A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: "AŞİQLİK ŞƏRİƏTİ" Doktor Əli Şəriəti
Müəllif: Doktor Əli Şəriəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


AŞİQLİK ŞƏRİƏTİ

"SƏHRADA GÜNƏŞDƏN QAÇIR, GECƏNİ İSTƏYİRLƏR."

Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları.
Kitab Ustadın müxtəlif əsərlərindən çıxarışlardan ibarətdir.

Hazırladı: Şamxal

Bütün hüquqlar qorunur.

Nur Mədəniyyət Mərkəzi

 

Birinci hissə

 

Sənəti Səni axtarmağa göndərdim,  hələ də tapa bilməyib Səni. Eşqi də onun ardıyca yolladım, hələ də boş-boş gəzir. Gözəlliklər sənin izini tapmağa çalışır və hələ də tapa bilmir.
Haradasn? Kimsən? Ey tanımadığım tanış! Ey həmişə mənimlə olan! Sənsizlik pisdir, qürbətə taqətim yox!

"Səhraya eniş"

***

İmanı və eşqi olan bir millətin,
Quranı və Nəhcül-bəlağəsi olan bir xalqın,
Əlisi və Fatiməsi olan bir cəmiyyətin,
Hüseyni və Zeynəbi olan bir millətin,
Şəhadət mədəniyyəti olan bir ümmətin,
Gələcəyi necə qaranlıq ola bilər?!
Bunun yeganə səbəbi, şəhadət dini və mədəniyyətinin ölməsidir!!!

***

Bir zamanlar Ərafata fələstinlilər gəlmişdi. Bir az pul toplanmışdı. Onların bizim yanımıza gəlmələrinə icazə verilmədi. Buna görə biz onların yanına getdik. Həm pulları sayır, həm söhbət edirdik. Birdən azan səsi yüksəldi. Pulların geri qalan qisimini saymadan eləcə qoyub, durdular; sözlərə də artıq qulaq asmadılar. Sanki birdən dəli kimi oldular. Bizi tərk edib, getdilər. Bir də baxdıq ki, dağ kənarındakı qum və çınqıl üzərində bir səf yaratdılar. Nə kilim sərdilər, nə də həsir. Hamısı  mücahid-partizan idi. Torpaq rəngində partizan paltarları vardı. İlk dəfə namazda bəzi mənaları dərk etməyə başladım. 'Bismillah' dedikləri zaman qiyamı izah etmək istəyirdilər. Bunu hiss etdik.
 Qiyam! Yerdən qalxmaq! Qiyam anlayışına canlılıq bəxş etmək. Stabillik! Müqavimət göstərmək. Və üsyan! Sonra duaya başladılar. "Ya Rəbb, bizi fılan xəstəlikdən qoru! Bizim borcumuzu əda et!" şəklində etdiyimiz dualara bənzəmirdi onların duaları. "Rəbbimiz, bizə kömək et. Sənin köməyinlə bu zalım və alçaqların fantomlarını, hava toplarını, B-52-lərini və tanklarını vuraq" deyirdilər.
İşin ictimai və siyasi ölçüsü budur ...

"Özünü inqilabçı yetişdirmək"

***

"Düşünürəm demək, varam" yox!
"Üsyan edirəm, demək varam" deməliyik.
Çünki hər düşünən üsyan etməz..
Amma hər üsyan edən şübhəsiz ki, düşünmüşdür!


***

Hüseyn "Hər ay Məhərrəm, hər gün Aşura və hər yer Kərbəla" şüarıyla bu bayrağı əldən-ələ əmanət edərək, insanların rəhbərlərinə və insanlıq tarixində ədalət tərəfdarları olan bütün azad insanlara təslim etmişdir. Bax, ölümə və bayrağı bütün nəsillərə buraxmaq üçün getdiyi bu son anda gələcək nəsillərə hayqırır:
"Görəsən mənə kömək edəcək biri varmı?"


"Adəmin varisi Hüseyn"

***

Artıq yalnız bədənlər deyil, ruhlar da ölməkdədir. İnsan eynilə bir ipək qurdu kimi, öz düha və yaradıcılığında irəliləyib daha tez hördükcə, ipəkdən hazırlanmış zərif və yumşaq telli baramasında daha da məhbuslaşır.

"İnsan"

***

Bir müsəlman öz cəmiyyətinin xaricindəki faciələr, zülmlər, insan ləyaqətini ayaqlar altına alan güclər və xalq düşmənləri qarşısında əsla mənfi tərəfsizlik yolunu tutmaz. Özü universal tövhid, irqi tövhid, və sinfi tövhiddən söz edərkən, iman, ədalət və qurtuluşun gözətçisi, xalq arasında ilahi missiyanın daşıyıcısı olduğunu iddia edərkən, öz cəmiyyətinin xaricindəki küfr, şirk, zülm, əsarət, faciə və bütpərəstlik mühafizlərinin sağlığına qədəh qaldırmaz.

"Şiə"

***

Hüseyn (ə) sudan çox "Ləbbeyk"ə susamışdı. Əfsus ki, fikirlərinin əvəzinə, bədəninin yaralarını göstərdilər bizə! Və ən böyük dərdinin susuzluq olduğunu dedilər. 

***

Bir qrup ac insanın aclıqlarını hiss etmədikləri, hətta Allaha, yaxşı bir həyat davam etdirdikləri üçün şükr etdikləri müşahidə edilmişdir. Çünki mədələri aclıqdan qovrulan bu insanların şüurları hadisədən xəbərsizdir. Onlar fiziki aclıqlarını anlayırlar. lakin təbii olmayan bir yoxsulluğun qurbanı olduqlarını hiss etmirlər. Onlar bu yoxsulluğun təbiiliyinə inandırılmışlardır.

"Kapitalizm"

***

Bəli! Qərb imperializminin ən təhlükəli, eyni zamanda ən gizli və ən bilinməyən cəhəti, mədəniyyət və düşüncə imperializmidir. 

"Özünə qayıdış"

***

Təkcə dövlətin danışma haqqına sahib olduğu məmləkətdə heç bir sözə inanmayın.

***

Əbuzər belə deyirdi:
«Evində azuqə tapa bilməyən adam necə ola bilər ki, qılınc çəkərək cəmiyyətə qarşı çıxmasın?! Buna heyrətlənirəm».
Mən Qərbdə  bu sözü kimin söylədiyini deməmişdən əvvəl nəql etdiyim zaman, bəziləri bunun Prudonun sözü olduğunu zənn etdilər. Mən də "Bu ağırlıqda deyilmiş və qətilik ifadə edən bir söz Prudonun həddində deyil?" deyirdim. Bəziləri də "Dostoyevski söyləmişdir" deyirdilər. Dostoyevski, "Bir yerdə bir adam öldürülmüşsə, cinayətə ortaq olmayanların da əlinə qan bulaşmışdır" deyirdi. Bu da bir yandan doğrudur. Lakin Əbuzərin nə dediyinə diqqət yetirin! Əbuzərin bu sözü, bir dinin sözüdür...


"Dinə qarşı Din"

***

Quran təkrar-təkrar bəyan edir ki, tarix boyu məhv olmuş bütün cəmiyyətlər özlərinə zülm edənlərdir. Hətta dialektik materializmdə cəmiyyətdəki dəyişikliklər insan iradəsindən yox, maddi amillərdən asılı bilinir. Amma Quran, istisnasız olaraq, bütün ictimai təbəddülatlarda insan düşüncəsini əsas götürür. Bu səbəbdən də İslam dinində cəmiyyətin taleyinə görə insanlar məsuliyyət daşıyır: «Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz» «Rəd» surəsi-ayə:11 

"Ey ata, ey ana, biz müttəhimik"

***

Müasir dünyada artıq daşdan torpaqdan olan bütlərə deyil, qohumluğa, dövlətə, irqə, bayrağa və şəxslərə səcdə olunur.

***

Cəmiyyət iki təbəqəyə bölünür:
1- Yeyib işləməyənlər.
2- İşləyib yeyə bilməyənlər.

***

İslam Allaha təslim olmağa çağırdığı kimi, eyni şəkildə Ondan başqa hər şeyə üsyan etməyə dəvət edir. Nə olursa olsun, istər "Lat", istər "Üzza", istər avtomobil, istər fəzilət, istər mülk, istər qan, istərsə də soy və ya sinif! Fərq etməz!. Bunlar hər dövrdə Allaha qarşı bir tağut olmuşdur. 

"Dinə Qarşı Din"

***

İmperializmin, xüsusilə zəngin tarixi təcrübəsi və mədəni keçmişi olan köklü cəmiyyətlərdə gördüyü ilk iş, mövcud nəsli tarixindən ayırmaq olmuşdur. İmperializm bu işdə o qədər müvəffəqiyyətli olmuşdur ki, uyğun cəmiyyətlərin islahatçıları keçmişlə bütün əlaqələrini kəsdilər və keçmişlərini tanımaz oldular. Halbuki imperialistlər, son dərəcə iman və eşqlə keçmiş əsərlərini diriltməyə, qorumağa və tanıtmağa çalışdılar. İkinci dünya müharibəsində Avropa şəhərləri bombalanarkən tarixi miraslarını can və mallarını fəda etmək bahasına olsa da qorumağa çalışdılar və bunun üçün mübarizə apardılar.

" Özə dönüş"

***

"Ac insana mənəviyyatdan danışmaq və böyük əxlaqi dəyərlərdən söz aşmaq hiylə və faciədir ..!

***

Dini büdcələri, dini xidmətləri və islami fəaliyyətləri bu əsrdə və bu nəslə gerçək İslamı tanıtmaq üçün sərf edin. Əks təqdirdə bu nəsil əldən gedər, bu iman səhərə çıxa bilməz, sabaha qalmaz. Hələ vaxt varkən, hələ bir iş görə biləcək  vəziyyətdəykən,  gec olmadan, vaxt keçmədən, fürsətlər qaçmadan bir iş görün...

"Dinə Qarşı Din"

***

Qurtuluşa çatdıran tövhid bütün şirk bütlərinin rədd edilməsindən sonra baş verir. Çünki əvvəl yıxmaq (LA) sonra inşa etmək (İLLA) lazımdır.
"Illa" sız "la" dağıdıcılıqdır, anarxizmdir. "La" sız "illa" da xəyalpərəstlikdir; (passivliktir) otopiya və idealizmdir.

"Əli"

***

Əlində çəliyi, kürəyində ənənəvi paltarı ilə Qandi geri qalmış bir hind bədəvisi deyil. Əksinə o Şekspir oxuyan ingilis təqlidçisi bir  centlmendən və intellektual hindlilərdən daha mütərəqqi və mədənidir.

" Özə dönüş"

***

Yoxsa İsrail, ikinci dünya müharibəsində kapitalizmlə kommunizmin zinasından doğulmuş qeyri-qanuni uşaq deyil?!

" Özə dönüş"

***

Hicrət bir qaçış deyil. Əksinə kafirlərə və zalımlara verilmiş haqqlarımızı geri almaq,  mübarizə üçün hazırlaşmaqdır. Yəni geri dönüş və hesab sormaq hərəkətidir Hicrət!

"Hər hicrət bir inqilabdır"

***

Hər cür təhqirə, xarlığa səssiz qalanlar yaşadıqca tarixin sönük və xar ölüləri olmağa məhkumdurlar. Bir baxın! Bu gün, qaça biləcəkləri yüzlərlə sığınacaq, sığına biləcəkləri yüzlərlə şəri hökm varkən Hüseynlə birlikdə ölümü seçənlər YAŞAYIR,  yoxsa Hüseyni tək qoyub, Yezid qarşısında susmağı seçənlər? Hələ də diri olanlar kimlərdi???

"Qan və Şəhadət"

***

Təəccüb edirəm bir xalqa ki, özləri zülm qamçısı altında yaşayırlar, lakin azad yaşayıb, azad ölən Hüseyinə (ə) ağlayırlar!

***

Salam sənə ey Allahın seçilmiş qulu olan Adəmin varisi!
Salam sənə ey Allahın peyğəmbəri olan Nuhun varisi!
Salam sənə ey Allahın dostu olan İbrahimin varisi!
Salam sənə ey Allahın ruhu olan İsanın varisi!
Salam sənə ey Əlinin varisi, Allahın vəlisi!

Qəribədir! Kərbəla səhnəsi birdənbirə gözlərimin önündə yer üzü genişliyində yayıldı; Hüseyinin əmrində, Fərat sahilində durmuş, yetmiş iki nəfərlik bir sıra tarix boyunca uzandı. Başı, Adəm ilə başlayan və sonu axır zamana qədər, tarixin sonunadək davam edən bir sıra.

Hüseyn, Yezidin içki içməsi və alçaqlıq etməsi səbəbi ilə onunla savaşa qalxmış ve bu acı olaya başlanğıc vermiş bir siyasətçi deyil. O, Adəmdən etibarən əldən ələ dolaşıb insanlığın əlinə keçən və indi də Hüseynin əlində olan al bir bayrağın varisidir. Hüseyin də, "Hər ay Məhərrəm, hər gün Aşura və hər yer Kərbəla" şüarıyla bu bayrağı əldən ələ əmanət verərək, insanların rəhbərlərinə və insanlıq tarixində ədalətin yanında olan bütün azad insanlara təhvil veribdir. O ölümə və bayrağı bütün nəsillərə ötürmək üçün gettiyi bu son anda gələcək əsrlərə hayqırır:

"Mənə kömək edəcək biri varmı?"

"Hüseyin, Adəmin varisi"

***

Qardaşlar ve bacılar!
Artıq şəhidlər ölüblər və biz ölülər diriyik. Şəhidlər sözlərini deyiblər və biz karlar onların dinləyicisiyik. "Diri" qalmaq mümkün olmadıqda ölümü seçməyə cəsarəti çatanlar getdiər və biz həyasızlar qaldıq... və əsrlərdir ki, qalmışıq. Gərək dünya bizə gülsün. Gülsün ki, zillət və xarlıq nümunəsi olan bizlər izzət və həyat nümunəsi olan Hüseyn və Zeynəbə ağlayırıq. Və bu tarixin başqa bir zülmüdür ki, bizim kimi xar və kiçik olanlar, o uca şəxslərə əza, matəm saxlayır.

***

Dərd, rahatlıq üçün çalışan insanla, kamillik üçün yaşayan insan arasıdındakı sərhəddi müəyyənləşdirir.

***

Mənim üçün millət, yalnız eyni bir dərdi olan insanlar toplusudur.

***

Əksər insanlar ölümlərindən qabaq ölürlər. Çox az insanların hər iki ölümü bir olur.

***

Əgər Haqq və batil səhnəsində yoxsansa, harada olursan, ol. İstər namaz üçün qalx, istər şərab üçün otur. Hər ikisi birdir.

***

Ey Həcc zamanı fikri çiynində qalan ata! Xəbərin varmı ki, səndən azca aralı bir məmləkətdə yəhudilər sənin əqidə qardaşlarının evlərinə girir, namuslarına təcavüz edir, evlərini partladırlar. Sən isə heç «son xəbərlər»lə də maraqlanmırsan!
Sənin bəhanələrin budur: Biz nə edək axı? Hər kəs özünü xilas etməlidir! Özünü islah et! Biz nə bilirik beynəlxalq siyasət nədir? Kim bilir ki, sünni fələstinlilər pisdir, yoxsa yəhudilər? Gör, ərəb filmlərində hansı əxlaqsızlıqlar var! Cəzalarıdır, qoy çəksinlər! Onlar şiə deyil!


"Ey ata,ey ana , biz müttəhimik."

***

"Mehrab"ın lüğət mənasının nə olduğunu bilirsən?... "hərb" (müharibə, döyüş) Yəni döyüş səhnəsi! Necə də düşündürücü...!


***

Şiə olmağın məsuliyyəti nə deməkdir?
Azad insan olmağın məsuliyyəti nə deməkdir?
İnsan bilməlidir ki, bütün tarixdə, bütün zamanlar və bütün məkanlarda baş verən savaşda ( ki, bütün səhnələr kərbəla, bütün aylar məhərrəm və bütün günlər aşuradır...) gərək seçim etsin:
Ya qanı, ya sözü; ya Hüseyin olmağı, ya da Zeynəb;
Ya o cür ölməyi, ya da bu cür qalmağı.

"Hüseyn Adəmin varisi"


***

Dostalar!!!
Çox pis fəsildə yaşayırıq və mənim bütün ümidim və imanım sizə, azad düşüncəli və agah cavanlaradır. Hər halda o şəxslər ki, harasa çatıblar: elmləri var, ictimai nüfuzları var, pulları var, məqamları var, bu şəxslərin məsulliyyətləri əllərində olanları qorumaqdan artıq deyil.
Lakin, hələ də məhrumluq nemətinə malik olan sizlər, itirilən və unudulanları xilas etmək üçün bəlkə nəsə edə biləsiniz...


***

Gedənlər Hüseyin kimi etdilər,
Qalanlarsa Zeynəb kmi etməlidirlər,
Əks halda Yezid kimi ediblər!

***

Batili məhv etmək olmursa, onu rüsvay etmək olar, əgər haqqı bərpa etmək olmursa, onu sübut etmək, zamana tanıtdırmaq və diri saxlamaq olar!

***

Heç bir tarix İslam qədər ağrılı və qəribə deyil. Çöldə düşmənə daim qalib gəlmiş və evdə tanışa daim məğlub olmuş din! Kim bunu asanlıqla təsəvvür edə bilər ki, İslamın həqiqi rəhbərlərinin hamısı islamın yalnçı rəhbərləri tərəfindən ya zəhərləniblər ya da qətlə yetiriblər?!
Şiənin talehi İslamın ruhunun talehidir.
Öz cisminə qurban verilmiş ruh! 
Məhəmməd ailəsi məscid tikənlərin, din yolunda cihada qalxanların, islam fatehlərinin, dünyada Quranın rəsmi toplayıcıları və mübəlliğlərinin hakimiyyəti zamanı, üzərinə cihad ayələri və tövhid şüarları yazılmış qılınclarla şəhid edildilər!
Bunu kim bilmir ki, İslamı Rüstəm Fərəxzadın silahı deyil, Əbu Hüreyrənin rəvayətləri, Kəbul-əhbarın, Əbu Musa Əşərinin, tanınmış ariflərin və peyğəmbər xəlifələrinin fətvaları bu gün gördüyümüz hala qoydu?! 
Və heç bir tarix İslam qədər öz təkrarı olmayıb. İndi də əvvəldəki kimi və daha ağrılıdır! 


"Nə etməli?"

***

İkinci hissə

Marksizmə könül vermiş biri müzakirəyə başlamaq istədi. "Kamil İnsan" düşüncəsini rədd etmək üçün dəridən-qabığdan çıxırdı. Mən içimdən onun rəftarına gülərkən, məzlum rəhbərinin halına  da (Karl
Marks) acıdım.
Çünki bir rəhbər üçün fanatik və ağılsız bir müriddənn daha təhlükəli, üzücü və silahlı düşmən yoxdur.

"Özə dönüş"       

***

Quranı yox edə bilməyiblər, lakin bağlayıblar.
"Kitab"ı "təbərrük edici əşya" halına gətiriblər.
Onu yenidən "kitab" edək, "çox oxunan Kitab"!
Necə ki, "Quran", "çox oxunan kitab" deməkdir.

"Həcc"

***

Quran, xüsusi bir məbədin, kilsənin, mehrabın, mollanın inhisarında  deyil, hər kəsin iradəsi və ixtiyarındadır, hər kəsin çata biləcəyi yerdədir. Hər ailənin, ən azından bir nüsxəsi varıdır. Quran hər kəsin oxuyub araşdırdığı bir kitabdır. İslamda təhsil və tədris, digər dinlərin əksinə ruhaniyyət inhisarında olmayıb.

"Dinlər tarixi"

***

Insanlığa xas biliyi xalqa kim verə bilər?
Bir xalqın qəmli, susqun, qəbiristanlığa çevrilmiş vücuduna bu ruhu üfləyəcək hansı İsrafildir?
Şübhəsiz ziyalı!
İslamdakı "Xatəmiyyət" (sonunculuq) anlayışından mən bu mənanı çıxarış edirəm:
Son peyğəmbər Məhəmmədə (s) qədər peyğəmbərlərin yükləndiyi və xalqlara çatdırdığı mesajı, bundan sonra davam etdirəcək və bu yüklə yüklənəcək şəxs ziyalılardır!

 

"Xidmət və islah"

***

Ziyalı, heç bir təhsili olmasa belə, anlayışı və şüuru çox yüksək olan şəxsə deyilir.

"Nə etməli?"

***

Bizim təhsillilərimiz, xüsusilə də xaricdən  gələn tələbələrimiz "Mən nə hədiyyə gətirdim, xalq nə deyəcək?" düşüncəsində olmamalıdırlar. Əksinə "Dərdə dərman olacaq ən yaxşı hansı hədiyyəni götürməliyik ki, xalqa da bir faydası olsun?" deyə düşünməlidirlər. "

***

İmperializmin ovlayacağı insanları, yəni'' öz fərmanı'' na itaətkar və istehlakçı etmək istədiyi insanları necə ''assimilyasiya'' etdiyini və Asiya ilə Afrika ölkələrində ziyalı hazırlama üslubunun necə müəmma olmasını  bilmək lazımdır. 

***

Quran Tövratın ictimailiyinə və İncilin ruhaniyyətinə malikdir. Məhəmməd (s) eyni zamanda həm azadlığın mücahid Musası həm də ruhun və eşqin İsasıdır. Mədinə, silahın və gücün Bizansı, fəlsəfənin və düşüncənin Atinasıdır. Məscid, həm ibadət kilsəsi, həm şura, həm də elm akademiyasıdır. Əlİ, eyni zamanda bir işçi, siyasi bir lider, hərbi bir qəhrəman, təqva sahibi bir arif və nəhayət gözəl sözlü bir natiq, müdrik bir mütəfəkkirdir; əziyyət, səbir, sükut və sevgi adamıdır.

 "Biz və İqbal"

***

Allahın elçisi belə buyurdu: "Lənət olsun qızıla, lənət olsun gümüşə." 
Bu sözlər sizə necə ağır gəldisə, Peyğəmbərin dostlarına da çətin gəldi və bir-birlərindən soruşdular: "Bəs nə yığaq?" 
Sevgili Peyğəmbər cavab verdi: "Dua edəcək bir dil, şükr edəcək bir könül və imanda sizə köməkçi olacaq həyat yoldaşı" 

"Əbuzər"

***

20- ci əsrin filosofları kimlərdir? Haydigger, Yaspers, Sartr, Markuz, Aleksis Karl. Bunlar iyirminci əsrin məhşur filosoflarıdır.
Onların fəlsəfələrinin və fəlsəfi məktəblərinin kökündə duran ən əsas məsələ insan adlı müəmmanın kəşfidir. 
Nə üçün 20- ci əsrdə ötən əsrlərin əksinə olaraq ən həssas məsələ insan həqiqətinin aşkarlanması, vəsf olunmasıdır? Və nə üçün 20- ci əsrin ən böyük sirri və müəmması insanın özünün tanınmamasıdır? Nə üçün Haydigger və Sartır ekzistensializimi, əsasən insanın həqiqi mənasının vəsfi əsasında qurulub; nə üçün Aleksis Karl bütün işini insanın tanınması və insanşünaslıq adlı elmin hazırlanmasına sərf edir və onun ən böyük əsərinin adı "insan, bu müəmma" adlanır. İnsan, bu "müəmma", bu "tanınmamış"; burası çox düşündürücüdür ki, Aleksis Karl kimi bir şəxs, fiziologiya və damarların peyvəndində nobel mükafatı almış bir şəxs, dünyada ilk dəfə olaraq Rockefellər müəssisəsində insanşünaslıq fakültəsini yaradan, insan elmini təyin edən bir şəxsin bütün elmi və fəlsəfi araşdırmalarının nəticəsi bu başlıq altında yazılır; "İnsan! Tanınmaz varlıq!!!"

"Müasir insanın ehtiyacları"

***

Həzrət ƏLİ, Əli Şəriətinin diliylə:
-Əli, əfsanələrə bənzər bir həqiqət!
-ƏLİ, bir insan formasında zahir olmuş ən aşkar həqiqət və ən mütərəqqi məktəbdir. 
-Biz həmişə qələbəni qələbədə görürdük, lakin Əli (ə) bizə məğlubiyyətdə qələbəni öyrətdi.
-Kəlmələrlə Əlidən danışmaq olarmı?! Əlidən nələr danışdığını eşitmək üçün "sükuta" qulaq asmaq lazımdır. O Əliyə ən yaxın olub!
-Həzrət Əlinin ən mənalı cümləsi:
Əlinin ən böyük sözü iyirmi illik sükutudur. 

-Əlinin ağrısı iki cürdür: İbn Mülcəmin zərbəsiylə başının yarılmasından olan ağrı. Digər ağrı onu sönük gecələrdə, tənha , Mədinənin ətrafındakı xurmalıqlara aparıb, ah-nalə etdirən ağrıdır. Biz yalnız İbn Mülcəmin zərbəsindən yaranmış ağrıya ağlayırıq. Lakin Əlinin ağrısı bu deyil. Belə əzəmətli ruhu ah-naləyə salan tənhalıqdır ki, biz onu tanımırıq.
Gərək bu ağrını tanıyaq, o ağrını yox, çünki Əli qılınc ağrısını hiss etmir.
Və biz Əlinin ağrısını! 

***

Peyğəmbər dünyadan köçənə qədər bir gün belə iki növ yeməklə qarınını doyurmadı. Xurma tapdığı gün, çörək tapa bilmirdi. Peyğəmbərin ailəsi heç bir zaman üç gün üst-üstə səhər və axşam arpa çörəyinə belə doymadı. Bəzən aylarla Peyğəmbərin evində yemək bişirmək üçün od qalanmırdı. 
Allah Elçisi belə buyururdu: 
-İnsanoğlu mədəsindən daha pis bir qab doldurmamışdır. İnsana əlindəki yemək yetər. 
-Çox yeməkdən qaçın. Çünki namazda sizi tənbəlləşdirər, bədəninizi məhv edər və pis xəstəliklərə düçar edər. 

"Əbuzər"

***

İslamın Rəbbi, yalnız bir inasnı Öz xüsusi evində, Kəbədə dəfn üçün seçmişdir. Kimdi O? 
Bir qadın, bir kölə, Hacər! 
... 
Bəli, bu məktəbdə belə inqilablar reallaşır. 
Bu dində qadınlar belə azadlaşır. 

" Qadın"

***

Hər bir insan özünün varlığını ətrafa bəyan etmək üçün daima diqqət mərkəzində qalmaq istəyir, bu çox normal bir düşüncədir, hətta uşaqlar belə onlara diqqət və qayğı göstərilməyəndə ağlayır, qışqırır ən son halda haranısa bulayır, nəyisə sındırırlar. Çünki əlindən başqa bir iş gəlmir, varlığını göstərmək üçün əlindən başqa bir şey gəlmir. Əgər bir qadının  vücud gözəlliyindən başqa heçnəyi yoxdursa, ən son halda varlığını bədənini göstərməklə isbat etməyə çalışacaq. Ona görə də qadınlar maariflənməli, təhsil almalı və özlərininin varlıqlarını isbat etmək üçün yeni bacarıqlarını kəşf etməlidirlər. Düşüncə gözəlliyi olan qadın bədən gözəlliyini nümayiş etdirməyə çalışmır. 

***

Bir də Arxeologiya elmi var, amma bizdə daha çox arxaik(köhnəlmiş) sözlərin araşdırılması "elmi" var. Ziya Gökalp adlı birisi deyirdi ki, "Bütün mədəniyyətlər Aralıq dənizi ətrafındakı Türk irqindən doğulmuşdur, bütün insanlığın dilləri Türk dilindən yaranıb". Fars filoloqları da "Ərəbin dili yoxdur, farslar onlara danışmaq öyrətdilər" deyirdilər. Bu da bizim "alim"lərimiz(!) Beləcə özlərini və köklərini söz oyunu ilə tanımağa çalışırdılar.


"Dinlər tarixi"

***

Onlar fırıldaqçı Freydin ideyalarını az qala din səviyyəsində təqdim edirlər. Bu gün "izm"lərə bir "izm" də qoşulub - Freydizm! Nəticə bu oyunların ilk qurbanları qadınlar oldu...

***

Elə bir dövrdə yaşayırıq ki, fikirlər şikəst, şəxsiyyətlər satılmış, vəfalılar tənha, əxlaqlılar guşənişin, cavanlar ya məyus, ya satılmış, ya da azğın, keçmişdəkilər, keçmiş böyüklər ya şəhid, ya da satılmışlar. Elə bir əsrdir ki, artıq kütlələr arasında heç bir avaz, heç bir səs yüksəlmir, qələmlər qırılıb, dillər kəsilib, dodaqlar tikilib və bütün həqiqət qalaları sadiq ardıcıllarının başına uçurulub.

***

Mən öz dinimi, öz ədəbiyyatımı, öz duyğularımı, kədər və iztirablarımı, dərdlərimi və ehtiyaclarımı düşündüyüm zaman, gerçəkdə özümü düşünürəm. Mənim fərdi deyil, ictimai və tarixi özüm bu mədəniyyətin doğulub ortaya çıxdığı qaynaqdır. Bu səbəbdən mədəniyyət mənim cəmiyyətimin, tarixin varlığı olan quruluşun təcəllisidir, əks olunmasıdır; lakin xüsusi şərtləri olan özünə xas tarixi dövrdə iştirak edən, fərqli mənşəyi olan, maddi, iqtisadi və ictimai quruluşun meydana gətirdiyi xüsusi dərdlərə, düşüncələrə, anlayış və meyllərə alışmış bir cəmiyyətdə bir sıra saxta taktikalar, o cəmiyyətin mədəniyyətini zehnindən silir. Sonra başqa bir zamana və tarixi dövrə, başqa bir iqtisadi sistemə, başqa sosial və siyasi bağlara aid olan mədəniyyəti mənim mədəniyyətimin yerinə yerləşdirir. Artıq mən özümü düşünmək istədiyim zaman, başqa bir cəmiyyətin mədəniyyətini öz mədəniyyətim olaraq düşünürəm, o zaman özümə aid olmayan dərdlərə həmsöhbət oluram. Mənim mədəni, fəlsəfi və ictimai həqiqətimlə uyğunlaşmayan problemlərdən ötəri fəryad edirəm. Nəticədə o cəmiyyətə və o cəmiyyətin sosial, iqtisadi, siyasi və tarixi şərtlərinə aid olan, lakin mənə aid olmayan ideallar və iztirablarla qarşılaşıram. O dərdləri, iztirab və idealları öz dərd, iztirab və ideallarım olaraq görməyə başlayıram.

"Özü olmayan insan"

***

Əli başqa bir Məhəmməddir. Qəribədir, Məhəmmədi Əlinin simasında daha aşkar görmək olur!
Qılıncından ölüm, dilindən şer yağır. 
Həm biliyin gözəlliyini, həm də Allahın gözəlliyini tanıyır;
Həm düşüncə yüksəlişlərini, həm sevgi döyüntülərini...
Döyüşdə qəzəblə düşməni qana bürüyür,
mehrab xəlvətində sükuta qərq olur.
Dantenin Virgili, Firdosinin Rüstəmi, Mövlanənin Şəmsidir və...

Nə deyirəm?!
Sözlərlə Əlidən danışmaq olarmı?! Onun nə dediyini eşitmək üçün sükuta qulaq asmaq lazımdır. O, Əliyə daha yaxın olub! 

"İslamşünaslıq"

***

Daim qorxum bu olub ki, bu qısa və uca həyat fürsətində , xoşbəxtlik, aramlıq və ləzzəti əzəmət, üsyan və təfəkkür ilə dəyişməkdə zərrə qədər tərəddüd edən kimlərisə bir an belə mədh etmiş olum!

***



  İrəli
Go to TOP