A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: MƏHƏMMƏD ƏXLAQI (Ayətullah Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Peyğəmbər (s) müxtəlif üsullarla xalqda iş və çalışmaq ruhiyyəsini canlandırırdı. Bəzən işsiz bir gənc gördükdə buyururdu ki, Allah bikar gənci sevmir,[31] Allah öz ömrünü tələf edən və işsizliklə keçirən gənci sevmir.

Rəvayətdə göstərilir ki, əziz Peyğəmbər (s) bir gənci görüb onun cüssəsindən, sağlamlığından və gəncliyindən xoşu gəldikdə ona iki sual verirdi. Soruşurdu ki, evlənmisənmi, işin-peşən varmı. Əgər həmin gənc "evlənməmişəm və işim yoxdur" - deyə cavab versəydi, Peyğəmbər (s) buyururdu ki, bu gənc gözümdən düşdü. O belə üsul və rəftarlarla xalqın diqqətini iş və çalışmağın əhəmiyyətinə yönəldirdi.[32]


 

 

“Sizin hamınız ondan yaxşısınız”

Bir neçə nəfər əziz Peyğəmbərin (s) yanına gəlib bir şəxsi təriflədilər. Dedilər ki, ey Allahın rəsulu, biz bu kişi ilə səfərə çıxmışdıq. O çox yaxşı, pak və allahçı bir kişidir; həmişə ibadət edirdi, harada dayanırdıqsa, dayandığımız andan hərəkət etdiyimiz vaxta qədər namazla, zikrlə, Quranla və belə işlərlə məşğul olurdu. Bu təriflərdən sonra Peyğəmbər (s) təəccüblə onlardan soruşdu: "Bəs onun işlərini kim görürdü? Miniyindən düşəndən daim namazla və Quranla məşğul olan şəxsin yeməyini kim bişirirdi? Onun əşyalarını kim endirir və (gedəndə) miniyə yükləyirdi? Onun işlərini kim görürdü?" Onlar cavabda dedilər ki, ey Allahın rəsulu, biz tam rəğbətlə onun işlərini görürdük. Peyğəmbər (s) buyurdu: “Sizin hamınız ondan yaxşısınız”.[33] Onun öz işini görməyib sizin üzərinizə qoyması və özünün ibadətlə məşğul olması yaxşı insan olmasına bais olmur. Yaxşı insan sizsiniz ki, işləyirsiniz, çalışırsınız və hətta başqasının işini də görürsünüz.[34]


Bir an tərəddüd etmədi

Əziz Peyğəmbər (s) öz dövrünün zülmət dünyası qarşısında təşvişə düşmədi. İstər Məkkədə yalqız olduğu, yaxud kiçik bir qrup olan müsəlmanların onu əhatə etdiyi, qarşısında isə təkəbbürlü ərəb başçılarının, Qüreyş dilavərlərinin və hegemonların kobud rəftarla və qüdrətli əllə durduğu gün onlardan, yaxud elmdən heç bir bəhrəsi olmayan avam insanlardan qorxmadı, özünün haqq sözünü dedi, təkrar və izah etdi, aydınlaşdırdı, təhqirlərə dözdü, çətinliklərə və əzablara dözdü və böyük bir qrupu müsəlman etməyi bacardı. İstərsə də İslam hökuməti təşkil edib özü bu hökumətin başçısı mövqeyində qüdrətə sahib olduğunda (heç nədən qorxmadı). O zaman da müxtəlif düşmən və müxaliflər Peyğəmbərin (s) qarşısında dayandılar; istər silahlı ərəblər, istər ozamankı dünyanın böyük padşahları. Peyğəmbər (s) onlara məktublar yazırdı, mübahisələt edirdi, sözlər deyirdi, qoşunlar yeridirdi, çətinliklər çəkirdi, iqtisadi mühasirəyə düşürdü, Mədinə xalqı onların ucbatından bəzən iki-üç gün yeməyə çörək tapmırdı. O zaman hər tərəfdən çoxlu təhdidlər Peyğəmbəri (s) əhatə etmişdi. İnsanların bəzisi nigaran olur, bəzisi zəiflik göstərir, bəzisi deyinir, bəzisi Peyğəmbəri (s) mülayimliyə və barışığa həvəsləndirirdi. Amma Peyğəmbər (s) bu dəvət və cihad səhnəsində bir an da zəiflik göstərmədi, İslam cəmiyyətini qüdrətlə irəliyə aparıb izzət və iqtidarın zirvəsinə çatdırdı. Həmin quruluş və cəmiyyət Peyğəmbərin (s) müharibə və dəvət sahələrində müqaviməti sayəsində sonrakı illərdə dünyanın birinci qüvvəsinə çevrilə bildi.[35]


Hər bir halda xalqla və xalqdan

Heç zaman xalqla olmaq, xalqa sevgi göstərmək və xalqın arasında ədaləti bərqərar etmək xislətini unutmadı. Xalqın özü kimi yaşadı, onlarla oturub-durdu. Qullarla və cəmiyyətin aşağı təbəqləri ilə dostluq edirdi, onlarla yemək yeyirdi, bir yerdə otururdu, onlara məhəbbət göstərirdi. Hakimiyyət onu dəyişdirmədi. Milli sərvət onu dəyişdirmədi. Çətin dövrdə və çətinliyin aradan qalxdığı dörvdə rəftarı fərqlənmədi; hər bir halda xalqla və xalqdan idi, xalqa şəfqət göstərirdi və xalq üçün ədalət istəyirdi.

Xəndək döyüşündə Mədinə müsəlmanları təxminən hər tərəfdən mühasirə olunmuşdular. Mədinəyə yemək gəlmirdi, xalqın ərzağı bitmişdi. Belə ki, bəzən iki-üç gün heç kim yeməyə bir şey tapmırdı. Həmin halda əziz Peyğəmbərin (s) özü düşmən qarşısında Xəndək qazmaqda xalqla birgə çalışırdı və xalq kimi aclıq çəkirdi. Rəvayətdə göstərilir ki, Fatimeyi-Zəhra (ə) bir qədər un tapıb azyaşlı uşaqları olan Həsən və Hüseyn (ə) üçün çörək bişirmişdi. Atasını ac qoymağa ürəyi gəlmədi, uşaqlar üçün bişirdiyi çörəkdən bir parçasını atasına apardı. Peyğəmbər (s) buyurdu ki, qızım, haradan gətirmisən. Dedi ki, uşaqlarınkıdı. Peyğəmbər (s) ağızına bir tikə qoyub yedi. Rəvayətə görə Peyğəmbər (s) buyurdu ki, üç gündür heç nə yemirəm. Xalqın özü kimi və xalqın yanında idi, onlarla mehriban davranırdı; istər bu halda, istər çətinliklərin ortadan götürüldüyü, Məkkənin fəth, düşmənlərin məğlub edildiyi və hamının öz yerində oturduğu zaman.[36]


 

İzzət və iqtidarın zirvəsində

Taif şəhərinin fəthindən sonra Peyğəmbərin (s) əlinə çoxlu qənimət düşdü. O, onları müsəlmanların arasında böldü. Bəzi müsəlmanların imanları möhkəm idi; onlar kənarda idilər. Məkkə və Taifin ətrafındakı qəbilələrdən və yeni müsəlmanlardan olan bir qrup Peyğəmbərin (s) üstünə cumub qənimət istədilər, Peyğəmbərə (s) əziyyət verdilər, onu əhatəyə aldılar. Peyğəmbər (s) verirdi, alırdılar, amma yenə istəyirdilər. İş elə bir həddə çatdı ki, Peyğəmbərin (s) çiynindəki əba da yeni müsəlman olmuş bu səliqəsiz və kobud ərəblərin əlinə düşdü. İzzət və iqtidarın zirvəsi olan bu yerdə də Peyğəmbər (s) xalqla eyni mehribanlıqla, eyni bağışla və eyni gülərüzlülüklə rəftar etdi. Əxlaqlı və şəfqətli şəkildə səsini ucaldıb dedi ki, ey insanlar, əbamı mənə qaytarın.[37] Peyğəmbərin (s) xalqla davranış tərzi belə idi.[38]


Mülayimliklə yanaşı olan idarəçilik və qayda-qanun

Peyğəmbər (s) qullarla oturub-dururdu, onlarla yemək yeyirdi. Bir gün yer üzərində oturub bir dəstə yoxsul adamla yemək yeyirdi. Səhra ərəblərindən olan və oradan keçən bir qadın təəccüblə soruşdu: "Ey Allahın rəsulu! Sən qullar kimi yemək yeyirsən?". Peyğəmbər (s) təbəssüm edib buyurdu: "Vay olsun sənə! Hansı qul məndən daha artıq quldur?!".[39]

Sadə paltar geyinərdi, qarşısında hansı yemək olsaydı və nə hazırlansaydı, yeyərdi, xüsusi yemək istəməzdi. Xoşuna gəlmədiyi üçün heç bir yeməyi qaytarmazdı. Bütün bəşəriyyət tarixində bu xarakterlər bənzərsizdir. Yaxşı rəftarla yanaşı, o, zahiri və mənəvi təmizliyin və paklığın zirvəsində idi. Abdullah ibn Ömər deyir ki, Peyğəmbərdən (s) daha çox bağışlayan, daha çox kömək edən, daha çox şücaətli və daha işıqlı bir kəs görmədim.[40]

Bu, Peyğəmbərin (s) xalqla rəftarı idi; insani rəftar, yaxşı rəftar, xalqın özü kimi təkəbbürsüz davranış. Peyğəmbər (s) ilahi və təbii heybətə malik olsa və insanlar onun yanında özlərini itirsələr də, o, xalqla mehriban davranırdı. Bir dəstə arasında oturduqda bilinmirdi ki, o, Peyğəmbər (s) və bu cəmiyyətin komandanı və böyüyüdür. Onun ictimai və hərbi idarəçiliyi yüksək səviyyədə idi. Bütün işlərə baş çəkirdi. Düzdür, cəmiyyət kiçik cəmiyyət idi, Mədinə və onun ətrafı idi; sonra da Məkkə və bir-iki başqa şəhər. Amma xalqın işinə diqqət yetirirdi, nizam-intizama və qayda-qanuna əməl edirdi. O, bədəvi cəmiyyətdə xalqın arasında idarəçiliyi, qayda-qanunu, həvəsləndirmə və tənbehi yaydı.[41]


Gecə yarısı ağlayırdı

Peyğəmbər (s) elə məqam və əzəmətlə yanaşı öz ibadətini unutmurdu, gecə yarısı ağlayırdı, dua edir və bağışlanmaq istəyirdi. Ümm Sələmə bir gecə gördü ki, Peyğəmbər (s) yoxdur. Gedib gördü ki, dua edir, göz yaşı tökür, bağışlanmaq istəyir və belə deyir: "Ey Allahım, məni bir göz qırpımı qədər də öz nəfsimə tapşırma!"[42] Ümm Sələməni ağlamaq tutdu. Peyğəmbər (s) onun ağladığını görüb dedi ki, burada nə edirsən? Dedi: "Ey Allahın Rəsulu! Allah-Taala səni bu qədər izzətli etmiş və günahlarını bağışlamışdır - "Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq"[43] - nə üçün ağlayır və deyirsən ki, İlahi, bizi özümüzə tapşırma?" Peyğəmbər (s) buyurdu: "Əgər Allahdan qafil olsam, məni nə saxlaya bilər?!"

Bu bizim üçün dərsdir: izzət günündə, zillət günündə, çətinlik günündə, rahatlıq günündə, düşmənin insanı mühasirəyə aldığı gündə, düşmənin bütün əzəmətlə özünü insanın gözünə soxduğu gündə - bütün hallarda Allahı yad etmək, Allahı unutmamaq, Allaha arxalanmaq və Allahdan istəmək! Bu, Peyğəmbərin (s) bizə böyük dərsidir.[44]

Əziz Peyğəmbər (s) döyüş meydanında, o çəkişmə və qarşıdurmada diz çöküb əlini qaldırdı, dua etməyə və Allah-Taala ilə söhbətə başladı. Dedi ki, İlahi, əgər bunlar öldürülsələr, sən daha yer üzündə ibadət olunmayacaqsan. Peyğəmbər (s) orada da dua və yalvarışı unutmadı.[45]


Qəlblərin hakimi

Peyğəmbərlərin hökuməti xalq hökuməti idi, xalq üçün idi və onların maraqlarının xidmətində dururdu. İnsanlar peyğəməbərlərə eşq bəsləyirdilər. Bizim Peyğəmbərimiz (s) hökumət qurduqda da xalq ona eşq bəslədi. Məkkənin fəthindən bir gecə öncə Əbu Süfyan Peyğəmbərin (s) əmisi Abbasın vasitəsi ilə yavaşca və gizli şəkildə müsəlmanların düşərgəsində gəzdiyində və səhər çağı insanların Peyğəmbərin (s) dəstəmaz suyunu bir-birindən tez götürməyə çalışıb başlarına və üzlərinə vurduqlarını gördükdə Abbasa dedi ki, təəccüblüdür, mən Kəsra və Qeysəri - İran padşahını və Roma imperatorunu görmüşəm, amma onların heç birində sənin qardaşın oğlunun əzəmətini müşahidə etməmişəm. Onlar güclə və silahla xalqa hökumət edirdilər, amma bu kişi xalqın qəlbinə hakimdir, xalqın duyğularına malikdir, xalqın imanına malikdir və xalqın eşqi ona yönəlmişdir.[46]


 

 

Baxış lazımdır

Bizim istifadə etməyimiz və işə başlamağımız üçün bir vasitə lazımdır. Haraya doğru hərəkət edəcəyimizi bilmək üçün bir baxış lazımdır: haradan, haraya, hansı tərəfdən, hansı yolla və hansı məqsədlə? Bunların hər ikisi insanların həyatı üçün lazımdır. O dünyadır, bu axirətdir. Əgər bunların hər ikisi bir yerə toplansalar, dünya və axirətin səadəti hasil olar. Yəni insanın həm dünyası, həm də axirəti olar. Nəticədə xoşbəxt bir insan və peyğəmbərlərin istədiyi səadətli bir həyat alınar. Buna görə görürsünüz ki, əziz Peyğəmbər (s) din gətirdi, istiqaməti göstərdi, mənəviyyata arxalandı, lakin davamlı olaraq insanlara maddi vasitələr də verdi. Özü bəzi məsələləri, elmi, yəni həyat elmini, həyatın idarəsinə aid elmi birbaşa xalqa öyrətdi. Bəzən də iş mürəkkəb olurdu və ixtisasa ehtiyac yaranırdı. Onlara əmr edirdi ki, gedib elm öyrənsinlər, gedib məlumat toplasınlar, gedib əşyaya baxsınlar.[47]


 

 

"Hamısı qaldı".

Bir keçini Peyğəmbərin (s) yanına gətirdilər. Başını kəsdi və buyurdu ki, kim ət istəyirsə, gəlsin. Mədinənin yoxsulları Peyğəmbərin (s) evinə sarı yollandılar. Peyğəmbər (s) hər birinə bir tikə verdi. Hamı gedəndən sonra onun yalnız bir qolu qaldı. Peyğəmbərin (s) xanımlarının biri dedi ki, ey Allahın rəsulu, bu böyüklükdə bir keçi getdi, təkcə qolu qaldı? Peyğəmbər (s) buyurdu ki, hamısı qaldı, təkcə bu qolu gedəcək. Yəni yeyəcəyik gedəcək və bitəcək, amma verdiklərimiz qalacaq.[48]


Şəxsi əxlaq

Xülasə olaraq Peyğəmbərin (s) əxlaqı şəxsi əxlaqa və hökumət əxlaqına bölünür; bir insan kimi və bir hakim kimi. Əlbəttə, bunlar o həzrətin vücudunda olanların bir hissəsidir. O həzrət əmanətdar, doğru danışan, dözümlü və səbirli idi, alicənab idi, bütün şəraitlərdə məzlumları müdafiə edirdi, işdə düz idi. Onun xalqla rəftarı sədaqətə, səmimiyyətə və düzgünlüyə əsaslanırdı. Gözəl danışırdı, acıdil və insan zəhərləyən deyildi. İffətli idi; İslamdan öncəki Ərəbistanın əxlaqi cəhətdən fəsad dolu mühitində keçən gənclik dövründə o həzrət iffət və həyası ilə məşhur olmuşdu. Onun iffətini hamı qəbul edirdi; bulaşmamışdı. Zahiri təmizliyə diqqət yetirirdi; təmiz paltar, təmiz üz, baş və təmiz rəftar. Şücaətli idi; düşmənin heç bir böyük cəbhəsi onu qorxutmurdu. Açıq danışan idi, öz sözünü açıq və düzgün şəkildə deyirdi. Məişətdə onun örnəyi zahidlik və təqva idi. Bağışlayan idi; həm mal bağışlayan, həm intiqam bağışlayan. Yəni intiqam almırdı, əfv edirdi və göz yumurdu. Çox ədəbli idi. Heç zaman kiminsə yanında ayağını uzatmadı. Heç zaman kiməsə hörmətsizlik etmədi. Çox həyalı idi. Kimsə onu lazım bildiyi bir işindən ötrü məzəmmət etsəydi - tarixdə bunun nümunələri mövcuddur - xəcalət və həyadan başını aşağı salardı. Çox mehriban, bağışlayan, təvazökar və ibadətçi idi. O həzrətin bütün həyatında - yeniyetməlik dövründən altmış üç yaşında vəfatına qədər bu xüsusiyyətləri onun vücudunda görmək olar.[49]


Məhəmməd Əmin

Onun əmanətdarlığı elə idi ki, cahiliyyət dövründə onu Əmin (əmanətdar) adlandırmışdılar. İnsanlar çox mühüm saydıqları əmanətləri ona tapşırırdılar və bu əmanətləri onlara sağlam qaytaracağına arxayın idilər. Hətta İslamın dəvəti başlandıqdan, Qüreyşlə onun arasında düşmənçilik və ədavət alovlandıqdan sonra da həmin düşmənlər bir yerdə əmanət qoymaq istədikdə Peyğəmbərin (s) yanına gəlib ona verirdilər. Siz eşitmisiniz ki, əziz Peyğəmbər (s) Mədinəyə hicrət edəndə Əmirəlmöminini (ə) Məkkədə qoydu ki, xalqın əmanətlərini qaytarsın. Bəlli olur ki, onda da həzrətin yanında bəzi əmanətlər olmuşdur; özü də müsəlmanların əmanəti yox, kafirlərin və onunla düşmənçilik edən şəxslərin əmanəti.[50]


Bizim dırnaqlarımızı tut!

Onun səbri o qədər idi ki, digərlərinin eşitməklə hövsələdən çıxdığı işlər o həzrətdə hövsələsizlik yaratmırdı. Bəzən Məkkədə o həzrətin düşmənləri ona qarşı elə rəftar edirdilər ki, cənab Əbu Talib bir nümunəsini eşidəndə qəzəblənib xəncərini çəkdi, öz xidmətçisi ilə oraya gedib Peyğəmbərə (s) qarşı edilən hörmətsizliyi bir-bir onlara qarşı etdi və dedi ki, hansınız etiraz etsəniz, boynunuzu vuraram. Amma Peyğəmbər (s) həmin işə səbirlə dözmüşdü. Başqa bir nümunə də Əbu Cəhllə söhbətdir. Əbu Cəhl Peyğəmbəri (s) ağır təhqir etdi. Amma o həzrət sakit durdu və səbir etdi. Bir nəfər gedib Əbu Cəhlin, qardaşı oğlu ilə belə rəftarını Həmzəyə xəbər verdi. Həmzə dözməyib kamanla Əbu Cəhli vurdu və başını qana boyadı. Sonra da bu hadisənin təsiri altında gəlib müsəlman oldu. İslamdan sonra bəzən müsəlmanlar hansısa bir hadisədə unutqanlıq, yaxud cahillik üzündən Peyğəmbərə (s) təhqiramiz bir cümlə deyirdilər. Hətta bir dəfə Peyğəmbərin (s) həyat yoldaşlarından və möminlərin analarından biri olan cənab Zeynəb bint Cəhş Peyğəmbərə (s) dedi ki, sən peyğəmbərsən, amma ədalətli deyilsən. Peyğəmbər (s) gülümsədi və sükut etdi. Onun qadın gözləntisi vardı və Peyğəmbər (s) onu təmin etməmişdi. Bəzi adamlar məscidə gəlib öz ayaqlarını uzadır və Peyğəmbərə (s) deyirdilər ki, bizim dırnaqlarımızı tut; çünki şəriətdə dırnaq tutmağın hökmü gəlmişdi. Peyğəmbər (s) də çox səbirlə bu cəsarət və ədəbsizlik qarşısında dözürdü.[51]


Alicənablıq

Onun alicənablığı elə idi ki, özünün şəxsi düşmənlərini əfv edirdi. Əgər bir yerdə bir məzlum görsəydi, ona kömək etmədən durmazdı. Cahiliyyətdə "Helf əl-Füzul" adlı bir müqavilə vardı. Peyğəmbər (s) ona qoşulmuşdu. Bir gün bir qərib adam Məkkəyə daxil olub malını satdı. Onun müştərisi As ibn Vail idi. Məkkə zadəganlarından olan bu güclü və quldur adam malı aldı, amma pulunu vermədi. O qərib adam kimə müraciət etdisə, kömək ala bilmədi. Odur ki, Əbu Qübeys dağına çıxıb ucadan qışqırdı: "Ey Fəhr övladları! Mənə zülm olunmuşdur!" Peyğəmbər (s) və əmisi Zübeyr ibn Əbdülmüttəlib o fəryadı eşitdilər. Buna görə bir yerə toplaşıb onun hüququnu müdafiə etmək qərarına gəldilər. As ibn Vailin yanına gedib dedilər ki, pulunu ver. O da qorxub pulunu verməyə məcbur oldu. Bu müqavilə bunların arasında qaldı və qərara gəldilər ki, məkkəlilər bu şəhərə daxil olan hansı bir yad adama zülm etsələr - çox zaman yad adamlara və qeyri-məkkəlilərə zülm edirdilər - onu müdafiə etsinlər. İslamdan sonra illər ötmüşdü, Peyğəmbər (s) buyururdu ki, mən hələ də özümü o müqaviləyə sadiq bilirəm. Dəfələrlə özünün məğlub düşmənlərinə qarşı elə rəftar etdi ki, onlar üçün başadüşülən deyildi. Hicrətin səkkizinci ilində Peyğəmbər (s) bəlli əzəmət və möhtəşəmliklə Məkkəni fəth edəndə buyurdu ki, bu gün mərhəmət və bağış günüdür. Odur ki, intiqam almadı. Bu o həzrətin alicənablığı idi.[52]


Ən yaxşı şərik

İşdə düzgün idi. Cahiliyyət dövründə ticarət edirdi, Şama və Yəmənə gedirdi, ticarət karvanlarına qoşulurdu, şərikləri vardı. Onun cahiliyyət dövründəki şəriklərindən biri sonralar deyirdi ki, o ən yaxşı şərik idi; nə inadkarlıq edirdi, nə mücadilə edirdi, nə öz yükünü şərikinin çiyninə qoyurdu, nə müştəri ilə pis rəftar edirdi, nə ona baha satırdı, nə yalan danışırdı; işdə düzgün idi. Onun bu düzgünlüyü cənab Xədicəni ona məftun etdi. Çünki Xədicə də Məkkənin birinci xanımı, əsil-nəsəb və sərvət baxımından görkəmli şəxsiyyət idi.[53]


Hizbullahçı pinti olmalıdır?!

Bəzi adamlar elə bilirlər ki, zahiri bəzənmə hizbullahçılığın ziddinədir və hizbullahçı pinti olmalıdır. Halbuki belə deyil. Əziz Peyğəmbər (s) dünyanın bütün hizbullahçılarından daha hizbullahçı idi. Rəvayətdə göstərilir ki, Peyğəmbərin (s) köhnə və qaranlıq otağında bir təbii ayna və su küpü qoyulmuşdu. O həzrət nə zaman dostlarının və səhabələrinin yanına getmək istəsəydi, aynaya baxır, əmmaməsini düzəldir və saqqalını darayırdı. O, əmmaməsini düzəltmək yerinə poza da bilərdi. Peyğəmbər (s) nə üçün əmmaməsini səliqəyə salırdı? Nə üçün saqqalını səliqəyə salırdı? Nə üçün saç-saqqalı səliqəyə salmaq və daramaq haqqında bu qədər hədis vardır? Səbəb nədir?[54]


Səliqəli və dəbdəbəsiz görkəm

Uşaqlıq dövründən təmizkar idi. Məkkənin və ərəb qəbilələrinin uşaqlarının əksinə olaraq təmizkar və səliqəli idi. Yeniyetməlik dövründə saçını darayırdı, gənclik dövründə saçını və saqqalını darayırdı, İslamdan sonra, gənclik dövrünü keçirdikdən sonra və 50-60 yaşlı bir kişi olduğu dövrdə də təmizliyə tam riayət edirdi. Mərcəyinə çatan əziz saçı təmiz olardı, gözəl saqqalı təmiz və ətirli olardı. Rəvayətdə gördüm ki, öz evində bir su küpü vardı. O zaman güzgü çox yayılmamışdı. O, müsəlmanların, yoldaşlarının və dostlarının yanına getmək istədikdə mütləq əmmaməsini və saqqalını səliqəyə salır, təmizləyir və sonra çıxırdı. Həmişə ətirlə özünü ətirləndirirdi. Zahid yaşayışına rəğmən, səfərlərdə özü ilə daraq və ətir götürürdü, gözlərinə çəkmək üçün sürmə götürürdü. O zaman kişilərin gözlərinə sürmə çəkmələri adət idi. Hər gün bir neçə dəfə dişlərini fırçalayırdı. Digərlərini də bu təmizliyə, dişlərini fırçalamağa, bu səliqəli görkəmə çağırırdı. Bəzi adamların səhvi budur ki, səliqəli görkəmin dəbdəbəçilik və israfla yanaşı olduğunu güman edirlər. Xeyr, yamaqlı və köhnə paltarla da səliqəli və təmiz olmaq olar. Peyğəmbərin (s) paltarı yamaqlı və köhnə idi, amma paltarı, başı və üzü təmiz idi. Bunlar davranışda, rəftarda, xarici görkəmdə və gigiyenada çox təsirlidir. Bunlar zahirən kiçik, əslində isə çox təsirlidir.[55]


Öz səhabələri ilə zarafat edirdi

Xalqla rəftarı mehriban idi. Xalqın arasında həmişə gülərüz idi, yalqız qaldıqda isə qəm-qüssə və kədər zahir olurdu. İnsanların qarşısında özünün qəm-qüssələrini aşkar etmirdi, gülərüzlü idi, hamıya salam verirdi. Əgər kimsə onu incitsəydi, üzündə inciklik görünürdü, amma şikayət etmirdi. Onun yanında kiməsə söyüş verilməsinə və kiminsə haqqında pis danışılmasına imkan vermirdi. Onun özü də heç kimi söymürdü və heç kimin haqqında pis danışmırdı. Uşaqlara məhəbbət göstərirdi. Qadınlarla mehriban davranırdı. Zəiflərlə olduqca gözəl rəftar edirdi. Öz səhabələri ilə zarafat edirdi, onlarla at yarışı keçirirdi. Döşənəcəyi bir həsir idi. Onun balışı xurma lifi ilə doldurulmuş bir dəridən idi. Onun yeməyi çox zaman arpa çörəyi və xurma olurdu. Yazmışlar ki, heç zaman üç gün bir-birinin ardınca, rəngarəng yeməklər bir yana, heç buğda çörəyi ilə də öz qarnını doyurmadı.[56]


Allahın şükür edən bəndəsi olmayımmı?

Yəhərsiz miniyə minirdi. Yəhərli və qiymətli atlara minib öyündükləri gün o həzrət çox yerdə uzunqulağa minir və təvazökarlıq edirdi. Öz əli ilə ayaqqabısına yamaq vururdu. Bu, uyğun məktəbin görkəmli şagirdi olan Əmirəlmömininin (ə) dəfələrlə gördüyü və barəsində deyilən hədislərdə çox eşitdiyiniz məsələdir. Halbuki halal yolla sərvət qazanmağı icazəli bilir və buyururdu ki, sərvət Allah təqvası üçün yaxşı köməkçidir.[57] Deyirdi ki, gedin halal yolla - haram yolla yox, saxtakarlıqla, yalanla və kələklə yox, halal yolla sərvət qazanın. Amma eyni zamanda əgər özünün əlinə hansısa bir yolla bir sərvət çatsaydı, yoxsullara xərcləyərdi. Onun ibadəti elə idi ki, mehrabda durmaqdan ayaqları şişirdi, gecələrin əsas hissəsini oyaq qalıb ibadət etməklə, Allaha yalvarmaqla, ağlamaqla, tövbə və dua ilə keçirirdi. Allah-Taala ilə raz-niyaz və münacat edirdi. Ramazan ayından əlavə şaban və rəcəb aylarında və eşitdiyim qədər ilin digər vaxtlarında da o isti havada günaşırı oruc tuturdu. Səhabələri ona deyirdilər ki, ey Allahın rəsulu, sən axı günah etməmisən, bu qədər dua, ibadət və tövbə nə üçündür? Buyururdu: "Allahın şükür edən bəndəsi olmayımmı?! Halbuki O mənə bu qədər nemət vermişdir". Onun müqaviməti bəşər tarixində bənzəri görünməyən bir müqavimət idi. O qədər möhkəm dayandı ki, əbədi olan bu möhkəm ilahi binanın təməlini qoydu. Məgər müqavimətsiz mümkün idi?! Onun müqaviməti ilə mümkün oldu. Onun müqaviməti ilə elə dostlar yetişdilər. Onun müqaviməti ilə heç bir zehnin güman etmədiyi yerdə - susuz və otsuz Ərəbistan səhralarının ortasında həmişəyaşar bəşəri mədəniyyət çadırı ucaldıldı: "Buna görə də sən dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) möhkəm (müqavimətli) ol!"[58] [59]


Ədalətli, zahid və ağıllı

Peyğəmbərin (s) Mədinəyə giriş tarixini oxuyan adam - o qəbilə müharibələri, o hücumlar, düşməni Məkkədən səhraların ortasına çəkmək, ardıcıl zərbələr və inadkar düşmənlərlə mübarizə - bu tarixdə heyrətləndirici, güclü, hikmətli və hərtərəfli idarəçilik müşahidə edir.



Geri   İrəli
Go to TOP