A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ELM İŞIĞI- Birinci cild (Ayətullah Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Elm və iş - bir-birinin zəruri şərti

İşsiz elm elə əməlsiz elmdir: "Əməlsiz alim meyvəsiz ağaca bənzəyir". Bitmiş ağac ilahi qüdrətin əlamətidir, amma meyvəsi yoxdur. Həmçinin bir şəxs elmsiz işlədikdə, o iş ibadət olsa da, faydası yoxdur və dövri hərəkətə bənzəyir; bir şəxs inkişaf olmadan öz ətrafına fırlanır. Ölkənin həm elmə, həm də işə ehtiyacı var. Allah-Taala da bunların hər ikisini savab saymış, onlar üçün mükafat təyin etmişdir.[148]

Bəşər təkamülünün elm və çalışmaqdan asılı olması

Elmi yaymaq və işi görmək də namaz qılmaq və Quran oxumaq kimi ibadətdir. Bunlar kiçik iş deyil. Nə üçün Allah-Taala öyrətməyi və işləməyi bəşərə savab etmişdir? Axı Allahın işləri əbəs deyil. Bu ondan ötrüdür ki, Allah-Taalanın bəşərin həyatı dövründə nail olmasını istədiyi kamillik həmçinin elm və işə bağlıdır. İşsiz, yaxud az və ya pis işləyən və yaxud elmsiz və savadsız bir cəmiyyət və xalq özünü lazımi şəkildə bəşəri kamilliyə çatdıra bilməz, dünya həyatı hədər gedər. Haqq-Taalanın kamil və qüsursuz elmində bu məsələ aydındır.[149]

Quran mədəniyyəti: Elmi inkişaf mənəvi ucalığın kənarında

İlahi peyğəmbərlərin dəyərli təlimləri və Allah-Taalanın nurlu ayələri ilə bəşər üçün bəzənmiş və işıqlanmış dünya insana layiq dünyadır. Elə bir dünyadır ki, onda həm abadlıq, rifah, elm və sənaye inkişafı var, həm də siyasi iqtidar və mənəvi yüksəliş. Elə bir dünyadır ki, insanlar bir-birinin yanında rahatlıq, təhlükəsizlik və əmin-amanlıq hiss edirlər və insaniyyət çiçəklənir. Lakin bu, maddi sivilizasiyanın düzəltdiyi dünyada mövcud deyil. Çünki maddiyyatçı dünyada insanlar canavarlar kimi bir-birindən qorxmalıdırlar. İran xalqı həm maddi, həm də mənəvi cəhətdən özü üçün belə bir dünya qurmaqda israrlıdır. Bu isə uzunmüddətli bir mübarizədir.

Allaha şükür olsun ki, bu gün bu ölkədə elmin və dünyaya xidmət göstərə biləcək İslam mədəniyyətinin karvanı hərəkətə başlamışdır.[150]

İki əsas şərt olan təlim-təbriyə və yaradıcılıq sahələrində inkişaf

Müəllim elmin timsalıdır, fəhlə isə əməlin. Bu səbəbdən Müəllim və Fəhlə günü elm və əməl günüdür. Cəmiyyətin varlığı da elm və əmələ bağlıdır. Əgər biz öz aramızda bu iki əsası – yəni elm və əməli, təlim və tərbiyəni, iş və yaradıcılığı inkişaf etdirib bu iki sahədə nəzərəçarpacaq inkişaf yarada bilsək - Allaha şükür olsun ki, bu gün bu böyük həddə yaranmışdır - ölkənin məqsədlərə sarı hərəkəti sürətlənəcək, problemlər aradan qalxacaq və bizim böyük inqilabımızın müsəlman İran üçün nəzərdə tutduğu vəziyyət yaxınlaşacaq. Odur ki, bu iki əsas mühüm məsələdir. Bu iki əsasın nümayəndələri - yəni bir tərəfdən ölkənin müəllim toplumu, təlim və tərbiyə işçiləri, digər tərəfdən də fəhlə toplumu, işə, yaradıcılığa, istehsala, sənayeyə, əkinçiliyə və bu kimi sahələrə aid olanlar ölkə üçün çox əhəmiyyətlidirlər.[151]

Elmi irəliləyiş və təbiətin öyrənilməsi

İslam demir ki, dünyanı abadlaşdırmayın, elm öyrənməyin, təbiətdəki ilahi qanunları öyrənməyə çalışmayın. Xeyr, əksinə, İslam insanı elmə və ağla sarı yönəldir.

İslam düşüncə və elm baxımından cəmiyyətin səviyyəsini yüksəldir; insandan istəyir ki, yeri qursun, abadlaşdırsın, Allah-Taalanın bu dünyada yaratdığı, havada, torpaqda, günəşdə, suda və kainatda əmanət qoyduğu digər qüvvə və istedadları kəşf etsin, özünün və digər insanların ixtiyarında qoysun.[152]

Elm və iman örnəyini göstərməyin zəruriliyi

Biz dünyaya elə bir nümunə nəsil təqdim etmək istəyirik ki, əməli surətdə elmlə məşğul olub onu öyrənməyin, varlıq aləmində və insanın öz vücudunda ilahi əmanətlərdən maksimum bəhrələnməyin, eyni zamanda dindar, əxlaqi və mənəvi dəyərlərə sadiq qalmağın mümkünlüyünü isbat etsin.

Əgər İslam Respublikası və İslam quruluşu 30, 40 və ya 50 il ötdükdən sonra olsa belə alim, elmə inanan, elm öyrənən və elmi işlədən şəxsin dindar, dini və əxlaqi dəyərlərə sahib olub bəşər üçün bu faydaları yetirdiyini dünyaya göstərsə, bilirsiniz İslam üçün necə böyük təbliğat olacaq?! Bəşərin üzünə hansı qurtuluş qapısı açılacaq və bəşəriyyət necə təhlükəsizlik hiss edəcək?! Əgər İslam quruluşu bu işə ciddi girişsə, bunu əməldə kimlər həyata keçirməlidir? Siz gənclər.[153]

Elmi inkişafın kənarında mənəviyyata və əxlaqa ehitiyac

Biz elə bir dünya istəyirik ki, həm elm, bilik, texnologiya, elmi inkişaf və kəşflərdən bəhrələnsin, həm də mənəvi və əxlaqi yoxsulluğu olmasın. Bu gün təəssüf ki, ölkəmiz elmi baxımdan geridədir. Biz ötən iki yüz ildə inqilaba qədərki hökumətlərin pis işləməsi nəticəsində geri qalmışıq. İndi fərz edin bu gerilik aradan qalxsa və dünyanın elmdə inkişaf etmiş bugünkü ölkələri kimi olsaq, o məsələnin və digər çatışmazlığın əhəmiyyəti və zərəri bundan az olmayacaq. Əgər bu gün Qərbin düçar olduğu kimi, elmi baxımdan inkişaf etmiş, lakin ayrıseçkiliyə, əxlaq fəsadına, güclü əxlaqi yoxsulluğa və sərgərdanlığa düçar olan, mənəviyyatı unudub həyat ləzzətlərindən yapışan bir cəmiyyətimiz olsa, bu çox böyük ziyan olacaq.[154]

Əgər gənclər bu yolda yaxşı hərəkət etmək istəsələr, sizin Quranınız məşəl ola bilər. Qurançı olmağın rolunu bundan anlamaq olar. Siz dərrakəlilər, istedadlılar və inkişaf etmiş gənclər bu məşəli əlinizdə saxlamalısınız. Siz əslində Quran məşəlini qəlbinizdə saxlayıb dərs oxumalı, düşünməli, işləməli, yeni yollar axtarmalı, elmdə, bilgidə, inkişafda, sənayedə və hər bir şeydə açılmayan qapıları açmaq barədə fikirləşməlisiniz. Ölkənin elm yoxsulluğunu öz səyinizlə aradan qaldırın, tədqiqat yoxsulluğunu aradan qaldırın və bütün bunları Quranla birgə edin. Bu olacaq ideal vəziyyət. Buna görə mən gənclərə çox ümidvaram; Quran və İslam təlimləri ilə tanış olan gənclərə isə qat-qat artıq ümidvaram.[155]

Gəncin tərbiyəsində İslamın üç əsas şərti

İslam əməlsiz, dinsiz alim və əxlaqsız dindar istəmir. Bəzi insanlar zahirən dindardırlar, lakin heç bir İslam əxlaqları yoxdur; İslamın zahiri məsələlərinə əməl edir, namaz qılır, oruc tuturlar, lakin onlarda bir zərrə xeyirxahlıq, fədakarlıq, yaxşılıq, həmdərdlik və əməkdaşlıq yoxdur.

Əxlaqlı olan, lakin elmlə, yaradıcılıqla və bu kimi işlərlə məşğul olmayan dindarın da faydası yoxdur. Siz bu gəncdə üç əsas şərt olan elm, əməl və əxlaqı yetişdirin. Əlbəttə, bunun bir qədəri proqram hazırlayanlara aiddir ki, onlar hansı proqramı, hansı kitabı, hansı dərsi və hansı mövzunu hazırlasınlar. Lakin bir hissəsi də sizə - təhsil müdirlərinə aiddir. Bu sahədə vəziyyəti görən sizsiniz; müəllimi, məktəb direktorunu, tərbiyəvi işlər üzrə müavinini və şagirdi tanıyır, işləri bacarırsınız.[156]

Elmi işin kənarında imanın zəruriliyi

Milli təhlükəsizlik təhdidləri ilə mübarizədə şübhəsiz ki, elektron və digər üsullarla elmi işlər görməlisiniz. Elmi iş və fəaliyyət olmadan dayanmaq olmaz. Lakin bir kəmər kimi bu toplumun hər tərəfini saxlayan, təhlükəsizlik hasarı kimi bu xalqı qoruyan amil onun imanıdır. Bu kəməri imkan daxilində möhkəmlədin.[157]

Zühur dövründə elmdən səmərəli istifadə

Zühur dövrü elə dövrdür ki, bəşəriyyət rahat nəfəs ala, Allahın yolunu gedə, təbiətdə və insanın vücudunda olan bütün istedadlardan səmərəli istifadə edə biləcək. Bu gün bəşərin potensialından səmərəli istifadə olunmur, istedadlar tələf olur; təbii istedadlar da həmçinin. Ekologiya əleyhinə görülən və təbiəti çirkləndirən bəzi işlərin hamısı təbii imkanlardan pis istifadədən irəli gəlir. Bəşər bu işə başlamışdır və inkişaf edir. Amma bu, düzgün və yeganə yol deyil; elmin yolları çoxdur. Bəşər ilahi quruluş sayəsində o yolu tapa bilər.[158]

Ruhi və mənəvi yüksəlişin kənarında elm və sənaye inkişafı

Bir ölkənin ucalığı onun yoxsulluğu və ehtiyacı ilə uyğun gəlmir. Buna görə də biz sənaye və tədqiqatla məşğul olmalıyıq. Lakin xalqın yalnız buna ehtiyacı yoxdur, mənəviyyata, ilahi hidayətə və düzgün ilahi yolda qalmağa da ehtiyacı var. Çünki bu olmasa, çox hünər göstərsək, sənaye baxımından bizdən bir addım öndə, lakin yenə də inkişaf etmiş sənaye ölkələrinin ardıcılı olan bir ölkə olacağıq. Biz isə bunu istəmirik. Bizim məqsədimiz budur ki, İslamın bizim üçün təsvir etdiyi və insanın xoşbəxt olduğu bir quruluş yaradaq. İnsan xoşbəxtliyi də onun mənəvi və ruhi yüksəlişinə bağlıdır. Necə ki, həm də maddi həyat baxımından onun əlinin açıqlığına – yoxsul, möhtac olmamasına, digərlərinin ardınca düşməməsinə və elmi yüksəlişinə bağlıdır. Biz özümüzü dünya istismarçılarının bugünkü zalım sistemində boğmaq istəmiriksə və bunu sözün həqiqi mənasında, ürəkdən qəbul ediriksə, sizin sahənizdə - istər parlamentdə, istər hökumətdə görülən bütün işlərdə bu mənəvi və dəyər cəhətinə mütləq diqqət yetirilsin və bu sahədə diqqətsizliyin baş verməsinə əsla icazə verməyin.[159]

Elmi inkişaf ideal İslam dünyasının rəhnidir!

Bu gün Allahın lütfü ilə ölkəmizdə yaranmış əhval-ruhiyyəni qorumağa ehtiyacımız var. Biz İslam məfhumları ilə düzgün tanış olmalı, İslam dəyərlərini qorumalı və elmi, İslamın təsvir etdiyi dünyanı yaratmaq üçün işə salmalıyıq. İslamın müsəlmanlar üçün proqnozlaşdırdığı dünyanı elmsiz əldə etmək mümkün deyil. Quranın iki yerində təkrar olunan “Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!”[160] ayəsi bütün dünyaya mədəni cəhətdən qələbə çalmaq, bütün xalqların hidayətini ələ almaq və onları nura, mənəviyyata və ilahi təkamülə sarı yönəltmək deməkdir. Elm olmadan bu böyük məqsədə çatmaq mümkün deyil. Yəni cahil və savadsız qalmaqla, elmi cəhətdən yerində saymaqla və həmişə elmi istehsal edənlərin əlindəkilərə ehtiyaclı olmaqla bu məqsədlərə çatmaq mümkün deyil. Bunun üçün mütləq elm istehsal etmək lazımdır.[161]

Qərb mədəniyyəti qarşısında mənəvi mədəniyyətin əsasını qoymaq

Əgər bu ölkə maddi fəaliyyət və inkişaf sahələrində uğur qazana bilsə, elm, texnologiya və sənaye əldə etsə, güclü beynəlxalq siyasətə və diplomatiyaya malik olsa, cəmiyyətin iqtisadi vəziyyətini yaxşılaşdırsa, tükənməz yeraltı və yürüstü sərvətlərdən – mədənlərdən, əkinçilikdən və digər sahələrdən yararlansa, geniş və rəngarəng İran torpağından və onun mühüm strateji movqeyindən istifadə etsə, xülasə, özünü beynəlxalq və sivil inkişaf standartlarına uyğunlaşdırsa, bu, maddi inkişafı dəyər və mənəviyyat çırağının işığı altında əldə etməyi bacaran ilk ölkə və dövlət olacaq. Bu isə yeni bir mədəniyyət deməkdir. Tarixdə bunun misli azdır və bu, Qərb mədəniyyəti qarşısında çox xəbərdaredici bir fenomendir.[162]

Xalq hərəkətinin məğzi

Burada oturan sizlər bir gün bəşəriyyətə dünyanın ən səs-sədalı və ən mühüm ixtirasını təqdim edib öz xalqınızı irəliyə apara bilərsiniz. Bir xalq işini yalnız səs-küylə görə bilməz. Əlbəttə, səs-küy də lazımdır, amma hərəkətin məğzi və dərinliyi olmalıdır. Məğz və dərinlik də iki şeydən artıq deyil: biri iman, biri elm. Bu iki amilə malik olmaq lazımdır. İmansız elm işi irəliyə aparmır; yəni kənarında çoxlu problemlər yaradır. Elmsiz iman da belədir.[163]

İslamın mütərəqqi elmi toplum qurmağa həvəsləndirməsi

İslam öz tərəfdarları üçün elmi və əməli inkişafın, texnologiya inkişafının və xalqın dünyəvi inkişafının mövcud olduğu bir cəmiyyət istəyir. İslamın elmə, əmələ və fəaliyyətə həvəsləndirməsi bundan ötrüdür. Allahın qanunu budur ki, hansı xalq çalışıb işləsə, onun səmərəsini mütləq görəcək.[164]

İdeal İslam cəmiyyəti

İslam, daxilindən elmin çağladığı bir cəmiyyət istəyir. Bütün ictimai təməllər elm əsası üzərində yenidən qurulmalı və inkişaf etməlidir.[165]

Elmi sivilizasiya - həqiqi İslama əməl etməyin nəticəsi

İslam ölkəsi - həyatverici, həvəsverici, hərəkətverici İslamın, yanlış düşüncə, doqmatizm və yayınma olmayan İslamın, kənar qatqılardan uzaq olan, insanlara qorxmazlıq verən, onları elmə və biliyə çağıran İslamın hakim olduğu bir ölkədir. Elə bir İslam ki, İslamın birinci əsrində əməl olunan formada pərakəndə bir toplumu tarixi və qlobal sivilizasiyanın zirvəsinə çatdıra bildi, mədəniyyəti və elmi dünyaya hakim oldu. Elmi nüfuz və hakimlik öz ardınca siyasi iqtidar da gətirir, iqtisadi rifah da, əxlaqi dəyərlər də; əgər ölkə sözün həqiqi mənasında İslam ölkəsi olsa.[166]

Elm İslam cəmiyyətinin fundamental prinsiplərindən biri kimi

İslam inqilabı bir qrupun, bir partiyanın, yaxud bir cəmiyyətin hakimiyyət istəyindən ötrü yaranmadı. İslam inqilabını İranın müsəlman xalqı həyata keçirdi. Bu inqilabda məqsəd də İslam cəmiyyəti qurmaqdır. İslam cəmiyyətinin əsas meyarları isə bunlardır: elmli, əxlaqli və ədalətli cəmiyyət. Hamı bunun üçün çalışmalıdır. Bizim sadiq olduğumuz prinsiplər bunlardır. İslam cəmiyyəti bu dəyərlərdən ötrü qurulmuşdur. Bizim maddi həyatımızı, bizim rifahımızı, bizim siyasi və beynəlxalq izzətimizi və bizim təhlükəsizliyimizi kamil şəkildə təmin edə bilən amil də bunlardır. Hamı elmli, əxlaqlı və ədalətli bir cəmiyyət yaratmağa çalışmalıdır; hökumətlərin vəzifəsi də budur; bütün məmurların vəzifəsi də budur; müxtəlif sahələrin müdirlərinin vəzifəsi də budur; xalqın arzusu, istəyi və məmurlardan tələbi də budur: elmli, əxlaqlı və ədalətli bir cəmiyyət.[167]

İslam ümmətinin Əhli-beyt elminə və təlimlərinə ehtiyacı

İmam Sadiqdən (ə) dərs öyrənən minlərlə insanın hamısının şiə və o həzrətin imamlığına etiqadlı olduğunu düşünmək səhvdir. Xeyr, çoxları İmam Sadiqin (ə) imamlığına şiələr kimi etiqad bəsləmirdilər, amma onun elmindən və o həzrətdə olan İslam təlimlərindən istifadə edirdilər. Bizim hədislərimizdə rəvayətçiləri arasında əhli-sünnədən və qeyri-şiələrdən olan insanların da yer aldığı hədislər çoxdur; amma həzrət Əbu Abdullah Sadiqdən (ə) rəvayət nəql edirlər.

Bu sözün mənası odur ki, İslam dünyası və İslam ümməti bu gün də İmam Sadiqin (ə) və Əhli-beytin təlimlərinə ehtiyaclıdır; İslam dünyası İmam Sadiqin (ə) və digər imamların təlimlərini və Əhli-beyt bilgilərini öyrənməyə möhtacdır, onlardan istifadə etməlidir. İslam ümmətinin müxtəlif təbəqələri bu vasitə ilə bir-biri ilə yarışmalıdırlar ki, İslam təlimlərinin səviyyəsi yüksəlsin.[168]

Müəllimin hörmətini saxlamaq

Mən həm xalqa, həm də müəllim olan sizə demək istəyirəm ki, müəllimin hörmətini və qədrini bilin, onu uca tutun. Əlbəttə, daha çox xalqa demək istəyirəm, çünki çox vaxt müəllim öz qədrini bilir; həqiqətən elmi olan və onu kiməsə öyrədən ayıq müəllim nə iş gördüyünü dərk edir. Bağlı bir qıfıl və bir açar var. Müəllim bu açarı şagirdə verir və deyir ki, bu açarı bu qıfla belə sal. Bunun adı təlimdir. Bu, başqa heç bir şəkildə həll edilməsi mümkün olmayan bir tənlikdir. Müəllim həll yolunu göstərir. Hər bir sahədə müəllimin işi budur. Odur ki, müəllimlər müxtəlif fərqlərlə nə iş gördüklərini bilirlər. Lakin mənim sözüm daha çox xalqadır.

Mən bizim cəmiyyətimizdə təlim və tərbiyə məqamının İslamın təyin etdiyi şəkildə olmasını istəyirəm. Belə bir hədis nəql olunmuşdur: “Kim mənə bir hərf öyrətsə, məni özünə qul etmişdir”. Mən bilmirəm ki, bu hədisin sənədi var, ya yox, varsa necə və nə qədər düzgündür. Lakin söz düz sözdür. Yəni insan bir şəxsdən öyrənməklə əslində bir mərhələni arxada qoyur və o mərhələyə görə özünü həmin bələdçinin xidmətçisi bilməyə və etməyə dəyər. Əsas söz budur.[169]

Müəllimlik peşəsinin ideal nöqtəsi

Böyük bir müəllimin şəhid olduğu günü müəllim günü kimi qeyd etmək bizim üçün öyrədicidir. Bu, simvolik xarakterlidir. Yəni, təlim və tərbiyə işinin əzəməti o qədərdir ki, düşüncə və elm işi ilə həyatın əsas sahələrində iştirak etməyin sintezi - necə ki, bu, Şəhid Mütəhhərinin həyatında görünürdü – bu şərafətli peşənin və bu böyük işin ideal nöqtəsidir.[170]


İkinci bölmə: Qərb və elm

Birinci fəsil: Orta əsrlərdə təhrif olunmuş dinin elmlə ziddiyyəti

Elm və dinin ziddiyyətinə dair düşüncə - kilsə irticasının nəticəsi

On doqquzuncu əsr Avropasının təfəkkürü elm və dinin ayrılığına, iman və elmin ziddiyyətinə əsaslanırdı. Əlbəttə, bu təfəkkürün formalaşmasında tarixi amillərin də rolu olub. Günah ogünkü kilsənin idi. Təəssübkeş, qapalı, dövründən geri qalmış, insani və bəşəri duyğuları saymayan kobud kilsə belə təfəkkürün yaranmasına bais oldu. Dünyanın hər hansı bir nöqtəsində dini rəhbərlər həqiqətləri, tərəqqiləri, insan xislətinin gözəl tərənnümlərini görmək, ona məhəl qoymaq və dəyərləndirmək istəməsə, nəticə belə olur.[171]

Qərbin geriliyinin İslam mədəniyyətinin elmi zirvə dövrü ilə eyni zamanda baş verməsi

Avropalılar elmi baxımdan nə qədər yaxşı və öndə olsalar da, istər fərdi, istər ictimai və tarixi əxlaq baxımından onların arasında yaramaz adamlar olduqca çoxdur. Ümumi şəkildə demirəm ki, pisdirlər, amma onların arasında çoxlu pis şeylər var; məsələn, tarixi təhriflər və böyük milli yalanlar. Onlar on doqquzuncu əsrdə bu nəticəyə gəldilər ki, elm və dinin hər ikisi cəmiyyətdə rol oynayanda din elmin yerini daraldır, ona imkan vermir və elm inkişafdan qalır. Dəlili Orta əsrlərdir. Orta əsrlərdə xalqın dini vardı, həm də çox və təəssüblü idi, buna görə də elm inkişaf etmədi. Amma bu ağır dini təəssüb və etiqad daşları arasından tədricən elm otları cücərdi, dinin yerini daraltdı, boy atıb cəmiyyəti idarə etdi və dini sıxışdırdı.

Onların bu təhlili səhvdir və reallıqlara dayanmır. Əvvəla onların dediyi Orta əsrlər Avropanın cəhalət və bədbəxtlik dövrü olan Orta əsrlərdir, bütün dünyanın elmi gerilik dövrü deyil. Bunlar Avropanı ümumiləşdirirlər. Orta əsrlər zülmətinin zirvəsi nə zamandır? Miladi tarixi ilə onuncu, on birinci və on üçüncü əsrlər; hicrətin dördüncü, beşinci və altıncı əsrləri – yəni İslam ölkələrinin və hamısından çox İranın elmi inkişafının zirvə çağı. Bu əsrlər İbn Sinanın, Razinin, Farabinin və digərlərinin doğulduğu və yaşadığı əsrlərdir. Bu böyük şəxsiyyətlərin hər biri bu tərəfdən dünyaya işıq saçan bir günəşdir.

Hicrətin dördüncü əsri İslam sivilizasiyasının zirvə çağıdır. Əgər "Dördüncü əsrdə İslam sivilizasiyası" kitabını oxusanız, görəcəksiniz ki, hicrətin dördüncü əsrində - yəni miladi tarixi ilə on birinci əsrdə, Avropada heç bir şeyin olmadığı cəhalət zülmətinin zirvə dövründə İslam inkişafının mərkəzi İrandır, nadir nümunələr istisna olmaqla, ovaxtkı alimlərin təxminən hamısı iranlıdır. Bir halda ki, o zaman İranda din və dindarlıq Avropadan nəinki zəif deyil, həm də olduqca güclü idi.[172]

Məsihi xurafatı - Orta əsrlərdə elmi inkişafa maneə

Deməli, elmə mane olan din deyil, başqa bir şeydir. O, xalqın müxtəlif cahillikləri, ozamankı məsihiliyin xurafatıdır. İslamda heç zaman bir alimi elminə görə təhqir etməyiblər. Halbuki Avropada elminə görə birini öldürdülər, birini daşqalaq etdilər, birini dar ağacından asdılar, çoxlarını yandırdılar. Yəni onlar orada baş verənləri - təhrif olunmuş məsihilikdən ibarət çox cəhalətpərəst və xurafatçı dindən qaynaqlanan işləri bütün dünyaya aid edirlər. İslamın günahı nədir? Müsəlmanların günahı nədir? Müsəlman xalqların günahı nədir?[173]

Təəssübkeş məsihiliyin Avropada elmi inkişafa qarşı çıxmasının nəticəsi

Əlbəttə, bu fəlakət Qərbin taleyi idi. Avropa renessansından öncə Qərbin düçar olduğu ruhaniliyin - o fanatik, köhnəpərəst, inadkar, ağıl və məntiqdən tam uzaq təəssübkeşliyin nəticəsi həm də bunlar idi. Elm və inkişafa qarşı çıxdıqda, insanları xəyali cinayətlərlə diri-diri yandırdıqda - bu çox da qədim dövrə yox, Avropanın iki-üç əsr qabaqkı dövrünə aiddir - Avropanın bütün düşüncə və mənəviyyat sahələrinə və kilsəsinə çirkin xurafat hakim olduqda, nəticəsi Avropada yaranan və onu uçuruma salan bu vəziyyət olur.

Siz gənclər sivil Qərb dünyasının mənəviyyatsızlıq üzündən həlak olacağı günü görəcəksiniz. Bu gün malik olduğu imkan və qüdrət zirvəsindən zillət və xarlığın dibinə enəcək. Tarixi proseslərin nəticəsi sürətli və tez olmur. Bu nəticələr o zaman görünəcək ki, daha əlacı mümkün olmayacaq. Qərb sivilizasiyası üçün o gün gələcək. Bu gün Qərbin aydın insanlarının özləri bu haqda xəbərdarlıq edirlər. Bu söz burada oturub uzaqdan danışan mənim kimi bir hövzə tələbəsinin sözü deyil, onların öz sözləridir. Təbii ki, biz də bunu anlayırıq.[174]

Avropada kilsənin təəssübkeş rəftarı nəticəsində elm və dinin ziddiyyəti

Qərbdə və Avropada vəziyyət fərqli idi. Məsihi Avropasında elmi hərəkətin başlanması dini maarifin bitməsi ilə bir oldu, yəni bu mərhələnin başlanması o mərhələnin sonu sayıldı. Bəlkə elə belə də olmalı idi, çünki məsihi aləmində dini maarif xurafatçı, təəssübkeş və tamamilə elm əleyhinə bir maarif idi. Avropada elmi kəşf etdiyinə görə alimləri ya həbsxanaya salır, ya qamçılayır və ya odlayırdılar. Uzun əsrlər boyu alimi cadugər adlandırıb yandırırdılar. Siz Qərbin ədəbi əsərlərində və elm tarixində bu məsələni aydın görə bilərsiniz. Cəmiyyətin dini çevrəsinin, dini rəhbərlərin və yüksək mövqe sahiblərinin elmlə belə rəftar etdiyi bir ictimai şəraitdə elm özünə yer açsa, təbii ki, dini və dini inancları bədbəxt günə qoyar və onun dövrünü bitirər. Bu aydın bir məsələdir.[175]

Kilsənin elmə qarşı mübarizəsinə diqqət

Orta əsrlərdə Avropada kilsə elmə qarşı mübarizə aparmışdır. Avropanın elmi renessansının həmin keçmişə reaksiya olduğunu diqqətdən qaçırmamalıyıq.[176]


İkinci fəsil: Renessansdan sonra elmin dindən ayrılması

Elmin dinlə əlaqəsizliyinin təlqini

Elmin dindən ayrıldığı zamandan - yəni elmin son iki əsrdəki yeni inkişaf dövründə belə təlqin edilirdi ki, elm dünyası din, əxlaq və mənəviyyat dünyasından ayrıdır. Elm və dini iki ayrı-ayrı zonalara daxil edirdilər. Belə başa düşülürdü ki, bir alimin dindar olması mümkündür, lakin onun dininin elminə aidiyyəti yoxdur; onun elmi bir problemi, dini də başqa bir problemi həll etmək üçündür və bunların bir-biri ilə əlaqəsi yoxdur. Bəllidir ki, elm və dinə və onların arasındakı əlaqəyə dair belə təsəvvür və qənaət yarandıqda dinin elm zonasındakı yeri tədricən zəifləyər və nəhayət itər; necə ki, dünyanın bir çox yerlərində belə oldu. Halbuki elm və dinin əlaqəsinə dair bu təsəvvür kökündən səhvdir.[177]

Elm və dinin uyğunsuzluğu - qüvvədən düşmüş qədim düşüncə

Demək istədiyim söz İranın bugünkü gəncləri olan sizə ünvanlanıb. Bu söz bəlkə də Avropanın bugünkü gəncinə aid deyil; İranın dünənki gəncinə də aid deyil bəlkə. Əslində, hamıdan çox İranın bugünkü gənc nəsli onu düzgün anlaya bilər. Mənim əzizlərim! Bir gün bəşəriyyətin aydın və qulaqbatıran sədası, yəni dünyanın nüfuzlu təbliğatçıları, siyasətçilər, böyük və məşhur alimlər, yazıçılar, jurnalistlər, siyasi partiya liderləri və digər şəxslər təbliğ edirdilər ki, elmlə iman arasında uyğunluq yoxdur. Bu hansı zamana aiddir? Miladi tarixi ilə on doqquzuncu əsrə. Hərdən din hikməti və insan fitrətinin təbiəti ilə tanış olmayan bəzi insanların dilindən eşidilən bəzi sözlər sizin dini buraxıb elmin ardınca düşmənizə bais olmasın. Elə bilməyin ki, bunlar bu günün sözləridir. Bunlar on doqquzuncu əsr Avropasının sözləridir.

Bəzən mərkəzdə təzə xəbərlər dərc olunan bir qəzet nəşr olunur; Tehranda və başqa şəhərlərdə qəzet nəşr olunur. On gündən sonra ucqar bir nöqtədə yaşayan və əlinə qəzet düşməyən bir kəndli bu qəzeti bir yolçudan, yaxud nəyinsə büküldüyü bir paket formasında əldə edir. O, qəzetin xəbərini on-on beş gündən sonra filan kənddə oxuyur və təzə xəbər olduğunu sanıb dostlarına danışır.

Bəziləri on doqquzuncu əsr Avropasının qüvvədən düşmüş sözünü - ondan sonra daha üstün insanlar tərəfindən çox dəyərli sözlər deyilib - qəsdən bu gün gətirib hansısa cəmiyyətdə aktual söz kimi ortaya qoyurlar. Bu, günün sözü deyil.

Buna əsasən, on doqquzuncu əsrdə Avropada yayılan elm və imanın ayrılığı fikri nəhayət dünyanı bu vəziyyətə saldı. Köhnə xəbərlərin yazıldığı bu qəzet indi bir ziyalının, yaxud qeyri-ziyalının əlinə düşür, o bunun yeni xəbər olduğunu güman edib oxumağa və danışmağa başlayır. Bu, günün məsələsi deyil, dünənin məsələsidir, on doqquzuncu əsrə aiddir. Biz iyirmi birinci əsrin astanasındayıq, dünya o gündən indiyə qədər on dəfə fırlanıb.[178]

Avropa alimlərinin dinə qarşı çıxmalarının səbəbi



Geri   İrəli
Go to TOP