A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


41. Həqiqətən Biz bu kitabı sənə insanlar üçün, haqq olaraq nazil etdik. Buna görə də kim doğru yola gəlsə öz xeyrinə hidayət olub və kim yolunu azsa yalnız öz ziyanına azır. Sən onların işlərinin vəkili deyilsən (ki, imanı onların qəlbinə çatdırmaq vəzifəsi daşıyasan. Bu, Allahın işidir).

42. Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır.

43. Yoxsa onlar Allahın yerinə şəfaətçilər (şəafətçi adlandırdıqları bütlər) götürüblər? De: «Hətta heç nəyə malik olmasalar və heç nə dərk etməsələr belə (yenə onları şəfaətçi hesab edirsiniz)?!»

44. De: «Şəfaət və vasitəçilik bütünlüklə (istər səbəb və nəticələr arasındakı icbari vasitəçiliklər, istərsə də axirət aləmindəki şəfaətlər) Allaha məxsusdur. (Çünki,) həqiqi mülkiyyət və göylərin və yerin hakimiyyəti Ona məxsusdur. (Ona görə ki, hər bir şeyin yaradılışı, qorunması, idarə edilməsi və yox edilməsi Onun əlindədir.) Sonra sizin hamınız Ona tərəf qaytarılacaqsınız.»

45. Allahın təkliyi zikr edilən zaman axirətə imanı olmayanların qəlblərində ikrah və nifrət yaranar. Ondan qeyriləri (bütlər) yada salınan zaman isə birdən sevinərlər.

46. (Onların iman gətirmələrinə naümid olduqdan sonra) de: «Allahım! Ey göylərin və yerin yaradanı, gizli və aşkarı bilən! Bəndələrin arasında (dünyada) ixtilaf etdikləri şey barəsində (axirətdə) Sən hökm çıxaracaqsan!»

47. Əgər yer üzündə olanlar və onun daha bir misli (küfr etməklə özlərinə) zülm etmiş kəslərin olsa, şübhəsiz, Qiyamət günü hamısını özlərini əzabın pislik və çətinliyindən qurtarmağa fəda edərlər. Onlar üçün Allah tərəfindən güman etmədikləri (şiddətli əzab) zahir olacaqdır.

48. Onlar üçün pis əməllər və əməllərinin cəzası zahir olacaq və onları (dünyada) istehza etdikləri şey (Qiyamətin çətinlikləri və cəhənnəmin müxtəlif əzabları) bürüyəcəkdir.

49. Bəli, insana bir zərər-ziyan yetişən zaman Bizi çağırar. Sonra ona Öz tərəfimizdən bir nemət əta edən kimi «o mənə bacarığıma görə verilib» deyər. (Xeyr!) Əksinə, (o, Allah tərəfindən) bir imtahandır, lakin onların çoxu bilmirlər.

50. Həqiqətən bu sözü onlardan qabaqkılar (Qarun və onun yoldaşları) da demişdilər. Lakin əldə etdikləri (mallar) onlardan (Allahın əzabından) bir şeyi dəf etmədi.

51. Beləliklə əldə etdiklərinin pis cəzası onlara yetişdi. Bunların (Məkkə kafirlərinin) zülm edənlərinin də əldə etdiklərinin pis cəzası tezliklə onlara çatacaqdır və onlar əsla Bizi (intiqam almaqda) aciz qoya bilməzlər.

52. Məgər onlar ruzini istədiyi kəs üçün genişləndirən və daraldanın Allah olmasını bilməyiblər? Həqiqətən bunda (bu işdə) iman gətirənlər üçün (Allahın qüdrət, tədbir və hikmətindən) nişanələr vardır.

53. De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!

54. Və sizə (qəfil dünya və ya axirət) əzab(ı) gəlməmişdən və daha sonra köməksiz qalmamışdan qabaq Rəbbinizə tərəf dönün və Ona təslim olun.

55. Özünüzün də xəbəriniz olmadan qəfil əzab sizə yetişməmişdən öncə Rəbbiniz tərəfindən sizə nazil edilən ən gözəl şeylərə (əqidə və əməl barəsindəki vacibata və mənəvi fəzilətlərə) tabe olun.

56. (Allah sizə öyüd verir) ki, məbada kimsə (Qiyamət günü) «əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə! Həqiqətən mən məsxərə edənlərdən idim» desin.

57. Yaxud da (məbada kimsə) «əgər Allah məni doğru yola yönəltsəydi mütləq təqvalılardan olardım» desin.

58. Yaxud (məbada) əzabı görən zaman «ey kaş qayıda və yaxşılardan ola biləydim!» desin.

59. (Həmin şəxsə belə deyilər:) Xeyr! Mənim ayə və nişanələrim sənə gəldi, amma sən təkzib və inkar etdin, təkəbbür göstərdin və (həmin vaxt) kafirlərdən idin.

60. Allaha yalan yaxanların üzlərini Qiyamət günü qaralmış görəcəksən. Məgər cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?!

61. Allah təqvası olanlara (iman və əməl) uğurlarına görə nicat verər. Onlara nə pislik yetişər və nə də qəmgin olarlar.

62. Allah hər bir şeyin (vasitəsiz və vasitə ilə) yaradanıdır. Və O, hər şeyə vəkildir.

63. Göylərin və yerin xəzinələri və onların açarları Ona məxsusdur. Ziyana uğrayanlar Allahın ayələrini inkar edənlərdir.

64. De: «Ey nadanlar! Mənə Allahdan qeyrisinə ibadət etməyi əmr edirsiniz?!

65. (Ya Peyğəmbər!) Həqiqətən sənə və səndən əvvəlki (peyğəmbər)lərə vəhy edilib ki, əgər (Allaha) şərik qoşsan, xeyir əməllərin batil və puç olacaq (onların axirət mükafatı aradan gedəcək və onlar başqa aləmdə təzahür tapmaq qabiliyyətini itirəcəklər) və mütləq ziyana uğrayanlardan olacaqsan.

66. Əksinə, yalnız Allaha ibadət et və şükr edənlərdən ol!

67. Allahı(n qüdrət və əzəmətini hətta insanın öz dərketmə imkanı çərçivəsində) Onun məqamına layiq meyarla ölçmədilər və tanımadılar. Halbuki qiyamət günü yer (kürəsi) bütünlüklə Onun (qüdrət) ovucunda olacaq, bütün göylər Onun qüdrətli əli ilə büküləcəkdir. O pakdır və Onun şəriki güman edilənlərdən üstündür.

68. Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs (birinci ölümü dadan və Bərzəx aləmində olanlar) istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq (və bu sur ilə ölənlər də ora gedəcəklər). Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb baxacaqlar (və həmin günün sahibinin əmrini gözləyəcəklər).

69. (Həmin gün) yer (üzü) öz Rəbbinin nuru (həmin gün üçün yaradılmış xüsusi nur) ilə işıqlanacaq (Məhşər əhlinin əməllərinin də dərc edildiyi böyük) kitab (Lövhi-Məhfuz bir tərəfə) qoyulacaq. Və bütün peyğəmbərlər və (əməllərin məsumlar, mələklər və təqvalılardan ibarət) şahidlər(i) gətiriləcək, onların (Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılacaq və onlara zülm edilməyəcək, haqları kəsilməyəcək.

70. Hər bir kəsə etdiyi(nin mükafatı) tam şəkildə veriləcək və O (Allah), onların etdiklərini daha yaxşı bilir.

71. Kafirlər dəstə-dəstə Cəhənnəmə tərəf sürüklənəcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və gözətçiləri (məzəmmətlə) onlara deyəcəklər: «Məgər sizə özünüzdən (öz cinsinizdən) Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu günün görüşündən qorxudan peyğəmbərlər gəlməmişdi?» Onlar deyərlər: «Bəli (gəlmişdilər), lakin (biz öz küfr və inadkarlığımıza israr etdik və nəhayət Allahın) əzab vədi kafirlərə qəti oldu.»

72. Onlara deyilər: «Cəhənnəmin qapılarından əbədi məskunlaşmaq üçün ona daxil olun!» Pis yerdir təkəbbürlülərin yeri!

73. Rəbblərindən qorxanlar (isə) dəstə-dəstə cənnətə tərəf aparılarlar. Nəhayət ora çatanda onun qapıları (daxil olmaq üçün onların üzünə) açılar. Onun gözətçiləri onlara deyərlər: «Salam olsun sizə! (Həm cism, həm də ruh baxımından) pak oldunuz. Buna görə də əbədi məskunlaşmaq üçün ora daxil olun!»

74. (Cənnət əhli orada məskunlaşdıqdan sonra) deyərlər: «Şükr bizim barəmizdəki vədini gerçəkləşdirən və cənnət yerini irsi olaraq (dini qəbul edəcəkləri təqdirdə bizə şərik olacaq kəslərin payını da) bizə verən Allaha məxsusdur ki, cənnətin istədiyimiz yerində məskən seçirik. Əməl edənlərin mükafatı gözəldir!

75. (Həmin gün) mələkləri Rəbblərinə şükr etməklə birlikdə Onu pak sifətlərlə mədh edən halda Ərşi (haqqın səltənət qərargahı və Onun əmrlərinin verildiyi mərkəzi dairəvi şəkildə) əhatə edən görərsən. Onların (bütün Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılar (və Qiyamət hadisələri qurtardıqdan sonra) deyilər: «Həmd və şükr aləmlərin Rəbbi olan Allaha məxsusdur!»

Əl-Mu`min surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)

2. Bu kitab yenilməz qüdrət sahibi və bilən Allah tərəfindən nazil edilmişdir.

3. Günahı bağışlayan, tövbəni qəbul edən, cəzası ağır, firavan və daimi nemət sahibi (olan Allah tərəfindən)! Ondan başqa bir məbud yoxdur. (Hamının və hər bir şeyin) qayıdış(ı) Ona tərəfdir.

4. Allahın ayə (və möcüzə)ləri barəsində kafirlərdən başqa heç kəs mübahisə etməz. (Onlar da nəhayət öz cəzalarına çatacaqlar.) Buna görə də onların şəhərlərdə gəl-get etmələri (və mal, övlad və qüdrətlərinin çoxluğu) səni aldatmasın.

5. Onlardan qabaq da Nuhun qövmü və onlardan sonra gələn tayfalar (Hudun, Salehin, Lutun və digər peyğəmbərlərin qövmləri öz peyğəmbərlərini) təkzib etdilər. Hər bir ümmət öz peyğəmbərini tutmaq (yaxud sürgün etmək, həbs etmək və yaxud öldürmək) üçün onun qəsdinə durdu. Və boş söz vasitəsi ilə mübahisə etdilər ki, bu yolla haqqı zay və batil etsinlər. Beləliklə onları yaxaladıq. Buna görə də (bax gör) Mənim cəzam necə oldu!

6. Rəbbinin bütün kafirlər barəsindəki hökmü (keçmişlər barəsində olduğu kimi) belə sabit və gerçəkdir ki: «Onlar od əhlidirlər!»

7. (Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: «Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!»

8. Ey Rəbbimiz! Onları özlərinə və əməlisaleh ata, zövcə və övladlarına vəd etdiyin əbədi Cənnətlərə daxil et. Çünki yenilməz qüdrət və hikmət sahibi Sənsən!

9. Və onları (axirətdə) günahların cəzasından (və ya günahların o aləmdəki təzahüründən) qoru. Həmin gün Sən kimi günahların cəzasından qorusan, doğrudan da ona rəhmətini şamil etmisən. Bu, həmin o böyük uğur və qurtuluşdur.

10. Həqiqətən küfr etmiş kəslərə (onlar bəzən Cəhənnəmdə özlərinə və bir-birlərinə qəzəblənən zaman) nida edilər ki: «Şübhəsiz, Allahın sizə olan nifrət və qəzəbi sizin özünüzə və bir-birinizə olan nifrət və qəzəbinizdən daha çoxdur. Çünki siz imana tərəf çağırılır və (buna baxmayaraq) küfr edirdiniz.»

11. Onlar deyərlər: «Ey Rəbbimiz! (Dünya həyatından və tovhid çağırışının gerçəkləşməsindən sonra) bizi iki dəfə öldürüb iki dəfə diriltdin (dünyada öldürüb Bərzəxdə diriltdin və Bərzəxdə öldürüb Qiyamətdə diriltdin), beləliklə biz öz günahlarımızı (birinci dirilməyi, həmçinin ikinci ölüm və dirilməyi inkar etməyimizi) etiraf etdik. Belə isə (buradan) çıxmaq üçün bir yol varmı?»

12. Bu (əzablar) ona görədir ki, Allah tək çağırılan zaman siz (Onun birliyinə) küfr edirdiniz və ona şərik qoşulanda (həmin şeyə) iman gətirirdiniz. Buna görə də hakimlik uca məqamlı və böyük Allaha məxsusdur.

13. Öz ayələrini (Öz tovhidinin əqli və nəqli dəlillərini) sizə göstərən və sizin üçün göydən (maddi və mənəvi) bir ruzi nazil edən Odur. (Bu nemətlərdən) yalnız Allaha könül vermiş və Allaha tərəf qayıdan kəs ibrət alar.

14. Odur ki, kafirlər xoşlamasalar belə, Allahı itaət və əqidəni Onun üçün xalisləşdirdiyiniz halda çağırın.

15. O Allahı ki, kamalının dərəcələri uca, yaratdıqlarının dərəcələrini yüksəldən və (göylərin üstündə yerləşib hökmranlıq məkanı və dünya işlərinin idarəçiliyi fərmanlarının verilməsi mərkəzi olan) ərşin sahibidir. O, Ruhu (Ruh mələyini) Öz əmri ilə bəndələrindən istədiyinə (peyğəmbərlərə) göndərir ki, (insanları) qovuşma günü ilə (Bərzəx ruhlarının Məhşər bədənlərinə, bütün dirilənlərin Allaha, insan, mələk, cin və şeytanların bir-birlərinə və Allah qarşısında cavabdehlik daşıyan hər bir kəsin öz əməllərinin cəzasına qovuşacağı gün ilə) qorxutsun.

16. Onların (Məhşər səhnəsində hazır olanların) zahir və aşkar olacaqları gün (ilə)! Allaha onların heç nəyi gizli qalmayacaqdır. (Və Allah tərəfindən deyiləcək:) Bu gün mülkiyyət və hakimiyyət kimə məxsusdur? (Və belə cavab veriləcək:) Tək və qüdrətli Allaha məxsusdur.

17. Bu gün hər bir kəs qazandığı əməllərin müqabilində cəzalandırılacaqdır (və ya əməlinin gerçək təzahürü onun cəzası olacaqdır). Bu gün (heç kimdən heç kəsə) zülm olunmaz. Həqiqətən Allah tez haqq-hesab çəkəndir (və bütün insan və cinlərin əməllərinin hesabını çəkmək onun üçün vaxt aparan və çətin bir iş deyildir).

18. Və onları o böyük hadisə (Qiyamət) günü ilə – öz qəm-kədərlərini udduqları halda ürəklərin (qorxu və vahimədən yerindən qoparaq) qırtlağa çatacağı zamanla qorxut! (Həmin gün) zalımların nə qohumları, nə də sözü qəbul edilən şəfaətçiləri olar.

19. O, xəyanətkar gözləri (və ya gözlərin qadağan edilmiş yerlərdəki xəyanətlərini) və sinələrin gizlətdiklərini (küfrü, haram fikirləri və rəzil sifətləri) bilir.

20. (Yaradılış, idarəçilik və şəriət barəsində) haqq hökm çıxaran Allahdır və (müşriklərin) Allahın yerinə çağırdıqları heç bir hökm çıxara bilməzlər. Həqiqətən (hər bir şeyi) eşidən və görən Allahdır!

21. Məgər onlar yer üzündə gəzmədilərmi ki, özlərindən qabaqkıların işlərinin sonunun necə olmasını görsünlər? Onlar (qabaqkılar, insan) qüvvə(si və mal-dövlət) və yer üzündəki mövcudluq nişanələri (qala, şəhər və tikililəri) baxımından bunlardan daha çox və daha güclü idilər. Allah onları günahlarına görə cəzalandırdı və onları Allah(ın əzabın)dan bir qoruyan (da) olmadı.

22. Onun (həmin cəzanın) səbəbi bu idi ki, peyğəmbərləri onlara həmişə (tovhid və özlərinin peyğəmbərlikləri barəsində) aşkar dəlillər gətirir, lakin onlar küfr edirdilər. Beləliklə Allah onları əzabla yaxaladı. Həqiqətən O, qüvvətli və ağır cəza verəndir.

23. Həqiqətən Biz Musanı Öz ayələrimizlə və aşkar və aydınlıq gətirən dəlillə göndərdik.

24. (Qibtilərin müstəbid hökmdarı) Fironun, (onun vəziri) Hamanın və (İsrail övladlarının azğın qızıl toplayanı) Qarunun yanına! Onlar dedilər: «(Bu kişi) çox yalançı sehrbazdır.»

25. Beləliklə elə ki, (Musa) onlara Bizim tərəfimizdən haqqı (tovhidin dəlillərini və möcüzələri) gətirdi, dedilər: «Musa ilə (Allaha) iman gətirənlərin oğullarını öldürün və qadınlarını diri saxlayın.» Lakin kafirlərin hiylə və məkrləri yalnız azğınlıqdadır (və heç vaxt məqsədə çatmaz).

26. Firon (Musanı öldürməyi məsləhət bilməyən müşavirlərinə) dedi: «Qoyun Musanı öldürüm və o öz Rəbbini (köməyə) çağırsın (və Rəbbi onu qurtarsın). Çünki onun sizin (tanrının nəzarəti altındakı rəbb olan mənə və bütlərə ibadət etməkdən ibarət) dininizi dəyişdirəcəyindən və ya bu torpaqda (dövlət əleyhinə üsyan yaratmaqla) fəsad törədəcəyindən qorxuram.»

27. Musa (Firona və onun ətrafındakılara xitab edərək) dedi: «Həqiqətən mən hesab gününə imanı olmayan hər bir təkəbbür sahibin(in şərin)dən öz Rəbbimə və sizin Rəbbinizə pənah aparmışam.

28. Fironun ailəsindən olub imanını (onlardan) gizlədən mömin bir kişi dedi: «Məgər siz «mənim Rəbbim Allahdır» deməyə görə bir kişini, sizin üçün Rəbbiniz tərəfindən aydın dəlillər gətirdiyi halda öldürəcəksiniz?! Əgər o yalançı olsa, yalanı öz ziyanınadır. Əgər doğruçu olsa (dünya və axirət əzablarından) vəd etdiyinin (ən azı) bir hissəsi sizə yetişər. Həqiqətən Allah israfçı və yalançını hidayət etmir (və Musa doğruçu olduğu təqdirdə siz israfçı və yalançısınız).»

29. Ey mənim qövmüm, bu gün mülkiyyət və hakimiyyət sizə məxsusdur və siz bu torpaqda qalib və üstünsünüz. Beləliklə əgər bizə bir əzab gəlsə, Allahın əzabından (qurtarmağa) bizə kim kömək edər?! Firon dedi: «Mən sizə öz rəyimdən (Musanın öldürülməsinin məsləhət olmasından) başqa bir nəzər bildirmirəm və sizi yalnız doğru yola yönəldirəm.»

30. İman gətirmiş şəxs dedi: «Ey mənim qövmüm, şübhəsiz, mən sizin üçün tayfaların (qarşılaşdıqları hadisə) gününün bənzərindən qorxuram.»

31. «Nuhun qövmünün, Ad və Səmud (qövmlərinin) və onlardan sonrakıların barəsində istifadə edilmiş üsulun (gözlənilmədən kütləvi şəkildə məhvə düçar etməyin) bənzərindən! Allah heç vaxt bəndələrinə zülm etmək istəmir.»

32. «Ey mənim qövmüm! Həqiqətən mən sizin üçün «bir-birini səsləmə» günündən (insanların qorxudan bir-birlərini köməyə çağıracaqları və hamılıqla fəryad qoparacaqları gündən) qorxuram.»

33. Sizi Allah(ın əzabın)dan qoruyan bir kimsənin olmadığı halda (Cəhənnəmə tərəf getmək və ya Cəhənnəmin içindən çıxmaq qəsdi ilə onun kənarlarına qaçmaq üçün) dayandığınız yerə arxa çevirərək (hesab yerindən) üz döndərəcəyiniz bir gün(dən)! Allahın azğınlıqda boşladığı kəsi heç vaxt bir hidayət edən olmayacaqdır.

34. «Həqiqətən Yusuf bundan (Musadan) qabaq sizin üçün (tovhid və özünün peyğəmbərliyi barəsində) aydın dəlillər gətirdi. Siz həmişə onun gətirdiyi barəsində şəkk içərisində idiniz. Nəhayət elə ki, o öldü, dediniz: «Allah ondan sonra heç vaxt peyğəmbər göndərməyəcəkdir. (Həyatında onu təkzib etdiniz, ölümündən sonra qəbul etdiniz və gələcək peyğəmbərləri inkar etdiniz.) Allah israfçı və şübhə edəni beləcə azğınlıqda boşlayır.

35. Bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edənlər Allahın və iman gətirmiş kəslərin yanında böyük qəzəbə və nifrətə düçardırlar. Allah zorakı təkəbbür sahibinin qəlbinə beləcə bütünlüklə (bədbəxtlik) möhür(ü) basır.

36. (Musanın özü və möcüzələri qarşısında zəifləmiş və artıq, etinasızlıqla qətl fərmanı verə bilməyən) Firon dedi: «Ey Haman, mənim üçün çox uca bir bina tik, bəlkə (onun qülləsindən müşahidələr aparmaqla) müəyyən vasitələr əldə etdim.»

37. «Göylərin (ulduzlar və digər səma varlıqları kimi) səbəb və vasitələrini! Və (bu yolla) Musanın Allahından xəbərdar olum. Əlbəttə, mən onu yalançı sanıram.» Beləcə pis əməlləri Firona gözəl göstərildi və o, yoldan (haqq və tovhid yolundan) saxlanıldı. Fironun məkr və hiyləsi yalnız puç və batil idi.»

38. İman gətirmiş şəxs dedi: «Ey mənim qövmüm, mənə tabe olun, sizi doğru və hədəfə çatdıran yola hidayət edim.»

39. «Ey mənim qövmüm! Bu dünya həyatı yalnız (məhdud və müvəqqəti) bəhrələnməkdir və həqiqətən sabitlik və əbədilik evi (təkcə) axirətdir (axirət həyatıdır).

40. Kim pis iş görsə, yalnız onun miqdarında cəzalandırılacaq və kişi və ya qadınlığından asılı olmayaraq, kim mömin halda yaxşı iş görsə, belələri Cənnətə daxil olacaq, orada onlara saysız-hesabsız (əməllə müqayisə edilmədən və möminin hesabından xaric həddə) ruzi veriləcəkdir.»

41. «Ey mənim qövmüm! Mənə nə olub ki, mən sizi qurtuluşa dəvət edirəm, siz isə məni oda tərəf çağırırsınız?!»

42. «Siz məni Allaha kafir olmağa və barəsində heç nə bilmədiyim bir şeyi Ona şərik qoşmağa dəvət edirsiniz, mən isə sizi O yenilməz qüdrət sahibi və çox bağışlayan (Allah)a tərəf çağırıram.»

43. «Şübhəsiz, məni tərəfinə çağırdığınız şeyin dünya və axirətdə bir dəvəti yoxdur (o, nə çağırılmağa layiqdir və nə də bir kəsi öz kəlamı, yaxud peyğəmbər və kitab göndərməklə çağırıb). Bizim qayıdışımız Allaha tərəfdir və israfçılar (bəndəlik həddini aşanlar) od əhlidirlər.

44. Buna görə də tezliklə (əzab nazil olanda və digər aləmdə) sizə dediklərimi xatırlayacaqsınız. Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri(n halını) görəndir.

45. Beləliklə Allah onu onların hiylələrinin şərindən qorudu və fironçulara ağır bir əzab gəldi və onları bürüdü.

46. Fironçuların (Bərzəx aləmində) hər səhər-axşam məruz qaldıqları həmin od! Qiyamət qopduğu gün isə «fironçuları ən şiddətli əzaba daxil edin» (deyiləcəkdir).

47. Və (yada sal) o zaman(ı) ki, onlar odun içində bir-birləri ilə höcətləşəcəklər. Zəiflər təkəbbür göstərənlərə deyəcəklər: «Həqiqətən biz sizin arxanızca gedirdik. Belə isə siz odun bir hissəsini bizdən dəf edə bilərsinizmi?

48. Təkəbbür göstərənlər deyərlər: «Biz hamılıqla buradayıq. Həqiqətən Allah bəndələrinin arasında hökmünü vermişdir (və bir nicat yolu yoxdur).»

49. Od içində olanlar Cəhənnəmin gözətçilərinə deyərlər: «Rəbbinizi çağırın bu əzabı bizdən (heç olmasa) bir gün yüngülləşdirsin.»

50. (Gözətçilər) deyərlər: «Məgər peyğəmbərləriniz (dünyada) sizə aydın dəlillər gətirmirdilər?» Onlar deyərlər: «Bəli!» (Gözətçilər) deyərlər: «Belə isə (Allahı özünüz) çağırın və (bilin ki,) kafirlərin çağırışları yalnız azğınlıqda olacaqdır.»

51. Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında (müharibələrdə qələbə nəsib etməklə və xeyir işləri ilham etməklə) və (peyğəmbərlər, məsumlar və mələklərdən ibarət əməl) şahidlərin(in) ayağa qalxdıqları gündə (Qiyamətdə mükafat və cəzanın icrası istiqamətində) kömək edərik.

52. (Həmin) o gün(də) ki, zalımlara üzrxahlıqları fayda verməyəcəkdir. Onlar üçündür (Allahın) lənət(i) və onlar üçündür xoşagəlməz ev!

53. Həqiqətən Biz Musaya hidayət (vasitəsi olan Tövrat kitabı, səhifələr, din və möcüzələr) verdik və İsrail övladlarını həmin kitabın varisi etdik.

54. Əsl ağıl sahibləri üçün (başdan-ayağa) hidayət və öyüd-nəsihət (amili) olan (bir kitab)!

55. Buna görə də səbr et ki, Allahın (sənin qalib gələcəyin və dininin yayılacağı barəsindəki) vədi mütləq haqdır. Günahının bağışlanmasını dilə və Rəbbini vəsf etməklə yanaşı Onu səhər-axşam pak sifətlərlə mədh et!

56. Şübhəsiz, bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edən kəslərin sinələrində (vasitəsi ilə öz məqsədlərinə) çatmayacaqları (haqqı qəbul etmək müqabilində) təkəbbür (göstərmək)dən başqa bir şey yoxdur. Buna görə də Allaha pənah apar. Çünki Odur (hər şeyi) eşidən və bilən!

57. Göylərin və yerin yaradılışı şübhəsiz ki, insanların yaradılışından (onların ölümdən sonra dirildilmələrindən) daha böyük və mühümdür. (Buna görə də ona gücü çatanın buna da gücü çatar.) Lakin insanların çoxu bilmir.

58. Korla görən, həmçinin iman gətirərək yaxşı işlər görən kəslərlə günahkar (insan) əsla bir deyildir. (Lakin) çox az ibrət götürürsünüz.

59. Qiyamət günü mütləq gələcəkdir (və əqli və nəqli dəlillər baxımından) onun baərsində bir şübhə yoxdur. Lakin insanların çoxu iman gətirmir.

60. Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar.»

61. Allah gecəni onda asayiş və rahatlıq tapmağınız üçün yaradan, gündüzü isə (işlə məşğul olmağınız üçün) işıqlı edəndir. Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir, lakin insanların çoxu şükr etmirlər.

62. Sizin Rəbbiniz hər şeyin yaradanı olan, Ondan başqa bir məbud olmayan bu Allahdır. Belə isə (Ondan) hara və necə döndərilirsiniz?!

63. Daim Allahın (tovhid) ayələrini inkar edənlər (haqdan) beləcə (sənin qövmün kimi) döndərilirlər.

64. Allah yeri sizin üçün yaşayış yeri və göyü (müxtəlif bərəkətləri sizə nazil olsun deyə başınızın üzərində) bina edən, sizi şəkillərə salan və surətlərinizi gözəl edən və sizə (var-dövlət, övlad və həyat yoldaşı kimi maddi və ağıl, elm və din kimi mənəvi) paklardan ruzi verəndir. Sizin Rəbbiniz bu Allahdır. Buna görə də aləmlərin Rəbbi olan Allah müqəddəs və bol xeyir-bərəkətlidir.

65. (Zatən) diri (və əzəli və əbədi olan) Odur. Ondan başqa bir məbud yoxdur. Buna görə də etiqadı (şirkdən), itaəti (riyadan) və dini (bidətdən) saflaşdırıb Onu çağırın. Bütün həmd-sənalar(ın əsası və zatı) aləmlərin Rəbbinə məxsusdur.

66. De: «Rəbbim tərəfindən mənə aydın dəlillər gələn vaxtdan sizin, Allahın yerinə çağırdıqlarınıza ibadət etmək mənə qadağan edilib və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur.»

67. Sizi (baba və nənənizi ilk olaraq möcüzəvi şəkildə, onların nəsli olan sizləri isə ana bətninə daxil olmamışdan bir sıra mərhələləri keçərək) torpaqdan, sonra nütfədən, daha sonra laxtalanmış qan parçasından yaradan Odur. Sonra sizi (ana bətnindən) uşaq ikən çıxardır. Sonra öz (cismi və ruhi) kamal həddinizə çatasınız deyə (sizi diri saxlayır). Sonra qocalasınız deyə (sizi yaşadır). Sizdən bəzisi ondan (uşaqlıq, həddi-büluğ və qocalıq mərhələlərindən) qabaq vəfat edir. Və (bu möhlət) müəyyən müddətə (ilahi elmdən keçmiş və Lövhi-Məhfuzda qeyd edilmiş müddətə) çatmağınız üçündür və onun üçündür ki, (yaradılışın başlanğıcı və təkmül hərəkətinizin gedişi barəsində) düşünəsiniz.

68. (Həyat sürmək qabiliyyəti olan hər şeyə) həyat verən və (vaxtında) öldürən Odur. Bir şeyi qəti şəkildə (yaratmaq) istəyəndə (həmin şey dərhal mövcud olur, sanki) ona yalnız «ol!» deyir, beləliklə o da olur.

69. Məgər Allahın (tovhidlə bağlı) ayə və nişanələri barəsində mübahisə və qalmaqal edənlərə baxmadınmı ki, onlar (aydın dəlillərdən) necə və hara döndərilirlər?

70. Bu kitabı və Bizim Öz peyğəmbərlərimizi ona görə (çatdırılmasına xatir) göndərdiyimiz şeyi (dini, hökmləri) təkzib və inkar edən həmin kəslər! Buna görə də tezliklə biləcəklər.

71. Zəncirlər və halqalar boyunlarına bərk bağlanaraq yerdə (Cəhənnəmə) sürükləndikləri zaman!

72. Vücudları qaynar suyun, sonra odun içində odla dolacaq.



Geri   İrəli
Go to TOP