A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: EŞQ QİBLƏSİ KƏRBƏLA
Müəllif: İlqar İbrahimoğlu
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bəzən sevinc və şadlıqda da bu şövq ağlaması baş tutur. Və yaxud, insan fədakarlıq səhnələrini görəndə də şövqdən ağlaya bilir. Mübarizə ruhlu bir şeir dinləyir, mahnı eşidir - sanki itirilmiş nələrinisə tapır, həyəcanlanır, biixtiyari göz yaşları axıdır.

Üçüncü növ ağlama - duyğu və məhəbbət göz yaşıdır. Sevgi, məhəbbət və göz yaşları - bunlar biri-birinə bağlı anlamlardır. Bir-birilə mülazimə halındadırlar, lazım vəziyyətindədirlər. Göz yaşı - məhəbbətin şiddətinin göstəricilərindəndir.

Dördünü növ - çox incə bir ağlama növüdür - tanıma, mərifət, məsuliyyət göz yaşı. İnsan Rəbbini tanıyır, Rəbbinin əzəməti haqqında təfəkkür edir - bunun nəticəsində göz yaşı axıda bilir. İlahi, bu necə yaranış, bu necə əzəmət, bu nə cür nizam?! Necə olur belə kamil xəlqiyyət?! Bu tanıma, bu dərk etmə göz yaşları çağıra bilir. Tanıdıqca, həmin bu göz yaşları əmələ gəlir.

Hədəfə bağlantı

Bir var cahiliyyətin göz yaşı, bir də var arifin, tanımanın göz yaşı. Tanıma artdıqca, ariflik artdıqca, göz yaşlarının əmələ gəlmə keyfiyyəti də dəyişir. Məsuliyyət artdıqca, həmin bu məsuliyyətdən irəli gələn göz yaşları da yaranır. Məsuliyyətin fərqinə varmaqla, məsələnin əhəmiyyətini dərk etməklə üzə çıxan göz yaşları buraya aiddir.

Ağlamanın vücuda gələn digər səhnəsi peşmançılıq göz yaşı ilə bağlıdır. Beşinci növə aid olan bu göz yaşları insanın tövbəsini, əməlindən peşmançılıq hissi keçirməsini təzahür edir. İnsanın qayıdışı, islahatı tövbəyə bağlı olan bir məsələdir. Bu da göz yaşları ilə müşayiət olunan bir haldır.

Altıncısı - hədəfə bağlantı ilə bağlı olan göz yaşıdır. Hədəf nədirsə, göz yaşının keyfiyyəti də o cürdür. Bir insandır, ölkəsinin himnini dinləyir. Himndəki sözlərlə həmahəng olur. Ali hədəflərə, dəyərlərə beyət etmə göz yaşlarından gedir söhbət. İnsan şəhidləri xatırlayır, onların ali məqsədlərini, ali hədəflərini, ali duyğularını, ali amallarını xatırlayır. Onlarla birgə olmaq, həmahəng olmaqdan irəli gələn göz yaşları olur. Onlara bağlantıdan irəli gələn göz yaşlarıdır bunlar.

Şəhidə ağlamaq - əslində amallara bağlantıdan irəli gələn göz yaşlarını izhar etməkdir. Onlarla vücudi beyətini edir, hədəfləri ilə beyət etməyini izhar edir ağlayan insan.

Ağlamağın yeddinci növü isə zillət və məğlubiyyət ağlamasıdır. O insanın ağlamasıdır ki, zəifliyindən, zəlilliyindən, məğlubiyyətindən ağlayır. Bu ağlamaq bir başqa ağlamaqdır. Bu göz yaşları insanı daha daha da zəiflədir, ruhdan salır.

Əba Əbdillah (ə) üçün tökülən göz yaşlarında. Kərbəla qəhrəmanlarını yada salanda hər bir insan kövrəlir, qəhərlənir. Hər bir şey var burada, bu göz yaşlarında. Amma zillət və məğlubiyyət yoxdur. Əksinə, izzətin mənbəyinə bağlayan göz yaşları var burada. Qorxaqların göz yaşları yoxdur Kərbəla vaqiəsinə ağlamaqda. Əksinə, şücaətlilərin göz yaşı var burada. Ümidsizliyin göz yaşı yoxdur, ümidverən göz yaşları var burada. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: «Hər bir müsibətdə ağlamaq və tabsızlıq göstərmək - bəndə üçün məkruhdur, xoşagəlməzdir. Amma Hüseyn ibn Əli (ə) üçün ağlamağın əcr və savabı var».

İmam Hüseynə (ə) ağlamaqda 7 ağlamağın yeddincisi yoxdur, zəlillik və qorxaqlıq göz yaşları yoxdur burada. İslam qəbul etmir zəlillik və acizliyin ağlamasını. İslam insanı kamilliyə, quruculuğa aparan hər şeyi qəbul edir və zillətə aparan hər şeyi rədd edir.

Qiyamətdə ağlamayan gözlər

İmam Hüseynə (ə) məhəbbətin göz yaşları... Məhəbbətdən irəli gələn bir göz yaşları. Bu göz yaşları, bu məhəbbət gunahları bağışladar. İmam Rzadan (ə) nəql edirlər: “Ağlamaq istəyən şəxs İmam Hüseynə (ə) ağlasın. Çünki, o Həzrətə ağlamaq günahların bağışlanmasına səbəb olur”.

Özünəqayıdış əyyamıdır məhərrəm-səfər. Günahların bağışlanması dönəmidir. Həzrət İmam Hüseynə (ə) ağlamaq – qəlbdən gələn bir sadiq və sabit hissin, ülvi bir məhəbbətin təzahürüdür. Bu məhəbbəti qəlbində gəzdirən isə gözəllikləri sevməyə və eybəcərliklərə ikrah hissi bəsləməyə gəlib yetişər.

İmam Hüseynə (ə) məhəbbətdən irəli gələn göz yaşları Qiyamət günü Hüseynsevərlərin gözünü şad edər. İslam Peyğəmbəri (s) öz qızı Həzrət Fatiməyə (ə) xitab edərək belə buyurmuşdur: “Fatiməcan! Qiyamət günü bütün gözlər ağlarkən, Hüseynimə ağlayan gözlər gülər və cənnət nemətlərilə müjdələnər”.

O göz yaşları Kövsər suyu ilə Hüseyn aşiqini sirab edər. İmam Sadiqdən (ə) belə bir buyuruş var: “Bizə ağlayan gözlər Kövsər hovuzunun suyu ilə sirab olacaq”.

Əhli-beytin (ə) müsibətinə kədərlənmək – ibadətdir

Növbəti nöqtə olaraq, Əhli-beytin (ə) müsibətinə kədərlənməyin fəlsəfəsinə toxunaq. İmam Cəfər Sadiqdən (ə) belə bir hədis nəql edilir: “Bizim məzlumiyyətimizə görə kədərlənən hər bir şəxsin nəfəsi təsbihdir və onun bizim üçün olan qəmi - ibadətdir”.

Hədisdə olan mətləblərə diqqət etsək, burada Əhli-beytə (ə) olan zülmü dərk etmək, bu zülmün mahiyyətini anlamaq, buna kədərlənməkdən söhbət gedir. Əhli-beytə (ə) zülm edən kimlərdir? Zalımlar. Nəyə görə Əhli-beytə (ə) zülm edirlər? İlahi həqiqətləri dediklərinə görə, haqqa çağırdıqlarına görə. Deməli, bu duyğuları yaşayan insan, Əhli-beytin (ə) müsibətinə şərik olan insan, həmin hissləri keçirir və ən başlıcası - bu dəyərləri qəbul edir, onların daşıyıcısına çevrilir. Beləliklə, Əhli-beytin (ə) müsibətini dərk edib, kədərlənən insanın nəfəsi təsbih olur, yəni sanki «sübhənallah» deyir, Allahı vəsf edir. Eyni zamanda bu kədərin özü də ibadətdir. Niyə? Çünki, həmin kədər İlahi dəyərlərə sadiq olmanın təzahürüdür. Doğrularla olub, pisləri, şəri inkar etməyin təzahürüdür.

Məhərrəm-səfər əyyamında insanın ruhi yüksəlişi üçün fövqəladə fürsətlər vardır. Həqiqətdə bu hissləri qiyabi keçirmək olmur. Bu hissləri yaşadan, insanın qəlbini oyadan məclislərin, əzadarlıq məclislərinin misilsiz əhəmiyyəti başa düşülür. Belə olan halda, bu məclisləri səngitmək, şəhidlik fəlsəfəsini aradan aparmaq - insanları manqurtlaşdırmaq, laqeydləşdirmək istəyinin bilavasitə təzahürüdür. İnsanlarımız ayıq olmalı, İmam Hüseynin (ə) müsibətinə şərik olmaq fürsətini əldən verməməlidir.

Şəfaət nədir?

Həzrət İmam Hüseynin (ə) digər bir mübarək xüsusiyyəti ki, zikr olunmalıdır – şəfaətdir.

Şəfaət məfhumunu tam anlamaq üçün və İmam Hüseynin (ə) insanlar üçün şəfaətçi olmasının nədən ibarət olmasını dərk etmək üçün, bizlərin bu şəfaətə nail olmamız üçün nələrin edilməsinin lazımlı olmasını bilmək üçün bu məfhumun müxtəlif müstəvilərdə açılışına diqqət edək.

Öncə “şəfaət” sözünün lüğətdə anlamına nəzər salaq. Şəfaətin lüğət anlamında kökü – bir şeyi özü kimisinə, oxşarına əlavə etmək, qoşmaq mənasına gəlir. Əgər bir şey bir kəs tərəfindən özü kimisinə qoşulsa, buna lüğəti mənada “şəfaət” deyilir.

Buradan aydın olur ki, şəfaətin baş tutması üçün, iki tərəf arasında bir növ oxşarlıq olmalıdır. Şəfaət edənlə şəfaət olunan arasında uyğunluq olmalıdır, ümumiyyətlə fərqli cəhətləri olsa da belə. Şəfaətçinin kimisə şəfaət etməsi üçün onların ümumi cəhətləri olmalıdır.

Mübarək dinimizin nəzərində şəfaətin izahı da budur ki, günahkar insan İlahi övliyalara iman və əməl kimi müsbət cəhətlər baxımından oxşarlıq əldə edər, nəticədə ilahi övliyalar onun əlindən tutar, kömək edər, kamala tərəf qaldırar - Allahın dərgahında onun üçün əfv diləyərlər. Yəni, insan xəta və səhvlə dolu bir yükün altında olsa da belə, dəqiq müsbət cəhətləri olmalıdır ki, şəfaətə layiq olsun. Və bu müsbət cəhətlər, ilk növbədə, iman və əməl müstəvisində olmalıdır ki, şəfaət verən Allah övliyası ilə cüzi də olsa, böyük mərtəbə fərqi ilə də olsa, amma ortada bir ümumilik olsun.

Şəfaətin həqiqəti budur ki, daha güclü və kamil varlıq daha zəif və naqis varlığın onun müsbət oxşar xüsusiyyətlərinə görə yer tutmasına yardım edir və onun əlindən tutub onu kamal mərhələlərini aşmağa kömək edir. Şəfaətdə mütləq şəfaətçinin yardımı, duası, köməyi var ki, bunun sayəsində şəfaət olunan kamal dərəcələrini fəth etməyə müyəssər olsun. Günahları bağışlansın və mərtəbəsi yüksəlsin. 


Əhli-beytə (ə) sevgi insanı paklaşdırır

Məsum İmamlarımızdan (ə) da bu səpkidə buyuruşlar var ki, insanın dünyaya məhəbbəti - bütün xətaların başıdır. İnsanın nə xətaları varsa, ora qayıdır. Bizim işlərimizin, əməllərimizin, rəftarlarımızın hədəfi dünya olan yerdə, dünyaya məhəbbət mərəz rolunda çıxış edir. Hədəfə çevrilsə - nə etsək də, xeyri yoxdur, xəta olacaq. Bu məclislərin bir nuraniyyəti də odur ki, Əhli-beytə (ə) sevgi, ona bağlılıq insanı paklaşdırır. Bu məclislərdə müalicə olunmaq potensialımız realizə olunur. “Hüseyn! Hüseyn!” dedikcə qəlblərimizdə İmam Hüseynlə (ə), bütün gözəllikləri özündə cəm edən İmamla (ə) bir həmahənglik meydana çıxır. Biz bu əyyama sağalma, müalicə əyyamı kimi baxmalıyıq.

Burada qurban olmaq niyyət olaraq qalmır...

Bu əyyamda İmam Hüseyn (ə) yad edilir. Necə ki, həcc ziyarətində qurbangahda Həzrət İbrahimlə (ə) Həzrət İsmayılı (ə) yad edirik, Səfa-Mərvə arasında Hacər xanımı yad edirik, onun təlaşını yad edirik, Həzrət İbrahimin fədakarlığını yad edirik - hansı ki, elə həccin fəlsəfələrindən biri də budur ki, insanlar Həzrət İbrahimin (ə) fədakarlığını dərk etsinlər – eləcə də biz bu məclislərdə İmam Hüseyni (ə) yad edirik.

Necə də Kərbala və İmam Hüseyni (ə) yad etməyək, bir halda ki, İbrahim (ə) əziz övladını qurban kəsmək istəyirdi, İsmayıl (ə) da qurban olmağa hazır idi, amma buna ehtiyac olmadı, Allah Təala qurban göndərdi. Kərbalada da İmam Hüseyn (ə), onun balaları, yaxınları Allah yolunda qurban olmaq istəyir. Amma burada bir fərq var: onların bu istəyi həyata keçir. Kərbala qurbangahında Allah dərgahında həmin insanlar nəinki niyyətdə qurban olurlar. Onlar əmələn Allah yolunda qurban olurlar. Biz necə İmam Hüseyni (ə), bu şəhidləri anmayaq?! Bunları həcc xatırlamalarından da qat-qat çox anmalıyıq. Çünki burada qurban olmaq bir niyyət olaraq qalmır, İmam Hüseyn (ə) və onun yaxınları timsalında həyata keçir. Biz həcdə Səfa ilə Mərvə arasında səy əməlini yerinə yetirməklə susuz bala İsmayılı (ə) yad edirik, amma o susuzluqdan şəhid olmur, susuz halda dünayadan getmir, Allah ona Zəm-Zəm nəsib edir. Amma Kərbalada təşnə, susuz balalar susuz halda dünyadan gedirlər. Əli Əsğər bala atasının qucağında susuz halda, dodaqları qurumuş halda boğazından oxlanır. Burada qolları kəsilən Əbülfəzl (ə) var, susuz balalara görə dodaqlarına su aparmayan Əbülfəzl (ə) var. Burada Əli Əkbər (ə) var, Qasim var, burada tikə-tikə doğranmış Hüseyn (ə) var, burada Rüqəyyə (s.ə) var, burada Zeynəb (s.ə) var. Biz necə bunları anmayaq?!

KƏRBƏLANIN TARİXİ VƏ MÜASİR DƏRSLƏRİ

Aşura günü bu müsibətləri törədənlər haradansa gəlməmişdilər, onlar zahirdə müsəlmanlar idi, zahirdə namaz qılanlar, oruc tutanlar idi. Onlar zahirdə imanlı qiyafə ilə bu cinayətlərə qol qoyurdular. Deməli, zahirən müsəlman olmalarına, imanlı qiyafəsində olmalarına rəğmən, içlərində qorxulu mərəzlər var imiş. O mərəzlər Aşura dönəmində hərədə bir cür üzə çıxdı. Birində məqam, vəzifə mərəzi olur və bu mərəz Aşurada hər şeyi üstələyir. Birinin dünyaya məhəbbəti, pula, mala düşkünlük mərəzi var idi. Bunu özü üçün vasitə deyil, hədəf seçmişdi. Bu mərəz Aşura günü baş qaldırır və öz daşıyıcısını büdrədir. Onu İmamı (ə) qətlə yetirməyə qədər bir bəşəri cinayətə getməyə sürükləyir. Bir başqasının qorxaqlıq mərəzi var, onu da orada yaxalayır. Hərəni bir cür yaxalayır. Birinin əqli mərəzi var, dar görüşə malikdir, hər şeyə ağ və qara baxır və bunu müalicə də etməyib. Şübhələri var, dünyanın dərkinə gəlib çatmayıb. Bu mərəz də Aşura günü baş qaldırır və o da gəlib bu cinayətlərə əl qoyur. Kiminsə “mənəm-mənəm”lik xəstəliyi var. Şeytan lənətlik o mərəzi də yaxşıca himayə edir, onu yerbəyer edir. Və bir gün seçim vaxtı “mənəm-mənəm”lik ab-havası onu bədbəxt edir.

İnsan özünü islah etməsə, seçim anında büdrəyəcək

Aşura bizə həm də arxayın olmamaq dərsi keçir. Yəni namaz qılırsan, oruc tutursan, ibadət edirsən – lap yaxşı, amma arxayın olma. Çünki bu xüsisiyyətlər zahirdə ola-ola insanlar Kərbəlada Peyğəmbər (s) balasını, cənnət cavanlarının ağasını tikə-tikə doğradılar. İnsanın ruhi naqislikləri, mərəzləri o qədər baş qaldırır ki, zəmanə İmamını (ə), yerlə səmaların bağlantı, ittisal səbəbini qətlə yetirir, tikə-tikə doğramağa qədər cəsarət edir. Buna görə Aşura məktəbi bizə arxayın olmamaq dərsi keçir. Namaz qılırsan, oruc tutursan, ibadət edirsən - nə gözəl, amma arxayın olma. Özünümüalicə ilə məşğul ol. Öz mərəzlərini tanı və onları müalicə et. Çünki mərəzlərini tanımasan, müalicə etməsən, onlar başı-başına qalacaq, bir gün sən hazır olmadığın durumda baş qaldıracaq. Əgər özünü islah ilə məşğul olmasan, seçim vaxtı gələndə haqqın yanında deyil, batilin yanında olarsan.

Aşuranın bizə öyrətdiyi ən böyük dərslərdən biri budur ki, özümüzün daimi, davamlı şəkildə müalicəmizlə məşğul olaq. Aşura cinayətkarları kimi özümüzü müalicəsiz buraxmayaq, dünyaya olan məhəbbətdə özümüzü müalicəsiz buraxmayaq, yoxsa bunlar kimi tənəzzül edib məhv ola bilərik. Çünki Aşura cinayətini törədən müsəlman toplumunun ən böyük müşkülü - daxili mərəzi olan dünyaya məhəbbəti müalicəsiz qoymaları idi. Əgər bu müalicə ilə məşğul olmasaq, bir gün seçim vaxtı gələndə biz ayağımızı səhv yerə qoyacağıq. İnsanın xəbəri olmaz, bir də ayılar ki, Allah eləməmiş, İmam Hüseynin (ə) qarşısında dayanıb, Zəmanə İmamının (ə.f.) əleyhində dayanıb. Allahdan bu mənada tofiqat istəyirik ki, cəmən bizləri öz müalicəmizdə müvəffəq etsin.

İmam Hüseyni (ə) tanıyaq

Təbərrük üçün İmam Hüseynin (ə) dediklərini zikr edək ki, o Həzrətin (ə) mübarək şəxsiyyəti ilə tanış olaq. Aşura günündəki kəlamlarının birində İmam Hüseyn (ə) buyurmuşdur: «Bilin! Bu haramzadə oğlu haramzadə məni iki yol arasında qoyub: qılınc və zillət! Zillətə qatlaşmaq bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri, möminlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq!».

Hədis nəql edən ravilərdən biri deyir: «And olsun Allaha, övladları, ailə üzvləri və yoldaşlarının hamısı öldürülüb məğlub olmuş elə bir şəxs görməmişəm ki, Hüseyn kimi sakit və soyuqqanlı olsun. Düşmənin qoşunu mühasirə dairəsini sıxırdı, amma o, öz qılıncı ilə onlara hücum edirdi. Onlar da o Həzrətin qarşısından keçi sürüsü hücuma keçən canavarın qarşısından qaçan kimi qaçırdılar. O, düşmənin otuz min nəfərlik qoşununa hücum edir və onları milçək kimi dağıdırdı. Sonra: “Lə həvlə və lə qüvvətə illə billəhil-əliyyil-azim” (“Uca və əzəmətli Allahdan başqa güc və qüdrət yoxdur”) deyib öz yerinə qayıdırdı”.

Həzrət İmam Hüseynin (ə) digər buyuruşlarına da diqqət edək:

“(Allah rizasına xatir deyil), Allahı qəzəbləndirməklə xalqı razı salanlar nicat tapmaz”.

“Allah, ilk vacib işlərdən birini yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirməyi buyurmuşdur. Çünki Allah bilir ki, bu iki ilahi vacibatın yerinə yetirilməsi digər vacib işlərin (istər çətin, istərsə də asan) görülməsinin asanlaşdırar. Səbəbi də budur ki, yaxşı işlərə əmr etmək və pis işlərdən çəkindirmək bütün insanları İslama doğru dəvət edər, haqq sahiblərinin hüquqlarını özlərinə qaytarar və zülm edənlərlə müxalifət edər”.

“Ey insanlar, Allahın Peyğəmbəri (s) buyurmuşdur ki, hər kim Allahın haram buyurduğunu halal edən, Onun əhdini sındıran, Peyğəmbərinin sünnəsi ilə müxalifətçilik edən, öz rəiyyətləri arasında zülm və haqsızlıqla hökm edən zalım bir hakimi görüb, söz və ya əməllə ona qarşı çıxmasa, Allah Təala onu da zalım hökümdarı düçar etdiyi əzaba düçar edər (yəni cəhənnəmə aparar)”.

“İnsanların çoxu dünya quludurlar. Din isə dillərində gəzir. Din sayəsində yaşadıqları müddətdə onu müdafiə edirlər. İmtahan zamanı gəlib çatdıqda isə dindarlar azalır”.

“Mən ölümü səadətdən, zalımlarla yaşamağı isə zəlillikdən başqa bir şey bilmirəm”.

“Ey Allah, Sən bilirsən ki, (fəsada qarşı mübarizə və) qiyamımız səltənət üçün və dünya malı yığmaq üçün deyildir. Bizim qiyamımız - Sənin dininin həqiqi əlamətlərini göstərmək, şəhərlərində islahat aparmaq, məzlum bəndələrini əmin-amanlığa çıxarmaq və vacib, yaxud müstəhəb ehkamlarını yerinə yetirmək üçündür”.

“Mən azğınlıq, xüdpəsəndlik, fəsad və zülm etmək üçün qiyam etməmişəm. Mən cəddim Muhəmmədin (s) ümmətini islah etmək, yaxşılıqlara əmr etmək və pisliklərdən çəkindirmək, cəddim Muhəmmədin (s) və atam Əlinin (ə) yolunu bərpa etmək üçün qiyam etdim”.

“Ey, Əbu Süfyan övladına uyanlar! Dininiz yoxdursa və axirətdən qorxmursunuzsa, heç olmasa dünyada azad insanlar olun!”

“Bir dəstə insan behiştə görə Allaha ibadət edirlər - bunlar tacirlərdirlər. Bir dəstə də qorxularından (cəhənnəm qorxusundan) Allaha ibadət edirlər - bunlar da quldurlar. Bir qrup isə Allaha Onun verdiyi nemətlərə və Onun əzəmətinə görə və həmçinin Ona pərəstiş, sitayiş və şükür etmək üçün ibadət edirlər - bunlar isə azad insanlardırlar. Belə bir ibadət - ən yaxşı ibadətdir”.

“Bilin ki, insanların sizə olan ehtiyacları - Allahın sizə verdiyi nemətlərindən biridir. Allahın nemətlərindən üz döndərməyin, yoxsa, sonra o nemətlər sizə müsibət olar”.

İmam Hüseyn (ə) Kərbəlanı özü belə tanıdır

Təbərrük üçün İmam Hüseynin (ə) müsibətinin bir neçə məqamına da diqqət yetirmək yerinə düşər. Seyyid ibni Tavus nəql edir: “Əba Əbdillah (ə) çatanda soruşdu ki, bu yerin adı nədir? Kərbəla adını eşidən zaman buyurdu: “Bu yer bizim yerə endiyimiz və bizim qanımızın yeri və qəbirlərimizin yeridir. Bu xəbəri cəddim Rəsulallah (s) bizə vermişdir. Bura çətinlik və bəla yeridir. Bura miniklərimizi oturtduğumuz bir yerdir. Karvanlarımızın yükünü saldığımız yerdir. Kişilərimizin qətligahı, qanlarının tökülən yeridir. Bura – Kərbəladır. Bura bir yerdir ki, burada Aşura günü bir səhnələr yaşanacaq ki, insan, bəşərriyyət o səhnələri hər zaman dərk edəndə dəhşətə gələcək, heyrətlənəcək”.

Aşuranı dərk etmək üçün dünyada qəbul olunmuş müvəqqəti dəyərlərə söykənən məntiqlər yetərli olmur. Bu dəyərlərlə Aşuranın niyə baş verdiyini anlamaq olmur. Müvəqqəti, ötəri dəyərlərə söykənən nəsnələrlə Əli Əsğərin (r.ə), Əli Əkbərin (r.ə), Həzrət Zeynəbin (s.ə) Aşurada nə kimi rolunun olduğunu anlaya bilmək olmur. Bu dəyərlərlə Əba Əbdillahın (ə) öz ailəsi ilə birlikdə Mədinədən çıxıb Kufəyə yola düşməsini, oradan Kərbəlaya getməsini, burada şəhid olmasını anlamaq olmur. Bu gün dünyanın naqis dəyərlər sistemində bəndəlik, Allahın razılığı anlayışları tükənib. Bəndəlik anlayışı olmayan yerdə Kərbəla, Aşura günü baş verənlər anlaşıla bilməz.

 

 

Yalnız Allah bəndələrinin dərk edə biləcəyi bir müsibət

“Əba Əbdillah (ə)” ifadəsinin mənası çox zaman bəziləri tərəfindən anlaşılmır. Alimlər deyir ki, bu heç də “hansısa Abdullah adında olan bir insanın atası” mənasında deyil. Burada söhbət bir keyfiyyət daşıyıcılığından gedir. Əba Əbdillah (ə) - yəni “Allah bəndəsinin atası”. Allaha bəndəlik məktəbi var. İmam Hüseyn (ə) Allah bəndələrin atasıdır. Bu Allah bəndəliyi məktəbinin şagirdlərinin atası İmam Hüseyndir (ə). İmam Hüseyn (ə) – bəndəliyin ən yüksək nümunəsidir. Necə ki, uşaq öz tərbiyəsini düzəltmək üçün atasına baxar, elə də Allaha bəndə olmaq istəyən vücudi atası olan İmam Hüseynə (ə) baxar. Bəndəlik məktəbinin körpələri, uşaqları, şagirdləri Kərbəla məktəbinə baxaraq, bəndəliyi öyrənir. Kərbəla – başdan-başa bəndəlik məktəbidir. Burada hər bir şey bəndəlik anlayışı olan zaman anlaşılır. O zaman biz Əba Əbdillahın (ə) niyə Kufəyə getməsini, oradan niyə Kərbəlaya gəlməsini, ən yaxınlarını, ailəsini özü ilə gətirməsini anlayırıq. Anlamaq olur ki, necə özü susuz olduğu bir vaxtda düşmən qoşununun əsgərinə su içizdirir.

Həzrət Əbəlfəzli (ə) də anlamaq üçün bəndəlik məktəbinin şagirdi olmaq lazımdır. Özü susuz olan halda sudan içməyən böyük şəxsiyyətin bu davranışını dərk etmək üçün bəndə olmaq gərəkdir. Hürrü anlamaq üçün bəndəlik yolunu getmək lazımdır. Maddi səadətə çatmağın bir astanalığında Hürr anlayır ki, mənəvi zəlalətə yuvarlanır. Hürr bəndəlik və Allahın razılığı baxımından anlayır ki, hansı səhvləri edib. Əba Əbdillahın (ə) yanına gəlir və tövbə edir. Hürr gerçək peşmançılığın dərsini bizə keçir.

Bu ongünlük həm də gerçək tövbələr zamanıdır. İçərimizdə olan yezidə (lən) nə qədər qələbə çalmağa imkan vermişik? İndi daxilən paklanmaq, qəsavətlərimizi yumaq zamanıdır. Bu məktəbin şagirdləri əsl eşqi anlayar.

  

Hər mənada dərs götürülməli səhnələr

 Aşuranın zöhründən sonra baş verənləri yalnız Alllah bəndəlik məktəbinin, eşq məktəbinin şagirdləri anlayar. Allah bəndəsi vücudən Əba Əbdillahın (ə) tikə-tikə doğranmış bədəninə nəzər salanda, onun yanağından öpən Həzrət Rəsulallahı (s) yada salar. İndi həmin yanaqlar doğranıb, Peyğəmbərin (s) öpdüyü boğaz kəsilib. Rəsulallahın (s) gül balası olan Hüseyni (ə) ən şiddətli zülm ilə qətlə yetiriblər.

Əslində insanın İslamın mahiyyətini dərk etmək üçün baxmalı olduğu səhnələrdir. İnsan baxmalıdır ki, özü həyatında eyni səhvləri təkrarlamasın. Baxmalıyıq ki, içərimizdə hər gün gedən savaşda mənəvi tutumumuzun qalib gəlməsinə imkan yaradaq. Çünki, İmam Hüseyni (ə) Kərbəlada qətlə yetirənlər, bir zaman öz daxilində olan yezidlərin (lən) qalib gəlməsinə imkan verənlər idi.

Aşiq və əzadarların mənəvi qibləsi

Həzrət Hüseyni (ə) tanımaq və sevmək kimi bir ləyaqət üçün zəmin olmalıdır insanın qəlbində. Bütün çətinliklərdə gözəlliyi görmə dərsinin ustadı – Həzrət Zeynəbi (s.ə) tanımaq üçün zəmin olmalıdır insanın qəlbində. Bu zəmin Allahın tofiqatına bağlıdır.

Salam olsun sənə, Hüseyn can!

Salam olsun sənə, ey aşiqlərin və azadələrin mənəvi qibləsi!

Salam olsun sənə, ey ləyaqət və izzəti-nəfsin kamil daşıyıcısı, Əba Əbdillah!

Salam olsun sənə, ey Məhərrəm ayı. Sevgini və nifrəti öyrədən ay. Gözəlliklərlə dostluğu və eybəcərliklərlə düşmənçiliyi öyrədən ay.

Salam olsun sənə, ey məhərrəm-səfər əyyamının ilk ongünlüyü.

Ariflərin bu ongünlüklə bağlı xüsusi tövsiyələri var. Sanki bu ongünlükdə Allah Təalaya, Onun Rəsuluna (ə) sevginin, vəfadarlığın və imanın xüsusi yaşadılması üçün bir fürsət mövcuddur. Sanki baş vermiş vücudi bir faciəyə görə iradəvi kədərin yaşadılması üçün bir təbərrük imkan var.

Kamil arif və əxlaq ustadları məhərrəm-səfər əyyamının ilk ongünlüyü ilə bağlı tövsiyələri bu incə mətləbləri bizə çatdırır. Ariflər bildirirlər ki:

“(Bu ongünlükdə) məqsəduyğundur ki, Əhli-beyt (ə) dostlarının halı dəyişə, qəlblərində və üzlərində bu böyük və ağrılı müsibətin qəminin və ağrısının əlamətləri görsənə. Allaha və Rəsuluna (s) sevgi, vəfadarlıq və iman buna hökm edir.

(O cümlədən) Gərək yemək, içmək, hətta yatmaq, söhbət etmək kimi həyat ləzzətlərindən də bir miqdar tərk etmək (zərurət həddində istisna olmaqla) və o kəs kimi olmaq ki, atasını və ya övladını itirib.

Məbada Allahın namusunun ehtiramı, Peyğəmbərin (s) ehtiramı və İmamının (ə) ehtiramı özünün və yaxınlarının ehtiramından az ola. Və lazımdır ki, Allah Təalanı, Peyğəmbəri (ə) və İmamını (ə) özündən, övladından və yaxınlarından daha çox istəyə”.

Məhərrəm – bir aydır ki...

İmam Rzadan (ə) məhərrəm ayı ilə bağlı belə bir hədis nəql edirlər: “Məhərrəm - bir aydır ki, cahiliyyət əhli bu ayda müharibə etməyi haram hesab edərdi. Amma bizim qanımızı o ayda halal saydılar. Bizim hörmətimizi o ayda qorumadılar. Övlad-əyalımızı əsir götürdülər. Xeymələrimizi oda çəkdilər, orada hər nəyimiz var idi, qarət etdilər və Rəsulun (s) hörmətini bizim barəmizdə riayət etmədilər”.

Hədisin təhlilində ilk öncə fabulasını, məzmununu təşkil edən «cahiliyyət dövrü» məfhumuna toxunaq. Bu anlayış Ərəbistan yarımadasında İslamdan öncəki perioda, Həzrət Rəsulullahın (s) İlahi risaləti təbliğ etməyə başlamasından öncəki perioda şamil edilir. Cahiliyyət dövrü dedikdə, müasir mənada işlənən «bisavadlıq» nəzərdə tutulmur. Ərəblərin İslamdan öncə də şifahi ədəbiyyatı çox inkaşaf etmişdi. Burada «cahiliyyət» - İlahi təlimdən məlumatsızlıq mənasında işlənir. Həzrət İmam Rzanın (ə) bu dövrə işarəsi təsadüfi deyil, bu məsələnin sonradan açılışı veriləcəkdir.



Geri   İrəli
Go to TOP