A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: EŞQ QİBLƏSİ KƏRBƏLA
Müəllif: İlqar İbrahimoğlu
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bu nur hamının üzərinə saçır – istəyənin də, istəməyənin də, axtaranın da, axtarmayanın da. Bir mənəvi süfrə açılır məhərrəm ayı gələndə və hamıya çağırış edilir: “gəl, Hüseyni ol!”, “Gəl Hüseynləş! Gəl, dəxi dilin Hüseynləşsin, gözün Hüseynləşsin, qəlbin Hüseynləşsin!”. Dilin qeybət etməsin, zalıma məddahliq etməsin, yalan danışmasın, haqqı desin. Gözün harama baxmasın; gözün kiçik xəta törədən bacı-qardaşına kinli qəzəblə baxmasın; gözün böyük zülm törədənlərə yaltaqlıqla baxmasın; gözün yetimə baxanda, ahıla baxanda yaşla dolsun. Qulaq haram qəbuledicisinə çevrilməsin. Qulaq haramları qəlbə ötürən zillətlik vasitəsi olmasın. Qəlbin məhəbbətlə dolu olsun – İlahi məhəbbətlə; şəfqət, riqqət, saflıq qəlbdən əskik olmasın. Qəlbdə zalıma hiddət, məzluma dəstəklə yanaşı olsun. Qəlbi elə qidalarla qidalandırmaq lazımdır ki, Hüseyni olsun. Budur məhərrəmliyin hədəfləri. 


4 özəl mübarək xüsusiyyət

Qeyd etdik ötən bəhslərdə ki, insanların pak fitrətində gizli bir İmam Hüseyn (ə) məhəbbəti var. Bu sevgi əsrlərdir ki, insanları Hüseynçi olmağa, İmam Hüseynlə (ə) beyət etməyə gətirib çıxarır. Və bu sevgidir ki, İmam Hüseynin (ə) adı gələndə qəlblərin riqqəti ilə, gözlərin yaşarması ilə təzahür tapır.

Bu məhəbbət ona görədir ki, İmam Hüseynə (ə) məhəbbət – gözəlliklərə məhəbbətdir. Ləyaqətə, izzətə, mərdliyə məhəbbətdir. Dönməzliyə, şücaətə, sədaqətə məhəbbətdir.

Hüseyn (ə) məhəbbətidir insanları gətirir əzadarlıq məclislərinə. Hüseyn (ə) məhəbbətidir insanları vadar edir haqqı deməyə, məzlumun yanında olmağa, rəzalətə “yox” deməyə. İmam Hüseyn (ə) eşqinin bərəkətləridir bunlar. Allah Təaladan istəyimiz budur ki, bu eşqi qəlblərdə daha da şiddətli etsin.

Allah Təala İmam Hüseynin (ə) mübarək şəxsiyyətində özəlliklər müəyyən etmişdir. O Həzrətin (ə) fərdi xüsusiyyət və bərəkətlərindən biri də budur ki, ondan sonrakı 9 İmam (ə) onun nəslindəndir. 4-cü İmam Həzrət Zeynəlabidindən (ə) 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanadək (ə.f.) bütün İmamlar Əba Əbdillahın (ə) övladlarıdır, onun nəslindəndir.

Əba Əbdillahın (ə) türbəti şəfavericilik xüsusiyyətinə malikdir. Onun qübbəsi dualar üçün müstəcəb olan bir məkan verilib Uca Allah tərəfindən. O Həzrəti (ə) ziyarət edənlərin ziyarətə sərf etdiyi vaxt ömürlərindən sayımaz.

İmam Mühəmməd Baqirdən (ə) və İmam Cəfər Sadiqdən (ə) bu məzmunda hədis nəql olunur:“Allah Təala İmam Hüseynin (ə) qətlinin əvəzi olaraq o Həzrətə dörd xüsusiyyət əta etmişdir: birinci - imaməti onun zəriyəsində (nəslində) qərar vermişdir; ikincisi - şəfanı o Həzrətin türbətində qərar vermişdir; ücüncüsü - onun qübbəsinin kənarında və altında dua müstəcəb olar; dördüncüsü - onu ziyarət edənlərin əyyamı ömürlərindən hesab olunmaz”.


Səni tapan nəyi itirmişdir?

İmam Hüseyn (ə) dühasını tanımaq üçün, o Həzrətin (ə) Allah Təala ilə münacatına diqqət edək. Həzrət (ə) dualardan birində buyurur: “Ey Allahım, Səndən başqa bir kimsəni sevməsinlər deyə, Öz dostlarının qəlbindən başqalarının məhəbbətini çıxaran Sənsən! … Səni itirən nəyi tapmışdır? Səni tapan nəyi itirmişdir? Sənin əvəzinə başqası ilə razı olan zərər edib uduzmuşdur”.

Həqiqi məhəbbət 2 ünvanı tanımaz. Bir qəlbdə ki, İlahi məhəbbət var – orada müvvəqətiyə, ötəriyə, dəyərsiz nəsnəyə məhəbbət olmaz. Allah Öz lütf nəzərini salır o insana ki, qəlbində İlahi məhəbbət başqa məhəbbətləri çıxarır.

Bunu bizə öyrədir İmam Hüseyn (ə). Əsl dəyərləri sevmək və dəyəri olmayan bir şeyin qəlbdə bütləşməsinə imkan verməmək. Allahı itirən bütün dünyanı əldə etsə belə, bir şey tapmamışdır – öyrədir bizə İmam Hüseyn (ə). Çünki, Allahı itrən vücudi bədbəxt olar, zəlil olar. Allahı tapanın heç nə itirə bilməməsini öyrədir bizə İmam Hüseyn (ə). Bu adamdan nəyi də alsalar – xeyri yoxdur. Əbəs çalışarlar. O, əsl dəyərə malikdir, nəyi alsalar da, vücudun bir hissəsinə çevrilmiş bir tapıntını almaq iqtidarında deyillər.

O kəs ki, Allahdan başqasının razılığını axtarır – uduzanlardandır. Müvəqqəti, asılı varlıq özünə nə verə bilib ki, başqasına da nə versin?! Çox heyfdir həyat ki, onu belə işlərdə israf edəsən.

İnsan hətta dəyərli keyfiyyətlər sahibi də ola bilər, amma hədəfi düz olmasa, nicat tapmaz.

Burada dəyərli alimlərdən birinin ibrətamiz kəlamını xatırlamaq yerinə düşür. Buyurur: “İnsan şücaətli ola bilər. Amma şücaət öz-özlüyündə kifayət deyil. Bir keyfiyyət var ki, şücaətin yanında olmasa, insan bədbəxt olar. Şücaət o zaman tam olur ki, insanda tədbirlilik də olsun”.

Aşuranı bütün digər qəhrəmanlıqlardan ayıran amil - bu iki xüsusiyyətin yanaşı olmasıdır. Hədəfi bilmək. Hədəfə doğru gedən yolu tanımaq. Bu yolu getməyin üsulunu bilmək.

2 mübarək cəhətin təhlili

İmam Hüseyn (ə) yolunun ən israrlı ardıcıllarından olan, zəmanəmizin vicdanlarından biri olan itkin düşmüş imam Musa Sədrin İmam Hüseynin (ə) mübarək vücudunun sözügedən 2 cəhəti barədə çox dəyərli bir açıqlaması var. O Musa Sədrin ki, azğın düşmən heç cür yolundan döndərə bilmədiyi üçün oğurladı. Bəli, dəyərli islam alimi və mütəfəkkiri imam Musa Sədr, İmam Hüseynin (ə) bu iki mübarək cəhəti haqqında təhlilindən öncə bəzi müqəddimələr buyurur:

- İnsanın təbiətindədir ki, bir işdə irəli getdikcə daha çox alışar və bu işi daha rahat edər (yaxşı işdə də, pis işdə də belədir).

Misal üçün, insan ilk dəfə siqaret çəkir. Acıdır, narahat olur. Amma sonra öyrəşir, hətta bir müddətdən sonra onsuz qala bilmir. Və yaxud, müsbət bir işi götürək - misal üçün, İmam Hüseynin (ə) anım mərasimlərinə getmək kimi. Əvvəl vərdiş etmir, digər işlər buna mane olur. 1-2 dəfə gedir, sonra vərdiş edir. Yaxud, elm ardınca getmək, dərs oxumaq - əvvəl insanın gözünə böyük görünür, vərdiş etdikcə, daha asan olur, sonra tamam rahat olur onunçün. Beləliklə, yaxşı işlərdə də, pis işlərdə də, insan müəyyən əməli yaşatdıqda, nəticədə bu əməl onun naturasının bir hissəsinə çevrilir.

- İkinci müqəddimə ondan ibarətdir ki, hədəfə nisbətdə insanın hərəkət istiqaməti həmin hədəfə yaxınlaşmağın və ya uzaqlaşmağın əsas şərtlərindəndir.

Hədəfə doğru hərəkətdə, əgər ondan kənaradırsa, addım-addım daha da hədəfdən uzaqlaşar, əgər ona tərəfdirsə - addım-addım ona yaxınlaşar. İnsan bir pis işi əvvəl başlayanda, yaxşı yoldan, hidayət yolundan bir qədər aralı düşür. Və bu trayektoriya sanki bir xətt üzrə gedir. Pis işi davam etdikcə, onun hidayət yolundan uzaqlaşması daha da artır.

Bu, o misaldandır ki, insan müəyyən hədəfə gedib çatmalıdır. Maşınla hədəfə getsə, hər dəqiqə yaxınlaşır. Amma hədəfdən sapanda, hər dəqiqə onunlə hədəf arasında fasilə də artır.

Buradan yol göstərənlərin yeri və əhəmiyyəti bilinir. 

Tədrici tənəzzül

Gedək Kərbəla səhnəsinə. Bir qədər də daha keçmişə gedək. Həzrət Peğəmbər (ə) İlahi missiyasına uyğun olaraq, bütün həqiqətləri insanlara çatdırır. Sonra yavaş-yavaş, addımbaaddım hədəfdən yayınma başlayır. Rəsuli-Əkrəmdən (s) sonra onun vəsiyyətinə tam əməl olunmur və Həzrət Əlinin (ə) yolgöstərən olmasına maneələr törədilir. Bunun nəticəsində yoldan sapma baş verir. Birinci il ümmət Peyğəmbər (s) yolundan bir qədər kənarlaşır. Sonra bir qədər də. Beşinci il daha çox. Beləcə, ildən-ilə ümmətin Peyğəmbər (s) yolundan sapması daha da çox olur, İlahi yolla yaranan fasilə daha da böyük olur. Nəticədə ümmət o qədər sapır düz yoldan ki, Kərbəla faciəsi kimi bir dəhşətli cinayətin baş verməsinə laqeyd olur. Peyğəmbərin (s) balasını öldürürlər...

İnsan ilk əvvəl kiçik bir günah edir, sadə görünən bir günah. Sonra vərdiş edir. Sonra ondan ayrı düşə bilmir. Getdikcə də fasilə böyüyür.

Əvvəl ancaq qarnını doydurmaq üçün bir iş görür, sonra bir az da, bir az da, yavaş-yavaş günaha vərdiş edir. Birinci xətadan, ikici xətadan hələ qayıtmaq şansı yetərincədir. Amma getdikcə vəziyyət dəyişir – əvvəl böyük görünən xətalar onun üçün çox kiçik görünür artıq. Əvvəl bir məzlumun haqqını pozanda, gecə yata bilmirdi, ürəyi ağrıyırdı. Amma getdikcə haram iş görmək onun üçün adiləşir. Oraya qədər ki, artıq günah və haram onun həyatının tərkib hissəsi olur.

Kərbəlada da olanlar birdən-birə o duruma düşməmişdi ki! Birdən-birə gəlib ümmətin İmamını (ə) şəhid edib, balalarını əsir götürməmişdi ki! Əvvəl harama doğru bir addım atır, sonra yenə və yenə - nəticədə mənfur bir duruma düşür.

Oraya qədər ki, Allaha qarşı addım atır. Bu olur fəal tənəzzül. Bunlar olur fəal şeytan. Mərhələli surətdə gəlib çıxır insan fəal şeytan səviyyəsinə. 

Kərbəlada birləşən iki qrup

Amma imam Musa Sədrin təhlilində digər bir maraqlı nöqtə də var. Bunlar olmasa, fəal şeytanlar olmaz. Bunlar elə bir mühit yaradırlar ki, fəal şeytanlar öz eybəcərliklərini edə bilirlər. İmam Musa Sədr bunları “lal şeytan” adlandırırdı. Bunlar – sükut edənlərdir. Laqeyd çoxluqdur. Fəal şeytanlar sayca az olarlar. Onları qüvvətli və qüdətli edən – lal şeytanların çoxluğudur.

İnsan birdən-birə lal şeytan da olmur. Əvvəl kiçik bir məsələdə danışmalı olanda, danışmır. Əvvəl kiçik bir zülmə sükut edir. Sonra bir az daha böyüyünə və sonda da lap böyük zülmlərə sükut edir. Bu da olur lal şeytan. Biri fəal şeytana çevrilir. O birisi lal şeytana çevrilir. Hər 2 qrup da mərhələli surətdə bu tənəzzülə yetişir.

Kərbəla müsibətinin də baş verməsində bu iki qrup birləşdilər: biri fəallıqla, biri sükutla. Bu 2 qrupun ittifaqı Kərbəla müsibətinə gətirib çıxartdı. Nəticədə oldu Kərbəla. Nəticədə oldu bəşəri cinayət.

İmam Səccad (ə) Kərbəla müsibəti ilə bağlı buyurub: “Mən bir kəsin övladıyam ki, (o,) “qutilə sabra”dır”.

Allah! Allah! Nədir “qutila sabra”? Bir adamı və ya ümumən canlını ki, diri ikən o qədər zərbə vuralar, yaralayalar ki, tədricən bunların təsiri altında dünyasını dəyişə - “qutilə sabra” deyilir.

İslam inancına görə bu, bir dəhşətli haram işdir. Amma gözləri qan tutmuş fəal şeytanlara nə haram?!...

Əba Əbdillahı (ə) bu cür qətlə yetirdilər. İmam Hüseyn (ə) 33 nizə yarası, 34 qılınc zərbəsi və daha hansı müsibətlər ilə tədricən şəhadətə yetişdi...

Amma öz şəhadətiylə İmam Hüseyn (ə) Kərbəlada əslində bu sapmanın, bu qaranlığın üzərinə bir işıq saldı. Düz yolu göstərdi. Çünki, hidayət çırağıdır. Çünki, nicat gəmisidir.

İmam Hüseyn (ə) Kərbəlada əslində kiçik fitnələrlə mərhələli surətdə yoğrulmuş bir böyük fitnənin qaranlıq zülmətində boğulan ümmətə xilas gəmisini təqdim etdi. Bu gəmiyə minənlər xilas oldular. Bəşərin məhvi vardı lal şeytanlarla fəal şeytanların o mənfur ittifaqında. O qədər əməli fitnələr bürümüşdü ümməti ki, artıq ümmətin heyi qalmamışdı fitnələrə sinə gərsin. Məhv olub gedirdi ümmət.

Öz mübarək vücuduyla nur saçdı İmam Hüseyn (ə), öz müqəddəs şəhadətiylə dağıtdı o ittifaqı. Batmağa, boğulmağa doğru gedən bir toplumu xilas etdi. Və Qiyamətədək insanları fəal şeytanlıqdan imtina edib, tövbəkarlara çevrilməsinə və lal şeytanlıqdan imtina edib, danışan insana, Allah bəndəsinə çevrilməsinə yardım edir bu nicat gəmisi... 

Aşuranın əsas dərsi

Gedək Aşura gününə... İmam Hüseynin (ə) Aşura günü etdiyi mühüm çatdırışlardan birinə diqqət edək: “Bilin! Bu haramzadə oğlu haramzadə məni 2 yol arasında qoyub: qılınc və zillət! Zİllətə qatlaşmaq bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri (s), möminlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq!”.

İmam Hüseyn (ə) buyurur ki, düşmən mənə xar və zəlil olmaqla şəhadət arasında bir seçim qoyub. Zəlil halda yaşamaq, ya da izzətli ölüm – seçim bu idi Aşura günü...

Bir izzət dərsi var bu çardırışda. Bir şücaət dərsi, necə yaşamaq dərsi var bu çatdırışda. İmam Hüseyn (ə) bütün insanlığa dərs keçir. Aşura gününün niyə olmaqlığı, necə olmaqlığı, bütün mahiyyəti var bu çatdırışda. Aşuranın fəlsəfəsi var bu mübarək deyimdə.

Əslində İmam Hüseynin (ə) bizə ən mühüm tövsiyəsi budur ki, insan hər zaman seçim arasındadır. Və seçim arasında olanda, diqqətli olmalı. Bilin ki, bu seçim sizin aqibətinizi müəyyən edir. Zilləti, xarlığı, bədbəxtliyi heç zaman seçməyin. Həyatınız bahasına olsa da belə.

İmam Hüseyn (ə) bizə tanıtdırır ki, Allah yolunu seçmək istəyirsinizsə, baxın yolun hansı sizə izzətlilik gətirir, hansı isə zəlillik. İstəyirsinizsə Rəsuli-Əkrəmin (ə), Həzrət Əlinin (ə), Həzrət Zəhranın, Həzrət Həmzənin, Əbazərin, Salmanın, Meysərin və Allah övliyası olan digər qeyrətli qəlblərin və alicənab ruhların yolu ilə gedəsiiz – izzətliliyi seçin.

İnsanların fitrətində Əba Əbdillaha (ə) olan məhəbbət məhz buna görədir. Bu izzətliliyə görədir, bu şərafətlliyə görədir. Namuslu yaşama dəvətə görədir. Bu seçimin – izzətlilik seçiminin simvoludur İmam Hüseyn (ə).

Həyatımızın bütün anları üçün, bütün səhnələri və çalarları üçün bir həyat formulu öyrədir bizlərə İmam Hüseyn (ə). Heç bir şərtlər altında, heç bir vəziyyətdə, heç bir durumda izzətliliyi əldən verməmək düsturunu.

Aşuranın daha bir çaları

   Gedək Aşura səhnəsinə. Çoxlu dərslər var, çoxlu çalarlar, nöqtələr var burada. Nə qədər tədqiq etsən də, bitmək bilmir bu dərslər...

Aşuranın sübhündən əsrinədək Əba Əbdillahın (ə) mübarək səhabələrindən, məsləkdaşlarından müqavimət göstərmək iqtidarında olanların hamısı artıq şəhadətə yetişmişdir. Nəhayət o zaman yetişir ki, İmam (ə) minlərlə yezidin müqabilində tək-tənha qalır. Ümmətin İmamıdır Həzrət Hüseyn (ə). Axıradək kimisə hidayət etmək, qana susamışların cərgəsindən çıxararaq xilas etmək üçün davamlı çağırış edirdi: “Varmı köməyə yetişən bir kəs ki, Allaha xatir Rəsulullahın Əhli-beytini müdafiə etsin?!”.

Lənətlik Şümr cinayətlərini tamamlamaq üçün yezid qoşununun piyadaları ilə İmamı (ə) dövrəyə alırlar və hər tərəfdən həmlələr edirlər. Bu zaman bu səhnəyə dözə bilməyən İmam Həsənin (ə) kiçik oğlu Abdullah xeymədən çıxır. Abdullah İmam Həsənin son yadigarıdır. İmam Həsən (ə) balasının cəmi 11 yaşı var. Əmisi ilə Kufəyə yollanmışdır. Kufə karvanı Aşura karvanına çevrilir. Aşura gününün əsri yaxınlaşdıqca, bu karvanın nəyi varsa, Allah yolunda qurban verilir. Fədakarlığın bütün zirvəsi buradadır. Bəşəriyyətə fədakarlıq dərsi keçilir burada...

Aşuranın əsri yaxınlaşır. Yezid əmrini yerinə yetirən yezidlər mühasirə halqasını sıxlaşdırırlar. Əlinin (ə) və Zəhranın (s.ə) nəvəsi, İmam Həsən (ə) oğlu Abdullah bu səhnəyə dözmür. Görür əmisi Kərbəla meydanında tək qalıb.

Abdullah xeymədədir. Hələ həddi-büluğa yetişməyib. Digər uşaqlarla və qadınlarla birgə xeymədədir. Amma Abdullah daha xeymədə qala bilmir, Əba Əbdullahın bu vəziyyətinə dözə bilmir. Abdullah birdən atır özünü xeymədən bayıra... 

Kiçik vücuduyla difa edən bala

İndi xanım Zeynəbin (s.ə) halını təsəvvür edək. Bir tərəfdən Əba Əbdillah (ə) meydanda təkdir, qərib və tənha vəziyyətdədir. Lənətlik Şümr o Həzrətə (ə) sonuncu həmləni etmək üçün yezid tör-töküntülərinin başında mühasirə halqasını sıxlaşdırır. Bu tərəfdən də Həsən (ə) yadigarı, hələ həddi-büluğa çatmamış Abdullah meydana getmək istəyir. Zeynəb (s.ə) kəsir balaca Abdullanın qarşısını. Zeynəb bu gün daha kimləri qurban verməyib?! Zeynəb bilmir kimə baxsın... Düşmən mühasirəsində olan qardaşı Hüseynə (ə) baxsın, yoxsa Həsən (ə) yadigarı Abdullaha. Zeynəb (s.ə) düşünür ki, Abdullanın qarşısını kəsə bilər. Abdullah isə deyir: “Bibican, mən qala bilmrəm. And olsun Allaha, mən Hüseyni (ə) tənha qoymayacağam!”.

Abdullah atır özünü xeymədən bayıra, verir özünü cəng meydanına. Abdullah istəyir öz kiçik vücudu ilə Əba Əbdillahı (ə) müdafiə etsin. Bəli, Abdullah həddi-büluğa çatmayıb. Amma qəlbi həddi-büluğa, zehni həddi-büluğa çatmışdır Abdullah... Bilir iman nədir, qeyrət nədir. Çatır İmam Hüseynə (ə). Bu an yezidlərdən biri İmama (ə) şəmşirlə zərbə endirir. Abdullah öz kiçik mübarək əlini verir qabağa. İti qılınc Rəsulullah (s) övladının əlini kəsir, bədəndən ayırır. O cür vəziyyətə gətirir ki, ancaq dərisilə bədəndən asılır.

İlahi, bu nə müsibət! Bu nə səhnə! Aşura səhnəsi təşnə balalar üçün su gətirən pəhləvan Əbülfəzlin iki qolunun kəsilməsilə başlayır, İmamını (ə) müdafiə edən kiçik Abdullahın qolunun kəsilməsilə yekunlaşır...

İndi Əba Əbdullahın (ə) halını təsəvvür edək. Bu gün kimləri yola salmayıb, kimləri itirməib Əba Əbdillah (ə)... İmam Hüseyn (ə) Abdullahı bağrına basır. Qulağina pıçıldayr: “Qardaşoğlu! Səbir et və Allahı çağır, ta O, səni saleh atana qovuşdursun”.

Sonra İmam (ə) əllərini duaya qaldırır. İmam (ə) dua halındadır. Bu halda lənətlik Hərmələ Abdullahın mübarək vücuduna ox atır. Abdullah Əba Əbdillahın qucağında şəhid olur....

Bir diqqət edək: Abdullah öz əmisi Əbəlfəzl kimi qolsuz qalır, əmisi oğlu Əli Əsğər kimi Hüseynin (ə) qucağında şəhid olur... Nələri görmədi Aşura səhnəsi... Nə qədər fədakarlıq, nə qədər ixlas, nə qədər ibadət, nə qədər dözüm...

Və digər tərəfdə nə qədər zülm, nə qədr qəddarlıq, nə qədər rəzillik! Nə kiçiyə, nə böyüyə rəhm edilməyib burada. Bəşər tarixində nə böyük rəzilliyə qol qoyulmuş burada...

İlahi, neçə illər keçir o gündən. Nə qədər kəşf olunmuş, nə qədər ixtiralar edilmiş. Amma iblis nökərləri öz xislətlərindən əl çəkmirlər. Zəmanə yezidləri öz mənfur əməllərindən əl şəkmirlər.

Kərbəla müsibətində 5 uşaq şəhid edilmişdi. Amma bu gün zülmü həyata keçirmə vasitələri o qədər artıb ki, artıq hər gün Fələstində, digər bölgələrdə neçə-neçə uşaq şəhid edilir...

Lakin bununla yanaşı, Kərbəla ilahi məktəbinin ana qayəsi olan düşünmək azadlığı uğrunda vücudi sərgiləmələr, günümüzdə şəxsiyyət və hürriyyət təşnəsi olan bəşər övladlarının aydınlaşmasını daha da şiddətləndirmişdir.

Aşuranın çatdırdığı Qədir-Xum mesajları

İmam Hüseynin (ə) Kərbəlada qəhrəmanlığı sayəsində İslamın yaşaması, dinin kamil halda qalması – Qədir-Xumla bir vücudi tədayilik yaradır. Burada dərin bir assosiativ rabitə vardır. Yada salsaq, dinin kamilləşməsi ilə bağlı konseptual yanaşmalar əslində Qədir-Xum fenomeninə aid edilmişdir. İslam nə zaman ən kamil hala gəlib çatır? Nə zaman Rəbbimiz Quranda buyurur ki, “bu gün dini sizlər üçün kamala çatdırdım”? Bir məsələlər var ki, əgər onlar olmasa, din kamala çatmır. Nəsə bir mövzu var ki, əziz Peyğəmbərimiz (s) onu deyəndə, Rəbbimiz dini kamala çatdırır, nemətləri tamamlayır, İslamı insanlıq üçün razı olduğu bir din halına gətirir.

Belə başa düşülür ki, Aşura növbəti dəfə Qədir-Xumun mesajını əməli surətdə topluma çatdırmadır. Aşura – bir İlahi sığortalamadır ki, insanlar əbədi olaraq bu məsələdən azmasınlar.

Qədir-Xumda bir mühüm mesaj var idi. O da bu idi ki, Peyğəmbərdən (s) sonra yerlə göyün əlaqəsi bitmir, insanlar özbaşına qalmır. Necə ki, Həzrət Peyğəmbər (s) insanlar üçün Allah tərəfindən hüccət idi, insanlar onunla olduğu halda səma ilə bağlantı olacaqdı və Peyğəmbər (s) özündən əvvəlki yüz iyirmi dörd min peyğəmbərin (ə) missiyasını yerinə yetirib yekunlaşdırırdı, Peyğəmbərdən (s) sonra bu davamiyyət İmamlara (ə) keçir. Mesaj budur ki, əgər onlarla – məsum 12 İmam (ə) ilə mübarək bağlantını itirməsək, mövcud olacağıq. Müqəddəs Kitabımız olan Qurani-Kərim açıq-aşkar bildirir ki, əgər Peyğəmbərimizdən (s) sonra İmam Əlinin (ə) ümmətə İlahi rəhbərliyi ilə bağlı bu çatdırış səsləndirilməsə, insanlar bununla bağlı dəqiq və birmənalı məlumatlandırılmasa, din kamala çatmır. Həzrət Peyğəmbərə (s) bildirilir ki, bu çatdırış olmasa, Peyğəmbər (s) öz nübuvvət risalətini, Allah Təala tərəfindən vəzifələndirilmiş elçiliyini tamam etməmiş olur. Namaz, oruc, bütün digər İslami işlər yarımçıq qalır. Bu qədər şəhid verilir, bu qədər müsibətlər olur, Peyğəmbərin (s) başına min cür müsibət gətirilir, üzünə daş vurulur – bütün bunlar yarımçıq qala bilər.

Qədir-Xumda bir mühüm çatdırışla din kamala çatır. İlahi imamətin davamlılığının elanı ilə İslam dini mövcudiyyətini gerçəkdə tapmış olur və davamiyyəti bərpa edilir. İnanclılıq və dindarlıq İlahi İmamların (ə) ətəyindən yapışmaqla kamala çata bilər və bəyənilmiş hala gələ bilər. Lənətlik Yezidin dövründə bunu kökündən kəsmək istəyirdilər. Daha bir pəncərə, bir nəfəslik də qoymaq istəmirdilər ki, insanların ən pis şəraitdə də belə İlahi hüccətin ətəyindən yapışmaq imkanı olsun. Onlar bunu kökündən yığışdırmaq istəyirdilər. İslamın cövhərini, mahiyyətini aradan aparmaq istəyirdilər.

Aşuranın müsibəti Qədir-Xuma qayıdır

Aşura gününün mahiyyətini dərk etmək üçün Qədir-Xum günündə baş verənlərlə müqayisəsinə, bu iki hadisənin müqayisəli paralellərinə nəzər salmaq önəmlidir. Qədir-Xum günündə minlərlə, onminlərlə insan İmam Əlinin (ə) yanına gəlir, beyət edirlər. Sonradan isə, Həzrət Əlinin (ə) padşah olmadığını, sultan olmadığını, ədalətli İlahi rəhbər olduğunu görəndə öz beyətlərini sındırırlar.

Bəli, cahil insanlar elə bilirdilər ki, Peyğəmbər (s) məktəbinin ən layiqli yetirməsi olan Həzrət Əli (ə) padşah ola bilər. Bəli, İmam Əlinin (ə) padşah olacağı ehtimalına inanan bəzi insanlar ona beyət etməyə gəlmişdi. Padşaha əlbəttə ki, beyət etmək üçün gələnlər çox olar. Birinin padşah olmaq ehimalı olanda, çox adam özünü onun yanında görmək istəyər. Sonradan görürlər ki, Əmirəlmöminin (ə) padşahlıqdan kənarda saxlandı, evdə oturur və s. Bunun səbəbi o idi ki, onlar İmam Əlini (ə) gerçək imam kimi, İlahi rəhbər kimi tanımamışdılar. Əgər Həzrət Əlini (ə) İlahi imam kimi tanısaydılar, onminlər üçün Əlinin (ə) taxtda və ya evdə oturmasının bir fərqi olmazdı. Həzrət Əlini (ə) imam kimi tanıyıb ətəyindən yapışsaydılar, İlahi hüccətin zahiri məqamının onlar üçün heç bir fərqi olmazdı.

Qədir-Xumun verdiyi acı dərs budur. Aşuranın müsibəti Qədir-Xuma qayıdır. Aşurada müsibət var. Lakin, bundan heç də kiçik olmayan müsibət – Qədir-Xumun müsibətidir. İmam Əlidən (ə) sonrakı İlahi hüccət – İmam Həsənlə (ə) bağlı da eyni vəziyyət yaşanır. Deyirlər, “İmam Həsən (ə) bir söz deyir, Müaviyə (lən) başqa bir söz deyir. Biri səhv deyir, biri isə düz deyir. Nəhayətdə, biri bir savab qazanır, digəri iki savab qazanır”. Bax belə, İlahi rəhbəri hansısa cani ilə müqayisə edirlər. İmam Həsəni (ə) İlahi hüccət kimi qəbul edən heç zaman belə bir müqayisə etməyə cəsarət etməz. Bunün özü də növbəti böyük bir müsibətdir.

Aşuranın beyət edənləri – İmamı (ə) İlahi hüccət olaraq tanıyanlardır

Bu cinayətləri törətmiş nəslin insanları və onların övladları Kərbəlada növbəti nanəcibliyə hazır olurlar. Belə olmur ki, insanlar birdən-birə Peyğəmbər (s) nəvəsini şəhid etməyə qalxsınlar. Qədir-Xumda Həzrət Əliyə (ə) beyət edənlərlə Aşurada İmam Hüseynə (ə) beyət edənləri müqayisə edən zaman İlahi hüccət anlayışını tam dərk etmək olur. Böyük ariflərdən birinin buyurduğundan bu nəticə çıxır ki, Qədir-Xumda onminlərlə insan İmam Əliyə (ə) beyət edir, padşah olmayandan sonra isə onu tərk edirlər. Kərbəlada İmam Hüseynə (ə) beyət edənlərə isə Əba Əbdillah (ə) özü getməyi buyurur. Onların üzərində heç bir öhdəlik saxlamır, beyətlərini geri götürür və getməyə icazə verir. Bildirir ki, Yezidin (lən) işi onunladır və onlar isə azaddırlar, gedə bilərlər. Lakin, onlar getmirlər. Qədir-Xumda insanlar heç nə deyilməmiş, özləri beyətlərini pozurlar. Aşurada isə İmamın (ə) getmə izninə baxmayaraq, onu tək qoymurlar. Fərq - bircə məsələdədir. İmam Hüseynlə (ə) şəhid olanlar Əba Əbdillaha (ə) İlahi İmam kimi etiqad edirdilər. Onlar Əba Əbdillahı (ə) Yer üzərində Allahın hüccəti bilirlər. Belə olan halda onlar hara gedə bilərlər? Fərq bu qədər ciddidir. Əba Əbdillahın (ə) da heç bir iddiası yoxdur. Məsləkdaşlarının da heç bir iddiası yoxdur. İmam Hüseyn (ə) və məsləkdaşları bunu Allah bəndəsi olmaq üçün edirlər. Kufəlilər özləri çağırır, İmam Hüseyn (ə) onların köməyinə gəlir, sonra istəmirlər, o zaman ki, getmək istəyir, buraxmırlar, bu vaxt namaz üçün izn istəyir. Son ana qədər onlarla döyüşmək istəmədiyini bildirir. Kim olduğunu yadlarına salır, izah edir. Çünki İmamdır (ə), Allahın hüccətidir. Axıradək insanları batil yoldan çəkindirmək, haqq yola dəvət etmək missiyasını həyata keçirir. Heç olmasa bir nəfəri də xilas etmək üçün çalışır.

ƏHLİ-BEYTİN (ə) AŞURADAN SONRA BAŞLANAN MİSSİYASI

Məhərrəm-Səfər əyyamının günlərinə də nəzər salmaq çox önəmlidir. Aşuradan sonrakı günlər bir sıra əlamətdar xüsusiyyətləri ilə yadda qalıb. Yəni, hadisələr yalnızca Aşura gününün bitməsi ilə yekunlaşmayıb. Məhərrəm ayının on birinci günü, yəni Aşura gününün səhəri bir neçə önəmli hadisə baş verir. Bunlardan biri əsirlər karvanının yola düşməsidir. Ömər ibni Səd (lən) Aşura cinayətinin başa çatmasından sonra Məhərrəm ayının on biri günortayadək hər kəsin Kərbəlada qalmasını əmr edir. Öz ordularından öldürülənləri, cəhənnəmə vasil olanları torpağa tapşırırlar. Bu, bir haldadır ki, Həzrət Huseyn (ə) və onun şəhid olmuş əzizlərinin pak bədənləri Kərbəlanın isti torpaqları üstündə qalıb. Gün yarıya çatanda Ömər Səd (lən) göstəriş verir və İmam Hüseynin (ə) əhli-beytini, əsirlər karvanını Kufəyə yola salmağa başlayırlar. İmam Səccad (ə) xəstə olduğu halda zəncirlənir və o Həzrəti də (ə) bu karvana daxil edirlər.

Xanım Zeynəbin (s.ə) qətligahda qardaşına (ə) müraciəti



Geri   İrəli
Go to TOP