A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


122. O zaman sizdən iki dəstə süstlük və zəiflik göstərmək (və yolun yarısından ayrılaraq qayıtmaq) istədi halbuki, Allah onların köməkçisi və yardımçısı idi (və elə buna görə də onları bu fikirdən daşındırdı). Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.

123. Həqiqətən, Allah sizə Bədr (döyüşün)də gücsüz və pənahsız olduğunuz halda kömək etdi. Buna görə də Allahdan qorxun ki, bəlkə şükr edəsiniz.

124. O zaman möminlərə «Rəbbinizin (göydən) endirilmiş üç min mələklə sizə kömək etməsi bəsiniz deyilmi?!» deyirdin.

125. Bəli, əgər səbr etsəniz və təqvalı olsanız və onlar həmin tezliklə və haray-həşirlə sizə üz tutsalar (hücum etsələr), Rəbbiniz sizə nişanə qoyulmuş beş min mələklə kömək edər.

126. Allah bunu (kömək vədəsini və mələklərin göndərilməsini) yalnız sizə müjdə olaraq və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (çünki, adətən qəlblər əsas səbəbkara və amilə deyil, zahirdə görünən səbəb və vasitələrə yönəlir). Kömək və yardım yalnız yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindəndir (çünki bütün səbəblərin səbəbkarı və amili Onun istəyidir).

127. (Və həmçinin bu qələbəni nəsib etdi) ki, kafirlərin bəzisinin kökünü kəssin və ya onları naümid geri qayıtmaları üçün əzsin.

128. Onların heç bir işi sənin əlində deyil. (Allah) ya onlara nəzər salaraq tövbə etmələrinə kömək edər, ya da onlara (bu dünyada möhlət, axirətdə isə) əzab verər. Çünki onlar zalımdırlar. (Bu dörd işin hamısı Allaha aiddir və sənin vəzifən yalnız Onun əmrlərini çatdırmaq və əmri yerinə yetirməkdir.)

129. Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun əlindədir). İstədiyini (və layiq bildiyini) bağışlayır və istədiyinə (bütün dəlillər təqdim olunub qurtardıqdan sonra) əzab verər. Allah çox bağışlayan və mehribandır.

130. Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələmi yeməyin və Allahdan qorxun, bəlkə nicat tapasınız.

131. Kafirlər üçün hazırlanmış oddan çəkinin.

132. Allaha və Onun peyğəmbərinə itaət edin, bəlkə rəhm olunasınız.

133. Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin.

134. (Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir.

135. Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər.

136. Onların mükafatları öz Rəbbi tərəfindən bağışlanmaq və (ev və ağaclarının) altından çaylar axan cənnətlərdir. Orada əbədi qalacaqlar. Bu əməl sahiblərinin mükafatı necə də gözəldir!

137. Əlbəttə, sizdən öncə ilahi ənənəyə (Allahın dəyişməz ənənəvi qanunlarına) əsasən (kütləvi məhv etmələr kimi) bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın və təkzib edənlərin aqibətinin necə olmasına baxın.

138. Bu (Quran), insanlar üçün (həqiqətlərə) aydınlıq gətirən və təqvalılar üçün başdan-başa hidayət və nəsihətdir.

139. Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz.

140. Əgər (Ühüd döyüşündə) sizə yara və zərər-ziyan dəydisə (Bədr döyüşündə də) o biri dəstəyə onun kimi yara və zərər-ziyan dəydi. Biz bu (qələbə və məğlubiyyət) günləri(ni daha kamil bir quruluşun xeyiri,) Allahın iman gətirənləri üzə çıxarması (və Onun əzəli elminin xarici aləmdə gerçəkləşməsi) üçün, həmçinin sizin aranızdan (axirətdə insanların əməllərinə şahid durmaq üçün) şahidlər götürmək üçün insanların arasında növbə ilə dolandırırıq. Allah zalımları sevmir.

141. Və həmçinin iman gətirənləri xalis etmək və saflaşdırmaq, kafirləri tədriclə məhv etmək üçün!

142. Yoxsa Allah aranızdan cihad edənləri və səbirliləri məlum etməmiş (üzə çıxarmamış və Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) Cənnətə daxil olacağınızı güman edirsiniz?!

143. Şübhəsiz, siz ölümlə qarşılaşmamışdan qabaq onu arzulayırdınız (möminlər Ühüd müharibəsindən qabaq şəhid olmağı arzulayırdılar). Beləliklə, həqiqətən (Ühüd müharibəsində) ona baxdığınız halda gördünüz onu! (Bəs onda sarsıntı və döyüşdən qaçmaq nə üçündür?)

144. Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır.

145. Heç kəsin Allahın əzəli istək və əmri olmadan ölməsi mümkün deyildir. (Hər bir canlının ölümü) müəyyən olunmuş, vaxtlı bir yazıdır. Kim (öz səylərindən) dünya mükafatı istəsə, ondan ona verərik və kim axirət mükafatı istəsə, ona ondan verərik. Şükr edənləri tezliklə mükafatlandıracağıq.

146. Nə çox peyğəmbərlər ki, onlarla birlikdə çoxlu ilahi şəxsiyyətlər vuruşmuşlar. Beləliklə onlar Allah yolunda düçar olduqları şey müqabilində süstləşərək zəifləmədilər və əyilərək təslim olmadılar. Allah səbirliləri sevir.

147. (Döyüşün şiddətli anlarında) onların dedikləri söz yalnız bu idi ki: «Ey Rəbbimiz! Bizim günahlarımızı və işimizdəki israfçılığımızı bağışla, qədəmlərimizi möhkəmləndir və bizə kafir dəstəyə qarşı kömək et.»

148. Beləliklə, Allah onlara bu dünyanın mükafatını və axirətin gözəl mükafatını əta etdi. Allah yaxşılıq edənləri sevir.

149. Ey iman gətirənlər, əgər kafirlərə itaət etsəniz, sizi geriyə (cahiliyyət dövrünün küfr və nadanlığına) qaytararlar, beləliklə də ziyana uğrayarsınız.

150. (Onlar sizə kömək edən və həmçinin itaətə layiq deyildirlər,) əksinə sizin yardımçınız Allahdır və O, kömək edənlərin ən yaxşısıdır.

151. Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşmalarının cəzası olaraq qorxu və vahimə salacağıq. Onların qalacaqları yer oddur. Zalımların qalacaqları yer nə qədər də pis bir yerdir.

152. Şübhəsiz, Allah (Ühüd müharibəsində) Onun əmri ilə onları (müşrikləri) əzib-tökdüyünüz zaman Öz vədini sizin üçün gerçəkləşdirdi, o vaxta kimi ki, süstləşdiniz, (sizə əmr olunmuş) işdə (yəni düşmənin qəflətən hücum edə biləcəyi mövqeyin qorunmasında) ixtilafa düşdünüz və sevdiyiniz şey (düşmən üzərində qələbə) sizə göstərildikdən sonra itaətsizlik etdiniz. Sizlərdən bəzisi dünyanı (döyüş qənimətlərini), bəziləriniz isə axirəti istəyirdi. Sonra sizi sınamaq üçün onlardan (onlara qalib gəlməkdən) yayındırdı. Əlbəttə sizi əfv etdi və Allah möminlərə qarşı (böyük) mərhəmət sahibidir.

153. O zaman uzaqlara qaçırdınız, heç kəsə baxmırdınız və Allahın Peyğəmbəri qoşununuzun arxasında sizi çağırırdı. Beləliklə (Allah) sizi qəminizin üstünə qəm qoymaqla (əmrdən boyun qaçırmaq və müharibədə məğlubiyyət qəmi ilə) cəzalandırdı ki, (imanınız möhkəmlənsin və) heç vaxt əlinizdən çıxana və düçar olduğunuz şeyə (müsibət və zərər-ziyanlara görə) kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır.

154. Sonra, bu qəm-qüssənin ardınca, sizə xəfif bir yuxu şəklində rahatlıq nazil etdi. O, sizdən bir dəstəni bürüdü. Başqa bir dəstə isə yalnız öz canının hayında idi, Allah barəsində nahaq gümana-cahiliyyət dövrünə xas zənnə qapılırdılar. (Üzdə sənə) «görəsən, bu işdən (qələbədən) bizə də bir şey düşür?» deyirdilər. De: «Şübhəsiz, işlərin hamısı Allaha aiddir.» Onlar qəlblərində sənə aşkar etmədikləri bir şeyi gizlədirlər. (Ürəklərində və ya öz aralarında) deyirlər: «Əgər (verilən vədələr doğru olsaydı və) bu işdən (qələbədən) bizə də bir şey düşsəydi, biz burada öldürülməzdik!» De: «Əgər siz hətta öz evlərinizdə belə olsaydınız, şübhəsiz, (Lövhi-məhfuzda) barələrində öldürülmək yazılmış, qərara alınmış kəslər (döyüş meydanındakı) yataqlarına tərəf hərəkət edərdilər (ki, Allahın qəza-qədəri gerçəkləşsin) və Allah sizin sinələrinizdə olanı (niyyətlərinizi) yoxlasın və qəlblərinizdə olanı (imanınızı) xalisləşdirsin. Allah ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir.

155. Əlbəttə, doğrudan da iki dəstənin qarşılaşdığı gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa çevirən kəsləri qazandıqları bəzi günahlara görə Şeytan büdrətdi və əlbəttə, Allah onları əfv etdi. Çünki Allah çox-çox bağışlayan və həlimdir.

156. Ey iman gətirənlər, kafir olan və səfərə çıxmış (və səfərdə ölmüş) və ya döyüşçü (olub şəhid) olmuş qardaşları barəsində «əgər bizim yanımızda qalsaydılar, ölməzdilər və öldürülməzdilər!» deyən kəslər kimi olmayın. (Qoyun) Allah bunu (bu əqidəni və sözü) onların qəlblərində bir həsrət etsin. Dirildən də öldürən də Allahdır. Allah etdiklərinizi görəndir.

157. Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, şübhəsiz ki, Allah tərəfindən olan bağışlanmaq və rəhmət onların yığdıqlarından (dünya sərvətindən) daha yaxşıdır.

158. Ölsəniz də öldürülsəniz də şübhəsiz, Allaha tərəf toplanılacaqsınız.

159. Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir.

160. Əgər Allah sizə kömək etsə, sizə heç kəs qalib gələ bilməz və əgər sizi köməksiz qoysa, onda sizə Ondan sonra kim kömək edər?! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.

161. (Həm səmavi şəriətlər və həm də sağlam ağıl baxımından) heç bir peyğəmbərə (qənimətlə əldə edilmiş mallarda və sairədə öz ümmətinə) xəyanət etmək yaraşmaz. Xəyanət edən hər bir kəs Qiyamət günü xəyanət etdiyi şeylə birlikdə gələcəkdir. Sonra hər bir şəxsə əldə etdiyi şeyin müqabilində tam və kamil əvəz veriləcəkdir. Onlara zülm edilməyəcək, haqlarından kəsilməyəcəkdir.

162. Belə isə, heç Allahın razılığına tabe olan şəxs, (haqqa) Allahın qəzəbi ilə qayıtmış və yeri Cəhənnəm olan şəxs kimidir?! Ora çox pis bir dönüş yeridir.

163. Onlar (möminlər və kafirlər) Allah yanında təbəqələrdir (bu iki dəstənin hər biri digərinə nisbətdə, həmçinin hər bir dəstə də öz fərdlərinə nisbətdə dərəcələrə bölünmüşdür) və Allah onların etdiklərini görəndir.

164. Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər.

165. Sizə bir müsibət üz verən zaman (Ühüd müharibəsində yetmiş nəfəriniz öldürülərkən) - ki, əlbəttə, onun iki qatını siz (onlara) vurmuşdunuz (Bədr müharibəsində onlardan yetmiş nəfəri öldürüb, yetmiş nəfərini əsir götürmüşdünüz) - «bu müsibət necə və haradandır?» deyirsiniz?! De: «Bu sizin öz tərəfinizdəndir (çünki bu müharibədə Peyğəmbərin əmrindən çıxdınız).» Həqiqətən Allah hər bir şeyə qadirdir.

166. İki dəstənin bir-biri ilə qarşılaşdığı gün düçar olduğunuz şey (Ühüd müharibəsindəki böyük məğlubiyyət və yetmiş nəfərin öldürülməsi) Allahın izni və icazəsi ilə idi (ki, sizi imtahan) və möminləri məlum etsin (və əzəli elmi mövcud gerçəkliklə üst-üstə düşsün).

167. Və münafiqləri məlum etməsi üçün! (Elə ki,) onlara «gəlin Allah yolunda vuruşun, ya (öz ərazilərinizi) müdafiə edin!»- deyildi, dedilər: «Əgər biz döyüşməyi bilsəydik, mütləq sizə tabe olardıq!» Onlar həmin gün, imandansa küfrə daha yaxın idilər. Onlar həmişə ağızları ilə qəlblərində olmayan şeyi deyirlər. Allah onların gizlətdiklərini daha yaxşı biləndir.

168. Özləri (döyüşə getməyib evdə) oturan və (doğma) qardaşları (və ya Ühüd müharibəsində öldürülmüş öz məsləkdaşları) barədə «əgər onlar bizə tabe olsaydılar, öldürülməzdilər!» deyən kəslərə de: «(İndi ki, siz ölümdən qaçmağın yolunu bilirsiniz) onda, əgər doğruçusunzsa ölümü özünüzdən dəf edin.»

169. Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.

170. (Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar.

171. Onlar Allah tərəfindən olan nemət və bəxşişə görə və həmçinin Allahın möminlərin mükafatını zay etməməsindən şaddırlar.

172. (Ühüd döyüşündən və) yaralandıqdan sonra (Qüreyş qoşununu təqib etmək üçün) Allahın və Onun peyğəmbərinin çağırışını qəbul etmiş kəslər-onların yaxşılıq edib təqvalı olanları üçün böyük bir mükafat vardır.

173. Həmin o kəslər (üçün) ki, camaat onlara «(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun» dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: «Bizə Allah kifayətdir və O, gözəl vəkildir».

174. Beləliklə, Allah tərəfindən olan bir nemət (sağlamlıq və salamatçılıq) və bəxşiş (yollarında olan ticarətdən götürdükləri qazanc) ilə onlara heç bir pislik və ziyan dəymədən qayıtdılar və Allahın razılığına tabe oldular. Allah böyük fəzl (mərhəmət və bəxşiş) sahibidir.

175. Həqiqətən öz dostlarını (şayələrlə düşməndən) qorxudan yalnız Şeytandır. Odur ki, əgər möminsinizsə onlardan qorxmayın, Məndən qorxun!.

176. Məbada küfr yolunda tələsənlər səni kədərləndirsinlər. Onlar Allaha əsla heç bir ziyan vurmurlar. Allah istəyir ki, (itaətsizliklərinə görə) axirətdə onlara bir pay qoymasın. Onlar üçün böyük bir əzab vardır.

177. Həqiqətən küfrü imanı vermək bahasına (satın) alan kəslər, Allaha əsla bir ziyan vurmurlar və onlar üçün ağrılı bir əzab vardır.

178. Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır.

179. Allah (Peyğəmbərə vəhy nazil etmək və ya müxtəlif imtahanlar vasitəsilə) xəbisi pakdan ayırana kimi möminləri sizin indi olduğunuz (mömininizlə münafiqinizin bir-birinə qarışmış olduğu) halda qoyan deyildir. Və (həmçinin) Allah (Özünün ənənəvi qanunlarına əsasən) sizi qeyb sirlərindən (və bir-birinizin batininizdən) xəbərdar edən deyildir. Lakin peyğəmbərlərindən (onların arasından) istədiyini seçir (və ona peyğəmbərlik vəzifəsinin ehtiyacı qədər qeyb elmi öyrədir). Odur ki, (qəti və şərti qanunlarının icrasında) Allaha və Onun peyğəmbərlərinə iman gətirin. Əgər iman gətirsəniz və təqvalı olsanız, sizin üçün böyük bir mükafat olacaqdır.

180. Allahın Öz lütf və rəhmətindən verdiyində (səmavi kitab elmi və dünya malında) xəsislik edən kəslər, bu xəsisliyin onların xeyirlərinə olmasını güman etməsinlər. Əksinə, bu onlar üçün şərdir. Tezliklə xəsislik etdikləri şey (həmin elm və malın zəncir surətindəki gerçək təcəssümü) Qiyamət günü boyunlarının boyunduruqu olacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur (hamı yox olacaq və yalnız O qalacaqdır). Allah etdiklərinizdən xəbərdardır.

181. Şübhəsiz, Allah (Onun insanlardan borc istəməsini eşidib) «həqiqətən, Allah yoxsuldur, biz isə dövlətliyik» deyən kəslərin sözlərini eşitdi. Tezliklə dediklərini və Allahın peyğəmbərlərini nahaq yerə öldürmələrini yazacaq və (Qiyamət günü) «dadın yandırıcı əzabı» deyəcəyik.

182. Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir, yoxsa Allah əsla bəndələrə zülm edən deyildir.

183. Həmin o kəslər ki, «həqiqətən, Allah (səma kitablarında) bizə (qəbul əlaməti olaraq göydən gələn) odun yandırdığı bir qurbanlıq gətirməyincə heç bir peyğəmbərə əsla iman gətirməməyimizi tapşırmışdır» dedilər. De: «Şübhəsiz, məndən öncə (Zəkəriyya və Yəhya kimi) bir sıra peyğəmbərlər sizin üçün aydın dəlillər və dediklərinizi gətirmişdilər, əgər doğruçusunuzsa bəs onları nə üçün öldürdünüz?!»

184. Odur ki, əgər səni təkzib etdilərsə, həqiqətən səndən öncə aydın dəlillər, (hikmətli və nəsihətli) yazılar, aydın və (din və şəriətə) aydınlıq gətirən kitab ilə gəlmiş peyğəmbərlər də təkzib olundular.

185. Hər bir canlı (mütləq) ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan və Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.

186. Mallarınız və canlarınız barədə mütləq imtahan ediləcəksiniz və mütləq sizdən əvvəl (səmavi) kitab verilmiş şəxslərdən və həmçinin müşriklərdən (dinin və Peyğəmbərin inkarı və istehza olunması, eləcə də insanların İslam əleyhinə təhrik olunmaları barəsində) çoxlu cansıxıcı sözlər eşidəcəksiniz. Əgər səbr və təqvaya yiyələnsəniz, bu (dözümlülük), həqiqətən, böyük və əhəmiyyətli işlərdəndir.

187. Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi) kitab verilmiş kəslərdən «mütləq, gərək onu(n həqiqətlərini) insanlara açıqlayasınız və gizlətməyəsiniz!» deyə əhd-peyman aldı. Belə olan halda onlar onu (həmin kitabı və əhd-peymanı) arxalarına atdılar (ona göz yumdular) və onun müqabilində az bir qazanc əldə etdilər. Buna görə də, onların həmişə əldə etdikləri şey nə qədər də pis bir şeydir.

188. Güman etmə ki, (səmavi kitabın ayələrini gizlətmək və camaatı İslamdan uzaqlaşdırmaq kimi) əməllərinə sevinən və etmədikləri şeylərə görə mədh olunmağı sevən kəslər, bəli güman etmə ki, onlar əzabdan qurtulacaqlar. Onlar üçün ağrılı bir əzab vardır.

189. Göylərin və yerin həqiqi mülkiyyəti və tam hakimiyyəti Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Allah hər şeyə qadirdir.

190. Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır.

191. O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru».

192. «Ey Rəbbimiz! Şübhəsiz, Sən (Cəhənnəm) od(un)a daxil etdiyin hər bir kəsi, mütləq xar və rüsvay etmisən. Zalımların əsla köməkçiləri olmayacaqdır».

193. «Ey Rəbbimiz! Həqiqətən biz «Rəbbinizə iman gətirin!» deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!»

194. «Ey Rəbbimiz! Peyğəmbərlərinin dili ilə bizə vəd etdiklərini bizə əta et və bizi Qiyamət günü xar və rüsvay etmə ki, həqiqətən Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan».

195. Beləliklə, Rəbbi onların dualarını qəbul etdi ki: «Həqiqətən Mən sizlərdən heç bir əməl sahibinin - istər kişi olsun ya qadın ki, hamınız bir-birinizdənsiniz və bir-birinizlə bağlısınız - əməlini zay etməyəcəyəm. Odur ki, hicrət edən, öz evlərindən qovulan, Mənim yolumda əzab-əziyyət görən, döyüşən və öldürülən kəslərin pisliklərini mütləq təmizləyəcək və onları (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat yalnız Allahın yanındadır.»

196. Küfr edənlərin şəhərlərdə (imkanla, mənfəəttələbcəsinə və qalib halda) hərəkət və get-gəlləri səni aldatmasın!

197. (Bu, dünyadan) azacıq bir bəhrələnməkdir, sonra isə onların yerləri Cəhənnəm olacaqdır. Ora pis bir qalacaq yeridir.

198. Lakin öz Rəbbindən qorxan kəslər üçün (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlər vardır. Allah tərəfindən ilk ziyafət olaraq onlar orada əbədidirlər. Yaxşı əməl sahibləri üçün Allah yanında olan şey (Allahın razılığı və əbədi nemətlər) daha yaxşıdır.

199. Əlbəttə, kitab əhlindən Allah qarşısında təvazökarlıqla Allahın ayələri(ni təhrif etmək) ilə azacıq bir qazanc əldə etmədən Allaha, sizə nazil olana (Qurana) və onlara nazil olana (keçmiş səma kitablarına) iman gətirən kəslər vardır. Onların öz Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır. Şübhəsiz, Allah tez hesab çəkəndir (hesab baxımından heç kəsin mükafatını gecikdirmir).

200. Ey iman gətirənlər, səbrli olun və başqalarını da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhəddin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız.

Ən-Nisa surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir.

2. Və yetimlərin mallarını (onlar həddi-büluğa çatdıqdan sonra) özlərinə qaytarın. Murdar və haram (mal)ı (qiymət fərqinə görə) pak və halal (mal) ilə dəyişdirməyin (özünüzün pis malınızı onların qiymətli malları ilə dəyişdirməyin). Həmçinin onların mallarını öz mallarınıza qatıb yeməyin ki, həqiqətən bu, böyük günahdır.

3. Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır.

4. Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin.

5. Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və az yaşlı yetimlərin özlərinə) verməyin. Onlara həmin malın gəlirindən ruzi verin, onları geyindirin və onlarla bəyənilən bir tərzdə danışın.

6. Yetimləri evlənmək həddinə (hər bir insanın və heyvanın ruhi və cismi təkamülünün ilk mərhələsi olan cinsi yetkinlik həddinə) çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir və ağıl baxımından) bir inkişaf görsəniz, onların mallarını özlərinə qaytarın. Onu (onların mallarını) böyüyəcəklərinə (və mallarını sizdən geri almalarından qorxduğunuza) görə israfla və tələm-tələsik yeməyin. (Yetimlərin qəyyumlarından) ehtiyacı olmayan kəs (yetimin malına əl vurmaqdan) çəkinsin. Yoxsul olan isə (yetimin malından) ürfi (və ədalətli zəhmət haqqı) miqdar(ın)da yesin. Beləliklə, onların mallarını özlərinə qaytarmaq istəyən zaman, onlar üçün şahid tutun (ki, sonradan bir mübahisə, dava-dalaş düşməsin). Allah yetərli hesab çəkəndir.

7. Kişilərin ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. Qadınların da ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. (Mal istər) az olsun, ya çox, müəyyən və vacib bir pay(dır). (Belə bir hökmün olması ağıl baxımından lazım və gərəklidir, onun miqdarı və necəliyi isə hər bir şəriətə uyğun surətdə vacibdir).

8. Miras bölgüsü zamanı orada (vərəsələrdən olmayan) qohumlar, yetimlər və yoxsullar olsalar, onlara o maldan ruzi olaraq bir şey verin və gözəl, bəyənilən söz deyin.

9. Özlərindən sonra (yaş və ya ruhi cəhətdən) zəif övladlar qoyacaqları təqdirdə onların (gələcəyi) barəsində qorxan şəxslər gərək (başqalarının yetimlərinə zülm etməkdən və vəsiyyətlərində öz övladlarının haqqını zay etməkdən də) qorxsun. Buna görə də Allahdan qorxsunlar və (başqalarının yetimləri ilə) doğru-düzgün söz danışsınlar (və malların sərf olunması və vəsiyyət edilməsində ədalətə riayət etsinlər).

10. Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar.



Geri   İrəli
Go to TOP