A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ÇİÇƏKLƏNMƏ DÖVRÜ
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bu gün başqa bir məsələyə toxunmaq istəyirəm. Hansı sahəyə baxsaq, müjdələr çoxdur. Yetər ki, insanlar bədbinlik eynəyini gözlərindən çıxarsınlar, bir qədər də ölkənin keçmiş vəziyyətinə və bizim keçmişimizə bənzər ölkələrin indiki durumuna diqqət yetirsinlər və sonra İran İslam Respubilkasına baxsınlar. O zaman inqilabın necə böyük möcüzə göstərdiyini anlayacaqlar. Biz günəşin altında yol yeriyib kölgəsi görünməyən insanlara bənzəyirik. Biri o birindən soruşdu ki, günəş haradadır? Dedi: “Arxana bax”. Baxıb öz kölgəsini gördü və günəşin nə olduğunu anladı. İslam Respubilkası quruluşu daxilində insan həqiqət və reallıqlarla təmasda olduğundan müqayisəli mühakimə imkanı zəif olur. Bunun üçün geniş baxış lazımdır.[89]

Şəfəq ongünlüyü bu yanlış üsula, nöqsanlı sistemə və qaydaya son qoydu. Daha hökumətin qalib, fateh, ağa, hakim və ixtiyar sahibi olmaq dövrü bitdi. Əgər ağa varsa, xalqın özüdür. İmam iş başına gəldikdə xalq onu qəbul edirdi. O, xalqın gücünü təmsil edirdi, özündən bir şeyi yox idi, atasından irs aparmamışdı, xəncəri ilə xalqın əleyhinə vuruşub bir şey əldə etməmişdi. Xalqın xəncəri onun əlində idi və onu xalqın düşməninin, işğalçının, müstəmləkəçinin, təxribatçının və çevriliş edənin başına vurdu. Xalq nə zaman xəncəri onun əlindən almaq istəsəydi, ala bilərdi, o da hörmətlə təqdim edərdi, heç kəsdən bir şey tələb etməzdi. Baxın, bu, İslam Respubilkası hökumətinin qaydasıdır.

Keçmiş padşahlar tarixin ən murdar insanlarındandırlar. Hamısı belədir, bir-biri ilə heç fərqləri yoxdur. Mən tarixi yaxşı oxumuşam, padşahlar arasında doğrudan da istisna tanımıram. Bu Əmir İsmayil Samaninin, şiə olan Ali-Buyənin, Səlcuqların, Qəznəvilərin və digərlərinin hansı işlərinə baxsanız, görərsiniz ki, ən çirkin bəşər xüsusiyyətlərinin təzahürüdürlər və ilahi nemətlərdən sui-istifadə etmişlər. Bu silsilə şəfəq ongünlüyündə sona çatdı. Şəfəq ongünlüyü İslam dəyərlərinin başlanğıc nöqtəsi oldu. İndi siz görün bu dönüş nöqtəsi üçün nə qədər anım tədbiri keçirmək və nə qədər iş görmək lazımdır. Əsas məsələ budur.[90]

Bizim inqilabımıza müstəsnalıq bəxş edən möhtəşəm bir amil var. İctimai elmlərdə deyirlər ki, inqilabın bir yoxuşu və zirvəsi olduğu kimi bir enişi də vardır. Bu sizin atdığınız bir daş kimidir. Daş sizin qolunuzun qüvvəsi qədərincə yerin cazibə qüvvəsinin əksinə hərəkət edir. Lakin cazibə qüvvəsindən az olduqda daş yerə qayıdır. O qanunlar deyir ki, bir inqilab, xalqda inqilab coşqusu və ruhiyyəsi oluncaya qədər irəliyə doğru hərəkət edir, zirvəyə çatır, sonra da bu ruhiyyə, həyəcan və hərəkət amili tədricən azalır və bəzi yerlərdə öz ziddinə çevrilir. Nəticədə isə inqilablar süqut edir. Son iki yüz illik tarixdə dünyanın bizim tanıdığımız böyük inqilablarının hamısı bu nəzəriyyəyə uyğun olmuşdur. Lakin İslam inqilabı bu sosioloji təhlildən tamamilə istisnadır. İslam inqilabında inqilabın eniş padzəhəri inqilabın özündə qoyulmuşdur. Dəfələrlə demişik ki, inqilab İslam Respubilkasında və İslam Respubilkasının konstitusiyasında təcəssüm olunur. Konstitusiyanın imamın fikrindən və məktəbindən dərs almış müəllifləri bu qanunun özündə inqilabın davam etməsinin amilini qoymuşalar: İslam qanunlarına boyun əymək, qanuna dini legitimlik bəxş etmək - bu şərtlə ki, İslamla uyğun olsun - və rəhbərlik məsələsi.

Mən bir neçə il öncə İslam Respubilkası quruluşu ilə keçmiş Sovet rejimi arasında müqayisə apararaq - Sovet rejimini dağıtmağı bacarmış amerikalılar və qərblilər həmin mexanizmi İslam inqilabına qarşı da icra etməyə tamahlanmışlar - dedim ki, bu iki quruluş arasında olan bir-birinə tamamən yad olan fərqlər vardır. İslam Respubilkası quruluşunda hərəkətin əsası təməllərə boyun əymək üzərində qurulmuşdur. Bu quruluşun legitimliyinin başlanğıcı olan məsələ, yəni fəqihə aid ilahi vilayət ilahi hökmlərə boyun əyməklə şərtlənir. Rəhbərlik məqamında oturan şəxs İslam amallarına, İslam qanunlarına qarşı nəzəri, yaxud praktik baxımdan laqeyd olsa, legitimlik bitir və ona itaət göstərmək heç kəsə vacib olmur, hətta buna icazə də verilmir. Bu, konstitusiyanın, yəni inqilabın əsas sənədinin özündə qeyd olunmuşdur. Buna əsasən, siz bu gün İslam inqilabı düşmənlərinin sonsuz düşmənçilik və ədavətlərinə baxsanız, görərsiniz ki, onların düşmənçiliyinin ən mühüm hissəsi inqilabın təminatçısı və keşişçisi olan bu amillə əlaqədar iki-üç prinsipə qarşıdır. Bu baxımdan, bu inqilab məğlubedilməzdir. Bu inqilab zirvədən enən deyil və öz hərəkətini dayandırmayacaq. Çünki bizim cəmiyyətimiz mömin və dindar cəmiyyətdir. Din, İslam və iman bütün təbəqələrin qəlbinin dərinliklərində mövcuddur. Xalq sözün həqiqi mənasında dinə etiqadlıdır. Odur ki, dini dəyərlər xalq üçün mötəbərdir və qanunda göstəriləni qorumaq xalqa görə bir vəzifədir. İndi siz müşahidə edirsiniz ki, imamın vəfatından 16 və İslam inqilabının qələbəsindən 26 il sonra elə bir hökumət hakimiyyətə gəlir ki, onun əsas devizi İslam, inqilab və ədalət amallarını davam etdirməkdir. Xalqın rəyi, ürəyi, istəyi və hərəkət istiqaməti də budur. Hərçənd bu xalqın, bu inqilabın və İslam Respubilkası quruluşunun müxalifləri, beynəlxalq düşmənləri bu xalqın barəsində ayrı cür fikirləşirlər. Lakin biz öz xalqımızı tanıyırıq. Bu xalq öz həqiqətlərini, ürəklərini, dərin İslam məqsədləri olan məqsədlərini öz səsvermələrində, hərəkət və şüarlarında aydın şəkildə göstərir.[91]

Bu xalqın gördüyü işi tarix boyu heç bir xalq belə güc və əzəmətlə görməmişdir. Məhz buna görə siz bu gün hansı müsəlman ölkəsinə ayaq qoysanız, o ölkənin görkəmli şəxslərinin, o xalqın ziyalılarının, ali təhsilli gənclərinin, ayıq kişi və qadınlarının ürəyinin İran xalqının xatirəsi ilə döyündüyünü görəcəksiniz. Özləri öz dilləri ilə deyirlər ki, biz İran xalqını özümüzə örnək seçmişik. Çoxlu insanlar sizi yamsılayırlar. Çoxlu insanlar sizin yolunuzu seçiblər.[92]

Gənclər

Bizim xatırladığımız keçmişdə - 50, 40, 30 il öncə insan ramazan ayında Tehran şəhərinə girdikdə ümumiyyətlə, bu şəhərdə oruc ab-havası duymurdu: camaat gəzirdi, rahat siqaret çəkirdi, xörək, sendviç yeyirdi. Ümumiyyətlə, heç kəs hiss etmirdi ki, bu ay orucluqdur. Biz o zaman Məşhəddə idik. Dindar şəhər olan Məşhəddə caamat asanlıqla və aşkar şəkildə oruclarını yeyirdilər, şəhərin bəzi yerlərində sanki heç ramazan ayı gəlməmişdi. Ramazan ayının günortalarında bizim baş çəkdiyimiz və gedib gördüyümüz məscidlərin əksəriyyətində 50 nəfər, 40 nəfər, ən çoxu 100 nəfər insan otururdu; haradasa gözəl nitqli məşhur bir vaiz olduqda isə heç.

Bu gün isə hamı orucdur, hər yerdə zikr və diqqət halındadırlar. Ən yaxşı oruc tutanlar gənclər arasındadır. Quran, dua, təvəssül, münacat məclisləri və uzun söhbətlər var. Bu, keçmişlə müqayisəolunasıdırmı? Etikaf da belə idi. Keçmişdə etikaf çox az idi, çətin və ağır iş idi; üç gün oruc tutmalı, məsciddə qalmalı və bayıra çıxmamlı idilər.

Gənc nəslin günbəgün daha artıq fəsada sarı getdiyi bir dünyada bu gün bizim gənclərimiz günbəgün daha pak, daha təmiz və daha nurlu olurlar. Lakin hegemonizmin təbliğatı Allaha yaxınlaşmağa, özünü İslamla və İslam hökmləri ilə daha artıq uyğunlaşdırmağa çalışan bu ölkəni, onun universitet, gənc, tələbə, müəllim və müxtəlif təbəqələrini İslamdan uzaqlaşmış kimi göstərməyə çalışır.

İslam quruluşu gəncləri elə tərbiyə etmiş və elə bir dövlət qurmuşdur ki, bütün dünyanın əxlaq fəsadlarından əziyyət çəkdiyi bir vaxtda bunlar güvəndədirlər. Böyük ABŞ ölkəsində bir çox islahatçı, mütəfəkkir və ruhanilər orada hakim olan fəsaddan fəryad qoparırlar; hamı nalə edir, amma çıxış yolu tapmırlar. Lakin İslam Respubilkası quruluşu belə bir şəraitdə gənc nəsil üçün təhlükəsiz və əmin-amanlı bir mühit yarada bilmişdir.[93]

Bizim ölkəmiz, böyük xalqımız və xüsusən gənc təbəqəmiz bəzi istisnaları çıxmaq şərtilə, o zaman ümumi olaraq qəflət içində idi. Bu qafillər arasında dindar və təqvalı insanlar da vardı, dinsiz və laqeyd adamlar da. Elələri də vardı ki, günah adamı deyildilər, pak gənclər idilər, lakin ümumi qəflətdə hamı eyni idi. İranda İslam hərəkatının gördüyü ən böyük iş bu idi ki, biz iranlıları tərpədib qəflət, laqeydlik və etinasızlıq yuxusundan çıxarıb gələcəyə sarı apardı. Sədi Gülüstanında birinci babın ikinci, yaxud üçüncü dastanında bir oğru qrupunun hekayəsini danışır. Deyir ki, bunlar bəzi adamlara hücum etmək istəyirdilər, amma onlara qarşı hücuma keçən birinci düşmən yuxu idi. Xarici düşmənin gəlməsindən qabaq onların daxilindən bir düşmən onlara qələbə çaldı. Həmin düşmən yuxudan ibarət idi. Biz yuxuda idik, inqilab bizi yuxudan oyatdı. Mənim özüm Həmədanın 3100 illik tarixini yada salanda qürur duyuram. Həmədan həm də mənim evimdir. Bir şəhər 3100 il ayaqda qalmışdır! İnsan iftixar hissi keçirir, lakin bu, məsələnin bir tərəfidir. Məsələnin başqa bir tərəfi budur ki, simvolu Həmədan olan 3100 illik tarixdə biz İran xalqı ilahi peyğəmbərlərin, ilahi dinlərin insandan istədiyi formada taleyimizə hakim olmuşuqmu?! Özümüzü tanımışıqmı?! Öz gələcəyimiz üçün bir proqram cızmışıqmı?! Bu uzun və qədim tarixin ən yaxşı dövrləri bacarıqlı bir diktatorun hakimiyyətdə olduğu dövrlərdir. O bizim üçün qərar verib, gələcək müəyyənləşdirib, ölkəni böyüdüb. İran xalqı bir toplum olaraq İslam inqilabının qələbəsindən qabaq özünə bir mənzərə tərif etməyə, o mənzərəni seçməyə, onun üçün proqram hazırlamağa və ona doğru hərəkət etməyə fürsət və imkan tapmadı. Özümüz üçün bir mənzərə tərif etməyincə, heç bir düzgün iş baş tutmaz, hamısı gündəlik işlər olar. Tərif etdikdən sonra proqram hazırlamasaq, proqramsız iş nəticəyə çatmaz. Proqram hazırlayandan sonra iradə ilə çalışmasaq, beynimizi, əzələlərimizi və cismimizi çətinliyə salıb yola çıxmasaq, məqsədə çatmarıq. Bunlar vacibdir.

Bir zaman söhbət bir nəfərdən gedir. O, qərar verir və iradə edir ki, qalxsın, hərəkət etsin və qalxıb hərəkət edir. Lakin bir zaman söhbət bir xalqdan gedir. Bir xalq hərəkət etməli, yola çıxmalı, seçim etməlidir. Burada iş mürəkkəb və çətin olur. İnqilab bizə bu bacarığı verdi. Biz tarixin daş-divarını yarıb özümüzü bu çərçivədən və daş hasardan çıxara bildik. İniqlab bununla da kifayətlənməyib bizə bir örnək göstərdi. Bu örnək İslam Respublikasıdır: respublika və İslam.[94]

O zamanlar indiki kimi deyildi, vəziyyət həqiqətən, çox pis idi. Gənclik o zaman dini hövzə tələbəsi olan mənim üçün yox, - mən uşaqlıqdan, ibtidai məktəbdən tələbə olmuşam – ümumiyyətlə, gənclər üçün ürəkaçan deyildi. Gənclərə diqqət yetirilmirdi, istedadları məhv olurdu. Biz öz gözlərimizlə bunu görmüşük. Mən özüm tələbə olduğum mühitdə bunu görürdüm. Sonra tələbəlikdən xaric mühitlərlə, universitet və tələbələrlə əlaqə qurduqda - mən uzun illər tələbələrlə əlaqə və ünsiyyətdə olmuşam - onlarda da belə olduğunu gördüm. O qədər parlaq istedadlar vardı ki, heç kəs anlamırdı və bilmirdi.

Mənim gəncliyim çox zaman gənclərlə keçmişdir. İnqilab qələbə çalanda təxminən 39 yaşım vardı. Mənim 17-18 yaşdan həmin tarixə qədər bütün dövrüm gənclərlə keçmişdir; həm elm hövzəsinin tələbələri, həm də digər gənclərlə. Hiss etdiyim bu idi ki, Məhəmmədrza Pəhləvi rejimi gənclərin pozğunluğa sarı getməsi üçün planlı işləmişdir. Pozğunluq təkcə əxlaq pozğunluğu deyildi, həm də kimlik pozğunluğu, şəxsiyyət pozğunluğu idi.

Düzdür, mən iddia edə bilmərəm ki, məmləkətin gənclərini pozğunluğa sövq etmək üçün rejimin özü plan hazırlamışdı. Belə ola da bilər, olmaya da bilər. Lakin qətiyyətlə deyə bilərəm ki, onlar elə proqramlar hazırlamış və məmləkəti elə idarə edirdilər ki, nəticəsi belə olurdu: yəni siyasi məsələlərdən, həyati məsələlərindən uzaq gənclik yetişirdi.

Siz inanırsınızmı, mən və mənim kimilər, iyirmidən artıq yaşımızda da hökumətin kimlərdən ibarət olduğunu ümumiyyətlə, bilmirdik. İndi siz ölkənin Təlim və tərbiyə nazirinin kim olduğunu bilməyən bir şəxs tanıyırsınızmı?! Yaxud misal üçün, İqtisadiyyat və maliyyə nazirini və ya prezidenti tanımayan kimsə varmı?! Ölkənin ən ucqar yerlərində də hamının xəbəri var. O zaman bütün təbəqələr, o cümlədən gənclər siyasi məsələlərdən tamamilə xəbərsiz idilər. Gənclər ən çox gündəlik məsələlərlə məşğul olurdular; bəzisi çörək dərdində idi, bəzisi bir tikə çörək pulu qazanmaq üçün ağır iş görürdü. Əlbəttə, onların gəlirlərinin bir hissəsi yeməyə sərf olunmurdu, digər kənar işlərə xərclənirdi.[95]

Siz bizim dövrümüzdə Latın Amerikası və Afrika barədə yazılmış kitabları oxumuş olsanız, - Frantz Fanonun və o zamanlar bu haqda kitab yazan digər alimlərin əsərləri indi də mötəbər sayılır - bilərsiniz ki, bizim vəziyyətimiz də elə idi. İran barədə yazmağa heç kim cürət etmirdi, lakin Afrika, Çili, yaxud Meksika barədə asanlıqla yazırdılar. Mən bu kitabları oxuyarkan görürdüm ki, bizim vəziyyətimiz də eynilə belədir. Yəni o gənc fəhlə də ağır işlər görüb bir şahı qazandıqdan sonra pulunun yarısı əyyaşlığa, veyilliyə, avaralığa və bu kimi işlərə sərf olunurdu. Biz bunları kitablarda oxuyur və görürdük ki, cəmiyyətimizin reallığı da belədir. Doğrudan da çox pis idi. Gənclik mühiti yaxşı deyildi. Əlbəttə, gənclərin qəlbində və gənc mühitin daxilində ayrı cür idi. Çünki gənc mahiyyətcə aktiv, ümidli və həyəcanlıdır.

Şəxsən mənim özümün çox həyəcanlı gəncliyim olmuşdur. İnqilabın başlanmasından öncə ədəbi və digər fəaliyyətlərə görə həyatımda həyəcan vardı. Sonra 1962-ci ildə mübarizələr başlayanda - mənim o zaman 23 yaşım vardı - təbii ki, biz daha ölkənin əsas həyəcanlı işlərinin içində idik. Mən 1963-cü ildə iki dəfə həbs olundum; həbs, zindan, istintaq. Bilirsiniz ki, bunlar insana həyəcan verir. İnsan çıxdıqdan sonra belə məsələləri sevən xalqın böyük izdihamını, bunları hidayət edən, işləri, düşüncələri və yolları düzəldən imam kimi bir rəhbəri müşahidə etdikdə həyəcanı daha da artırdı. Odur ki, belə yaşayan və düşünən mənim kimilər üçün həyat çox həyəcanlı idi. Amma hamı belə deyildi.

Gənclər bir yerə toplaşdıqda ürəkləri isti olduğundan, yəni təbiətlərində bir növ gümrahlıq və şadlıq olduğundan, hər şeydən ləzzət alırlar. Gənc xörəkdən, danışmaqdan, güzgüyə baxmaqdan, istirahətdən ləzzət alır. Siz inanmazsınız ki, insan gənclik illərini ötürdükdən sonra sizlərin, misal üçün, təbii bir xörəkdən aldığınız ləzzəti daha duymur. O zaman hərdən böyüklər - yəni mənim indiki yaşımda olanlar bəzi sözlər deyirdilər, biz təəccüb edirdik ki, bunlar necə belə fikirləşirlər. İndi görürəm ki, xeyr, o yazıqlar çox da yanlış düşünməyiblər. Əlbəttə, mən özümü gənclikdən tamam qırmamışam. Hələ də özümdə gənclikdən nəsə duyuram və o hala düşməyə qoymuram. Allaha şükür olsun ki, indiyədək qoymamışam, bundan sonra da qoymaram. Lakin özlərini qocalığın ixtiyarına buraxanlar gəncin öz həyatının bütün sahələrindən duyduğu ləzzəti duymurdu. O zaman belə idi. Demirəm ki, qəm-qüssə hakim idi, bunu iddia etmirəm. Lakin qəflət və məlumatsızlıq şəraiti hakim idi.

O zaman mübarizə barədə ciddi və dərindən düşünən bizlər gəncləri bacardığımız qədər rejimin mədəni nüfuz dairəsindən çıxarmağa çalışırdıq. Mən özüm misal üçün, məscidə gedirdim, təfsir dərsi deyirdim, namazdan sonra söhbət edirdim, bəzən rayonlara gedib söhbət edirdim. Mənim əsas diqqətim gəncləri rejimin mədəni kəməndindən çıxarmağa yönəlirdi. O zamanlar bunu gözəgörünməz tor adlandırırdım. Deyirdim ki, gözəgörünməz bir tor var; hamını bir tərəfə çəkir. Mən istəyirəm bu gözəgörünməz toru imkan daxilində parçalayım və bacardığım qədər gənci bu tor və tələdən çıxarım. Kim bu düşüncə kəməndindən xaric olurdusa, – onun xüsusiyyəti bu idi ki, əvvəla dindarlığa, ikinci növbədə isə imamın təfəkkürlərinə yönəlirdi – bir növ qorunurdu. O zaman belə idi. Həmin nəsil də sonralar inqilabın əsas dayaqları oldular. Mən indi də öz cəmiyyətimizə baxdıqda o nəslin çoxlu nümayəndələrini – həm mənimlə əlaqədə olanları, həm də olmayanları seçə bilirəm.

Hər halda, indi sizin dövrünüz, şəraitiniz yaxşıdır. Əlbəttə, demirəm ki, gənc üçün hər şey hazırdır və hər şey ideal formadadır. Əslində, o zamanla müqayisədə bu gün vəziyyət çox yaxşıdır. Əgər bir gənc yaxşı yaşamaq, özünün insani kimliyini və şəxsiyyətini tapmaq istəsə, mənim fikrimcə, bu gün bacarar.

Sizlər təəssüf ki, müharibə dövründəki inkişafı görməmisiniz. Əlbəttə, müharibəni görməməyiniz təəssüflü deyil, lakin ovaxtkı misilsiz mənzərəni dərk etmədiyinizə görə insan təəssüflənir. Sizinlə həmyaşıd olan 18-20 yaşlı gənclər mənəviyyat və paklıq baxımından bəzən qırx il Allah yolunda çalışmış bir arif həddinə çatırdılar. İnsan bunu onların vücudunda hiss edirdi; az da deyildilər, çox idilər. Mən o zaman belə gənclərin qarşısında həqiqətən kiçik olduğumu hiss edirdim. Təvazökarlıq üçün belə etmirdim. Bilirsiniz ki, insan bir böyüyün qarşısında durduqda, onun üstünlüklərini gördükdə öz zəifliyini anlayır. Mən Bəsic üzvü olan bir gəncin, döyüşcü bir gəncin qarşısında həmin hissi keçirirdim. Şərait belə idi; adi bir gənci belə dəyişdirə bilirdi.

Siz dünya gənclərinin vəziyyətindən xəbərdarsınız; rep qrupları, min cür əxlaq və düşüncə bəlaları. Dünya gəncləri doğrudan da min cür bəlalara düçar olmuşlar. İndi mövcud olan rep qruplarından və bu kimi insanlardan bizim dövrümüzdə də vardı. Bizim dövrümüzdə “The Beatles” adlı bir qrup məşhur idi. İndi eşitmişəm ki, qocalıblar. Bir qədər öncə xarici jurnalların birində onların barəsində yazı gördüm; harada olduqlarını və nə iş gördüklərini yazmışdılar. Həmin psixoloji sıxıntı və problemlər onları belə işlərə sövq edirdi. İndi geriqalmış və ucqar ölkələrdə onları yamsılayanlar o yazıqların hansı xəstəliyə tutulduqlarını anlamırlar. Elə bilirlər bu, inkişafdır, halbuki bir tənəzzül və süqutdur. Dünya belə bir vəziyyətə düşəndə bizim gənclərimiz elə idilər. İranda gənc zəngin, ehtiyacsız, başıuca, qəlbində güclü sevincə, vəzifəni yerinə yetirmək hissinə və aydın məqsədə malik idi - nə iş gördüyünü və kimin üçün çalışdığını bilirdi. O, Allahın lütfü ilə qalib və Allah-Taalanın ona verdiyi həqiqi və mənəvi yüksəlişə sahib idi.[96]

Keçmişdə univeristeti dindən, təqvadan, ibadətdən uzaqlaşdırmağa çalışırdılar. İran xalqının düşmənləri tərəfindən planlaşdırılan bu hiylədə məqsəd ali təhsilli və ziyalı nəsli laqeyd, qayğısız, dəyərsiz istəklərin və şəxsi qazancın əsiri etmək, böyük ideallara diqqət və marağını öldürmək olmuşdur. Şərəfli univeristet mənsubları, dindar müəllim və tələbələr həmin ağır şəraitdə həmişə bu şeytani hiylə ilə mübarizə aparırdılar.

Bu gün Allaha şükür olsun ki, univeristet İslam ölkəmizin digər ictimai yerləri kimi dini əlamətlərlə bəzənmiş, saflıq, dindarlıq və inqilabçı hisslərlə zinətlənmişdir. İnqilabın univeristeti iki onillik boyunca bütün hadisələrdə fəal iştirak etmiş, məşhur şəhidlər vermişdir.[97]

Nümunə qadınların yetişdirilməsi

Tağut hakimiyyəti dövründə bizim bu qədər alim qadınımız yox idi. Bu mənim sözümdür və bunda israrlıyam. Bu gün qadın tədqiqatçıların, müəllimələrin, müxtəlif sahələrdə çalışan, düşünən, nəzər yürüdən və yazan qadın alimlərin, mütəfəkkirlərin, yazıçıların, ədiblərin, şairələrin, sənətkarların, rəssamların mütləq və nisbi sayı tağut dövründən dəfələrlə artıqdır. Qadını müdafiə adı altında hicabın, iffətin, qadın və kişi arasındakı pərdənin tamamilə götürüldüyü və bu özbaşınalığın günbəgün artdığı dövrdə hətta bəzi nümunələrdə Avropa ölkələrindən də pis əməl edirdilər. Bu gün İslam Respublikası quruluşunda hicab, çadra, başörtüyü altında qadınlardan ibarət nümunəvi düşüncə, elm, əməl adamları, siyasi fəallar, mədəniyyət və incəsənət xadimləri olduqca çoxdur. O zaman bunun bir hissəsi də yox idi, çox məhdud idi. Bu, təlqin etmək istədiklərinin tam ziddinə olan bir nəzəriyyəni gücləndirir. O da budur ki, özbaşınalığı yaymaq nəinki qadını, onun mənəviyyatını və istedadlarını inkişaf etdirmək deyil, əslində müxtəlif bərbəzəklər və bu işlərdən irəli gələn müxtəlif problemlərlə məşğul etmək və bunun özü qadınların kamiliyyə və tərəqqiyə sarı hərəkətinə maneədir.

İslam quruluşunda qoyulan məhdudiyyət qadının insani fitrətinə uyğundur; həm kişilər üçün məhdudiyyət var, həm də başqa bir formada qadınlar üçün. Bu məhdudiyyət onların enerjilərinin hədər getməməsinə və imkan daxilində yaxşı istiqamətdə işlədilməsinə kömək edir. Nəticəsi isə bu gün qadınlarda müşahidə etdiyimiz düşüncə, elm və əməl inkişafıdır. Biz bu gün buna şahidik. Bu birinci məsələ.

Əvvəllər deyilirdi və bəziləri hələ də çox nadanlıqla deyirlər ki, məgər qadınlar hicabla, şəriətlə, İslam qaydaları ilə inkişaf edə bilərlər?! Bunun real cavabı bizim cəmiyyətimizin böyük qadın toplumudur. Heç vaxt ölkədə belə vəziyyət olmamışdır; tağut dövründə də olmayıb, təlim və tərbiyə siyasətinin başqa cəhətdən nöqsanlı olduğu əvvəlki dövrdə də olmayıb. Bu gün Allaha şükür olsun ki, İslam quruluşunda bu şərait yaranmışdır. İndi universitetlərdə, elm və təhsil mərkəzlərində uğurlu qızların say çoxluğu ikinci dərəcəli məsələdir. Birinici dərəcəli olan budur ki, nümunəvi qadınlar İslam Respubilkası quruluşunda elmin müxtəlif sahələrində parlaya bilmişlər.[98]

İslam böyük alim olan qadınlar yetişdirmişdir. Bu gün bizim cəmiyyətimizdə qadınlardan ibarət mütəxəssis, alim, həkim, tədqiqatçı və böyük sənətkarlar az deyillər. Onların arasında dəyərli fikir və nəzəriyyə sahibi olanlar var. Siyasət sahəsində, icraçı və qanunverici orqanlarda da belədir. Ölkənin bütün sahələrində qadınlar fəal iştirak edirlər. İslam təfəkkürü və dəyərlər sistemi ilə Qərb təfəkkürü və dəyərlər sistemi arasında mübahisə mövzusu bu deyil, başqa bir şeydir.[99]

Həmin faciəli fəaliyyətlərdən biri Rza şahın zamanında baş vermiş 7 yanvar məsələsidir. İslamın və İranın düşmənlərinin planına uyğun olaraq, Pəhləvi sarayına bağlı olan ozamankı ziyalıların köməyi ilə qərara gəldilər ki, iranlı qadını iffət və hicabdan uzaqlaşdırsınlar, bununla da qadının müsəlman cəmiyyətlərində həmişə malik olduğu böyük iman qüvvəsini məhv edib sıradan çıxarsınlar.

Tağut rejiminin böyük cinayətlərindən biri 17 Dey (7 Yanvar) hadisəsidir. Hicabı və İslamda qadın və kişinin, eləcə də cəmiyyətin sağlamlığı üçün iki cins arasında təyin olunmuş pərdəni götürmək Qərb cəmiyyətlərində qadının başına gətirilmiş bəlanı iranlı müsəlman qadının da başına gətirmək demək idi. Rza xan ölkə daxilində dəyənəklə bu işi gördü. Qərb qadınının fəsad bataqlığına girməsi ailə institutunun məhvinə gətirib çıxardı. Hicabı ləğv etməklə qadın elmdə, siyasətdə, yaxud ictimai fəaliyyətlərdə inkişaf etmədi. Bunların hamısı hicab və iffətlə də mümkün idi. Biz İslam quruluşunda bunu sınaqdan keçirdik. Hicabı ləğv etmək iffəti məhv etməyə, İslam cəmiyyətində həyanı sıradan çıxarmağa giriş idi və insanları çox güclü cinsi amillə məşğul etməkdən ötrü həyata keçirildi. Məqsəd onları bütün işlərdən saxlamaq idi. Bir müddət buna nail oldular, amma İran xalqının güclü imanı qoymadı. Bizim müsəlman qadınlarımız yaradılan əngəllərə rəğmən, həmişə bu təzyiqin qarşısında müqavimət göstərdilər; Rza xan gedəndən sonra bir şəkildə, onun dövründə bir şəkildə, tağut rejiminin digər dövrlərində də bir şəkildə. 1978-ci ilin yanvar ayının yeddisində Məşhəddə müsəlman qadınların hicabı müdafiə üçün keçirdikləri böyük mitinq baş tutdu. Biz o zaman sürgündə idik. Məlumat aldıq ki, mömin, müsəlman və cəsarətli qadınlar belə bir iş görmüşlər. Bu, tağut rejiminin faciələrinin bir hissəsidir. Dini amalları, əxlaqi dəyərləri, iqtisadi inkişafı və beynəlxalq iqtidarı məhv etmək, bir xalqın sərvətlərini havaya sovurmaq da həmin tağut və bədnam rejimin işlərindən idi.[100]


Üçüncü fəsil: Uğurun doğuşu

Siyasi müstəqillik

Bu İran ölkəsində xain Məhəmmədrza Pəhləvi Baş nazir, Neft şirkətinin prezidenti, Müdafiə, yaxud Xarici işlər naziri təyin etmək üçün İngiltərə və ABŞ-ın Tehrandakı səfirlərinin yanına adam göndərib deyirdi ki, filankəsi gətirmək istəyirəm, fikriniz nədir? Əgər onlar "gətir" - desəydilər, gətirirdi, "gətirmə" - desəydilər, gətirmirdi.[101]

Bu inqilabın dəyəri ondadır ki, ölkəmizi qlobal hegemonların istismarından xilas etdi. Siz görün dünyada beynəlxalq tamahkarlar və inhisarçılar xalqlara nələr edirlər! Bu ölkəyə, bu xalqa, bizim neftimizə, mədəniyyətimizə, hökumətimizə, insani və maddi sərvətlərimizə onlar hakim idilər. İnqilab onların hökmranlığına son qoydu, onları ölkədən qovdu və xalqa təsirlərini azaltdı. Bu bizim inqilabımızın dəyəridir. Bu inqilabı uca tutmalı, öz yolunda möhkəm saxlamalı və uca məqsədlərinə sarı irəliləməsinə kömək etməliyik. Bu prinsip, əsas və təməllər bizim gələcəyimizi, taleyimizi, iqtisadiyyatımızı, mədəniyyətmizi, dinimizi və dünyamızı gözəlləşdirəcək, əziz və məzlum ölkəmizin yaralarını sağaldacaq.[102]



Geri   İrəli
Go to TOP