A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: VİLAYƏT BAĞÇASI (birinci cild)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bizim tələbə yetişdirən iki orqanımız var: Biri dini məfhumlara və onun təbliğinə aid elmlərə, dini mövzularda yeniliyə, həyatda aktual və yeni məsələləri anlamağa aiddir. Bu, hövzədir. Onun işi dini məsələləri araşdırmaq, yalnız mehrabın küncünə, yaxud evin bir tərəfinə yox, əslində həyatın bütün sahələrinə dair Allahın hökmlərini öyrənməkdən ibarətdir. Bu qrup bunu öyrənməli, yeni hökmləri araşdırmalı, əlavə qatqıları təmizləməli və onu münasib dillə hər bir cəmiyyətdə və hər bir zamanda hər bir tərəf-müqabilə ən gözəl şəkildə çatdırmalıdır. Bu, hövzə orqanının vəzifəsidir və adı elm hövzəsidir.

Universitetin missiyası

Başqa bir tələbə orqanı da var. Bu tələbə orqanı dinə bağlı məsələləri çıxmaq şərtilə, xalqın digər işlərinin idarəsi ilə əlaqədardır. Xalqın gəliri, qazancı, evi, yolu, bədəni, müxtəlif iş və məsələləri var. Xalqın həyatına dair işlərdə də tədqiqat lazımdır. Xalqın həyatını yaxşılaşdırmaq və sahmana salmaq üçün müxtəlif elmlər, növbənöv bilgilər var. Bu orqan da belə elmləri öyrənməklə məşğuldur. Bunları öyrənib mütəxəssis və nəzər sahibi olur, uyğun araşdırma aparır, cəmiyyətdə icra etməyə hazırlayır; dünyanın yeni tədqiqatlarını öyrənir və öz növbəsində yeniliklər edib bəşəriyyətə təqdim edir. Bu da başqa bir tələbə orqanıdır.

Din və dünyanın yaxşılaşması

Əgər bu tələbə orqanlarının hər ikisi yaxşı işləsə, qarşılıqlı dostluq münasibətində olsa, biri o birini özündən bilsə, nəticədə bu cəmiyyətin həm dini yaxşılaşar, həm də dünyası. Bunlar xalqın həyatını düzgün istiqamətləndirər, asanlaşdırarlar, xalqın fikrini, zehnini və ruhunu çirkinliklərdən, yanlışlıqlardan elə təmizləyərlər ki, haraya hərəkət etməli olduğunu bilər.

Xoşbəxtlik

Bizim istifadə edib işə başlamağımız üçün bir vasitə, necə hərəkət edəcəyimizi bilmək üçün bir baxış lazımdır: haradan, hansı tərəfdən, haraya, hansı yolla və hansı məqsədlə? Bunların hər ikisi insanların həyatı üçün lazımdır: biri dünyadır, biri axirət. Əgər bunların hər ikisi olsa, dünya və axirət səadəti hasil olar; yəni insanın həm dünyası, həm də axirəti olar, nəticədə xoşbəxt bir həyat alınar: səadətli və peyğəmbərlərin istədiyi bir həyat. Məhz buna görə Peyğəmbərimiz din gətirdi, istiqaməti göstərdi, mənəviyyata arxalandı, lakin davamlı olaraq insanlara maddi vasitələr də verdi. Bəzi məsələləri, elmi, həyat elmini, həyatın idarəsinə aid bilgiləri özü birbaşa xalqa öyrətdi. Bəzən də iş mürəkkəb olduqda və ixtisasa ehtiyac yarandıqda əmr edirdi ki, gedib elm öyrənsinlər, məlumat toplasınlar.

Kəşf yolu

Quranda və əziz Peyğəmbərin sünnəsində kəşf etmək, görmək və tapmaq yolu öyrədilmişdir. Siz görürsünüz ki, erkən İslam cəmiyyətlərində bunların hər birinin bir zirvəsi və əzəməti var. Dünyəvi baxımdan da İslamın sayəsində bəşər elminin zirvəsində dururlar. Qərblilər bu gün bunu inkar etməli deyillər. Müsəlman xalqların tarixi inkarolunmazdır. Əgər bunların hər ikisi, yəni dünya və axirət birgə əldə edilsə, dediyimiz olar, amma hər hansı biri olmasa, nöqsan yaranar.

Elm və görüş

Bu gün Qərb mədəniyyətinin yetişdirdiyi quruluşlarda - istər Qərb coğrafiyası daxilində, istərsə dünyanın digər yerlərində məişət avadanlıqları və texnika baxımından o qədər inkişaf ediblər ki, səma ulduzlarına çatıblar. Bu, elmi baxımdan, insafla desək, fövqəladə əhəmiyyətə malikdir. Bunu inkar etmək olmaz. Təsəvvür edin, kosmosa gedib orada teleskop cihazını təmir edirlər. Bu, bəşər üçün böyük inkişafdır. Lakin həyatın istiqaməti baxımından insanın ehtiyaclı olduğu baxış olmadıqda bu texnikalar ümumiyyətlə, bəşərə lazım deyil, hətta zərərlidir də. Bugünkü insan bu baxımdan geri qalıb, əli boşdur, dünyada mənəviyyat, düzgün yol yoxdur. Məhz buna görə də, dünya zülmlə dolub. Əfsuslar olsun ki, bəziləri belə aydın məsələni anlamırlar. Məgər bu dünya bəşərin deyil?! Məgər bu elm və tərəqqi insanın istifadəsi üçün deyil?! Dünyada insanların əksəriyyətinin günbəgün daha bədbəxt olması, bir qrupun insana məxsus olan həmin mütərəqqi elmi texnikalarla sıxıntı yaratması insaniyyətin bir qanadının qırılıb düşdüyünü anlamağa bəs edir.

Mənəviyyat qanadı

Bu, mənəviyyat qanadıdır. Əgər biz də öz cəmiyyətimizdə mənəvi cəhəti görməzdən gəlsək, yaxud sıradan çıxarmağa çalışsaq, belə olacaq. Qərb mədəniyyətinin təbii və bəşərin ümumi həyatına lazım olan formada yox, nağıl formasında və planlı şəkildə ölkəyə gəldiyi vaxtdan, yəni Nasirəddin şahın hökmranlığının sonlarından dinlə mübarizə və dini təcrid etmək üçün səylər başlandı. Düzdür, bəziləri bunun Rza xanın dövründən başlandığını deyir və Qacar şahlarına aid etmirlər. Amma bu, bir həqiqətdir. Hər halda, əgər din alimlərini, dini təcrid etmək, xəbis məqsədlərdən ötrü qüvvələrin səfərbərliyinə başlansa, cəmiyyət məişət əşyaları baxımından inkişaf edəcək, lakin onun mənəviyyat cəhəti olmayacaq və yarımçıq qalacaq.

Biri var ki, bir cəmiyyət məişət texnikalarına aid elmlər baxımından inkişaf edir; məsələn, Qərb cəmiyyətləri belədir. Amma biri də var ki, bu baxımdan da inkişaf etmir; Qərbə tabe olan cəmiyyətlərin çoxu belədir. Onlar mənəviyyatı atdılar, ancaq maddiyatı da əldə edə bilmədilər. Pəhləvilər dövründə bizim vəziyyətimiz belə idi; mənəviyyatdan uzaqlaşdıq, maddiyyatı da modern, yeni, elmi və həqiqi formasında ölkəmizə daxil edə bilmədik. Yəni həm dünya, həm axirət baxımından ziyana uğradıq.

Dünyadan üz çevirməyin məzəmmət olunması

Məsələnin o biri tərəfi də belədir. Yəni əgər bir cəmiyyət yalnız mənəvi cəhətlərə baxsa və elmdən xəbərsiz olsa, elmi tərəqqi, kəşf və yeniliklərdən, vətən övladlarının təhsilindən, həyatı bu gün dünyanın tələb etdiyi və ehtiyaclı olduğu asanlıqla və sürətlə bəşərin ehtiyaclarına uyğun şəklə salacaq kadr yetişdirməkdən məhrum olsa, yenə də başqa bir qanadı sınmış olar. Elə bilməyin ki, İslam hər bir şeyin mənəvi məsələlərdə inhisarının tərəfdarıdır və maddiyyata diqqət yetirmir. Xeyr! Bu fikir birincisi qədər böyük səhvdir. İslam çox aydın şəkildə dünyadan və həyatdan üz çevirməyi rədd etmişdir.

Əmirəlmömininin Nəhcül-bəlağədəki sözlərində bunu müşahidə edirsiniz. Nəhcül-bəlağə zahidlik kitabıdır, amma eyni zamanda öz axirətini düzəltmək adı ilə dünya həyatını buraxan insana fəryad qoparır. İslam belə deyil.

Birgə olmaq

Deməli, bunların hər ikisi, amma yanaşı olmalıdırlar. Bu iki tələbə qurumu gərək hər iki işi görsünlər. Amma həm yaxşı işləsinlər, həm də bir-birinə qarşı normal münasibətləri olsun, bir-birini rədd etməsinlər. Müstəmləkəçilər və bu ölkəyə siyasi, mədəni, iqtisadi və digər cəhətlərdən hakim olmaq istəyən şəxslər dini universitet mühitindən çıxardılar. Müstəmləkənin həyata keçməsi üçün bu, vacib idi. Onlar din adamlarını, din alimlərini sıradan çıxardılar. Tam məhv etmədilərsə də, cansız simalara çevirdilər. Bu, dediyim dövrdən, yəni təxminən yüz əlli il öncədən, Nasirəddin şahın hakimiyyətinin sonlarından başlandı. Din alimləri olsun, nə vaxtsa onlardan istifadə edilə bilər, lakin din aliminin ruhu və mənası qalmamalıdır. Onlar bunu istəyirdilər.

Düşmənin arzusu

Rza xan gəlib hegemonluq və ağılsızlıq etdi. O, bu amili cəmiyyət səviyyəsində, xüsusən də elmi mühitlərdə zahirən də sıradan çıxarmaq istədi. Niyyəti bu idi. Buna görə də, din bizim universitetlərdə yad bir amilə çevrildi. Bizim universitetimizi belə açdılar. Nə üçün? Məqsəd çox aydın idi. Çünki universitetdə din olmasa, bu mühitdə yetişənlər və gələcəkdə həyatın öncülləri olanlar dinsiz olacaq, cəmiyyəti asanlıqla dinsizliyə tərəf aparacaqlar. Məqsədləri bu idi və insafla desək, uzun bir zaman kəsiyində müvəffəq oldular. Universiteti dinə yadlaşdırdılar, yad mühitə çevirdilər.

Əlbəttə, universiteti dindar insanlardan tam təmizləyə bilmədilər. Bu, aydındır. Hər halda, bu məmləkətin universitetə gəlmiş gəncləri dindar ailələrin uşaqları idilər. Bir qisim dindən çıxır, yaxud dinə soyuq yanaşırdı, amma bir qisim də dindar qalırdı. O zaman da belələri vardı. Yəni bu o demək deyil ki, universitetdə dindar adam yox idi. Dindarlar vardı, amma universitetdə qərib idilər; öz din və hicablarını qorumaq istəyən qızlar müsəlman bir ölkənin universitetlərində qərib idilər. Dindar oğlan da qərib idi, dindar müəllim də. Universitetin ümumi ab-havası onlara heç bir kömək göstərmir, hətta bir çox yerlərdə çətinlik yaradırdı. Dinsiz və laqeyd tələbə və müəllimlər üçün isə münbit şərait vardı.

Vəhdətin səmərəsi

Bu yol yanlış idi. Böyük İmam bununla mübarizə aparmaq üçün hövzə və universitetin birliyi şüarını irəli sürdü. Hövzə və universitetin birliyinin mənası buradan anlaşılır: ümumi məqsədlərdə vəhdət, xalqı və ölkəni inkişaf etdirmək üçün vəhdət, bir-birinə toxunmadan yanaşı hərəkətdə olan iki paralel xəttin vəhdəti. Yəni hər ikisi öz işlərini görsünlər, amma bir məqsəddən ötrü. Bu məqsəd xalqı və ölkəni qurmaq, təkmilləşdirməkdir. Belə hərəkət etmək lazımdır.

Müəllimlərin sağlamlığı

Universitetdə antidin maraqlar hələ də az deyil. Demirəm tələbələrin arasında çoxdur; tələbələr bu xalqın və inqilabın övladlarıdır. Bu gün universitetlərdə təhsil alanlar inqilabın yetişdirdiyi uşaqlardır. Əgər onların etiqadlarında bir nöqsan olsa da, bizim təqsirimizdir, dini onlara öyrətməli olan şəxslərin təqsiridir.

Universitetdə tələbənin etiqad, əməl və dini baxış baxımından heç bir problemi yoxdur, amma hələ də bəzi məsul şəxslərin və müəllimlərin dini və inqilabi maraqlarla problemləri var. Bunlar universitetə təsir buraxa bilməməlidirlər. Bunlar universiteti öz yanlış fikir və hisslərinin təsiri altına sala bilməməlidirlər. Bu məsələ bizim bədbəxtliyimizə, əcnəbilərin istismarına səbəb olar, xalqın həyatının yarımçıq qalmasına gətirib çıxarar.

Mənəvi mühit

Universitetdə dini mühit olmalı, dindarlar hiss etməlidirlər ki, ümumi ab-hava onlara kömək edir. Əlbəttə, dindarlıq, din, mənəviyyat, əxlaq və mənəviyyatın digər şaxələri inqilabi duyğulardır. Bu gün kimsə özünün dindar olduğunu deyib, din əsasında həyata keçmiş inqilaba qarşı ola bilməz. Əlbəttə, xüsusi üslubları demirəm. Din və mənəviyyat adamı olduqdan sonra bütün üslublar bu mühitdə yaşaya bilməlidir. Biri o birisinə təzyiq göstərməməlidir ki, sən mütləq mənim düşündüyüm kimi düşünməlisən. Buna görə də, tələbə birlikləri qalmalı, hər biri öz işlərini görməlidir. Hamı işləsin və həm də yaxşı işləsin. Xüsusən möhtərəm ruhanilərin universitetlərdə çalışması hesabına bu mənəviyyat və ruhanilik cəhəti daha da güclənəcək.

Hövzə, din və xalq

Bu sözlərin hamısı hövzəyə də aiddir. Mənim hövzə barədə sözlərim var və demişəm. Lakin burada əsasən, universitet mənsubları olduğundan daha çox universitetdən danışdım. Hövzə məsələləri də belədir. Hövzənin özünü təkmilləşdirməyə ehtiyacı var. Elm hövzələrinin zirvəsi olaraq Qum Elm Hövzəsi və onun ardınca digər elm hövzələri elə etməlidirlər ki, Allahın dini xalq tərəfindən rəğbətlə və həvəslə qarşılansın. Dini xalqa Allahın istədiyi kimi təqdim etmək lazımdır. Bunun da tədqiqata, yeniliyə, aydınlığa, dünyadan xəbərdar olmağa, dünya istəklərindən uzaqlaşmağa ehtiyacı var; hamıda olmasa da, ən azı böyük hissədə və ən azı vəzifəli şəxslərdə. Görürsünüz ki, təqlid müctəhidliyi üçün İslamda nə qədər çətin şərtlər nəzərdə tutulur: nəfsini saxlamaq, dinini qorumaq, nəfsinə qarşı çıxmaq, Allahın əmrinə itaət etmək və sair.

Layiqli insanlar yetişdirmək

Və gördük ki, belə xüsusiyyətlərə malik olan bir təqlid müctəhidi - mərhum Ayətullah Gülpayiqani mənim tanıdığıma və bildiyimə görə, həqiqətən, bu xüsusiyyətlərə malik idi - dünyadan köçəndə xalqın ürəyində böyük kədər yarandı. Bu, İran xalqının duyğu və imanının nə olduğunu, həmçinin düşmənlərin təbliğatının işə yaramadığını göstərdi.

Hövzədə belə uca insanlar çox yetişməlidir. Hamı yuxarı yaşa çatmır, hamı təqlid müctəhidi olmur. Amma yaxşı insanlar hər bir dərəcədə layiqli, faydalı və təsirlidir; bu şərtlə ki, bunların hər ikisi birgə çalışsın, bir-birləri ilə təmasda olsunlar, bir-birinin elmi təcrübələrindən bəhrələnsinlər. Mən bunu görüş və çıxışlarda dəfələrlə demişəm.

Cəmiyyətə örnək

Mənim demək istədiyim budur ki, bunların hər ikisi bir məqsədə xidmət göstərməlidir və o da xalqın həyatının təkmilləşdirilməsidir: ideal hövzə, ideal universitet və onların bir-biri ilə harmoniyası. O zaman xalq müstəqil və cəmiyyətimiz örnək olacaq.

Ümidvarıq ki, Allah-Taala sizin qəlblərinizi iman və mərifət nuru ilə işıqlandırsın! Sizi Allahın köməyi və dövrün imamının xüsusi diqqəti ilə dəstəkləsin, bu işi layiqli şəkildə, Allahın istədiyi kimi davam etdirəsiniz.

Allahın salamı və rəhməti olsun sizə!


Ruhani və universitet[32]

Bismillahir-Rəhmanir-Rəhim.

Möhtərəm qonaqlara təşəkkürümü bildirirəm. Ümidvarıq ki, Allah-Taala ölkənin yeni nəsli, onun dindarlığı və mənəvi paklığı ilə bağlı bu mühüm işinizi ən gözəl şəkildə icra etmək üçün sizə müvəffəqiyyət versin!

Universitetin təvəllüdü

Mən ölkə universitetləri ilə əlaqədar məsuliyyəti qəbul etdiklərinə görə bütün cənablara təşəkkür edirəm. Həqiqət budur ki, İran universitetləri bu ölkədə dindən xəbər-ətər olmayan bir zamanda doğuldu. Nəinki heç kəs dindar deyildi, məscidlərdə, dini çevrələrdə, dini məktəblərdə və alimlərin evlərində din hakim idi, lakin ölkənin, universitetin əsas hissəsində əsla hakim deyildi. Ümumi ölkədə də dinlə mübarizə aparılırdı. Tələbələr bizim öz uşaqlarımız, yəni müsəlman balaları, müəllimlərin və universitet rəhbərlərinin çoxu da müsəlman olsalar da, universitetin ümumi vəziyyətinə təsir göstərə bilmirdilər. Universitetin vəziyyəti əsasının qoyulduğu kimi idi. Bu gün o vəziyyət İslam görkəmi ilə əvəzlənməlidir. Bu, qəti bir məsələdir.

Dini bilgi

Biz bir neçə il bundan əvvəl universitetdə dedik ki, xüsusi səbəbi olan istisnaları çıxmaq şərtilə təhsil üçün elm hövzələrinə gedən tələbə bir neçə ildən sonra tamamilə dinə bağlı bir adam olduğu kimi, universitetə gedənlər də belə olsun. Yəni bizim universitetlərimiz gərək fundamental olaraq elə yenilənsin ki, oraya daxil olan şəxsin dinə və məzhəbə qarşı təslimçiliyi, ciddiliyi və bilgisi möhkəmlənsin və universiteti bitirəndə dinə tam bağlı bir insan olsun. Fərqi yoxdur ki, o insan həkim olsun, psixoloq olsun, sosioloq olsun, yaxud mühəndislikdə və mühasibatda təhsil almış olsun. Əsl İslam cəmiyyətinin universiteti belə olmalıdır.

Son məqsəd

Lakin bu məqsədi necə reallaşdırmaq olar? Onun şərtlərindən biri sizin universitetlərdə çalışmanızdır. Universitetlərin İslam formasına düşməsi bizim son məqsəd və amalımızdır. Bu məqsədə nail olmaq üçün hökumət, nazirliklər, məmurlar, ölkənin kütləvi informasiya vasitələri, o cümlədən teleradio şirkəti, mətbuat, alimlər, hövzə və hamı uzun müddət işləməlidir. Qeyd etdiyim kimi, bu məqsədin həyata keçməsinin bir hissəsi də sizin universitetdə olmanıza bağlıdır. Biz ümidvarıq ki, buna dair yeni səlahiyyət və status qabaqkının nöqsanlarından uzaq olsun və onun müsbət cəhətlərini götürsün. Qabaqkı formanın sözsüz ki, qüsurları vardı, amma başdan-ayağa qüsurlu deyildi, müsbət cəhətləri də çox idi. Biz istəyirik ki, bu yeni forma qabaqkı müsbət cəhətlərin hamısını götürsün, nöqsanlar isə olmasın. Bu məqsədə doğru getmək istəyirik. Bundan ötrü də gərək cənabların universitetdə ruhani simaları olsun. Mən həmişə bunun üzərində təkid göstərirəm. Siz cənablar əmmaməli bir məmur və kargüzar kimi yox, bir ruhani kimi universitetlərdə çalışmalısınız. Bəziləri belə düşünürlər ki, universitetlərdəki nümayəndəliklərin mütləq təşkilatı, ofisi, dəm-dəsgahı, bir neçə otağı, bir neçə telefon xətti, hər bir işçinin bir katibi olmalıdır və sair. Mən bu məsələlərə qarşı deyiləm. Bu, bəzən lazım olur, bəzən olmur; bəzən az lazım olur, bəzən çoxu. Mənim fikrim budur ki, siz bir hövzə tələbəsi, axund və ruhani kimi universitetə gedəsiniz. Mənim fikrim budur. Ruhani bir zavoda, müəssisəyə, yaxud bazara getdikdə necə gedirsə, universitetə də elə getsin. Düzdür, axundun bazarda bir növ fəaliyyəti var. Universitet üçün də bir sıra işləri bacaran ruhani lazımdır.

Yaxşı ruhani

Mən universitetlərlə az-çox tanışlığıma görə belə anlayıram ki, uğurlu fəaliyyət üçün gərək yaxşı ruhani olasınız. Əgər universitetdə yaxşı ruhani olsanız, o zaman əsasnamələrə yazılıb sərəncamla göndərilən və adətən, ondan birinə də əməl olunmayan işlər yazılmadan və göndərilmədən həyata keçər, universitetin və tələbənin sevdiyi, uca tutduğu uğurlu bir ruhani uyğun olmayan bir təhsil müavini, rektor və ya hansısa fakültənin bir müəllimi ilə qarşılaşdıqda, bir işarə ilə onu universitetdən çıxara bilər, “müəllim və işçi götürərkən ruhaninin də fikrini öyrənin” deməyimizə ehtiyac qalmaz.

Avamlıqdan çəkinmək

Universitetdə sizə müraciət edənlərə yaxşı bir dost, yaxşı camaat imamı, şəriət hökmü deyən, dini məsələləri yaxşı bəyan edən birisi olun. Əgər bu bir neçə xüsusiyyətə malik olsanız, uğurlu ruhani olarsınız. Vaxtında namaz yerində olun. Sizin yanınıza gəlib dərdləşmək, sözünü demək, məsləhətləşmək istəyən tələbə, yaxud müəllimin müraciət etməsi üçün kifayət qədər vaxt ayırın. Toplantılarda rastlaşanda, üzərində işlədiyiniz və araşdırma apardığınız İslam və Quranın uca və əsaslı təlimlərini bəyan edin. Avamcasına, mütaliəsiz və necə gəldi danışmaqdan çəkinin. Uca və əsaslı məfhumlar üçün hədd mərhum Mütəhhərinin kitablarıdır. Mənim fikrimcə, mərhum Mütəhhərinin kitablarını bilən bir hövzə tələbəsi universitetlər üçün layiqli ruhani ola bilər. Elmi baxımdan Mütəhhərinin kitablarını tam öyrənin. Təbii ki, ölkədə baş verən hadisələrlə də tanış olmalısınız. Çünki təkcə dini məsələlər yetmir. Əgər daha artıq və daha yaxşı bilsəniz, daha gözəl olar. Demək istəmirik ki, sonu budur. Demək istəyirik ki, bu həddə kifayətdir.

Alim, ayıq və dünyaya etinasız

Qısası budur ki, universitet gərək ruhanini alim, ayıq və dünyaya etinasız görsün. Bu üç şərt lazımdır. Alim olsun - yəni öz sahəsində bilik sahibi olsun, savadsız olmasın. Çünki bildiyimiz ki, savadsız əmmaməlilər də var. Bəziləri çox savadsızdırlar, dini məsələləri də düz-əməlli bilmirlər. Bəziləri isə savadsız deyillər, alimdirlər, amma dərin baxışları, ayıqlıqları yoxdur. Bu da faydasızdır. Üçüncüsü isə dünyanın bər-bəzəyinə etinasızlıqdır. Demirik ki, ac qalsın, yaxud minimumdan da çəkinsin. Xeyr, onda dünyaya hərislik duyulmasın, dünyaya rəğbət görünməsin.

Hər halda, çox təşəkkür edirəm. Əslində, sizin hər biriniz, xüsusən də cənab Cənnəti, cənab Sədr və digər məsul şəxslər vəzifənizi yerinə yetirməkdən əlavə, mənə böyük yaxşılıq da edirsiniz. Çünki bu iş mənim üçün çox əhəmiyyətlidir.

Ümidvarıq ki, vəzifələrimizi yerinə yetirməkdə Allah hamımıza kömək etsin!

Allahın salamı və rəhməti olsun sizə!


 

İslam – məntiqli din[33]

Bismillahir-Rəhmanir-Rəhim.

Dəyərli gənclər

Siz əzizləri, tələbə qardaş və bacıları ziyarət etmək mənim üçün iki baxımdan dəyərli və ürəkaçandır: Əvvəla tələbə gənclərin, yəni cəmiyyətimizin təxminən ən yaxşı və ən ümidverici böyük təbəqəsinin toplanmasının özü əhəmiyyətlidir. “Tələbə gənc” sözünün özü ölkəni istəyənlər üçün gözəl və şirin sözdür. Gənc, özü də elm və bilik sahibi, özü də gələcəkdə ölkəni idarə etmək üçün elm öyrənən gənc dəyərlidir. Bu, birinci cəhətdir.

İkinci cəhət budur ki, belə məhrum bir vilayətdə - şübhəsiz ki, cinayətkar şah rejimi uzun zaman bu vilayəti hər cəhətdən geridə saxlamağa çalışmışdır - bu gün bir neçə min tələbə, nə qədər müəllim, şagird və elm adamı var. Bəllidir ki, hansı bir yerin geri qalmasını istəsələr, orada universitet açmamalı, mədəni və təlim-tərbiyə işləri görməməlidirlər. Çünki elm və mədəniyyət adamları hər bir yerin mənəvi və maddi vəziyyətini dəyişdirirlər.

Bu, mühüm bir məqamdır. Sizi ziyarət etmək bu baxımdan da mənim üçün dəyərlidir.

Həqiqi mövqeyə doğru

İndi fürsəti dəyərləndirib siz əziz gənclərlə birgə fikirləşək ki, xalqımız həqiqi mövqeyini qazanmaq üçün dünən hansı xətti tutmalı idi və bu gün hansı yolla getməlidir. Bu, ümumi bir məsələdir, amma hər birimizin rəftarında təsirli ola bilər. Mən dəfələrlə demişəm, yenə də təkrarlamaq istəyirəm ki, Yer kürəsinin bu gün bizim özümüzünkü bildiyimiz və adı İran olan bu hissəsi tarixi baxımdan, özü də İslam dövründə görkəmli bir yer olmuşdur. Ola bilsin, kimsə soruşsun ki, məgər bunu inkar edən varmı? Cavabda deməliyəm ki, bəli, bəzi şəxslər buna şübhə ilə yanaşır və bizim keçmişimizi unutdurmaq istəyirlər.

Qərbpərəstlik

Əgər bir xalq və ya qrup keçmişdə heç bir əqli və elmi üstünlüyünün olmadığını hiss etsə, həqarət hissi duyar və bu səbəbdən, dünyanın yeni elmi tərəqqisi qarşısında siyasi, mənəvi və düşüncə baxımından özünəinamı əldən verər. Bu ölkədə Qacarlar dövrünün sonlarında yaranan yeni ziyalılıqda buna təkidlə çalışırdılar. O zaman bir nəfər deyirdi ki, İran gərək fiziki, psixoloji, zahiri və daxili cəhətdən qərbləşsin. Lakin siz müasir tarixə baxsanız, görərsiniz ki, belə fikir tərzinə malik olanlar bir nəfər deyildi. Qacarlar dövrünün sonlarından başları məxfi mason məclislərində və əlləri o zamanın böyük dövlətlərinin, yəni rus və ingilisin əlində olan bəzi şəxslər İranı sahibsiz bir quzu, yaxud yetim bir uşaq sayağı bütövlüklə avropalılara verməyə çalışır, mədəniyyət, düşüncə və həyat ənənələrinin hamısını almaq istəyirdilər.

Bu işin avropalılar üçün faydası nə idi? Çox aydındır. Bir ölkənin yüksək rütbəli məmurları mədəni baxımdan başqa bir qüdrətli dövlətə vurğun olsalar, yaxud ondan qorxsalar, o qüdrətli ölkənin siyasətləri bunların əli ilə asanlıqla icra oluna bilər. Onlar da bunu istəyirdilər. Bu məmurlar asanlıqla imtiyaz verir, onların siyasətlərini icra edir, onlara xidmət göstərirdilər. O zaman zahiri baxımdan müstəmləkə olmayan bir ölkə əslində, tamamilə İngiltərənin, bəzən də Rusiyanın əlində idi.

Dövlətlərin məqsədlərini bilmək

Gənclər əcnəbi dövlətlərin məqsədinin nə olduğunu və hansı işlər gördüklərini bilməlidirlər.

O zaman vəziyyət belə idi. Əlbəttə, o iki qüdrətli dövlət, yəni Rusiya və İngiltərə İranda bir-biri ilə rəqabət aparırdılar; bir gün bu udurdu, bir gün o birisi. Qacarlar dövrünün sonlarında İranın vəziyyəti belə idi. Nasirəddin şahın ömrünün sonlarından bu yarandı. Mən bu işin səbəbkarlarını tanıyıram, lakin ölənlərin adını çəkmək istəmirəm. Allaha şükür olsun ki, bunlar arxada qaldı, inqilab vəziyyəti dəyişdi. Amma siz gənclər onların yuxularını və gördükləri işləri bilməlisiniz. Bunları bilməlisiniz ki, bu gün də həmin məqsədə nail olmaq üçün nə etmək istədiklərini və necə edəcəklərini anlayasınız. Bu, çox əhəmiyyətli məsələdir.

Müstəmləkə müqavilələri



Geri   İrəli
Go to TOP