A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İSRAF (Ayətullah Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


İsraf

 

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin

israf haqda tövsiyələri

 

 

Tərtib edən: Seyid Əli Musəvi

 

          İlahi! Bu böyük və mühüm vəzifəni yerinə yetirməkdə bizə yardım et! İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, bizim cəmiyyətimizdə israfçılığın zərərlərini, yoxsul və məhrum insanlara köməyin xeyirlərini hər bir fərdə göstər və onları bu işdə müvəffəq et!


         

Bir neçə saniyə

Cəmiyyətin başında duranların özəl xarakterlərə sahib olması dünyada qəbul olunmuş məsələdir. Dünya xalqları qəbul etmişlər ki, təkəbbürlülük, lüks həyat tərzi, israfçılıq, dəbdəbə, xudpəsəndlik, eqoistlik və bu kimi xüsusiyyətlər hökumət başçılarının səciyyələrindəndir. Hətta inqilabçı ölkələrdə dünənə qədər çadırlarda yaşayan, daxmalarda gizlənən inqilabçıların da hakimiyyətə gələn kimi vəziyyətləri və xarakterləri dəyişir, dünyanın digər şah və prezidentləri kimi yaşamağa başlayırlar. Biz bunu yaxından görmüşük. Xalq üçün də təəccüblü deyil.

Bizim imamımız bu yanlış ənənəni dəyişdirdi və göstərdi ki, bir xalqın və dünyanın digər müsəlmanlarının sevimli rəhbəri zahid şəkildə yaşaya, təmtəraqlı saraylar əvəzinə bir hüseyniyyədə görüşlər keçirə və xalqın qarşısına peyğəmbərlərin geyimi, dili və əxlaqı ilə çıxa bilər.

Əgər hakim və başçıların qəlbləri həqiqət nuru ilə işıqlanmış olsa, dəbdəbə, israfçılıq, artıq xərclər çəkmək, xudpəsəndlik, təkəbbürlülük və hegemonluq onların qəti xüsusiyyətlərindən hesab olunmaz. O həzrətin böyük möcüzələrindən biri bu idi ki, həm öz həyatında, həm də yaratdığı quruluşda həqiqət nuru parlayırdı.[1]


Zadəganlıq bir sapqınlıqdır!

 Qardaşlar! Əmirəlmöminin (ə) buyurur ki, (cəmiyyətin) həyat tərzi zahidiliyə doğru getməlidir. Bu gün İslam Respublikasında həyat tərzi zadəganlığa sarı gedirsə, bu, şübhəsiz ki, sapqınlıqdır; bunun oyan-buyanı yoxdur. Biz zahidliyə doğru hərəkət etməliyik. Məqsədimiz Allah övliyalarına xas zahidlik deyil. Xeyr! Birinci dərəcəli, ikinci dərəcəli və sonrakı məmurların öz hədlərində zahidliyi olmalıdır. Sonda isə növbə ümumi xalqa çatır. Ümumi xalq da israfçılıq etməməli və dəbdəbə uğrunda rəqabət aparmamalıdır. Zahidlik yalnız məmurlara məxsus deyil. Qızların əqdi üçün yüksək mehrlər təyin etmək də səhv işdir. Haram deyil, amma cəmiyyət üçün pis və xoşagəlməz haldır, çünki insani dəyərləri qızılın və pulun kölgəsi altına salır. İslam cəmiyyətində məsələ belə deyil. Həmin halal işi Peyğəmbər (s) görmədi. Bəziləri deyirlər ki, Peyğəmbər (s) halal edib, siz isə haram edirsiniz! Xeyr! Biz də haram etmirik. Peyğəmbər (s) məhdudiyyət yaratmaq istəməmiş və yaratmamışdır. Siz gedin nə istəyirsiniz edin. Ümumiyyətlə nəyin varsa, üst-üstə qoyub qızına cehiz ver, yaxud gəlininə mehr təyin et. Söhbət bundan gedir ki, bu iş düzgün, ağıllı və İslamın məsləhətinə uyğun iş deyil.[2]


Beytülmalla (dövlət büdcəsi ilə) alınan qələmlərin ucunu iti edin!

Əmirəlmöminin (ə) müsəlmanlar arasında və İslam cəmiyyətində ədaləti bərqərar edib beytülmalın israf olmasına mane oldu, talançılığa və kimlərinsə ümumi büdcəni haqsız mənimsəməsinə imkan vermədi.

O zaman beytülmal və büdcə məsələləri indiki kimi deyildi, İslam cəmiyyətinin gəlirləri adambaşına paylanırdı. Yeni maliyyə üsulu və bu gün dünyada mövcud olan bu forma o zaman ənənə deyildi. Əmirəlmöminin (ə) gəliri bərabər şəkildə bölürdü, beytülmalı səhabə və qeyri-səhabə, qüreyşli və qeyri-qüreyşli olan, Peyğəmbərin (s) ailəsindən olan və olmayan insanlar arasında eyni səviyyədə bölürdü. Bu, çoxlarının etirazına səbəb oldu, amma Əmirəlmöminin (ə) onlara fikir vermədi. Bu gün ədalətli beytülmal bölgüsü elə deyil. Bu gün adambaşına bölgü yoxdur və ədalətin bərqərar olunması üçün başqa üsullar mövcuddur. Bu gün müsəlmanların beytülmalı ilə işləyən şəxslər ondan ümumi xərclərdən və xalqa aid olan yerlərdən başqa bir yerdə istifadə etməməlidirlər. Beytülmalın ədalətli bölgüsü budur. Əgər Allah eləməmiş, bir məmur beytülmalı israf etsə, onu özünə və ya dostlarına, yaxınlarına xərcləsə, bu, beytülmal məsələsində ədalətsizlik sayılır. Müsəlmanların beytülmalı qanunla müəyyən olunmuş ümumi işlərə və orqanlara xərclənməlidir. Odur ki, Əmirəlmöminin (ə) o zaman ölkə məmurlarına qarşı elə tələbkarlıq etdi və bugünkü sözlə desək, belə bir sərəncam verdi: "Qələmlərinizi itiləyin". Yəni yazdığınız qələmlərin ucunu iti yonun ki, həm qələmə qənaət olunsun, həm kağıza, həm də mürəkkəbə. "Sətirləri bir-birinə yaxınlaşdırın". Kağız üzərinə yazdığınız sətirləri bir-birinə yaxın yazın və kağıza qənaət edin. "Və lazım olan məsələləri yazın". Yəni artıq sözlər yazmayın.[3]


Bir nəfər İmam Sadiqə (ə) dedi: "Bizə deyiblər ki, məişətdə mötədillik və ağıllı davranmaq qazancın yarısıdır". İmam buyurdu: "Bu iş qazancın hamısıdır. Məişətdə ağıllı davranmaq dindən və dindarlıqdandır" (əl-Əmali, səh: 666).

Məmur qadınlar israf örnəyi olmamalıdırlar!

Mən müsəlman qadınlara, gənc və evdar qadınlara deyirəm: Qərbin dünya əhalisinin, o cümlədən inkişaf etməkdə olan ölkələrin və bizim ölkəmizin canına xora kimi saldığı israfçılığa uymayın. İstehlak lazımi həddə olmalıdır, israf həddində yox. Həyat yoldaşları, yaxud özləri müxtəlif vəzifələrdə çalışan qadınlar israfdan çəkinməkdə digərlərinə nümunə və dərs olmalı, müsəlman qadının dəyərinin qızıl-gümüş və ləl-cəvahirat əsiri olmaqdan çox-çox uca olduğunu göstərməlidirlər. Demək istəmirəm ki, bunlar haramdır. Demək istəyirəm müsəlman qadınının məqamı o qədər ucadır ki, cəmiyyətimizin çoxlu insanlarının köməyə ehtiyacı olduğu dövrdə pul verib qızıl almamalıdırlar, zinət əşyaları almamalıdırlar, növbənöv məişət avadanlıqları almamalıdırlar, müxtəlif sahələrdə israfçılıq etməməlidirlər. İsrafçılıq müsəlman qadına yaraşmaz.[4]


İsraf haram, günah və şəriətin ziddinədir!

Ölkənin hər hansı bir yerində yaşayan müsəlman qardaş və bacılarımıza deyirəm ki, qənaət məsələsinə ciddi yanaşın. Qənaət dedikdə məqsədim bu deyil ki, ilahi nemətlərə əl vurmayın və onlardan istifadə etməyin. Məqsəd budur ki, hədd və ölçü saxlayın, israfçılıq və ilahi nemətləri zay etməyin. Təəssüf ki, çoxları bunu edirlər. İslam Respublikasında ilahi nemətlərdən məhrum olanlar var. Bu bizim yoxsulluğumuza görə deyil, çoxlarının ilahi nemətləri qayda-qanunsuz işlətdiklərinə, ölçüsüz xərclədiklərinə, heç nəyi nəzərə almadıqlarına, heç bir hədd saxlamadıqlarına və hətta ilahi nemətləri zay etdiklərinə görədir. Nə qədər çörək zay olur, nə qədər bişmiş xörək zay olur, nə qədər istifadə olunmamış meyvə zay olur və evlərdən bayıra tökülür. Ehtiyac olmadan nə qədər paltar alınır, bir dəfə bir mərasimdə geyinmək üçün evlərdə və qutularda qalır. Bunlar israfdır.

İstəyirəm əziz xalqımız bilsin ki, israf haram, günah və şəriətin ziddinə olan bir işdir. Malda və ilahi nemətlərdə israfçılığa yol vermək Allahın nemətini zay etməkdir. Bundan uzaq durmağa qərar verin. Əlbəttə, az gəlirli ailələrin israf etməyə bəlkə heç imkanları da çatmır, amma varlı və hətta orta səviyyəli ailələr təəssüf ki, israfa yol verirlər. Mən bu cümləni dedim, bir daha təkidlə xahiş edirəm ki, əziz xalqımız buna əhəmiyyətli yanaşsın, bu haqda düşünsün və israf etməməyə çalışsın.[5]


İsrafdan çəkinmək və müstəqillik

Gücünüzü artırmalısınız. Gərək təbii sərvətləri öz yerində işlədə, ölkənin istehsal və quruculuğunu günbəgün artırasınız. Xalq və hökumət bir-biri ilə əlaqələrini günbəgün möhkəmlətməlidir; xalq hökumətlə və hökumət xalqla. Siz inqilabın şüarlarını yaşatmalı, bu quruluşun bütün sahələrində inqilabçı ruhiyyəni günbəgün gücləndirməlisiniz. Əgər bu ölkə ayağa qalxsa, özünə arxalansa və hərəkət etsə, heç kəsə möhtac olmaz. Bəzi adamlarda güclü şəkildə mövcud olan israfçılıq ruhiyyəsini cilovlamaq lazımdır.

İsraf nə üçündür? İnsan nə üçün sahibinin onu təhqir etdiyi və pisliyini istədiyi dükana getməlidir? Əgər siz dükançının satış əsnasında sizi aldatdığını görsəniz, daha o dükana getməzsiniz. Əgər dükançının mal satarkən sizə pis baxdığını və pisliyinizi istədiyini görsəniz, daha onun yanına getməzsiniz. Biz nə üçün pisliyimizi istəyənlərin dükanına gedək? Biz nə üçün ürəkdən bizim pisliyimizi istəyən şəxslərlə maliyyə əlaqələri qurmalı və alış-veriş etməliyik? Nə üçün? Nə lüzumu var?

Çalışaq özümüzə güvənək, öz mənbələrimizi dirçəldək. Xalqımız böyük xalq və möhtəşəm qüvvədir, təbii mənbələrimiz də belədir. Gəlin Allah-Taalaya təvəkkül edək.[6]


Yersiz xərcləmələr səxavət deyil!

Mən bu il bütün xalqdan, hökumətdən və dövlət məmurlarından bunu (iqtisadi və maliyyə nizam-intizamını) istəyirəm. İqtisadi və maliyyə nizam-intizamı artıq xərclərlə və israfla mübarizə deməkdir. Yersiz xərclər, maliyyə israfı və istehlakda ifratçılıq əsla yaxşı xüsusiyyət deyil. Adı nə səxavət və əliaçıqlıqdır, nə də alicənablıq. Bunun adı yanlız iqtisadi və maliyyə nizam-intizamsızlığıdır. Əbəs yerə xərcləyən, çox xərcləyən, özü üçün lazımsız xərclər çəkən və cəmiyyətin iqtisadi vəziyyətini nəzərə almayan şəxslər mənim fikrimcə, iqtisadi və maliyyə imkanları baxımından nizam-intizamsız insanlardır. Əgər vəziyyət belə davam etsə, bu xalqın işi çətinləşəcək. Əbəs xərclər çəkənlərə "siz nə üçün bu qədər xərclədiniz", "siz nə üçün belə israfçı qonaqlıq verdiniz" - deyəndə cavab verirlər ki, varımızdır, edirik. Bu yetərli səbəbir? Xeyr! Bu dəlil əsla qaneedici deyil, ehtiyac qədərincə xərcləmək lazımdır - xüsusən də ümumi büdcədən xərcləyəndə. Öz mallarında israfçılıq edən şəxslərlə yanaşı, bu söz onlara da aiddir və israf etməməlidirlər. Bəzi adamlar pulludurlar və yəqin ki, gəlirləri halal yoldandır. Haram yolla qazananların vəziyyəti daha pisdir, amma halal yolla qazananlar da xərcləməkdə, məişət vəziyyətində yersiz və zadəgan dəbdəbəsi ilə israfçılıq etsələr, iqtisadi və maliyyə nizam-intizamsızlığına yor vermişlər. Bu işlərin adı israfdır və israfçılıq bəyənilməz, məzəmmət olunmuş bir işdir. Bu işlər psixoloji baxımdan digərlərinin həyatını sarsıdır. Misal üçün, siz hansısa adi qonaqlıqda növbənöv xörəklər verirsiniz, halbuki bu lazım deyil və sizin yanınızda, qonşuluğunuzda, o biri məhəllədə və hətta ölkənin ucqar nöqtəsində olsa belə, özlərinin, övladlarının və əzizlərinin yaşaması üçün bu xörəklərə böyük ehtiyacı olan şəxslər var. Belə bir şəraitdə bu iş düzgündürmü?! Deməli, halal yolla qazanılmış şəxsi sərvətlərdə də israfçılığa yol vermək yanlış iş və intizamsızlıqdır, dövlət pullarını xərcləyəndə isə daha çox. Mən məmurlardan istəyirəm ki, ümumi büdcənin xərclənməsinə ehtiyac olan yerdə belə, bu ehtiyac birinci dərəcəli və prioritet olmadığı təqdirdə ondan ciddi şəkildə çəkinsinlər. Əgər prioritet olan və olmayan ehtiyac arasında qalsanız, prioritet olmayanı tərk edin, ehtiyac olmadıqda isə əsla xərcləməyin. Əgər bir yerdə ehtiyac, amma ondan da vacib bir məsələ varsa, bu imkanlar daha vacib işə sərf olunsun.[7]


İshaq ibn Əmmar deyir ki, İmam Sadiqə (ə) belə dedim: "Mömin şəxsin on köynəyi ola bilərmi?" Buyurdu: "Bəli". Dedim ki, bəs iyirmi köynəyi necə?" Buyurdu ki, bəli. Soruşdum ki, bəs otuz köynək necə. Buyurdu: "Bəli, bu, israf deyil. İsraf odur ki, bayırda geyindiyin paltarı ev paltarı edib ondan yersiz istifadə edəsən" (əl-Kafi, c. 6, səh: 441).

İsraf adlı bataqlıq

İsraf qadağan olunmuş işlərdəndir. Əlbəttə, mən bilirəm ki, xalqın çoxu, xüsusən də orta təbəqələrin əksəri buna riayət edirlər. İsraf bir bataqlıq, bədxərclik bir şeytan vəsvəsəsidir. Siz düşmənlərin yaratdığı əngəllərə rəğmən, fəal və həvəskar bir gənc kimi ilahi hidayət sayəsində ayağa qalxıb, bu ölkənin böyük sərvət qaynaqlarından istifadə etmək istədikdə az zərəri belə diqqətdə saxlamalı və ondan çəkinməyə çalışmalısınız. İsrafçılıq, çoxlu xərclər çəkmək və bəzi təbəqələrin qeyri-düzgün və qeyri-sağlam gəlirlər əldə etməyə tamahlanması bu qəbildəndir. Bunlar yolverilməzdir.[8]


Bacarıqlı kadrı israf etməyin!

Döyüş texnikasını, qırıcıları, digər alətləri, hətta adi bir tüfəngi də saxlamalıyıq. Ordunun əmlakında səhlənkarlıq və israfçılıq yolverilməz hal və şəriətə görə haramdır. Bu səhlənkarlığı etməyə heç kəsin haqqı çatmır. İnsani qüvvələrdə səhlənkarlıq da belədir. Sizin bacarıqlı kadrları işsiz qoymağa haqqınız yoxdur. Layiqli və səmərəli iş bacarıqlı insanlar tərəfindən görülür. Bu proses daim hərəkətdə olmalıdır. Bunları yaddan çıxarmayın. Daha mühüm olan budur ki, bütün bunlarda uğurun dayağı və təminatçısı olan iman ruhuna diqqət yetirin. İmansız bir qüvvə peşəkarlığın zirvəsində dursa da, işə yaramaz, gərək imanı olsun. İman olan yerdə insanın qəlbi qüvvə hiss edir. İmansız adam səbatsız və etimadsızdır. Özünüzdə və tabeliyinizdə olanlarda imanı gücləndirin. Düşmən bu tövsiyələrlə məğlub olur və bunlardan qorxur.[9]


İsrafçılıq - nizam-intizamlılığın ziddi

Mən hamıya ölkənin maliyyə qaynaqlarını nəzərə almağı tövsiyə edirəm. Bizim ölkəmiz sərvətli ölkədir və özünü yaxşı idarə edib qura bilər. Hətta indiki zamandan əlavə, gələcək dövr üçün də möhkəm təməl qoyub onu təmin edə bilər, amma bu şərtlə ki, xərcləmə yerləri düzgün seçilsin və israfçılığa yol verilməsin. İsraf pisdir, şəriət baxımından günah və haram sayılır. Məntiq və ölkənin idarəsi cəhətindən də qadağan olunmuş çirkin bir işdir. Bu, xüsusi adamlara aid deyil, hamı israfdan çəkinməyə borcludur; həm məmurlar, vəzifəli şəxslər və dövlətdə hansısa sahəyə başçılıq edənlər, həm də ümumi xalq. Buna əsasən, israfdan çəkinməyi, daha doğrusu israfla mübarizə aparmağı tövsiyə ediriksə, bizim müraciət tərəfimiz hamı - həm məmurlar, həm də adi xalqdır.

Ümumi sərvətdə, ölkənin imkanlarında, təbii qaynaqlarda, həmçinin çoxlu zəhmətlə əldə olunanlarda israfçılıq, çörəkdə, suda, enerjidə və insani qüvvələrdə israfçılıq – bunların hamısı pisdir. İsrafçılıq bizim ötən il və öncəki illərdə etdiyimiz nizam-intizamlılıq tövsiyəsinin ziddinədir. İsrafla mübarizə aparmaq üçün proqram hazırlamaq lazımdır və bu işi dövlət məmurları görməlidirlər. Buna əsasən, mənim birinci tövsiyəm israfla, artıq istifadələrlə, ümumi və şəxsi sərvətləri məhv etməklə mübarizədir. Çünki şəxsi əmlak da bir mənada ümumi əmlakdan sayılır.[10]


 

İmam Məhəmməd Baqir (ə) buyurur: "İnsanın bütün kamalı üç şeydədir: dini yaxşı anlamaqda, bəla zamanı dözümlü olmaqda və məişətin idarəsində" (Vəsail əş-Şiə, c. 17, səh: 65).

Parlament deputatları! Hətta bir dəqiqəni də hədər verməyin!

Möhtərəm deputatlara parlamentin və onun komissiyalarının vaxtına əhəmiyyətli yanaşmağı, onun hətta bir dəqiqəsini də hədər verməməyi və iclaslarda mütləq iştirak etməyi tövsiyə edirəm. Həmçinin tövsiyə edirəm ki, komissiyalarda və digər yerlərdə lazım olan dəqiq məlumatlara malik olsunlar, parlamentə təqdim olunmuş layihələr üzərində diqqətlə araşdırma aparsınlar, səsvermələrdə mütləq iştirak etsinlər, İslamın nurlu hökmləri çərçivəsində ölkənin məsləhətinə uyğun səs versinlər və parlamentin tribunasından deyilən bütün fikirləri düşünülmüş olsun.

Həmçinin parlament deputatı olan bütün qardaş və bacıları təqvaya, ibadətə, mənəviyyata, dünya bərbəzəklərinə etinasızlığa, vəzifə və postu kiçik, xalqa xidməti isə böyük və mühüm saymağa, haqqı bərpa, batili məhv etməyə çalışmağa, təkəbbürlülük, etinasızlıq, israfçılıq və yayınmadan çəkinməyə çağırır və Quranın bu möhtəşəm nəsihətini onlara xatırladıram: "Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq təqvalı olanlarındır!"[11]


Cənnət və gülüstan arzusu

Cəmiyyətdə yoxsullara qarşı pis rəftar onlara etinasızlıqla yanaşı olmasa, insanların haqqı yeyilməsə, İslam əxlaqının - İslamda bir insan üçün dəyər sayılan və hədislərin təbirincə desək, ağlın qoşunlarından olan işlər yayılsa, xalq dözümlü və möhkəm olsa, Allaha təvəkkül etsə, təvazökar və səbirli olsa, insanlar bir-birinə qarşı bədbin və biganə olmasalar, cəmiyyətin taleyi naminə qənaətcillik hökm sürsə, artıq xərclərə son qoyulsa, israfçılıq edilməsə, maddi işlərdə acgözlük və tamahkarlıqdan əlamət olmasa, bu cəmiyyət cənnətə və gülüstana çevrilər. Dünyanın, hətta sərvətli və inkişaf etmiş ölkələrin xalqlarının da bugünkü problemi bunlardır. Bu gün əxlaq yoxsulluğu bütün bəşəriyyəti pərişan etmişdir.[12]


Hər il istehlak örnəyinin islahı ilidir!

Mən bu il öncəki illər kimi bütün xalqa bir tövsiyə etmək istəyirəm. Allaha şükür olsun ki, edilən tövsiyələrə diqqət yetirilmişdir; həm xalq diqqət yetirib, həm məmurlar. Mənim gözləntim də hamıdandır - həm xalqdan, həm də məmurlardan. Mən əziz xalqımıza demək istəyirəm ki, bu il hamı israfı kənara qoymağa çalışsın. Təəssüf ki, bizim həyatımızda israf vardır. İsraf ilahi neməti zay etmək və onun qədrini bilməmək deməkdir. Əlbəttə, bu sözdə mənim müraciətim daha çox sərvətlilərədir. Yoxsul, yaxud orta səviyyəli insanlar zənnimcə az israf edirlər. Baxmayaraq ki, onların arasında da bəzən israfçılıq baş verir. Kiçik görünən məsələlərdə, misal üçün sudan istifadədə də israfı kənara qoymaq zəruridir. Bu il yağıntı bir qədər az olub və bu daha çox qənaət tələb edir. Əlbəttə, Allaha şükür olsun ki, bizi pis gələcək gözləmir. Allahın lütfü və mərhəməti ilə hər şey xalqımızın xeyrinə olacaq. Lakin öz həyatımızı dinin və sağlam ağlın bizdən tələb etdiyi şəkildə qurmaq bizim borcumuzdur. Suda, çörəkdə, yeyinti məhsullarında, məişət avadanlıqlarında israfçılıq, artıq almaq, artıq işlətmək, istifadəyə yararlı olanları bayıra tökmək Allahın nemətlərini zay etməkdir.

Statistikalarda oxuyuruq və sizin hamınız da mütləq xəbərdarsınız ki, əkinçilərin böyük zəhmətləri hesabına başa gələn, alınıb una çevrilən və çörək hazırlanan bu buğdanın böyük bir hissəsi təəssüf ki, bayıra tullanır. Mən faiz göstərmək istəmirəm, amma aidiyyətli qurumlar zibilliyə atılan çörəyin miqdarına dair çox yüksək rəqəm söyləyirlər.

Bu yalnız bir misaldır. Biz bütün işlərdə qənaətə vərdiş etməliyik. Qənaət istifadəyə yararlı olanı bayıra tullamamaqdır. Yaradılmış imkanlarla həvəs üzündən rəftar etməyək, uzunömürlü əşyaları daim yeniləmək və xarab olmayan şeyləri tullamaq düzgün üsul deyil. Mənim fikrimcə, ölkə məmurları qənaətcillik və israfla mübarizə yolunu xalqa öyrətməlidirlər. Mən bunu ümumi şəkildə deyirəm. Dövlət məmurlarının özləri də israf etməməlidirlər. Dövlət məmurlarının israfı adi xalqın israfından zərərlidir, çünki bu, beytülmalda israfçılıqdır. Buna görə məmurlar qənaətcillik və israfçılıqdan çəkinməyə dair misalların siyahısını yazıb xalqa versinlər və necə qənaət etməyin mümkünlüyünü öyrətsinlər.[13]


Nə dilənçilik, nə israfçılıq!

Qənaəti özünüzə şüar seçin. Qənaət dilənçilik demək deyil. Bəzi adamlar qalxıb deməsinlər ki, nə üçün xalqı Allahın nemətlərindən istifadə etməyə qoymursunuz. Xeyr! İstifadə etsinlər, amma israf etməsinlər. Cəmiyyətdə israfçılıq zadəganlığa, sərvətin qeyri-bərabər bölgüsünə, ümumi əmlakın və ilahi nemətin zay olmasına gətirib çıxarır. İslamda tövsiyə olunan düzgün qənaətcillik yeməmək deyil, onda ifrata varmamaq, Allahın malını haram və ilahi neməti zay etməməkdir. Əgər bir cəmiyyət İslam göstərişi olan qənaətə əməl etmək istəsə, ümumi formada ədalət və ictimai ədalət məsələsi ilə məşğul olmağın zəruriliyini bilməlidir. Bu yolu davam etdirmək üçün hamı və hamı çalışmalıdır. İndi ölkə Allahın lütfü ilə quruculuqla məşğul olduğuna görə ədaləti unutmaq və sui-istifadə edənlərə şərait yaratmaq olmaz. Məhkəmə məmurları məhkəmələri gücləndirməklə, icraçı məmurlar vəzifə, iş, layihə və sərvətləri etimadlı insanlara tapşırmaqla, qanunverici orqanın məmurları və İslam Şurası Məclisinin deputatları münasib qanunlar qəbul etməklə bunu təmin etməlidirlər.[14]


Qənaəti öyrətməlisiniz!

Mənim indiki dövrdə demək istədiyim budur ki, əziz xalqımız israfdan ciddi şəkildə çəkinsin. Bir xalq olaraq haqqımız yoxdur ki, özümüzün indiki böyük, mühüm və uzunmüddətli milli mənafeyimizi, bizi israfa sövq edən şəxsi istəklərimizə qurban verək və onları görməzliyə vuraq. Hamı qənaət məsələsinə ciddi yanaşmalıdır.

Bu il mənim mühüm tövsiyəm qənaətdən ibarətdir. Hökumət də qənaət etsin, xalq da. Hökumət qənaət etməkdən əlavə, həm də qənaətin yollarını xalqa öyrətməlidir. Nə qədər ki, vaxt ötməyib və ilin ilk ayları keçməyib, müxtəlif sahələrdə – suda, çörəkdə, benzində, müxtəlif xərclərdə, ölkənin sərvətləri və nefti hesabına almağa məcbur olduğumuz bütün şeylərdə xalqın qənaətinə dair bir siyahı hazırlasınlar və onlarda qənaət etməyin yollarını göstərsinlər. Xalq da ciddi şəkildə qənaət etməyə çalışsın.

Mənim əzizlərim! Mən xalqı riyazətə dəvət etmirəm. Allaha şükür olsun ki, bizim buna ehtiyacımız yoxdur. Qəmli riyazət şəraiti bu xalqdan uzaq olsun! Mən xalqı qənaətə dəvət edirəm - başıuca qənaətə, məntiqli insan qənaətinə. Bizim xalqımız başa düşməlidir ki, bununla öz gələcəyini təmin edə, ölkənin iqtisadi inkişafını asanlaşdıra və onun idarəsində düzgün tədbirlər seçə bilmələri üçün məmurlara kömək edə bilər.[15]


Biz israf etməklə özümüzü vurmuş oluruq!

Mənim əzizlərim! Bizim ölkəmizdə israf çoxalır. Biz bir neçə cəhətdən, o cümlədən neft sarıdan iqtisadi ziyan görürük. Neft xalqın və onun dövlətinin sərvətidir. Bilirsiniz ki, bizdən neft alan şirkətlər buna görə öz ölkələrinə vergi ödəyirlər. Həmin ölkələrin aldığı vergi bizim neft gəlirimizdən çoxdur. Siz görün dünyada necə böyük zülm baş verir. Yəni sənaye ölkələrinin iş adamları və zavodları Fars körfəzindən neft alıb oraya aparırlar. Bu zaman ölkələrinə idxal etdikləri neftə görə öz dövlətlərinin onlardan aldığı verginin miqdarı nefti istehsal və ixrac edən dövlətin neft satışından aldığından çoxdur. Bu, zülm deyil?! Bu, sənaye ölkələri tərəfindən edilən zülm və zorakılıqdır. Bu bir zərər. Mən iki-üç il öncə ölkə məmurları ilə neftsiz iqtisadiyyat devizi haqda söhbət etdim. Onlar da həqiqətən yaxşı qarşıladılar. Təbii ki, bu asan iş deyil. Bu iş bir ilin, iki ilin, beş ilin ərzində görülmür, tədricən görülməlidir. Biz ölkənin idarəsi, idxalatı, xidmət sahələri, təhsili və digər işləri üçün qiymətli ehtiyatımız olan nefti satıb buğda, yaxud quru süd idxal etməyə məcbur olmamalıyıq. Bu düzgün deyil.

Bir neçə ildir bu məsələni məmurlara demişik. Həm öncəki hökumətdə, həm də indiki hökumətdə məmurlar bu işlə ciddi məşğul olublar və olurlar. Lakin iş çətindir. Bu işin təməli Pəhləvi rejimi dövründə yanlış qoyulmuşdur. Keçmiş rejimin bu ölkəyə nə etdiyindən xəbəri olmayan gənclər bilsinlər ki, onların etdiyi onlarla xəyanətdən biri budur. Onlar bu ölkənin iqtisadiyyatını neftən asılı etdilər və indi onu asanlıqla dəyişmək olmur. Bu xalq çalışıb müxtəlif ixracatla - meyvə ixracı ilə, bu ölkədə mövcud olan müxtəlif mədənlərin ixracı ilə, sənaye, əkinçilik və digər işlərlə bu ölkəni idarə etməlidir.



  İrəli
Go to TOP