A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ELM HÖVZƏLƏRİNDƏ YENİLİK (Ayətullah Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


 

Elm hövzələrində yenilik

Ayətullah Xameneinin çıxışları əsasında

"Böyük Rəhbərin elm hövzələrinə tapşırıqları" şöbəsi


Bİrİncİ fəsİl: Elm hövzələrİndə çİçəklənmə

Böyük Rəhbərin hövzənin alim və müdirləri ilə görüşdə çıxışı

(29 Noyabr 1995)

Çox böyük, əhəmiyyətli və yaddaqalan bir məclisdir. Şiənin ən böyük elm hövzəsinin açar şəxsiyyətləri toplaşmış, bu mübarək hövzədə çalışan alimlər, elmi fəallar və görkəmli şəxslər təşrif buyurmuşlar. Bu hövzənin və bu böyük mədrəsənin sizin kimi bir tələbəsi olan mən burada əsasən, bu mübarək hövzə barədə fikirlərimi bildirmək istəyirəm.

 

Hövzənin bu gününün və gələcəyinin araşdırılması

Mövzu seçimində tərəddüd etmədim. Demək üçün söz var. Lakin mənim demək istədiyim və bu faydalı imkandan istifadə üçün tərcih etdiyim söz, fikrimcə, belə bir məclisdə deyiləcək hər bir sözdən əhəmiyyətli və lazımlıdır. Bu söz elm hövzəsi, ruhani cəmiyyəti, böyük və saleh bəndələrin əli ilə bu yerdə qurulmuş uca elm, din, təbliğat və hidayət mərkəzi barədədir. Mənim mövzum hövzənin bu günü və gələcəyi haqqında olacaq.

 

Şiə elm hövzəsinin şərəfli tarixinə bir baxış

Bu gün adını fəxrlə çəkdiyimiz Qum Elm Hövzəsi əslində hövzələr tarixi boyunca şiə hövzələrinin seçilmişi və xülasəsididir. Yəni ikinci əsr insanlarından və ən azı, üçüncü hicri əsrinin əvvəllərindən elm hövzəsi adlı mərkəzlər təsis olundu. Qum hövzəsi qumlular dövründə, yəni son üç imamın - həzrət Cavad (ə), həzrət Hadi (ə) və həzrət Əsgərinin (ə) dövründə sözün həqiqi mənasında bir elm hövzəsi olmuşdur. Orada dərs, müzakirə, tədqiqat, nəşr, tədris və təhsil görünür. Bununla yanaşı, Mədinə, Kufə və digər şəhərlərdə imamların ətrafında olan səhabə, hədisşünas və elm daşıyıcılarından keçir, bu mərkəzlərə elm hövzəsi terminini şamil etmirik.

Buna əsasən, bizim elm hövzələrimizin ən qədimi bəlkə də bu Qumdur. Orada Əşərilərin, Babuyə ailəsinin və digərlərinin əsərləri bu günə qədər qalmışdır. Düzdür, ondan sonra elm hövzəsi belə əzəmətli qalmamışdır, dünyanın digər yerlərinə, misal üçün, İslam dünyasının şərqinə, Mavəraünnəhrə və Xorasanın şərqinə köçürülmüşdür. Şeyx Əyyaşi, Şeyx Kəşşi, səmərqəndilər, nəsailər, adlarını hədisşünasların, rəvayətçilərin və müəlliflərin sırasında tanıdığınız digər şəxsiyyətlər oralarda yaşamışlar. Həmçinin Şeyx Müfidin, ondan sonra Seyid Mürtəzanın və Şeyx Tusinin hövzəsi olan Bağdad hövzəsi, təxminən 450, 448, yaxud 449-cu ildə Şeyx Tusinin Nəcəfə hicrəti, fiqh, hədis və digər İslam elmlərinin tədrisi üçün bir mərkəzin təsis edilməsi ilə başlayan Nəcəf hövzəsi dövrləri də mühüm tarixi dövrlərdir.

Sonra Şamda, Tripolidə, Hələbdə və ondan sonra Hillədə şiə elm hövzələri yaranır. Bizim Hillədən olan böyük fəqihlərimizin adları tarixdə, əsərləri şiə fiqhinin böyük kitabxanalarında qorunur. Bu proses davam edir, nəhayət, İranda Səfəvi şahlığı qurulur və möhtəşəm tarixi bir dönəm başlayır.

Bəzi şəxslərin Səfəviləri şiəliyin, İslamın, dinin və dəyərlərin əleyhdarı kimi tanıtdırmağa çalışmasına, həmçinin Səfəvi şahlarının gördükləri bütün pis işlərə baxmayaraq, onlar böyük, yaddaqalan və unudulmaz addımlar da atıblar. Bu addımların biri şiənin elm hövzələrinin genişləndirilməsidir. O zaman İsfahan, Xorasan, Qum, Nəcəf və digər bölgələrin elm hövzələri onların sayəsində abadlaşdı. Bunu kim araşdırsa, möhtəşəm işlərlə rastlaşar. Siz Səfəvilərdən qabaqkı şiə fəqihlərinə baxsanız, görərsiniz ki, iranlıların sayı barmaq sayı qədərdir. Lakin Səfəvilərdən sonra böyük alimlərin bəlkə də 90 faizi iranlılardır.

Bu dövrdən sonra Nəcəf və Kərbəla hövzələrinin zirvəsi, mərhum Vəhid Bəhbəhani, sonra şeyxin və Cəvahir sahibinin şagirdlərinin dövrü başlayır və son dövrə qədər davam edir. Sonra fiqh hövzəsinin böyük mərkəzi mərhum Ayətullah Hairi və sonra mərhum Ayətullah Bürucerdinin vasitəsi ilə yenə də Quma köçürülür və bu günə qədər davam edir. Bu hövzə uyğun tarixi prosesin məhsulu, mühacirətlə, tədqiqatla, elmlə yanaşı və bu gün də sizin ixtiyarınızda olan bu böyük elm hərəkətinin hamısının nəticəsi, yekunu və məğzidir.

Elm hövzələri çox əhəmiyyətli tarixi və elmi bir mövzudur. Yaxşı olar ki, hövzə alimlərindən və fikir sahiblərindən kimlərsə əsaslı və elmi formada bu mövzunu araşdırsınlar; görürəm ki, Allahın lütfü ilə araşdıranlar da var.

 Qorumaq, bərpa etmək və çiçəkləndirmək - hövzə vəzifələrinin üç əsas mərhələsi

Bu gün bizim on iki əsrin irsi olan belə bir hövzə qarşısında vəzifələrimiz var. Mən bir-biri ilə bağlı olan üç vəzifəyə toxunacağam. Bunlar aydın məsələlərdir, dəlil-sübuta ehtiyac yoxdur: qorumaq, bərpa etmək və çiçəkləndirib inkişaf etdirmək, elm hövzələrini böyütmək.

Qorumaq mərhələsində hövzənin uğuru

Allaha şükür olsun ki, hövzə qorunmuş, kəmiyyət və keyfiyyət baxımından keçmişə nisbətən inkişaf etmişdir. Ümumi olaraq, bu məsələdə şübhə yoxdur. Lakin bərpa məsələsi bir qədər daha dəqiq və çətindir. Ondan da çətini isə çiçəkləndirmək və inkişaf etdirməkdir. Qədim irsi təkcə qoruyub gələcəyə təhvil vermək kifayət etmir. Çünki belə bir məsələdə dayanmağın özü geriləməkdir.

 

Yeni məfhumlar yaratmaq - bərpa səviyyəsinin əsas göstəricisi

Bərpa nə deməkdir? Yəni hövzə yoxluqlardan və itkilərdən yaranmış boşluğu doldurmaq üçün yenilərini yetişdirsin. Həmçinin qüvvədən düşmüş köhnə məfhumların yerinə yenilərini yaratsın. Məfhumlar köhnəlir, tədricən və zaman ötdükcə öz təravətlərini itirirlər. Müxtəlif baxış və fikirlərin daxil olması və zamanın ötməsi nəticəsində bir düşüncə sarsılıb ilkin möhkəmliyindən uzaqlaşdıqdan sonra onun yerinə yeni məfhumlar ortaya qoyulmalıdır.

Bu kifayət etmir ki, biz misal üçün, üsul elmində Füsul, yaxud Qəvanin kitablarına baxıb onların mövzularının çoxunu qüvvədən düşmüş sayaq; necə ki, həqiqətən belədir. İndi hansı alim, ruhani, üsul alimi və tədqiqatçısı öz üsul araşdırmalarında Füsul kitabına, yaxud Qəvanin kitabının bir çox fəsillərinə ehtiyac duyur?! Onlar köhnəlmişlər. O sözlərin çoxu rövnəqdən və dəyərdən düşmüşdür. İndi onlardan yaxşıları bazara daxil olmuşdur.

Deməli, məfhumlar köhnəlir. Bütün elmlərdə bu var. Köhnəlmiş söz, mövzu və məsələlərin yerini doldurmaq üçün yeni mövzular ortaya qoyulmalıdır. Hər bir elmdə beyin mühiti lazımi məfhumların həcmi baxımından tamamlanmalıdır. Bu, bərpadir. Bunun üçün çox çalışmaq lazımdır.

 

Elmlərdə yeni üfuqlər açmaq - hövzənin çiçəklənməsinin sirri

Ondan da mühüm olan çiçəklənmə məsələsidir. Çiçəklənmə - inkişaf etmək, bir addım irəliləmək və yeni üfuqlər kəşf etmək deməkdir. Çiçəklənmə o deyil ki, biz bir mövzuya daha artıq diqqət ayıraq. Fərz edin, altıncı əsr aliminin bir növ dəlillə sübut etdiyi bir məsələni biz indi daha dəqiq araşdıraq, onun bəzi dəlillərini gücləndirək, bəzilərini rədd edək və məsələnin möhkəmlənməsinə səbəb olaq. İş təkcə bu deyil. Yeni üfüqlər açılması həm elmin özünə, yəni fiqhə, həm də elmin məhsuluna, yəni fiqh məsələlərinə aiddir. Üsul, kəlam və digər elmlər də belədir. Bunların hamısının çiçəklənməyə ehtiyacı var.

 

Canlı hövzə - çiçəklənmiş hövzə

Elm hövzələri o zaman bərpa ola, inkişaf edə və çiçəklənə bilərlər ki, canlı olsunlar. Ölmüş hövzə buna qadir deyil. Bəşər reallıqları insanların özləri kimidir: həyata, ölümə, zəifliyə, güclülüyə, xəstəliyə və sağlamlığa malikdirlər.

Elm hövzələri də belədir. Xəstə və sağlam, zəif və güclü, sağ və ölü hövzələr mövcuddur. Hövzə diri, sağlam və güclü olmalıdır ki, inkişaf edə, yeni üfüqlər aça və bəhrələnənlər üçün yeni imkan yarada bilsin.

Qum Elm Hövzəsinin keçmişini izah etdikdə demək istəmirik ki, onlar təkcə zaman və tarix baxımından bu hövzənin sələfləridir. Məzmun baxımından da belədir. Şeyx Tusinin tədqiqatları, İbn İdrisin və Mühəqqiq Hillinin yenilikləri, Əllamənin geniş fiqh araşdırmaları və digərlərinin gördüyü işlərin hamısı bu gün bu hövzədə tərənnüm olunur. Bu on iki əsr boyu fiqhdə, üsulda kim işləmiş və məharət göstərmişsə, bu gün bu elm hövzəsinin dərs, mövzu və kitablarında təmsil olunur.

 

Problem və çatışmazlıqlar

Bərpada uğurlu və çiçəklənməyə ehtiyaclı hövzə

Keçmişi, kökü, şəcərəsi və elmi əsil-nəsəbi bundan ibarət olan hövzə indi hansı vəziyyətdədir? Biz bu haqda həmişə düşünməliyik. Doğrudan da İslam və müsəlmanların taleyi ilə maraqlanan şəxs bu haqda düşünməlidir. Bu, kənara qoyub "bununla nə işimiz var?" deyiləsi məsələlərdən deyil. Xeyr! Həm siz alim və tələbələr özünüz, həm bu böyük dünyanın hər hansı bir tərəfində özünü buraya borclu bilən hər bir tələbə, həm də bu hövzənin faydalarından istifadə etmiş, yaxud etmək isətəyən hər bir müsəlman bu barədə fikirləşməlidir.

Düzdür, ruhani olmayan bu məsələ üzərində düşünsə, bir yol tapmayacaq. Eləcə də, həqiqətən sanballı iş gərək bu hövzənin özündə görülsün. Böyük, əsaslı, köklü və uğurlu iş sizin bu hövzədə görəcəyiniz işdir. Ola bilsin hövzə xaricində mənim kimi bəzi tərəfdarlarınız da olsun. Bunlar sizə dayaq olmalı və kömək etməlidirlər, işi isə hövzənin özü görməlidir. Ona görə biz söhbətin əvvəlindən buraya qədər və buradan sonra həmişə hövzənin özü vasitəsi ilə bərpa edilməsi və qurulması üzərində təkid göstəririk. Bayırda başqa bir kəs bu işi görə bilməz.

Bu gün hövzə necədir? Sabah necə olacaq? Yaxud necə olmalıdır? Bu gün hövzə keçmişə nisbətən çox inkişaf etmişdir. Heç kəs bu həqiqəti inkar edə bilməz. Yəni bu, keçmişlə müqayisəolunası deyil. Həzrət Ayətullah Meşkini də buyurdu ki, hövzə kəmiyyət və keyfiyyət baxımından irəliləmişdir. O zamn dord yüz tələbə vardı, bu gün isə minlərlə tələbə təhsil alır. Bugünkü tələbələr ogünkü tələbələrdən az həvəsli deyillər. Bugünkü tələbə və alimlərin gördüyü bəzi işlər ogünkü tələbə və alimlərin işlərindən on dəfə artıq elmi və bəzən əməli əhəmiyyətə malikdir.

Heç kim deyə bilməz ki, hövzə geriləmişdir. Xeyr, bu baxımdan araşdırdıqda görürük ki, inkişaf etmişdir. Keçmişdəki alimlərin sözləri də bugünkü alimlərin ixtiyarındadır. Bu gün sizin oxuduğunuz Məkasib kitabı şeyxin ali ixtisas (xaric) dərsidir. Şeyxin ən yüksək araşdırmaları bunlardır. Sizin oxuduğunuz Kifayə Mühəqqiq Xorasaninin üsul elmində ən son fikirləridir. Bu gün bizim Kifayə oxuyan tələbəmiz onu başa düşürsə, axundun ozamankı böyük şagirdləri kimi anlamış olur. Lakin bilmək lazımdır ki, bu gün bu, son pillə deyil, o zaman isə son pillə idi. Buna əsasən, hövzə fiqh və üsulda, hövzənin kəmiyyət işlərində, təbliğatda, genişlənməkdə, dünyanın digər yerlərinə yayılmaqda və öhdəsinə götürdüyü məsuliyyətlərdə keçmişlə çox fərqlənir və çox inkişaf etmişdir.

Lakin başqa bir baxışdan, hövzədə iki əsas nöqsan mövcuddur. Qətiyyətlə deyə bilərik ki, onların biri keçmişdə olmamışdır və bu günə məxsusdur. Digəri də böyük ehtimalla belədir.

 

Zamandan öndə olmaq - dünənki hövzənin xüsusiyyəti

Bizim hövzəmizdə dünən olmayan və bu gün olan nöqsan budur ki, dünənki hövzə öz dövrünün dünyasından geridə deyildi, hətta irəlidə idi.

Siz görün o zaman bizim alimlərimizin elmdə, fiqh və kəlamda öz dövrlərinin insanları üçün nə qədər əsərləri olub. Keçmişdə yaşamış azsaylı alimlər böyük işlər görmüşlər. Əgər ozamankı Bağdada nisbətən İslam dünyasının uzaq bölgələri olan Nişapurda, Bəlxdə, Həratda, yaxud Tusda yaşayan bir neçə nəfər şiənin fiqhə, yaxud kəlama aid sualları olurdusa, Şeyx Müfid Bağdaddan onlara yol göstərirdi. Yəni Şeyx Müfid öz zamanından geri qalmırdı.

Yaxud Şeyx Tusinin dövründə Əhli-beyt məktəbinin düşməni "sizin kitabınız yoxdur" – deyən kimi Şeyx Tusi özü təklikdə işə başlayır, ən böyük rical kitabını xülasə etdi, özü də ayrıca bir rical və bir də biblioqrafiya kitabı yazdı. Yəni gecikmədən Kəşşinin rical kitabını xülasə etdi, özünün ər-Rical və əl-Fihrist kitabınlarını qələmə aldı.

Hələ “fiqhiniz yoxdur” deyən şəxsin iradı evindən bayıra çıxmamışdı ki, birdən o zamanın səviyyəsinə görə sanballı tədqiqat əsəri olan Məbsut təqdim olundu. Məhəmməd ibn Zəkəriyya Razinin dilindən 3-4 ateist söz çıxırdısa, Seyid Mürtəza Razi cəld onun əleyhinə kitab yazır və sözlərinin cavabsız qalmasına imkan vermirdi. Əgər Əhli-beytin inadkar düşməni olan hansısa alim bir kitab yazıb şiə həqiqətlərini ələ salırdısa, Əbdülcəlil Razi Qəzvini dərhal cavabında ən-Nəqz kitabını yazırdı. Buna əsasən, fiqh və kəlam sahələrində xüsusən şiəyə kim bir söz desəydi, qüdrətlə və elmi dillə cavab verir, rəqib və ya düşmənin sözünü təsirsiz qoyurdu.

Son dövrlərə qədər vəziyyət belə idi. Hindistanda bir nəfər peyda olub şiə əleyhinə, şiəni məzəmmət etmək üçün və guya Əhli-beytin mədhində “Töhfə İsna əşəriyyə” kitabını yazdı. Seyid Hamid Hüseyn onun cavabında əzəmətli Əbəqat kitabını yazdı. Səhv etməsəm, “Töhfə İsna əşəriyyə” kitabına cavab üçün təxminən on kitab yazılmışdır. Mən hindistanlı şiə alimlərinin kitablarına aid olan bir mündərəcata baxırdım. Əlbəttə, onların arasında birinci dərəcəli alimlər də vardı. Fikrimcə, bu kitabın əleyhinə on və bəlkə də daha artıq kitab yazılmışdır.

Deyilənlərə əsasən, elm hövzələri öz dövrlərindən geri qalmırdılar. Bir nəfər peyda olub bir kitabın əlyazmasında bir söz yazırdı, digəri onu köçürür, başqa birisi oxuyurdu. Bu müddətdə 3-4 nəfər ondan xəbərdar olurdu. Şiə alimi də eyni yolla cavab verirdi. Bəzən daha sərt və daha sürətli olur, daha yaxşı çalışırdı və geri qalmırdı.

Şəhid Əvvəlin (birinci şəhidin) dövrünə qədər Əllamənin və Fəxrül-mühəqqiqinin kitabları kimi fiqh kitablarımız adətən əhli-sünnənin görüşlərini də ehtiva edirdi. Amma ondan sonra şiə kitablarında adətən əhli-sünnənin görüşlərini yazmırdılar. Siz görürsünüz ki, o kitablarda əhli-sünnə fəqihlərinin nəzərləri müxtəlif dəlillərlə cavablandırılmışdır. Təkcə Xilaf kitabına baxmayın, Şeyx Tusi orada təkcə icma dəlilinə söykənmişdir. Əllamənin və digərlərinin, eləcə də şeyxin özünün kitablarının adətən möhkəm və çoxlu dəlilləri var.

 

Bugünkü hövzənin xüsusiyyəti: dövrdən geri qalmaq

Bu gün isə elə deyil. Bu gün elm hövzəsi öz dövründən çox geridədir, bir addım, iki addım söhbəti deyil. Sanki ata minmiş iki nəfər yanaşı gedirlər. Birinin atı digərinkindən daha iti qaçır. Atı zəif qaçan sonradan avtomobil əldə edir. Təbii ki, atı iti qaçan adam onun tozuna da çatmaz. Bu gün vəziyyət belədir. Hal-hazırda fiqh, fəlsəfə, kəlam və hüquq görüşləri dünyanı bürümüşdür. Bizsə özümüzə baxanda görürük ki, zamanla məsafəmiz çoxdur.

 Hətta əxlaqda da belədir. Hövzənin indi burada iştirak edən böyük alimlərindən biri bir neçə il bundan öncə İngiltərədə bir kitabxana görmüşdü. Mənə buyurdu ki, bu kitabxananın bir mərtəbəsi son bir neçə ildə qərblilər tərəfindən yazılmış əxlaq kitablarına məxsusdur. Bu bir neçə ildə Qum Elm Hövzəsi nə qədər əxlaq kitabı yazmışdır? Onun mində biri, on mində biri və fikrimcə, bundan da azdır. Bu hələ əxlaqdır və bilirsiniz ki, Qərbin əxlaqla arası yoxdur. Əlbəttə, onların əxlaq kitabları daha çox əxlaq fəlsəfəsi, əxlaqın rəddi, qeyri-mənəvi və maddi əxlaq barədədir.

Meracüs-səadət və Camiüs-səadət kitablarından sonra biz hövzələrimizdə hansı kitabı yazmışıq? Düzdür, son bir neçə ildə elmi bir əsər kimi ortaya qoymağa layiq olan bir neçə əxlaq kitabı yazılmışdır.

Bu məsələ eynilə hüquqda da müşahidə olunur. Siz görün mülki hüquqda, cəza hüququnda, müxtəlif hüquqi mövzularda necə çeşidli tədqiqatlar aparılmışdır. Bu iş həm Qərbdə, həm də şiə olmayan İslam dünyasında baş vermişdir. Biz bu sahələrdə, insafla deməliyik ki, çox geri qalmışıq. Hələ bu bizim ixtisaslı sahəmizdir; hövzələrdə əsas ixtisas fiqhdir.

Görün fəlsəfə, kəlam, yeni kəlam, din fəlsəfəsi, dinşünaslıq və digər sahələrdə nə qədər yazıb və işləyiblər. Bunların hamısı səhv də ola bilər, amma hər halda, cəmiyyətin beyin mühitinin bir hissəsini dolduran elm və düşüncə məhsuludur. Siz hal-hazırda haradasınız? Bunlarla necə mübarizə aparmaq istəyirsiniz? Haradadır Əbdülcəlil Razi Qəzvini ki, bu dövrə uyğun ən-Nəqz kitabını yazsın və bir yox, bu sahələrdə on min kitab yazılsın.

Bu gün dünya sürət dünyasıdır, bütün məfhumlar tez bir zamanda dünyanın bu tərəfindən o tərəfinə ötürülür. İndi dünyanın ən uzaq kitabxanaları beş dəqiqə ərzində Amerika Konqresinin kitabxanasında olan bir kitabı print edə bilirlər. Mətləb belə ötürülür. Biz dünyadan geridəyik. Nə üçün bunu inkar edirik?! Bu, bu gün bizim hövzəmizdə olan danılmaz eyibdir.

 

Mövcud istedadlardan lazımınca istifadə etməmək

Güman edirik ki, ikinci eyib də bizə məxsusdur və keçmişdə mövcud olmayıb. O da budur ki, hövzənin mövcud kadr potensialından düzgün istifadə olunmur. İndinin özündə Qum Elm Hövzəsində minlərlə dəyərli istedadlar, elmli tələbələr və yaxş gənclər mövcuddur. Əgər onlara azacıq diqqət ayrılsa, öz yerlərində çalışsalar, onlardan lazımi iş istənilsə, vaxtlarının əlavə işlərə sərf olunmasının qarşısı alınsa, bu boşluğun bir hissəsini aradan qaldıra bilərlər.

Düzdür, bu eyib bizim dövrümüzdə də var idi. Biz hövzədə olanda da həmin eyib mövcud idi. Amma zənnimcə, keçmişdə belə olmamışdır. Misal üçün, Əllamə Hillinin səyyar mədrəsəsi vardı, Ölcaytu Xudabəndə ilə müxtəlif bölgələrə gedir, mədrəsəni və tələbələri də özü ilə aparırdı. Bəzi tarixi hadisələrə əsasən, iddia etmək olar ki, o zaman hövzələr öz kadr potensialından düzgün istifadə etmişlər.

 

Ruhaniliyin daxildə və xaricdə kəmiyyət baxımından uyğun inkişaf etməməsi

Hövzənin mövcud eyiblərindən xəbər verən aşkar çatışmazlıqları var. Əvvəl bu çatışmazlıqları təyin edək. Görək onları qəbul edirik, yoxsa yox. Bu çatışmazlıqların biri ruhaniliyin kəmiyyət baxımından münasib inkişaf etməməsidir. Düzdür, indi ruhanilik o zamana nisbətən on dəfə, yaxud yüz dəfə artmışdır. Amma eyni zamanda biz hələ lazımi kəmiyyət inkişafını əldə etməmişik. Yəni ruhani olmayan məscid, universitet, kənd, zavod, hərbi hissə və müsəlmanları ruhanisiz qalan ölkələr çoxdur. Buna əsasən, bu gün müşahidə etdiyiniz böyük toplum da kəmiyyət baxımından lazımi miqdarda deyil. Bu heç kimin inkar edə bilməyəcəyi aşkar çatışmazlıqdır.

Keçmişdə bəzi böyük şəhərlərdə on müctəhid olurdu. Onların hər biri iki yüz yaxşı şagirdi idarə etməyə qadir idilər. Amma bu gün o şəhərlərdə belə alimlər kimi bir nəfər də yoxdur. Bəzi yerlərdə elm və düşüncə baxımından lazımi bacarığa malik olmayan, yaxud özünü çox da zəhmətə salmayan ruhanilər var. Düzdür, bəziləri də çox yaxşıdırlar. Amma bəzi yerlərdə bu eyib mövcuddur.

 

Elmlərdə məzmun çatışmazlığı

Hövzənin çatışmazlıqlarından daha birisi onun məzmun nöqsanından ibarət çatışmazlığıdır. Bizim fiqh və kəlamda həll olunmayan məsələlərimiz çoxdur. Din alimi üçün lazımi elm mərkəzlərimiz də çox azdır. Müxtəlif yerlərdə günümüzə uyğun bir din aliminə zəruri olan bilgilərə yiyələnməyən ruhanilərimiz var. Bunu da keyfiyyət baxımından inkişafın azlığı, yəni özünün məzmun çatışmazlığı adı altında qeyd edirik.

 

Nəşriyyat və təbliğat sahəsində çatışmazlıq

Hövzənin nöqsanlarından daha birisi nəşriyyat və təbliğatda çatışmazlıqdır. Hövzədə yetərincə elmi-mədəni məhsul, o cümlədən kitab, qəzet və jurnal nəşr olunmur. Hövzədən kifayət qədər təbliğatçı göndərilmir. İndi dünyanın müxtəlif yerlərində - Afrikada, Avropada və Asiyada daim bizdən ruhani istəyirlər. Mən 1991-ci ildə sizinlə keçirdiyim belə bir iclasda dedim ki, hansısa bir iş üçün ölkədən xaricə gedən bəzi alimlər qayıtdıqda deyirlər: “Filan yerin tələbələrini gördük. Onların ruhanilərə çox ehtiyacı var. Nə üçün oraya adam göndərmirsiniz?”. Deyirik yaxşı oldu ki, siz müalicə üçün oraya getdiniz və bu ehtiyacı öz gözünüzlə gördünüz.

Bu gün dünyanın hər yerindən çoxlu dəvət var. Bu çatışmazlıqlar var, bunları inkar etmək olmaz. Bu məsələlər bu böyük hövzə daxilindəki eyiblərdən xəbər verir. Hər halda, gözəlliklərin, elmi potensialın, alim və tədqiqatçıların, görülən yaxşı işlərin yanında belə eyiblər də mövcuddur.

Düzdür, hövzədə bu işlərlə məşğul olan, doğrudan da oturub kitab yazan, imkanları çatdıqda səfər edən, aclıq və yorğunluq çəkən, müharibə zamanı cəbhəyə gedən çoxlu insanlar var. Əgər təbliğat cəbhəsi açılsa, onlar bu cəbhəyə də gedər, xaricə və yaxud kəndə dəvət olunsalar, qəbul edərlər. Belə şəxslərimiz də var. Bunlar fərdi hərəkətlərdir və kifayət etmir. Belə çatışmazlıqlar var. Bu çatışmazlıqlar daxildəki bəzi amillərdən xəbər verir. Onları axtarıb tapmalıyıq.

 

Fiqhin yeni ictimai sahələrə girməməsi

Birinci amil bizim əsas işimiz olan fiqhin yeni sahələrə girməməsi, yaxud çox az girməsidir. Bu gün çoxlu məsələlər var ki, fiqh onların hökmünü bəlli etməlidir, lakin etməmişdir. Fiqhin bacarığı var, lakin işin gedişi elə olub ki, işgüzar tədqiqatçı alim bu məsələ ilə məşğul olmayıb. Misal üçün, pul məsələsi belədir. Ümumiyyətlə, pul nədir? Fiqhin müxtəlif fəsillərində, misal üçün, zəkatda, diyədə, müzaribədə adları hallanan dirhəm və dinar nədir? Dirhəm və dinar məsələsini araşdırıb aydınlaşdırmaq lazımdır. Bankın pul və əmanət məsələlərindən başqa işlərini borc, özü də riba (sələmçilik) adlandırıb üstündən xətt çəkmək çox asandır. Yeri deyil ki, bir qədər daha artıq dərinliyinə varıb görək ki, doğrudan da borcdur, yoxsa yox?! Biz banka pul qoyur və borc veririk. Bank bizdən borc alır. Bunu kim qəbul edir? Siz banka əmanət qoyursunuz, ona borc vermirsiniz ki?

Belə məsələlər çoxdur. Böyük inflyasiyalar zamanı pulun dəyəri məsələsi necə həll olur? Əlbəttə, biz hər bir cəmiyyətdə qaçılmaz və inkişafa səbəb olan inflyasiyanı demirik. İnflyasiya olmasa, cəmiyyət statik olar. Biz o yerləri demirik, bu həftədən o biri həftəyə qədər pulun dəyərinin azaldığı, iyirmi, otuz və əlli faizlik, yaxud üç rəqəmli inflyasiyaları nəzərdə tuturuq.

Bu problemlər zamanı pul məsələsi necə həll olur? Pul borcları və bir-birimizdən aldığımız borclar necə həll olur? Əgər altı ay öncə sizdən yüz tümən borc almışıqsa, indi qaytaranda o yüz tümən bu yüz tümənlə fərqlənir. Hər halda, fiqhdə bu məsələnin vəziyyəti aydınlaşdırılmalıdır. Bu işlər üçün elmi əsas düşünmək lazımdır. Düzdür, insan ümumi və mütləq dəlillərlə işini asanlaşdıra bilər, amma bu, düzgün deyil.

Hökumət məsələlərinin çoxu, bizim nəhəng məhkəmə sistemimiz üçün diyə, cəza və digər məsələlər fiqh baxımından həll olunmamış və vəzifələri bəlli edilməmişdir. Əlbəttə, keçmişdəkilərdən heç kimin təqsiri olmamışdır. Çünki məhkəmə, diyə və cəza məsələləri onlar üçün aktual olmayıb. Amma bu gün biz təqsirkarıq. Mərhum Mühəqqiq Ərdəbili cihad fəslində deyir ki, bu mövzuya ehtiyacımız yoxdur. O bizdən daha yaxşı bilir ki, cihad necə olmalıdır. Bu məsələ onlar üçün aktual olmayıb, amma yenə də iltifat göstərib cihad barədə bir neçə səhifə yazıb. Bu gün cihad bizim üçün aktualdır. Elə bu cihad məsələsinin özü bizim fiqhimizdə aydın deyil. Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək məsələlərinin çoxu, hökumət məsələləri, xalqın həyatına aid olan çoxlu məsələlər, bədən üzvlərinin köçürülməsi və meyiti yarma elə məsələlərdir ki, fiqh bu sahələrdə işləməlidir. Bunların tez və ötəri araşdırma ilə həll olunacağını düşünmək olmaz. Xeyr, bunlar da fiqhin digər fəsilləri kimidir.

Siz görün bizim fəqihlərimiz ibadət, təharət və namaz bölmələrinə nə qədər diqqət ayırmışlar. Bu onların elmi dəqiqliyindən irəli gəlir, eyib də deyil. Soruşurlar ki, onlar nə üçün bu qədər diqqət ayırmışlar. Cavab budur ki, dəqiq və dərin elm öz işini görür. Lakin ola bilsin bu günün prioriteti keçmişlə fərqlənsin. Bu gün başqa məsələlər prioritetdir, beyinlər dəqiqliklə işləməli, o məsələləri ümumi mövzulara gətirməlidir.

 

Fiqhin tədqiqat metodlarında yeniliyin zəruriliyi

Yeniliyin olmaması - fiqhin fəqahət məsələsi, öz metodikası ilə məşğul olmamasıdır. Fəqahət bizim fiqh adlandırdığımız elmin tədqiqat metodikasıdır. Bu dərsi oxumayınca, kitab və sünnəyə əsasən tədqiqat aparmağın yollarını öyrənməzsiniz. Fəqahət - fiqhin tədqiqat metodikasıdır.

Bunun özünün də inkişafa ehtiyacı var. Bu, kamil bir şey deyil, təkamüldə olan bir şeydir. İddia etmək olmaz ki, biz bu gün fəqahətdə zirvəyə çatmışıq, daha bundan yaxşısı ola bilməz. Xeyr, haradan bəllidir? O qədər böyük alim olmuş Şeyx Tusinin fəqahəti vardı. Onun bir məsələyə dair fətvalarına baxın. Bu gün hansı müctəhid elə araşdırmağa hazırdır? O fətvalar sadə və bəsitdir. Bugünkü müctəhid heç zaman elə araşdırmağa razı olmaz.

Fəqahət müxtəlif dövrlərdə kamilləşmişdir. İnsan fəqahət tarixinə baxdıqda bəzi dövrləri görür. Əlbəttə, fikirlər müxtəlifdir. Mənim fikrim budur ki, şeyxin dövrü bir dövrdür, Əllamənin dövrü başqa bir dövrdür. Ona əllamə (müxtəlif elmlərdə mütəxəssis) deyirik, mühəqqiq (tədqiqatçı) demirik, halbuki bunlar bir şeydir. Ona görə ki, əllamənin işində fiqhi-elmi araşdırma və əsaslandırma daha çoxdur. İnsan onun mövzu ilə necə davrandığını daha yaxşı anlaya bilir. Lakin mühəqqiqdə daha aydın anlamaq olmur.

Sonra təxminən 250 illik bir dövr keçir. Mühəqqiq Kərəkinin zamanı yenə başqa bir dövrdür. İnsan aydın şəkildə görür ki, Mühəqqiq Kərəkinin fiqhi tədqiqat metodu Əllamənin metodu ilə fərqlənir. Eyni fəqahətdir, lakin kamilləşmişdir.



  İrəli
Go to TOP