A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: MƏHƏMMƏD ƏXLAQI (Ayətullah Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


Məhəmməd əxlaqı

Böyük Rəhbər Ayətullah Xamenei

Tərtib edən: Seyid Əli Musəvi

Buyurdu: "Mən yalnız gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm". Bu "yalnız" sözünün mənası odur ki, mənim peyğəmbərliyim ümumiyyətlə, bunun üçündür, məqsəd budur, digərləri müqəddimədir. Yəni cəmiyyətdə, insanların və bu ümmətin arasında gözəl əxlaq kamilləşsin, inkişaf etsin, hamı ondan bəhrələnsin və insan olaq.[1]


Bir neçə saniyə!

Bu gün İslam ümməti və bizim xalqımız özünün əzəmətli Peyğəmbərinə (s) həmişəkindən daha çox ehtiyaclıdır; onun hidayətinə, onun müjdə verməsinə və qorxutmasına, onun sözünə və mənəviyyatına və onun insanlara dərs və təlimlə göstərdiyi mərhəmətə ehtiyaclıdır. Bu gün İslam Peyğəmbərinin (s) öz ümmətinə və bütün bəşəriyyətə dərsi alim və güclü olmaq dərsi, əxlaq və ucalıq dərsi, mərhəmət dərsi, cihad, izzət və müqavimət dərsidir. Bizim xalqımız Peyğəmbərin (s) dərslərini nəzərdən keçirməli və onları özünün həyat dərslərinə və cari proqramlarına çevirməlidir. Bizim xalqımız Peyğəmbər (s) məktəbinin şagirdliyi və Peyğəmbər (s) dərsi ilə fəxr edir... Biz Peyğəmbərin (s) əxlaq dərsini, əzəmətli Peyğəmbərin (s) izzət dərsini, onun bizə öyrətdiyi və bizim həyat dərslərimizdən olan elm öyrənmək dərsini, mərhəmət, ucalıq və birlik dərsini öz həyatımızın proqramlarına salmalıyıq.[2]

Bizim müsəlman cəmiyyətimiz o zaman sözün həqiqi mənasında kamil müsəlman cəmiyyəti olar ki, özünü Peyğəmbərin (s) rəftarı ilə uyğunlaşdırsın. Əgər o həzrətin rəftarına yüz faiz uyğun olmasa da - təbii ki, uyğun deyil - ən azı ona bənzəsin. Əziz Peyğəmbərin (s) həyat axınının əksi bizim həyatımıza hakim olmasın; o xətdə hərəkət edək.[3]


Süqutun zirvəsində

O həzrətin doğumu dünyanın və tarixin elə bir dövründə baş verdi ki, bəşəriyyət iki aşkar xüsusiyyətə malik idi. Bu iki xüsusiyyətin biri o idi ki, elm, ağıl və düşüncə baxımından özündən öncəki dövrlərdə yaşayan insanlara nisbətən çox inkişaf etmişdi. Onların arasında filosoflar yaranmış və alimlər meydana çıxmışdı. Böyük riyaziyyatçılar, həkimlər, mühəndislər və sivilizasiyalar baş qaldırmışdı. Bu sivilizasiyalar təbii ki, elmsiz yarana bilməzdi. Qərbdə akademiyalar, Şərqdə hikmətxanalar, Çin sivilizasiyası, Misir sivilizasiyası və böyük tarixi sivilizasiyalar olmuşdu; yəni bəşər kamilləşmişdi. Bu bir xüsusiyyət.

İkinci xüsusiyyətin birinci xüsusiyyətlə birləşməsi çox qəribə haldır. O da budur ki, o zaman bəşər əxlaq baxımından həmişə olduğunda daha aşağıda idi. Yaxud əgər bu müqayisəni söyləmək istəməsək, deməliyik ki, süqutun zirvəsində idi. Elm və biliyə malik olan həmin insan kəskin şəkildə təəssüblərin, xurafatın, eqoistliklərin, zülmün, xalqa qənim kəsilən antibəşəri hökumətlərin əsiri idi. Dünyada belə bir vəziyyət hakim idi. Əgər insan tarixə nəzər salsa, görəcək ki, o dövrdə bütün bəşəriyyət əsir idi. Əmirəlmömininin (ə) kəlamında deyildiyi kimi, bəşəriyyət fitnənin, çətinliyin, problemlərin və qardaş qırğınının zirvəsində idi.[4] Əmirəlmöminin (ə) həmin xütbədə buyurur: "Xalqın gözünə rahat yuxu getmirdi".[5]


Mərkəz nöqtə

Əziz Peyğəmbərin (s) adı, xatirəsi, sevgisi və hörməti bütün İslam dövrlərində bütün müsəlmanların birliyi üçün əsas mehvər olmuşdur. Dində bütün müsəlmanların və müsəlman firqələrinin bütün cəhətlərdən - həm əqli cəhətlərdən, həm duyğusal cəhətlərdən, həm psixoloji, mənəvi və əxlaqi cəhətlərdən bu şəkildə qəbul etdiyi, razılaşdığı və anlaşdığı başqa heç bir nöqtə yoxdur. Bu, mərkəz və mehvər nöqtədir.

Quran, Kəbə, vacib əməllər və etiqadlar müştərəkdir, amma bunların hər biri insan şəxsiyyətinin etiqad, məhəbbət, psixoloji təmayül, təqlid haləti və əməli oxşarlıq kimi bir cəhətini özünə cəlb edir. Bu deyilənlərin əksəriyyətinə müsəlmanların arasında müxtəlif izah və baxışlarla diqqət yetirilir. Lakin bütün müsəlmanların düşüncə, etiqad, hamısından mühüm, emosiya və hissiyyat baxımından birləşdiyi və anlaşdığı nöqtə sonuncu peyğəmbər və əziz elçi olan həzrət Məhəmməd ibn Abdullahın (s) müqəddəs varlığıdır. Bu nöqtəni uca tutmaq lazımdır. Bu sevgini günbəgün artırmaq, müsəlmanların və bütün xalqın zehnində o müqəddəs varlığa mənəvi və psixoloji təmayülü gücləndirmək lazımdır.[6]


Yaxşı əxlaq nədir?

Bizim cəmiyyətimiz - fərdlər və toplumlar özlərini Peyğəmbərin (s) istədiyinə və çalışıb səy göstərdiyinə günbəgün yaxınlaşdırmalıdırlar. İslam Peyğəmbərinin (s) uca məqsədlərini bir cümləyə sığışdırmaq olmaz. Lakin onun bəzi başlıqlarını bir il, bir onillik və bir ömür boyunca nümunə götürmək olar.

Bir başlıq gözəl əxlaqı təkmilləşdirməkdən ibarətdir: "Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm".[7] İnsanların yaxşı əxlaq və xarakterlərdən bəhrələnmədiyi cəmiyyət peyğəmbərliyin uca məqsədlərinə nail ola bilməz. Fərdi və cəmiyyəti uca insani məqamlara catdıran amil gözəl əxlaqdır. Gözəl əxlaq da yalnız xalqla yaxşı rəftar demək deyil, insanın öz qəlbində və ruhunda yaxşı xüsusiyyətləri və dəyərli xarakterləri yetişdirmək, onu öz əməlində əks etdirmək deməkdir. Öz aralarında paxıllığa düçar olan, bir-birinə qarşı bədxahlıq edən, hiyləgərlik edən, dünyagirliyə və dünya malına qarşı xəsisliyə düçar olan, bir-birinə kin bəsləyən bir cəmiyyətdə - hətta əgər qanuna dəqiq şəkildə əməl olunsa belə - səadət ola bilməz. Əgər elm inkişaf etsə və zahiri sivilizasiya əzəmətin sonuna çatsa da, bu cəmiyyət ideal bəşər cəmiyyəti deyil. İnsanların bir-birindən təhlükə hiss etdiyi, hər bir insanın ona paxıllıq edildiyini, bədxahlıq edildiyini, ona qarşı kin bəslənildiyini, təxribat aparıldığını, sərvətlərinə göz dikildiyini hiss etdiyi bir cəmiyyətdə rahatlıq ola bilməz. Amma əgər bir cəmiyyətdə xalqın qəlbinə və ruhuna əxlaqi dəyərlər hakim olsa, insanlar bir-birinə qarşı mehriban olsalar, bir-birinə bağışları, əfvləri və güzəştə getmələri olsa, dünya malına həris olmasalar, malik olduqlarına qarşı xəsislik göstərməsələr, bir-birinə paxıllıq etməsələr, bir-birinin inkişafı qarşısında maneə törətməsələr, xalqı dözümlü, hövsələli və səbirli osla, bu cəmiyyət hətta maddi baxımdan çox mütərəqqi olmasa da, insanlar orada aramlıq, dinclik və səadət hiss edərlər. Əxlaq budur. Bizim buna ehiyacımız var. Biz öz qəlbimizdə İslam əxlaqını günbəgün yetişdirməliyik. İslamın fərdi və ictimai qanunları öz yerində bəşərin səadəti üçün vasitələrdir. Buna şübhə yoxdur. Amma həmin qanunların düzgün icrası üçün də yaxşı əxlaqa ehtiyac var.[8]


O mahir həkimin günahı nədir?

Peyğəmbərliyin məqsədi insanın qurtuluşudur. Bunun mənası odur ki, Peyğəmbərin və İslamın xalqa verdiyi (təlim) bütün zamanlar üçün şəfaverici bir reseptdir; insanların cəhaləti qarşısında, zülmün və ayrıseçkiliyin bərqərar olunması qarşısında, güclülərin vasitəsi ilə zəiflərin hüququnun tapdanması qarşısında və xilqətin əvvəlindən bəşərin ah-nalə etdiyi bütün dərdlər qarşısında bir reseptdir. Bütün reseptlər kimi buna əməl olunsa, nəticə əldə olunacaq; əgər tərk olunsa, yaxud pis anlaşılsa, yaxud ona əməl etməyin cürəti və cəsarəti olmasa, yox kimi olacaq. Ən yaxşı həkim sizə ən düzgün resepti versə, amma siz onu oxuya bilməsəniz, yaxud pis oxusanız, yaxud əməl etməsəniz və nəticədə tərk olunsa, xəstənin vəziyyətinə təsir edə bilərmi? Və bu zaman o mahir həkimin günahı nədir?[9]


İlk gündən fəaliyyət

"Onlara kitabı və hikməti öyrətsin";[10] bunun üçün kitab və hikmət elminin əziz Peyğəmbərin (s) müqəddəs vücudunda yüksək həddə mövcud olması lazımdır. "Onları paklasın"; bunun üçün o pak vücudun bəşər təbiəti üçün ən yüksək imkan həddində paklanmış olması lazımdır. O, bu qüvvə ilə bir dünyanı paklığa sarı apara bilər. Bu, müxtəlif ideologiyaların rəhbərlərinin, müxtəlif fəlsəfi, ictimai, siyasi və digər nəzəriyyələrin banilərinin uzaq olduğu məsələdir. Onların beyninə bir şey gəlir, təsəvvür aləmində bəzi məsələləri anlayır və xalqa təhvil verirlər; kimlərsə onlardan öyrənir, yaxud öyrənmir. Bu, peyğəmbərlərin yolundan fərqlidir. Orada əvvəldən hərəkət var, fəaliyyət var. Onların dilində olan şüarlar əvvəldən əməllərində həyata keçir. Bu, əziz Peyğəmbərin (s) həyatında dəqiqliklə baş verdi. İlk andan öyrətmə, paklandırma və ədalətin bərpası yolunda hərəkət başlandı.[11]


Uca insani əxlaq bayrağını ucaltmaq

Məbəs[12] əslində bəşəriyyət üçün yüksək və bənzərsiz xüsusiyyətlərə malik olan peyğəmbərlik və elçilik bayrağının ucaldılması günüdür. Məbəs əslində elm və bilgi bayrağını ucaltdı. Besət (peyğəmbərlik) "Oxu" sözü ilə, "Oxu! Yaradan Rəbinin adı ilə"[13] ayəsi ilə başlandı və "İnsanları hikmətlə və gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et!"[14] ayəsi ilə davam etdi; yəni hikmətlə yanaşı olan dəvət. İslam dəvəti əslində tarix boyu bütün dünyaya hikməti yaymaqdır. Necə ki, peyğəmbərlik ədalət bayraqdarlığı və bu bayrağı ucaltmaqdır. Yəni möminlər, Allah bəndələri və insanlar arasında ədalət bərqərar olunsun. Necə ki, risalət (Allah elçiliyi) uca insani əxlaq bayrağını ucaltmaqdır: "Mən yalnız gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm"[15]

Allah-Taala Peyğəmbərə (s) müraciətlə buyurur: "Biz səni yalnız aləmlərə rəhmət olasan deyə gönərdik".[16] Yəni bəşərin bütün zamanlarda, bütün şəraitlərdə və dünyanın hər bir nöqtəsində ehtiyaclı olduğu məsələlər bu peyğəmbərliyə salınmışdır; yəni elm və bilgi, hikmət və mərhəmət, ədalət, qardaşlıq və bərabərlik; sağlam insan həyatının bağlı olduğu əsas amillər. Hətta İslamda cihad təyin olunsa da və cihad zorakılıq və təcavüzə qarşı mübarizdən ibarət olsa da - əlbəttə, bəziləri bədxah şəkildə cihad hökmünə görə İslamı xəncər dini kimi təqdim ediblər - amma həmin İslam buyurur: "Əgər onlar sülhə meyl etsələr, sən də sülhə meyl elə və Allaha təvəkkül et!"[17] Yəni yenə də şəraitin uyğun olduğu yerdə sülhü müharibəyə tərcih et.[18]


Möhkəm iradə və davamlı cihad

Əzəmətli peyğəmbərlik anından sonra İslamın əziz Peyğəmbərinin (s) mübarək ağzından tövhid fəryadının çıxdığı gün dünya küfr və zülm dünyası, əxlaqdan uzaq, insanın müxtəlif problem və fəsadlara qərq olduğu dünya idi. Bu böyük hərəkət Peyğəmbərin (s) həyatının 13 ilində möcüzəvi şəkildə davam etdi və 13 ildən sonra İslam ümmətinin ilk səmərəli nütfəsi Mədinədə qoyuldu. Bu mərkəzi nüvəni hicrətin dördüncü və beşinci əsrlərində İslam ümmətinin vəziyyətinə çevirə bilən amillər işıqlı imandan, aydın və hərtərəfli təlimlərdən, möhkəm iradədən və davamlı cihaddan ibarət idi. Mədinə şəhərinin bir neçə min nəfərlik kiçik cəmiyyətini hicrətin ilk illərində əzəmətli, iqtidarlı və izzətli bir ümmətə, dördüncü-beşinci əsrlərdə isə dünya üçün elm və hikmətin qaynar bulağına çevirə bilən bunlar idi. Tarix bunu bizə şərh edir. Sonra İslam ümməti özünün çoxlu yıxılıb-durmalarında və o təlimlərdən uzaqlaşdığı hər bir yerdə uğursuzluğa və geriliyə düçar oldu. Harada elmi, əxlaqı, ictimai münasibətləri, mənəvi iqtidarı, izzəti, birliyi və hamısından üstünü, ədaləti görməzdən gəldisə, inkişafı dayandı, gerilədi və elə bir həddə çatdı ki, təcavüzkar, işğalçı və tamahkar qüvvələr bu ümməti parça-parça edə, bir-birinin qarşısında qoyub bir-birinin gücünü zəiflətməyə vadar edə və onlara hakim olub sərvətlərini mənimsəyə bildilər.[19]


Birlik üçün ən yaxşı səbəb

Bu gün İslam dünyasının böyük dərdlərindən biri də təfriqə və ayrılıq dərdidir. İslam dünyasının vəhdət mehvəri hamının etiqad nöqtəsi və bütün insanların duyğularının mərkəzləşdiyi yer olan Peyğəmbərin (s) müqəddəs varlığı ola bilər. Biz müsəlmanlar üçün Peyğəmbərin (s) müqəddəs vücudu kimi işıqlı və kamil bir nöqtə yoxdur. Müsəlmanlar həm ona etiqadlıdırlar, həm də etiqaddan əlavə, emosional və mənəvi bir rabitə müsəlmanların qəlblərini və duyğularını o müqəddəs varlıqda birləşdirmişdir. Bu, birlik üçün ən yaxşı mərkəzdir.

Təsadüfi deyil ki, biz bu son illərdə, Orta əsrlərdə və şərqşünasların qərəzli təhlilləri dövründə olduğu kimi, yenə də əziz Peyğəmbərə (s) qarşı təhqirin başlanmasını müşahidə edirik. Orta əsrlərdə və şərqşünasların tarixi əsərlər yazdıqları dövrdə məsihi keşişlərin öz yazılarında, sözlərində və sənət işlərində, qeyri-müsəlman və qərbli şərqşünasların da (öz əsərlərində) şübhə yaratdıqları və bəzən hörmətsizlik etdikləri nöqtə əziz Peyğəmbərin (s) müqəddəs və mübarək şəxsiyyəti idi. Uzun müddət fasilə düşmüşdü, amma son zamanlar yenə başladılar. Son bir neçə ildə insan dünyanın hər tərəfində əziz Peyğəmbərin (s) şəxsiyyətinə qarşı çirkli və mənfur bir mətbuat hücumunu və mədəni hücumu müşahidə edir. Bu, düşünülmüş şəkildə ola bilər. Çünki müsəlmanların əziz Peyğəmbərin (s) müqəddəs varlığı ətrafında, ona etiqadın, sevginin və eşqin ətrafında toplana bilmələri diqqət çəkmişdi. Odur ki, həmin mərkəzə qarşı şübhə yaradırlar.[20]


İslam üçün ən böyük təbliğ

Əziz Peyğəmbərin (s) şəxsiyyətinin cəhətlərini heç bir insan kamil şəkildə bəyan etməyə və o həzrətin şəxsiyyətindən həqiqətə yaxın təsvir yaratmağa qadir deyil. Aləmlərin Rəbinin seçdiyi insan və tarixin bütün peyğəmbərlərinin sərvəri haqda bizim bildiyimiz o həzrətin mənəvi, daxili və həqiqi varlığının kölgəsi və ümumi təsəvvürüdür. Amma müsəlmanlar üçün əvvəla onların kamala doğru hərəkətini təmin edən və onların gözü qarşısında insaniyyət zirvəsini və bəşər təkamülünün ən uca nöqtəsini göstərmək, ikincisi isə onları İslam birliyinə və o mərkəz ətrafında toplaşmağa həvəsləndirmək üçün bu qədər tanışlıq da kifayətdir.

İslam üçün ən böyük təbliğ bəlkə də İslam Peyğəmbərinin (s) simasını dünyanın görənləri və axtaranları üçün işıqlandırmamızdır. Çox yaxşı olar ki, düşmənlər və müxaliflər özlərinin mürəkkəb mədəni və sənət üsulları ilə dünyanın xəbərsiz insanlarının zehinlərində o həzrətin simasını pis göstərməzdən öncə sənətkar, məlumatlı və dünyadakı müxtəlif üsulları bilən müsəlmanlar o əzəmətli və hörmətli şəxsiyyətə dair sözlə, təbliğatla və izahla elm, mədəniyyət, incəsənət və təbliğat işləri görsünlər. Biz əziz Peyğəmbərin (s) şəxsiyyətini tanıtdırmaq üçün işləməliyik, o həzrətin şəxsiyyətini, təkcə onun həyatını yox, vücudunun müxtəlif cəhətlərini, misal üçün xarakterlərini, hakimiyyət tərzini, xalqla rəftarını, ibadətini, siyasətini, cihadını və xüsusi təlimlərini araşdırmalıyıq. Yalnız kitab da yazmamalıyıq, yeni üsullarla və mövcud texnikalardan istifadə etməklə incəsənət və təbliğat işi başlamalıyıq və bunu təkcə İslam Respublikasında yox, İslam dünyasının hər tərəfində etməliyik.[21]


Cəmiyyətin tərbiyəsində Peyğəmbərin (s) üsulu

Bəzən bir adam əmr, yaxud tövsiyə edir ki, məsələn, xalqın yaxşı əxlaqı, bağışı, dözümü və Allah yolunda möhkəmliyi olsun, ədaləti bərqərar etməyə çalışsın. Burada tövsiyə etmək, əmr etmək və öyrətmək məsələsi var. Sözsüz ki, bu lazımi bir işdir. İslam Peyğəmbəri (s) də öyrədirdi, insanlara mərifət və dəyər dərsi verirdi. Amma bəzən məsələ öyrətməkdən də üstün olur. Yəni müəllim elə bir iş görür və elə rəftar edir ki, bu əxlaq və dini vəzifə cəmiyyətdə sabit rəng formasına düşür; insanların yanlış etiqadları ilə mübarizəyə qalxır, cahil hisslərlə və qeyri-İslam əxlaqının çöküntü və qalıqlarına qarşı mübarizə aparır, cəmiyyətə və xalqa şok verir, münasib dövrlərdə münasib üsullarla elə iş görür ki, cəmiyyətin ab-havası və xalqın yaşayış mühiti bu yaxşı xüsusiyyətlə, əxlaqla və üsulla tamamilə qarışır. Əgər bir cəmiyyət inkişaf etmək və özündə düzgün İslam əxlaqını vücuda gətirmək istəsə, bu üsula ehtiyaclıdır. Bəlkə də "onları paklandırsın" ifadəsinin "onlara öyrətsin" ifadəsindən sonra, yaxud öncə bəyan olunduğu bir neçə Quran ayəsində paklandırmada məqsəd həmin məsələdir; yəni xalqı paklamaq və təmizləmək. Sanki bir həkim öz xəstəsinə təkcə bunu demir ki, bu işi gör və o işi görmə, hətta onu xüsusi yerdə saxlayır, ona lazım olanı verir, yedizdirir, zərərli olandan saxlayır. Əziz Peyğəmbər (s) peyğəmbərliyinin iyirmi üç ilində bu üsulu izlədi; xüsusən Mədinədə yaşadığı İslam hakimiyyəti dövründə və İslam hökümətinin təşkil olunduğu on ildə.[22]


Sevgi, əməkdaşlıq və qardaşlıq mühiti

Əziz Peyğəmbərdən (s) nəql edilən bir rəvayətə əsasən belə buyurmuşdur: "Sizin heç biriniz mənə səhabələrimin heç biri barədə söz çatdırmasın. Mən sizin aranıza sağlam qəlblə çıxmaq istəyirəm".[23] Peyğəmbərin (s) yanına gəlib bir-biri haqqında pis sözlər deyirdilər, bəzən doğru, bəzən də doğru olmayan sözlər danışırdılar. Əziz Peyğəmbər (s) xalqa buyurdu ki, səhabələrim barədə heç kəs mənə bir söz deməsin. Buyurdu ki, daim mənim yanıma gəlib bir-birinizdən pis sözlər danışmayın, mən istəyirəm xalqın arasına çıxdıqda və öz sahəbələrimin yanına getdikdə "sağlam qəlbli" olum. Yəni təmiz, pak və heç bir bədbinlik olmadan müsəlmanların arasına gedim.

Əziz Peyğəmbərin (s) işlərindən biri cəmiyyətdə mehriban, sevgi və məhəbbət dolu bir mühit yaratmaq idi. Yəni bütün insanlar bir-birinə qarşı sevgi göstərsinlər, bir-birinə xoş niyyətlə və nikbinliklə baxsınlar. Bu gün də bizim vəzifəmiz budur. Yəni İslam cəmiyyətində müsəlmanlar bir-birlərinə qarşı laqeydlik halından çıxmalıdırlar. Müsəlmanların bir-birləri ilə işlərinin olmaması, hərəsinin özü üçün ayrı bir dünya yaradıb digər müsəlmanlarla maraqlanmaması İslamda bəyənilməmişdir. Əziz Peyğəmbərin (s) həyatının fəsillərindən biri bu idi ki, bu laqeydlik vəziyyətini sevgi, əməkdaşlıq və qardaşlıq vəziyyətinə, bir-biri ilə əməkdaşlıq edən bir toplum yaratmağa çevirsin. Bu elə bir şeydir ki, bu gün də öz quruluşumuzda ona ehtiyacımız var.[24]


Bizim kimi sürüdən ayrılmış dəvə

Nəql etmişlər ki, sivilizasiyadan, mədəniyyətdən, həyatın adi rəftar və əxlaq qaydalarından bir şey anlamayan bir səhra ərəbi özünün bədəvi kobudluğu ilə Mədinəyə Peyğəmbərin (s) yanına gəldi. O həzrət ya məsciddə, ya da yolda səhabələrinin arasında idi. O, Peyğəmbərdən (s) bir şey istədi, Peyğəmbər (s) də ona kömək etdi, misal üçün pul, yemək və paltar verdi. Bunu ona bağışlayanda dedi ki, indi yaxşı oldu? Mən sənə yaxşılıq etdimmi? Razısanmı? O kişi özünün bədəvi kobudluğuna, belə şəxslərdə olan açıqlıq və nəzakətsizliklə və yəqin ki, bunların onun üçün az olduğuna görə dedi ki, xeyr, heç bir iş görmədin, əsla yaxşılıq etmədin və ümumiyyətlə bu bir şey deyildi.

Təbii ki, Peyğəmbərə (s) qarşı belə kobud rəftar səhabələrə görə çox xoşagəlməz bir şey idi; hamısı əsəbiləşdi. Peyğəmbərin (s) ətrafında olan bir neçə nəfər qəzəblə bu ərəbə bir söz demək və reaksiya vermək istədilər, lakin Peyğəmbər (s) buyurdu ki, xeyr, onunla işiniz olmasın, mən bu məsələni həll edəcəyəm. Oradan getdi və bu səhra ərəbini də özü ilə evə apardı. Bəlli olur ki, Peyğəmbərin (s) buna vermək üçün orada bir şeyi yox idi, yoxsa daha artığını verərdi. Onu evə apardı və ona əlavə şeylər, misal üçün yemək, yaxud paltar, yaxud pul verdi. Sonra dedi ki, indi razı qaldınmı? Dedi: "Bəli". Kişi Peyğəmbərin (s) yaxşılığı və səbri qarşısında xəcalət çəkdi və razılığını bildirdi.

Peyğəmbər (s) ona buyurdu ki, sən bir qədər öncə mənim səhabələrimin qarşısında onların bədbinliyinə səbəb olan sözlər dedin, indi gedib mənə dediyin və razılıq bildirdiyin sözləri onların qarşısında demək istəyirsənmi? Dedi ki, bəli, hazıram. Sonra Peyğəmbər (s) həmin gecə, yaxud ertəsi gün bu ərəbi götürüb səhabələrinin yanına gətirdi və dedi: "Bu bədəvi ərəb qardaşımız bizdən razı olduğunu düşünür; əgər razısansa, de". O da Peyğəmbəri (s) tərifləməyə başladı və dedi ki, bəli, mən sevinirəm və razıyam; misal üçün, əziz Peyğəmbərə (s) çox təşəkkür edirəm, o mənə çox sevgi göstərdi. Bu sözləri dedi və getdi.

 O gedəndən sonra əziz Peyğəmbər (s) üzünü səhabələrə tutub buyurdu ki, bu səhra ərəbi bir çobanın otardığı sürüdən ayrılmış və səhraya üz qoyan bir dəvəyə bənzəyir. Mənim dostlarım olan sizlər bu dəvəni tutub mənə qaytarmaq üçün ona hücum çəkirsiniz, hər tərəfdən onun ardınca qaçırsınız. Sizin bu hərəkətiniz onu daha hürküdür, qorxusunu çoxaldır və onu tutmaq daha da çətinləşir. Mən sizin onu bizim aramızdan daha artıq hürkütmənizə imkan vermədim, məhəbbət və nəvazişlə onun yanına getdim, sürüyə və öz aramıza qaytardım. Bu, Peyğəmbərin (s) üsuludur.[25]


Qüreyşin əfv edilməsi

Əziz Peyğəmbər (s) İslam cəmiyyətində və müsəlmanların arasında azca kin, ədavət və düşmənçiliyin olmasını da istəmir. O, xalq arasında sevgi və səmimilik yaratmağa çalışırdı. Hətta İslamın dairəsi genişləndikdə və əziz Peyğəmbər (s) Məkkəni tutduqda da o şəhərin əhalisini əfv etdi. Məkkə əhalisi Peyğəmbəri (s) öz şəhərlərindən qovan şəxslər idilər. Peyğəmbər (s) həmin Məkkə əhalisinə görə on üç il narahatlığa və əziyyət çəkmişdi, sonra da onlarla bir neçə müharibə aparmışdı. Nə qədər müsəlman öldürmüşdülər və qarşılığında müsəlmanlar da onlardan öldürmüşdülər. Əgər onların bu vəziyyətdə Allah Rəsulunun (s) qalib ordusuna ev sahibliyi etmələri qərarı alınsaydı, uzun illərə qədər bunların arasında sülhün yaranma imkanı mövcud olmayacaqdı. Buna görə Peyğəmbər (s) Məkkəyə daxil olan kimi ümumi sülh elan etdi. Buyurdu ki, mən sizin hamınızı azad və əfv etdim. O, Qüreyşi əfv etdi və məsələ bitdi.[26]


İnsanların yanına gedək

Mənəviyyata təmayül və mənəvi yüksəliş üçün şərait olduqca çoxdur. Biz Peyğəmbər (s) kimi insanların yanına getməliyik. Peyğəmbərin (s) barəsində buyurmuşlar ki, o, səyyar həkim olmuşdur.[27] Yəni Peyğəmbər (s) səyyar həkim kimi hərəkət edirdi. Həkimlər öz xəstəxanalarında otururlar və xalq onlara müraciət edir. Amma peyğəmbərlər oturub xalqın onlara müraciət etməsini gözləmirdilər, onlar xalqa müraciət edirdilər; dərman çantalarında da həm məlhəm qoymaq üçün, həm iynə vurmaq üçün, həm də yaraya dağ basmaq üçün alətlər olmuşdur.[28]


Müsəlmanlar qardaşdırlar!

Peyğəmbərin (s) bəlkə də Mədinəyə daxil olduğu ilk aylarda gördüyü işlərdən biri müsəlmanlar arasında qardaşlıq yaratmaq idi. O, müsəlmanları bir-birilə qardaş etdi. Bir-birimizlə qardaş olduğumuzu deməyimiz İslamda bir kompliment deyil. Yəni müsəlmanlar həqiqətən bir-birlərinə qarşı qardaşlıq haqqına malikdirlər, bir-birinə borcludurlar; (doğma) qardaşların bir-birinə qarşı öhdəlikli olduqları və qarşılıqlı hüquqlara əməl etməli olduqları kimi. Peyğəmbər (s) bunu həyata keçirdi.

O, müsəlmanlari iki-iki formada bir-birinə qardaş etdi. Bunların təbəqələrinə, ailələrinə, Mədinə və Qüreyş zadəganlarının zadəganlığına riayət etmədi; qara qulu böyük bir şəxslə, azad olunmuş qulu Bəni-Haşimin, yaxud Qüreyşin məşhur bir ağa övladı ilə qardaş etdi. Hər halda bu qardaşlığın müxtəlif cəhətləri vardı. Onun ən mühüm cəhətlərindən biri bu idi ki, müsəlmanlar bir-birinə qarşı qardaşlıq hissi keçirsinlər.[29]


Qədirbilənlik

Həbəşə padşahı Nəcaşi tərəfindən Mədinəyə əziz Peyğəmbərin (s) yanına bir heyət gəldi. Yəqin ki, bir söz gətirmişdilər. Bu, hökumətlər arasında normal haldır. Nəcaşi Həbəşənin padşahı idi. O zaman dünyanın müxtəlif yerlərində olan sultan və əmirlərin çoxusu kimi o da məsihi və qeyri-müsəlman idi. Həbəşədən gəlmiş heyət Peyğəmbərin (s) yanına gəldikdə gördülər ki, Peyğəmbərin (s) özü ayağa qalxıb bu heyətə qulluq etməyə başladı. Səhabələr dedilər ki, ey Allahın rəsulu, biz buradayıq, icazə verin biz qulluq edək. Buyurdu ki, xeyr, müsəlmanlar Həbəşəyə hicrət edəndə bunların padşahı müsəlmanlara çox hörmət etdi; mən bunun əvəzini çıxmaq istəyirəm. Bu, qədirbilənlikdir. Əziz Peyğəmbərin (s) həyatında belə işlər çox olub.



  İrəli
Go to TOP