A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


172. ki, şübhəsiz, (Bizim tərəfimizdən) yardım edilənlər onlardır.

173. Və əlbəttə, qalib Bizim qoşunumuzdur.

174. Buna görə də bir müddətədək (dövlət qurana və cihad əmri gələnə kimi) onlardan (kafirlərdən) üz döndər.

175. Və onlara bax! Tezliklə (cəzalarının nə olmasını) görəcəklər.

176. Belə olan halda onlar tələskənliklə Bizim əzabımızı tələb edirlər?

177. (Əzab) onların kandarlarına enən zaman, qorxudulanların səhəri necə də pisdir!

178. Yenə bir müddətədək onlardan üz döndər.

179. Və onlara bax! Tezliklə (cəzalarının nə olmasını) görəcəklər.

180. Sənin Rəbbin – izzət, qüdrət və qələbə Rəbbi onların sadaladıqları sifətlərdən pakdır!

181. Salam olsun peyğəmbərlərə (yaradandan yaradılmışlara)!

182. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!

Sad surəsi ‏

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Sad. (Bu, Allahla Onun Peyğəmbəri arasında olan rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.) And olsun şərəfli və (tovhidi, peyğəmbərləri və haqq maarifini) yada salan Qurana (ki, sən peyğəmbərsən və sözlərin doğrudur)!

2. (Onların deyilənləri qəbul etməmələrinin səbəbi sənin təbliğinin qüsurlu olması deyil.) Əksinə, küfr edənlər təkəbbür və qürur, müxalifət və düşmənçilik içərisindədirlər.

3. Onlardan qabaq bir çox insan cəmiyyətlərini məhv etdik. (Onlar əzab nazil olan zaman tövbə edib kömək diləyərək) fəryad qopardılar, amma həmin vaxt möhlət və fəryad vaxtı deyildi.

4. Onlar özlərinə (mələk və cinlərdən deyil) öz (cins)lərindən qorxudan gəlməsindən təəccüb etdilər. Və kafirlər dedilər: «Bu, yalançı bir cadugərdir!

5. O, məbudların hamısını bir məbud edib? Doğrudan da bu, çox təəccüblü bir şeydir!»

6. Onların böyükləri və başçıları (Qüreyş və müşriklər Peyğəmbərə qarşı yönəldilmiş toplantılarından) çıxdılar (və bir-birlərinə dedilər): «Gedin öz məbudlarınız üzərində möhkəm dayanın. Həqiqətən bu (iddia), planlaşdırılmış (Muhəmmədin istədiyi) bir şeydir (başçılıq arzusudur).

7. Biz bunu (bu mətləbi, yəni gözəgörünməz bir məbuda ibadət edilməsini) son dində (atalarımızın dinində) eşitməmişik. Bu (iddia), uydurma yalandan başqa bir şey deyildir.

8. Bu yada salan (Quran) bizim aramızdan ona (mal və məqam sahibi olmayan o kişiyə) nazil edilmişdir?!» (Onların bu kitabı qəbul etməmələrinin səbəbi, onun naqis olması deyil,) bəlkə, onlar (dünyaya ifrat dərəcədə bağlandıqları üçün) Mənim yada salan (Quran)ım barəsində şübhə içərisindədirlər. Bəlkə (hətta əgər şübhə içərisində olmasaydılar, yenə də qəbul etməzdilər. Çünki) hələ Mənim əzabımı dadmayıblar.

9. Yoxsa sənin qüdrətli və çox əta edən (və ətalarının nümunələrindən biri nübüvvət və səma kitabı olan) Rəbbinin mərhəmət xəzinələri onların yanındadır (ki, istədikləri kəsə bağışlasınlar)?

10. Yoxsa göylərin, yerin və bu ikisinin arasında olanların mülkiyyət və hakimiyyəti onlara məxsusdur?! (Əgər elədirsə) onda, (Peyğəmbərə kitabın nazil olmasının qarşısını almaq üçün) istənilən vasitə ilə yuxarı qalxsınlar.

11. Onlar öz yerlərində (qədim peyğəmbərlərlə vuruşan) keçmiş dəstələrin qalıqlarından ibarət azacıq və məğlubiyyətə uğramış bir qoşundurlar.

12. Onlardan qabaq Nuhun qövmü, (Hudun qövmü) Ad, saray və ordu (yaxud oyun və işkəncə mismarları) sahibi Firon da (Bizim peyğəmbərlərimizi) təkzib etdi.

13. Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmud, Lutun qövmü və Əykə əhli (Şüeybin qarğı sahibləri olan qövmü təkzib etdi). (Bizimlə və Bizim peyğəmbərimizlə vuruşan) həmin dəstələr onlar idi.

14. Onların hamısı Bizim peyğəmbərlərimizi təkzib etdilər. Beləliklə (onlar barəsində) Mənim cəzam gerçəkləşdi.

15. Bunlar (Məkkə kafirləri), yalnız, barəsində heç bir möhlət və təxir olmayan bir bağırtını gözləyirlər.

16. Və onlar (istehza ilə) dedilər: «Ey Rəbbimiz! Bizim (vəd etdiyin əzablardan olan) payımızı hesab günündən qabaq, tez ver.»

17. Onların dediklərinə səbr et və Davudu – Bizim (elm, cism və səltənət baxımından) güc və qüdrət sahibi olan bəndəmizi yadına sal. Çünki o, (Bizə tərəf) çox qayıdan idi.

18. Biz dağları ram etdik. Onlar hər səhər-axşam onunla birlikdə (Allahı) pak sifətlərlə mədh edirdilər.

19. Və quşları onun ətrafına toplayıb (ona təslim etdik). (Dağ və quşların) hər biri (onun zikr avazı ilə) Allaha tərəf çox qayıdırdılar.

20. Və onun hökmranlığını (say və gücünün çoxluğu ilə) qüvvətləndirdik və ona hikmət (əqli və ictimai elmlər, dini şəriətlər) və (haqq ilə batili bir-birindən) ayıran kəlamlar əta etdik.

21. Bir-biri ilə çəkişən o bir neçə nəfərin (yaxud bir neçə mələyin qurma çəkişməsinin Davudun) otaq və mehrabın(ın) divarından aşan zamankı xəbəri sənə çatıbmı?

22. O zaman onlar (qəflətən divarın o tərəfindən aşıb icazəsiz) Davudun yanına gəldilər və Davud onlardan qorxuya düşdü. Onlar dedilər: «Qorxma! Biz birimiz digərinə qarşı haqsızlıq etmiş çəkişən iki iddiaçıyıq. Bizim aramızda haqq əsasında hökm çıxar, ədalət yolundan çıxma və bizi doğru yola istiqamətləndir.

23. (Onlardan biri dedi:) Həqiqətən bu şəxs mənim qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim bir dişi qoyunum var. O mənə «onu da mənə ver» dedi və o, söhbətdə mənə qalib gəlmişdir.

24. (Davud) dedi: «Şübhəsiz o, sənin dişi qoyununun öz qoyunlarına qatılmasını istəməklə sənə zülm etmişdir. Həqiqətən malları bir-birinə qarışmış kəslərin çoxu bir-birlərinə qarşı haqsızlıq edirlər. İman gətirib yaxşı işlər görən kəslər istisna olmaqla ki, onlar çox azdırlar. Davud (birdən) Bizim (bu tələsik hökm çıxarılmasında) onu sınadığımızı bildi. Buna görə də öz Rəbbindən bağışlanmasını istədi və rüku və səcdə edərək üzü üstə düşüb (Allaha tərəf) qayıtdı.

25. Biz bunu (Davudun ittiham olunan tərəfdən bir şey soruşmadan iddia irəli sürülən kimi hökm çıxararaq daha düzgün üsulu tərk etməsini və ya mələklərin qurma mühakiməsində hökm çıxararkən səhvə düçar olmasını) ona bağışladıq. Əlbəttə, Bizim yanımızda onun üçün (dünyada olduğu müddətdə) yaxınlıq məqamı və (axirətdə) qayıdışın gözəlliyi və gözəl qayıdış yeri vardır.

26. (Sonra dedik:) «Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar və nəfsi istəklərə tabe olma ki, o, səni Allahın yolundan azdırar. Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır.»

27. Biz göyü, yeri və onların arasında olanları bihudə və əbəs yerə yaratmamışıq. Bu, küfr edənlərin zənnidir. Buna görə də (cəhənnəm) od(un)dan vay olsun kafirlərin halına!

28. Məgər Biz iman gətirib yaxşı işlər görənləri (mükafatlandırma məqamında) yer üzündə fəsad törədənlərlə bir tutacağıq?! Yoxsa təqvalıları günahkarlarla bir tutacağıq?!

29. (Bu Quran,) ayələrində düşünüb arxasınca getmələri (və onda olan dərin maarifi əldə etmələri) və (əsl) ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır

30. Biz Davuda (oğlu) Süleymanı əta etdik. O, gözəl bəndə idi. Həqiqətən o, (Bizə tərəf) çox qayıdan idi.

31. (Yada sal) o zaman(ı) ki, günün sonunda ona nəcib və iti gedən atlar təqdim edildi.

32. Dedi: «Mən cihad atlarını Rəbbimi yada salmaq üçün sevirəm.» (Onun başı atlara tamaşa etməyə qarışdı və) nəhayət onlar gözdən itdilər (yaxud günəş batdı). [Yaxud: O, atlara tamaşa etməklə məşğul oldu və duasının vaxtı keçdi və] dedi: «Mən (bilmədən) atların sevgisini Rəbbimin zikrindən üstün tutdum, nəhayət günəş batdı. (Deməli mən daha üstün əməli tərk etdim.)»

33. (Dedi:) «Atları qaytarın!» Beləliklə (hamısını cihad yolunda vəqf etmək məqsədi ilə onların) baldır və boyunlar(ın)a əl çəkməyə başladı.

34. Həqiqətən Biz Süleymanı (böyüyəcəyindən xatircəm olduğu oğlu barəsində) imtahana çəkdik və onun taxtı üzərinə (cansız) bir cəsəd atdıq. Sonra o, Allaha tərəf qayıtdı (və haqqa təslim oldu).

35. Dedi: «Ey Rəbbim! Məni bağışla və mənə (möcüzəvi şəkildə) məndən sonra (bəşər cəmiyyətinin tərbiyəsi məqamında) heç kəsə nəsib olmayan bir hökmranlıq əta et. Çünki çox əta edən Sənsən!»

36. Beləliklə Biz küləyi ona ram etdik. Külək onun əmri ilə mülayimliklə onun istədiyi yerə gedirdi.

37. Həmçinin hər bənna və dalğıcdan olan (cin) şeytanları(nı bina tikmək və dənizdən ləl-cəvahir çıxarmaq üçün ona ram etdik).

38. Habelə digər şeytanları (onun ölkəsində fəsad törətməmələri üçün) birlikdə zəncirlənmiş halda (ona ram etdik).

39. (Dedik:) «Bu bizim (sənə) ətamızdır. (İstədiyinə dünyada) saysız və (axirətdə) hesabsız şəkildə əta et və ya əsirgə!»

40. Əlbəttə, Bizim yanımızda onun üçün (dünyada olduğu müddətdə) yaxınlıq məqamı və (axirətdə) qayıdışın gözəlliyi və gözəl qayıdış yeri vardır.

41. Və Bizim bəndəmiz Əyyubu, onun öz Rəbbini çağırıb «şeytan məni (cismimə zərər vurmaq, mal və övladlarımı məhv etmək kimi) çətinlik və əzaba düçar etmişdir» dediyi zamanı (yada sal)!

42. (Ona dedik:) «Ayağını (yerə) vur!» (Elə ki, o ayağını yerə vurdu, yerdən bir bulaq çıxdı. Ona dedik:) «Bu sərin çeşmə yuyunmaq və içmək üçündür.»

43. Tərəfimizdən mərhəmət və ağıl sahibləri üçün ibrət olsun deyə (yenidən) onun (zövcəsindən başqa hamısı məhv olmuş) ailəsini və onlarla birlikdə onların mislini ona əta etdik.

44. Və (ona dedik: Zövcəni ədəbləndirmək barəsindəki anda vəfa etmək üçün) bir dəstə çubuq götür və onunla (yavaşca zövcəni) vur və andını pozma. Doğrudan da onu səbirli gördük. Necə də gözəl bir bəndə! Həqiqətən o (Bizə tərəf) çox qayıdan idi.

45. Bizim (elmi, cismani və maddi) qüvvətlər və (maddi və mənəvi məsələlərdə) bəsirətlər sahibi olan bəndələrimiz İbrahim, İshaq və Yəqubu yada sal.

46. Biz onları axirət evinin fikrində (qərq) olmaqdan ibarət saflıq və xalislik sifəti ilə seçdik.

47. Əlbəttə, onlar Bizim yanımızda seçilmişlərdən və yaxşılardandırlar.

48. Və İsmaili, əl-Yəsəi və Zülkifli yada sal ki, hamısı yaxşılardan idilər.

49. (Peyğəmbərlərin) bu (hekayəti) yaxşı yada salmaqdır. Təqvalılar üçün mütləq gözəl qayıdış və aqibət vardır.

50. Qapıları üzlərinə açıq olan (və heç bir qapısının açara ehtiyacı olmayan) əbədi cənnətlər!

51. Orada (taxtlara) söykənmiş halda (qılman və cənnət cavanlarından) firavan meyvələr və içki istəyərlər.

52. Yanlarında ərlərindən başqasına göz yummuş və (yaş, gözəllik, nur və kamal baxımından) bir-birinə bənzəyən zövcələr vardır.

53. Bu, hesab günü üçün sizə vəd edilən (nemət)lərdir.

54. Bu (nemətlər), bizim tükənməz ruzimizdir.

55. Budur (təqvalıların vəziyyəti və yerləri)! Azğınlar üçün (isə) mütləq pis dönüş və ən pis dönüş yeri vardır.

56. Daxil olacaqları və hərarətini dadacaqları cəhənnəm! (Ora) pis məskəndir!

57. Bu onların dadmalı olduqları qaynar və (yandırıcı) çirkab (cəhənnəm) su(yu)dur.

58. Və o cinsdən olan müxtəlif əzablar və digər yeməklər (var ki, onları dadmalıdırlar).

59. (Davamçıları cəhənnəm oduna daxil olan zaman azğınlıq alimlərinə və zülmkar başçılara belə deyiləcək:) «Bunlar (dünyada sizə tabe olan və indi) sizinlə birlikdə məcburi şəkildə oda daxil olan bir dəstədirlər.» (Onlar deyəcəklər:) «Xoşluq və rahatlıq görməsinlər! Çünki onlar da oda daxil olan və onu dadanlardır.»

60. (Onlara tabe olanlar da öz başçılarına) deyərlər: «Əksinə, siz xoşluq görməyəsiniz! (Çünki) bu odu bizim qarşımıza siz çıxardınız. (Ora) pis yerdir.»

61. (Həmçinin deyərlər:) Ey Rəbbimiz! Bunu (bu vəziyyəti) bizim qarşımıza çıxaran kəsin oddakı əzabını (özlərinin və bizi azdırmalarının əzabı olaraq) ikiqat artır!

62. Və (od əhli) deyər: «Bizə nə olub ki, (dünyada) şər və pis insanlardan saydığımız kəsləri (islamçıları və dinpərəstləri burada) görmürük?!

63. Biz onları (nahaq yerə) ələ saldıq (və indi cənnətdədirlər), yoxsa bizim gözlərimiz onları görmür (və əslində onlar buradadırlar)?!

64. Şübhəsiz, cəhənnəm əhlinin bir-biri ilə bu dava-dalaşı qəti və olasıdır.

65. De: «Mən yalnız bir qorxudanam (mənə hələ ki, nə müharibə etmək əmr edilmişdir, nə şəriət hökmlərini icra etmək tapşırılmışdır və nə də mükafat və ya cəza verənəm). (Üluhiyyət, rübubiyyət, ibadət və itaətdə) tək və bütün varlıq aləminə qalib olan Allahdan başqa heç bir məbud yoxdur.»

66. Göylərin, yerin və onların arasında olanların Rəbbi həmin O – yenilməz qüdrət sahibi və çox bağışlayan Allah(dan)!

67. De: «Bu, (Quran və qiyamət xəbəri) böyük bir xəbərdir.

68. Siz ondan üz döndərirsiniz.

69. Mənim (bundan əvvəl) yuxarı aləm barəsində (oradakı söhbətlər və oranın mələklərinin) bir-birləri ilə (Adəmin yaradılışı haqqında) mübahisə edərkən (danışıqlarından) heç bir məlumatım yox idi.

70. (Çünki) mənə yalnız aşkar bir qorxudan olduğum üçün vəhy edilir.»

71. (Yuxarı aləmdə olan söhbət və mübahisəyə diqqət etmək üçün yada sal) o zaman(ı) ki, Rəbbin mələklərə buyurdu: «Həqiqətən Mən gildən bir bəşər yaratmaq istəyirəm.

72. Elə ki, onun bədəninin yaradılmasını tamamladım və Öz ruhumdan ona üfürdüm, hamınız səcdə halında onun qarşısında yerə düşün.»

73. Beləliklə, mələklərin hamısı (Adəmə) səcdə etdilər.

74. Təkəbbür göstərən və (əvvəldən) kafirlərdən olan İblisdən başqa.

75. (Allah) buyurdu: «Ey İblis!Sənə Mənim öz əlimlə (vasitəsiz olaraq Öz istəyimlə) yaratdığıma səcdə etməyə nə mane oldu?» Təkəbbür göstərdin, yoxsa doğrudan da üstünlərdənsən?

76. Dedi: «Mən ondan daha yaxşıyam. Çünki məni oddan, onu isə gildən yaratmısan (od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılan daha yaxşı olacaqdır).

77. (Allah) buyurdu: «Belə isə oradan (göylərdən, mələklərin içindən və ilahi dərgaha yaxınlıq məqamından) xaric ol ki, sən həqiqətən qovulmuşsan!

78. Və şübhəsiz, cəza gününə kimi Mənim lənətim sənin üstündə olacaqdır.»

79. (İblis) dedi: «Ey Rəbbim! Belə isə onların (qəbirlərdən) qaldırılacağı günə kimi mənə möhlət ver.»

80. (Allah) buyurdu: «Həqiqətən sən möhlət verilənlərdənsən,

81. məlum vaxtın gününə (birinci surun çalınması ilə insanların boynundan ilahi vəzifələrin götürüləcəyi günə) qədər.»

82. (İblis) dedi: «İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam.

83. Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla.»

84. (Allah) buyurdu: «Haqq Məndəndir və Mən haqq danışanam.

85. Cəhənnəmi mütləq səninlə (sənin övlad və qəbilənlə) və onlardan (insanlardan) sənin arxanca gedən kəslərlə büsbütün dolduracağam.»

86. (Ya Peyğəmbər!) De: «Mən bunun (peyğəmbərlik və kitabın) müqabilində sizdən heç bir mükafat istəmirəm və mən yalandan özlərinə bir şey nisbət verən və yersiz iddia edən kəslərdən deyiləm.

87. Bu (Quran), aləmdəkilərin hamısı üçün yalnız bir ibrət və yada salmadır.

88. Əlbəttə, onun xəbərini bir müddət sonra biləcəksiniz (bəşəriyyətin nəsli kəsilənədək tədricən onun həqiqət və maarifi insan cəmiyyəti üçün aydınlaşacaq və onun digər dinləri üstələməsi məlum olacaqdır).

Əz-Zumər surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Bu kitab (hər şey üzərində) qüdrət və qələbə sahibi, (yaradılış və şəriət qanunları) möhkəm olan Allah tərəfindən nazil edilmişdir.

2. Həqiqətən bu kitabı sənə haqq olaraq (uca və ağıla müvafiq hədəflə) nazil etdik. Buna görə də Allaha, etiqad və itaətini Onun üçün xalisləşdirmiş halda ibadət et.

3. Bilin ki, xalis din, etiqad və itaət Allaha məxsusdur. Allahın yerinə (mələk, cin və müqəddəs insanlardan) başçı və rəbb götürənlər «biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik» (deyirlər). Həqiqətən Allah onların (və möminlərin) arasında, haqqında ixtilafda olduqları şey barəsində (qiyamət günü) hökm çıxaracaqdır. Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz.

4. Əgər Allah övlad götürmək istəsəydi, mütləq yaratdıqların(ın içərisin)dən istədiyini seçərdi. Lakin O pakdır. O, tək, qalib və (hər şeyə) hakim Allahdır.

5. Göyləri və yeri haqq olaraq (və uca və ağılın qəbul etdiyi məqsəd üçün) yaratmışdır. Həmişə gecəni (fəsil, gün, iqlim və bölgələrə münasib şəkildə tədricən) gündüzə və gündüzü gecəyə bürüyür. Günəş və ayı (öz iradəsi altında bəndələrinin xeyrinə) ram etmişdir. Onların hər biri (özünün düz və ya dairəvi seyrində) müəyyən müddətədək (Qiaymətin qopacağı günə kimi) hərəkətdədir. Bil ki, yenilməz qüdrət sahibi və çox bağışlayan Odur!

6. (Allah) sizin hamınızı bir şəxsdən (ulu babanız Adəmdən) yaratdı. Sonra onun zövcəsini (Həvvanı) onun növündən yaratdı (və onların ikisinin evlənməsi ilə insan növü törəyib artdı). (Yaxud:) Siz canlıları bir tək hüceyrəli varlıqdan yaratdı. Sonra (onu artırmaqla) onun üçün bir cüt (tay) yaratdı (və bu yolla yer üzündəki bütün canlılar yarandı). (Qeyb xəzinələrindən zahiri aləmə) sizin üçün heyvanlardan səkkiz qism (hər birindən erkək-dişi olmaqla dəvə, inək, qoyun və keçi) endirdi. Sizi (və heyvanlarınızı) analarınızın bətnlərində üç zülmət (pərdə, uşaqlıq və bətn) içərisindəki yaradılışdan sonra (digər) bir yaradılışla yaradır. Budur Allah, sizin Rəbbiniz! Varlıq aləminin mülkiyyəti və hakimiyyəti Ona məxsusdur. Ondan başqa bir məbud yoxdur. Belə isə necə və hara döndərilirsiniz?

7. Əgər küfr etsəniz, şübhəsiz, Allah sizə möhtac deyil (və Ona ziyan vurmursunuz). (Lakin O,) bəndələri üçün küfrü bəyənmir. Əgər şükr etsəniz, sizin üçün onu bəyənir. Heç bir günahkar can başqasının günah yükünü götürməz. Sonra sizin hamınızın dönüşü Rəbbinizə tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir. Çünki o ürəklərdə olanı (zehni təsəvvürləri, təsdiqləri və ruhi sifətləri) bilir.

8. (İmansız və ya imanı zəif olan) insana (suda boğulmaq və ölümə səbəb olan xəstəlik kimi) bir zərər-ziyan toxunan zaman o, (məcbur şəkildə) öz Rəbbinə tərəf qayıdan halda Onu çağırar. Sonra, Öz tərəfindən ona (həmin çətinlikdən nicat və sairə kimi) bir nemət əta edən zaman, keçmişdə, səbəbindən Allahı çağırdığı şeyi unudar və (yenidən insanları) Allahın yolundan azdırmaq üçün Ona (bütlərdən və sairədən) şəriklər qoşar. De: «Bir müddət öz küfründən bəhrələn ki, mütləq od əhlindən olacaqsan.»

9. (Əzab içində olan həmin kafir yaxşıdır) yoxsa gecənin saatlarını səcdə və qiyam (ayaq üstə), itaət və xüzu ilə (müticəsinə) keçirən, axirətdən (axirət əzabından) qorxan və Rəbbinin mərhəmətinə ümid bəsləyən şəxs? De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?» Yalnız əsl ağıl sahibləri ibrət götürərlər.

10. (Mənim bəndələrimə) de: «Ey Mənim iman gətirmiş bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada (əməl və etiqadda) yaxşılıq edənlər üçün (həm dünyada, həm də axirətdə) gözəl mükafat vardır. Allahın yeri genişdir (əgər bir yerdə dindarlıq edə bilməsəniz başqa bir yerə hicrət edin). Şübhəsiz, səbrlilərin mükafatları saysız-hesabsız və kamil şəkildə veriləcəkdir.

11. De: «Mənə Allaha xalis itaət və etiqadla ibadət etmək əmr edilmişdir.

12. Həmçinin mənə əmr edilmişdir ki, (bu dinə və kitaba) təslim olanlardan ilk şəxs olum.»

13. De: «Həqiqətən əgər Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxuram.»

14. De: «Mən etiqad və itaətimi Allah üçün xalisləşdirdiyim halda yalnız Ona ibadət edirəm.

15. Buna görə siz (də) Ondan başqa istədiyinizə ibadət edin.» De: «Şübhəsiz, (əsl) ziyana uğramış kəslər Qiyamətdə özlərini və ailələrini ziyana uğratmış kəslərdir. Bilin ki, həmin açıq-aşkar ziyan budur.»

16. Onlar üçün başlarının üstündə oddan «kölgəliklər», həmçinin ayaqlarının altında (aşağıdakı təbəqənin odundan) «kölgəliklər» vardır. Allahın Öz bəndələrini qorxutduğu budur (bu əzabdır). Ey Mənim bəndələrim, Məndən qorxun!

17. Hər bir itaətsiz batil qüvvədən və Allahdan qeyri məbuddan ona ibadət etməmək üçün çəkinmiş və Allaha tərəf qayıtmış kəslərə müjdə olsun! Buna görə də müjdə ver Mənim bəndələrimə!

18. Sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsl ağıl sahibləri!

19. Məgər (azğınlığına və itaətsizliyinə görə Allahın əzəli elmində və Lövhi-Məhfuzda) barəsində əzab kəlməsi gerçəkləşmiş və təsbit olmuş kəs (nicat tapacaq)? Məgər sən odda (od içərisində) olan kəsə nicat verə bilərsən?!

20. Lakin Rəbbindən qorxan kəslər üçün bir-birinin üzərində tikilmiş (mərtəbə-mərtəbə) otaqlar vardır ki, onların altından çaylar axır. (Bu,) Allahın vədidir. Allah heç vaxt vədinə xilaf çıxmaz.

21. Məgər Allahın göydən (yağış, qar və dolu şəklində) su endirməsini, onu yerdə (yerin aşağı qatlarındakı) çeşmələrə daxil etməsini, daha sonra onun vasitəsi ilə müxtəlif bitkiləri (göyərti, dənli bitki və meyvələri) çıxardığını görmürsən? Sonra onların inkişafı sona çatır və onlar quruyurlar. Beləliklə onu saralmış görürsən. Sonra onları çör-çöpə döndərir. Həqiqətən bunda (bu yaratmaq və yox etməkdə) əsl ağıl sahibləri üçün (dünyanın yox olması və ölümdən sonra axirət aləminin olması barəsində) ibrət və oyanma vardır.

22. Buna görə də məgər Allahın sinəsini İslam(ı qəbul etmək) üçün açdığı, beləliklə də (həyatı boyu) Rəbbi tərəfindən bir nura (etiqad və əməl yollarını işıqlandıran dinə) əsaslanan kəs (qəlbi zülmətdə olan kəs kimidir)? Odur ki, qəlbləri Allahı unutmaq nəticəsində bərkimiş kəslərin vay halına! Onlar aşkar azğınlıq içərisindədirlər.

23. Allah sözün ən gözəlini – ayələri biri digərinə bağlı və bir-birini açıqlayan, təfsir edən, (ayələrinin hamısı kəlmələrin fəsahəti, bəyanının möhkəmliyi və mənasının dərinliyi baxımından) bir-birinə bənzəyən kitab (şəklində) nazil etmişdir. Rəbblərindən qorxan kəslərin (bədənlərinin) dəriləri ondan (onu eşidəndə) titrəyər. Sonra onların dəriləri və ürəkləri yumşalar və onlar rahatlıq və Allaha inam taparlar. Bu (vəziyyət), Allahın hidayətidir ki, istədiyi kəsi onun vasitəsi ilə doğru yola istiqamətləndirir. Allah kimi azğınlıqda boşlasa (müvəffəqiyyəti ondan alsa), onun heç vaxt bir yol göstərəni olmayacaqdır.

24. Buna görə də məgər Qiyamət günü (əlləri bağlı olduğu üçün) pis və çətin əzabdan öz üzü ilə qorunan kəs (əzabdan amanda olan kəs kimidir)?! Zalımlara deyiləcək: «Dadın əldə etdiyiniz günahların cəzasını və ya həmin əməllərin gerçək təzahürü olan əzabı!»

25. Bunlardan qabaqkılar da (öz peyğəmbərlərini) təkzib etdilər. (Allahın) əzab(ı) ehtimal etmədikləri yerdən onlara gəldi.

26. Beləliklə Allah (suda batırmaq, göydən gələn qorxunc səs, zəlzələ, daş yağışı və məsx etmək – surətlərini dəyişdirib çirkin bir hala salmaq – vasitəsi ilə) dünya həyatında onlara xarlıq və zillət daddırdı. Şübhəsiz, axirət əzabı daha böyükdür, əgər bilsəydilər!

27. Doğrudan da Biz bu Quranda insanlar üçün bəlkə ibrət götürdülər deyə hər cür məsəl çəkdik.

28. (Kəlmə və mənalarında) heç cür əyrilik olmayan ərəbcə bir Quran! Bəlkə çəkindilər.

29. Allah (müşrik və təkallahlı şəxs barəsində) məsəl çəkmişdir: Bir neçə pis xasiyyətli və müxtəlif istəkli ağanın şərik olduğu (və hər birinin onu öz göstərişinə tərəf çəkdiyi) bir qul kişi və (verdiyi əmrlərdə mane və şəriki olmayan) bir nəfərin qulu olan bir kişi. Heç bu ikisi (sifətləri və halları baxımından) bərabərdir? Şükr və tərif Allaha məxsusdur (və bu məsələnin həqiqət olması gizli deyil), lakin onların çoxu bilmirlər.

30. Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər.

31. Sonra siz hamınız Qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.

32. Belə isə kim Allaha iftira yaxandan (Onun övladı və şəriki olmasına qail olandan) və həqiqət (peyğəmbərlik və sənin kitabın) ona çatanda onu təkzib edəndən daha zalımdır?! Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?!

33. Həqiqəti gətirən və onu təsdiq edən kəs, (özlərinin haqq dinlərini təsdiq edən tək-tək bütün peyğəmbərlər, bəli,) əsl təqvalılar (və məsumluq məqamında olanlar) onlardır. [Yaxud: (İslam Peyğəmbəri kimi) həqiqəti gətirən və (bu ümmətdən) onu təsdiq edən kəs, onların hamısı əsl təqvalılardır.]

34. Onlar üçün Rəbblərinin yanında istədikləri şey vardır. Budur yaxşı əməl sahiblərinin mükafatı!

35. Allahın onların (nəinki pis, hətta) daha pis əməllərini bağışlaması və onları etdikləri ən gözəl əməllərin müqabilində mükafatlandırması üçün!

36. Məgər Allah bəndəsin(in işlərin)ə kifayət deyil?! Və səni Ondan qeyrisi ilə qorxudurlar. Allah kimi azğınlıqda boşlasa, ona əsla bir yol göstərən olmaz.

37. Allahın hidayət etdiyi kəsi əsla azdıran olmaz. Məgər Allah yenilməz qüdrət və intiqam sahibi deyil?!

38. Əgər onlardan göyləri və yeri kimin yaratmasını soruşsan, şübhəsiz «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar öz məbudlarını uluhiyyət və yaradılışda deyil, rübubiyyətdə və işlərin idarəçiliyində Allahın şəriki hesab edirdilər.) De: «Mənə xəbər verin (görüm) əgər Allah mənə bir zərər-ziyan (vurmaq) istəsə Allahın yerinə çağırdıqlarınız Onun zərər-ziyanını aradan qaldıra bilərlər? Yaxud O, mənə bir mərhəmət istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlər?» De: «Mənə Allah kifayətdir. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər.»

39. De: «Ey mənim qövmüm! Siz öz (dini və etiqadi) durumunuz əsasında davranın, mən də (Allaha təslimçilik və imana) əməl edənəm. Beləliklə tezliklə biləcəksiniz



Geri   İrəli
Go to TOP