A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


25. Onlar (özlərindən sonra) nə qədər bağlar və bulaqlar qoyub getdilər.

26. Və necə əkinlər və gözəl, nemət dolu mənzil və yerlər!

27. Və necə də sevinib şad olduqları eyş-işrətlər.

28. (Bəli,) belə idi. Biz başqa bir tayfanı onların hamısının varisi etdik.

29. Beləliklə onlara nə göy və yer ağladı və nə də (əzab nazil olan zaman) möhlət tapdılar.

30. Həqiqətən Biz İsrail övladlarına o alçaldıcı əzabdan (oğlanlarının başının kəsilməsi, qızlarının isə nökər kimi saxlanılmasından) nicat verdik.

31. Firondan (onun əlindən)! Həqiqətən o, həddini aşanların itaətsiz təkəbbürlülərindən idi.

32. Həqiqətən Biz onları (ləyaqətlərini) bilərək aləmdəkilərdən (zəmanələrinin insanlarından) üstün etdik.

33. Və onlara ayə və möcüzələrin (əsa, ağ əl, dənizin yarılması, düşmənlərin məhvi, Tövratın nazil olunması, bildirçin və qüdrət halvası, kölgə salan bulud kimi) aşkar imtahan (yaxud aşkar nemət) olanını verdik.

34. Əlbəttə bunlar (Qüreyş kafirləri) deyirlər:

35. «Həyatın (və insan varlığının) sonu yalnız ilk ölümdür (dünyadakı ölümdür) və biz heç vaxt dirildilməyəcəyik.

36. Buna görə də əgər (Qiyamət iddiasında) doğruçusunuzsa, bizim atalarımızı (dirildib) gətirin.»

37. (Say və güc baxımından) onlar daha yaxşı (və artıq)dırlar, yoxsa (Yəmənin qüdrətli şahlarından olmuş) Tubbə tayfası və (Ad və Səmud kimi) onlardan qabaq olmuş kəslər? Onların hamısını məhv etdik. Çünki onların hamısı günahkar idilər.

38. Biz göyləri, yeri və o ikisinin arsında olanları oyun-oyuncaq (olaraq və boş yerə) yaratmamışıq.

39. Biz o ikisini yalnız haqq olaraq (uca və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaratmışıq, lakin onların çoxu bilmir.

40. Şübhəsiz, «ayırma» günü (Allahın haqq hökm çıxaracağı və haqqın batildən, möminin kafirdən, ədalətlinin fasiqdən ayrılacağı gün) onların hamısının vəd edilmiş vaxtıdır.

41. Heç bir dost və yoldaşın öz dost və yoldaşından heç bir zərəri dəf etməyəcəyi və onlara kömək olunmayacaq bir gün!

42. Allahın rəhm etdiyi kəs istisna olmaqla. Çünki qüdrətli və mehriban Odur.

43. Şübhəsiz, (Cəhənnəmin dibində bitən və budaqları onun bütün təbəqələrinə çatan) Zəqqum ağacı

44. peşəsi günah olan kəsin yeməyidir.

45. O qarınlarda qaynayan əridilmiş mis kimidir.

46. Qaynar suyun qaynaması kimi!

47. Onu tutun və zorla cəhənnəmin ortasına çəkin.

48. Sonra başının ortasından bütünlüklə əzab və işkəncə olan qaynar su tökün.

49. (Və deyin:) «Dad ki, doğrudan da sən həmin qüdrətli və möhtərəmsən!»

50. Bu, sizin, barəsində şübhə etdiyinizdir (həmin əzabdır).

51. Həqiqətən təqvalılar (xəstəlik, qəm-qüssə, qocalıq və ölümdən) amanda olan bir yerdə olacaqlar.

52. Bağların və çeşmələrin arasında.

53. Nazik və qalın ipək paltarlar geyinəcək, (ünsiyyətdə olub söhbət etmək üçün) bir-birləri ilə üz-üzə oturacaqlar.

54. (Onların halı) belədir. Və onları hurul-eyn (ağ bədənli və iri gözlü cənnət qadınları) ilə evləndirərik.

55. Orada (zərər-ziyanından və zavala uğramasından) xatircəm halda bütün növ meyvələrdən istəyərlər.

56. Onlar (dünyadan Bərzəx aləminə keçmək vasitəsi olan) birinci ölümdən (və Bərzəx aləmindən Qiyamətə keçmək vasitəsi olan ikinci ölümdən) başqa orada ölümü dadmayacaqlar. (Allah) onları (həmişəlik olaraq) Cəhənnəm əzabından qoruyur.

57. (Bu,) sənin Rəbbin tərəfindən olan bir lütfdür. Bu həmin böyük qurtuluş və uğurdur.

58. Həqiqətən Biz bunu (Quranı) sənin dilində asanlaşdırdıq (onu ərəbcə, sənin dilini ona yatan və zehnini onun təlimləri ilə tanış etdik ki,) bəlkə onlar (sənin qövmün) ibrət götürdülər.

59. Buna görə də (onlar ibrət götürmədikləri üçün onlara əzab gəlməsini) gözlə ki, əlbəttə onlar da (əzab) gözləyirlər.

Əl-Casiyə surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)

2. Bu kitab yenilməz qüdrət, möhkəm yaradılış və güclü şəriət sahibi olan Allah tərəfindən nazil edilmişdir.

3. Şübhəsiz, göylərdə və yerdə (onların vücudunda və yaradılmalarının necəliyi və təsirlərində) iman əhli üçün (Allahın tovhid, rübubiyyət, qüdrət və hikmətindən) nişanələr vardır.

4. Və həmçinin sizin özünüzün yaradılışınızda və (bütün aləmdə) yaydığı canlılarda (bədənlərinin və ruhlarının fərqliliyi və ruhlarının bədənlərlə əlaqəsi baxımından) yəqini olan bir dəstə üçün nişanələr vardır.

5. Həmçinin gecə ilə gündüzün get-gəlində, onların artıb azalmasında, Allahın (yağış və günəşin nuru kimi) göydən nazil etdiyi və vasitəsi ilə yeri öldükdən sonra diriltdiyi (toxumlara, bitkilərə və fidanlara inkişaf ruhu verdiyi) ruzidə, eləcə də küləklərin (müxtəlif istiqamətlərə) dolandırılmasında düşünənlər üçün nişanələr vardır.

6. Bunlar (kitabın bu ayələri və sizin öz vücudunuzda və təbiətdə olan ayələr) Allahın haqq və doğru olaraq sənə oxuduğumuz ayələridir. Buna görə də (əgər bunları qəbul etməsələr), Allahdan (Allahın sözündən) və Onun nişanələrindən sonra hansı sözə iman gətirəcəklər?!

7. Vay olsun peşəsi günah olan hər bir yalan uydurana

8. ki, Allahın həmişə ona oxunan aylərini eşidir, sonra onları eşitməmiş kimi təkəbbürlə (öz küfr və inadkarlığında) israr edir. Buna görə də onu ağrılı bir əzabla müjdələ.

9. Bizim (kitab və nişanələrmizdən) bir ayə bilən zaman ona məsxərə edər. Alçaldıcı əzabları olacaq kəslər onlardır.

10. Onların (dünyalarının) arxasında Cəhənnəmdir. Onların əldə etdikləri (mal-dövlət və məqam) və Allahın yerinə başçı və dost (olaraq) götürdükləri şey (Allahın) onlar(a olan əzabın)dan bir şeyi dəf etməyəcəkdir. Onlar üçün böyük əzab vardır.

11. Bu (Quran) başdan-ayağa hidayətdir. Rəbblərinin ayələrinə küfr edən kəslər üçün çətin və ağrılı bir əzab vardır.

12. Allah gəmilərin Onun əmri ilə dənizdə üzmələri və həmçinin sizin Onun lütfünü və (qurudakı və sudakı) nemətlərini diləməyiniz üçün və (nəhayət) bəlkə şükr etdiniz deyə (suya xüsusi təbiət və genişlik bəxş etməklə) dənizi sizin xeyirinizə ram edəndir.

13. Göylərdə və yerdə olanları – (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi. Həqiqətən bunda (bu ram etmədə) düşünən dəstə üçün (Onun tovhid, qüdrət və mərhəmətindən) nişanələr vardır.

14. İman gətirənlərə de ki, Allahın (məğlubiyyət və ölüm, Bərzəx və Qiyamət kimi) günlərinə iman və ümidi olmayanları bağışlasınlar (və ilahi hakimiyyət gerçəkləşənə kimi onlara toxunmasınlar) ki, (Allah mübarizə aparan) dəstəni əldə etdiklərinin müqabilində (Özü) cəzalandırsın.

15. Kim yaxşı iş görsə öz xeyirinədir və kim pis iş görsə öz ziyanınadır. Sonra siz Rəbbinizə tərəf qaytarılacaqsınız (ki, əməllərinizin nəticələrini görəsiniz).

16. Həqiqətən Biz İsrail övladlarına kitab (Tövrat, İncil, Zəbur və səhifələri), hökm (hikmət, hökm çıxarmaq və hakimiyyət) və peyğəmbərlik verdik, onlara (bildirçin əti, qüvvət halvası və göydən göndərilmiş süfrə kimi) pak şeylərdən ruzi verdik və onları (zəmanələrində olan) aləmdəkilərdən üstün etdik.

17. Həmçinin onlara (dinlərinin) iş(i) barəsində aydın dəlillər verdik (ki, onun əsasları və qollarında qaranlıq bir nöqtə qalmasın). Beləliklə onlar yalnız (məsələnin həqiqəti barəsində) özlərinə elm yetişdikdən sonra (ancaq) aralarındakı həsəd, həddi aşmaq və təkəbbür üzündən ixtilafa düçar oldular. Həqiqətən sənin Rəbbin Qiyamət günü onların arasında barəsində ixtilafa düçar olduqları bütün şeylər barəsində hökm çıxaracaqdır.

18. Sonra səni işin (ümumi din işinin, məxsus) bir şəriəti (yəni keçmiş dörd şəriət müqabilində İslam şəriəti) yolunda qoyduq. Buna görə də ona tabe ol və heç vaxt, elmi olmayanların (kafir və müşriklərin) nəfsi istəklərinə tabe olma.

19. Çünki onlar əlbəttə ki, Allah(dan gələn əzab)dan bir şeyi səndən dəf etməzlər. Həqiqətən zalımlar bir-birlərinin dost və yardımçılarıdır. Allah (isə) təqvalıların başçı və yardımçısıdır.

20. Bu (Quran və şəriət) insanların bəsirət (gözüaçıqlıq) vasitələri və (yaradılışın başlanğıc və sonuna) inananlar üçün başdan ayağa hidayət və mərhəmətdir. (Yəni onun təsiri həmin şəxslərədir.)

21. Yoxsa günahlara batmış kəslər onları iman gətirib yaxşı işlər görmüş şəxslər kimi edəcəyimizi – həyat və ölümlərinin (onlarla) eyni olacağını güman edirlər? Nə pis mühakimə yürüdürlər!

22. Allah göyləri və yeri haqq (düzgün) olaraq (uca və ağılın qəbul etdiyi bir məqsədlə) yaratdı (ki, hər bir istedad sahibi özünün layiqli kamalına çatsın) və hər bir nəfs qazandığının müqabilində (digər aləmdə) cəzalandırılsın. Onlara əsla zülm edilməyəcək və haqları kəsilməyəcəkdir.

23. Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?

24. (Məadı inkar edən müşriklər) dedilər: «Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; daim ölürük və dirilirik (bir dəstə ölür, bir dəstə dirilir və ya ruhun bir bədəndən digər bir bədənə keçməsi yolu ilə bir bədəndə ölür, digər bir bədəndə yenidən dirilirik) və bizi yalnız zamanın keçməsi öldürür (mələklər zamanın keçməsi ilə ruhları bir bədəndən digərinə keçirirlər və arada başlanğıc söhbəti yoxdur).» Onların bu iddiaya bir (dair) bilikləri yoxdur. Onlar yalnız güman edirlər.

25. Bizim (məad barəsindəki) aydın nişanə və dəlillərimiz onlara oxunan zaman onların «əgər doğruçusunuzsa bizim atalarımızı (qəbirlərdən çıxarıb) gətirin (biz də iman gətirək)» deməkdən başqa bir dəlilləri yoxdur.

26. De: «Allah sizə (əvvəlcə bu dünyada) həyat bəxş edir, sonra öldürür, daha sonra sizi barəsində şəkk-şübhə olmayan Qiyamət gününə toplayacaqdır. Lakin insanların çoxu bilmir.»

27. Göylərin və yerin həqiqi malik və sahibi Allahdır (çünki onların yaradılması, qorunması və məhv edilməsi Onun əlindədir). Batilə uyanlar Qiyamətin qopacağı gün, (bəli, məhz) həmin gün ziyana uğrayacaqlar.

28. (Həmin gün) bütün ümmətləri (qorxunun şiddətindən) bir yerə toplaşmış və diz çökmüş görərsən. Hər bir ümmət öz kitabına (hər bir şəxs öz əməl dəftərinə və ya hər bir ümmət öz dini kitabına) tərəf çağırılacaq (və belə xitab olunacaq ki:) «etdiklərinizin müqabilində bu gün cəzalandırılacaqsınız (və ya sizin axirət cəzanız dünyadakı əməllərinizin gerçək təzahürüdür).»

29. Bu Bizim siz(in əməlləriniz)ə qarşı haqq və doğru danışan kitabımızdır. Çünki Biz sizin etdiklərinizin üzünü köçürürdük (və ya Lövhi-Məhfuzdan köçürür və sizin əməllərinizlə tutuşdururduq).

30. Buna görə də Rəbbləri iman gətirib yaxşı işlər görən kəsləri Öz mərhəmətinə daxil edəcəkdir. Bu, həmin aşkar uğurdur!

31. Küfr edənlərə gəldikdə isə (onlara belə deyiləcəkdir:) «Məgər Mənim (tovhid) ayələrim sizə oxunmurdu?! Amma siz təkəbbür göstərirdiniz və (onda siz) günahkar bir dəstə idiniz.»

32. «Şübhəsiz, Allahın vədi haqdır və Qiyamət barəsində heç bir şəkk-şübhə yoxdur» deyilən zaman «biz Qiyamətin nə olmasını bilmirik; biz ancaq güman edirik və biz yəqinliyə çatmamışıq» deyirdiniz.

33. Pis əmələrinin cəzası onlara (gerçəklik şəklində) zahir olacaq və istehza etdikləri şey (müxtəlif əzablar) onları bürüyəcəkdir.

34. Və (onlara) deyilər: «Siz (dünyada) bu günki görüşünüzü unutduğunuz kimi (Biz də) bu gün sizi unudacağıq (əzabın içində boşlayacağıq). Sizin yeriniz oddur və sizə əsla kömək edənlər olmayacaqdır.»

35. Bunun (bu əzabların) səbəbi sizin Allahın ayələrinə məsxərə etməyiniz və dünya həyatının sizi aldatmasıdır. Odur ki, bu gün onlar Cəhənnəmdən çıxarılmayacaq, üzrxahlığa çağırılmayacaq və onlardan Allahın razılığını əldə etmələri istənilməyəcək.

36. Buna görə də həmd-səna göylərin Rəbbi, yerin Rəbbi və aləmdəkilərin Rəbbi olan Allaha məxsusdur.

37. Göylərdə və yerdə böyüklük, yenilməzlik və hökmranlıq Ona məxsusdur və məğlubedilməz qüdrət və hikmət sahibi Odur (ki, yaradılışı möhkəm, idarəçiliyi sarsılmazdır).

Əl-Əhqaf ‏ surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)

2. Bu kitab yenilməz qüdrət, möhkəm yaradılış və güclü qanunlar sahibi olan Allah tərəfindən nazil edilmişdir.

3. Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (uca və ağılın qəbul etdiyi bir hədəf üçün) və müəyyən müddətədək (varlıq aləminin quruluşunun pozulacağı Qiyamət gününədək) yaratmışıq. Küfr edənlər qorxudulduqları şeydən üz döndərirlər.

4. De: «Mənə xəbər verin, göstərin (görüm) Allahın yerinə çağırdıqlarınız (bütlər və digər şeylər) bu yerdən nə (hansı hissəni) yaratmışlar?» Yoxsa onlar göylərdə (göylərin yaradılmasında) şərikdirlər? Əgər doğru deyirsinizsə mənə bundan (bu Qurandan) əvvəl olmuş bir kitab və ya (keçmiş nəsillərdən) qalmış elmi dəlil-sübut gətirin.

5. Kim Allahın yerinə Qiyamətə kimi ona cavab verməyəcək kimsələri çağıran kəsdən daha azğın ola bilər? Onlar bunların çağırışlarından (tamamilə) xəbərsizdirlər.

6. İnsanlar məhşərə gətirilən zaman məbudlar (cansız olsalar da) onlarla düşmən olar və onların ibadətlərini inkar edərlər. [Onlar da məbudlarla düşmən olar və onlara ibadəti inkar edərlər.]

7. Bizim aydın ayələrimiz onlara oxunan zaman kafirlər haqq və həqiqət onlara yetişəndə onun barəsində «bu aşkar bir cadudur» deyərlər.

8. Yaxud «bu Quranı özündən uydurub (Allaha nisbət verib)» deyərlər. De: «Əgər onu uydurmuş olsam (və Allah mənə əzab vermək istəsə) siz mənim üçün Allah(ın əzabın)dan (onun dəf edilməsində) əsla bir şeyə malik deyilsiniz.» O, sizin daxil olduqlarınızı (Quranı təkzib etməyinizi, onu cadu adlandırmağınızı) çox yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. Bağışlayan və mehriban Odur!

9. De: «Mən (Allahın) elçilərin(in) içərisindən (peyğəmbərlik, kitab və möcüzə iddiası edən) birinci (adam) deyiləm və (gələcəkdə dünya və axirət işlərində) mənimlə və sizinlə nə ediləcəyini bilmirəm. Mən yalnız mənə vəhy edilənə tabeyəm və yalnız aşkar qorxudanam.»

10. De: «Mənə xəbər verin (görüm) əgər bu (Quran) Allah tərəfindən olsa və siz küfr etsəniz, İsrail övladlarından bir şahid (bəzi yəhudi alimləri) isə onun bənzərinə (Quran kimi olan və Quranın doğruluğuna şahid olan həqiqi Tövrata) şəhadət verib iman gətirsə, siz isə təkəbbür göstərsəniz (sizcə siz çox çətin bir azğınlıq içərisində qalmazsınızmı)?» Həqiqətən Allah zalımları (imanın kamillik dərəcələrinə) yönəltməz.

11. Küfr edənlər iman gətirənlər barəsində dedilər: «Əgər bu (Quran və ya din) yaxşı şey olsaydı, onlar (yoxsullar və aşağı təbəqədən olanlar) onun qəbul edilməsində bizdən qabağa düşməzdilər.» Onlar onun vasitəsilə hidayət olunmadıqları üçün «bu (kitab) qədim və köhnə bir yalandır» deyəcəklər.

12. (O necə uydurma ola bilər) halbuki ondan qabaq Musanın (səma) kitabı (cəmiyyətin) rəhbər(i) və mərhəmət (idi). Və bu (Quran Musanın kitabını) ərəbcə təsdiqləyən bir kitabdır ki, zülm edənləri qorxutsun və yaxşı əməl sahibləri üçün bir müjdə olsun.

13. Şübhəsiz, (qəlblərinin dərinliklərindən) «bizim Tanrımız Allahdır» deyib sonra (onun əsasında) möhkəm dayananlar üçün (axirət aləmində) nə bir qorxu var və nə də qəmgin olarlar.

14. Onlar cənnət əhlidirlər. Onlar (dünyada) etdiklərinin əvəzi olaraq orada əbədi qalacaqlar.

15. Biz insana ata-anasına (xüsusilə anaya) yaxşılıq etməsini tövsiyə etdik. Çünki anası onu(n vücud yükünü) çətinliklə daşıyıb və əziyyətlə yerə qoyub. Onun (ana bətnində) daşınması və süddən ayrılması (ana bətnində qalması ilə süd əmmə müddəti üst-üstə) otuz aydır (ki, bu ən qısa hamiləlik müddəti olan altı ay ilə ən çox süd vermək müddəti yəni iki ilin cəmidir və yaxud ən çox hamiləlik müddəti olan bir il ilə ən az süd vermək müddəti on səkkiz ayın hasilidir). Nəhayət o, öz (cisim və ağıl) qüvvəsinin kamal həddinə və qırx yaşına çatanda deyər: «Ey Rəbbim! Məni ilhamlandır və müvəffəq et ki, mənə və ata-anama verdiyin nemətin şükrünü yerinə yetirim və Sənin razı qaldığın saleh əməllər edim. Və övladlarımı mənim üçün əməlisaleh (övlad) et. Mən Sənə tərəf qayıtdım və şübhəsiz, təslim olanlardanam.» (Ayə əməlisaleh mömin insan barəsindədir.)

16. Onlar çox yaxşı əməllərini qəbul etdiyimiz və verilmiş doğru vədə əsasən Cənnət əhli zümrəsində günahlarından keçdiyimiz kəslərdir.

17. Öz ata-anasına «heyf sizə! Məndən əvvəl əsrlər boyu insanların (gəlib) keçdikləri (və onlardan heç kəsin dirilmədiyi) bir halda siz mənə (öləndən sonra torpaqların arasından) çıxarılacağımı vəd edirsiniz?!» deyən kəs(ə gəldikdə isə): O ikisi daim Allahdan (onun iman gətirməsi barəsində) kömək diləyir (və deyirdilər): «Vay olsun sənə! İman gətir. Allahın vədi mütləq haqdır.» Lakin o deyirdi: «(Sizin) bu (sözləriniz) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir.»

18. Belələri onlardan qabaq (olub) keçmiş insan və cin tayfaları arasında barələrində Allahın sözü (kafirlərin cəhənnəmlik olmaları haqqındakı vədi) qətiləşmiş kəslərdir. Onlar doğrudan da ziyana uğramışdılar.

19. (Mömin və kafirlərin) hər biri üçün etdikləri əməllərindən qaynaqlanan (iman və küfr, səadət və bədbəxtlik, mükafat və cəza) dərəcələr(i) vardır. (Bu davranış bir sıra səbəblərə görə) və Allahın onların əməllərini(n əvəzini və ya gerçək təzahürünü) onlara kamil şəkildə verməsi üçündür. Və onlar əsla zülmə məruz qalmazlar, savabları kəsilməz yaxud cəzaları artırılmaz.

20. Kafirlər oda göstəriləcəkləri gün (onlara belə deyiləcəkdir): «Siz dünya həyatınızda (günahlara batmaqla) bütün kef və ləzzətlərinizi aldınız, orada bəhrələndiniz. Odur ki, yer üzündə nahaq təkəbbür göstərdiyinizə görə və itaətsizliyinizin cəzası olaraq bu gün alçaldıcı əzabla cəzalandırılacaqsınız.»

21. Və Ad qövmünün qəbilə qardaşını (Hudu və onun hekayətini) yada sal. O zaman(ı) ki, o, (Yəməndəki) qumluqda öz qövmünü qorxutdu. Əlbəttə (həmin bölgədə) ondan əvvəl də, sonra da qorxudanlar (olub) keçmişdilər. (O dedi:) «Allahdan başqa heç kəsə ibadət etməyin. Çünki mən sizin üçün böyük günün əzabından qorxuram.»

22. Dedilər: «Bizi öz məbudlarımızdan döndərməyə gəlmisən? Belə isə əgər doğruçulardansansa bizə vəd etdiyini (gözlənilməz və kütləvi əzabı) gətir!»

23. Dedi: «Elm yalnız Allahın yanındadır (həmin əzabın nə, necə və nə vaxt olacağını yalnız Allah bilir) və mən yalnız (çatdırılmasına) göndərildiyim şeyi çatdırıram (tovhidə dəvət edir və itaətsizlik göstərib həddini aşanları əzab nazil olmasından qorxuduram). Lakin sizi həmişə nadanlıq edən bir tayfa görürəm.»

24. Beləliklə əzabı yayılmış bulud şəklində öz dərə və gölməçələrinə üz tutmuş görəndə dedilər: «Bu, bizim üçün yağış yağdıracaq bir buluddur.» (Hud dedi: «Xeyir,) əksinə, o sizin tələskənliklə istədiyinizdir, ağrılı əzabı olan bir küləkdir

25. ki, Rəbbinin əmri ilə hər şeyi (bütün canları və mal-dövləti) həlak və məhv edəcəkdir.» Beləliklə onlar elə (həlak) oldular ki, məskənlərindən başqa heç nə görünmürdü. Biz günahkarların tayfasını belə cəzalandırırıq.

26. Həqiqətən biz onlara (cismani qüvvə, mal-dövlət və övlad baxımından) sizə vermədiyimiz şeylərdə imkan və qüdrət vermişdik və onlar üçün qulaq, gözlər və ürəklər yaratmışdıq. Lakin nə qulaqları, nə gözləri və nə də ürəkləri onlardan (Allahın gələn əzabından) bir şeyi dəf etdi. Çünki onlar daim Allahın ayələrini inkar edirdilər və (nəhayət) istehza etdikləri şey onları hər tərəfdən bürüdü.

27. Həqiqətən Biz siz (Məkkə əhlin)in ətrafınızda olan cəmiyyətləri (Hicr yoldaşlarını, Səmud və Lut qövmlərini) həlak etdik və onlara (Özümüzün) müxtəlif (tovhid və əzəmət) ayələri(mizi) göstərdik ki, bəlkə (haqqa) qayıtdılar.

28. Bəs nə üçün Allahın yerinə özləri üçün (Allaha) yaxınlaşmaq məqsədi ilə götürdükləri məbudlar (həmin əzablar nazil olan zaman) onlara kömək etmədilər, əksinə onların gözlərindən itdilər?! (Bəli,) onların yalan və azğınlıqları(nın) və uydurduqları(nın nəticəsi) bu idi.

29. Və (yada sal) o zaman(ı) ki, cinlərdən bir dəstəsini Qurana qulaq asmaq üçün sənin yanına göndərdik. Elə ki, onun yanına (oxunduğu yerə) çatdılar, (bir-birlərinə) dedilər: «Sakit olun və dinləyin!» Və elə ki, (Quran oxunub) sona çatdı, (peyğəmbər kimi) qorxudan olaraq öz qövmlərinin yanına qayıtdılar.

30. Dedilər: «Ey qövmümüz! Həqiqətən biz Musadan sonra nazil olub özündən əvvəlkiləri (keçmiş peyğəmbərləri və onların səma kitablarını) təsdiqləyən, haqqa və (əqidə, əxlaq və əməldə) doğru yola yönəldən bir kitab dinlədik.»

31. «Ey bizim qövmümüz! Allahın dəvətçisini (İslam Peyğəmbərini) qəbul edin və ona iman gətirin ki, Allah bəzi günahlarınızı (İslamdan qabaq Allahın qanunlarına qarşı çıxmağınızı) bağışlasın və (axirətdə) sizə ağrılı əzabdan sığınacaq versin.»

32. Kim Allahın dəvətçisini qəbul etməsə, yer üzündə (Allahı) əsla aciz qoya bilməyəcəkdir (Onun səltənətindən qaça və və ya daha üstün qüdrətə sığına bilməyəcəkdir). Onun Allahdan başqa başçı və yardımçıları yoxdur. Belələri aşkar azğınlıq içərisindədirlər.

33. Məgər göyləri və yeri yaradan və onları yaratmaqla yorulub aciz qalmamış Allahın ölüləri diriltməyə qadir olmasını (qəlb gözü ilə) görmürlər? Bəli, (görürlər və bilirlər ki,) şübhəsiz, O hər şeyə qadirdir.

34. Kafirlər (Cəhənnəm) od(un)a göstərilən gün (onlara deyiləcək): «Məgər bu haqq deyil?» Onlar deyəcəklər: «Bəli, and olsun Rəbbimizə (ki, haqdır).» (Allah) buyuracaq: «Belə isə, etdiyiniz küfrün cəzası olaraq dadın bu əzabı!»

35. Buna görə də Allahın elçilərindən möhkəm əzm sahibləri (dörd şəriət sahibi – Nuh, İbrahim, Musa və İsa) səbr etdikləri kimi səbr et və onlar üçün (onların məhv olmalarına) tələsmə. Onlar vəd edilən şeyi (Məhşər səhnəsində hazır olmağı) görən gün (öz fikirlərində belə güman edərlər ki, dünyada və ya Bərzəx aləmində) sanki günün yalnız bir saatını dayanıblar. (Bu məsələ və ya bu kitab) bir bildirişdir. Belə isə məgər fasiqlərdən başqası məhv ediləcək?!

 Məhəmməd surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Allah küfr edən, Allahın yolundan üz döndərən və onun qarşısını alan kəslərin əməllərini (xeyir əməllərini axirətdə və şər planlarını dünyada) puç etdi.

2. (Peyğəmbərlərə nazil olana) iman gətirərək yaxşı işlər görən və Muhəmmədə hamısı Rəbbləri tərəfindən haqq olaraq nazil olana iman gətirənlərin (isə) günahlarını təmizlədi və (dünya və axirətdə) vəziyyətlərini yaxşılaşdırdı.

3. Bunun (kafirlərin əməllərinin puç edilməsinin və möminlərin vəziyyətlərinin yaxşılaşdırılmasının) səbəbi küfr edənlərin batilə tabe olmaları, iman gətirənlərin isə Rəbbləri tərəfindən olan haqqın arxasınca getmələridir. Allah insanlara (onların) sifətlərini bu cür bəyan edir.

4. Buna görə də kafirlərlə (müharibədə) qarşılaşan zaman onların boyunlarını vurun (ilk iş öldürməkdir). Nəhayət elə ki, onları möhkəm qırıb əldən saldınız, (onları əsir götürün və) bağlarını möhkəm bağlayın. Sonra onlara ya azad etməklə minnət qoyun və yaxud fidyə (onun əvəzində mal və əsir) alın ki, müharibə, silahını yerə qoysun və yatsın. Budur (Allahın əmri). Əgər Allah istəsəydi onlardan Özü intiqam alardı. Lakin sizin bəzinizi digər bəziniz ilə (möminləri kafirlərlə və kafirləri möminlərlə) sınamaq üçün (belə edir). Allah yolunda öldürülmüş kəslərin əməllərini (Allah) əsla itirmir (və onlara çoxlu mükafat verir).

5. Tezliklə onları (Bərzəx və axirətin kəramətli dərəcələrinə) yönəldəcək və (o dünyada) onların vəziyyət və işlərini yaxşılaşdıracaq.

6. Və onları (dünyada) tanıtdırdığı, hüdud və sərhədlərini bildirdiyi və onlar üçün bəzəyib ətirlədiyi Cənnətə daxil edəcəkdir.

7. Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər.

8. Küfr etmiş kəslər (isə) məhv olsunlar! (Allah) onların bütün əməllərini puç və təsirsiz etdi.

9. Bunun səbəbi onların Allahın nazil etdiyini (vəhy, Quran və dini) xoşlamamalarıdır. Beləliklə Allah onların əməllərini (dünyadakı təsirləri və axirət mükafatı baxımından) puç və batil etdi.

10. Məgər onlar özlərindən qabaq olmuş kəslərin aqibətlərinin necə olmasına nəzər salmaq üçün yer üzündə gəzmədilər?! Allah onların nəyi vardısa (can, ailə və mallarını) məhv etdi və (əlbəttə) o aqibət və cəzaların bənzəri bu kafirlər üçün də olacaqdır.

11. Bunun səbəbi Allahın iman gətirənlərin başçısı və yardımçısı olmasıdır. Kafirlərin isə başçı və yardımçıları yoxdur.



Geri   İrəli
Go to TOP