliyini necə və harada xərclədin? Bu sual gəncliyin dəyərinə görədir. Gənclik sizin varlığınızda olan bütün yaxşı cəhətlərin cəm olduğu dövrdür. Gənclikdə yaxşılıqların zirvəsinə pərvaz edə və maddi amillər kimi, ən uca mənəvi amilləri də əldə edə bilərsiniz. Mən cürətlə deyirəm ki, bacararsınız. Belə böyük sərvəti olan gənc onun düşüncəsini, ağlını, hiss və duyğularını doyura biləcək mənbə axtarışındadır. Təbii ki, düşüncəli olsa, nəticəyə çatar. Bizim tələbə gənclərimiz belədirlər.

Bəsicin məntiqi yeri

Tələbə Bəsici yarandığı ilk gündən tamamilə məntiqli və düşüncəli olub. Əziz gənclər! Tələbə oğlan və qızlar! Bu ölkə sizindir, yaxşı, yaxud pis gələcəyi də sizdən asılıdır. Əgər idarə etmək üçün sizə xalqın, ölkənin xəstə, gücsüz və kiçik cismi təhvil verilsəydi, şübhəsiz, sıxıntı keçirərdiniz. Buna haqqınız da çatardı. Arxasında heç bir arqumenti olmayan mənfur rejim dövründə “nə üçün filankəs dövlət başçısı olmalıdır?” – deyə soruşsaydılar, göstərməyə dəlil yox idi. Yeganə dəlil bu idi ki, filankəs quldurdur, diktatordur, vurub-dağıdandır və İngiltərəyə təslim olub; buna görə də hakimiyyətə gəlməli və dövlət başçısı olmalıdır. Başqa heç bir dəlil yox idi. Ölkənin asılı və hökumətin mənfur olduğu o dövrdə insanlar çox təhqir olunurdular, mənəvi, mental, savad, məlumat və insani ideallar baxımından tamamilə yoxsul idilər. Onlarda əcnəbi güclərə qarşı çıxacaq heç bir şəxsiyyət hissi yox idi. Əgər bir gün özlərini xarici bir gücün boyunduruğundan xilas etmək istəsəydilər, gərək başqa bir xarici gücə üz tutaydılar. Onlar gücsüz, başsız və yetim insanlar kimi həmişə sığınmaq üçün bir şəxs, bir supergüc axtarırdılar. Maraqlarının yaxşı təmin olunmadığına görə özlərini ingilislərin boyunduruğundan xilas etmək istədikləri gün də Hitler Almaniyasına sığındılar. Görün necə rəzalətdir! Dörd-beş dövlət dünyanın o tərəfində bir-birilə vuruşur, müharibə aparırdılar. Dünyanın bu tərəfində bir xalqın başında duran da onlardan birini seçməyə, əlini öpməyə, ayağına düşməyə məcbur olurdu. Başqa bir dövrdə də yalnız amerikalılara baş əydikdən sonra ingilislərin əsarətindən çıxdılar. Bu, eyib deyil?! Belə bir ölkədə, dövlətdə, belə bir hakimiyyət altında insan həqarət hissi keçirir və heç bir fəxr duymur. Belə dövlətlərin gənclərə təhvil verdiyi məmləkət xəstə, uğursuz, məğlub və təhqir olunmuş bir məmləkət olur.

Qüdrətli İran

Amma bu gün iranlı gənc elə bir ölkədə yaşayır ki, dünyanın böyük güclərindən - siyasi güclərdən, nəhəng transmilli kompaniyalardan, kartel və trestlərdən, həmçinin hərbi güclərdən heç biri onu ən kiçik təhdid belə edə bilmir. Siz elə cəsarətli xalq arasında yaşayırsınız ki, çox məşəqqətli, lakin şərəfli və dəyərli bir sınaqda özünü müdafiə etməyi bacardı. Sizin çoxunuz müharibədə olmuş və onu bütün vücudunuzla dərk etmisiniz. Amma bəlkə də aranızda o zaman uşaq olanlar da var. Bu günün gənc nəsli və ölkənin gələcək nəsilləri heç zaman unutmamalıdırlar ki, bir zaman səkkizillik bir təcrübədə, ozamankı dünyanın bütün böyük güclərinin ittifaqı qarşısında möhkəm dayanan, müqavimət göstərən və onları nakam qoyan xalq və ailələrdə yaşayırlar. Bu, çox böyük və şərəfli bir məsələdir.

Böyük amallar

Siz bu gün belə bir xalqın və ölkənin, özlərini xalqdan ayırmayan, xalqdan olmalarıyla fəxr edən və xalqa daha artıq yaxınlaşmağa çalışan məmurların arasında yaşayırsınız; özü də bəşərin xilası, ölkənin tam xoşbəxtliyi kimi böyük amallarla. Elə xoşbəxtlik ki, hər bir insan özünün dünya və axirət səadətini təmin edə bilsin, hər bir istedadlı və düşüncəli insan üçün ideal həyat imkanı mövcud olsun. Siz belə bir ölkədə, belə bir cəmiyyətdə yaşayır, nəfəs alırsınız.

Gəncin ən əsas vəzifəsi

İnşallah təhsil dövrünü bitirdiyiniz və belə bir müqəddəs quruluşda xidmətə hazır olduğunuz gün belə bir ölkəni təhvil alacaqsınız. İndi görək tələbəlik və təhsil dövrünü yaşayan, yaxud başqa bir işlə məşğul olan gəncin ən əsas vəzifələrindən biri nədir? Mənim fikrimcə, ən əsas vəzifələrdən biri özündə bu ölkə və onun amalları qarşısında müdafiə ruhiyyəsini, məsuliyyət və vəzifə hissini canlandırmaqdır.

Bəsicin mənası

Sizin üçün Bəsicin mənası budur. Həmişə bu ölkəni müdafiə etməyə hazır olun. Ola bilsin bu xalq üçün uzun illər heç bir hərbi təcrübə qarşıya çıxmasın. Bu ehtimal güclüdür. Çətin ki, düşmən keçmişdəki acı uğursuzluqlarını yenidən təkrarlamağa cürət göstərsin. Prinsipcə, heç bir düşmən buna cürət etməz. Amma siz gərək hazır olasınız. Bəsic - yəni hazırlıq, hər zaman vəzifə hissi keçirmək, insandan iş tələb olunan bütün sahələrdə hazır olmaq. Bu işdə qadın və kişi arasında heç bir fərq yoxdur. Bəli, iş və bacarıqlar müxtəlif ola bilər, amma məsuliyyət və vəzifə birdir; bir gün universitetdə, bir gün cəbhədə, bir gün küçədə, bir gün iş yerində, bir gün bəlkə də xaricdən hücum edən düşmən qarşısında, bir gün xalqın ruhiyyəsini sarsıtmaq istəyənlər qarşısında, bir gün düşmənin beşinci kolonu qarşısında - hər gün bir sahədə.

Haqq dövləti

Xoş sizin halınıza! Xoş sizin halınıza ki, öz gəncliyinizi İslamın sayəsi altında və uca amallarla keçirirsiniz. Xoş sizin halınıza! Hüseyn ibn Əli (ə) Ərəfə duasında Allahın böyük nemətlərindən biri üçün belə şükür edir: "İlahi, Sənə şükür edirəm ki, məni batil dövlətdə deyil, haqq dövlətində dünyaya gətirdin”. Siz də beləsiniz. Sizdə olan bu üstünlük bizdə yoxdur. Siz haqq dövləti sayəsində yaşayırsınız. Gənclik dövrünüzü və həyatınızın ən yaxşı çağını İslamın sayəsi və Quranın bayrağı altında yaşayırsınız və bu baxımdan, ağanız Hüseyn ibn Əli (ə) kimisiniz. Bu nemətlər üçün şükür edin, onları uca tutun, qənimət sayın, onların şükrünü yerinə yetirin, imkanlarınızdan Allah üçün, Onun yolunda, bu ölkə və onun uca amalları uğrunda istifadə edin. Allah da bu yolda sizə kömək göstərəcək. Hamınıza uğurlar arzulayıram.

Allahın salamı və rəhməti olsun sizə!


Casus yuvasının tutulması və hegemonizmlə mübarizə[37]

Bismillahir-Rəhmanir-Rəhim.

Əvvəldə lazım bilirəm ki, bu ölkənin və bu xalqın ümidi və ehtiyatı sayılan siz əziz gənclərə xoşgəldin deyim. Bu günlərin gənc təbəqəsi ilə, xüsusən də tələbə olan, elm və təhsillə məşğul olan gənclərlə xüsusi əlaqəsi var. Əslində, bu münasibət - hegemonizmlə mübarizə günü müxtəlif cəhətlərdən bizim gənclərlə və siz əzizlərlə əlaqədardır.

Bu gün mən hegemonizmlə mübarizə məsələsi barədə bir sözü çatdırmaq istəyirəm. Məsələnin məğzi nədən ibarətdir? Bu hadisənin kökü haraya qayıdır?

Doğrudur ki, amerikalıların İrandakı casus yuvasının tutulması o gün tələbə gənclər vasitəsilə baş tutdu. Lakin bu gün gənc tələbə və şagird olan, səhnədə dayanan, ümidləri doğruldan və gözlərimizi işıqlandıran bu nəsil bu hadisə barədə nə bilir, nə qədər məlumatlıdır? Natiqlər, yazıçılar, ilahi siyasət səhnəsində məsuliyyət qəbul etmiş şəxslər bu məsələni bizim bu gün inkişaf etməkdə olan nəslə nə qədər izah ediblər?

İnqilabın ən uzunömürlü dinləyiciləri

Bir məsələ budur və mən bu barədə qısaca danışmaq istəyirəm; əsasən də bu hadisənin baş verdiyi 15 il bundan əvvəl, yəni 1979-cu ildə bir körpə uşaq, yaxud yeniyetmə olan gənclər üçün. Sizin bəziləriniz, bizim əziz şagirdlərimiz o zaman dünyaya gəlməmişdilər. Bundan sonra isə inqilabın və bizim kimi inqilab xidmətçilərinin ən uzunömürlü dinləyiciləri olan sizlərə daha mühüm bir sözü çatdırmaq istəyirəm.

On altı il ABŞ əleyhinə mübarizə

Bəllidir ki, bu mübarizə 1963-cü ildən kütləvi forma aldı. Əvvəllər də vardı, lakin kiçik və qrup formasında; tələbə, ziyalı, yaxud ruhani təbəqəsi ilə məhdudlaşırdı. Lakin 1963-cü ildən böyük alimlərin hamısının, ən başda Böyük İmamın rəhbərliyi ilə ümumi mübarizə başlandı. 1963-cü ildən 1979-cu ilə qədər on altı il bu mübarizə davam etdi və qələbə ilə nəticələndi. Mənim əzizlərim! Bu onaltıillik mübarizə əslində, ABŞ əleyhinə mübarizə idi. Çünki şahı amerikalılar hakimiyyətə gətirmişdilər və 1953-cü ildən müdafiə edirdilər. Onlar bu ölkədə tam ixtiyar sahibi idilər. Onlar şahı taxta çıxarmışdılar, arxasında dururdular və o da xalqı qətliam edə bilirdi; kütləvi şəkildə həbsxanalarda işgəncə altında saxlayırdı, 15 xordad və 17 şəhrivər kimi hadisələrdə kütləvi surətdə qırırdı, Feyziyyə mədrəsəsində və universitetlərdə tələbələrin canına düşürdü. Bizim xalqımız bütün bu böyük günahları ABŞ-ın işi sayır və ortada onun barmağının olduğunu bilirdi.

ABŞ-ın ölkəmiz daxilində iki fəaliyyət kanalı vardı. Biri amerikalılardan ibarət idi: orduya və hərbi mütəxəssislərə sərmayə qoymaq, nüfuz etmək, həmçinin ABŞ-ın pulları, siyasəti və səfirliyi. Başqa bir kanal da sionist kanalları idi. O vaxt sionistlər xalqın qorxusundan İranda rəsmi səfirlik açmağa cürət etməsələr də, onlara məxsus mərkəzlər var idi. Onlar da öz əlaltıları, adamları, siyasətçi və tacirləri ilə işləyirdilər. İranın siyasi, iqtisadi və hərbi sahələri amerikalıların əlində idi. Xalq bunu başa düşürdü. İmam 1962-63-cü illərdən bu məsələni açıq-aşkar deməyə başladı.

ABŞ əleyhinə inqilab

Deməli, 1979-cu ildə mübarizə qələbə çalanda əslində, bir antiamerika inqilabı baş verdi. Doğrudurmu?! İndi sizcə, xalqın və inqilabçıların bu ölkədə ABŞ adamlarına nə etməyə haqları çatırdı?! Çox işlər görə bilərdilər. Əgər etsəydilər də, kimsə onları məzəmmət edə bilməzdi. Çünki on altı il amerikalılarla mübarizə aparmışdılar, döyülmüşdülər. Heç kəs deyə bilməzdi ki, siz nə üçün amerikalılarla belə edirsiniz.

Eyni zamanda, inqilab qələbə çalandan sonra onun aparıcı şəxsləri və Böyük İmamın özü amerikalılara qarşı maksimum güzəştə getdilər; səfirlikləri öz yerində qaldı, işçiləri fəaliyyətlərini davam etdirdilər.

Casus yuvası

Onların bir neçəsini inqilabın ilk günlərində aktiv gənclər tutdular və imamın yerləşdiyi Rifah mədrəsəsinə gətirdilər. Sonra imam məsul şəxslərə xəbər yolladı ki, heç kim onları incitməsin; heç kəs də incitmədi və bir-bir buraxdılar. Əvvəl bir qrupu ölkədən çıxdı və sonra da buradakı səfirlikləri fəaliyyətini davam etdirdi.

Bu inqilabın, bu şərəfli xalqın və o böyük, bağışlayan imamın amerikalılarla rəftarı belə idi. Halbuki dediyim kimi, əgər xalq, fəal inqilabçılar, qüdrət və əzəmət tərənnümü olan imamın özü onlar barədə hər hansı bir qərar versəydi, dünyada heç kəs məzəmmət etməzdi və edə bilməzdi. Amma bunu etmədilər. Digər tərəfdən, amerikalılar nə etdilər? Böyük İmamın və xalqın bu lütfkarlığını, alicənablığını dəyərləndirmək və adekvat şəkildə cavablandrmaq əvəzinə kəskin düşmənliyə başladılar. Sonralar haqlı olaraq casus yuvası adlandırılan bu səfirlik inqilab düşmənlərinin koordinasiya mərkəzinə çevrildi. Onlar davamlı olaraq oraya gedir, əmr alıb çıxır, inqilab və İslam quruluşu əleyhinə işlər görürdülər. Senatda inqilab əleyhinə qərar qəbul etdilər, bütün dünyada İslam Respublikası, inqilab və xalq əleyhinə çox kəskin və ədavətli təbliğat başladı.

İran xalqının ABŞ-dan tələbi

Məgər bu xalq nə günah işlətmişdi?! Nə üçün ABŞ rejimi bu qədər düşmənlik edirdi? Amerikalıların bu suala cavabları yox idi və heç zaman da olmayacaq.

İrandan qaçan Məhəmmədrzanı ABŞ-da qəbul etdilər, ona bir qonaq kimi sığınacaq verdilər. Məhəmmədrzanın əlində olan sərvət milyardlarla dollar həcmində idi. Bütün dünyada qəbul olunub ki, bir rejimin zirvəsi devrildikdə əslində, xalqın və dövlətin olan “şəxsi” sərvəti dövlətə qaytarılır. Bu, dünyanın hər yerində qanundur. Müxtəlif hadisələr zamanı qəzetləri oxumuşsunuzsa, bilirsiniz ki, hər yerdə belə ediblər. Heç yerdə görünməyib ki, Məhəmmədrzanın və Amerikaya qaçmış digər şəxslərin hesablarında olan xalqa məxsus sərvəti saxlasınlar. Onun bir rialını da İran xalqına vermədilər, hamısını saxladılar, hələ də onlardadır. Bu milyardlarla dolları ABŞ rejimi hələ də İran xalqına borcludur.

ABŞ üslubu

O zaman İran rejiminin aldığı və pulunu dövlət büdcəsindən verdiyi məhsulları da göndərməli idilər. Xalqın onlara ehtiyacı vardı, amma öz anbarlarında saxladılar, hələ də saxlayırlar. ABŞ-da olan İran pulları qaytarılmadı. Nə üçün? İslam Respublikası quruluşunu pulsuz qoyub devirmək ümidilə. Amerika rejimi İslam inqilabının qələbəsindən sonra əvvəlki üslubunu, kin və düşmənçiliyini davam etdirdi. Belə bir şəraitdə səfirlik hadisəsi baş verdi.

İslam Respublikası o zaman heç bir supergücün təsiri altında deyildi. Bütün böyük güclər ondan acıqlı idilər, özünü tam müstəqil saxlamışdı. Buna görə də, səhnədə hazır olan çox cəsarətli və qoçaq tələbə təbəqəsi vasitəsilə bir hərəkat yarandı; gedib səfirliyi tutdular.

Təxribat qarşısında sükut?!

Bu iş ondan ötrü idi ki, ABŞ rejimi bu inqilabın zarafat götürmədiyini bilsin. Bu inqilab, bu xalq və bu ölkə oturub dünyanın o tərəfində kiminsə ona qarşı pərişan yuxu görməsini, təxribat hazırlamasını gözləyən, əlini əlinin üstünə qoyub sakit duran deyil.

İnqilab qətiyyətinin tərənnümü

Haqlı olaraq casus yuvası adlandırılan ABŞ səfirliyinə qarşı bu hərəkət əslində inqilabın və xalqın qətiyyətinin tərənnümü idi. Göstərdi ki, bu xalq hətta ABŞ kimi bir iddialı, məğrur və hegemon güc qarşısında da axıra qədər dayanıb.

Amerikalıların adəti budur ki, həmişə öz problemlərini bütün dünyanın, habelə Avropanın problemi hesab edirlər. Halbuki onların problemi özlərinə məxsusdur. İran və ABŞ arasında düşmən münasibətlər ABŞ-a məxsusdur. Onu başqa ölkələrə, Avropaya və digər yerlərə çəkib deyə bilməzlər ki, bunlar hamıya müxalifdirlər. Xeyr, İran xalqı hamıya müxalif deyil. Onlar göstərmək istəyirdilər ki, İran xalqı və dövləti ümumiyyətlə, məntiqli söz başa düşmür, hamı ilə pis münasibətdədir. Xeyr, dünyada hamı ilə pis münasibətdə olan, hamıya qarşı təxribat aparan bir rejim varsa, o da Amerikadır. Bu söz ona yaraşır. Haraya ayaq qoyursa, kobudluqla, təkəbbürlə, artıq gözləntilərlə və həyasızlıqladır. Bu söz bizə yaraşmır; nə İslam Respublikası quruluşuna, nə də xalqa. Xeyr, biz hamı ilə deyil, təkcə ABŞ-la pis münasibətdəyik və bunun səbəbləri var.

İnqilabın daimi əleyhdarı

ABŞ həmişə inqilabın əleyhdarı və keçmiş rejimin himayədarı olub. Bütün zərbələr onun tərəfindən gəlib. Bir hegemon dövlətin başqa bir ölkəyə ən pis müdaxiləsini həyata keçirib, müqəddəslərimizi ələ salıb və s. Bundan əlavə, inqilabdan sonra xalqın nəcibliyi və imamın alicənablığı qarşısında da bəlli tərzdə rəftar etdilər. İndi nə gözləyirlər? İran xalqından nəvaziş gözləyirlər?

Ürəkdən gələn şüar

ABŞ-a ölüm şüarını İran xalqına heç kəs öyrətməyib, insanların qəlbinin dərinliyindən gəlib. İndi də ətrafda bir neçə nəfər peyda olub soruşur ki, nə üçün? Yaxşı, siz bu sualı nəyə görə öz yerində işlətmirsiniz? Nə üçün soruşmursunuz ki, İran xalqı müstəqil olmaq istədiyinə görə nə üçün ABŞ rejimi onunla bu qədər düşmənçilik edib və indi də edir?! İnqilabın əvvəllərinə aid olan məsələləri də dedim. O gündən bu saata qədər ABŞ rejimi İran xalqı, inqilab, İslam Respublikası və onun vəzifəli şəxsləri əleyhinə daim təxribat aparıb. Amerikanın qabaqkı hökumətlərinin birinin başçısı da həyasızcasına dedi ki, İran xalqı məhv olmalıdır.

İnsan bu sözü demək üçün nə qədər axmaq olmalıdır. Amma dedilər. Bu, düşmənçilik və ədavətin çoxluğundandır. Bu nifrət onların söz və simalarında görünür. İndi də dəllallıqla məşğuldurlar. Dünyanın o tərəf-bu tərəfinə, Yaponiyaya, Çinə və digər yerlərə gedib deyirlər ki, İranla əlaqələri kəsin.

Dərin və qədim tarix

Sizə nə?! Siz dünyanın nəyisiniz?! İran böyük bir ölkədir, elə dərin və qədim tarixi var ki, ABŞ kimi ölkələr onda itib-batarlar. Məgər İran xalqı və bu zəngin mədəniyyət zarafatdır?! Bu xalqın mədəniyyəti əsrlər boyu formalaşıb möhkəmlənən almaz zərrələri kimi xalqın hər bir fərdində tərənnüm olunur. Məgər İran xalqını əhəmiyyətsiz saymaq olar?!

Xalqın seçimi

İran xalqı İslamı seçib. İslamı heç kim İran xalqına məcburən sırımayıb. Bu xalq İslam hökumətini, İslam Respublikası quruluşunu, öz həyat və mübarizə yolunu, bugünkü azad şəraiti, böyük güclərdən müstəqillik yolunu seçib. Məgər bu gün İranda kimsə hansısa qlobal güc və cinaha bağlılıqdan danışmağa cürət edə bilər?! Bu xalq onun cavabını verər. Xalq azad və müstəqildir.

Azadlıq və istiqlaliyyətin səmərəsi



Geri   İrəli
Go to TOP