A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


13. Səni çıxartmış cəmiyyətindən daha güclü neçə-neçə cəmiyyətlər var idi. Biz onları məhv etdik. Onlara bir kömək edən (də) yox idi.

14. Belə isə məgər (işləri) öz Rəbbi tərəfindən dəlil-sübut (təməli) üzərində olan kəslər (möminlər kimi ağıl və şəriətə əsaslananlar) pis əməlləri özlərinə gözəl göstərilən və öz nəfsi istəklərinə tabe olan kəslər kimidirlər?!

15. Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dad və ətiri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və həmçinin Rəbbləri tərəfindən bağışlanma vardır. (Məgər bunlar) odda əbədi qalacaq və bağırsaqlarını parçalayan su içirdiləcək kəslər kimidirlər?!

16. Onların (münafiqlərin) elələri var ki, sən(in sözlərin)ə qulaq asır, nəhayət sənin yanından çıxanda (ilahi) elm verilmiş kəslərə (istehza ilə və ya mətləbə diqqətsizlikdən) «(peyğəmbər) indi nə dedi?» deyirlər. Onlar Allahın qəlblərinə (bədbəxtlik) möhür(ü) vurduğu və nəfsi istəklərinə tabe olan kəslərdir.

17. (Allah) doğru yolda olanların hidayətlərini (daha da) artırıb və onlara vəziyyətlərinə münasib pərhizkarlıq (ruhu) bəxş edib.

18. Belə isə məgər onlar (kafirlər) Qiyamətin qəflətən onlara yetişməsindən ayrı bir şey gözləyirlər? Şübhəsiz, onun əlamətləri (insanların şəriət baxımından məsuliyyət daşımaları, boyunlarına vəzifə qoyulması, itaətkarlıq və itəatsizliyin mövcudluğu, son peyğəmbərin göndərilməsi və ayın möcüzə olaraq parçalanması) artıq gəlmişdir. Odur ki, (Qiyamət gəlib) onlara yetişəndə, öyüd-nəsihətləri onlara necə və nə vaxt fayda verəcək?!

19. Bil ki, Allahdan başqa bir məbud yoxdur. Öz günahların (məsumluq məqamı üçün nisbi günah sayılan daha üstün əməlin tərk edilməsi) və mömin kişi və qadınlar(ın günahları) üçün bağışlanma dilə. Çünki Allah (dünyada) haldan-hala dəyişməyinizi və (axirətdə) məskunlaşacağınız və qərar tutacağınız yeri bilir.

20. İman gətirmiş kəslər «nə üçün (cihad barəsində) bir surə nazil edilmədi?» deyirlər. Möhkəm (aydın və qeyri-mütəşabih) bir surə nazil ediləndə və onda müharibədən söz salınanda isə qəlblərində xəstəlik (iman zəifliyi xəstəliyi) olanları ölüm bihuşluğunun burüdüyü bir kəs kimi sənə baxan görərsən. Buna görə də vay onların halına!

21. İtaətkarlıq və gözəl söz onlar üçün daha yaxşıdır. İş (müharibə) ciddiləşən zaman əgər Allaha sadiq olsalar (könüllü şəkildə cihada getsələr, bu) əlbəttə, onlar üçün daha yaxşı olar.

22. Odur ki, sizdən (siz münafiqlərdən və imanı zəif olanlardan) İslamdan üz döndərəcəyiniz (və ya İslamda qüdrət və hakimiyyətə çatacağınız) təqdirdə yer üzündə fəsad törətmək və öz qohumluqlarınızı (qohumluq əlaqələrinizi) tamamilə kəsməkdən başqa bir şey umulur?!

23. Onlar Allahın lənət etdiyi və (batini) qulaqlarını kar və (qəlb) gözlərini kor etdiyi kəslərdir.

24. Belə isə məgər onlar bu Quran barəsində düşünmürlər, yoxsa ürəklər(in)ə onun (inadkarlıq, daşürəklilik və bədbəxtlik) qıfılları vurulmuşdur?

25. Həqiqətən Şeytan (kitab əhlindən) doğru yol aydın olduqdan sonra geriyə dönən (öz keçmiş əqidələrində qalan) kəslərin gözündə (batil və günah işləri) zinətləndirmiş və onları uzun-uzadı arzulara salmışdır.

26. Bunun səbəbi onların Allahın nazil etdiyini bəyənməyənlərə (Qüreyş kafirləri kimilərinə) «biz bəzi işlərdə (sizin müsəlmanlara qarşı gizli planlarınızda) sizə tabe olacağıq» demələridir. Allah onların gizli işlərini bilir.

27. Belə isə mələklər onların üzlərinə və arxalarına (qamçı) vura-vura canlarını alan zaman (onların halı) necə olacaq?

28. O (əzab) onların Allahı qəzəbləndirən şeyə tabe olmalarına (peyğəmbərə qarşı çıxmalarına, Tövrat və İncili təhrif etmələrinə) və Onun razılığını xoşlamadıqlarına görədir. Buna görə də (Allah) onların (xeyir) əməllərini puç və batil etdi.

29. Yoxsa qəlblərində xəstəlik (ikiüzlülük və iman zəifliyi xəstəliyi olan) kəslər Allahın onların kin və ədavətlərini heç vaxt üzə çıxarmayacağını (və onların iç üzlərini ifşa etməyəcəyini) zənn edirlər?!

30. Əgər istəsək onları sənə göstərərik (və) sən onları üz və simaları ilə tanıyarsan. Sən mütləq onları danışıq tərzlərindən tanıyacaqsan. Allah sizin (bütün) etdiklərinizi bilir.

31. Sizi mütləq (boynunuza dini vəzifələr qoymaqla) sınayacağıq ki, mücahidlərinizi və səbrlilərinizi bilək (Bizim əzəli elmimiz xarici gerçəkliklə üst-üstə düşsün) və sizin xəbərlərinizi (əməlləriniz barəsindəki məlumatları) araşdıraq.

32. Şübhəsiz, küfr edənlər, Allahın yolundan üz döndərərək onun qarşısını alanlar və doğru yol aydın olduqdan sonra Bizim peyğəmbərimizlə müxalifət və düşmənçilik edənlər Allaha əsla, azacıq belə zərər-ziyan vurmazlar və (Allah) tezliklə onların əməllərini puça çıxaracaqdır (dinə zidd əməllərini dünyada və xeyir əməllərini axirətdə puç və təsirsiz edəcəkdir).

33. Ey iman gətirənlər (şəriət hökmlərində) Allaha itaət edin, Onun peyğəmbərin(in şəri vəzifə yaradan əmrlərin)ə itaət edin və öz (xeyir) əməllərinizi (dindən çıxmaq, Allaha və xalqa minnət qoymaq və əməlin puç olmasına səbəb olan digər günahlarla) batil etməyin.

34. Şübhəsiz, küfr edən və Allahın yolundan üz döndərərək onun qarşısını alan, sonra (da) kafir olaraq ölənləri Allah əsla bağışlamayacaqdır.

35. Buna görə də üstün olduğunuz, Allah sizinlə birgə olduğu və sizin əməllərinizi heç vaxt mükafatsız qoymayacağı bir halda zəiflik və süstlük göstərməyin və (düşməni) barışığa dəvət etməyin.

36. Bu dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirsəniz və təqvalı olsanız, O, sizin (dünya və axirət) mükafatlarınızı verəcəkdir və (bunun müqabilində) mallarınızı(n hamısını) da istəmir (sizin bəzinizdən xums və zəkat olaraq malınızın bir hisəssini – beşdə birini, onda birini, qırxda birini və bu kimi miqdarı istəyir).

37. Əgər mallarınızı(n hamısını) istəsə və (bunda) sizə israr etsə, xəsislik göstərərsiniz və (Allah boynunuza bu dini vəzifəni qoymaqla) sizin kinlərinizi üzə çıxararaq faş edər.

38. Bilin ki, siz Allah yolunda xərcləməyə çağırılanlarsınız. Sizlərdən bəzisi xəsislik edir. Kim xəsislik etsə yalnız özünə qarşı xəsislik edir. Ehtiyacsız (zəngin) olan Allah, möhtac olan isə sizsiniz. Əgər (Onun dinindən) üz döndərsəniz sizin yerinizə digər bir dəstəni gətirər (və) onda onlar sizin kimi olmazlar.

Əl-Fəth surəsi ‏

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Həqiqətən Biz sənə zəfər – (kafirlərə qarşı dəlil-sübutlarla və çoxlu qələbələrlə mübarizədə) aşkar bir zəfər bəxş etdik

2. ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın (kafirlərin onların müqəddəslərinə ehtiramsızlıq kimi səndə gördükləri günahları «Allah» kəlməsini ucaltmaqla yox etsin və sənin özün üçün günah saydığın daha üstün əməlin tərk edilməsini mərhəmətini şamil etməklə bağışlasın,) sənə (olan) nemətini tamamlasın, səni doğru yola hidayət etsin

3. və sənə güclü və yenilməz bir yardımla kömək etsin.

4. Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur. Göylərin və yerin (müxtəlif) orduları (həm yaradılış aləmində ixtiyara malik mələklər, cinlər və insanlar, həm də səbəblər silsiləsində fəaliyyət göstərən ixtiyara malik olmayanlar) Allaha məxsusdur. Allah həmişə bilən və hikmət sahibidir.

5. Mömin kişi və qadınları həmişəlik qalmaları üçün (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil etmək və onların günahlarını təmizləmək üçün! Bu, Allah yanında böyük uğurdur.

6. Və Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb və onlar üçün Cəhənnəmi hazırlayıb. Ora pis dönüş yeridir!

7. Göylərin və yerin (müxtəlif) orduları Allaha məxsusdur. Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir.

8. (Ya Muhəmməd!) Həqiqətən Biz səni (ümmətinin əqidə və əməllərini dünyada görən və axirətdə şəhadət verən) şahid, (itaətkarlara) müjdə verən və (günahkarları) qorxudan (bir peyğəmbər) olaraq göndərdik.

9. (Göndərdik) ki, (siz insanlar) Allaha və Onun elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, böyük sayıb ehtiram göstərəsiniz və səhərlər və axşamlar Onu zikr edərək hər bir eyb və nöqsandan paklıqla xatırlayasınız.

10. Həqiqətən (Hüdeybiyyədə) sənə beyət edənlər əslində Allaha beyət edirlər. (Sənin) onların əlinin üstündə olan (əlin) Allahın əlidir. Buna görə də kim əhdi pozsa, yalnız öz ziyanına pozur və kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə (Allah) tezliklə ona böyük bir mükafat verəcəkdir.

11. Tezliklə bədəvi ərəblərdən (Hüdeybiyyədə səninlə birgə iştirak etməyib yerdə) qalanlar sənə deyəcəklər: «Mal-dövlət və ailələrimiz (onların qorunması) bizi (özünə) məşğul etdi. Odur ki, bizim üçün (Allahdan) bağışlanmaq dilə.» Onlar dilləri ilə qəlblərində olmayan şeyi deyirlər. De: «Əgər Allah sizə bir zərər və ya xeyir (vermək) istəsə Allahın qarşısında kim bir şeyə malikdir (və Onun istəyinin qarşısını ala bilər)?» Əksinə, Allah etdiklərinizdən həmişə (əzəldən) xəbərdardır.

12. (Sizin cihadı tərk etməyinizin əsas səbəbi o deyildi,) əksinə, siz bu Peyğəmbər və möminlərin heç vaxt öz adamlarının yanına qayıtmayacaqlarını (və Qüreyş kafirlərinin əli ilə öldürüləcəklərini) güman edirdiniz. Və bu (batil güman) qəlblərinizdə cilvələndi və (belə) pis gümana düşdünüz (ki, Allah Öz peyğəmbərinə kömək etməyəcəkdir). Siz fəsad törədən və məhvə layiq bir dəstə idiniz.

13. Kim Allaha və Onun Peyğəmbərinə iman gətirməsə (bilsin ki,) əlbəttə Biz kafirlər üçün şöləli bir od hazırlamışıq.

14. Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusdur. (Çünki onların yaradılması, qorunması, idarə edilməsi və məhvi Onun qəti iradəsindən asılıdır.) (Günahkarlardan) istədiyini bağışlayır və istədiyinə əzab verir. Allah həmişə bağışlayan və mehribandır.

15. (Hüdeybiyyə hadisəsindən) yerdə qalanlar siz (Xeybərdən) qənimətləri götürməyə yollananda tezliklə sizə deyəcəklər: «Qoyun biz də sizin arxanızca gələk.» Onlar Allahın (yerdə qalanların növbəti qənimətlərdən məhrum olmaları barəsində Lövhi-Məhfuzda yazılmış əzəli) sözünü dəyişdirmək istəyirlər. De: «Əsla bizim dalımızca gəlməyəcəksiniz. Allah bundan əvvəl (əzəldən) belə buyurmuşdur.» Onlar tezliklə deyəcəklər: «(Allah qadağan etməyib) əksinə, siz bizə paxıllıq edirsiniz.» (Belə deyil,) sadəcə olaraq onlar az bir qismi istisna olmaqla anlamırlar.

16. Bədəvilərdən (sizinlə getməyib) yerdə qalanlara de: «Tezliklə möhkəm və cəngavər insanlara (onlarla mübarizəyə) tərəf çağırılacaqsınız ki, onlarla vuruşasınız, ya da onlar İslamı qəbul etsinlər. Beləliklə əgər itaət etsəniz Allah sizə gözəl mükafat verəcəkdir. Əgər bundan əvvəl üz döndərdiyiniz kimi (yenə) üz döndərsəniz sizə ağrılı bir əzab verəcəkdir.»

17. (Cihadda iştirak etməməyə görə) kora da günah yoxdur, topala da günah yoxdur, xəstəyə də günah yoxdur. Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edər. Kim üz döndərsə ona ağrılı bir əzab verər.

18. Şübhəsiz, Allah möminlərdən onlar (Hüdeybiyyədə) ağacın altında sənə beyət edən zaman razı qaldı, onların qəlblərində olanı (niyyətlərinin saf və gözəlliyini) bildi, nəticədə onlara (ürək) rahatlığ(ı) və xatircəmlik nazil etdi və onlara yaxın qələbəni (Xeybər qələbəsini) mükafat verdi.

19. Həmçinin (Xeybərin fəthində) götürəcəkləri çoxlu qənimətləri (mükafat verdi). Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir.

20. Allah sizə (gələcəkdə) götürəcəyiniz çoxlu qənimətləri vəd etmişdir. Bunu (Xeybər qənimətini) sizə tez verdi və camaatın (təcavüzkar) əlini dəf etdi (ki, Allaha təslim olasınız). (Bunu) ona görə (etdi) ki, (bu qələbələr) möminlər üçün (Allahın qüdrət və mərhəmətinin) nişanə(si) olsun və sizi doğru yola yönəltsin.

21. (Allah sizə hələ) əldə etmədiyiniz digər qənimətləri (vəd edib). Şübhəsiz, Allah (vücud, qüdrət və elm baxımından) onları əhatə etmişdir. Allah həmişə hər şeyə qadirdir.

22. Əgər küfr edənlər sizinlə vuruşsalar mütləq sizə arxa çevirər (və məğlub olar), sonra bir başçı və yardım edən tapmazlar.

23. (Peyğəmbərlərin bu qələbəsi yazısı) əvvəlcədən (Lövhi-məhfuzda, baş verməsi isə ümmətlərdə) keçmiş ilahi bir qanundur və sən Allahın qanununda əsla bir dəyişiklik tapmazsan.

24. Məkkənin göbəyində (Hərəmə yaxın olan Hüdeybiyyədə) sizi (ora daxil olmaqla) qalib etdikdən sonra onların əllərini sizdən və sizin əllərinizi onlardan çəkən Odur. Allah həmişə etdiklərinizi görəndir.

25. Onlar küfr edən, sizi Məscidul-haram(ın ziyarətin)dən saxlayan və həmçinin (sizin) qurbanlığınızın öz yerinə (Məkkə və ya Minaya) çatmasına mane olan kəslərdir. Əgər sizin tanımadığınız (və Məkkə kafirləri ilə qarışıq yaşayan) mömin kişi və qadınları tapdamağınız və bilmədən bu yolla sizə bir zərər və narahatçılıq (və diyələr) yetişməsəydi (sizin onlarla vuruşmağınızın qarşısını almazdı). (Belə etdi) ki, (sizdən və kafirlərlə qarışıq yaşayan müsəlmanlardan) istədiklərini Öz mərhəmətinə daxil etsin. Əgər onlar (müsəlmanlardan) ayrı olsaydılar onların küfr edənlərinə ağrılı bir əzab verərdik.

26. (Yada sal) o zaman(ı) ki, kafirlər öz qəlblərində cahiliyyət qəzəb və təəssübü yerləşdirdilər (və Hüdeybiyyədə Peyğəmbərin və onun səhabələrinin Məkkəyə daxil olmalarının qarşısının alınması müqaviləsini imzaladılar). Onda Allah Öz Peyğəmbərinə və möminlərə xatircəmlik və qəlb rahatlığı nazil etdi və təqva (tovhid, səbat və təslim) kəlməsini onlara qoşdu. Və onlar ona və onun əhlinə daha layiq idilər. Allah həmişə hər şeyi biləndir.

27. Həqiqətən Allah Öz peyğəmbərinin yuxusunu (yuxuda ona dediklərini) haqq olaraq gerçəkləşdirdi ki: Siz Allahın istəyi ilə mütləq təhlükəsiz, başınızı qırxmış, tük və dırnaqlarınızı qısaltmış halda və (heç kəsdən) qorxmadan Məscidul-harama daxil olacaqsınız. Beləliklə Allah sizin bilmədiklərinizi (bu vədin gələn ilə aid olmasını və onun təxirə düşməsində bir sıra hikmətlərin olmasını) bildi və ondan qabaq yaxın qələbəni (doğrudan da böyük qələbə olan Hüdeybiyyə sülhünü) qoydu.

28. (Məntiq və dəlil-sübut ilə və ya davamçılarının dünyaya hakim olmaları baxımından) bütün dinlərə qalib etmək üçün Öz peyğəmbərini hidayət (çırağı) və haqq dinlə göndərən Odur. (Bu məsələyə) şahidlik üçün Allah kifayətdir.

29. Muhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu onların (Musanın) Tövrat(ın)dakı vəsfidir. Onların (İsanın) İncil(in)dəki vəsfi isə (Allahın,) pöhrələrini (kənarlarından) çıxardığı və gücləndirdiyi, nəhayət qalınlaşaraq möhkəmlənmiş və əkinçiləri təəccübə salan bir tərzdə öz gövdəsi üzərində dayanan əkin kimidir. (Allah,) onların vasitələri ilə kafirləri qəzəbləndirmək üçün (belə edib). Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir.

Əl-Hucurat surəsi ‏

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ey iman gətirənlər! Allahdan və Onun peyğəmbərindən qabağa keçməyin (dini hökmlərdə onlardan eşitməyincə nəzər bildirməyin və rəhbərlik və qəzavət işində onlardan qabaq hökm çıxarmayın). Allahdan qorxun ki, Allah eşidən və biləndir.

2. Ey iman gətirənlər! (Söhbət zamanı ədəbə riayət və peyğəmbərin məqamına hörmət olaraq)səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın. Məbada özünüz də bilmədən əməlləriniz (ucadan danışmadığınız təqdirdə savab ola bilən həmin danışığınızın savabı və yaxud digər əməllərinizin də savabı) puç olsun. (Çünki peyğəmbəri incitmək əməllərin mükafatının puç olmasına səbəb olan amillərdəndir.)

3. Həqiqətən Allahın peyğəmbərinin yanında səslərini aşağı salanlar Allahın qəlblərini pərhizkarlıq üçün sınadığı (və hazırladığı) kəslərdir. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır.

4. (Ya Peyğəmbər!) Səni otaqlarının arxasından çağıranların çoxu (sənin hörmətini saxlamadıqlarını) başa düşmürlər.

5. Əgər onlar sən onlara tərəf çıxana kimi səbr etsəydilər, əlbəttə, onlar üçün daha yaxşı olardı. Allah çox bağışlayan və mehribandır.

6. Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız.

7. Bilin ki, Allahın peyğəmbəri sizin aranızdadır. (Buna görə də gərək siz onun əmrinə qulaq asaraq tabe olasınız.) Əgər işlərin çoxunda o, sizə tabe olsa, mütləq çətinliyə düşər və məhv olarsınız. Lakin Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi və küfr, itaətsizlik və günahı nəzərinizdə nifrətə layiq etdi (ki, məhvdən nicat tapasınız). (Doğru) yolu tapmış kəslər belələridir.

8. (Bu sevgi və nifrət) Allah tərəfindən lütf və nemətdir. Allah bilən və hikmət sahibidir.

9. Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını düzəldin. Əgər onlardan biri digərinə təcavüz etsə Allahın əmrinə qayıdana kimi həmin təcavüzkar dəstə ilə vuruşun. Beləliklə əgər qayıtsa onların aralarında ədalətlə sülh bərqərar edin. Həmişə ədalətli olun ki, Allah ədalətliləri sevir.

10. Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz.

11. Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!

12. Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır.

13. Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır.

14. Bədəvilər dedilər: «Biz (səmimi qəlbdən) iman gətirdik.» (Ya Peyğəmbər, onlara) de: «İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) «İslamı qəbul etdik» deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər (əmrlərində) Allaha və (rəhbərlik göstərişlərində) Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən (heç nəyi) əskiltməz. Çünki Allah çox bağışlayan və mehribandır.»

15. Möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş, sonra (öz imanında) əsla şəkk-şübhə etməyib mal və canları ilə Allah yolunda cihad etmiş kəslərdir. (Etiqad, söz və əməldə) doğruçu olan onlardır.

16. De: «Allah göylərdə olanları və yerdə olanları bildiyi halda siz Allaha öz din (və batini əqidələr)inizdən xəbər verirsiniz?» Allah hər şeyi bilir.

17. Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: «İslamınızı mənə minnət qoymayın, əksinə əgər (İslam iddiasında) doğruçusunzsa, sizi imana hidayət etdiyi üçün boynunuzda haqqı olan Allahdır.»

18. Şübhəsiz, Allah göylərin və yerin qeybini (göylərdə və yerdə bütün şüur sahiblərinin düşüncə və hiss çərçivəsindən xaric olan sirləri) bilir. Allah etdiklərinizi görür.

Qaf ‏ surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Qaf. (Bunlar Allahla Onun Peyğəmbəri arasındakı sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin bəşəriyyət onun bənzərini gətirməkdə acizdir. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. Ey Muhəmməd! Sənə əmr olunduğu kimi möhkəm ol. Olacaq şeyin hökmü əzəldən verilib.) And olsun əzəmətli, əziz, şanlı, şərəfli, qiymətli və uca məqamlı Qurana (ki, sən peyğəmbərlərdənsən və cəza günü haqdır).

2. (Onlar nəinki qəbul etmədilər) hətta onlara (mələk və cinlərdən deyil) özlərindən bir qorxudan (peyğəmbər) gəlməsinə təəccübləndilər. Buna görə də kafirlər dedilər: «Bu qəribə bir şeydir!

3. Məgər ölüb torpaq olandan sonra (yenidən dirildiləcək və ayağa qaldırılacağıq)? Bu, (tarixi təcrübədən və ağılın dərkindən) uzaq bir qayıdışdır. (Bədənlərin dağılmış və bir-birinə qarışmış hissələri bir-birindən ayrıldıqdan sonra bir yerə necə toplana bilər?)»

4. (Heç də uzaq deyil! Çünki) şübhəsiz, Biz yerin onların cəmiyyətindən nəyi azaltdığını və (qəbir) torpağın(ın) onların cəsədlərindən nəyi əskiltdiyini (əzəldən) bilirik. Çünki Bizim yanımızda (varlıq aləminin hadisələrini) qoruyan və (hər bir hadisə və dəyişiklikdən) qorunmuş (Lövhi-Məhfuz adlı) bir kitab vardır.

5. (Ağıllarının dərk etməməsindən deyil) bəlkə haqq onlara yetişən (aydın olan) zaman onu təkzib etdilər. Beləliklə onlar qarmaqarışıq bir iş içərisindədirlər (qəlbdə yəqinlikləri var, dildə isə inkar edirlər).

6. Məgər başlarının üzərindəki göyə baxıb görmürlər ki, onu necə tikmişik və bəzəmişik və onda heç bir yarıq yoxdur (onda heç bir nöqsan və çatışmamazlıq görünmür)?!

7. Biz yeri sərdik, onda sabit və möhkəm dağlar yaratdıq və gözəl, qəlbi oxşayan bitkilərin hər sinif və cütündən bitirdik.

8. (Allahın ayələri barəsində fikirləşməklə Ona tərəf) qayıdan hər bir bəndəyə gözüaçıqlıq və öyüd-nəsihət (amili) olması üçün (etdik bunları).

9. Göydən (yağış, qar və dolu şəklində) xeyir-bərəkət dolu su endirdik. Onun vasitəsi ilə (çoxlu ağacı olan) bağlar və biçilməli dən(li bitki)lər bitirdik.

10. Və uca boylu və məhsuldar xurma ağacları (yetişdirdik) ki, bir-birinin üstünə çıxmış salxımları və (hər salxımda) sıx meyvələri vardır.

11. Bəndələrin ruzisi olsun deyə! Həmçinin su vasitəsi ilə (bitkiləri bitirib) ölmüş torpağı diriltdik. Çıxmaq (qiyamət günü ölülərin qəbirlərdən baş qaldırmaları da) belədir (bitki və dənlərin yetişməsi kimidir).

12. Onlardan (Məkkə müşriklərindən) qabaq Nuhun qövmü, (Yəmamədə peyğəmbərləri Hənzələni quyuya atmış) Rəss yoldaşları və (Saleh peyğəmbərin qövmü) Səmud da (öz peyğəmbərlərini) təkzib etmişdi.

13. Həmçinin (Hudun qövmü) Ad, Firon (və onun yoldaşları) və Lutun (qəbilə) qardaşları.

14. (Şüeyb qövmünə məxsus) o yamyaşıl və sıx ağaclı yerin sakinləri və (Yəmən padşahının) Tübbə qövmü. Onların hamısı peyğəmbərləri təkzib etdilər. Beləliklə Mənim (inkar edənlərə əzab vermək barəsindəki) qəti vədim (onlar barəsində) təsbit oldu.

15. Məgər Biz (varlıq aləminin) ilk yaradılış(ın)da aciz qalmışıq (ki, onların yenidən qaytarılmalarında da aciz qalaq)?! (Onlar ilk yaradılışı inkar etmirlər,) əksinə yeni yaradılış barəsində səhvdədirlər.

16. Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq.

17. (Yada sal) o zaman(ı) ki, (insanın düşüncə və əməllərini) qəbul edən o ikisi (o iki mələk) onun sağında və solunda oturub qəbul edirlər.

18. Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın.

19. Ölüm bihuşluğu həqiqətən gələr və (başqa aləm barəsində insanın qarşısına) həqiqəti çıxarar. (Və ona deyilər:) Bu sənin qaçdığın həmin şeydir.

20. Və Sur (ikinci dəfə) çalınar. Həmin gün (Allahın) hədələyici vədlər(inin gerçəkləşməsi) günüdür.

21. (Həmin gün) hər bir kəs bir sürükləyənlə və (əməllərinə şəhadət verəcək) bir şahidlə gələcəkdir.

22. (Ona deyiləcəkdir:) Həqiqətən sən bundan (bu gündən) qafil idin. Biz pərdəni (qəflət pərdəsini) sən(in təfəkkürünün önün)dən kənara çəkdik. Odur ki, bu gün gözün iti görür (Məhşərin vəziyyətini, öz əməllərini və onların cəzasını görəcəksən).

23. Və onun yoldaşı (yanındakı gözətçi) deyər: Mənim yanımda hazır olan şəxs budur. (Və onun şahid yoldaşı deyər: Onun Mənim yanımda hazır olan əməl səhifələri bunlardır.)

24. (Əmr gələr ki:) Siz iki nəfər (gözətçi mələk və şahid) hər bir inadkar kafiri cəhənnəmə atın!

25. Hər bir xeyirin qarşısın alanı, (yaradanın müəyyənləşdirdiyi həddi aşan və yaradılmışların haqqına təcavüz edən) təcavüzkarı və (əqidənin əsaslarına) şübhə edəni (qəlblərə şəkk-şübhə salanı).

26. Tək olan Allahla yanaşı özünə başqa bir məbud götürəni. Buna görə də onu şiddətli və ağrılı bir əzaba atın!

27. Onun yoldaşı (olan şeytan) deyər: «Ey Rəbbim! Onu itatəsizliyə mən vadar etmədim, lakin o özü uzun-uzadı bir azğınlıq içərisində idi. (Mən yalnız dəvət etdim, o da öz xoşu ilə qəbul etdi.)»



Geri   İrəli
Go to TOP