A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İSRAF (Ayətullah Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Görün israf nə edir - çörəkdə israf, suda israf, elektrik enerjisində israf, tikinti materiallarında israf, müxtəlif məhsullarda israf, uşaq oyuncağında israf, bəzək əşyalarında israf! Mənim əzizlərim! Bu israf ölkədə düşmənin istədiyi işi görür. Düşmən o biri tərəfdən neftlə, iqtisadi embarqo ilə və digər vasitələrlə xalqa zərbə vurur. Bu tərəfdən də bizim özümüz israfçılıqla, qənaət etməməklə onun zərbəsini təkmil edirik. Mənim sözüm budur.[16]


İmkanın yoxdursa, az xərclə!

Çox xərcləyənlər gəlir azaldıqda əvvəlki kimi xərcləməməlidirlər. Bunu başa düşmək lazımdır. Buna görə mənim müraciətim birinci növbədə ölkənin sərvətlilərinə, əlləri ağızlarına çatanlara, xərcləyə bilənlərə, ət, qida məhsulları, məişət avadanlıqları, modern əşyalar, müxtəlif elektrik alətləri və qiymətli maşınlar ala bilənlərədir. Deməsinlər ki, imkanımız var, xərcləyirik. Burada şəxsi imkan yox, ölkənin imkanı meyardır. Bir xalqın gəliri azaldıqda bunu nəzərə almalıdır. Biz hər dəfə xalqa "israf etməyin" deyəndə xalqın orta təbəqələrindən ibarət olan əksəriyyəti qulaq asır və israf etmirlər. Lakin əsl qulaq asmalı olanlar - yəni israfın geniş yayıldığı varlı və sərvətli insanlar az qulaq asırlar. İndi mənim müraciətim onlaradır. Onların qənaət etməyə və israfdan çəkinməyə əhəmiyyətli yanaşmaları lazımdır. Qida maddələrində israfa yol verməyin. Nə qədər artıq qida maddələri kənara tullanır. Dərman preparatlarında da israfçılıq etmək olmaz. Nə qədər lazımsız dərmanlar alınıb evlərə aparılır və istifadə olunmamış qalır. İbtidai maddələri və ya dərmanın özünü xaricdən alıb gətirir, yaxud daxildə əziyyətlə istehsal edirlər. Bunlar ölkənin əldən çıxan sərvət və sərmayəsidir.

Hətta öz peşə fəaliyyətlərində və istirahətlərində də israfa yol verənlər var. Məsələn, xarici ölkəyə səfər edirlər. Nə üçün? Səfərə meylli ailədirlər və gəzmək istəyirlər. Gəzməkdən ötrü nə üçün xarici ölkəyə gedirlər? Bu qədər böyük ölkədə çoxları bunu da edə bilmirlər. Bəzilərinin əlləri ağızlarına çatan kimi özlərinin, yaxud ailələrinin gəzib əylənməsi üçün hansısa xarici ölkəyə - indi adını çəkmək istəmirəm - gedirlər. Qəti şəkildə deyirəm ki, bu israfdır. Bu haram olan israfdır. Lazımsız xərc budur. İsraf zaman-zaman fərqlənir; geyimdə, məişət məsələlərində, bahalı avtomobillərdə. Deməli, bizim birinci müraciətimiz imkanlı adamlaradır. Onlara deyirik ki, az xərcləyin və israf etməyin.

Mənim ikinci sözüm bəzi dövlət məmurlarınadır. Onlar yüksək dövlət qurumlarında artıq və lazımsız xərclərin qarşısını almağa çalışmalıdırlar. Birinci növbədə böyük rəqəmlərə şamil olan işlərə nəzarət güclənməlidir. Mənim məlumatım var ki, hökumət bəzi sahələrdə, o cümlədən xarici səfirliklərə, xarici səfərlərə bağlı və digər çoxlu işlərdə yaxşı qənaət etmişdir. Lakin elə etmək lazımdır ki, yuxarıdan aşağıya qədər bütün dövlət qurumlarında buna riayət olunsun. Hamı bunu öz vəzifəsi bilsin və aidiyyətli qurumlar israfsız yaşamaq haqda xalqa proqram hazırlasınlar.[17]


Məmurların dəbdəbəsi xalqın gözünü qamaşdırır!

Qardaş və bacılar! Harada olsanız və hansı vəzifədə çalışsanız, ehtiyatlı olmalısınız. Sizin bir rəftarınız, bir sözünüz, bir hərəkətiniz dərin təsirlər buraxa, xalqın həyatına güclü təsir göstərə bilər. Mən illərdir təmtəraqlı həyat tərzi haqda danışıram. Bunda iki məqsəd var: Bir məqsəd budur ki, dəbdəbənin, zadəganlığın özü pisdir və uca insana yaraşmır. Yəni insan ona yaraşmayan lazımsız bir işlə məşğul olmamalıdır. Həm də bu, israfçı işdir, bununla sərvətlər, məhsullar zay olur. Bu, məsələnin bir cəhətidir: israf pisdir, dəbdəbə də israfçılıq sayılır və pisdir. Lakin ikinci məqsəd birinci məqsəddən də əhəmiyyətlidir və bu sizin israfçılığınızın xalqın həyatına təsiridir. Bəziləri buna diqqət yetirmirlər. Siz xalqın gözü önündə otağınızı, ofisinizi və evinizi filan cür dəyişdirdikdə bu, praktiki bir dərs olub görən hər bir adama təsir edir. Ən azı buna riayət etmək lazımdır. Mühitdə dəbdəbə və ona vərdiş halı yaratmayaq. Əgər bu gün cəmiyyətimizdə bu dəbdəbə həvəsi yayılsa – təəssüf ki, böyük həddə yayılmışdır - ölkənin çoxsaylı iqtisadi, ictimai və əxlaqi problemləri heç vaxt həll olunmayacaq. Dəbdəbənin və həyatda zadəganlığa təmayülün çoxlu zərər və təhlükələri vardır: heç zaman ictimai ədalət təmin olunmaz; bütün ölkə və cəmiyyətlərə, xüsusən də bizim cəmiyyətimizə hava və su kimi lazım olan qardaşlıq, ülfət, dostluq və həmrəylik heç zaman yaranmaz. Mənim və sizin söz və əməllərimizin xalqın ruhiyyəsinə təsiri bu qədər böyükdür. Bu baxımdan, bizim təqvalı olmamız böyük əhəmiyyətə malikdir.[18]


İsraf - İslam dünyasının köhnə dərdlərindən biri

Bu gün İslam dünyası köhnə dərdlər içindədir. Bəlkə də onların ən mühümü bu on dərddir: Siyasi və dini çəkişmələr, əxlaq və imanın zəifləməsi, elm və sənayedə gerilik, siyasi və iqtisadi asılılıq, yoxsulluğun, aclığın və məhrumluğun kənarında israfçılıq və zadəganlıq, başçılarda özünəinamın və gələcəyə ümidin azalması, dinin təcrid olunması, siyasətdən və həyati məsələlərdən ayrılması, Quranın tükənməz mənbəyi olduğu yeni məfhumlar ortaya qoymaqda təşəbbüssüzlük, Qərbin mədəni hücumu qarşısında təslimçilik və nəhayət bəzi siyasi başçıların boyunduruq altına girmələri və tamahkarlıqları hesabına müsəlman xalqların izzətinin tapdanması.[19]


Allahın rəsulu (s) buyurmuşdur: "Dəstəmaz bir müdd (təxminən 750 qram) və qüsl bir sa (təxminən 3 litr) su ilə alınsın. Məndən sonra tezliklə elə bir camaat gələcək ki, bu miqdarı az sayacaqlar. Bunlar mənim sünnəmin əksinədir. Mənim sünnəmə sadiq qalanlar cənnətdə mənimlə birgə olacaqlar". (Vəsail əş-Şiə, c. 1, səh: 338).

Peyğəmbər (s) səliqəli, gözəl idi və eyni zamanda israfa yol vermirdi!

Peyğəmbər (s) uşaqlıqdan təmizkar idi. Məkkənin və ərəb qəbilələrinin uşaqlarının əksinə olaraq, təmizkar və səliqəli idi. Yeniyetməlik dövründə saçını darayırdı, gənclik dövründə saçını və saqqalını darayırdı, İslamdan, gənclik dövrünü keçirdikdən sonra və 50-60 yaşlı bir kişi olduğu dövrdə də təmizliyə tam riayət edirdi. Mərcəyinə çatan gözəl saçı təmiz olardı, gözəl saqqalı təmiz və ətirli olardı. Rəvayətdə gördüm ki, öz evində bir su küpü vardı və onda mübarək üzünə baxırdı. O zaman güzgü çox yayılmamışdı. O, müsəlmanların, yoldaşlarının və dostlarının yanına getmək istədikdə mütləq əmmaməsini və saqqalını səliqəyə salır, təmizləyir və sonra çıxırdı. Həmişə özünə ətir vururdu. Çox zahid yaşayışına rəğmən, səfərlərdə özü ilə daraq və ətir götürürdü, gözlərinə çəkmək üçün sürmə götürürdü. O zaman kişilərin gözlərinə sürmə çəkmələri adət idi. Hər gün bir neçə dəfə dişlərini fırçalayırdı. Digərlərinə də bu təmizliyi, dişlərini fırçalamağı, səliqəli görkəmdə olmağı tövsiyə edirdi. Bəzi adamların səhvi budur ki, səliqəli görkəm üçün dəbdəbə və israfın qaçılmaz olduğunu düşünürlər. Xeyr! Yamaqlı və köhnə paltarda da səliqəli və təmiz olmaq mümkündür. Peyğəmbərin (s) paltarı yamaqlı və köhnə idi, amma geyimi, başı və üzü təmiz idi. Bunlar davranışda, rəftarda, xarici görkəmdə və gigiyenada çox təsirli amillərdir. Bunlar zahirən kiçik, əslində isə çox təsirlidir.[20]


Qənaətə dəvət və israfdan çəkindirmə

Yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək qaydası yalnız pis işlərdən çəkindirməyə şamil olmur, bunda yaxşı işlərə dəvət də var. Bir gənc üçün dərs oxumaq, ibadət etmək, gözəl əxlaq, ictimai fəallıq, düzgün və normal idman və həyatda xoşagələn ənənələri saxlamaq yaxşı əməllərdəndir. Bir kişi, bir qadın və bir ailə üçün yaxşı vəzifələr və böyük işlər vardır. Siz hər hansı bir şəxsi bu yaxşı işlərdən birinə dəvət etsəniz, bu, yaxşı işlərə dəvət emtəkdir. Pis işlərdən çəkindirmək də yalnız şəxsi günahlardan çəkindirmək deyil. Pis işlərdən çəkindirmək deyən kimi dərhal yada düşür ki, küçədə bir nəfərin hərəkəti və ya geyimi yaxşı deyilsə, birisi onu bundan çəkindirməlidir. Yalnız bu deyil. Bu, onuncu məsələdir.

Pis işlərdən çəkindirmək bütün mühüm məsələlərdə var; məsələn, imkanlı şəxslərin gördüyü işlərdə, ümumi sərvətlərdən sui-istifadədə, ölkənin ümumi məsələlərində - idxalat sahəsində, şirkətlərdə, istehsal mərkəzlərindən istifadədə və sair məsələlərdə dostbazlıqda, məmurların dostbazlığında. Biri var ki, iki tacir bir yerdə işləyir və dostluq edir - bu bir məsələdir. Biri də var ki, əlində imkanı, icazəsi və imzası olan bir dövlət məmuru bir nəfərlə xüsusi rabitə qurur. Bu yasaq, günah və haram işdir. Belə bir işlə məşğul olan məmuru bundan çəkindirmək o idarənin özündə, ondan yuxarıda, yaxud aşağıda çalışan hər bir kəsə vacibdir. Bunu etmək lazımdır ki, sui-istifadəyə çalışanın qarşısı alınsın.

Ailə daxilində də pis işlərdən çəkindirmək olar. Bəzi ailələrdə qadın hüquqlarına riayət olunmur; bəzi ailələrdə gənclərin hüququna riayət olunmur; bəzi ailələrdə xüsusən uşaqların hüququna riayət olunmur. Bunları onlara xatırlatmaq və onlardan istəmək lazımdır. Uşaqların haqqını tapdamaq yalnız onlara sevgi göstərməmək deyil. Xeyr! Pis tərbiyə vermək, diqqətsizlik etmək, qayğısına qalmamaq, az sevgi bildirmək və bu qəbildən olan işlər də onlara zülm sayılır.

Cəmiyyətdə mövcud olan pis işlərdən çəkindirmək olar. Bu işlər o qəbildəndir: ümumi sərvətləri, həyati mənbələri tələf etmək, elektrik enerjisində, yanacaqda, qida məhsullarında, su və çörəkdə israfçılıq. Bizdə bu qədər çörək zay olur. Bu ümumiyyətlə pis haldır, dini baxımdan "münkər" - yəni bəyənilməz iş sayılır, iqtisadi və ictimai cəhətdən xoşagəlməz işdir. Bu işdən də çəkindirmək lazımdır. Kim hansı yolla bacarırsa, bunu etməlidir. Bir məmur bir cür bacarır, bir çörək müştərisi bir cür, bir fəhlə bir cür. Mənə göstərilən bəzi statistik rəqəmlərə görə, bizim zay olan çörəklərimizin miqdarı xaricdən ölkəyə idxal etdiyimiz buğdaya bərabərdir. Bu, təəssüf doğurmur?! Bunların hamısı pis işlərdir və onlardan çəkindirmək lazımdır. Nəhcül-bəlağəyə əsasən, Əmirəlmöminin (ə) bunlardan çəkindirməyi öz tövsiyələrinin əsas bəndlərindən etmişdir. O həzrət məmurlarla elə rəftar edir, onlara bəlli göstərişləri verir və qayda təyin edirdi, ümumi xalqı da fəaliyyətə, ictimai məsələlərdə məsuliyyət hiss etməyə, yaxşı işlərə dəvət etməyə və pis işlərdən çəkindirməyə çağırırdı.[21]


            Zadəganlığınız üçün bəhanə gətirməyin!

          Cəmiyyətdə ədalətə doğru hərəkəti zəiflədən amillərdən biri də ölkənin yüksək rütbəli məmurlarında zadəganlığın meydana çıxmasıdır. Bundan çəkinin. Zadəganlığın iki eybi var. Onun ikinci eybi birinci eybindən böyükdür. Zadəganlığın birinci eybi israfdır. Təbii ki, biz halal zadəganlıqdan - yəni halal yolla qazananlardan danışırıq. Zadəganlığın daha pis olan ikinci eybi budur ki, uyğun mədəniyyət formalaşdırır və hamının yarışmasına zəmin yaradır. Bu sahədə birinci dərəcəli məmurların, televiziyanın, mənim və sizin rəftarımızın böyük rolu var.

          Mən bir dəfə eşitdim ki, Mədən nazirlərindən biri ölkəmizin müxtəlif qiymətli daşlarını yığıb nazirliyində işlətmişdi. Mən onu buraya çağırıb dedim ki, siz nə üçün bu işi görmüsünüz. Dedi ki, nazirliyə xarici qonaqlar gələndə bu daşları görür və müştəri olurlar. Siz Allah, bu məntiq qəbulediləsidir? Bu qədər pul xərcləyib nazirliyin daşlarını sökək və sonra yeni daşlar yapışdıraq ki, müştəri tapılsın? Siz nazirliyinizin əsas zalında beş metr uzunluğunda və üç metr enində böyük bir çərçivə düzəldib müxtəlif daşlarınızı çox bədii və gözəl şəkildə oraya düzə bilərsiniz. Bundan sonra hansı qonaq gəlsə, hörmət əlaməti olaraq onu oraya aparın həm daşlara tamaşa etsinlər, həm də müştəri cəlb olunsun. Bu daha yaxşıdır. Dəbdəbə üçün bəhanə gətirmək düzgün deyil. Mənim fikrimcə, sizin dəbdəbəniz bayırda görünəndə ikinci eyib yaranır: Bu bir ənənəyə çevrilib yeni qüvvələri artıq xərclərə və israfçılığa həvəsləndirir. Sonra quruluşun başçılarının belə etdiyini görüb hamı bu istiqamətə hərəkət edəcək. O zaman sizdən də bərk gedəcəklər. Çünki siz hər halda nəyisə nəzərə alırsınız, onların çoxu isə heç nəyi nəzərə almayacaq. Mən bu barədə əzizlərə tövsiyə etmişəm.

          Bir neçə ay bundan öncə mənə Buşəhr və İsfahandan iki ayrı-ayrı məlumat çatdı və sözün həqiqi mənasında gözümə yuxu getmədi. Onların hər ikisi dövlət qurumlarına aid idi. İsfahandan verilən məlumat bənd yerinə aiddir - yoxsul təbəqələrlə məmurların məişət vəziyyəti arasında məsafə və uçurumun təzahürü. Orada ev və villalar tikmişlər. Düzdür, özəl hissə də var, amma hökumət də bu işlərdən görmüşdür. Onun kənarında isə camaatın adi məişət imkanı, qarınlarını doyurmağa çörəkləri yoxdur. Bir darvaza da qoyublar ki, heç kim o tərəfdən bu tərəfə keçə bilməsin. Buşəhrin adalarının birində də həmin hadisə baş verib və bu da bir dövlət qurumuna aiddir. Bunlar ümumiyyətlə qəbulediləsi deyil. Mənim xəbərim olmayıb. Əgər İsfahanda, yaxud Buşəhrdə belə bir yer düzəltmək istədiklərini bilsəydim, icra işlərinə qarışmamağa çalışsam da, o valiyə, yaxud nazirə yazılı və şifahi şəkildə mütləq deyərdim ki, sizin bu işi görməyə haqqınız çatmır. Hər halda, bu işi görmüş, tikmiş və bitirmişlər. Bu işlərin təsiri çox böyükdür.[22]


          İmam Sadiq (ə) buyurur: "İsrafçılığı varlıdan çox olan yoxsul vardır. Çünki varlı imkanı olanı xərcləyir, yoxsul isə olmayan sərvətini" (Vəsail əş-Şiə, c. 9, səh: 242).

Gənclər ayağa qalxsınlar!

İsrafçılıq cəmiyyət üçün böyük bir bəladır. İsraf təbəqələrarası məsafəni, yoxsulla varlı arasındakı uçurumu günbəgün artırır və dərinləşdirir. Xalq israfdan çəkinməyi özünə vəzifə bilməlidir. Müxtəlif dövlət qurumları, aidiyyətli orqanlar, xüsusən informasiya vasitələri, mədəni orqanlar, radio və televiziya xalqı nəinki israfa, istehlakçılığa və dəbdəbəyə sövq etməməli, hətta əksinə, qənaətcilliyə, qədərincə xərcləməyə və israfdan çəkinməyə həvəsləndirməlidirlər. İstehlakçılıq cəmiyyəti çökürdür. İstehlakı istehsalından çox olan cəmiyyət müxtəlif sahələrdə uğursuzluğa düçar olur. Biz öz istehlakımızı normallaşdırmağa, azaltmağa vərdiş etməli və israfdan uzaqlaşmalıyıq.

Gənclər ailə toplantıları keçirsinlər, ailə üzvlərinin yardımlarını toplayıb birinci növbədə öz ailə və qohumlarından olan yoxsullara kömək etsinlər və əgər ehtiyacları olmasa, digər yoxsullara versinlər.

Bu gün bizim cəmiyyətimizdə yoxsulluq var. İslam quruluşu olaraq bizim vəzifəmiz yoxsulluğun kökünü kəsməkdir. Cəmiyyətdə məhrumluq olmamalıdır. Bu bizim bir hökumət kimi, İslam quruluşu kimi və xalq kimi borcumuzdur: "Hamınız cəmiyyət qarşısında məsuliyyət daşıyırsınız". Bu hamının vəzifəsidir. Hər birimiz bir yolla dəbdəbə və israfı azaltmalıyıq.

Elə ailələr var ki, tənbəllikdən yox, sözün həqiqi mənasında məhrum və yoxsuldurlar. Onları tapmalı və onlara kömək etməlisiniz. Bu çətin iş deyil.[23]


 

 

          Əmirəlmöminin (ə) buyurmuşdur: "İsrafçının üç əlaməti var: özünə uyğun olmayanı yeyir, özünə uyğun olmayanı alır və öz həddində olmayanı geyinir". (Vəsail əş-Şiə, c. 21, səh: 551).

Daxili düşmən

          Bizim xarici düşməndən danışmağımızın mənası bu deyil ki, İslam quruluşunun uğursuzluqlarında zəifliyimizin, səhvlərimizin və səhlənkarlıqlarımızın təsiri olmamışdır. Xeyr! Belə deyil. Quran bizə öyrədir ki, həmişə öz səhvlərimizi xatırlayaq: "Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə israfımıza görə bizi bağışla!" Öz israflarımızı, səhlənkarlıqlarımızı, ifrat və təfritlərimizi yaddan çıxarmamalı, onları düzəltməyə çalışmalıyıq. Lakin bu bizə xarici düşməndən ibarət olan və səhvlərimizi gücləndirən amili unutdurmamalıdır. Öz günah və israfımıza görə bağışlanmaq istəməyimizi bizə öyrədən həmin şərafətli ayədə dərhal buyurur: "Qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!" Yəni xarici düşməni də unutmayın. Sizin səhvlərinizdən maksimum istifadə edən odur. Yəni xarici düşmən səhvləri gücləndirir.[24]


            Sudan düzgün istifadə edək!

          Bildiyiniz kimi, ölkəmizdə su torpaq qədər deyil, azdır. Amma əgər ağılla, diqqətlə və yorulmadan çalışsaq, ixtiyarımızda olan bu sudan istifadə etmək olar. Hədər gedən suların qarşısını alaq, sudan düzgün istifadə edək, bunda israfa yol verməyək. Elm və ağılla rəftar etsək, sudan daha səmərəli istifadə etmək olar. İnqilabdan öncə çoxları bizim məhsuldar çöllərimizə göz dikmişdilər. Bu ölkənin hər bir şeyinə yad olanlar bizim Qəzvin və Muğan çöllərimiz üçün proqramlar hazırlamışdılar. Biz nə üçün həqiqətən qiyməti olmayan bu məhsuldar torpaqlardan istifadə etmək üçün proqram hazırlamayaq?! Bu işləri görmək olar və görməliyik. Cihad ruhiyyəsi ilə bu işləri görmək mümkündür.[25]


          İmam Rzanın (ə) xidmətçisi deyir ki, bir gün nökərlərin bir qismi meyvəni tam yemədən tulladılar. İmam Rza (ə) onlara etiraz edib buyurdu: "Əgər sizin bu meyvəyə ehtiyacınız yoxdursa, bilin ki, buna ehtiyacı olanlar var və bunu onlara verin" (əl-Kafi, c. 6, səh: 269).

            Bir seçki tövsiyəsi

          Mən namizədlərdən xahiş edirəm ki, seçki kampaniyalarında doğru sözlər danışsınlar, görə biləcəkləri və həqiqətən düşündükləri işləri xalqa vəd versinlər, xalqı istədiyi şəxsi seçməkdə azad buraxsınlar. Bu kampaniyalarda israfçılığa yol verilməsin. Məncə kimsə bu kampaniyalarda Allahdan ötrü israfçılıqdan və uyğun olmayan işlərdən çəkinsə, Allah-Taala ona kömək edər və məqsədinə çatmaqda yardımçı olar.[26]


          Deputatlar xalqın cibindən xərcləməsinlər!

          Həqiqətən xalqla birgə olmaq üçün onların arasında olmaq və onların orta məişət səviyyəsindən uzaqlaşmamaq lazımdır. Sadə yaşayış, israfçılıqdan çəkinmək, şəxsi və qeyri-zəruri işlərdə beytülmal xərcləməkdən çəkinmək bu bağlılığı qorumaq üçün vacib şərtdir. Zadəganlıq mədəniyyəti formalaşdırmaq, dəbdəbə, xalqın pulu ilə bahalı və lazımsız xarici səfərlərə getmək parlament deputatlarına yaraşmır və onların xaqla əlaqələrinin qırılmasına bais olur.[27]


            Mal-dövlət təhlükəsindən ehtiyatlı olun!

          İmam Səccadın (ə) Səhifeyi-Səccadiyyədə İslam əsgərlərinə etdiyi dualardan biri budur ki, İlahi, fitnə törədən mal-dövlət xatirəsini və sevgisini onların ürəyindən çıxar. Mal-dövlət çox təhlükəlidir, çoxlarını aldadır. Tarixdə bəzi böyük adamlar bunun ucbatından yoldan çıxmışlar. Odur ki, çox ehtiyatlı olmalısınız. Müqəddəs şəriətdə bu ehtiyatlılığın adı nədir? Təqva. Quran əvvəldən axıra qədər təqvaya çağırır. Bunun mənası həmin ehtiyatlılıq və özündən muğayat olmaqdır. İnsanın nəfsi tamahkardır. Mən mətbuatda sizin parlamentin bəzi lazımsız işlərinə yenidən baxmağa qərar verdiyinizi oxuyanda həqiqətən sevindim və bu işin təşəbbüskarlarına dua etdim. Təsəvvür edin bir adamın evi var və yenə ev istəyir; imtiyazı var, yenə imtiyaz istəyir. Bu işə başladığınıza və çalışdığınıza görə sizə həqiqətən təşəkkür edirəm. Bunu davam etdirin, bu işlərdə möhkəm dayanın, bacardığınız qədər məntiqli və düzgün rəftar seçin. Əlbəttə, biz tövsiyə etmir və gözləmirik ki, parlament deputatları aclıq və susuzluq çəksinlər, zahidlik etsinlər. Nə biz beləyik, nə də siz. Biz deyirik ki, israf olmasın, nizamsız işlərə və artıq xərclərə son qoyulsun. Parlamentdə belə xərclərin ümumi miqdarı çox olmaya bilər, amma siz bu yolu bağladıqda xalqa və digər qurumlara nümunə, yol və istiqamət göstərirsiniz. Sizin işiniz çox dəyərli və yaxşıdır. Bunu davam etdirin.[28]


          İmam Sadiq (ə) buyurur: "Ən az israf budur ki, suyun artığı kənara tullansın, evdən bayırda geyilən paltardan ev paltarı kimi istifadə olunsun və xurmanın tumları kənara atılsın" (əl-Kafi, c. 6, səh: 460).

İsraf bilməcəsinin açarı müəllimlərin əlindədir!

          Yeni nəslin kimliyini formalaşdırmaq müəllimin işidir. Müəllimin rolu hətta ailədən və ata-anadan da artıqdır. Sizin özünüzün məktəb uşaqlarınız var və görürsünüz ki, bəzən müəllimin dediyi söz uşaq tərəfindən Quran sözü kimi qəbul olunur; evə gəlib hansısa işi görür, hansısa işi görmür, yaxud bir saat yatır, idman edir və yaxud başqa bir iş görür. Çünki bunları müəllim tapşırmışdır. Ata-ana bu sözləri dəfələrlə deyir, amma təsir etmir, müəllimin sözü isə təsir edir. Uşaq və yeniyetmənin beynində müəllimin sözü çox vaxt ata-ananın sözünü üstələyir. Müəllimin rolu belədir. Əgər biz bu kimliyin yaxşı formalaşmasını, özünəinamı və ictimai nizam-intizamı olan, məsuliyyətli, ləyaqətli, böyük işlərə qadir, təşəbbüsçü, mehriban, böyük cəmiyyət ailəsi daxilində intiqam hissi olmayan, fədakar, işgüzar, az israf edən, yaxud israfdan uzaq duran bir nəslin yetişməsini istəyiriksə, cəmiyyətin ümumi mədəniyyətinin bu istiqamətdə hərəkət etməsini istəyiriksə, bunun açarı məktəblərdir. Belə bir nəsil yetişdirmək üçün məktəblər hazırlıqlı və münasib olmalıdır.[29]


            Biz israfçıyıq!

          Biz israfçı xalqıq. Biz suda, çörəkdə, müxtəlif məişət avadanlıqlarında, ləpəli meyvələrdə, benzində israf edirik. Neft istehsal edən bir ölkə neftdən hazırlanan benzini idxal edir. Bu təəccüblü deyil?! Hər il milyardlala pul verib benzin idxal edirik, başqa şeylər idxal edirik. Bizim cəmiyyətimizin və xalqımızın bir hissəsinin ürəyi töküb-dağıtmaq istəyir, ona görə. Bu düzgündür?! Biz xalq buna milli bir eyib kimi baxmalıyıq. İsraf pisdir, hətta Allah yolunda maddi yardımda da bunu deyirlər. Allah-Taala Quranda Peyğəmbərinə (s) buyurur: "Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et"[30]. Allah üçün maddi yardım edərkən də belə et. İfrat və təfrit etməyin, orta yol tutun. Biz bunu milli mədəniyyətə çevirməliyik. Quran buyurur: "Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edərlər"[31]. İslam özünü çətinliyə salıb sıxıntı içərisində yaşamağı da tövsiyə etmir. İslam demir ki, insanlar riyazətlə və zahidcəsinə yaşamalıdırlar. Xeyr! Adi şəkildə yaşasınlar, orta həddə yaşasınlar. Bəzi xarici boşboğazlar, xarici dövlətlər bir neçə ildir daim və hər saat bizim xalqımızı hədələyirlər ki, embarqo tətbiq edəcəyik. Dəfələrlə də tətbiq etmişlər. Bu ondan ötrüdür ki, ümidləri bizim mənfi xüsusiyyətlərimizə bağlanmışdır. Biz əgər israfçı və bədxərc olsaq, embarqo çətin ola bilər, öz işini hesablayan, mədaxil və məxaricini hesablayan, öz məsləhətini düşünən və israf etməyən xalqa isə qoy embarqo tətbiq etsinlər. Belə bir xalq embarqodan ziyan görməz.[32]


            Xalqımızın təhlükəli xəstəliyi



Geri   İrəli
Go to TOP