A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: TƏTHİR AYƏSİNİN TƏFSİRİ
Müəllif: Ayətullahul-üzma Məhəmməd Fazil Lənkərani
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Sual: Dəstəmaz, qüsul və təyəmmüm haqqında nazil olan "və lakin yuridu liyutəhhirəkum" ayəsində iradənin təşrii olmasını deyirsinizsə, onda "Təthir" ayəsində təkvini iradəni sübut edən dəlil eynilə burada da gözə çarpır. Çünki, "Təthir" ayəsində də çirkinliyi aradan aparıb paklaşdırmaq Allah-Taalanın işi idi, burada da paklaşdırmaq Allahın işidir "və liyutəhhirəkum" felinin faili Allah-Taaladır.

Cavab: Dəstəmaz, qüsül və təyəmmüm ayəsində Allah-Taala üç hissədən ibarət olan paklıq hökmünü namazın səhih olması üçün qanuniləşdirir. Bu cür qanunlar göstərir ki, "təthir"dən (paklaşdırmaqdan) məqsəd cismi təmizlik və bunun ardınca da mənəvi paklığa çatmaq Allahın işi deyil, insanın işidir.

Beləliklə, ayənin əvvəlindəki qərinəni nəzərə almaqla məlum olur ki, Allah-Taala insanların özlərini çir-kinlikdən, aludəlikdən təmizləmələri üçün paklıq qanununu yaradıb. Buradan da Allah-Taalanın iradəsi-nin paklıq qanununu icad etməkdən başqa bir şey ol-maması məlum olur. Deməli, həmin ayədə təşrii iradə nəzərə alınmalıdır.

3. Peyğəmbərin zövcələri haqqında nazil olan ayələ-rin içində digər iki dəfə də iradə kəlməsi işlən-mişdir:

 اِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيوَةَ الدُّنْياَ ¨ وَ اِنْ كُنْتُنَّ تُرِدْنَ اللهَ وَ رَسُولَهُ

Bu iki iradə (birinci və ikinci hissədəki turidnə) kəlməsindən məlum olur ki, məqsəd təkvini iradədir, elə bunun özü də, "Təthir" ayəsindəki iradənin təkvini olmasına canlı şahiddir. Bu təkvini iradədə iradə sahibi Peyğəmbərin zövcələridir, "Təthir" ayəsində isə təkvini iradə Allah-Taalaya mənsubdur. Çünki, bəhs etdiyimiz ayələrin hamısında yalnız təkvini iradədən söz açılır.

4. Əgər "Təthir" ayəsindəki iradənin təşrii olma-sını desək, onda təşrii iradə haqqında elmi axtarış aparmalı, bəhs etdiyimiz ayələrdəki qanunların hansı əsasda qurulduğunu araşdırmalıyıq. Məgər bu ayələr Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) itaət etməkdən, çirkin əməllərdən uzaq olmaqdan, axirətə ürək bağlayıb dünyadan uzaqlaş-maqdan, yaxşı işlər görməkdən və yad, naməhrəmlərlə qaynayıb-qarışmamaqdan başqa bir işi tələb edirmi?

Bu kimi işlərin icrası üçün təyin olunmuş təşrii iradə bütün insanlara aiddir: Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) itaət etmək, nalayiq və rüsvayçı iş görməmək, naməhrəmlə qaynayıb-qarışmamaq hamıya aiddir. Bu təşrii iradə yalnız Əhli-beytdən deyil, hamıdan tələb olunur. Lakin bundan əlavə, bütün təfsirçilərin nəzərinə görə "Təthir" ayəsində Əhli-beyt(əleyhimussalam) üçün bir növ üstünlük, məziyyət vardır. Bu üstünlük və fəzilət də ancaq Əhli-beytə məxsus olub qanunun fövqündə dayanır.

Bir sözlə, əgər iradə təşrii olarsa, Əhli-beyt(əleyhimussalam) üçün heç bir üstünlük, məziyyət sübut olunmur. Amma əgər təkvini olarsa, Əhli-beyt(əleyhimussalam) üçün üstünlük və fəzilət isbat edilə bilər.

"Təthir" ayəsinin də Əhli-beyt(əleyhimussalam) üçün üstünlük və fəzilət sübut etməsində heç bir şəkk-şübhə yoxdur. Buna görə də bu ayədəki iradənin təşrii olmadığını etiraf etməliyik.

5. Keçmiş mətləblərin bir qisminə diqqət yetirdikdə məqsədin təkvini iradə olduğunu görərik. Çünki, nazil olunmuş bu ayələr Peyğəmbərin qohum-əqrəbasını iki dəstəyə bölür: Birinci dəstə Peyğəmbərin zövcələridir. Allah-Taala onlar üçün tənzim olunmuş bir proqram göndərir ki, bu proqrama dəqiq əməl etsələr, böyük iftixara çatacaq, əks halda isə ayələrin buyurduğu kimi olacaqlar. İkinci dəstə Əhli-beytdir. Onlar müsəlman-lara rəhbərlik etməyə hazırlaşmalıdırlar və Allah onları məhz bu iş üçün hazırlayır, Öz iradəsi ilə hər növ aludəliyi, çirkinliyi onlardan uzaqlaşdırır.

Buna görə də keçmiş bəhslərdə qeyd etdiyimiz kimi, "Təthir" ayəsi ayələrin içində mötərizə cümləsidir. Bu ayədə real gerçəklik və mənəvi bir hadisə"aludəliyin xüsusi bir dəstə olan Əhli-beytdən uzaq olması üçün olunmuş iradə gözə çarpır!

Deməli, "Təthir" ayəsində başqa ayələrdə nəzərdə tutulmuş hökmlərin heç birinə diqqət yetirilmir. Başqa ayələr də "Təthir" ayəsindəki iradənin təşrii olmasına dəlil ola bilməz. Həmin iradənin əsl və nəzərə gələn ilkin mənası (zühuru) təkvini iradə olduğundan, bu zühur mənası öz qüvvəsində qalır.

Yalnız belə bir sual qarşıya çıxa bilər: Əhli-beytin xüsusi bir dəstə olması harada deyilir və nə üçün müsəlmanların rəhbərliyini yalnız beş nəfər öz öhdəsinə almalıdır? Bu sualın cavabını geniş surətdə bəyan edəcəyik.

ALUSİ İLƏ SÖHBƏT

Bağdadın müftisi Şəhabuddin Mahmud Alusi Bağdadi (h.q tarixi ilə 1270-ci ildə vəfat etmişdir) "Təthir" ayəsindəki iradənin təkvini iradə olmasını qəbul etməsinə baxmayaraq, bir sual irəli çəkir, amma sualın cavabını verə bilmədiyinə görə onu cavabsız qoyur. O deyir ki, alimlərdən bəzisi iddia edir ki, "Təthir" ayəsindəki iradə təkvini ola bilməz. Çünki Allah-Taalanın təkvini iradəsində iradə olunmuş şey qəhri və məcburi surətdə həyata keçməlidir, Allah-Taalanın iradə etdiyi işin həyata keçməməsi qeyri-mümkündür. Buna görə də Əhli-beytin (əleyhissalam) çirkinliklərdən uzaq olması onların özlərindən asılı deyil. Onda "Təthir" ayəsi nazil olandan sonra, Peyğəmbərin dua edərək Allahdan Əhli-beytin paklığını istəməsinin nə mənası vardır? Nə üçün Peyğəmbər

اللّهُمَّ هؤُلاَءِ اَهْلُ بَيْتِي فَاَذْهِبْ عَنْهُمُ الرِّجْسَ وَ...

"Pərvərdigara! Bunlar mənim Əhli-beytimdir. Bunları çirkinlikdən uzaq et!"-deyə, dua edir?

Əgər iradə təkvinidirsə, onda nə üçün Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) gerçəkləşmiş bir işi (Əhli-beytin paklı-ğını) Allahdan istəyir? Həyata keçmiş olan bir işin yenidən həyata keçməsini Allahdan istəməyin nə mənası vardır? Digər tərəfdən də Peyğəmbərin duasının tamamilə yerində olmasına yəqinimiz vardır. Deməli, "Təthir" ayəsindəki iradə təkvini deyildir.

Alusinin Cavabİ

Peyğəmbərin dua etməsi yalnız Əhli-beyti camaat içində tanıtdırmaq üçündür. Həzrət dua edir ki, insan-lar Əhli-beytin (əleyhissalam) kimdən ibarət olduğunu, Allah-Taalanın kimlərin çirkinlikdən uzaq olmasını iradə etməsini başa düşsünlər. İradə təşrii olarsa, Peyğəmbərin duası barədə yenə həmin sual qarşıya çıxacaqdır, çünki Allahın Əhli-beytə əmr və nəhy edib, sonradan nəhyin ağır əsərini onlardan uzaqlaşdırması mənasız bir iş olacaqdır. Məgər ayədəki əmr və nəhy onlara şamil deyildimi ki, Həzrət Əhli-beytə də şamil olmasını istəsin? Deməli, iradə təşrii deyil, təkvinidir.

"Ruhul-məani" kitabının müəllifi Alusinin təfsi-rini mülahizə etməklə sünnülərin arasında çox savadlı və təhqiqatçı alim olması məlum olur. Amma bəzi vaxtlar yersiz təəssüblər onu düz yoldan və haqdan uzaqlaşdırır. O, "Təthir" ayəsindəki iradənin təkvini olmasını, habelə Əhli-beytin Həzrət Əli, Fatimə və onun iki oğlu (Həsən və Hüseyn) olmasını sübut etməklə eyni zamanda, o ayənin məzmunu ilə bu beş nəfərin təkcə məsum (günahsız) olmasını sübut edir. Elə bu məsələ Alusi kimiləri çox narahat edib iztiraba salır. Alusi ruhi narahatlığa, iztiraba düçar olduğundan nəticə almadan təhqiqatı natamam qoyur, ayəni ("Təthir" ayəsini) bir cür məna etməklə Ali-əbanın məsum olmasını üst-basdır etməyə çalışır.

Alusinin dediyi sözlərin xülasəsi belədir:

"Təthir" ayəsi əvvəldə bəyan olunmuş ayələrin səbəbi-dir. Yəni Allah-Taala iradə edir ki, hər növ aludə-liyi, çirkinliyi Peyğəmbərin ev əhlinin hamısından uzaq edib, onları paklıqla zinətləndirsin, onlar nəf-sani istəklərə bulaşmasınlar, yadlarla qaynayıb-qarış-masınlar, Allahın Rəsuluna itaət etsinlər, Allah dərgahında təqvalı, xalis bəndə olsunlar. Bu məqsədlə onlar üçün əmr və nəhydən ibarət olan bir sıra qanun-lar çıxarmışdır. Buna görə Əhli-beytə olunan əmr və nəhy onları imtahan etmək üçün deyil, bəzi fəzilətlərə çatmaq üçündür. Bunu nəzərə alsaq, bir şərt mənası çıxar, yəni əgər Əhli-beyt Allahın əmrlərinə itaət etsə, qadağan etdiyi şeyərdən çəkinsə çirkinlikləri aradan gedər və paklığa nail ola bilərlər.

Allah buyurur ki, Biz iradə etdik ki, su susuzluğu aradan qaldırsın. Məlumdur ki, suyu iradə etmək tək-likdə susuzluğu aradan qaldırmır: gərək su da içəsən. Əgər su içməsən susuzluq heç vaxt aradan qalxmaz.

Allah-Taala da Əhli-beytdən çirkinlikləri aradan aparmağı iradə edir, bu şərtlə ki, onlar aludəliyi aradan aparıb paklıq icad edən əmr və nəhylərə tabe olsunlar. Deməli, çirkinlik öz-özünə aradan getmir və Allahın iradəsi Əhli-beytin çirkinlikdən uzaq olması ilə əlaqədar deyildir. Əksinə, Əhli-beytin özünün əmrlərə tabe olub nəhy olunmuş şeylərdən çəkinmələri ilə şərtlənir.

Alusinin sözlərinə əsasən fəzilət və ismət (paklıq) məqamına çatmaq Əhli-beytin öz ixtiyarındadır: əgər Allaha itaət etsələr, bu məqama çata bilərlər, əks halda isə həmin məqama çata bilməyəcək və adi camaatla eyni səviyyədə olacaqlar. Deməli, "Təthir" ayəsində Allah-Taalanın iradəsi Əhli-beytin məsum olmasına dəlalət etmir. Əksinə, hər bir kamala çatmaq Əhli-beytin özündən aslıdır. (Bu mətləblər Alusinin dediyi sözlərin xülasəsi idi.)

ALUSİYƏ VERİLƏN CAVABİN XÜLASƏSİ

1-Alusi "Təthir" ayəsindəki iradəni təkvini hesab edir, amma onu Allahın əmr və nəhyləri ilə şərt-ləndirir. Bu da onun etiraf etdiyi sözdən daşınması deməkdir. Başqa sözlə desək, təkvini iradə ilə itaət arasındakı qarşılıqlı asılılıq təkvini iradəni etiraf etməyi danmaq və ayədəki iradənin təşrii olmasını təsdiq etmək deməkdir. Çünki təkvini iradənin Allaha itaətlə şərtləndirilməsinin mənası budur ki, Allah sizə əmr və nəhy etmişdir, iradəsi də budur ki, onlara itaət edəcəyiniz təqdirdə çirkinliyi sizdən uzaqlaşdıracaq. Elə bil ki, Allah-Taala sizin namaz qılmağınızı iradə edir, əgər namaz qılsanız sizi heyvani dərəcədən ali insani məqama çatdıracaq.

 اَلصلواة مِعْراَجُ الْمْؤْمِنِ "Namaz möminin meracıdır."

Deməli, Allah-Taala əmr və nəhyi iradə edir ki, siz çirkinlikdən uzaqlaşasınız, eləcə də namaz qılmağı iradə edir ki, mömin insan yüksək mənəvi məqama çatsın. زörəsən, bunların mənası təşrii iradədən başqa bir şeydirmi? Buna görə də təkvini iradə ilə itaətin arasındakı qarşılıqlı asılılığın mənası təkvini iradədən daşınmaqla bərabərdir.

2-Təkrar demişik ki, ayələrin içində "Təthir" ayəsi mötərizə cümləsidir, bu da "Təthir" ayəsinin başqa ayələrlə fərqli olması deməkdir. Qeyd etdik ki, bu cür danışıq üslubu Qurani-Kərimdə çoxdur və özü də eynilə fəsahətdir. Buna əsasən, "Təthir" ayəsi başqa ayələrdəki əmr və nəhylərin şərti və ya səbəbi ola bilməz. Əgər Alusi "Təthir" ayəsi sair ayələrdən ayrıdırsa, onun burada yerləşdirilməsinin nə münasibəti vardır?"- deyə, soruşsa, onun cavabı əvvəldə bəyan olunduğu kimidir və bir daha təkrar etməyə ehtiyac yoxdur. Çünki bu şərif ayə Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qohumlarını iki dəstəyə ayırır və yarana biləcək bədbinliklərin qarşısını almaq üçün Əhli-beyti (5 nəfəri) onlardan istisna edərək, "Təthir" ayəsini həmin yerdə yerləşdirir.

3-Əgər Alusinin dediyi "Əhli-beyt Allahın əmr və nəhylərinə itaət etsələr, onda Allah çirkinliyi onlardan uzaq edəcək" sözünü qəbul etsək, onda etiraf etməliyik ki, "Təthir" ayəsi Əhli-beyt(əleyhimussalam) üçün heç bir üstünlük, fəzilət və məqamı sübut etmir. Çünki bütün müsəlmanlar Allahın əmrlərinə itaət etsələr, həmin inayət (çirkinlikdən uzaqlaşmaq) onlar üçün də olacaq. Məgər hər hansı bir müsəlmanın təqvalı olub, Peyğəmbərin göstərişlərinə əməl etdiyi, pis əməllərə mürtəkib olmadığı halda ilahi lütfə çatmaması mümkün ola bilərmi?

Məgər iddia etmək olarmı ki, yalnız Əhli-beyt(əleyhimussalam) bu cür olacağı təqdirdə paklanacaqlar, amma başqaları yox? Bu, ayrı-seçkilikdən başqa bir şeydirmi? Bunlar təsdiq edir ki, Əhli-beytə verilən üstünlük mənasız deyildir. Kim deyə bilər ki, İslamın hökmlərini icra edən hər kəs səadətə çatmaz?

Alusi deyə bilər ki, Əhli-beytin imtiyazları Allah-Taalanın onların layiqli əməllərinin tez qəbul olun-masına inayət etməsindədir və "Təthir" ayəsi onları, əməllərinin daha tez qəbul olunmasına ümidvar edir. Bu halda biz ondan soruşuruq ki, bu iddianı "Təthir" ayəsinin harasından başa düşürsən? Real bir həqiqəti ört-basdır etmək üçün yersiz iddialara, şayiələrə əl atmalısanmı? Əməllərin qəbul olunması, onlara daha çox ümidvar olmaq hara, çirkinliklərdən uzaq olmaq, paklaşmaq hara! Görəsən onun məqsədi "Təthir" ayəsi-nin əsl mənasını başa düşməkdir, yoxsa öz nəzərini "Təthir" ayəsinə qəbul etdirmək?

Müfəssir Quranın göstərişlərinə uyğun əməl etməli, onu öz fikir və əqidələrinə hakim etməli, öz şəxsi fikirlərini heç vaxt Müqəddəs Kitaba qəbul etdirmə-məli və zorla öz ideyasını ayələrlə uyğunlaşdırmama-lıdır. Bu, mühüm əhəmiyyət kəsb edən bir məsələdir və Quranın ali məqsədlərini dərk etməkdə böyük rol ifa edir.

Keçən bəhsləri nəzərə almaqla "Təthir" ayəsindəki iradənin Allahın təkvini və əzəli iradəsi olduğunu görərik. Bu da Allah tərəfindən Əhli-beytə olan məxsus inayətdir. Çünki Allah-Taala Əhli-beyti Peyğəmbərdən sonra müsəlmanların rəhbərliyi üçün hazırlayıb. Bu mənanın da şərif ayə ilə heç bir ziddiyyəti yoxdur. "Salam olsun həqiqəti qəbul edənlərə!"

TƏKVİNİ İRADƏ VƏ CƏBR

Bəziləri belə güman edir ki, "Təthir" ayəsindəki təkvini iradə cəbr məsələsində həllolunmaz bir müşkül yaradır, Əhli-beytin Allahın əzəli və təkvini iradəsi ilə məsum olması icbari bir iş olur. Belə olan halda onların günahdan uzaq olmaları labüd, günahın onlardan baş verməsi isə əqlən qeyri-mümkün bir iş olur. Çünki Allah Özü onların günahsız olmalarını iradə etmiş olur. Qeyd olunduğu kimi, Allahın iradə etdiyi şeyin əksi də mümkün deyildir. Deməli, Əhli-beytin günah işlər görməsi qeyri-mümkündür. Buna görə də qəbul etməliyik ki, Əhli-beyt(əleyhimussalam) məcburi (ixtiyarsız) olaraq günah etmirlər, onların həmişəlik pak olmaları məcburidir. Bu halda məcburi günahsızlıq fəzilət və iftixar sayıla bilərmi?

BU MÜŞKÜLÜN HƏLLİ

Təhqiqatçı alimlər müxtəlif yollarla, o cümlədən cəbr məsələsini həll etməklə bu müşkülün həlli yollarını bəyan etmişlər. Amma bu cür çətinliklərin qarşıya çıxmaması üçün onu başqa yolla həll etsək, daha münasib olar. Xoşbəxtlikdən "Təthir" ayəsinin məzmununa diqqət yetirməklə heç bir çətinlik qarşıya çıxmır.

ALLAH-TAALANİN "TƏTHİR" AYƏSİNDƏKİ İRADƏSİ NƏYƏ AİDDİR?

Əgər Allah-Taalanın iradəsini Əhli-beytin çirkin-liklərdən uzaq olması ilə əlaqələndirsək, yenə cəbr qarşıya çıxacaqmı? Cavab müsbət olarsa, bir daha qeyd olunan çətinliklə qarşılaşmayacağıq.

Əgər "Təthir" ayəsinin məzmunu Allah-Taalanın Əhli-beytin günahdan uzaq olmasını istəməsi olsaydı və bu iş Allahın Öz nəzarəti və iradəsi ilə həyata keçsəydi, müşkül yaranardı. Lakin Allah-Taala "Tət-hir" ayəsində "yuridullahu liyuzhibə ənkumur-ricsə"-deyə buyurur.

ƏLAVƏ İZAHAT

"Təthir" ayəsinin sintaktik təhlilində "liyuzhibə" (aradan aparmaq) kəlməsi "yuridu" (istəyir) felinin məfuludur. Ayənin tərcüməsi belə olur: "Allah-Taala siz Əhli-beytdən hər növ çirkinliyi aradan aparamağı istəyir, iradə edir."

"Liyuzhibə" kəlməsinin məful[53] olmasının dəlili "yuridu" kəlməsinin başqa ayələrdə bəzən "lam" ilə, bəzən də "ən" ilə gəlməsidir. Məsələn, "Tövbə" surə-sinin 55-ci ayəsində buyurulur:

 اِنَّماَ يُرِيدُ اللهُ لِيُعَذِّبَهُمْ فِي الْحَيوَةِ الدُّنْياَ

Həmin surənin 85-ci ayəsində isə buyurulur:

 اِنَّماَ يُرِيدُ اللهُ اَنْ يُعَذِّبَهُمْ بِهاَ فِي الدُّنْيا

Bu iki ayədən məlum olur ki, birinci ayədəki "lam" qayət mənasına deyil, elə ikinci ayədə işlənən "ən" mənasınadır. İkinci ayədə "ən yuəzzibə" kəlməsi də "yuridu" felinin məfuludur (təsirlik halı, tamam-lıq-müt.). Əlbəttə "ən yuəzzibə" kəlməsini məsdərə çevirməliyik "əzabəhum" (yəni yuridullahu əzabəhum).

Quranın başqa surəsində də ("Səff" surəsi, 8-ci ayə) buyurulur:

 يُرِيدُونَ لِيُطْفِؤُوا نُورَ اللهِ بِاَفْواَهِهِمْ

"Tövbə" surəsinin 32-ci ayəsində də həmin məna işlənmişdir:

 يُرِيدُونَ اَنْ يُطْفِؤُوا نُورَ اللهِ بِاَفْواَهِهِمْ

İbarələrin müxtəlifliyi ("Səff" surəsinin 8-ci ayəsindəki "li yutfiu" və "Tövbə" surəsinin 32-ci ayəsindəki "ən yutfiu" kəlməsi) göstərir ki, "lam" və "ən" hərfləri (şəkilçiləri) bu cür yerlərdə eyni mənada işlənmişlər və "yuridullah" feli üçün məfuldurlar.

Deməli, Allah-Taalanın "Təthir" ayəsindəki iradəsi Əhli-beytin çirkinlikdən uzaq olmasına bağlıdır. Yəni Allah-Taala Əhli-beyt(əleyhimussalam) ilə çirkinliyin arasında böyük fasilə yaradır. Deməli, Allah-Taala Əhli-beytə bir növ inayət edir, onlarla günahın arasında fasilə salır ki, Əhli-beyt(əleyhimussalam) heç vaxt günaha yaxın düşməsinlər.

Allah-Taalanın iradəsi günaha düşməməklə əlaqələn-dirilmir, yalnız günah ilə Əhli-beytin arasında fasi-lə yaradır və məhz həmin fasilə Əhli-beytin paklı-ğına səbəb olur.

Bunun müqabilində də elələri var ki, onlarla günah arasında çox yaxınlıq var. Pis əməllərə adət edənlər bədbəxtçiliyə uğrayırlar. Buna görə də Qurani-Kərim günaha yaxınlaşmağı belə, qadağan edir. Çünki günaha yaxınlaşmaqla günah işin görülməsi arasında heç bir fasilə qalmır. Qurani-Kərim buyurur:

 وَ لاَ تَقْرَبُوا الْفَواَحِشَ ماَ ظَهَرَ مِنْهاَ وَ ماَ بَطَنَ

"Çirkin işlərdən"istər aşkar olsun, istərsə də gizli"uzaqlaşın və onlara yaxınlaşmayın."[54]

Bəli, "Təthir" ayəsinin məzmunu Əhli-beyti günahdan uzaqlaşdırmaq, onlarla günah arasında fasilə yarat-maqdır (ayədəki ricsin mənası gələcəkdir) və təbiidir ki, bu, Allahın xas inayətidir. Bu inayət yalnız Əhli-beytə aiddir və günahın baş verməməsində heç bir məcburiyyət yoxdur. İnsan ilə günahın arasında fasilə yaratmaq cəbr (məcburiyyət) deyil, bir növ inayətdir. Allah-Taala hamıya bu cür inayət etmir, bu tövfiqi Özünün çoxlu lütfünün şamil olduğu şəxslərə verir. Belə bir müvəffəqiyyətə də hər kəs nail ola bilmir.

Camaatın bəzilərinin həyatında hər an və çox asan-lıqla günaha düşmək, çirkin əməllərə qurşanmaq adi bir işdir. Onlar rüsvayçı yerlərdə, namuslarını satan məhəllələrdə, kabaralarda həyat sürürlər.

Bu cür bədbəxtçilik bəzilərinin alnına möhür kimi vurulubdur. Xüsusən yaşadığımız dövrdə dünya xalqları bu cür bədəbxtçiliklərə daha çox mübtəla olurlar.

Lakin qadir Allah-Taala günah, cinayət və çirkin-liklə dolu olan bu dünyada bir dəstə insana tövfiq verir, onlarla günah arasında ayrılıq salır, ilahi inayət onlara şamil olur. Allah-Taala Özünün ən yük-sək mərhəmətini Əhli-beytə nəsib etmiş, onlarla bütün günahların arasında əbədi ayrılıq salmış, onları əbəs və batil işlərdən uzaq saxlamışdır. Amma onla-rın günaha batmaması məcburi deyildir, çirkinliyin uzaqlığına görə onların böyük və dərya kimi dalğa-lanan ruhlarında günah izlərini əsla görmək olmaz. Onların qəlbləri bütün çirkinliklərdən pak-pakizədir.

Buna görə də Allah, Əhli-beyt(əleyhimussalam) ilə günahın arasında fasilə yaratmağı iradə edir. Allah onları günahdan məcburi surətdə uzlaqlaşdırmır, əksinə, Onun Əhli-beyti günahdan uzaq saxlaması bir növ inayətdir və bu inayətə tövfiq deyilir, tövfiqin adını cəbr qoymaq düzgün deyil.

Bu incə və dəqiq məsələni daha artıq təhlil etmək üçün "Təthir" ayəsindəki "rics" kəlməsinin mənasını da dəqiq araşdırmalıyıq.

Buna görə də kitabın əvvəlində qeyd etdiyimiz beş məslənin dördüncüsünü təhqiq edib, qənaətbəxş bir həll yolu tapmalıyıq.

 DÖRDÜNCÜ MƏSƏLƏNİN TƏHQİQİ

Dördüncü məsələdə "Təthir" ayəsindəki "rics" kəlmə-sinin hansı mənaya malik olduğu araşdırılır. Bu kəlmə Quranda 10 dəfə (on ayədə) işlənmişdir. Bu ayələrə diqqət yetirməklə "rics"in mənası tam aydın-laşır. Əlbəttə, "rics" çirkinlik mənasını ifadə edən ümumi mənaya da malikdir. Lakin ruhun çirkin və aludə olmasının müxtəlif səbəbləri vardır. Həmin amilləri də Qurani-Kərim "rics" adlandırır. Məsələn, "Maidə" surəsinin 90-cı ayəsində şərab, qumar, əzlam və ənsab "rics" adlandırılır və həmin ayədə bu kəlmə qeyd olunan dörd şey barəsində işlənmişdir. Amma həmin dörd şey "ricsi" yaradan amillərdəndir. "Rics" bu dörd amilin yaratdığı əsərdir. "Maidə" surəsinin 90-cı ayəsində buyurulur:

 اِنَّمَا الْخَمْرُ وَ الْمَيْسِرُ وَ الاَنْصاَبُ وَ الاَزْلاَمُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيطاَن فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ ِ

"Şərab, büt, əzlam və ənsab (bir növ qumar alətləridir) ricsdir"şeytan əməlidir. Bu aludəlikdən uzaq olun, bəlkə nicat tapasınız!"

Həmin surənin 91-ci ayəsində buyurulur:

 اِنَّماَ يُرِيدُ الشَّيْطاَنُ اَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَداَوَةَ وَ الْبَغضاَءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَ يَصُدَّكُمْ عَنْ ذِكْرِ اللهِ وَ عَنِ الصَّلوَةِ فَهَلْ اَنْتُمْ مُنْتَهُونَ

"(Ey müsəlmanlar) Şeytan şərab və qumar vasitəsilə sizin arasına düşmənçilik, kin-küdurət toxumu səpmək, Allahın zikrinin qarşısını almaq istəyir (iradə edir). Yenəmi özünüzü bu işlərdən saxlamırsınız?"

Bu iki ayədən "rics" kəlməsinin mənası aydınlaşır. Şərab insanın əqlini (əqlani ruhunu) aradan aparır, qumar isə kin-küdurət yaradır, cinayətkar nəfsin qanun-suz istəklərini şölələndirir. Əqlin aradan getməsi, xəbis əxlaqın insana hakim olması nəticəsində Allah yaddan çıxır, insanda qeyb aləminə etinasızlıq yaranır və bu işlər onun mənəvi yüksəlişinə mane olur. Quran əqldən məhrum olmağı, xəbis əxlaq və xasiyyətləri "rics" adlandırır. Əqldən məhrumluğun və pis xasiyyətin amilləri olan şərab və qumar da rics adlandırılır. Lakin məlum məsələdir ki, bu amillər məhz onların göstərdiyi təsirlərə (əqlsizlik və xəbis əxlaqa) görə "rics" adlandırılmışdır. İnsan həmin əməllərə mürtəkib olanda mənfi əsərləri də onda zahir olur. Buna görə də buyurulur ki, bu cür işlər şeytan işidir, onun təhriki ilə baş verir. (91-ci ayədə də bunu görmək olar.)

Deməli, həmin dörd şeydən alınan nəticə həqiqi ricsdir. Şeytan xəbərsiz adamları bu cür işlərə təhrik edir.

"Ənam" surəsinin 125-ci ayəsində tutqun ruh, daralmış, sıxılmış sinə də rics adlandırılır:

 فَمَنْ يُرِدِ اللهُ اَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلاِسْلاَمِ وَمَنْ يُرِدْ اَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَاَنَّماَ يَصَّعَّدُ فِي السَّماَءِ كَذَلِكَ يَجْعَلُ اللهُ الرِّجْسَ عَلَي الَّذِينَ لاََ يُؤْمِنُونَ

"Allah hər kəsi hidayət etmək istəsə, sinəsini (batinini), hər bir fəzilətə təslim olmaq üçün İslam ilə شenişləndirər və hər kəsi də zəlalətə salmaq (hidayətdən məhrum etmək) istəsə, onun sinəsini, havada yuxarı qalxanların sinəsi kimi tənص (dar) edər. Bəli, Allah ricsi haqqa iman شətirməyənlər üçün belə qərar verər."

Gördüyünüz kimi, bu ayədə dar və sıxılmış sinə (ruh) "rics" ilə təbir olunmuşdur. Deməli, genişliyi olmayan, boğuntu vəziyyətində olan, pis, rəzilə əxlaqlarla bürünən və təngənəfəslik yaradan ruhu rics adlandırmaq olar.

Rics ilə bürünmüş ruh"zatı rəzilə xüsusiyyətlərlə əhatə olunan ruhdur. Belə bir ruh gözəl həyat və insaniyyət nuraniyyəti yaradan amillər qarşısında təslim olmayaraq ən acınacaqlı və zillətli vəziyyətdə həyat sürür.

Bunun müqabilində isə bəzi insanların ruhu böyük, sinəsi genişdir, xoşagəlməz hadisələr qarşısında sarsılmır və onları həzm edir, yalnız gözəl həyat amilləri müqabilində təslim olma istedadına malikdirlər. Allah-Taala onlara geniş qəlb nəsib etmişdir.

Deməli, "rics" dar qəlbdən, əlil və şikəst ruhdan, rəzil əxlaqlarla bürünmüş nəfsdən ibarətdir. Başqa bir ayədə, məhz həmin münasibətə görə ruhi xəstəliklər, o cümlədən paxıllıq, həsəd, kin-küdurət və cəhalət "rics" adlandırılmışdır:



Geri   İrəli
Go to TOP