A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: MƏHƏMMƏD ƏXLAQI (Ayətullah Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Onun hökumət xarakterlərindən başqa birisi əhdə vəfalı olması idi. O heç zaman əhdini pozmadı. Qüreyş onunla əhdini pozdu, amma o pozmadı. Yəhudilər dəfələrlə əhdi pozdular, amma o pozmadı. O həmçinin sirr saxlayan idi. Məkkənin fəthi üçün hərəkət etdikdə Peyğəmbərin (s) haraya getmək istədiyini heç kəs anlamadı, bütün qoşunu səfərbər edib dedi ki, gedirik. Dedilər haraya? Dedi ki, sonra bəlli olacaq. Heç kəsin onun Məkkəyə sarı getməsini bilməsinə imkan vermədi. Elə etdi ki, Məkkənin yaxınlığına qədər Qüreyş Peyğəmbərin (s) Məkkəyə gəlməsindən xəbər tutmadı.[61]


Münafiq, bədxah və təsirsiz düşmən

Düşmənləri eyni bilmirdi. Bu, Peyğəmbərin (s) həyatının mühüm məqamlarındandır. Bəzi düşmənlərin düşmənçiliyi dərin idi, amma Peyğəmbər (s) bunların əsas təhlükəsi olmadığını gördükdə onlarla işi olmazdı və sərt davranmazdı. Bəziləri də təhlükəli idilər, amma Peyğəmbər (s) onlara nəzarət edirdi; misal üçün Abdullah ibn Übəyy. Bir nömrəli münafiq olan Abdullah ibn Übəyy Peyğəmbərin (s) əleyhinə gizli təxribat da aparırdı. Lakin Peyğəmbər (s) onu nəzarətə götürdüyündən onunla işi yox idi. Peyğəmbərin (s) ömrünün sonlarına qədər də yaşadı. Bunlar elə düşmənlər idilər ki, hökumət, İslam quruluşu və İslam cəmiyyəti onların tərəfindən ciddi təhdid olunmurdu. Amma Peyğəmbər (s) (real) təhlükəli düşmənlərə qarşı çox sərt idi. Həmin mehriban insan, həmin rəhmli adam, həmin əfv edən və bağışlayan adam bir neçə yüz nəfərdən ibarət olan Bəni-Qüreyzə xainlərini bir gündə qətlə yetirmək, Bəni-Nəzir və Bəni-Qəyn-Qa qəbilələrini qovmaq və Xeybəri fəth etmək əmrini verdi. Çünki bunlar təhlükəli düşmənlər idilər. Peyğəmbər (s) Məkkəyə gəlişinin əvvəlində onlara çox mehribanlıq göstərmişdi. Amma bunlar qarşılığında xəyanət etdilər, arxadan xəncər vurdular, təxribat apardılar və təhdid etdilər. Peyğəmbər (s) Abdullah ibn Übəyyə dözürdü, Mədinənin daxilində olan yəhudiyə dözürdü, ona pənah gətirmiş, yaxud zərərsiz qüreyşliyə dözürdü - gedib Məkkəni fəth edəndə, daha onlar tərəfindən təhlükə olmayanda, hətta Əbu Süfyana və digər bəzi böyüklərə nəvaziş də göstərdi - amma bu qəddar, təhlükəli və etimad ediləsi olmayan düşməni məhv etdi.[62]


Yeddi peyğəmbər xüsusiyyəti

Peyğəmbərin (s) yaratdığı quruluşun müxtəlif xüsusiyyətləri var. Onların arasında yeddi xüsusiyyət hamısından mühüm və qabarıqdır:

Birinci xüsusiyyət iman və mənəviyyatdır. Peyğəmbər (s) quruluşunu irəliyə aparan həqiqi mühərrik xalqın qəlbindən və düşüncəsindən qaynaqlanan və onların vücudunu düzgün istiqamətdə hərəkətə gətirən imandır. Deməli, birinci xüsusiyyət insanlara iman və mənəviyyat ruhunu üfürmək, gücləndirmək və düzgün etiqad və düşüncə verməkdir. Peyğəmbər (s) bu işə Məkkədən başladı və Mədinədə bayrağını iqtidarla ucaltdı.

İkinci xüsusiyyət ədalətdir. Əsas iş ədalət və heç bir şeyi nəzərə almadan hər bir haqqı sahibinə çatdırmaqdır.

Üçüncü xüsusiyyət elm və bilgidir. Peyğəmbər (s) quruluşunda hər şeyin təməli bilmək, tanımaq, ayıqlıq və oyanışdır. Heç kəsi kor-koranə şəkildə bir səmtə hərəkət etdirmirlər. Xalqı ayıqlıqla, məlumatla və seçim qüvvəsi ilə passiv yox, aktiv qüvvəyə çevirirlər.

Dördüncü xüsusiyyət səmimilik və qardaşlıqdır. Peyğəmbər (s) quruluşunda xurafatçı, şəxsi və mənfəətçi maraqlardan yaranan çəkişmələr pislənilmişdir və onlarla mübarizə aparılır. Mühit səmimilik, qardaşlıq və həmrəylik mühitidir.

Beşinci xüsusiyyət əxlaq və rəftar düzgünlüyüdür. İnsanları mənəvi cəhətdən paklayır, əxlaq fəsadlarından və qəbahətlərindən təmizləyir, əxlaqlı və mənən saf insan düzəldir: "Onları (mənəvi cəhətdən) paklayır və onlara kitabı və hikməti öyrədir". Mənəvi paklıq əsas təməllərdən biridir. Yəni Peyğəmbər (s) insanların hər biri üzərində tərbiyə və insan yetişdirmək baxımından işləyir.

Altıncı xüsusiyyət iqtidar və izzətdir. Peyğəmbər (s) cəmiyyəti və quruluşu başıqapazlı, asılı, başqasının ardınca düşən və ona-buna ehtiyac əli uzadan deyil, izzətli, iqtidarlı və qərarlıdır. Öz məsləhətini bildikdə, onu təmin etmək üçün çalışır və işlərini yoluna qoyur.

Yeddinci xüsusiyyət iş, hərəkət və daimi inkişafdır. Peyğəmbər (s) quruluşunda dayanmaq yoxdur. Ardıcıl olaraq hərəkət, iş və inkişaf var. Nə zamansa demirlər ki, daha bitdi, indi oturub istirahət edək. Belə bir şey yoxdur. Əlbəttə, bu iş ləzzətli və sevinc bəxş edən işdir, üzücü iş deyil, insana həvəs, qüvvə və şövq verir.[63]


Bir anı hədər vermədi

Peyğəmbər (s) Mədinəyə daxil olduğu andan insan yetişdirmək işinə başladı. Bu uca binanın möhkəm sütunları olan layiqli idarəçilər, böyük, şücaətli, bağışlayan, imanlı, güclü və mərifətli insanlar tədricən Mədinəyə daxil oldular. Peyğəmbər (s) Mədinəyə daxil olan kimi işə başladı. O həzrətin həyatının möhtəşəm xüsusiyyətlərindən biri budur ki, bu on il ərzində bir anı də hədər vermədi. Peyğəmbərin (s) mənəviyyat, hidayət, təlim və tərbiyə nurunun bir an da dayanması görünmədi. Onun oyaqlığı, onun yuxusu, onun məscidi, onun evi, onun döyüş meydanı, küçə və bazara getməsi, onun ailə rəftarı, onun varlığı - harada olsaydı - dərs idi. Belə bir ömrün qəribə bərəkəti var! O, bütün tarixi öz düşüncəsi ilə fəth etdi, bütün tarixə təsir göstərdi. Mən dəfələrlə demişəm ki, əsrlər sonra bəşəriyyət üçün müqəddəsləşən bir çox məfhumlar, o cümlədən bərabərlik, qardaşlıq, ədalət və demokratiya məfhumları onun təlimlərindən təsirlənmişdir. Digər dinlərin təlimlərində belə şeylər yox idi, yaxud ən azı aşkar olmamışdı.[64]


Hansı qrupun tərəfdarıdır?

Peyğəmbərin (s) mindiyi dəvə Yəsrib şəhərinə daxil oldu. Xalq onu dövrəyə aldı. O zaman Mədinə şəhəri məhəllələrə bölünürdü. Hər məhəllənin də özü üçün evləri, küçələri, hasarı və böyükləri vardı və bir qəbiləyə məxsus idi; Övs və Xəzrəcə bağlı olan qəbilələrə. Peyğəmbərin (s) dəvəsi Yəsrib şəhərinə daxil olduqda hansı qəbilənin qalasının qarşısına çatırdısa, böyüklər bayıra çıxıb dəvənin cilovunu tuturdular, deyirdilər ki, ey Allahın rəsulu, buraya gəl, bizim evimiz, məişətimiz, sərvətimiz və imkanlarımız sənin olsun. Peyğəmbər (s) buyururdu ki, dəvənin yolunu açın, o, əmr əsasında hərəkət edir, qoyun getsin.

Dəvə beləcə məhəllə-məhəllə yol gedirdi. Nəhayət Peyğəmbərin (s) anasının mənsub olduğu Bəni-Nəccar məhəlləsinə çatdı. Onlar Peyğəmbərin (s) dayıları sayılırdılar. Buna görə qarşıya çıxıb dedilər ki, ey Allahın rəsulu, biz sənin qohumlarınıq, bizim vücudumuz sənin olsun, bizim evimizdə en. Buyurdu ki, kənara çəkilin, bu dəvə əmr əsasında hərəkət edir.

Yolu açdılar. Dəvə Mədinə şəhərinin ən yoxsul məhəlləsinə gəlib bir yerdə oturdu. Hamı baxdı ki, kimin olduğunu görsünlər. Gördülər ki, Əbu Əyyub Ənsarinin evidir; Mədinənin ən yoxsul adamı, yaxud ən yoxsullarından biri. Özü və kasıb ailəsi gəlib Peyğəmbərin (s) əşyalarını evə apardılar. Peyğəmbər (s) də qonaq kimi onların evinə daxil oldu. Əyan-əşrafa, nüfuzlu insanlara, qəbilə sahiblərinə və bu kimi şəxslərə rədd cavabı verdi. Yəni özünün ictimai mövqeyini müəyyən etdi. Bəlli oldu ki, bu şəxs pula, qəbilə heysiyyətinə, hansısa qəbilə rəisinin şərafətinə, qohum-əqrəbaya, üzlü və bu kimi adamlara bağlı deyil və olmayacaq. İlk saatdan və andan ictimai münasibətlərdə hansı qrupun və hansı cəmiyyətin tərəfdarı olduğunu və varlığının daha çox kimlər üçün faydalı olacağını müəyyən etdi. Peyğəmbərdən (s) və onun təlimlərindən hamı faydalanır, amma daha məhrum olan təbii ki, daha artıq haqq götürür və məhrumluğunun əvəzi verilir.

Əbu Əyyub Ənsarinin evinin qarşısında istifadəsiz torpaq vardı. Buyurdu ki, bu torpaq kimindir? Dedilər ki, iki yetim uşağa məxsusdur. Öz kisəsindən pul verib o yeri aldı. Sonra buyurdu ki, bu yerdə məscid tikəcəyik; yəni bir siyasi, ibadi, ictimai və hökumət mərkəzi və xalqın toplantı yeri. Mərkəz üçün bir yer lazım idi. Odur ki, məscid tikməyə başladılar. Məscidin torpağını kimdənsə istəmədi, bağışlanmasını da istəmədi, öz pulu ilə aldı. O iki uşağın atası və müdafiəçisi yox idisə, Peyğəmbər (s) onların atası və müdafiəçisi kimi haqlarına kamil şəkildə riayət etdi. Məscidi tikməyə başlayanda Peyğəmbərin (s) özü əlinə bel götürüb məscidin bünövrəsini qazmağa başalayn ilk şəxslərdən, yaxud ilk şəxs oldu. Bir formal iş kimi yox, həqiqətən işə başladı və tər tökdü. Elə işlədi ki, kənarda oturan bəzi şəxslər dedilər biz oturaq və Peyğəmbər (s) bu şəkildə işləsin?! Qalxın biz də işləyək. Odur ki, gəlib qısa müddətdə məscidi tikdilər. Uca və iqtidarlı rəhbər olan Peyğəmbər (s) göstərdi ki, özü üçün heç bir xüsusi haqq tanımır, əgər bir iş görülməlidirsə, həmin işdə onun da rolu olmalıdır.[65]


Birinci tədbir: yəhudilərə nəzarət

Mədinədə üç mühüm yəhudi qəbiləsi yaşayırdı; yəni özlərinin təxminən Mədinəyə yapışmış xüsusi qalalarında: Bəni-Qeyn-Qa qəbiləsi, Bəni-Nəzir qəbiləsi və Bəni-Qüreyzə qəbiləsi. Əziz Peyğəmbərin (s) Mədinəyə daxil olduğu dövrdə bu yəhudilərin iki-üç xüsusiyyəti vardı. Biri bu idi ki, Mədinənin əsas sərvəti, ən yaxşı əkinçilik sahələri, ən çox qazanclı ticarətlər və ən faydalı sənaye - qızılçılıq və digər bu kimi sənətlər bunların əlində idi. Mədinə əhalisinin çoxu ehtiyaclı olduqda bunlara müraciət edib borc pul alır və sələm ödəyirdilər. Yəni maliyyə baxımından hamısı bunların əlində idi. İkincisi budur ki, Mədinə əhalisinə mədəni üstünlükləri vardı. Onlar kitab əhli, müxtəlif bilgilərlə və dini təlimlərlə tanış idilər. Odur ki, düşüncə baxımından hakim idilər. Əgər bugünkü dillə söhbət etmək istəsək, deməliyik ki, bunlar Mədinədə bir ziyalı təbəqə sayılırdılar. Buna görə oranın əhalisini axmaq sayır, təhqir və masqara edirdilər. Üçüncü xüsusiyyət bu idi ki, uzaq yerlərlə də əlaqələri vardı. Yəni məhdud Mədinə mühitində qalmamışdılar. Bunlar Mədinədə real qüvvə idilər. Buna görə də Peyğəmbər (s) bunlar barədə düşünməli idi. Əziz Peyğəmbər (s) ümumi bir müqavilə bağladı. Bu müqavilə hamı tərəfindən qəbul olundu. Müqavilə ictimai əlaqələr, ticarət, münaqişələr, diyə, Peyğəmbərin (s) müxaliflərlə, yəhudilərlə və qeyri-müsəlmanlarla münasibətləri barədə idi. Bunların hamısı yazıldı və qeyd olundu.[66]


İkinci tədbir: qardaşlıq yaratmaq

Dəbdəbə düşkünlüyü, xurafatçı təəssübkeşliklər, qəbilə qüruru və xalqın müxtəlif təbəqələrinin bir-birindən ayrılığı ozamankı təəssübkeş və cahil ərəb cəmiyyətlərinin ən böyük bəlası idi. Peyğəmbər (s) qardaşlıq yaratmaqla bunları öz ayaqları altında əzdi. Bir qəbilə başçısı ilə çox aşağı və orta səviyyəli bir adam arasında qardaşlıq yaratdı. Dedi ki, siz iki nəfər bir-birinizlə qardaşsınız. Onlar da könüldən bu qardaşlığı qəbul etdilər. Zadəganları və böyükləri müsəlman olmuş və azadlığa çıxmış qulların yanında qoydu. Bu işlə ictimai birliyin bütün maneələrini ortadan götürdü. Məscidə azançı seçmək istəyəndə səsi və görkəmi gözəl olanlar çox idilər. Çoxlu məşhur adamlar və görkəmli şəxsiyyətlər vardı. Amma bütün bunların arasında Bilal Həbəşini seçdi; nə gözəllik, nə səs, nə ailə və nə ata-ana şərəfi nəzərə alındı. Yalnız İslam, iman, Allah yolunda mücahidlik və bu yolda fədakarlıq göstərmək meyar götürüldü. Görün dəyərləri əməldə necə müəyyən etdi! Onun sözündən çox əməli, rəftarı və davranışı ürəklərə təsir etdi.[67]


Beş əsas düşmən

Peyğəmbər (s) baxıb görür ki, yeni doğulmuş İslam cəmiyyətini beş əsas düşmən təhdid edir:

Birinci düşmən: Mədinənin ətrafındakı qəbilələr

Bir düşmən kiçik və az əhəmiyyətlidir, amma eyni zamanda ona diqqətsiz yanaşmaq olmaz; bəzən böyük bir təhlükə yaratması mümkündür. O hansıdır? Mədinə ətrafında olan yarımvəhşi qəbilələr. Mədinədən on fərsəx, on beş fərsəx, iyirmi fərsəx uzaqda bütün həyatları müharibədən, qan tökməkdən, qarətçilikdən, bir-birinin canına düşməkdən və bir-birindən oğurlamaqdan ibarət olan yarımvəhşi qəbilələr mövcuddur. Əgər Peyğəmbər (s) Mədinədə sağlam, əmin-amanlı və təhlükəsiz bir ictimai quruluş yaratmaq istəyirsə, bunları nəzərə almalıdır. Peyğəmbər (s) bunlar haqqında düşündü. Onların hansısa birində hidayət əlaməti olsaydı, onlarla müqavilə bağlayırdı. Əvvəldə də demədi ki, mütləq gəlin müsəlman olun. Xeyr, kafir və müşrik idilər, amma bunlarla müqavilə bağladı ki, hücum etməsinlər. Peyğəmbər (s) çox israrla öz əhd-peymanına sadiq qalırdı. Etimad ediləsi olmayan quldurlara isə Peyğəmbər (s) əlac etdi və özü onlara sarı getdi. Eşitmisiniz ki, Peyğəmbər (s) əlli nəfəri bir qəbiləyə sarı yolladı, iyirmi nəfəri bir qəbiləyə sarı; bunlar həmin qəbilələrdir. Xislət və təbiətləri aramlıq, hidayət və yaxşılıq qəbul etməyən şəxslər qan tökmədən və zorakılıq etmədən yaşaya bilmirlər. Buna görə Peyğəmbər (s) onlara sarı getdi. Onları məğlub etdi və və öz yerlərində oturtdu.

İkinci düşmən: Məkkə əhalisi

İkinci düşmən bir mərkəz olan Məkkədir. Düzdür, Məkkədə tam mənada bir hökumət mövcud deyildi, amma bir qrup təkəbbürlü, güclü və nüfuzlu zadəgan birlikdə Məkkənin hakimi idilər. Bunların bir-biri ilə ixtilafları vardı, lakin bu yeni doğulmuş uşaq (İslam) qarşısında əlbir olmuşdular. Peyğəmbər (s) bilirdi ki, əsas təhlükə onların tərəfindəndir. Bu, təcrübədə də göründü... Hüdeybiyyə hadisəsi çox mənalı hadisələrdən biridir. Peyğəmbər (s) ümrə ziyarəti məqsədi ilə Məkkəyə sarı hərəkət etdi. Onlar gördülər ki, Peyğəmbər (s) haram (hörmətli) ayda - bu ayda müharibə olmurdu və onlar da haram aya hörmət göstərirdilər - Məkkəyə sarı gəlməkdədir. Nə etsinlər? Yolu açsınlar və gəlsin? Bu uğurla nə edəcəklər və onun qarşısında necə dayanacaqlar? Yoxsa haram ayda gedib onunla vuruşsunlarmı? Necə vuruşsunlar?! Nəhayət qərara gəldilər ki, gedəcəyik və onu Məkkəyə gəlməyə qoymayacağıq. Əgər bəhanə tapsaq, hamısını qıracağıq. Peyğəmbər (s) çox yüksək tədbirlə elə etdi ki, onlar oturub Peyğəmbərlə (s) onun qayıtmasına, lakin növbəti ildə gəlib ümrə ziyarətini yerinə yetirməsinə dair müqavilə imzaladılar. Bununla bütün bölgədə Peyğəmbərin (s) təbliğatı üçün şərait yarandı. Adı sülhdür, amma Allah-Taala Quranda buyurur: "Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik". Biz sənin üçün aşkar zəfər yaratdıq. Əgər insan tarixin düzgün və mötəbər qaynaqlarına müraciət etsə, Hüdeybiyyə hadisəsinin nə qədər möhtəşəm olduğunu görər. Növbəti ildə Peyğəmbər (s) ümrə ziyarətinə getdi və onların iradəsinin əksinə olaraq, o həzrətin əzəməti günbəgün artdı. Sonrakı il, yəni kafirlərin müqaviləni pozduğu səkkizinci ildə Peyğəmbər (s) gedib Məkkəni fəth etdi. Bu, Peyğəmbərin (s) iqtidarından xəbər verən möhtəşəm zəfər idi. Buna əsasən, Peyğəmbər (s) bu düşmənlə də siyasətlə, qüdrətlə, səbir və hövsələ ilə, özünü itirmədən və bir addım da geri çəkilmədən rəftar etdi; günbəgün və anbaan irəlilədi.

Üçüncü düşmən: Yəhudilər

Üçüncü düşmən yəhudilər idi; yəni hələlik Peyğəmbərlə (s) birgə Mədinədə yaşamağa razı olan, lakin əziyyət verməkdən, maneə törətməkdən və təxribatdan əl çəkməyən etimadsız əcnəbilər. Əgər baxsanız, Bəqərə surəsinin və Quranın digər bəzi surələrinin mühüm hissəsi Peyğəmbərin (s) yəhudilərlə mədəni mübarizəsinə aiddir. Dedik ki, bunlar mədəni idilər, məlumatları vardı, imanı zəif olan insanların beyinlərinə çox təsir göstərirdilər, təxribat aparırdılar, xalqı ümidsiz edir və bir-birinin canına salırdılar. Bunlar təşkilatlı düşmən idilər. Peyğəmbər (s) bacardığı qədər bunlarla keçindi. Lakin sonradan keçinməyə layiq olmadıqlarını gördükdə onları cəzalandırdı. Peyğəmbər (s) bunların üstünə həm də əbəs yerə və səbəbsiz getmədi. Bu üç qəbilənin hər biri bir iş törətdi və Peyğəmbər (s) onları həmin işə uyğun şəkildə cəzalandırdı. Əvvəlcə Bəni Qeyn-Qa Peyğəmbərə (s) xəyanət etdi. Peyğəmbər (s) onlara sarı getdi və buyurdu ki, buradan getməlisiniz. Bunları köçdürdü, o bölgədən çıxartdı və bütün şəraitləri müsəlmanlara qaldı. İkinci dəstə Bəni-Nəzir idi. Onlar da xəyanət etdilər - bunların xəyanət dastanı mühümdür - buna görə Peyğəmbər (s) buyurdu ki, əşyalarınızdan bir qədərini götürün və gedin. Onlar da məcbur oldular və getdilər. Üçüncü dəstə Bəni-Qüreyzə idi. Peyğəmbər (s) onlara qalmaq icazəsi verdi. Onları qovmadı. Onlarla müqavilə bağladı ki, Xəndək döyüşündə düşmənin məhəllələr tərəfindən Mədinəyə daxil olmasına imkan verməsinlər. Lakin bunlar namərdlik edib düşmənlə müqavilə bağladılar ki, onların yanında Peyğəmbərə (s) hücum etsinlər. Yəni nəinki Peyğəmbərlə (s) müqavilələrinə sadiq qalmadılar, hətta gedib düşmənlə müzakirə apardılar və onlarla birgə müştərək şəkildə məhəllələr tərəfindən Mədinəyə daxil olub Peyğəmbərə (s) arxadan xəncər vurmaq qərarına gəldilər. Peyğəmbər (s) Mədinənin bir hissəsində Xəndək qazmışdı. Bunların məhəllələri isə digər tərəfdə idi və onlar düşmənin həmin yerdən gəlməsinə mane olmalı idilər. Peyğəmbər (s) bunların təxribatı əsnasında məsələni anladı. Mədinənin mühasirəsi bir ay sürdü. Bunlar bu bir ayın ortasında bu xəyanəti etdilər. Peyğəmbər (s) bunların belə bir qərara gəldiklərindən xəbərdar oldu. O çox ağıllı bir tədbirlə elə bir iş gördü ki, bunlarla Qüreyşin arası dəydi. Bunun təfərrüatını tarixdə yazmışlar. Elə etdi ki, bunların və Qüreyşin bir-birinə etimadı sarsıldı. Peyğəmbərin (s) çox gözəl hərbi-siyasi hiylələrindən biri buradadır. Yəni bunları hələlik dayandırdı ki, zərbə vura bilməsinlər. Sonra Qüreyş və onun müttəfiqləri məğlub olub Xəndəkdən ayrılanda və Məkkəyə sarı gedəndə Peyğəmbər (s) Mədinəyə qayıtdı. Qayıtdığı gün zöhr namazını qıldı və buyurdu ki, əsr namazını Bəni-Qüreyzə qalalarının önündə qılacağıq; yola düşün, oraya gedirik. Yəni hətta bir gecə də gözləmədi. Gedib onları mühasirəyə aldı. İyirmi beş gün bunların arasında müharibə və döyüş oldu. Sonra Peyğəmbər (s) bunların bütün döyüşçü kişilərini qətlə yetirdi. Çünki bunların xəyanəti daha böyük və düzələsi deyildi. Peyğəmbər (s) bunlarla belə rəftar etdi. Yəni yəhudilərin düşmənliyini - əsasən Bəni-Qüreyzə məsələsində, ondan öncə Bəni-Nəzir və sonra Xeybər yəhudiləri məsələsində belə siyasətlə, qüdrətlə, müntəzəmliklə və uca insani əxlaqla müsəlmanların üzərindən uzaqlaşdırdı. Bu hadisələrin heç birində Peyğəmbər (s) əhdini pozmadı. Hətta İslam düşmənləri də bunu qəbul edirlər ki, Peyğəmbər (s) bu məsələlərdə heç bir müqaviləni pozmadı. Müqaviləni pozan onlar idilər.

Dördüncü düşmən: Münafiqlər

Dördüncü düşmən münafiqlər idilər. Münafiqlər xalqın içində idilər. Onlar dildə iman gətirmiş, lakin əslində imanı olmayan rəzil, ədavətli, dar düşüncəli, düşmənlə əməkdaşlığa hazır olan, lakin təşkilatlanmamış insanlar idilər. Bunların yəhudilərlə fərqi bu idi. Peyğəmbər (s) zərbə vurmaq üçün hücum etməyə hazır olan və fürsət gözləyən təşkilatlı düşmənə qarşı, misal üçün, yəhudilərlə olduğu kimi rəftar edir və onlara aman vermir. Lakin təşkilatlanmayan, fərdi inadları, ədavətləri və xəbislikləri olan imansız düşmənə dözür. Abdullah ibn Übəyy Peyğəmbərin (s) ən qatı düşmənlərindən biri idi. Bu şəxs təxminən Peyğəmbərin (s) həyatının son ilinə qədər sağ idi. Peyğəmbər (s) ona qarşı pis rəftar etmədi. Onun münafiq olduğunu hamı bilsə də, Peyğəmbər (s) onunla keçinirdi, digər müsəlmanlar kimi rəftar edirdi, beytülmaldan payını verirdi, təhlükəsizliyini təmin edirdi, hörmətinə riayət edirdi. Lakin onlar bütün bu pislikləri və xəbislikləri edirdilər. Yenə də Bəqərə surəsində bir hissə bu münafiqlərə aiddir. Bu münafiqlərin bir qrupu təşkilatlanmış işlər gördükdə Peyğəmbər (s) onlara sarı getdi. Zirar məscidi hadisəsində bunlar gedib bir mərkəz düzəltdilər, İslam quruluşundan xariclə - yəni Roma məntəqəsində olan Əbu Amir Rahib kimi bir şəxslə əlaqə qurdular, Romadan Peyğəmbərin (s) əleyhinə qoşun yeritmək üçün işlər gördülər. Burada Peyğəmbər (s) onlara sarı getdi, düzəltdikləri məscidi dağıtdı və yandırdı. Buyurdu ki, bu, məscid deyil, bura məscid əleyhinə, Allahın adı əleyhinə və xalq əleyhinə təxribat yeridir. Yaxud həmin münafiqlərin bir qrupu öz küfrlərini aşkar edib Mədinədən getdiyi və bir yerdə qoşun hazırladığında Peyğəmbər (s) bunlara qarşı mübarizə apardı. Buyurdu ki, əgər yaxınlaşsalar, gedib onlarla vuruşacağıq. Halbuki Mədinənin daxilində münafiqlər vardı, amma Peyğəmbərin (s) onlarla işi yox idi. Buna əsasən, üçüncü dəstəyə qarşı qətiyyətli təşkilati rəftarı, lakin dördüncü dəstəyə qarşı mülayim rəftarı vardı; çünki bunlar təşkilatlanmamışdılar, təhlükələri fərdi təhlükə idi. Peyğəmbər (s) öz rəftarı ilə çox zaman bunları utandırırdı da.

Beşinci düşmən: Nəfs

Beşinci düşmənə gəlincə isə, bu düşmən müsəlman və mömin şəxslərin hər birinin daxilində olan düşməndən ibarət idi. Ən təhlükəli düşmən də budur. Bu düşmən bizim daxilimizdədir: nəfsi təmayüllər, xudpəsəndliklər, yayınmaya təmayül, şəraitini insanın özünün hazırladığı azğınlığa təmayül. Peyğəmbər (s) bu düşmənə qarşı da güclü mübarizə apardı. Lakin bu düşmənlə mübarizə xəncər mübarizəsi deyil, tərbiyə, mənəvi paklandırma, təlim və xatırlatmadır. Odur ki, insanlar o qədər zəhmətlə müharibədən qayıtdıqda Peyğəmbər (s) buyurdu ki, siz kiçik cihaddan qayıtdınız, indi böyük cihadla məşğul olun. Qəribədir! Ey Allahın rəsulu! Böyük cihad nədir? Biz bu böyüklükdə və bu qədər zəhmətli cihadı yerinə yetirdik, məgər bundan da böyük cihad varmı? Buyurdu ki, bəli, öz nəfsinizlə cihad. Əgər Quran "Qəlblərində (ruhlarında) xəstəlik olanlar"[68] - deyə buyurursa, bunlar münafiqlər deyillər. Düzdür, münafiqlərin bir qismi də bunlardandırlar. Lakin qəlbində xəstəlik olan hər bir adam münafiq deyil. Bəzən mömindir, lakin ruhunda xəstəlik var. Bu xəstəlik nə deməkdir? Yəni əxlaq və şəxsiyyət zəiflikləri. Nəfsə pərəstiş və müxtəlif xudpəsəndliklərə təmayül. Əgər bunun qarşısını almasan və özün onlarla mübarizə aparmasan, imanı səndən alacaq və səni daxildən yeyəcək. Səndən imanı aldıqda qəlbin imansız, zahirin isə imanlı olacaq. O zaman belə bir şəxsin adı münafiqdir. Əgər Allah eləməmiş, mənim və sizin qəlbimiz imansız, lakin zahirimiz imanlı olsa, etiqad və iman bağlılıqlarını əldən verdiksə, lakin bizim dilimiz əvvəlcə söylədiyi iman sözlərini söyləyirsə, bu, münafiqlik olur. Bu da təhlükəlidir. İslam cəmiyyəti üçün böyük təhlükə budur. Siz tarixdə harada İslam cəmiyyətinin yayındığını görürsünüzsə, buradan yayınmışdır. Bu daxili düşmənin qoşununun insana hücum etdiyi və insanın daxilini boşaltdığı yerdə yol yayınacaq. Harada yayınma varsa, mənşəyi budur. Peyğəmbər (s) bu düşmənlə də mübarizə apardı.[69]


Hakimlik xüsusiyyətləri

Peyğəmbər (s) öz rəftarında ağıllı və sürətli idi. Heç bir hadisədə vaxtın ötməsinə qoymadı. Qənaəti və şəxsi paklığı vardı. Mübarək vücudunda heç bir mənfi cəhəti yox idi. Məsum və pak idi. Bunun özü təsir etməkdə ən mühüm amildir. Biz gərək öyrənək. Bu sözlərin çoxunu mənə deməlidirlər; mən öyrənməliyəm, məmurlar öyrənməlidirlər. Əməllə təsir göstərmək dillə təsir göstərməkdən dəfələrlə əhatəli və dərindir. Onun qətiyyəti və səlisliyi vardı. Peyğəmbər (s) heç zaman ikibaşlı danışmadı. Əlbəttə, düşmənlə qarşılaşdıqda dəqiq siyasi iş görürdü və düşməni səhvə salırdı. Çoxlu yerlərdə Peyğəmbər (s) düşməni mat qoymuşdur; istər hərbi baxımdan, istər siyasi baxımdan. Lakin möminlərlə və öz xalqı ilə həmişə açıq, şəffaf və aydın danışardı, siyasətbazlıq etməzdi. Lazım olan yerlərdə yumşaqlıq göstərirdi. Misal üçün, geniş macəraları olan Abdullah ibn Übəyy məsələsində. O heç zaman özünün xalqla və digərləri ilə, hətta düşmənlərlə və Məkkə müşrikləri ilə bağladığı əhd və peymanını sındırmadı. Peyğəmbər (s) onlarla bağladığı müqavilələri pozmadı. Onlar pozdular və Peyğəmbər (s) qətiyyətli cavab verdi. Heç zaman bir kəslə olan əhdini pozmadı. Buna görə, hamı bilirdi ki, bu şəxslə müqavilə bağladıqda onun müqaviləsinə güvənmək olar. Digər tərəfdən, Peyğəmbər (s) öz ibadətini əldən vermədi, Allahla rabitəsini günbəgün gücləndirdi. Döyüş meydanında öz qüvvələrini sahmana salıb həvəsləndirəndə, özü əlinə silah götürüb qətiyyətlə komandanlıq edəndə, yaxud onlara nə etməli olduqlarını başa salanda dizi üstə oturub əllərini Allah-Taalaya sarı ucaldır və xalqın qarşısında göz yaşı töküb Allahla danışmağa başlayırdı: "İlahi! Sən bizə kömək et. İlahi! Sən bizə dayaq ol. İlahi! Sən özün düşmənlərini dəf et!".

Nə onun duası qüvvəsini işlətməməyə səbəb olurdu, nə də qüvvəsini işlətməyi təvəssülü, duanı və Allahla rabitəni unutmağa; hər ikisinə diqqət yetirirdi. O heç zaman inadkar düşmən qarşısında tərəddüdə və qorxuya düşmədi. Şücaət simvolu olan Əmirəlmöminin (ə) deyir ki, müharibələrdə nə zaman vəziyyət ağırlaşsaydı, Peyğəmbərə (s) pənah aparırdıq. Nə vaxt kimsə çətin yerlərdə zəiflik duysaydı, Peyğəmbərə (s) sığınardı.[70]


Quran ayələri



Geri   İrəli
Go to TOP