A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


169. Yalnız Cəhənnəm yoluna (hidayət edər) ki, orada həmişəlik olaraq əbədi qalarlar. Bu iş (saysız-hesabsız insana sonu bilinməyən bir müddət ərzində məhdudiyyəti olmayan bir əzab vermək) Allah üçün asandır.

170. Ey insanlar, həqiqətən Bizim elçimiz sizə Rəbbiniz tərəfindən haqq (din və kitab)ı gətirmişdir. Buna görə də iman gətirin ki, (bu) sizin xeyrinizədir. Əgər kafir olsanız, onda (bilin ki, Allahın sizə ehtiyacı yoxdur, çünki) həqiqətən göylər və yer Allahın həqiqi mülküdür və Allah həmişə bilən və hikmət sahibidir.

171. Ey kitab əhli (ey xaçpərəstlər), öz dininizdə həddi aşmayın və Allaha qarşı haqq və həqiqətdən başqa bir şey deməyin («Allah allahlıqdan İsanın vücuduna çevrilmişdir» və ya «Allah ruh kimi İsanın bədəninə daxil olmuşdur» deməyin). Həqiqətdə Məryəm oğlu İsa Məsih Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə («ol!» kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) və Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur. Odur ki, Allaha və Onun peyğəmbərlərinə iman gətirin və «(Allah) üçlükdür (Allahın zatının cövhəri üç mövcuda – ata, oğul və Ruhul-Qudusa bölünüb)» deməyin. (Bu sözdən) çəkinin ki, sizin xeyrinizədir. Həqiqətən Allah tək olan tanrıdır, övladı olmaqdan pak (və uzaq)dır. Göylərdə və yerdə olanlar Onun həqiqi mülküdür. Allah (varlıq aləminin işlərini) düzəltmək üçün kifayətdir.

172. Məsih Allahın qulu olmaqdan əsla imtina etmir və (bundan Allahın dərgahına) yaxın olan bütün mələklər də imtina etmirlər. Kim Ona ibadət etməkdən imtina etsə və təkəbbürlük göstərsə, (Allah Qiyamət günü) onların hamısını (layiq olduqları kimi cəzalandırmaq üçün) Öz hüzuruna toplayacaqdır.

173. Lakin iman gətirib yaxşı işlər görmüş kəslərin mükafatlarını kamil şəkildə verəcək və onlara Öz lütf və rəhmətindən artıracaqdır. (İbadət etməkdən) imtina edən və təkəbbür göstərən kəsləri isə ağrılı bir əzabla cəzalandıracaqdır və onlar (orada) özlərinə Allahdan başqa bir başçı və yardımçı tapmayacaqlar.

174. Ey insanlar, həqiqətən Rəbbinizdən sizə (peyğəmbər, din və onun möcüzələri kimi) bir dəlil-sübut gəlmişdir. Və sizin üçün aşkar və aydınlıq gətirən bir nur (Quran) nazil etdik.

175. Allah tezliklə Ona iman gətirmiş və sığınmış kəsləri Öz tərəfindən olan bir rəhmət və mərhəmətə daxil edəcək və Özünə tərəf olan doğru yola hidayət edəcəkdir.

176. Səndən hökm verməyini istəyirlər, de: «Kəlalə (ata-anaları bir olan, yaxud yalnız atadan bir olan bacılar) barəsində sizə Allah hökm verir: Əgər övladı (atası, anası və babası) olmayan bir kişi ölsə və onun yalnız bir bacısı olmuş olsa, onun mirasının yarısı (şəriətin ilkin qaydasına əsasən) ona məxsusdur (qalan hissələr ikinci qaydaya əsasən irs olaraq ona düşür). Bu qardaş da, əgər bacının övladı yoxdursa onun (malının hamısının) varisi olur. Amma əgər bacılar iki nəfər olsalar, ölənin mirasının üçdə ikisi onlara məxsusdur (və qalan hissələr də şəriətin ikinci qaydasına əsasən irs kimi onlara düşür). Əgər onlar bir neçə bacı və qardaş olsalar (bütün miras onlara məxsusdur, lakin) kişiyə iki qadının payı qədər düşür. Allah (məsələləri) sizə (bu cür) bəyan edir ki, məbada azasınız. Allah hər şeyi biləndir.

 Əl-Maidə surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ey iman gətirənlər, əhd-peymanlarınıza (nəzr, əhd və and içmək kimi özünüzlə olan peymanlara, müqavilə və digər sazişlər kimi camaatla bağladığınız peymanlara və dinin hökmlərinə riayət etməyi boyuna götürmək kimi Allahla olan peymanlara ki, bəzi şeylərin halallığına və haramlığına riayət etmək də bu qəbildəndir) vəfa edin. Dördayaqlı heyvanlar(ın ətləri və kəsilərkən analarının qarınlarından ölü halda çıxan balaları) sizə oxunan istisna olmaqla, ehram halında ov etməyi halal hesab etməyən sizlərə halal edildi. Həqiqətən Allah istədiyini hökm edir.

2. Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin. Ehramdan çıxdıqdan sonra ov ovlaya bilərsiniz. Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin. Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır.

3. Ölü (kəsilmədən murdar olmuş) heyvan, qan, donuz əti, (kəsilən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkilmiş, boğulmuş, vurmaqla öldürülmüş, hündürlükdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu vasitəsilə ölmüş və yırtıcı heyvanın öldürərək yediyi heyvan – (yuxarıda qeyd edilən heyvanların əti halal olanlarından canı çıxmamış) şəriət qanunu ilə kəsə bildikləriniz istisna olmaqla – (bunları yemək,) həmçinin, müqəddəs daşın üzərində (ya bütlər üçün) kəsilmiş heyvan(ın ətini yemək) və eləcə də (heyvanın ətini) qumar oxları ilə bölmək sizə haram oldu. Bu əməllərin hamısı Allaha qarşı itaətsizlikdir. Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim. Beləliklə əgər kimsə qəhətlik və şiddətli aclıq halında günaha meyli olmadan (həmin haram şeylərin bəzilərindən yeməyə) məcbur olsa, Allah çox bağışlayan və mehribandır.

4. Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: «Bütün pak şeylər (ağılın qəbul etdiyi və insan təbiətinin meyl göstərdiyi ərzaq, geyim və digər yaşayış vasitələri) sizə halal edildi. (Həmçinin) Allahın sizə öyrətdiklərindən onlara öyrədərək təlim keçib əhliləşdirdiyiniz ov heyvanlarının (ovladıqları sizə halaldır). (Beləliklə) sizin üçün tutub saxladıqları hər bir heyvandan yeyin və (onları ov üzərinə göndərərkən) onun üçün Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz Allah tez hesab çəkəndir.

5. Bu gün, pak olan şeylər sizə halal oldu. (Səmavi) kitab verilmiş kəslərin yeməyi sizə halal, sizin yeməyiniz onlara halaldır. (Həmçinin) zina əhli olmadan və gizlində qeyri-qanuni aşna saxlamadan, ismətli olub mehriyyələrini ödəyəcəyiniz təqdirdə möminələrdən olan azad və ismətli qadınlar(la), eləcə də sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən olan azad və ismətli qadınlar(la evlənmək sizə halaldır). Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır.

6. Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz.

7. Allahın sizə olan nemətini və «eşitdik və itaət etdik» dediyiniz zaman (peyğəmbərliyi və dini qəbul etməklə) sizinlə bağladığı əhd-peymanını xatırlayın. Allahdan qorxun ki, həqiqətən Allah ürəklərdə olanı biləndir.

8. Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır.

9. Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir.

10. Kafir olub ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər.

11. Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanları terror etmək və onların üzərinə qəfildən hücum etmək fikrində olduğu) zaman Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.

12. Həqiqətən Allah İsrail övladlarından əhd-peyman aldı. Biz onlardan (on iki qəbilə üçün) on iki nəfər başçı seçdik. Allah onlara dedi: «Şübhəsiz, Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim) peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm. Beləliklə, əgər bundan sonra sizdən kimsə kafir olsa, doğrudan da o, doğru yolu itirmişdir.

13. Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb və təbiətlərini eybəcərliyə və hökümətlərini süquta məhkum etdik) və qəlblərini sərtləşdirdik. (Belə ki,) (Allahın) sözlərin(in) yerini dəyişib təhrif edirdilər və xəbərdar edildikləri şeylərdən (Tövrat elmləri və İslam Peyğəmbərinin peyğəmbərlik nişanələrindən) olan layiqli pay(ların)ı unutdular. Sən həmişə onların – az bir qismi istisna olmaqla –xəyanətkarlıqlarından xəbərdar olacaqsan. Buna görə də (hələlik, nə qədər ki, cihada əmr olunmamısan) onlardan keç və üz döndər ki, həqiqətən Allah yaxşıları və yaxşı iş görənləri sevir.

14. «Biz xaçpərəstlərik (Allaha köməyə qalxırıq)» deyənlərdən (dünyada pəhrizkar olmaları, sözlərinin bir olması və dində parçalanmamaları barəsində) əhd-peyman aldıq. Onlar sonra xəbərdar edildikləri şeylərdən (İncilin tovhid məsələləri və İslam Peyğəmbərinin əlamətləri və sifətləri kimi təlimlərindən) olan layiqli pay(ların)ı unutdular. Buna görə də onların arasında Qiyamət gününədək düşmənçilik və kin yaratdıq. Tezliklə Allah onları etdiklərindən xəbərdar edəcəkdir.

15. Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam peyğəmbərinin xüsusiyyətləri və Onun peyğəmbərliyinin nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (Allahın cism olması barəsindəki sözlərə və peyğəmbərlərə günah nisbət verilməsinə də hələlik) göz yumur. Həqiqətən Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib.

16. Allah (iman gətirib) Onun razılığına tabe olanları o (nur və kitabın) vasitəsilə (üsulid-din və füruid-dinin yolu olan) salamatlıq yollarına hidayət edir, onları Öz köməyi ilə qaranlıqlardan (küfr, nifaq və itaətsizlik zülmətlərindən) nura tərəf çıxardır və doğru yola hidayət edir.

17. Şübhəsiz, «həqiqətən Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq vücudu mümkün olan varlığa çevrilib və ya vacib varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. De: «Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını öldürmək istəsə, Allahın müqabilində kim bir şeyə malikdir? Halbuki, göylərin, yerin və o ikisinin arasında olanların həqiqi sahibi Allahdır. İstədiyini yaradır. Allah hər şeyə qadirdir.

18. Yəhudi və xaçpərəstlər dedilər: «Biz Allahın oğulları və Onun sevimliləriyik». De: «Onda bəs nə üçün Allah sizə günahlarınıza görə əzab verir?» Əksinə, siz də Onun yaratdıqlarından bir bəşərsiniz. İstədiyi şəxsi (rəhmətinin tələbinə əsasən) bağışlayır və istədiyi şəxsə (ədalətinin tələbi əsasında) əzab verir. Göylərin, yerin və onların arasındakıların həqiqi sahibi Odur və qayıdış Ona tərəfdir.

19. Ey kitab əhli, həqiqətən (Qiyamət günü) «bizə heç bir müjdə verən və qorxudan gəlmədi» deməməyiniz üçün Bizim peyğəmbərimiz sizin yanınıza gəldi ki, o, peyğəmbərlər silsiləsinin arası kəsildiyi dövrdə (İsa ilə Muhəmmədin – səlləllahu əleyhi və alihi və səlləm – peyğəmbərlik dövrləri arasındakı zaman fasiləsində dini maarifi) sizə bəyan edir. Deməli doğrudan da sizə müjdə verən və qorxudan gəldi. Allah hər şeyə qadirdir.

20. Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, Allahın aranızda peyğəmbərlər təyin etdiyi və sizi (insanlara) padşahlar etdiyi və sizə (düşməninizin suda batması, müfəssəl Tövrat, içindən çeşmə çıxan daş, bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin kimi) aləmdəkilərdən heç kəsə vermədiyi şeyi verdiyi zamandakı nemətini xatırlayın».

21. «Ey mənim qövmüm, Allahın sizin üçün yazdığı və qərara aldığı bu müqəddəs torpağa (Beytül-Müqəddəsə) daxil olun, geriyə dönməyin və arxaya çəkilməyin ki, (əks təqdirdə) ziyana uğrayarsınız.»

22. Dedilər: «Ey Musa, həqiqətən orada qüdrətli və zalım bir dəstə var və onlar oradan çıxmayınca biz əsla ora daxil olmayacağıq. Amma əgər onlar ordan çıxsalar biz mütləq daxil olacağıq».

23. (Allahdan) qorxanlardan olan və Allahın (iman və şücaət) nemət(i) verdiyi şəxslərdən iki kişi dedi: «Bu qapıdan (şəhərin darvazasından) onlara hücum edin və elə ki, oraya daxil oldunuz, mütləq siz qalibsiniz.Əgər imanınız varsa yalnız Allaha təvəkkül edin».

24. Dedilər: «Ey Musa, nə qədər ki, onlar oradadırlar (həmin şəhərdədirlər) biz əsla ora daxil olmayacağıq. Odur ki, sən və Rəbbin gedin (onlarla) vuruşun, biz mütləq elə burada oturacağıq».

25. (Musa) dedi: «Ey Rəbbim, (boynuma qoyduğun vəzifənin çatdırılması və cihada dəvət etmək barəsində) mənim özümdən və qardaşımdan başqa heç kəsə gücüm çatmır (və tayfadan yalnız az bir hissəsi mənim tabeçiliyimdədir). Odur ki, bizimlə bu itaətsiz dəstə arasında ayrılıq sal».

26. (Allah) dedi: «Bu torpaq (günahlarının cəzası olaraq) qırx il onlara haram oldu. (Bu müddət ərzində) onlar daim yer üzündə (Sina çölündə) sərgərdan qalacaqlar. Odur ki, bu itaətsiz dəstəyə görə qəmgin olma».

27. Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: «Səni mütləq öldürəcəyəm». (Habil) dedi: «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir».

28. «Əlbəttə, əgər sən məni öldürmək üçün əlini mənə uzatsan (da), mən (özümü müdafiə etsəm) səni öldürmək üçün sənə əl uzadan deyiləm. Həqiqətən mən aləmlərin Rəbbi olan Allahdan qorxuram».

29. «Mən istəyirəm (əvvəl başlamayım) ki, sən (məni öldürmək günahı və) mənim (digər) günah(lar)ımla və öz günahlarınla (Allah dərgahına) qayıdasan və Cəhənnəm əhlindən olasan. Budur zalımların cəzası»!

30. Beləliklə, (pis işlərə əmr edən) nəfsi onu qardaşını qətlə yetirməyə həvəsləndirdi və (bu işi ona) asan göstərdi. Beləliklə onu öldürdü və ziyana uğrayanlardan oldu.

31. Allah ona qardaşının görünməməli olan cəsədini necə gizlətməsini göstərmək üçün (nəyisə basdırmaq üçün) yeri qazan bir qarğa göndərdi. O dedi: «Vay olsun mənə! Məgər mən bu qarğa kimi olub qardaşımın cəsədini gizlətməkdən də aciz olmuşam?!» Beləliklə o, peşman olanlardan oldu.

32. Bu səbəbdən (belə bir faciə baş verdiyi üçün) İsrail övladlarına (və tarix boyu olacaq bütün millətlərə belə) yazdıq və qərara aldıq ki, kim can qisası (haqqına malik) olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə (ya İslamdan küfrə aparsa), sanki bütün insanları öldürmüşdür (və azdırmışdır və o, günahsızların qatillərinə məxsus Cəhənnəmdə olacaqdır) və kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmiş (və hidayət etmiş)dir. Doğrudan da Bizim peyğəmbərlərimiz onlar (İsrail övladları) üçün aydın dəlillər gətirdilər, sonra onların çoxu onun ardınca yer üzündə həddən artıq fəsad və qan tökməyə başladılar.

33. Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır.

34. Siz ələ keçirməmişdən qabaq tövbə edənlər istisna olmaqla! Buna görə də bilin ki, Allah çox bağışlayan və mehribandır.

35. Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız.

36. Şübhəsiz, əgər yer üzündə olanların hamısı və üstəlik bir o qədəri də kafirlərin olsa ki, onu Qiyamət gününün əzabı(ndan qurtulmaları) üçün fidyə versinlər, onlardan qəbul olunmaz. Onlar üçün ağrılı bir əzab vardır.

37. Daim oddan çıxmaq istəyərlər. Amma əsla oradan çıxan deyildirlər. Onlar üçün həmişəlik bir əzab vardır.

38. (Ey İslam hakimləri,) oğru kişi və oğru qadının əlini (baş barmaqlarını çıxmaqla sağ əllərinin dörd barmaqlarını) etdikləri işin müqabilində Allah tərəfindən müəyyənləşdirilmiş bir cəza olaraq kəsin. Allah yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir.

39. (Kim etdiyi zülmündən sonra tövbə etsə və (əqidə və əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar və tövbəsini qəbul edər. Həqiqətən Allah çox bağışlayan və mehribandır.

40. Məgər göylərin və yerin həqiqi səltənət və mülkiyyətinin Allaha məxsus olmasını bilmirsən?! (Çünki yaratmaq, qorumaq, işlərin nizama salınması və yox etmək, bunların hamısı Onun iradə və istəyinin təsiri altındadır.) İstədiyinə (ədalət və hikmətə uyğun olaraq) əzab verər və istədiyini (rəhmət əsasında) bağışlayar. Allah hər şeyə qadirdir.

41. Ey Peyğəmbər, küfrdə (ona meyl göstərməkdə və kömək etməkdə) tələsən kəslər – istər dilləri «iman gətirdik» deyib qəlbləri iman gətirməmiş kəslər (münafiqlər), istərsə də yəhudilər səni kədərləndirməsinlər. Onlar çox yalan eşidən və sənin yanına gəlməyən dəstənin (alimlərinin) əmrlərinə çox qulaq asan (tabe olan)lardır. (Onların alimləri) o kəslər(dir) ki, (Tövratın) kəlmələri (və hökmlərini) öz yerlərində qərar tutduqdan sonra təhrif edirlər (və avamlarına) «əgər bunu (bu hökmü) sizə versələr, götürün və əgər onu verməsələr (ondan başqasını versələr) çəkinin» deyirlər. Sən Allahın əzab(a düçar) və xar olmasını istədiyi kəsdən Allah(ın əzabın)dan əsla bir şeyi dəf edə bilməzsən. Onlar Allahın qəlblərini pak etmək istəmədiyi kəslərdir. Onlar üçün dünyada xarlıq, axirətdə isə böyük bir əzab olacaqdır.

42. Onlar yalana çox qulaq asaraq onu qəbul edən və haram yeyənlərdir (onlar öz alimlərindən yalan qəbul edirlər və alimləri camaatdan rüşvət alırlar). Buna görə də əgər sənin yanına gəlsələr, istəsən onların arasında hökm et, yaxud onlardan üz döndər. Əgər üz döndərsən, sənə əsla bir ziyan vura bilməzlər. Əgər hökm etsən, aralarında haqq-ədalətlə hökm et, çünki Allah ədalətliləri sevir.

43. Allahın hökmü içərisində olan Tövrat onların yanlarında ola-ola səni necə hakim təyin edir, sonra onun (sənin çıxardığın hökmün) ardınca (çıxarılmış hökmün kitabları ilə üst-üstə düşməsinə baxmayaraq) üz döndərirlər?! Onların (öz kitablarına da) imanları yoxdur.

44. Həqiqətən Biz onda hidayət və nur olan Tövratı nazil etdik. (Musanın zamanından İsanın zamanına qədər Musanın dininə) təslim olan peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarırdılar. Həmçinin rəbbani (Allahpərəst) alimlər və (Tövratşünas) bilik sahibləri onlardan Allahın kitabının qorunması istənildiyi və onlar onun (qalması və toxunulmazlığına) şahid olduqları üçün (onun əsasında hökm çıxarırdılar). Odur ki, (ey yəhudi alimləri,) insanlardan qorxmayın, Məndən qorxun və Mənim ayələrim(i təhrif etmək) vasitəsilə az bir qazanc əldə etməyin! Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır kafirlər!

45. Biz o kitabda onlar üçün (belə) qərara aldıq ki, canın müqabilində can, gözün müqabilində göz, burunun müqabilində burun, qulağın müqabilində qulaq və dişin müqabilində dişdir (və bunların hər birinin qisası alınır). Yaraların da qisası vardır. Kim qisas alınmasına boyun qoysa bu, (onun həmin günahı üçün) bir kəffarədir. Kim qisas almaqdan keçsə, bu, (onun günahları üçün) bir kəffarədir. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır zalımlar!

46. Onların (qabaqkı peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı göndərdik ki, o, özündən əvvəlki Tövratı təsdiqləyirdi. Və ona içində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən və pəhrizkarlar üçün hidayət və nəsihət olan İncil verdik.

47. Gərək İncil əhli Allahın onda nazil etdiyinin əsasında hökm etsin. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır fasiqlər!

48. Biz bu kitabı sənə haqq və doğru olaraq özündən əvvəlki (səmavi) kitabları təsdiq edən və onlara hakim, nəzarətçi, qoruyan və şahid kimi nazil etdik. Buna görə də onların arasında Allahın (sənə) nazil etdiyinin əsasında hökm et və heç vaxt sənə gəlmiş haqdan dönərək onların (nəfsi) istəklərinə tabe olma. Siz (ümmətlər)in hər biriniz üçün aydın bir şəriət və yol qoyduq. Əgər Allah (Öz qəti iradəsi ilə) istəsəydi, şübhəsiz, sizin hamınızı (bütün ümmətləri) bir ümmət edərdi (tarix boyu bütün bəşəriyyətə eyni durğun zehni istedad verər və hamını bir şəriətə möhtac edərdi). Lakin sizi, sizə verdiyi şeylə imtahan etmək istədi (buna görə də insanlara kamilləşməsi mümkün olan müxtəlif istedadlar verdi və onun təkamülünə uyğun olaraq şəriətlər nazil etdi). Buna görə də xeyir işlərə doğru bir-birinizi qabaqlayın. Hamınızın qayıdışı Allaha tərəfdir. O sizi, barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir.

49. (Sənə vəhy etdik ki,) onların arasında Allahın nazil etdiyinin əsasında hökm et, onların nəfsi istəklərinə tabe olma və onlardan çəkin ki, məbadə səni Allahın sənə nazil etdiyinin bəzisindən döndərələr. Beləliklə əgər onlar (sənin hökm etməyindən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarının cəzası olaraq müsibətə düçar etmək istəyib. Əlbəttə insanların çoxu fasiq və Allahın itaətindən çıxandırlar.

50. Bəs onlar cahiliyyət dövrünün hökmünü istəyirlər?! (Yaradılışın başlanğıc və sonuna) yəqinliyi olanlar üçün kimin hakimliyi Allahın hakimliyindən daha yaxşıdır?!

51. Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri özünüzə dost və köməkçi tutmayın, onlar bir-birlərinin dostu və köməkçiləridir. Sizdən kim onları özünə dost və köməkçi tutsa, onlardan olacaqdır (və zalımdır və) şübhəsiz, Allah zalım dəstəni hidayət etməz.

52. Beləliklə qəlblərində xəstəlik (nifaq və ikiüzlülük xəstəliyi) olan kəslərin onlar(la dostluğ)a tələsmələrini, «bizə pis bir hadisənin üz verməsindən (İslam dövlətinin süquta uğramasından və onların bizə hakim olmalarından) qorxuruq» demələrini görürsən. Ümid var ki, Allah (müsəlmanlar üçün) bir qələbə, yaxud Öz tərəfindən bir iş qarşıya çıxarsın (kafirləri başqa yolla həlak etsin) və onlar qəlblərində gizlətdikləri şeyə görə peşman olsunlar.

53. İman gətirənlər (münafiqlərin nifaqı üzə çıxan zaman bir-birlərinə) deyərlər: «Sizinlə birlikdə olmalarına dair Allaha möhkəm and içənlər bunlar idilər?!» (Doğrudan da) onların (münafiqlərin) əməlləri batil və puç oldu və onlar ziyana uğradılar.

54. Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.

55. Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun rüku halında üzük bağışlamasıdır).

56. Kim Allahı, Onun peyğəmbərini və iman gətirənləri (öz) sahib və başçı(sı) kimi qəbul etsə (Allahın firqəsindəndir və) şübhəsiz, Allah firqəsi qalibdir.

57. Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə Allahdan qorxun.

58. (İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu ona görədir ki, onlar düşünməyən bir tayfadırlar.

59. De: «Ey kitab əhli, məgər bizdən yalnız Allaha, (Onun tərəfindən) bizə nazil olana və bizdən öncə (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirməyimizi, sizin çoxunuzun isə itaətsiz olmağınızı eyb tut(m)ursunuz?!» (Bu ayə bu sözə oxşayır ki: «Mənə mənim yalnız varlı, sənin isə yoxsul olmağını, yaxud mənim alim, sənin isə nadan olmağını eyb tutursan.»)

60. De: «Sizə Allah yanında cəzaları (sizin irad tutduğunuz bu möminlərinkindən) daha pis olan kəslərdən xəbər verimmi? Onlar (sizin keçənlərinizdən) Allahın lənət etdiyi, qəzəbləndiyi,bəzisini meymunlar və donuzlar surətinə saldığı və Tağuta pərəstiş etmiş kəslərdir. Onlardır yerləri daha pis olan və düz yoldan daha çox azanlar!»

61. Onlar sizin yanınıza gələndə «iman gətirdik» deyərlər, halbuki, şübhəsiz (sizin hüzurunuza) küfr əqidəsi ilə gəlib və (elə) həmin əqidə ilə də xaric olublar! Allah onların həmişə gizlətdiklərini daha yaxşı bilir.

62. Onların çoxunun günah etmək, (başqalarının hüququna) təcavüzkarlıq və haram yeməkdə tələsdiklərini görürsən. Onların həmişə etdikləri çox pisdir!



Geri   İrəli
Go to TOP