A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: EŞQ QİBLƏSİ KƏRBƏLA
Müəllif: İlqar İbrahimoğlu
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Aşuradan sonra ilk etirazlar başlayır

Məhərrəmin on birinci günü baş verən ikinci önəmli hadisə - Ubeydullah ibni Ziyadın (lən) məclis qurması və Əhli-beyti (ə) həmin məclisə daxil etməsidir. Məhərrəmin on birində Ömər Səd (lən) İmamın (ə) mübarək başını ibni Ziyada (lən) göndərir. Bu münasibətlə ibni Ziyad (lən) məclis qurur, camaatın da iştirakı üçün imkan yaradılır. Əba Əbdillahın (ə) müqəddəs, nurani başı bu məlunun qabağına qoyulur. İbni Ziyad (lən) əlindəki cubuqla Əba Əbdillahın (ə) mübarək başına cürət edir. Bu zaman Zeyd ibni Ərqəm adında bir müsəlman ayağa qalxır və fəryad çəkir. Bu, tarixdə kifayət qədər önəmli səhnələrdən biridir. Zeyd deyir: “Əlindəki çubuqları Hüseynin (ə) dodaqlarından kənara çək. Peyğəmbərin (s) övladını təhqir etmək olmaz. Sən kəsilmiş başına çubuqla vurduğun Hüseynin dodaqlarını Peyğəmbərin (s) dəfələrlə öpdüyünü görmüşəm!”. Sonra isə Zeyd ağlamağa başlayır. İbni Ziyad (lən) hiddətlənərək ona deyir: “Sakit ol! Əgər səhabə olmasaydın, səni yetərincə kötəkləməyə əmr edərdim”.

Amma, Zeyd ibni Ərqəm qorxmur, cəsarətlə ayağa qalxır, fəryad etməyə başlayır: “Ay camaat, Allahdan başqasına bəndəlik etdiniz, Hüseyni (ə) - Fatimənin (ə) övladını öldürüb, Mərcanənin oğlunu özünüzə ağa seçdiniz. Allaha and olsun ki, o, sizin yaxşılarını öldürəcək, pis insanları sizə hakim edəcək, sizi öz quluna çevirəcək”. Sonra üzünü ibni Ziyada (lən) çevirərək deyir: “Ey ibni Ziyad! Peyğəmbərin (s) müsəlmanlara dönə-dönə tapşırdığı əmanətlə gör necə rəftar etdin”.

Məhərrəm ayının on birində görürük ki, artıq etirazların ilkinləri başlanır. Yezid (lən) artıq öz cinayətlərini elə rahatlıqla davam etdirə bilmir.

Kərbəla şəhidlərinin pak cənazələrinin dəfn olunması

Məhərrəm ayının on ikinci günü də bir neçə mühüm hadisələr baş verir. Bunların birincisi Kərbəla şəhidlərinin dəfnidir. İkincisi isə, Kərbəla əsirlərinin Kufəyə daxil olmasıdır. Bəni-Əsəd qəbiləsindən olan bir qisim insanlar İmam Hüseyn (ə) və onun əshabının pak bədənlərini dəfn etmək üçün Kərbəlaya gəlir. Bədənlər başsız və çoxunun qılınc zərbələri ilə parça-parça olduğu üçün tanınması mümkün olmur. Bəni-Əsəddən gələn insanlar bu mənzərəni görəndə heyrətə gəlirlər. Bu zaman Həzrət İmam Səccad (ə) İlahi bir lütf ilə oraya təşrif gətirir və bədənlərin kimliyini bir-bir onlara tanıtdırır. Həzrət İmam Səccad (ə) əziz atası İmam Hüseynin (ə) pak cəsədini hönkür-hönkür ağlayaraq özü dəfn edir. Sonra qəbrin üzərində bu sözləri yazır: “Bu məzar - susuz və qərib halda qətlə yetirilən Hüseyn ibn Əli ibn Əbu Talibindir (ə)”.

Əsirlər karvanı ilk dəfə Kufədə Yezid (lən) zülmünü ifşa edir

Məhərrəm ayının on ikinci günü üçün çox önəmli olan digər bir hadisə - Kərbəla əsirlərinin Kufəyə daxil olmasıdır. Hicri təqvimi ilə 61-ci il Məhərrəm ayının 12-də sübh vaxtı Əhli-beyt (ə) əsirləri Kufəyə daxil olurlar. Şəhidlərin müqəddəs başlarını onların qarşısında tərpədib hərəkət etdirirlər. O karvanı şəhərin bütün küçə və bazarlarında dolandırırlar. Rəvayətçi bu hadisənin bir bölümünü belə nəql edir: “Gördüm ki, Kufə camaatı ac halda oturan cocuqlara çörək və xurma verirdilər. O zaman Həzrət Ummi Gülsüm (s.ə) bu mənzərəni müşahidə etdikdə fəryad çəkir: “Ey Kufə camaatı! Bizim sülaləyə sədəqə haramdır!”. Çörək və xurmanı uşaqların əlindən alıb qaytarır. Kişi və qadınların səsləri ucalanda Həzrət Ummi Gülsüm (s.ə) yenə də buyurur: “Ey Kufə camaatı! Kişiləriniz bizi öldürür, qadınlarınızı isə bizə ağlayır. Allah Qiyamət günü bizimlə sizin aranızda hökm edəcək!”. Bu zaman artıq Həzrət Zeynəb (s.ə), Həzrət Ummi Gülsüm (s.ə) və Həzrət İmam Zeynəlabidininin (ə) hər biri ayrıca çıxışlarla onlara xitab edirlər. Bu çıxışlarda Əhli-beytin (ə) fəzilətlərindən əlavə olaraq, İmam Hüseynin (ə) və onun əshabının məzlumluğunu, kufəlilərin vəfasızlığını və beyəti sındırmaqlarını xatırladırlar. Yezidin (lən) bu zülmünü və zülmani hökumətini ifşa edirlər.

Kufəlilər insanların ikiləşməsi fenomenini ortalığa çıxarır

Çox ağrılı məsələdir. Bəzən insanlar bir tərəfdən cinayət edirlər, digər tərəfdən ağlayırlar. Bir tərəfdən zülmü edirlər, zülmü yaşadırlar, digər tərəfdən məzlum olmuşlara ağlayırlar. Günümüz üçün də yayılmış məsələlərdəndir. Nəhayət etibarilə, Aşuranın öyrətdiyi ən önəmli məsələ - insanın şəxsiyyətinin bütövləşməsidir. Kufə camaatı bəşəriyyətə bir mühüm məsələni öyrədir. Bir tərəfdən öldürüblər, digər tərəfdən ağlayırlar. Allah özü müsəlman ümmətini bu ikiləşmə halından qorusun. Mahiyyətcə Məhərrəm ayının on ikinci gününün səciyyəvi xüsusiyyəti bu olur ki, artıq ifşa etmə mərhələsi başlanır. Günbəgün irəli getdikcə, bu, daha da artır və Yezidin (lən) cinayətləri tamamilə ifşa olunur.

Həzrət Səccadın (ə) Kərbəlanı anlatmaq missiyası

Məhərrəm ayının on ikinci gününün bir tarixi hadisəsi də var ki, bəzi rəvayətlərə görə, Həzrət İmam Səccadın (ə) şəhadəti bu günə təsadüf edir. İmam Zeynəlabidin (ə) otuz dörd il mübarək İmamlığını (ə) həyata keçirir və nəhayətdə zəhərləndirilərək şəhadət anına gəlib çatır. İmam Səccadla (ə) bağlı incə bir buyuruş var. Ustadlar buyurur ki, Kərbəla və Aşura hadisələrinin, ümumiyyətlə o günlərin ən böyük məzlumlarından biri - Həzrət İmam Səccaddır (ə). Bütün müsibətləri görür, həmin müsibətləri yaşayır, bütün müsibətləri içərisindən keçirir, daha sonra əsir olaraq da bu müsibətləri yaşayır. Sonra da bunu yaşayaraq çatdırmaq və ifşa etmək, insanlara ötürmək missiyası daşıyır. Bu, bir halda baş verir ki, hər zaman Kərbəla yadına düşərkən o müsibəti vücudunda yaşayır...

Kərbəla şəhidlərinin pak qanları olmasaydı...

Məhərrəm-Səfər əyyamının yalnız ilk ongünlüyünün deyil, tam şəkildə yaşadılması həm də Aşuradan sonra baş verən hadisələrə diqqət çəkməyə, onlar barədə xəbərdar olmağa, öyrənməyə imkan verir. Aşuradan sonrakı günlərə nəzər salanda görürük ki, Yezid (lən) və onun tör-töküntülərinin bu mərhələdəki əsas hədəfi - Aşura cinayətindən sonra sağ qalanları da özlərinə tabe etdirmək, etiraz potensialını sındırmaq idi. Aşuradan sonra sağ qalan Əhli-beyt (ə) əsirlərini elə bir hala salmaq istəyirlər ki, onlar təslim olsun, artıq bütün ümidlərini kəssinlər və tabe olduqlarını ifadə etsinlər. Mahiyyətcə Yezid (lən), Həzrət Peyğəmbərin (s) gətirdiyi həqiqi İslamın bununla məhvinə nail olmaq istəyirdi və “Əməvi İslamı” kimi bir hoqqanı bərqərar etmək istəyirdi. Bununla da İslamın bəzi zahiri atributlarından başqa heç bir şey qalmayacaqdı. Necə ki, Qədir-Xumda İmam Əlinin (ə) Peyğəmbər (s) canişini seçilməsi elan olunmasaydı - İslam olmayacaqdı, eləcə də Yezid (lən) öz cinayətlərini hədəfinə çatdıra bilsəydi, mübarək İslam dini - Rəsulallahın (s) gətirdiyi bir din olmayacaqdı. Əba Əbdillah (ə) canını fəda etməsəydi, Kərbəla şəhidləri Allah yolunda öz həyatlarından keçməsəydi, Aşura günü yaşanmasaydı, İslamın mahiyyəti aradan gedəcəkdi. Amma, Kərbəla şəhidlərinin pak qanları İslamı Zəmanə Sahibinin (ə.f) zühuruna qədər olan dönəmə qədər təhvil verir və Zəmanə Sahibinin (ə.f) zühuru ilə, inşəallah, bəşəriyyət İslam ilə öz yekun halına və fəlsəfəsinə gəlib çatacaq.

Aşura həqiqətlərini çatdırma vəzifəsi

Aşura gününün əsr vaxtından sonra yeni bir mərhələ başlayır. Bu, bir mərhələdir ki, Həzrət İmam Hüseyn (ə) öz İlahi vəzifəsini ən böyük şərafətlə icra edib. Öz missiyasını qurtarıb. Öz əziz məsləkdaşları ilə birgə, öz əziz vücudunu Allah yolunda qurban verib. Artıq yeni bir mərhələdir. Pak qanlar axıb, qurbanlar verilib, vücudi səhnələr yaradılıb. Bütün varlıq aləmini lərzəyə gətirən, vəcdə gətirən bir səhnələr. Əsri-Aşura – Kərbəlada baş verənlərin zirvəsidir, pik nöqtəsidir.

Bundan sonrakı mərhələdə Əba Əbdillahın (ə) mübarək əhli-beytini Kərbəlada əsir etdi azğın düşmən. İmam Hüseynin (ə) əhli-beyti yeni bir İlahi vəzifəni götürdü çiyinlərinə. Onlar şahididir bu müsibətin. Onlar bu müsibəti dünyaya çatdırmalıdırlar. Onlar səbir, dözüm və dönməzliyin, sınmamağın yeni bir qəhrəmanlıq salnaməsini yazmalıdırlar.

Bu mərhələdə ən əsas nöqtə odur ki, düşmən Kərbəla əsirlərini sındırmaq istəyir. Onları zəlil etmək istəyir. O həddə çatdırmaq istəyir düşmən onları ki, üzülsünlər, mənəvi müqavimət üçün taqətləri qalmasın. Və başda Xanım Zeynəb (s.ə) və İmam Zeynəlabidin (ə) olmaqla, Kərbəla əsirlərinin mühüm missiyası var – olan həqiqətləri bəşəriyyətə çatdırmalıdırlar. Onlar insanları bu cinayətlərdən gərək agah etsinlər.

Onlar insanlara haqqı çatdırmaqla, xəbərdar etməklə, ayıltmaqla yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək vəzifəsini yerinə yetirirlər. Onlar hər fürsətdən, hər əlverişli andan istifadə edirlər ki, Aşura günü yaşanan o həqiqətləri insanlara çatdırsınar. 


İmam Səccad (ə) müsibəti

Burada bir haşiyə çıxaq. Böyük ariflər deyirlər ki, hələ məlum deyil, İmam Hüseynin (ə) çəkdiyi müsibət daha ağırdır, yoxsa İmam Zeynəlabidinin (ə) çəkdiyi müsibət. Belə ki, Kərbəla şəhidləri öz İlahi missiyalarını yerinə yetirib, Allahın rəhmətinə qovuşdular. Amma həyatının 23-cü ilinə qədəm qoyan İmam Əli ibn Hüseyn - İmam Zeynəlabidin (ə), xəstəliyi səbəbindən və imamət xəttinin qorunması barədə atası İmam Hüseynin (ə) tapşırığına əsasən, döyüşdə iştirak etməkdən məhrum oldu. Və bütün bu şəhadət səhnələri onun mübarək gözləri qarşısında baş verdi. Bunu yaşamağın özünün qeyri-mümkün həddində olması bir yana, o Həzrət (ə), İslam düşmənləri tərəfindən əsir götürülməyin olmazın müsibətini də çəkməli idi. Üzərində olan məsuliyyəti – Peyğəmbər (s) əhli-beytindən ibarət olan əsirlər karvanını imkanı daxilində qorumaq da dilə gəlməyən dərəcədə ağır məsuliyyətlərdən biri idi. Və İmam Səccad (ə) əsas missiyasını – Kərbəla həqiqətlərini dünyaya çatdırmaq və İslam düşmənlərini ifşa etmək vəzifəsini də həyata keçirməli idi.

Nə qədər qəlbi sızıldadan bir vəziyyət – həm Əhli-beytin (ə) körpələrinə sahib çıxmaq, onlara nəvaziş etmək, mehribanlıq göstərmək, həm səbir və dözümlülük təcəssümü olmaq, həm də əmr-be-məruf (yaxşılıqlara dəvət etmək) və nəhy-əz-münkər (pisliklərdən çəkindirmək) vəzifəsini yerinə yetimək.

Kufə əhlinə tanıtım

Həzrət Əli ibn Hüseynin - İmam Səccadın (ə) vücudi missiyası ilə daha aydın tanış olmaq üçün bir neçə nöqtəyə toxunaq. Artıq əsirlərin Kufəyə gətirildiyi bir vaxtdır. Bu, həmin Kufədir ki, bir müddət öncə onminlərlə məktub yazıb, İmam Hüseyni (ə) dəvət etmişdilər. Qeyd edək ki, yezid lənətlik Əhli-beyti (ə) zəlil etmək niyyətilə əsirləri şəhərbəşəhər gəzdirib, şənliklər təşkil etmək istəyirdi ki, onları incitsin. Öz uğurları hesab etdikləri o bəşəri cinayəti nümayiş etdirib, lovğalanmaq istəyirdilər. İndi əsirlər Kufəyə daxil olanda, həmin minlərlə kufəlilər çıxıblar ki, onlara tamaşa etsinlər. Və hələlik anlamırlar ki, həmin o dəvət etdikləri Əhli-beytdir (ə) həmin bu əsirlər. Və İmam Səccad (ə) həmin bu camaata buyurur: “Ey Kufə camaatı! Mən - Əlinin (ə) və Fatimənin (s.ə) övladıyam, Peyğəmbərin (s) övladı Əliyəm! Mən – uşaqları öldürülmüş, var-dövləti talan olunmuş, xanədanı əsir alınaraq, qarşınızda saxlanılan İmamın (ə) övladıyam. Siz atama (İmam Hüseynə (ə)) məktub göndərərək, dəvət etdiniz. O sizə tərəf gəldikdə isə, onu öldürdünüz. Ey Kufə camaatı! Sabah, Qiyamət günündə Allahın və Peyğəmbərin (s) cavabını necə verəcəksiniz?! Siz Peyğəmbərinizin hörmətini saxlamadınız. Onun ruhunu incitdiniz. Vay sizin halınıza! Siz çox pis adamlarsınız!”.

Hər söz İmam Səccadın (ə) dilindən çıxdıqca, Kufənin mühiti dəyişirdi. Yezid lənətliyin düzənlədiyi planlar – şənlik etmək, öz cinayətlərini qələbə kimi təqdim edib, camaatı da buna şərik etmək – alt-üst olurdu. Vəziyyət Yezid lənətliyin özünə qarşı işləməyə başlamışdı. 


İbn Ziyadın zəlil edilməsi səhnəsi

Digər səhnəyə toxunaq. Yezidin (lən) Kufədə vali qoyduğu lənətlik İbn Ziyadın məmurları ona çatdırırlar ki, Kufədə ab-hava dəyişir. İbn Ziyad da deyir ki, yəqin saraya gəlib, burada bir təmtəraq görəndə sarsılarlar, məğlubiyyətlərini qəbul edərlər. İndi təsəvvür edək, nə qədər cəmiyyət yığılıb, təmtəraq düzənlənib, hamısı da əsirlərə tamaşa edir. Adət üzrə piyada, səhra-biyaban ilə dincəlmədən gələn, bütün yaxınları öldürülmüş insanlar belə vəziyyətdə necə olarlar? Amma Kərbəla əsirlərinin nəinki bu ab-havadan ruhiyyələri dəyişir, onlar burada bir vüqar, izzət səhnəsi yaradırlar və o qədər izzətlə, vüqarla daxil olurlar ki, İbn Ziyad lənətlik bu səhnədən qəzəblənir və istəyir onlara hörmətsizlik etsin, amma cəsarəti çatmır.

İmam Səccadın (ə) burada bir buyuruşu olur. Buyurur: “Ey Ziyadın oğlu! Bu gün qüdrət taxtında oturubsan, Peyğəmbərin (s) övladları isə qarşında durublar. Ey Ziyadın oğlu, belə güman etmə ki, bizim nəzərimizdə qiymətli bir dəyərin vardır”.

İmam (ə) bu cinayətkara çatdırır ki, harada otursan da, dəyərin yoxdur, Peyğəmbərin (s) Əhli-beytindən (ə) heç bir zaman üstün ola bilməzsən və belə bir işlərlə bizim nəzərimizdə qüdrətli görünmək istəyirsənsə, böyük səhvin var. Zəlillik bizdən tamamilə uzaqdır.

O qədər təsir edir ibn Ziyada bu bir neçə kəlmə söz ki, çox narahat olur və hətta əmr verir ki, İmamı (ə) qətlə yetirsinlər. Amma əsirlərin – neçə müddət məhrumiyyətlər içində piyada yol gedən və olmazın məşəqqətlərə məruz qalmaqlarına baxmayaraq, həqiqi izzət və əzəmətin təcəssümü olan bu müqəddəs insanların təsiri o qədər idi ki, Übeydullah ibn Ziyadın başında olanlar belə, bu təsirin altına düşürlər və cinayətkar valini bu qərardan daşındırırlar.

Amma burada bir səhnə də yaşanır ki, yüzillər sonra da bütün azadxah insanların qanını cuşa gətirir. İmam Səccad (ə) buyurur: “Məni öldürməklə qorxudursan?! Öldürülmək – bizim adətimiz, şəhid olmaq isə - kəramətimizdir”.

Bu bir neçə sözlə İmam (ə) bütün məsələlərin nöqtəsini qoyur. Atası Hüseyn (ə) də, babası Əli (ə) İlahi dəyərlər uğrunda canlarını veriblər. Və İmam Səccad (ə) da hər an buna hazırdır. Və o toplumlar ki, şəhid verməyə, amallar uğrunda həyatlarından belə keçməyə hazır olan oğullar yetişdirir - heç zaman zəlil olmaz. Düşmən nə qədər qüdrətli və güclü görünsə də.

Həyatın hər səhnəsinin qəhrəmanları

İmam Səccadın (ə) mübarək şəxsiyyətini bir qədər yaxından tanımaq üçün, bu Həzrətin (ə) həyatından olan bəzi nümunələrə toxunaq. O cümlədən, İmam Səccadın (ə) alicənablıq və genişqəlbliliklə bağlı qoyduğu irsə nəzər yetirək. Nəql edirlər ki, ömrünün müəyyən vaxtında İmam (ə) həccə gedirmiş. Amma istəmirmiş ki, onu tanısınlar və buna görə özgə bir karvana qatılaraq, yol gedir. Uzun yoldur, İmam (ə) çalışır öz səfər yoldaşları olan zəvvarlara xidmət etsin, onlara qarşı çox diqqətli olur. Yolun yarısında karvana bir nəfər qoşulur ki, İmam Səccadı (ə) görən kimi tanıyır və həmin karvandakılara deyir ki, “sizə xidmət edən bu şəxsi tanıyırsınız?”. Deyirlər: “Xeyr, tanımırıq. Mədinəli bir gəncdir və çox yaxşı bir adamdır”. O adam deyir: “Bəli, tanımırsınız. Tanısaydınız, heç zaman razı olmazdınız ki, o, sizə xidmət etsin”. O adam İmamı (ə) tanıdır ki, bəs, zəmanənin İmamıdır (ə), Həzrət Peyğəmbərin (s) övladıdır, Həzrət Əli (ə) nəvəsi, İmam Hüseynin (ə) oğludur. Bu tanıtmanı eşitcək, zəvvarlar narahat olub, gedirlər İmamın (ə) yanına ki, “Ağa, niyə bizi bu vəziyyətə saldınız? Siz bizə xidmət edəsi adam deyilsiniz. Əyləşin lütfən, biz sizə xidmət edək”, - deyə xahiş edirlər. İmam (ə) cavab verir ki, məhz elə ona görə tanımadığı karvanla getdi ki, zəvvarlara xidmət etmək, yoldaşlıq etmək imkanı olsun.

Hər addımları əxlaq dərsi və ibrətdir əziz İmamlarımızın (ə)! Əməldə təzahür edilən bir dərs. Bu dəyərli insanlar yalnız Aşuranın və Aşuradan sonra yox, həyatın hər bir səhnəsinin qəhrəmanıdırlar.

Təbərrük üçün İmamın (ə) həyatı boyunca Aşuranı necə yad etməsinə də toxunaq. Deyirlər ki, İmam Səccad (ə) su içmək istəyərkən, gözü suya sataşdıqda, mübarək gözlərindən yaş süzülməyə başlayırdı. Bunun səbəbini soruşanda, buyurardı: “Yezid lənətliyin adamları suyu vəhşi və yırtıcı heyvanlar üçün azad qoyub, amma atamın üzünə bağladıqları (və onu susuz qoyduqları) bir halda, mən necə ağlamayım?!”.

İmam Səccad (ə) buyurardı: “Həzrət Fatimənin (s.ə) balalarının ölümü yadıma düşərkən, qəhər məni boğur”.

Bir gün İmama (ə) deyirlər: “Sizin qəm-qüssəniz qurtarmaq bilmir”. İmam Səccad (ə) cavab verir: “Vay olsun sənə! 12 oğlundan biri itmiş Yəqub peyğəmbər (Həzrət Yusifin əhvalatına işarədir) öz oğlunun ayrılığına o qədər ağladı ki, gözü kor oldu. Qəm-qüssəsinin çoxluğundan beli büküldü. Halbuki, oğlu sağ idi (yəni onu tapmaqdan ümidini tam üzməmişdi). Amma mən bədənləri bir-birinin yanında yerə düşmüş atamın, qardaşımın, əmimin və əhli-beytdən 17 nəfərin öldürülməsini öz gözlərimlə gördüm. Bu halda mənim qəm-qüssəm heç qurtararmı?!”.

İmam Səccad (ə) Allaha münacatla bağlı, dua mədəniyyəti ilə bağlı zəngin bir irs qoymuşdur. O Həzrətin “Səhifəyi-Səccadə”si hər zaman təravətli olan bir münacat toplusudur. 

 

Cinayətləri ört-basdır etmək cəhdi

Qeyd etdiyimiz kimi, Kərbəla cinayətlərində öz hədəfinə çata bilməyən Yezid (lən), bu cinayətlərdən sonra da öz hədəflərinə çata bilməyib. Bunun bariz nümunəsini biz Kərbəlanın əsirlər karvanında olan Əhli-beytin (ə) davranışlarında görürük. İmam Hüseynin (ə) Əhli-beyti (ə) Aşuradan sonra zülmün evini ifşa etmək, zülmün sütunlarını sarsıtmaq, Yezidin (lən) bu cinayətlərini insanlara çatdırmaq missiyasını böyük şərəflə yerinə yetirir. Belə səhnələrdən biri - Məhərrəm ayının 13-də Əhli-beyt (ə) əsirlərinin gətirildiyi İbn Ziyad (lən) sarayında yaşanır. Əhli-beytin (ə) əsirləri saraya daxil olur və Xanım Zeynəb (s.ə) da həmin əsirlərin arasında olur. İbni Ziyad (lən) özünün cinayətkar misssiyasını yerinə yetirməyə başlayır. İbn Ziyad (lən) deyir: “Allaha şükür ki, sizi rüsvay edib öldürdü və sizin dedikləriniz yalan çıxdı”. Diqqət etsək görərik ki, bu məlun, bu kafir Allah sözünü işlədir. Bunlar toplumun, kütlənin illərlə yaşadığı müsəlman kimliyindən bəhrələnirlər. Mahiyyətcə, etdikləri cinayəti ört-basdır etmək üçün Allahın mübarək adından istifadə edirlər. İnsanların anladığı bir dildə danışırlar. Törətdikləri cinayətlərin Allahın razılığı ilə baş verməsini iddia edirlər. Həyasızcasına deyirlər ki, “Aşuranın olmasını Allah lazım bildi, belə də oldu” (nəuzibillah!). Təbii ki, məlunun bu hiylələri ifşa olunur. Və bu səhnələrdən başlayaraq, həm də İslam tarixində ilk dəfə cinayəti edənlər öz günahlarını kənara qoymağa, cəbriliyi gündəmə gətirməyə cəhd edirlər.

Xanım Zeynəb (s.ə) Əhli-beytin (ə) məqamını xatırladır

İbn Ziyadın (lən) cavabında Xanım Zeynəb (s.ə) buyurur: “Allaha şükür ki, bizi öz Peyğəmbəri Muhəmmədlə (s) əziz edib, pisliklərdən pakladı. Fasiq rüsvay olur, günahkarlar yalan danışır. Və biz o şəxs deyilik, başqasıdır”. Burada Xanım Zeynəb (s.ə) bir neçə mesaj vermiş olur. Birincisi, orada toplaşan insanlar da müsəlmanlardır, Quran oxuyanlardır. Onlara Quranın Əhli-beyt (ə) haqqında ayəsini xatırladır. Əhli-beytin (ə) dərəcəsini, mübarəkliyini, paklanmış olmalarını xatırladır. Ardınca onların deyil, fasiqin, ibn ziyadların (lən) rüsvay olduğunu çatdırır. Əhli-beytin (ə) deyil, günah sahiblərinin yalan danışdığını çatdırır. Bildirir ki, sadalanan vəziyyətə düşən onlar deyil, Kərbəlada cinayət törədən yezid (lən) tör-töküntüsüdür.

Əməvilərin İslama cəbrilik gətirmək cəhdləri

İbn Ziyad (lən) yenə də öz cinayətkar çıxışına davam edir: “Allahın qardaşınla və Əhli-beytinlə (ə) etdiyini necə görürsən?”. Yenə də öz cinayətlərinin Allahın üzərinə qoyulmasına cəhd edildiyini görürük. Bununla bu virusu avamların beyninə da salmağa, öz cinayətlərini pərdələməyə çalışır. Həzrət Zeynəb (s.ə) isə öz cavabı ilə onların bütün dediklərini, bütün murdarlıqlarını faş edir: “Allah tərəfindən gözəllikdən başqa bir şey görmədim. Onlar bir dəstə şəxs idi ki, Allah onlar üçün şəhadəti qərar vermişdi və onlar əbədi yerləri üçün tələsdilər və orada uyudular”. İslamın gerçək məntiqi ilə İslama xurafatı, cəbriliyi salmaq cəhdlərinin qarşıdurmasını bu dialoqda görürük.

Məhərrəm ayının on üçüncü günündə Ubeydullah ibni Ziyad (lən) Yezidə (lən) məktub yazır. Məktubda Aşuranın yekunlarını çatdırır. Məktubun cavabında artıq Həzrət İmam Hüseyn (ə) və digər şəhidlərinin başlarını əsirlərlə birlikdə Şama tərəf gətirmək göstərişi verilir. Beləliklə, bu məktubun cavabı olaraq Şama doğru hərkət etmək əmri verilir. Səfər ayının birinci günü Əhli-beytin (ə) əsirləri Şama daxil olur və burada bir sıra önəmli hadisələr baş verir.

Şam əhli və günümüzdə bunun irsi davamçıları

Şam əhlinə rəsmən bayram etmək tapşırığı verilir. Tapşırıq verilməsi öz yerində, Şam əhli özü də rəsmən bayram edir. Onların halı, durumu bu cürdür. İnsanlar var idi ki, Aşura günü xına vurardılar, bayram ruhiyyəsində olardılar, o günü xüsusi bayram süfrəsi açardılar, bayram orucu tutardılar. Onlar bunu belə çatdırırdılar ki, Allahın düşməni (nəuzibillah!) həmin gün qətlə yetirilib və bu günü bayram edirik. Aşura gününü bayram etmək kimi çirkli ənənə Şamın əhlindən gəlir. Aşura günü bayram etmək rəzilliyi buradan gəlir. Aşura günü bayram etmək - Yezidin (lən) irsindən gəlir. Kimsə həmin gündə bayram etmək istəyirsə, deməli ruhunu ora bağlayır.

Şam səhnələri Peyğəmbər (s) səhabəsinin dili ilə

Əhli-beytin (ə) əsirləri Şama daxil olanda bayraqlar asırlar, şəhəri bəzəyirlər, mənfi mənada xüsusi, iyrənc təmtəraqla buna hazırlaşırlar. Bu tarixdə xüsusi olaraq qeyd də olunur. Həzrət Peyğəmbərin (s) səhabələrindən olan Səhl ibni Səd nəql edir: “Beytul-Müqəddəsə hərəkət edən zaman yolüstü Şama çatdıq. Şəhərə çatan zamanı şəhəri bəzənmiş və şənliyə hazır gördük. Qadınlar təbil və dəflərlə şənliyə tələsirdilər. Elə təsəvvür etdim ki, bu məntəqədə bayram var ki, mənim ondan xəbərim yoxdur. Axtarış və sorğulardan sonra anladım ki, təəssüf, camaatın şənliyinin səbəbi qəlbləri dağlanmış Əhli-beytin (ə) Şama daxil olmasıdır. Alçaq şamlılar məlun Yezidin (lən) göstərişini yerinə yetirməkdə səhlənkarlıq etməmişdilər. Evlərin damlarına rəngarəng bayraqlar sancıb, hər bir keçiddə də şərab məclisi qurmuşdular. Camaat dəstə-dəstə şəhərin darvazasına axışırdı ki, əsirlərin karvanına tamaşa etsinlər. Əhli-beytin (ə) şəhidlərinin müqəddəs başlarını saat darvazasından içəri daxil etdilər. Ən öndə Bəni-Haşimin qəməri – Həzrət Abbas ağanın (ə) başı idi. Başlar arasında Şəhidlər Ağasının (ə) pak başı dodaqlarında təbəssüm olduğu halda, əzəmətli, fövqəladə bir cah-cəlalla gözə dəyirdi. Şərəfli saç-saqqalını külək sağa-sola tərəf tərpədirdi”. Bu, Peyğəmbər (s) səhabəsini dəhşətə gətirən səhnələrdir. Yezid (lən) əmr və göstəriş verib – bu, onun zatından irəli gələn bir işdir. Amma insanların da bu nanəcibliyi etmək tutumları olub.

Şamda çox ibrətli bir səhnə də var. Səhl ibni Səd deyir: “İmam Səccadın (ə) xidmətinə yetişdim. Salam və ədəblə özümü tanıtdım. Həzrət İmam Səccad (ə) mənə buyurdu: “Bacararsansa, atamın başını aparan nizə tutana pul ver ki, onu aramızdan aparsın, Peyğəmbərin (s) həriminə tamaşa edənlərin sayı azalsın””.

Bəli, bu, qeyrətin bir abidəsidir. Bu vəziyyətdə, bu fəlakətdə İslamın daşıyıcısı olan əziz İmam (ə) ona çalışır ki, camaatın dağılışması üçün, xanımlara tamaşa etməməsi üçün əlindən gələni etsin. İslamı başa düşmək üçün bircə bu epizod bəsdir...

ƏRBƏİNİN SEVGİ DƏRSLƏRİ

Bu əyyam bitəndən sonra hərə öz həyatına bir cür davam edəcək. Bir qisim insanlar bu əyyam bitdikdən sonra, həyatlarını diametral surətdə dəyişirlər: gündəlik burulğan onları öz orbitinə çəkir və bir müddətdən sonra, artıq məhərrəmliyin onun ovqatında qoyduğu izlər tədricən silinir. Xoş olsun o insanların halına ki, bu əyyamda duyduqlarını, bu dönəmdə yaşadıqlarını, bu əyyamda əldə əldə etdiklərini qoruyub saxlaya bilr; ilboyu bu haləti yaşada bilr.

Bu əyyam insana çox məsələlər öyrədir. Amma mərkəzi xətt kimi, Kərbəla məktəbində bu dərs keçir: izzəti, ləyaqəti heç zaman, heç bir şəraitdə, heç bir kəsə, heç bir məsələyə görə güzəştə getməmək. Hər zaman, hər şəraitdə və hər vəziyyətdə izzəti qorumaq dərsini keçir. İmam Hüseyn (ə) buna görə həyatından keçib: razı olmayıb o Həzrət (ə) öz izzətini, ləyaqətini heç bir şeyə, o cümlədən, həyatına da belə dəyişməyə.

Bu əyyam insana Aşura məktəbinin müxtəlif çalarlarını, müxtəlif fraqmentlərini öyrədir. İmam Hüseynin (ə) uğrunda vuruşduğu dəyərlər; Əba Əbdillahın (ə) ən ağır vəziyyətlərdə səbirlilik, təvəkkül, iman, şücaət nümayiş etdirməsi; düşmənə qarşı belə rəhimli və şəfqətli olması; hər an Allahla qırılmaz rabitədə olmaq durumu və saysız-hesabsız digər dərslər var burada. Yaxud Xanım Zeynəbin (s.ə) o müsibətli Aşuradan, sonrakı misilsiz ağır imtahanlardan ən yüksək səviyyədə çıxması kimi dərslər var burada. Və bu dərslər nəzəri səciyyəli qalmamalıdır. İnsanın gündəlik həyatında öz real əksini tapmalıdır.

Ərbəin günü



Geri   İrəli
Go to TOP