A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


3. Və (səni və sənin Quranını) təkzib edərək nəfsi istəklərinin arxasınca getdilər. Halbuki hər bir iş (onsuz da haqq və ya batil kürsüsündə) qərar tutacaqdır. (Buna görə də Peyğəmbərin və Bizim kitabımızın doğruçuluğu hamıya məlum olacaqdır.)

4. Şübhəsiz, (keçmiş ümmətlərin) xəbərlər(in)dən onlara öyüd-nəsihət və (günahlardan) çəkinmək vasitəsi olacaq miqdarı gəlmişdir.

5. (Bu Quran) tam və dolğun hikmətli kəlamdır. Lakin qorxutmaların onlara (müşriklərə) bir faydası yoxdur.

6. Buna görə də onlardan üz döndər (və onlarla mübahisə etmə), Carçının qorxunc bir şeyə tərəf dəvət edəcəyi (İsrafilin üçüncü suru çalmaqla hesaba çağıracağı) günü (gözlə).

7. (İkinci surun çalınması ilə onlar) gözləri qorxu və zillətlə dolmuş halda dağınıq çəyirtgələr kimi qəbirlərdən çıxarlar.

8. Onlar boyunları uzanmış və gözləri bərəlmiş halda tələsik və qorxu ilə carçıya (İsrafilə və üçüncü sura) tərəf gedərlər. Kafirlər «bu çox çətin bir gündür» deyərlər.

9. Onlardan qabaq Nuhun qövmü (də öz peyğəmbərlərini) təkzib etmişdi. Bizim bəndəmizi (Nuhu) yalançı adlandıraraq «cin vurmuş bir dəlidir» demişdilər və (o, bu töhmətlə onların arasından) qovulmuşdu.

10. O öz Rəbbini çağırdı ki: «Mən məğlub olmuşam, buna görə də (düşmənlərimdən) intiqam al!»

11. Biz də çox şiddətlə axan bir su ilə göyün qapılarını açdıq.

12. Və çeşmələr(in qaynaması) ilə yeri yardıq. Beləliklə (bu iki) su (əvvəlcədən) müəyyən edildiyi şəkildə bir-birinə qarışdı.

13. Və onu (Musanı) taxta və mismarları olana (gəmiyə) mindirdik.

14. O (gəmi öz qövmünün) inkar və nankorluğ(un)a düçar olmuş kəsin mükafatı olaraq Bizim nəzərimiz və müxtəlif himayələrimiz altında hərəkət edirdi.

15. Həqiqətən Biz onu (həmin hadisə və gəmini Öz qüdrət və qəzəbimizdən) bir nişanə qoyduq. Amma heç bir ibrət götürən varmı?

16. Mənim əzabım, qorxudanlarım və təhdidlərim necə idi?!

17. Həqiqətən Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?

18. Ad qövmü də (öz peyğəmbərini) təkzib etdi. Mənim əzab və xəbərdarlıqlarım necə idi?!

19. Biz nəhsliyi sürəkli olan bir gündə onlara soyuq bir külək göndərdik.

20. O, insanları yerindən qoparılmış xurma gövdəsi kimi yerindən qoparır (və yerə çırpır)dı.

21. Mənim əzabım və təhdidlərim necə idi?!

22. Həqiqətən Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?

23. (Salehin ümməti olan) Səmud qövmü də bizim qorxudanlarımızı və xəbərdarlıqlarımızı təkzib etdi.

24. Onlar dedilər: «Biz tək, qohum-əqrabasız və bizdən aşağı təbəqədən çıxmış (mələk və pərilərdən olmayan) bir kəsə tabe olaq? Onda biz azğın və dəli olmuş olarıq.»

25. «Vəhy və öyüd verən kitab bizim aramızdan yalnız ona nazil olub? Xeyir! O, təkəbbürlü və nəfsi istəklərinin ardınca gedən yalançıdır.»

26. Onlar tezliklə – sabah təkəbbürlü və nəfsi istəklərinin ardınca gedən yalançının kim olmasını başa düşəcəklər.

27. (Salehə buyurduq:) «Həqiqətən Biz (onların istədiyi) o dişi dəvəni (yoxdan möcüzəvi şəkildə) onları sınamaq üçün göndərdik. Buna görə də onları(n aqibətlərinin necə olacağını) gözlə və səbr et.»

28. Və onları suyun onların arasında bölünməsindən (bir gün onların, bir gün də dəvənin olmasından) xəbərdar et. Hər növbədə orada (növbə sahibi) olacaqdır.

29. Beləliklə onlar (həmin dəvəni öldürmək üçün bir yerə toplaşdılar və) yoldaşlarını çağırdılar. O da qılınc götürüb dəvənin ayaqlarını kəsdi.

30. Mənim əzabım və təhdidlərim necə idi?!

31. Biz onlara (yaratmaqla və ya mələk vasitəsi ilə) qorxunc bir səs göndərdik. Beləliklə onların hamısı quru və sınmış çubuqlar, ağıl (heyvanların yatdığı yer) sahibinin tədarük gördüyü quru ot halına düşdülər.

32. Həqiqətən Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?

33. Lutun qövmü də qorxudanları (və Bizim təhdidlərimizi) təkzib etdi.

34. Biz, Lutun ailəsi istisna olmaqla, onlara daş yağdıran tufan göndərdik. Onlara (Lutun ailəsinə isə) səhər çağı nicat verdik.

35. (Həmin nicatın) Bizim tərəfimizdən (onlara) bir nemət olması üçün! Biz şükr edən hər bir kəsə belə nicat veririk.

36. Həqiqətən Lut onları (qövmünü) Bizim şiddətli cəzamızla qorxutdu, lakin onlar təhdidlər barəsində mübahisə və şübhə etdilər.

37. Doğrudan da onlar ondan (Lutdan) qonaqlarını (mələkləri) təslim etməsini istədilər. Buna görə də Biz onların gözlərini kor etdik (və) «belə isə dadın Mənim əzabımı və təhdidlərimi(n cəzasını)» (dedik).

38. Əlbəttə, dan yeri söküləndə onlara davamlı (ölüm və Bərzəx əzabına, oradan da qiyamət və Cəhənnəm əzabına birləşik) əzab (daş yağışı) gəldi.

39. (Onlara dedik:) «Dadın Mənim əzabımı və təhdidlərimi (təkzib etməyin cəzasını)!»

40. Həqiqətən Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?

41. Fironçulara da qorxudanlar və (ardıcıl) təhdidlər gəldi.

42. Onlar Bizim bütün (tovhid) ayə və nişanələrimizi (və peyğəmbərlərimizin doğruçuluqlarını) təkzib etdilər. Biz də onları qalib və qüdrətli hökmdar kimi yaxaladıq.

43. Məgər sizin (Məkkə əhlinin) kafirləriniz (say, sərvət və güc baxımından) onlardan daha yaxşı və daha üstündürlər? Yoxsa (səmavi) kitablarda sizin üçün amannamə vardır?

44. Yoxsa onlar «biz müttəfiq, əlbir və düşməndən intiqam alanıq» deyirlər?

45. O vəhdət və əlbirlik, tezliklə dağılacaq və onlar (Bədr müharibəsində baş verdiyi kimi düşmənə) arxa çevirəcəklər.

46. Hələ onların vəd yeri qiyamətdir! Və qiyamət daha müsibətli və acınacaqlıdır.

47. Həqiqətən günahkarlar (səadət yolu və Cənnətdən uzaq) azğınlıqda və şölələnən od içərisindədirlər.

48. Od içərisində üzü üstə sürüklənəcəkləri həmin gün (onlara) «dadın cəhənnəmin hiss olunan ağrısını!» (deyiləcəkdir).

49. Çünki həqiqətən Biz varlıq aləmindəki hər şeyi (zat, nişanələr, kəmiyyət, keyfiyyət və ömür baxımından) müəyyən ölçüdə və məhdud çərçivədə yaratmışıq (və əbədi od sizin daimi küfrünüzün aqibətidir).

50. Bizim (əşyaların yaradılışındakı) işimiz (asanlıq və sürət baxımından) bir göz qırpımı kimi olan qəti istəkdən başqa bir şey deyildir.

51. Şübhəsiz, Biz (keçmiş müşriklərdən) sizin kimiləri həlak etdik. Amma heç, bir ibrət götürən varmı?

52. Onlar nə ediblərsə (əqidə və əməlləri nə olubsa) yazılarda (onların şəxsi əməl dəftərində və ümumi Lövhi-məhfuzda) qeyd edilmişdir.

53. Hər bir kiçik və böyük (əməl onda) yazılmışdır.

54. Həqiqətən təqvalılar cənnətlər, bağlar, axar çaylar, daimi rifah və aydınlıq içərisində olacaqlar.

55. Kamal və qüdrət sahibi olan hökmdarın yanında, doğruluq məqamında (həqiqi iman və əməl müqabilində verilən və yaxud doğru əqidə və əməlin təzahürü olan məqamda olacaqlar).

Ər-Rəhman surəsi ‏

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:)

2. (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Quranı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi.

3. (Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı.

4. Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi).

5. Günəş və ay müəyyən hesab ilə (günəş sabit düz hərəkətlə, ay isə yerin ətrafına dövr etmək və günəşin ətrafına fırlanmaq vasitəsi ilə) hərəkətdədirlər.

6. Ot və ağac (yaradılışı ilə Allah qarşısında) səcdə edir.

7. Göyü ucaltdı və (əqidə, əxlaq, əməl və xarici aləmdəki şeylərin hər birinin özünə münasib şəkildə ölçülməsi vasitəsi olan) qanun və mizanı qoydu (peyğəmbərlər vasitəsi ilə və insanların ağıllarına ilham etməklə öyrətdi).

8. (Və əmr etdi) ki, ölçüdə (əməllərin yaxşı və pis cəhətlərinin və əşyaların kəmiyyət və keyfiyyətinin ölçülməsində) həddi aşmayasınız.

9. Və çəkini ədalətlə icra edəsiniz və tərəzini (çəkdiyiniz malı) əskiltməyəsiniz.

10. Və bu yeri yaradılmışların (insan və cinlərin, onda olan canlıların) hamısı üçün yaratdı.

11. Onda hər növ meyvə və tumurcuqlu salxımları olan xurma ağacı vardır.

12. Həmçinin gövdəli-yarpaqlı dənli bitkilər və ətirli bitkilər.

13. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

14. (İlk) insanı (Adəm və Həvvanı yerin üfunətli qatından götürülmüş) saxsı kimi quru gildən yaratdı.

15. Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı.

16. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

17. İki şərqin və iki qərbin Rəbbidir.

18. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

19. Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı (şirin sulu axar çaylar dəniz kimi, suyu şor hərəkətsiz dənizlərə qovuşurlar).

20. (Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir baxımından) bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər.]

21. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

22. O iki (şirin və şor) dənizdən inci və mirvari çıxır.

23. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

24. Uca dağlar kimi düzəldilib dənizdə üzən gəmilər Ona məxsusdur. (Çünki onların düzəldildiyi xammal, onları düzəldənin təfəkkür qüvvəsi və gücü, həmçinin sular Onundur.)

25. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

26. Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur.

27. Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır.

28. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

29. Göylərdə və yerdə olan hər bir kəs (həm dili, həm də halı ilə) Ondan (dilək) istəyir. O hər gün, hər an bir işdədir.

30. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inar edirsiniz?!

31. Ey insan və cin dəstələri! Tezliklə sizin (əməllərinizin hesabı i)lə məşğul olacağıq.

32. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

33. (Qiyamət günü belə xitab olunacaq ki:) «Ey insan və cin tayfaları! Əgər (əməllərinizin cəzasından qaçmaq üçün) göylərin və yerin (əhatə) dairəsindən (başqa bir yerə) keçə bilsəniz, keçin. (Lakin qeyri-adi) bir qüdrət olmadan keçə bilməyəcəksiniz (ona da ki, malik deyilsiniz)!»

34. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

35. Sizin üstünüzə alov şöləsi və qatı tüstü, yaxud əridilmiş mis parçaları göndəriləcək, onda özünüzü əsla müdafiə edə bilməyəcəksiniz.

36. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

37. Göyün yarılaraq qırmızı dəri (və ya əridilmiş yağ) kimi qıpqırmızı olacağı zaman!

38. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

39. (Hamının qəbirdən çıxıb hələ əsl yerə çatmadıqları) həmin gün insan və cinlərin heç birindən günahı barəsində (bir şey) soruşulmayacaqdır.

40. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

41. (Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq (və Cəhənnəmə atacaq)lar.

42. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

43. Bu, günahkarların təkzib və inkar etdikləri həmin cəhənnəmdir.

44. Onlar həmin od və qaynar suyun içərisində (susuzluqdan və ardı-arası kəsilməyən dəhşətdən) fırlanacaqlar.

45. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

46. Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki Cənnət vardır.

47. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

48. Onların (həmin iki cənnətin) hər ikisinin müxtəlif qollu-budaqlı ağacları vardır.

49. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

50. O iki cənnətdə daim axan iki bulaq vardır.

51. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

52. O iki cənnətdə, hər meyvədən iki növ (quru və yaş, dünyada olan və olmayan) vardır.

53. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

54. Astarları qalın ipəkdən olan yataqların üzərində (arxalıqlara) söykənərlər və hər iki bağın meyvələri yaxın və əlçatan olar!

55. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

56. Həmin cənnətlərdə gözlərini ərlərindən qeyrisindən yığan və ondan başqasını sevməyən, nə bir insanın nə də cinin toxunmadığı qadınlar vardır.

57. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

58. (Onlar paklıq və parlaqlıqda) sanki yaqut və mərcandırlar.

59. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

60. Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir? (Onların dünyadakı yaxşılıqlarının mükafatı Allahın onlara yaxşılıq etməsidir.)

61. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

62. (Allahdan qorxan və Allah dərgahına yaxın bəndələrə məxsus) o iki cənnətdən aşağı (sağ tərəf əhlinə məxsus) digər iki cənnət vardır.

63. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

64. Onların hər ikisi yaşıllığın çoxluğundan qaraya çalırlar.

65. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

66. O iki cənnətdə fəvvarə vurub qaynayan iki bulaq vardır.

67. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

68. O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır.

69. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

70. Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır.

71. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

72. Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər.

73. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

74. Bunlardan qabaq onlara nə bir insan, nə də bir cin toxunub.

75. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

76. (Cənnət əhli) yaşıl balışlara və gözəl yataq və döşənəcəklərə söykənərlər!

77. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

78. Cəlal, əzəmət, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin adı xeyir-bərəkətlidir.

Əl-Vaqiə surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Həmin hadisənin (Qiyamətin) baş verəcəyi zaman.

2. Onun baş verməsində yalan yoxdur və kiminsə onu yalan sayması layiq(li iş) deyil.

3. Alçaldan və ucaldandır. (Yaradılış aləmini alt-üst edən, sonra küfr və itaətsizlik əhlini alçaldan, təqva və iman əhlini ucaldandır.)

4. Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman!

5. Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır.

6. Beləliklə dağınıq toz halına düşəcəkdir.

7. Və siz üç dəstəyə bölünəcəksiniz.

8. (Birinci dəstə) sağ tərəf əhli! Nədir sağ tərəf əhli? (Səadət və xoşbəxtlik təcəssümü.)

9. (İkinci dəstə) sol tərəf əhli! Nədir sol tərəf əhli? (Şər və bədbəxtlik təcəssümü.)

10. (Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar!

11. Onlar (Allahın dərgahına) yaxın olanlardır.

12. (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar.

13. Böyük bir dəstə keçmişlərdən (keçmiş məsumlardan).

14. Bir azı (da) sonrakılardan (son ümmətin məsumlarından).

15. (Qızıldan) toxunmuş (daş-qaşla bəzədilmiş və bir sıraya düzülmüş) taxtlar üzərində.

16. Onlara söykənmiş halda bir-biri ilə qarşı-qarşıya.

17. Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan və qolbağı taxmış oğlanlar dolanacaqlar.

18. (Çeşmədən) axan şərab kuzələri, bardaqları və piyalələri ilə!

19. Ondan (o şərabdan) nə başları ağrıyar, nə də ağıllarını itirərlər.

20. Və seçdikləri meyvələrlə.

21. Və meyilləri çəkən quş əti ilə.

22. Və (orada onlar üçün) ağ dərili, iri gözlü gözəl qadınlar (vardır).

23. Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi dəyişib, nə də kiminsə əli toxunub onlara)!

24. (Dünyada) etdiklərinin (yaxşı əməllərin) mükafatı olaraq.

25. Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər.

26. Salam(un əleyk), səlam(un əleyk)dən başqa!

27. Sağ tərəf əhli(nə gəldikdə isə); nədir sağ tərəf əhli? (Əməl dəftərləri sağ əllərinə verilmiş mübarəklər!)

28. Tikansız sidr (ağacı bağları içərisin)də!

29. Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı).

30. Və uzanan daimi kölgəlik.

31. Və (şəlalələrdən) tökülən su.

32. Və (növ, rəng və xüsusiyyətləri baxımından) firavan meyvələr.

33. Nə tükənəndir, nə də istifadəsi qadağan.

34. Hündür və bir-birinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üstün olan zövcələr.

35. Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaqdan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq.

36. Beləliklə onları (həmişəlik olaraq) bakirə etmişik.

37. Həm də ərlərini sevən və ya bir-biri ilə yaxud ərləri ilə yaşıd.

38. (Bunların hamısı) sağ tərəf əhli üçündür.

39. (Onların) böük bir dəstə(si) keçmişlərdən (keçmiş ümmətlərdən),

40. və böyük bir dəstə də sonrakılardandır (son ümmətdəndir).

41. Sol tərəf əhli(nə gəldikdə isə); nədir sol tərəf əhli? (Əməl dəftərləri sol əllərinə verilmiş bədbəxtlər!)

42. (Onlar içlərinə) nüfuz edən odun və qaynar suyun hərarəti (içərisi)ndə

43. və qatı qara tüstünün gölgəsindədirlər.

44. Nə sərindir, nə də (istirahət etmək üçün) xeyirli (və yararlı).

45. Həqiqətən onlar bundan əvvəl (dünyada) əyyaş nemət sahiblərindən idilər.

46. Və həmişə (Allahın əhdlərinə qarşı) böyük vəfasızlıqlara israr edirdilər.

47. Və deyirdilər: «Məgər biz ölüb torpaq və sümük parçaları olduqdan sonra doğrudanmı dirildiləcəyik?!»

48. Bizim ata-babalarımız da (dirildiləcəklər)?

49. De: «Şübhəsiz, əvvəlkilər də, sonuncular da

50. mütləq məlum günün (Qiyamətin) vədə yerinə tərəf toplanılacaqlar.

51. Sonra siz ey (peyğəmbərlik və qiyaməti) inkar edən azğınlar!

52. Mütləq (görünüş, dad və iyi pis olan) zəqqum ağacından yeyəcəksiniz.

53. Beləliklə qarınları(nızı) onunla dolduracaqsınız.

54. Onun üstündən qaynar su içəcəksiniz.

55. Susuzluğa düçar olmuş dəvə kimi içəcəksiniz.

56. Bu, cəza günü onlara göstərilən ilk xidmətdir.

57. Sizi Biz yaratmışıq. Bəs nə üçün (dünyada tovhid və risaləti, eləcə də axirətdə yaradılışınızın yeniləşəcəyini) təsdiqləmirsiniz?!

58. (Uşaqlığa) nütfədən nə axıtdığınızı görmüsünüz?

59. Onu (kamil insan olana kimi, müxtəlif mərhələlərdə) siz yaradırsınız, yoxsa yaradan Bizik?

60. Sizin aranızda ölümü (onu doğuran səbəblər, müddət, tez və gec olması baxımından) müəyyənləşdirən Bizik və Biz istək və iradədə əsla məğlub olmuruq.

61. (Dünyada) oxşarlarınızı sizin yerinizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axirətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün!

62. Şübhəsiz, siz (dünyada) ilk yaradılışı (necə yaradıldığınızı və həmişə dəyişməkdə olmağınızı) bildiniz. Bəs nə üçün ibrət götürmürsünüz?!

63. Heç əkdiyinizi görmüsünüz?

64. Onu siz bitirirsiniz, yoxsa bitirən Bizik?

65. Əgər qəti şəkildə istəsək onu mütləq çör-çöpə çevirərik və siz təəccüb və təəssüflə deyərsiniz:

66. Həqiqətən biz ziyana uğramışıq.

67. Hətta məhrum və bədbəxtik!

68. Heç içdiyiniz suyu görmüsünüz?

69. Onu yağış doğan ağ buluddan siz nazil etdiniz, yoxsa Bizik nazil edən?

70. Əgər istəsək onu acılaşdırarıq. Belə isə nə üçün şükr etmirsiniz?!

71. Heç yandırdığınız odu görmüsünüz?

72. Onun ağacını siz yaratmısınız yoxsa Bizik yaradan?

73. Biz onu, yada salmaq (Qiyamət odunun yada salınması) və müsafirlər üçün bəhrələnmək vasitəsi etmişik.

74. Buna görə də əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyb və nöqsandan pak bil).

75. Beləliklə and olsun ulduzların (geniş səmadakı) yerlərinə, onların batma və düşmə zamanına və Quranın hissələrinin nazil olma vaxtlarına.

76. Əlbəttə, əgər bilsəniz, bu, böyük anddır. (Çünki birincisi Allahın yaradılışda tovhid və qüdrətinin, ikinici isə onun idarə etməkdə hikmət və mərhəmətinin dəlillərindəndir.)

77. Həqiqətən bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qurandır.

78. (O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir.

79. Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Quranın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər.

80. O, aləmlərin Rəbbi tərəfindən (lövhə, oradan Cəbrailə, ondan Peyğəmbərin qəlbinə və oradan da cəmiyyətə) nazil edilmişdir.

81. Bu kəlamla (insanlara deyilmiş bu Quranla) boş və yüngül davranırsınız?!

82. Və onu təkzib etməyinizi ruziniz (ondan olan ruziniz və həmin ruzinin şükürü) edirsiniz?

83. Belə isə nə üçün canınız boğaza (ölümünüz) çatan zaman.

84. Siz həmin halda (özünüzün və ya can verməkdə olanın vəziyyətinə) baxırsınız.

85. Biz (və mələklərimiz) həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz.

86. (Bəli,) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa,

87. əgər doğruçusunuzsa həmin canı (öz bədəninizə) qaytarmırsınız?!

88. Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa,

89. onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır.

90. Amma əgər sağ tərəf əhlindən olsa,

91. onda (ona) «sənə sağ tərəf əhlindən salam vardır» (deyiləcəkdir).

92. Lakin əgər azmış təkzib edənlərdən olsa,

93. onda (ona) ilk xidmət qaynar sudur

94. və cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq!

95. Doğrudan da bu (mətləb) qəti və şübhəsiz bir həqiqətdir.

96. Odur ki, öz böyük Rəbbinin adını zikr et (və Onu hər bir eyb və nöqsandan pak bil)!

Əl-Hədid surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Göylərdə və yerdə nə varsa (canlı və cansız varlıqların hamısı, hər biri öz dilində) Allahı pak sifətlərlə mədh edir. O yenilməz qüdrət və (xilqət və idarəetmədə) möhkəm yaradılış sahibidir.

2. Göylərin və yerin həqiqi mülkiyyəti və mütləq hakimiyyəti Ona məxsusdur. (Çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun ixtiyarındadır.) Öldürür və dirildir. O hər bir şeyə qadirdir.

3. O, əvvəl və axır (hamıdan əvvəl olan və hamıdan sonra qalan, səbəblər silsiləsinin əvvəli, nəticələrin döndüyü axır və son), (əlamətləri və sifətlərinin təzahürü baxımından) aşkar və (zatının həqiqəti baxımından) gizlindir. O, hər şeyi biləndir.



Geri   İrəli
Go to TOP