A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ELM İŞIĞI- Birinci cild (Ayətullah Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


ABŞ-la bugünkü mübarizənin növü

Bu gün ABŞ-la mübarizə bu sahələrdədir. ABŞ-la mübarizə elm sahəsinə də aiddir. Orada da elmi inkişafımıza görə narahatdırlar; bizim xalqımızın elmi, iqtisadi inkişaflarına, hökumətin xalqa xidmət göstərə və xalqın problemlərini həll edə bilməsinə görə narahat olurlar. Kim elmi geriliyə kömək etsə, ABŞ-ın xeyrinə işləmişdir.[329]

Qərblilər: "Biz müsəlman Yaponiyasının yaranmasını istəmirik!"

Bu gün universitetlərimiz elmi işlər görür, gənclərimiz elmi cəhətdən inkişaf edirlər. Bizim elmi inkişaflarımız bəzi sahələrdə dünyanı narahat etmişdir. Bu, inqilabın sayəsində baş verdi. Onlar İran xalqının elmi cəhətdən inkişaf etməsini istəmir, bunu açıq şəkildə söyləyirlər. Bir ölkənin elmi və iqtisadi inkişafı olmayınca həmişə güclülər ona hegemonluq edərlər. İstismar və işğal altında olan Yaponiya özünü toparlayıb elmi cəhətdən inkişaf etdi. Qərblilər əsla istəmirlər ki, Şərq regionuna, qeyri-Avropa irqinə diqqət yetirsinlər, ancaq elmi inkişafına görə onu ciddi saymağa məcburdurlar. ABŞ-ın bəzi siyasi, yaxud siyasi-elmi mərkəzlərində demişlər ki, biz müsəlman Yaponiyasının yaranmasını istəmirik. Müsəlman Yaponiya - yəni siz. Demişlər biz imkan vermərik ki, İran xalqı özü elmi nailiyyətlər qazansın. Bunlar İran xalqının hərəkətini, bu özünəinamı görürlər. Bu da inqilabın və İslam quruluşunun səmərələrindəndir.[330]

İranda yerli elmin inkişafı - hegemonizmi və Qərbin hökmranlığını məhv edən amil

Onların təşvişə düşmələri bundan ötrüdür ki, bu elmin ölkə daxilində yaranıb inkişaf etdiyini və yerli olduğunu görüb narahatlıq hissi keçirirlər. Əlbəttə, bu o demək deyil ki, həmin aparatı biz ixtira etmişik. Xeyr! Bu o deməkdir ki, biz bunu öyrənmək üçün onların qapısına getməmişik. Öz gənc alimlərimiz, sizin kimi cavanlar, yüzlərlə mütəfəkkir və aydın beyin bu mürəkkəb aparatı işlədib nəticə göstərmiş, elmi özləri inkişaf etdirmiş, texnologiya əldə etmiş, onun-bunun qapısına getməmişlər. Bu, onların narahat olmasının bir səbəbidir. Niyə? Çünki bu, onların müstəmləkəçi fəlsəfələrinin tam ziddinədir. Onlara görə, müstəmləkə altında saxlamaq istədikləri ölkələr elm və texnologiya əldə etməməlidirlər, bu sahədə müstəqil olmayıb, başqalarına əl açmalı, möhtac olmalıdırlar.

Onlar bilirlər ki, bu gün İran və onun xalqı bu texnologiyanın zirvəsində dura bilsə, onun İslam ümmətinin müstəqilliyi və müsəlman iqtidarı haqqındakı sözləri də müsəlmanlar arasında və İslam cəmiyyətlərində özünə daha artıq yer açacaq, daha tez qəbul ediləcək. Buna görə narahatdırlar və ajiotaj yaradırlar. Buna əsasən, həqiqət onların dediklərinin əksinədir.

Bu gün bizim milli borcumuz budur ki, bizi elmin zirvələrinə yaxınlaşdıran bu texnologiyanı və oxşar texnologiyaları əldə edək. Bu məsələni təqib etmək bu gün bizim xalqımıza və bunu bacaran bütün insanlara vacibdir. Onların vəzifəsi budur ki, xalqı ucaldıb asılılıqdan xilas etsinlər.[331]

Düşmənlərin məqsədyönlü blokadasına rəğmən, ölkənin həssas inkişafları

Dünyanın hakim gücləri o zaman anlayırdılar ki, İslam Respublikası quruluşu onların istismarçı maraqları üçün təhdiddir. Bunu dərk edirdilər və buna görə əvvəldən ona qarşı çıxdılar. Amma bu təhdid İranın özünə görə yox, İslam Respublikasının yeni sözünə görə idi. İslam dünyasında və beynəlxalq siyasətdə İslam Repsublikasının yeni söz və ideyaları cəlbedicidir və onların çoxlu düşüncə əsaslarını vurur.

Onlar bunu bilir, lakin özlərinə təsəlli verirdilər ki, İslam Respublikası qala bilməyəcək. Çünki elm və texnologiyanın birinci sözü dediyi və sərvətin də bu yolla əldə olunduğu bir dünyada uyğun imkanı olmayan və blokadada olan bir ölkə öz-özünə məhv olacaq. Daim özlərinə təsəlli verirdilər. Həm iqtisadi, həm elmi, həm texnoloji blokadaya saldılar, həm müharibə başlatdılar, həm müharibədə bizim düşmənimizə bacardıqları dəstəyi verdilər. Amma indi görürlər ki, 25 il ötdükdən sonra İslam Respublikası uçqunlar altından baş qaldırıb, öz ayağı üstə dayanır, özünə arxalanır, ümidli, gələcəyə nikbindir, elm və texnologiya sahəsində də inkişaf etmişdir. Bunlar həqiqətdir. Bu həqiqətləri anlayır və bilirlər ki, çox mühüm və həssas olan bəzi sahələrdə dünyada birinci yerləri tutmuşlar.[332]

ABŞ-ın qəzəblənməsi atom silahına görə deyil, inkişaf etmiş İrana görədir!

Kim güman edərdi ki, gənclərin ixtira yarışmasında İran dünyada birinci olsun?! Bizim gənclərimiz gedib ixtiralarını təqdim etdilər. Siz görürsünüz ki, biz riyaziyyat, fizika, kimya, kompüter və digər elmlər üzrə olimpiadalarda dünyada yer tuturuq. Bu o deməkdir ki, bizim bu gücümüz var. Biz nüvə texnologiyasında öz düşmənimizi şahmatçıların sözü ilə desək, mat etdik. Sonrakı ajiotaj və qəzəblər bundan ötrüdür. Mən dedim ki, ABŞ-ın problemi İranın atom silahı deyil, inkişaf etməsidir. Deməli, elmi inkişaf çox əsaslı və mühüm məsələdir. Elmi inkişafın da dərs oxumağa və tədqiqata ehtiyacı var.[333]

ABŞ-ın İslam Respublikasına qarşı çıxmasının səbəbi

Hegemon ABŞ quruluşunun və hər bir hegemon supergücün İslam quruluşu ilə düşmənliyi ona görədir ki, İslamın adı və uca təlimləri ilə bir ölkənin elmi və əməli inkişafa sarı hərəkət etdiyini görür və bunun onların nüfuzunun qarşısını alacağını bilirlər. Onlar öz qüdrət dairələrindən xaric olan hər hansı bir ölkənin elmi inkişafa nail olmasına dözmürlər, elm və inkişaf sahəsində onlarla rəqabətə doğru gedən hər bir ölkəyə müxalifdirlər. Onlar dünyanın müxtəlif bölgələrində öz maraqlarını güdürlər.[334]

Bizim elmi hərəkətimizə sərt reaksiyalar

Bizim elmi hərəkətimiz islami, dini, əqli, etiqadi və mədəni bir hərəkət olsa da, gözləmək olmaz ki, bu gün dünyanı idarə edən siyasətçilər təşvişə düşməsinlər və reaksiya göstərməsinlər. Xeyr! Reaksiya da mümkündür. Necə ki, bu gün bu hərəkətin mərkəzi və əsası olan İrana və inqilaba sərt reaksiyalar verirlər və siyasi rəftarları çox kobuddur.[335]

Ölkə hərəkətinin yüksələn inkişafı və ABŞ-ın düşmənliyi

Quruluşun əsas əngəl törətdiyi şəxslər öz xeyirlərini nədə görürlər? İranda İslam Respublikasının ayaqda olduğu təqdirdə ABŞ öz xeyrini nədə görür? O öz xeyrini ixtilaf yaratmaqda, bu gün sizin xalqda müşahidə etdiyiniz birliyi məhv etməkdə və ölkənin elmi hərəkətini dayandırmaqda görür. Çünki elmi inkişaf hər bir ölkənin iqtisadi, siyasi, hərbi və psixoloji inkişafına səbəb olur. Biz illərdir bu hərəkətə başlamışıq, yaxşı inkişaf etmişik və hərəkət məqbul inkişafla və yüksək artımla davam edir; baxmayaraq ki, onların ürəyi bu hərəkətin dayanmasını istəyir. Çünki onların məsləhəti xidmət dalğasını dayandırmaqdadır.[336]

İslam ölkələrinin elmi və texnoloji inkişafına maneə

Siz görürsünüz ki, İslam dünyasının düşmənləri İranın nüvə enerjisi məsələsində nə qədər təzyiq göstərirlər. Onlar bilirlər ki, biz atom bombası düzəltmək istəmirik. Onlar bir İslam ölkəsində elmin, texnologiyanın inkişafına görə narahatdırlar. Həm də bu ölkə ABŞ-ın sayasətlərinə təslim olmadığını, ondan qorxmadığını göstərmişdir. Onlar bu müsəlman ölkəsinin dünyanın ən mühüm müasir texnologiyası olan nüvə texnologiyasına malik olmasını istəmirdilər. Onlar buna görə təzyiq göstərirlər. Amma sözsüz ki, biz öz qərarımızı vermişik.[337]

Müstəmləkə səbəbindən müsəlmanların elmi geriliyi

Miladi tarixi ilə 19 və 20-ci əsrlərdə müstəmləkəyə və düşmənlərin hökmranlığına düçar olan biz müsəlman xalqlar elm karvanından geri qaldıq, düşmənlərimiz gücləndilər, biz isə günbəgün zəiflədik. Onlar bizim qanımızı sorub gücləndilər, biz isə qan itirib zəiflədik. Vəziyyət elə bir həddə çatdı ki, İslam ümmətinin, xüsusən də Orta Şərq regionunda müsəlman xalqların taleyi zalım və insafsız hakimlərin əlinə keçdi; bir dövrdə İngiltərənin əlinə keçdi, sonra da o öz mirasını müasir böyük şeytana, yəni Amerika Birləşmiş Ştatları rejiminə təhvil verdi. Hər halda, İslam dünyasının zəifliyindən istifadə etdilər.[338]

Hegemonizmin İran əleyhinə üç mübarizə sahəsi

Mən qlobal hegemonizmin İran xalqı əleyhinə proqramlarını üç cümlədə xülasə edirəm: birincisi psixoloji, ikincisi iqtisadi muharibə, üçüncüsü isə elmi inkişafla mubarizədir. Hegemonizmin bizim xalqımızla düşmənliyi bu üç əsas sahədə xülasə olunur.[339]

Qərbin ölkənin elmi inkişafına qarşı mübarizəsinə bir nümunə

Elmi inkişafa qarşı mübarizə haqda mühüm bir nümunə nüvə enerjisidir. Siyasi və digər danışıqlarda deyirlər ki, Qərb dövlətləri İranda nüvə imkanının olmasına razı deyillər. Yaxşı, razı olmasınlar. Məgər biz nüvə imkanı əldə etmək üçün kimdənsə icazə istədik?! Məgər İran xalqı digərlərinin icazəsi ilə bu işə başlayıb ki, razı olmadıqlarını desinlər?! Siz razı olmayın, İran xalqı isə razıdır və bu enerjiyə malik olmaq istəyir.

Mən ötən il novruz günü (martın 21-də) burada dedim ki, nüvə enerjisi ölkəmiz üçün zəruri məsələ və uzunmüddətli bir ehtiyacdır. Əgər bu gün ölkə məmurları nüvə enerjisini əldə etməkdə səhlənkarlıq etsələr, sonrak nəsillər onları qınayacaqlar. İran xalqının və İran ölkəsinin nüvə enerjisinə və bu imkana silah üçün yox, həyat üçün ehtiyacı var.[340]

Düşmənin ölkə əleyhinə hücumlarının mühüm hədəflərindən biri: müəllimlər

Mən bu ilin əvvəlində dedim ki, düşmən üç məqsədi – elmi geriliyi, iqtisadi geriliyi və milli birliyin məhvini ciddi şəkildə qarşısına məqsəd qoyub; dollar xərcləyir, muzdur tutur, təhlükəsizlik orqanlarının ən peşəkar ekspertlərini işə salır ki, ölkədə bu üç işi görsün; yəni iqtisadi cəhətdən geri qalaq və məğlub olaq, elmi cəhətdən başlayan inkişafı dayandıraq, mövcud birliyi də pozub bir-birimizin canına düşək. Düşmən bu üç məqsədi izləyir.

Bu üç məqsədin iki hissəsində mühüm hədəflərdən biri müəllimlərdir; həm elmi inkişaf sahəsində, həm ictimai birlik sahəsində. Əlbəttə, bu gün düşmən fəaliyyətlərinin zirvə dövrüdür. Amma bu təxribatlar 20-25 il öncədən də olmuşdur. Mən buna yaxından şahid olmuşam. Müəllim təbəqəsi bu təxribat təzyiqi qarşısında dağ kimi dayanmışdır.[341]

Yaradılan əngəllərə rəğmən, elmin inkişafı üçün qətiyyətli iradənin olması

Əgər bu xalq özünü inkişaf, elm və tərəqqi zirvələrinə çatdıra bilsə, xalqların mənəviyyat yolunda böyük bir darvaza açılacaq. Odur ki, bu xalqın öz məqsədinə çata bilməməsi üçün əngəl törədir, qarşı çıxır, əks-təbliğat aparır, aşağılayır, siyasi və iqtisadi təzyiqlərdən istifadə edirlər. Lakin bizim iradəmiz, bu xalqın iradəsi qətiyyətlidir və yolu davam etdirir. Gəncin rolu burada özünü göstərir.[342]

Elmi rəqibləri sıradan çıxarmağa dair sionizm üsulu və onunla mübarizənin zəruriliyi

Bu gün təhlükəli sionizm şəbəkəsinin və onların müxtəlif ölkələrdəki rəsmi əlaltılarının geniş yayılmış siyasətlərindən biri budur ki, xüsusən İslam ölkələrində və xüsusən də elmi, yaxud siyasi rəqib kimi baş qaldırıb onların maraqlarını təhlükəyə salmaları mümkün olan yerlərdə gəncləri həyata ciddi baxışdan uzaqlaşdırsınlar. Onlar gəncləri məhv etmək istəyirlər, bunun üçün proqram hazırlamışlar. Bu proqramla mubarizə bir vəzifə olmaqdan əlavə, həm də şücaətli siyasi hərəkətdir. Odur ki, dini işlərə aid sahələr, İrşad Nazirliyi, elmi işlər, təlim-tərbiyə, ali və tibbi təhsil sahələri dövlətin ümumi proqramlarında çox həssas sahələrdən sayılırlar və onların üzərinə böyük vəzifələr düşür.[343]

Qərblilərin nüvə texnologiyasına yiyələnməyimizə narahat olmalarının pərdəarxası

Baxın, bir neçə gün öncə ABŞ prezidenti dedi: "Biz İrana təzyiq göstərəcəyik ki, İran xalqı nüvə enerjisinə malik olmağın onlara sərf etmədiyi qənaətinə gəlsin". Bu sözün mənası odur ki, İran xalqının bir texnologiya zirvəsinə çatması - indi onlara görə bunun nümunəsi nüvə enerjisidir - digər xalqları o qədər həvəslənidirir, müsəlman xalqların bacarıqlarına inandırır ki, daha buna nəzarət edə, cilovlaya bilmirlər.

Əlbəttə, ona başqa ad qoyurlar. Deyirlər ki, biz atom bombasından qorxuruq. Lakin özləri də, dünyada çoxları da bilirlər ki, yalan deyirlər. Onların problemi atom bombası deyil. Bilirlər ki, İran nüvə silahı əldə etməyə çalışmır, nüvə elminə və nüvə texnologiyasına yiyələnmək istəyir. Onlar buna görə narahatdırlar. Bir xalq onlardan icazə almadan, kömək almadan, onlara dilənçi kimi əl uzatmadan öz gücünə belə bir nailiyyət əldə edə bilmişdir. Onları qəzəbləndirən də budur.

"Biz filan cinahı, filan qrupu dəstəkləyirik". Nə üçün? Çünki o cinah demiş, yaxud söz vermişdir ki, bu işlərlə, müqavimətlə müvafiq deyil, gedib ABŞ-ın qarşısında əyilib "siz bizim inkişaf etməyimizə icazə verirsinizmi?" - deməklə müvafiqdir. Canavarın ağzından yemi müzakirə ilə almaq olmaz, güclə almaq lazımdır.[344]

Müstəmləkə düşərgəsinin İranın elmi inkişafı qarşısında əl-ayağa düşməsi

Kapitalizm və müstəmləkə düşərgəsi özünün bütün siyasi gücü, bütün maliyyə və iqtisadi imkanları və bütün təbliğat maşınları ilə İran xalqının geri çəkilməsi və təslim olması üçün təzyiq göstərməkdədir. Onlar İran xalqını yalnız nüvə hüququndan yox - nüvə hüququ İran xalqının hüquqlarından biridir – həm də başucalığından, müstəqillik, qərar vermə və elmi inkişaf hüququndan geri çəkilməyə vadar etmək istəyirlər. İran xalqı bu gün elm və texnologiya inkişafının magistralına çıxmışdır və özünün tağutlar dövründəki ikiəsrlik geriliyini düzəltmək istəyir. Bunlar əl-ayağa düşmüşlər və dünyanın bu həssas nöqtəsində yerləşib İslamın bayraqdarı kimi tanınan İran xalqını bu uğurlardan saxlamaq istəyirlər. Bunun üçün təzyiq göstərirlər, lakin İran xalqı möhkəm dayanmışdır.[345]

Ölkənin elmi aktivliyinə qarşı maneə

Bunlar istəmirlər ki, iranlı gənc sexdə, laboratoriyada, universitetdə, elm mərkəzində, iş yerində, sənaye fəaliyyətində və əkinçilikdə aktiv olsun. Cinsi ehtiras məsələləri ilə məşğul olan, yaxud narkotikaya qurşanan gəncin nə işləməyə taqəti olar, nə düşünməyə hövsələsi, nə qüvvəsi, nə yaradıcılığı, nə gücü və lazımi iradəsi, nə də əzmkarlığı. Bu gün iranlı gənci ehtiraslara, narkotik maddələrə, müxtəlif cinsi əyləncələrə çəkmək üçün aparılan mütəşəkkil təxribatlar çox təhlükəlidir. Onlarla mübarizə birinci növbədə xalqın, xüsusən də gənclərin özlərinin üzərinə düşür.[346]


Onuncu fəsil: Qərbin səhv mədəniyyətini onun elmindən ayırmağın zəruriliyi

Elm və sənaye dəyərinin nisbi olması

İndi elm atom silahlarının xidmətində və İsrailin əlindədir. Bu dəyərlidir?! Xeyr! Bunun heç bir dəyəri yoxdur. Belə şeylərin dəyəri nisbidir. Mütləq dəyər bunlara məxsus deyil. Sözsüz ki, mütləq dəyərlər var. Ümumiyyətlə, dinlərin əsas işi düzgün və doğru dəyərləri mütləqləşdirməkdir. Lakin elm, sənaye və texnologiya mütləq dəyərlərdən deyil; harada işlədilməsindən, kimin əlində olmasından və necə istifadə edilməsindən asılıdır. İncəsənət də belədir.[347]

Düşmənin qeyri-elmi cəhətlərindən təsirlənmək nöqsanı

Bu asılılığı elm öyrənməyə həvəslə səhv salmaq olmaz. Bəzən elm bizim düşmənimizin əlində olur; düşmənin yanına gedib diz üstə oturar və ondan elm öyrənərik. Bunun eybi yoxdur. Elmin dəyəri o qədər ucadır ki, insan ona görə hətta müxalif olduğu şəxsin yanına da gedə bilər. Bu bir məsələdir, elmdən başqa cəhətlərdə - siyasətdə, mədəniyyətdə və digər sahələrdə həmin düşmənin təsiri altına düşmək isə başqa bir məsələ. Bizim üçün, necə deyərlər, üçüncü dünya üçün istədikləri və planlaşdırdıqları ikincisidir. Təsadüfən birincinin baş tutmasına maneçilik də törətmişlər.[348]

Qərb sivilizasiyasının məhsullarından istifadə edərkən seçim etməliyik!

Biz əcnəbilərin fikir, ağıl və təcrübə məhsullarından istifadə edərkən seçimin vacib olduğunu düşünürük. Yəni bizə nə lazımdırsa və yaxşıdırsa, seçib götürərik. Biz nəyə qarşı çıxırıq? Biz xaricilərin özlərinin istədiyi hər bir metodu xalqımıza sırımasına, yəni onların seçib bizə verməsinə qarşı çıxırıq. Biz buna qarşı çıxırıq. Biz istəyirik ki, Qərb mədəniyyətindən və sivilizasiyasından bu gün bizə lazım və faydalı olanı özümüz seçək və götürək. Siz qərblilər nə üçün bizim istəyimizin əksinə olaraq lazım olanları bizə vermirsiniz? Ən yaxşı elmi nailiyyətlər qadağandır, inkişaf etmiş texnologiya qadağandır, dəqiq elmlər qadağandır, tapılmayan nüsxələr qadağandır, amma hicabsızlıq, spirtli içkilər, ən pis cinsi üsullar öyrədən filmlər azaddır, çoxdur, zorla verilir və buradakı kimi sərhədlərdə ciddi nəzarət olsa, qaçaq yolla ölkəyə idxal edilir. Bizim sözümüz budur.[349]

Qərb elmlərindən istifadə

Biz yaxşı, gözəl, məntiqli və prinsiplərimizə uyğun olanı dünyada hər hansı bir şəxsdən almaqdan çəkinmirik; hətta o şəxs öz düşmənimiz olsa da. Biz "Elm Çində olsa belə, gedib öyrənin"[350] hədisini 1400 ildir təkrarlayırıq. Biz qərblilərin yaratdığı və yaydığı elmləri öz universitetlərimizə gətirib təbliğ edir və yayırıq. Biz hətta mükafat verir və tələbələrimizi o elmləri öyrənməyə sövq edirik. Biz bu ittihama layiq deyilik ki, yaxşı olsa belə əcnəbilərdən gələn hər şeyi rədd etdiyimiz söylənsin. Xeyr! Əsla belə deyil. Əgər əcnəbilərin yaxşı mədəniyyəti olsa, biz o mədəniyyəti də götürərik.[351]

Qərb elmlərindən və Qərb mədəniyyətinin yaxşı cəhətlərindən istifadə

İslam o zaman deyirdi ki, elm üçün lazım olsa, Çinə gedin. Bəlli olur ki, İslam Çin mədəniyyəti, elmi və sivilizasiyası adlı bir şeyi qəbul edir və əsla inkar etmir. Məhz buna görə müsəlmanlar digərlərinin əsərlərini tərcümə və onlardan istifadə etməyə başladılar.

Bu gün də biz açıq şəkildə elan edirik, dəfələrlə də demişik ki, Qərb mədəniyyətinin çox böyük eyibləri var. Sözsüz ki, yaxşı cəhətləri də var və onlardan istifadə etmək lazımdır. Biz heç zaman kimisə təhqir etmirik, amma onlar edirlər.[352]

Düşüncə sahəsində şübhə yayanların qanun pozuntusu

Düşüncə sahəsində qanunu pozurlar. Düşüncə və fikir sahəsində qanunlar var və o qanunlara tabe olmaq lazımdır. Əgər kiminsə bir düşüncə əsası barədə şübhəsi varsa, qanunu budur ki, onu ixtisaslı mərkəzlərdə və elm ocaqlarında bəyan etsin. Ya bəhanəni aradan qaldırıb öz beynini təmizləmək lazımdır, ya da şübhə həqiqi iraddırsa, onu bir nəzəriyyəyə çevirib elm adamlarını və mütəxəssisləri qane etmək lazımdır. Bu cənablar bu qanuna itaət etmirlər. Onların beyninə bir şübhə gəlir, özləri etiqadsız olurlar, min növ bəla və müsibət səbəbindən dərin imanlarının təməllərini nəfs, rahatçılıq və dünyagirlik qarışqası çeynəyir, yeyir və şübhə sahibi olurlar. Sonra gəlib şübhəni ictimai rəydə ortaya qoyur və adını da yeni baxış qoyurlar. Bu, ictimai rəyə xəyanətdir.[353]

Qərbin elmini yanlış mədəniyyətindən ayırmağın zəruriliyi

Son məsələ budur ki, elmi inkişaf və elmi iqtibas - mən iqtibası lazım görürəm, yalnız tərcümə ilə kifayətlənməyi yox - lazımlı işdir. İslam da bizə bunu əmr edir. Hər halda, başqalarından elm öyrənmək onların mədəniyyətini öyrənməklə qarışdırılmamalıdır. Kiminsə, “qərblilərin elmi yaxşıdır, deməli onların mədəniyyətləri, həyat tərzləri və əxlaqları da yaxşıdır” – deyə düşünməsi çox kobud səhvdir. Xeyr! Bunlar arasında heç bir əlaqə yoxdur. Elmləri yaxşıdır, amma elm bu mədəniyyətin nəticəsi deyil, əksinə, bu mədəniyyət elmə də zərər vurur. Elmin özünəməxsus yaradıcı elementləri var. Onları tapmaq lazımdır.

Özbaşınalıq, dinsizlik, eqoistlik, pula və maddiyyata sitayiş və maddi dəyərlərin birinciliyi mədəniyyəti, Qərbin bugünkü yanlış mədəniyyətidir. Əgər o xalq imanlı, saleh, yaxşı işlər görən və dünyanın bərbəzəklərinə etinasız olsaydı, bu elm bütün dünyaya faydalı olardı. Necə ki, İslam mədəniyyətinin çiçəklənmə dövründə - hicrətin 4, 5 və 6-cı əsrlərində görkəmli elm adamları meydana çıxdı və elmi günün ən uca zirvəsinə çatdırdılar. Bu gün Qərbdə yayılan tüfeylilik, dinsizlik və sair bu tip ənənələr onlara hakim deyildi; ibn sinalar, məhəmməd ibn zəkəriyya razilər, xarəzmilər və digərləri belə deyildilər. Bunlar Qərb mədəniyyətinə oxşar mədəniyyət altında yetişmədilər. Heç Qərbin böyük alimləri, Qərb elminin əsasını qoyanlar da belə mədəniyyətlə böyüməmişlər. Odur ki, Qərbin elmi üstünlüyünü və tərəqqisini heç zaman onun mədəni üstünlüyü kimi başa düşmək lazım deyil.[354]

Aydın müsəlmanların Qərb sivilizasiyasına qarşı çıxmalarının səbəbi: mənəvi boşluq

Ziyalı və aydın islamçıların Qərb mədəniyyətinə müxalif olduqları deyiləndə qərbli inadkarların özləri məsələni tərsinə çevirib onların elm və inkişafa müxalif olduqlarını göstərməyə çalışırlar, halbuki İslama inamı olan bir şəxsin Qərb mədəniyyətinə qarşı çıxması elmi inkişafa, xurafatla mübarizəyə və bütün ictimai münasibətləri elmə əsaslandırmağa görə deyil, dünyanın bu toplumunda mənəviyyatın və dəyərin yoxluğuna görədir.[355]

Qərbin mədəniyyətini yamsılamadan ondan elm öyrənmək

Deməli, şagirdlik etmək əvvəla şagird qalmaq demək deyil. Biz həmişə şagird qalmağı düşünməməliyik. Xeyr! Çalışın, görəcəksiniz ki, onlar sizdən öyrənməyə məcbur olacaqlar. İkinci tərəfdən, elmdə şagirdlik etmək mədəniyyətdə təqlidçilik etmək demək deyil. Bu çox əhəmiyyətli məsələdir. Qacarlar dövründə Qərb mədəniyyətinin nümunələri ilk dəfə olaraq ölkəyə daxil oldu. Avropalılarla əlaqə quran birinci təbəqə olan ozamankı əyan-əşrafın və saray iranlılarının öyrəndikləri ilk məsələ elm deyildi, onların adət-ənənələrini, rəftarını və davranış tərzlərini öyrəndilər. Bu səhv və yanlış xətt oradan başladı.

Bəziləri belə düşünürlər ki, qərblilər elmdə bizdən üstün olduqlarına görə, biz mədəniyyəti, inancları, həyat tərzini, ictimai və siyasi münasibətləri də onlardan öyrənməliyik. Bu, düzgün deyil. Əgər sevdiyiniz çox yaxşı bir müəllim sizə dərs verirsə, bu o deməkdir ki, onun xoşu gəlsin deyə, mütləq onun paltarı rəngində geyinməlisiniz?! Əgər bu müəllimin pis bir adəti varsa, siz də bu adəti ondan öyrənməlisiniz?! Məsələn, müəllim dərsin ortasında əlini burnuna salırsa, siz ondan elm öyrənirsiniz deyə, bu işini də yamsılamalısınızmı?! Avropalıların səhv işləri və çirkin hərəkətləri olduqca çoxdur. Nəyə görə bunları öyrənməliyik?! Qərblilərin elminə ürəkdən məftun olan bir nəfər deyirdi ki, biz təpədən-dırnağa qədər qərbləşməliyik. Nə üçün?!

Biz iranlıyıq, iranlı da qalmalıyıq; müsəlmanıq, müsəlman da qalmalıyıq. Onların elmi bizdən çoxdursa, eybi yox, gedib onlardan elm öyrənərik, adət-ənənələri, mədəniyyəti və rəftarları nə üçün onlardan öyrənək?! Bu, çox yanlış bir məntiqdir. Onlar hər hansı bir səbəbdən qalstuk adlı bir şeyi boyunlarına dolayırlar. Biz onları bu işə görə qınamırıq, qalstuk onlarındır. Amma biz də onları yamsılamalıyıqmı?! Bu iş üçün bizim məntiqimiz nədir?! Biz nə üçün onların geyimlərini, rəftarlarını, davranış və danışıq tərzlərini, hətta ləhcələrini yamsılamalıyıq?! Mən bəzən televiziyada bizim müxbirimizin dünyanın hansısa nöqtəsindən fars dilində İrana aid bir reportaj verdiyini izləyirəm. O, farsca elə danışır ki, elə bil bir ingilis fars dilində danışır. Bu, başucalığının zəifliyindən və həqarət hissindən doğur. Mən nə üçün iranlı olduğumdan ötrü həqarət hissi keçirməliyəm?! Mən öz dilim, mədəniyyətim, vətənim, ölkəm və tariximlə fəxr edirəm. Nə üçün onları yamsılamalıyam?! Onları yamsılamağa səbəb yoxdur. Onların elmi çoxdur; çox yaxşı, biz elmlərini öyrənərik. Bunun üçün pul lazım olsa, onu da ödəyərik. Təsadüfən, onlar elmi pula dəyişməyi öyrəniblər.[356]

Günün elmindən istifadə

Mən elmi istifadə - yəni Qərbin dünyaya təqdim və bu sahədə inkişaf etdiyi yeni elmdən istifadə üzərində dayanmaq istəyirəm. Günün elmindən mütləq istifadə etməliyik və bu bizə kömək edə bilər. Bu, bəşəriyyətə məxsus olan bir amildir. Bundan yararlanmalı, istifadə etməli və ilahi yardıma əmin olmalısınız.[357]


Üçüncü bölmə: İran və elm

Birinci fəsil: İranda möhtəşəm elmi keçmiş

İranda elmin və dinin yanaşı olması



Geri   İrəli
Go to TOP