A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


36. Bütün cütləri yerin yetişdirdiklərindən (ağaclar, otlar, heyvanlar və sairə) və onların özlərindən və bilmədiklərindən yaradan Allah pakdır.

37. Onlar üçün (Allahın tovhidi və qüdrəti barədə digər) bir nişanə (səma nişanəsi) bu gecədir. Gündüzü ondan (paltar tək) çıxardan kimi onlar qaranlıq içində olarlar.

38. Günəş də özü üçün müəyyən olunmuş qərargahına yetişmək üçün daim hərəkətdədir. (Planetlər sistemində onun seyr etməsinin) bu təqdir(i) və ölçü(sü) yenilməz qüvvət sahibi və (hər şeyi) bilən (Allah)dandır.

39. Və bütöv halda olan ay üçün də mənzillər təyin etdik ki, o, xurma ağacının köhnə (sarı rəngli və qövsvari şəkildə olan) budağı kimi (hilal şəklinə) dönsün (və yenidən tədriclə bütövləşsin).

40. Nə günəş (öz təbii hərəkət sistemində bu) aya (və özünün başqa aylarına, yəni başqa peyklərə) çatmaz, nə də gecə gündüzdən irəli keçməz. Onların (günəş, ay və ulduzların) hər biri müəyyən bir dairədə üzürlər.

41. Onların övladlarını (özləri və malları ilə) dolu gəmilərdə daşımağımız (dənizi, havanı və gəmini onlara ram etməyimiz) onlar üçün (digər) bir nişanədir. (Allahın tovhidi və qüdrətinə dair dənizdə olan nişanədir.)

42. Onlar üçün gəmi kimi minik vasitələri yaratdıq (minik heyvanları və havada və yerdə olan nəqliyyat vasitələri kimi)

43. Əgər istəsək, onları (gəmidə olduqları halda) qərq edərik. Nə bir dadlarına çatan olar və nə də onlara nicat verilər.

44. Yalnız Bizdən bir rəhmət olaraq və müəyyən bir müddətədək (dünyada) bəhrələnmək üçün (nicat taparlar).

45. Onlara: «Önünüzdə (gələcəkdə edəcəyiniz şirk və fisqdən) və arxanızda olandan (indiyədək etdiyiniz küfr və fisqdən, yaxud dünyadakı günahlarınızdan və axirətdə onların cəzasından) qorxun, bəlkə sizə rəhm olunsun» – deyildikdə (etina etməzlər).

46. Onlara Rəbbinin nişanələrindən və ayələrindən elə bir nişanə (Quran və möcüzələr) gəlməz ki, daim ondan üz döndərməsinlər.

47. Onlara: «Allahın sizə ruzi olaraq verdiyindən (haqqı olan şəxslərə Allah yolunda) sərf edin!»- deyildikdə, kafirlər iman gətirənlərə: «Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?.» – deyərlər (Allah onun ac qalmağını istəmişdir!) Siz yalnız açıq - aşkar azğınlıq içindəsiniz».

48. Və (Məkkə müşrikləri istehza etmək məqsədilə) deyərlər: «Bu vəd (Qiyamətin qopması) nə zaman olacaqdır, əgər düz danışansınızsa?»

49. Bir-birlərilə (öz dünya işləri barədə) çəkişdikləri halda onları yaxalayacaq yalnız (səmavi) bir bağırtının (hamının ölümü ilə nəticələnəcək surun birinci dəfə üfürülməsinin) intizarındadırlar.

50. (Bu zaman) nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də öz adamlarının yanına qayıda bilərlər. (Bir anda yer üzündə olan hər bir insan və ümumiyyətlə hər bir canlı yerindəcə ölər).

51. Sura (ikinci dəfə) üfürülər, onda onların hamısı dərhal qəbirlərindən öz Rəbbinə doğru tələsərlər.

52. Deyərlər: «Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? (Bəli,) bu Rəhman (olan Allahın dünyada) bizə vəd verdiyi həmin (ölümdən sonrakı həyat)dır. Onun peyğəmbərləri doğru deyirlərmiş».

53. (Bu zaman) üfürmə və bağırtı (surun üçüncü dəfə çalınması) yalnız bir dəfə olar, onda dərhal hamılıqla (yaradılmış ilk insandan ölmüş axırıncı insanadək) Bizim hüzurumuzda (haqq-hesab və hökmetmə dayanacağında) hazır duracaqlar.

54. Və (belə deyiləcəkdir:) «Bu gün heç kəsə heç bir zülm olunmayacaq və mükafatından azaldılmayacaqdır və siz etdiyiniz əməllərdən başqa bir şeydən ötrü cəzalandırılmazsınız (yaxud sizin cəzanız yalnız dünyadakı əməllərinizin təcəssümüdür.)».

55. Həqiqətən, Cənnət əhli o gün xoş bir əhval – ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər.

56. Onlar və zövcələri (ağacların və qəsrlərin) kölgələr(i) altında öz bəzənmiş taxtlarına söykənərlər.

57. Orada onlar üçün (hər cür) meyvələr, istədikləri və arzu etdikləri hər şey vardır.

58. (Onlara) salam vardır. (Bu salam) rəhimli Rəbbdən (gələn) bir sözdür.(Bu salam vasitəsiz olaraq, ya mələklərin vasitəsilə onlara yetişər).

59. (Günahkarlara belə xitab olunacaq:) «Bu gün (möminlərin və salehlərin cərgəsindən) ayrılın, ey günahkarlar».

60. Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq – aşkar düşməninizdir?!»

61. Və: «Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!»

62. Şübhəsiz, (Şeytan) sizin içinizdən bir çox dəstələrı azdırdı, heç düşünmürdünüzmü?!

63. Bu, daim onunla təhdid olunduğunuz Cəhənnəmdir.

64. Küfr və nankorluq etdiyinizə görə bu gün oraya daxil olun və onun atəşini dadın.

65. Bu gün onların ağızlarını möhürləyərik. Onların əlləri Bizimlə danışar, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verərlər.

66. Əgər istəsək onların (müşriklərin) gözlərini (tamamilə) yox edərik, onda onlar (adət etdikləri) yol(ların)da bir – birini ötməyə çalışarlar. Amma haradan yolu görə bilərlər?! Necə görə bilərlər?! (Əlbəttə, görə bilməzlər. Lakin Biz bunu etmirik.)

67. Əgər istəsək onları öz yerlərindəcə (harada olsalar) məsx edərik (heyvan yaxud cansız bir şey halına salarıq) ki, nə (məqsədlərinə doğru) gedə, nə də qayıda bilərlər (və nə məsx halında qala və nə də əvvəlki hala qayıda bilərlər).

68. Kimə də uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik (qüvvələrini zəiflədərik), heç düşünmürlərmi?!

69. Və Biz Ona (Peyğəmbərə) şer öyrətmədik və bu ona heç yaraşmaz da. Onun oxuduğu yalnız bir öyüd-nəsihət, aşkar və aydınlıq gətirən Qurandır ki,

70. Qəlbləri diri (və vicdanları haqqı qəbul etməyə hazır) olan kəsləri qorxutsun və (Allahın) söz(ü və Cəhənnəm vədi) kafirlərin barəsində gerçək olsun.

71. Məgər Bizim (qüdrət) əllərimizin yaratdıqlarıından (ilk maddələrdən və canlıların vücud mənbəyindən) onlar üçün heyvanlar xəlq etdiyimizi və özlərinin də onlara malik və sahib olduqlarını görmürlərmi !?

72. Bunları (bu heyvanları) onlara ram etdik, bəzisi onların minik vasitələridir və bəzisin(in isə ətindən və südün)dən yeyirlər.

73. Onlar üçün onda (o heyvanlarda) mənfəətlər və içəcəklər vardır, belə isə, şükr etməzlərmi?!

74. Tək olan Allahın əvəzində özlərinə tanrılar qəbul etdilər ki, bəlkə (onların tərəfindən) özlərinə bir yardım olunsun.

75. Onların bunlara kömək etməyə qüdrətləri yoxdur və bunlar onlar üçün hazır qoşundurlar (dünyada bu bütləri qoruyub müdafiə edərlər, axirətdə isə onlara görə cəza görərlər).

76. (Ya Muhəmməd!) onların (Allahı inkar etmək və sənin dəvətini qəbul etməmək barədə) sözü səni qəmgin etməsin, çünki Biz onların qəlblərində gizlətdiklərini də, dilləriylə aşkar etdiklərini də bilirik. (Hamısını cəzalandıracağıq).

77. Məgər insan onu nütfədən yaratdığımızı (qəlb gözü ilə) görmədimi ki, birdən-birə (qısa bir müddət ərzində) (məad məsələsində) açıq – aşkar bir düşmən oldu?!

78. Və öz yaradılışını unutduğu halda Bizə bir məsəl də çəkib dedi: «(Bu) sümükləri çürümüş və toz-torpaq olduqları halda kim dirildəcək?»

79. De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir».

80. O kəs ki, sizin üçün («mərx» və «əfar» adlı) yamyaşıl ağacdan (quru və yandırıcı) od əmələ gətirdi, beləliklə siz ondan (iki yaşıl budağı bir-birinə sürtməklə) qəfildən od yandırırsınız.

81. Məgər göyləri və yeri yaradan kəs onların bənzərini yaratmağa qadir deyilmi?! (Belə ki, onların üzvlərini torpaqdan toplayaraq surətcə onlara oxşar və maddəcə onların eyni olan bir forma versin.) Əlbəttə (qadirdir). Odur kamil surətdə yaradan və (hər şeyi) bilən.

82. Bir şeyin var olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq: «Ol!» – deməkdir. O da dərhal olar (heç bir alətdən istifadə etmədən, Allahın məhz iradə və istəyi ilə var olar, sanki, ona «Ol» demiş, o da olmuşdur).

83. Hər şeyin həqiqi mülkiyyəti və kamil hökmranlığı (qüdrət) əlində olan Allah (hər nöqsandan) pak (və uzaq)dır. (Siz insanlar hamınız) Ona tərəf qaytarılacaqsınız.

Əs-Saffat ‏ surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun uzun, möhkəm səf bağlayanlara (Allah itaəti üçün cərgəyə durmuş mələklərə; camaat namazında səfə durmuş möminlərə; cihad üçün cərgəyə düzülmüş əsgərlərə).

2. (And olsun) saxlayanlara (bəşər övladını günahlardan saxlayan; buludları bir yerdən digər bir yerə qovan mələklərə; pisliklərdən qoruyan Quran ayələrinə; pis əməllərdən saxlayan möminlərə) ki, İlahi tərəfindən (yaradılış və şəriət) saxlamaları vardır.

3. (And olsun) Zikri (Quranı) tilavət edənlərə (səmavi kitabları oxuyan mələklərə; peyğəmbərlərin qulaqlarına və qəlbinə vəhy kəlmələrini oxuyanlara; səmavi kitabları oxuyan möminlərə) ki,

4. həqiqətən, sizin Tanrınız təkdir.

5. (O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin (il boyu günəşin və ulduzların doğduqları məkanın da) Rəbbidir.

6. Həqiqətən, Biz (sizin yerə) yaxın göyü ulduzlarla bəzədik .

7. Və onu hər hansı bir asi və xəbis Şeytan(ın daxil olmasın)dan qoruduq.

8. Onlar (yer əhalisinin sirləri danışılan) uca aləmin mələklərinin böyüklərin(in sözlərin)ə qulaq asa bilməzlər və hər tərəfdən oxlanmağa məruz qalarlar.

9. Şiddətlə qovularlar və onlar üçün (Qiyamətdə) daimi bir əzab vardır.

10. Ancaq (şeytanlardan) biri (uca məqamdan bir sözə) oğrun-oğrun qulaq as(maq istə)sə, onu da yandırıb-yaxan bir şölə və parlaq ulduz (şölələnmiş od) təqib edər.

11. (Ya Muhəmməd!) Belə isə bunlardan (Məkkə müşriklərindən) soruş ki, xilqətcə bunlar daha möhkəmdirlər, ya Bizim yaratdıqlarımız (mələklər, göylər və yer)? Həqiqətən, Biz bunları yapışqan bir palçıqdan yaratdıq (Xilqətdə daha zəifdirlər, itaətsizlikdə isə daha qüvvətlidirlər).

12. Əslində sən (müşriklərin inkar və təkzibindən) təəccüblənirsən, onlar isə (sənin dəvətini və təəccübünü) məsxərəyə qoyurlar.

13. Onlara öyüd-nəsihət verildikdə, ibrət almazlar

14. Bir (tovhid) nişanə(si və möcüzə) gördükdə, bərk məsxərəyə qoyarlar və başqalarını da məsxərəyə qoymağa çağırarlar.

15. Və deyərlər: «Bu, yalnız açıq-aşkar bir sehr və cadudur.»

16. «Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra – yəni doğrudanmı dirildiləcəyik?!»

17. «Yəni bizim ilk ata – babalarımızdamı (dirildiləcəklər)?»

18. De: «Bəli, özü də xar və aciz (zəlil) bir halda olacaqsınız».

19. Həqiqətən, dirilmə yalnız (surun ikinci dəfə üfürülməsi ilə olan səmavi) bir nərə və səslədir. Qəfildən hamılıqla (qəbirlərdən çıxaraq) baxarlar.

20. Və deyərlər: «Vay halımıza! Bu, cəza günüdür.»

21. (Bəli,) bu, (dünyada) yalan hesab etdiyiniz (Allahın) hakimlik (hökm etmə) və (yaxşıların pislərdən) ayrılması günüdür.

22. (Mələklərə əmr olunar:) «(Şirk və küfrdə inadkarlıq göstərməklə) zülm edən kəsləri, onların taylarını və Allahın əvəzinə ibadət etdiklərini yığın bir yerə

23. «Onları Cəhənnəmin yoluna yönəldin.»

24. «Və onları (o yolda) saxlayın ki, onlar (orada əqidələr və əməllər barəsində) sorğu-sual olunmalıdırlar.»

25. «(Ey Cəhənnəm əhli), sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?!»

26. Əslində onlar o gün tamamilə təslim və müti olacaqlar.

27. Onlardan bir qismi digərlərinə üz tutar, bir-birindən soruşarlar,

28. (Zəiflədilmiş və aldanmışlar öz batil və zalım rəhbərlərinə) deyərlər: «Xeyir və yaxşılıq adı altında (yalan andlarla, zorla) bizim yanımıza gələn sizlər idiniz.»

29. Onlar deyərlər: «(Xeyr) əslində siz özünüz iman əhli deyildiniz.»

30. «Bizim sizin üzərinizdə (küfr və iman baxımından) heç bir hökmranlığımız yox idi. Əslində siz özünüz tüğyankar bir dəstə idiniz.»

31. «Beləliklə, bizim barəmizdə Rəbbimizin sözü və vədi həyata keçdi. Biz mütləq (Cəhənnəm əzabını) dadacağıq!»

32. «Biz sizi (azdırmış olsaq belə, sizin öz ixtiyarınızla) azdırdıq. Əlbəttə, biz özümüz də azmış idik.»

33. Şübhəsiz onlar o gün (tabe olanlar və rəhbərləri) əzabda şərikdirlər.

34. Biz günahkarlarla belə rəftar edirik.

35. (Çünki) onlara: «Yeganə olan Allahdan başqa heç bir tanrı yoxdur!» - deyildiyi zaman təkəbbür göstərirdilər.

36. Və deyirdilər: «Yəni doğrudan biz divanə bir şairə görə öz tanrılarımızı tərk edək?!»

37. (O, nə şairdir, nə də divanə) əksinə, o haqq (olan din, şəriət və kitab)ı gətirmişdir və (Allah) peyğəmbərlərin(in) hamısını təsdiq etmişdir.

38. Şübhəsiz, siz (axirət aləmində) ağrılı əzabı dadacaqsınız.

39. Və yalnız (dünyada) etdiyiniz əməllərinizə görə cəzalanarsınız (və yalnız əqidələriniz və əməllərinizin eynilə təcəssümü ilə cəzalanarsınız).

40. (Hamısı cəzanı dadacaqlar), yalnız Allahın ixlaslı və seçilmiş bəndələrindən başqa.

41. Onlar üçün məlum bir ruzi vardır,

42. (Onlar üçün növbənöv) meyvələr (vardır); Və həmçinin onlara (Allah tərəfindən mələklər vasitəsilə) hörmət və ehtiram olunar.

43. Bol nemətli bağlarda,

44. Üz-üzə qoyulmuş taxtlar üzərində,

45. Onların dövrəsində (Behiştdə axan bulaqdan götürülən) saf şərabla dolu kasalar dolandırılar,

46. Ağappaq və içənlər üçün başdan – başa ləzzət olan bir şərab.

47. Nə onda bir baş ağrısı və bədən zərərləri vardır, nə də onun vasitəsilə ağılları başdan çıxar.

48. Və onların yanında xumar baxışlı, ərindən savayı digərlərindən gözlərini çəkən, iri və gözəl gözlü qadınlar vardır,

49. Onlar sanki örtülmüş quş yumurtalarıdır, (quş qanadları altında, yaxud parçanın içində, toz-torpaqdan və çirkdən qorunmuşlar).

50. Onlardan bir qismi digərlərinə üz tutar, bir-birlərilə söhbət edərlər.

51. Onlardan biri belə deyər: «Həqiqətən, mənim (dünyada) bir yoldaşım (həmsöhbətim) var idi.»

52. (Mənə) deyərdi: «Yəni doğrudan sən (ölümdən sonra dirilmək məsələsini) təsdiq edənlərdənmisən?!»

53. «Yəni biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra məgər (yenidən dirilərək) cəzalanacağıqmı»?!

54. (Sonra o dostlarına) deyər: «Ona baş çəkərək əhvalından hali olmaq istərsinizmi?»

55. O, özü (Cəhənnəmə) nəzər salar və onu Cəhənnəmin düz ortasında görər.

56. Deyər: «Allaha and olsun, həqiqətən, az qalmışdı sən məni də həlakətə sürükləyəsən.»

57. «Əgər Rəbbimin (doğru yola yönəltmək) neməti olmasaydı, həqiqətən, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.»

58. Beləliklə (şövqlə və bəyan etmək məqsədi ilə dostlarına deyər:) «Biz bir daha ölməyəcəyik, elə deyilmi,»

59. (Dünyadakı) ilk ölümümüzdən savayı! Biz heç bir zaman əzab görməyəcəyik?!»

60. (Bəli,) şübhəsiz ki, bu, həmin böyük uğur və qurtuluşdur.

61. Çalışanlar bunun (bu cür nemətlər) üçün çalışmalıdır.

62. Qonaq olmağa (ziyafət üçün) bu daha yaxşıdır, ya (Cəhənnəmdəkilərin qonaqlığı üçün olan) «zəqqum» ağacı?!

63. Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik.

64. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar (gövdəsi onun səthində bitər və budaqları yuxarı təbəqələrə çatar).

65. Tumurcuqları sanki şeytanların başlarıdır (olduqca çirkin və zərərlidir).

66. Həqiqətən, onlar o qədər ondan yeyərlər ki, qarınlarını onunla doldurarlar.

67. Sonra onlar üçün onun (həmin yeməyin) üstündən qaynar su ilə qarışmış içki vardır (Cəhənnəmdən kənarda ondan içərlər).

68. Sonra da onların dönüşləri Cəhənnəmə sarıdır.

69. Çünki, onlar atalarını azmış gördülər.

70. Beləliklə (arxadan qovulurmuş kimi) onların arxasınca gedirdilər.

71. Şübhəsiz, onlardan (Məkkə müşriklərindən) qabaq, əvvəlkilərin də çoxu yollarını azmışdılar.

72. Həqiqətən onların arasına qorxudanlar göndərdik.

73. Buna görə də bax gör (müxtəlif əzablarla məhv edilmiş) qorxudulanların aqibəti necə oldu.

74. Allahın seçilmiş və (ilahi köməklə mənəvi naqislikləri aradan qaldırılmış və nəticədə saflaşmış) xalis bəndələri istisna olmaqla!

75. Həqiqətən Nuh Bizi çağırdı. Biz (çağırış və duaları) gözəl qəbul edənik.

76. Biz ona və onun ailəsinə böyük qüssədən (qövmünün zülmü, əziyyətləri və təhqirlərindən və tufan təhlükəsindən) nicat verdik.

77. Və (yer üzündə) yalnız onun nəslini saxladıq.

78. Və sonrakı ümmətlər arasında ondan (tövhidə çağırış, şirk ilə mübarizə mücahidi, ilk kitab və şəriət sahibi olmaq kimi) gözəl ad qoyduq.

79. Aləmlər (mələklər, insanlar və cinlər aləmi) içərisində (Allahın) salam(ı) olsun Nuha! (Dünya əhalisi gərək ona salam göndərsin.)

80. Biz yaxşı əməl sahiblərini (dünyada) belə mükafatlandırırıq.

81. Şübhəsiz o, Bizim mömin bəndələrimizdən idi.

82. Sonra digərlərini (gəmiyə minməyənləri) suda batırdıq.

83. Həqiqətən İbrahim (dində, kitabda və şirklə mübarizədə) onun davamçılarından idi.

84. O zaman o, təmiz qəlblə öz Rəbbinə tərəf gəldi (Rəbbinə üz tutdu, Onun birliyini təsdiq edərək özünü Ona təslim etdi).

85. O zaman atasına (əmisinə və ya qayınatasına) və qövmünə dedi: «Siz nəyə ibadət edirsiniz?!»

86. «Yalan və iftira ilə Allahdan qeyri məbudlarmı istəyirsiniz?!»

87. «Bəs aləmlərin Rəbbi barəsində gümanınız nədir? (O, Rəbb deyil? Yoxsa başqalarına ibadət etmək icazəsi verib? Bəlkə müşriklərə əzab verməyəcək?!)»

88. Beləliklə o, (özünün xəstələnəcəyi vaxtı ayırd etmək üçün) diqqətlə ulduzlara (onların vəziyyətinə) baxdı.

89. Və dedi: «Həqiqətən mən xəstəlik astanasındayam» (və sizinlə şəhər kənarına bayram mərasiminə gəlməyəcəyəm).

90. Onlar ondan üz döndərib qayıtdılar.

91. Beləliklə o, (darmadağın etmək üçün) gizlicə onların tanrılarının yanına yollandı və (onların qabağına düzülmüş yeməklərə işarə edərək) dedi: «Məgər yemirsiniz?

92. Sizə nə olub ki, danışmırsınız?»

93. Sonra darmadağın etmək üçün onlara üz tutdu (və) sağ əli(ndəki balta) ilə onlara güclü zərbələr endirdi. (Böyüklərindən başqa onların hamısını sındırdı.)

94. (Onlar bayramdan qayıdanda, bu iş barəsindəki ittihamla) tez ona üz tutdular.

95. (İbrahim) dedi: «Özünüz yonduğunuz şeyə ibadət edirsiniz?!

96. Halbuki həm sizi, həm də əməllərinizi Allah yaratmışdır. (Sizin həm əməlləriniz, həm də məbudlarınızı düzəltdiyiniz maddələr, həqiqətən Allahın məhsuludur.)

97. (Onlar bir-birlərinə) dedilər: Onun üçün (en və uzunu geniş) bir bina tikin və onu od cəhənnəminə atın!

98. Beləliklə, onun barəsində hiylə işlətmək qərarına gəldilər və Biz onları alçaltdıq. (İbrahimə də oddan nicat verdik.)

99. (İbrahim onların məkrli hiylələrindən nicat tapdıqdan sonra) dedi: «Mən mütləq öz Rəbbimə tərəf (ibadətlə məşğul ola biləcəyim bir şəhərə) yollanıram. O, tezliklə mənə yol göstərəcəkdir.

100. Ey Rəbbim! Mənə salehlərdən (bir övlad) bəxş et!»

101. Beləliklə Biz onu həlim bir oğlan uşağı (İsmail) ilə müjdələdik.

102. Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: «Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir?» (İsmail) dedi: «Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!»

103. Beləliklə elə ki, onların hər ikisi (Allahın əmrinə) təslim oldular və o, oğlunu üzü üstə yerə yıxdı (imtahandan başı uca çıxdı)

104. Biz ona xitab etdik ki: «Ey İbrahim!

105. Həqiqətən sən yuxunu həyata keçirdin. (Çünki həmin yuxunun mənası bıçağın hulquma çəkilməsi idi, hərçənd ki, həm ata, həm də oğul onun mənasının uşağın başının kəsilməsi olduğunu başa düşmüşdülər.) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

106. Şübhəsiz bu (hadisə) həmin aşkar imtahandır.

107. Və Biz ona böyük bir qurbanlıq (həm cism, həm də ehtiram baxımından böyük bir qoyun) fəda etdik.

108. Ondan, sonrakı ümmətlərin arasında (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, böyük fədakar və yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.

109. Salam olsun İbrahimə!

110. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

111. Həqiqətən o, Bizim mömin bəndələrimizdən idi.

112. Onu İshaq(adlı bir övlad)la – salehlərdən olan peyğəmbərlə müjdələdik.

113. Ona və İshaqa (övladlarının peyğəmbər olması, kitab və şəriətləri ilə) bərəkət verdik. O ikisinin övladlarından bəziləri yaxşı əməl sahibi, bəziləri özlərinə aşkar zülm edəndirlər.

114. Həqiqətən Biz Musa və Haruna da nemət verdik.

115. O ikisinə və qövmlərinə böyük bir qüssədən nicat verdik.

116. Və onlara kömək etdik. Beləliklə onlar qalib gəldilər.

117. Və o ikisinə (özü) aydın (olan) və aydınlıq gətirən (səma) kitab(ı) verdik.

118. Və onların hər ikisini doğru yola hidayət etdik.

119. Və sonrakı ümmətlərin arasında onlardan (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.

120. Salam olsun Musaya və Haruna!

121. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

122. Əlbəttə, onların ikisi (də) Bizim mömin bəndələrimizdən idilər.

123. Həqiqətən İlyas da Bizim peyğəmbərlərimizdən idi.

124. O zaman o, öz qövmünə dedi: «Məgər (Allaha qarşı itatəsizlik etməkdən və Ona şərik qoşmaqdan) qorxmursunuz?

125. (İbadət etmək və hacət diləmək üçün) «Bəl»i (bu adda olan bütü) çağırır və yaradanların ən yaxşısını tərk edirsiniz?

126. Həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbi olan Allahı?!»

127. Beləliklə onlar onu təkzib etdilər. Şübhəsiz onlar (Qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklər.

128. Allahın paklaşdırılmış və seçilmiş bəndələri istisna olmaqla!

129. Sonrakı ümmətlərin arasında ondan (tovhidə dəvət və şirk ilə mübarizə mücahidi kimi) yaxşı ad qoyduq.

130. Salam olsun İlyasa (və Yasinin övladlarına)!

131. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

132. Həqiqətən o, Bizim mömin bəndələrimizdən idi.

133. Həqiqətən Lut da Bizim peyğəmbərlərimizdən idi.

134. (Yada sal) o zaman(ı) ki, Biz ona və bütün ailəsinə nicat verdik.

135. (Lutun qövmünə gələn əzabda) qalanların içərisində olan qoca qarı istisna olmaqla!

136. Sonra (yerdə) qalanları məhv etdik.

137. Həqiqətən siz (Məkkə əhli Şama səfər zamanı) səhər çağı onların yanından keçirsiniz.

138. Həmçinin axşamçağıları! Belə isə heç düşünmürsünüz?

139. Əlbəttə, Yunus (da) Bizim peyğəmbərlərimizdən idi.

140. (Yada sal) o zaman(ı) ki, o, (müsafir və yüklə) dolu gəmiyə tərəf qaçdı (və ona mindi).

141. Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.

142. O, məzəmmətə layiq iş gördüyü və özünü qınadığı halda balıq onu uddu.

143. Buna görə də əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək pak sifətlərlə mədh edənlərdən olmasaydı,

144. mütləq (insanların qəbirlərdən) qaldırılacaqları günə kimi həmin balığın qarnında qalardı.

145. Beləliklə, onu xəstə halda tavan və kölgəsiz bir yerə atdıq.

146. Və onun başı üzərində balqabaq (yaxud banan və ya əncir) növündən bir tağ bitirdik.

147. Və onu yüz min və ya daha artıq adama (peyğəmbər) göndərdik.

148. Beləliklə onlar iman gətirdilər və Biz onları (müəyyən) bir müddət(ədək həyatdan) bəhrələndirdik.

149. Buna görə də onlardan (Məkkə müşriklərindən) soruş: «Qızlar sənin Rəbbinin, oğlanlar isə onlarındır?!

150. Yoxsa ki, Biz mələkləri qız cinsindən yaratmışıq və onlar orada olub (buna) şahid olublar?!»

151. Bil ki, onlar yalançı olduqları üçün deyirlər:

152. «Allah övlad törətmişdir.» Onlar mütləq yalançıdırlar!

153. (Hətta övlad götürməsini fərz etsək belə) məgər (Allah) qızları oğlanlardan üstün tutmuşdur?!

154. Sizə nə olub, necə hökm çıxarırsınız?!

155. Heç ibrət götürmürsünüz?

156. Yoxsa sizin (bu iddiaya) aydın dəliliniz var?!

157. Belə isə əgər doğru deyirsinizsə yazı və kitabınızı gətirin.

158. Onlar Allahla cinlər arasında qohumluq əlaqəsinin olmasına qail oldular, halbuki cinlər özləri (qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklərini bilirlər.

159. Allah onların sadaladıqları sifətlərdən (şəriki olmaqdan, törəmək və cinlərlə qohum olmaqdan) pak (və uzaq)dır.

160. Allahın xalis və seçilmiş bəndələri(nin Onun üçün sadaladıqları digər sifətlər) istisnadır.

161. Həqiqətən siz və ibadət etdikləriniz (bütlər, cinlər və şeytanlar)

162. (bəli,) siz heç vaxt (cəmiyyəti) Allahın hədəfinin əksinə olaraq azğınlığa sürükləyə bilməzsiniz!

163. (Küfr və inadına görə) cəhənnəmə gedəsi və yanası şəxs istisna olmaqla.

164. (Mələklər özlərinin rəbb olmalarını inkar edərək deyərlər:) «Bizim hər birimizin (Allah yanında) müəyyən məqam və rütbəsi vardır.»

165. Şübhəsiz, (Allahın əmrini yerinə yetirmək üçün daim) sıralanan bizik.

166. Əlbəttə (dil və ürəkdə olan səmimi etiqadla) Allahı pak sifətlərlə mədh edən bizik.

167. (Müşriklər) həmişə deyərdilər:

168. «Əgər bizim yanımızda keçmişlərdən (keçmiş nəsillərdə olan kitablar qismindən) bir yada salan (kitab) olsaydı,

169. mütləq, Allahın xalis və seçilmiş bəndələri olardıq.

170. Amma (elə ki, keçmişlərin kitablarından yaxşı bir kitab gəldi) ona kafir oldular. Tezliklə (küfrlərinin cəzasının nə olmasını) biləcəklər.



Geri   İrəli
Go to TOP