A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


25. De: «Siz Bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız və Biz də sizin etdiyiniz əməllər barədə sorğu-sual olunmayacağıq».

26. De: «Rəbbimiz (qiyamət günü) bizlə sizi (bir yerə) cəm edəcəkdir, sonra bizim aramızda haqq üzrə, qəti surətdə hökm verəcəkdir. Odur qəti surətdə hökm edən və bilən».

27. De: «Allaha şərik qoşduqlarınızı mənə göstərin (görüm onlarda tanrılıq əlamətlərindən bir şey var, ya yoxdur?) Belə deyildir. Odur vacib, yeganə və bütün kamalları Özündə cəmləndirən Allah, (Odur) yenilməz qüdrət və hikmət sahibi».

28. Və Biz səni bütün insanlara (öz əsrindən dünyanın sonundək) qoruyan və (salehlərə) müjdə verən və (pisləri) qorxudan (kimi) göndərdik. Lakin camaatın əksəriyyəti (bunu) bilmir.

29. Deyərlər: «Bu (Qiyamət, hesab və hökm etmə) vəd(i) nə zaman olacaqdır? Əgər siz düz danışansınızsa».

30. De: «Sizə vəd olunmuş gün elə bir gündür ki, (ölüm günü, ya axirət günü) əsla ondan nə bir saat təxir edərsiniz və nə də irəli keçərsiniz».

31. Və kafir olanlar dedilər: «Əsla bu Qurana və ondan öncə olana (səmavi kitablara) iman gətirmərik». Və əgər zalımları Rəbbi qarşısında (hüzurunda) ayaq üstə saxlanılıb bir-birləri ilə danışan halda görsəydin (çox təəccüblənərdin). Zəiflədilənlər təkəbbürlülərə deyərlər: «Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq».

32. Təkəbbürlük edənlər zəiflədilənlərə deyərlər: «Məgər sizə doğru yol gəldikdən sonra sizi ondan saxlayan bizmi idik?! (Xeyr,) əslində siz özünüz günahkar idiniz».

33. Və zəiflədilənlər təkəbbürlük edənlərə deyərlər: «Əslində (bizi azdıran sizin) gecə-gündüz (qurduğunuz) hiylə idi, o zaman ki, bizə Allaha kafir olmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz.» Onlar əzabı gördükdə (öz) peşmançılıqlarını gizlədərlər. Biz kafir olanların boyunlarına dəmir halqa keçirdərik, məgər etdiklərindən (yaxud etdikləri əməlin təcəssümündən) başqa bir şeyləmi cəzalandırılırlar?!

34. Biz hər hansı bir bəşər cəmiyyətinə elə bir qorxudan (peyğəmbər) göndərmədik ki, oranın əyan-əşrafı və rifah içərisində yaşayanları deməsinlər: «Həqiqətən, Biz sizin göndərildiyiniz şeyə kafirik».

35. Və dedilər: «Bizim mal-dövlətimiz və övladlarımız (sizinkindən) çoxdur və bizə heç bir vaxt əzab olunmayacaqdır (çünki, bizə verilənlər Allahın bizə olan məhəbbətinin əlamətidir)».

36. De: «Həqiqətən, mənim Rəbbim (ümumun mənafeyinə və quruluşun zərurətinə əsasən) istədiyi şəxs üçün ruzini bol edər və azaldar. (Bunlar həmin şəxslərə qarşı məhəbbətin və nifrətin əlaməti deyildir) və lakin insanların çoxu (bunu) bilmir».

37. Sizi Bizim dərgahımıza yaxınlaşdıran nə mal-dövlətiniz, nə də övladlarınızdır. Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində iki qat mükafat vardır və onlar Cənnət otaqlarında əmin-amanlıq içindədirlər.

38. Bizi aciz edəcəklərini sanaraq ayələrimiz(i inkar və batil etməy)ə səy edən kəslər əzab üçün gətiriləcəklər.

39. De: «Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır».

40. Və (yada sal) o günü ki, onların hamısını (ibadət edənləri və ibadət olunanları) toplayacaq, sonra da mələklərə deyəcək: «Bunlar (dünyada) sizəmi ibadət edirdilər?»

41. (Mələklər) deyərlər: «Sən (hər hansı bir eyb və nöqsandan uzaq), paksan, bizim dostumuz, hamimiz və yardımçımız yalnız Sənsən, onlar deyil. (Onların bizə ibadət etmələrinə razı deyildik). Əslində onlar cinlərə ibadət edirdilər (çünki cinlər onların ibadətlərinə razı idilər və) onların əksəriyyəti cinlərə iman gətirmişdi».

42. Beləliklə bu gün sizlərin bəziniz digərlərinə nisbət heç bir mənfəət və zərər (vermək qüdrətinə) malik deyil və zülm edənlərə deyəcəyik: «Təkzib etdiyiniz odun əzabını dadın».

43. Bizim aşkar və aydınlıq gətirən ayələrimiz onlara oxunanda, deyərlər: «Bu (adam) ancaq sizi ata-babalarınızın ibadət etdiklərindən döndərmək istəyən şəxsdir» və deyərlər: «Bu (kitab da Allaha qarşı) uydurulmuş yalandan başqa bir şey deyildir». (Bəli,) haqq onlara tərəf gələn zaman kafir oldular, dedilər: «Bu, yalnız açıq-aşkar bir sehrdir».

44. Biz (Qurandan öncə) onlara (səmavi) kitablar verməmişdik ki, onu oxuyalar və səndən öncə də (İsanın, ya İbrahimin zamanından indiyə kimi) onlara bir qorxudan (peyğəmbər) göndərməmişdik (ki, ona əsaslanaraq səni təkzib edələr, əslində onların inkarları inadkarlıq üzündəndir).

45. Bunlardan əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər, halbuki bunlar (sayları, qüvvələri və ömürlərinin uzunluğu baxımından) onlara verdiklərimizin onda birinə belə yetişməmişdilər. Amma onlar da (peyğəmbərlik dəlilləri və kitabın sarsılmazlığı baxımından) bunlara verdiklərimizin onda birinə yetişməmişdilər; beləliklə onlar da Mənim peyğəmbərlərimi təkzib etdilər, belə isə (baxsınlar görsünlər ki,) Mənim onlara qarşı rəftarım necə oldu!

46. De: «Mən sizə yalnız bir nəsihət verirəm (və tapşırıram) ki, (bu Peyğəmbəri tanımaq və qəbul etmək üçün qarmaqarışıqlıq salmadan özü də) Allaha xatir iki-iki, bir-bir ayağa qalxın, sonra (onun keçmişi, dəlilləri və möcüzələri barəsində) fikirləşin. (Onda görərsiniz ki,) sizin bu (mehriban) yoldaşınızda heç bir dəlilik yoxdur. O, yalnız irəlidə olan çətin bir əzabdan (axirət əzabından) sizi qorxudandır (bir peyğəmbərdir)».

47. De ki: «Sizdən istəmədiyim bütün muzdlar sizin olsun. (Sizdən muzd istəməyə haqqım var idi). Sizdən istədiyim muzd (Əhli-Beytimə olan məhəbbət) sizin öz xeyrinizədir, mənim mükafatım yalnız Allahın öhdəsinədir və O hər bir şeydən agah və hər bir şeyə şahiddir».

48. De: «Şübhəsiz mənim Rəbbim haqqı təlqin edir (səmavi kitabları peyğəmbərlərin qəlblərinə nazil edir və onların dilindən cəmiyyətə çatdırır). O, qeybləri kamil şəkildə biləndir».

49. De ki: «Haqq (İslam dini) gəldi. Batil (şirk və bütpərəstlik təsirini itirdi, çünki onlar) nə (öz işlərindən və dünya işlərindən) bir şeyə başlayar və nə də (bir şeyi) yeniləşdirər».

50. De ki: «Əgər yoldan azsam, öz zərərimə azmış olaram. Əgər hidayət tapsam, bu da Rəbbimin mənə olan vəhyi sayəsindədir. Həqiqətən, O, eşidən və yaxındır».

51. Sən onları (müşrikləri və kafirləri, ölümdən ya Qiyamətin qopmasından) vəhşət içərisində olduqları zaman bir görəsən! Artıq onlar qaçıb can qurtar a bilməzlər və yaxın bir məkandan yaxalanarlar (yerin üzündən onun altına, yaxud yerin altından Qiyamət səhnəsinə doğru, o zaman olduqca təəccüblənərsən).

52. Onlar (qəbirdə, ya Qiyamətdə) deyərlər: «Biz ona (Qurana) iman gətirdik». Amma uzaq bir yerdən əlləri (imana və tövbəyə) necə çata bilər?! (Dünyadan o aləmə yol yaxın və oradan isə dünyaya yol uzaqdır).

53. Halbuki, onlar həqiqətən, bundan öncə onu (Quranı və Peyğəmbəri) inkar etdilər. Güman üzündən və görmədən, uzaq bir məkandan (onlara) töhmət oxu atdılar.

54. Və (aqibətdə) onların və meylləri və iştahları çəkən şeylər (dünya ləzzətləri) arasında (ölümün vasitəsilə) ayrılıq salındı, necə ki, bundan öncə onların bənzərləri barəsində edilmişdi. Çünki onlar (axirət aləmi barəsində) tərəddüdlü və qaranlıq bir şəkk-şübhə içərisində idilər.

Fatir surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Həmd göyləri və yeri (ilk dəfə, öncədən nümunə olmadan yoxdan) yaradan, ikiqanadlı, üçqanadlı, dördqanadlı mələkləri (yaradılış aləminin idarə olunması və vəzifələrin yerinə yetirilməsi aləmində vəhy və ilham işini icra etmələri üçün) elçilər edən tək olan Allaha məxsusdur. O, yaradılışda istədiyini artırar və varlıq aləmində yayar, çünki Allah hər şeyə qadirdir.

2. Allahın insanlar üçün açdığı hər hansı bir rəhmətin (mənəvi və maddi rəhmətlərin) qarşısını alacaq heç bir kəs ola bilməz, qarşısını aldığı bir şeyi isə Ondan sonra bir açacaq kəs ola bilməz. Yenilməz qüvvət və hikmət sahibi olan Odur.

3. Ey insanlar, Allahın sizə olan nemətlərini yada salın, məgər yeganə olan Allahdan başqa elə bir yaradan varmı ki, sizə göydən və yerdən ruzi versin? Ondan başqa bir tanrı yoxdur, elə isə (haqdan) necə və haraya döndərilirsiniz?!

4. Əgər səni təkzib etsələr (qəmgin olma), həqiqətən, səndən öncə də peyğəmbərlər təkzib olunmuşdur. (Mükafata və cəzaya layiq olan) bütün işlər (axirət günündə) Allaha tərəf qaytarılacaqdır.

5. Ey insanlar, şübhəsiz, Allahın (dirilmək və cəza barədə olan) vədi haqdır, belə isə məbada dünya həyatı(nın zahiri görünüşü və ləzzətləri) sizi aldatsın ! Və məbada o çox hiyləgər olan (Şeytan) sizi Allah(ın möhlət verməsi və bağışlamasıy)la aldatsın!

6. Həqiqətən, Şeytan sizin düşməninizdir, belə isə onu (özünüzə) düşmən bilin! Həqiqətən, o, öz dəstəsini (ona uyanları) Cəhənnəmin alovlu odunun əhlindən olmağa dəvət edir.

7. Kafirlər üçün şiddətli bir əzab vardır, iman gətirənlər və yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat vardır.

8. Pis əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən (bilən) bir kəs, (həqiqəti görən mömin kimidirmi? Əsla belə deyildir) çünki, Allah (bəşəri dəvət edib dəlilləri təqdim etdikdən sonra) istədiyini azğınlıqda buraxar və istədiyini doğru yola yönəldər, belə isə məbada onlara görə olan təəssüflər və kədərlər üzündən canın əldən gedə! Allah onların nə etdiklərini biləndir.

9. Buludu hərəkətə gətirən küləkləri göndərən Allahdır, Biz onu (buludu) ölmüş (bitkiləri qurumuş) bir torpağa tərəf sövq etdik və onunla o torpağı öldükdən sonra diriltdik (müxtəlif bitkilərin toxumlarını cücərtdik). (Qiyamət günü) dirilmə də belədir (torpağın köksündə parçalanıb dağılmış bədənlərin zərrələrini hərəkətə gətirərək, onları bir-birlərilə birləşdirəcək və dirildəcəyik).

10. Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur (və bunları Ondan istəməlidir); pak sözlər (pak sözlərdən ibarət olan tovhidə və əqidə üsullarına etiqad) On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar; hiyləgərliklə pis iş görənlər üçünsə şiddətli bir əzab vardır.Onların hiylələri puç və təsirsizdir.

11. Allah sizi(n ilk baba və nənənizi vasitəsiz olaraq və möcüzəli bir tərzdə) torpaqdan yaratdı, sonra (onların nəsli olan sizləri) nütfədən (yaratdı). Allah sizi (Adəmin nəslini əvvəlcə) torpaqdan, sonra nütfədən yaratdı, bu zaman sizi (erkək və dişi) cütlər etdi. Heç bir dişi Onun izni olmadan hamilə olmaz və bari-həmlini yerə qoymaz. Kitabda (Lövhi-Məhfuzda) yazılmadan heç bir yaşlı kəsə uzun ömür verilməz və heç bir kəsin ömründən azaldılmaz. Həqiqətən, bunlar Allah üçün asandır.

12. İki dəniz (dənizə oxşar olan böyük çaylar və dənizlər) əsla bir-biri ilə eyni deyildir. Bunun biri pak, şirin və susuzluğu yatırandır nuşcanlıqla içilir o birisi duzlu (şor) və acıdır. Onların hər birindən təzə ət (balıq və sairə) yeyirsiniz və taxdığınız zinətləri çıxarırsınız. Allahın lütfündən və nemətindən (ruzi) axtarmağınız üçün gəmiləri orada dənizin köksünü yara –yara üzən görərsən. Bəlkə şükr edəsiniz. (Geniş və əhatəli olan insan ruhu mömində və kafirdə hər ikisi xeyir işlər və bəşərə xidmətlər göstərsələr belə iman və əxlaqi faydalar və həqiqət baxımından eyni deyildir.)

13. (Allah) gecəni gündüzə qatar, gündüzü də gecəyə qatar (tədriclə və yer kürəsinin əyilməsilə birini azaldar və digərinə artırar). O, günəşi və ayı (Öz əmrinə) ram etmişdir (onların) hər biri (özünün məxsus perpendikulyar və dairəvi hərəkətində) müəyyən bir müddət üçün hərəkət edər. Budur sizin Rəbbiniz olan Allah. Hər bir şeyin həqiqi mülkiyyəti və varlıq aləminin hakimiyyəti Ona məxsusdur. Onun yerinə çağırdıqlarınız həqiqətdə xurma çərdəyinin qabığına belə malik deyildirlər.

14. Əgər onları çağırsanız sizin dəvətinizi eşitməzlər və əgər eşitsələr (mələklər, cinlər və bəşər müqəddəsləri kimi tanrılar) sizə cavab verməzlər (cavab vermək qüdrətləri yaxud cavab vermək haqları yoxdur) Qiyamət günü şərikliyinizi inkar edəcəklər və heç kəs səni (dünyada və axirətdə onların halından) agah və xəbərdar olan Allah kimi xəbərdar etməz.

15. Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun) sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil).

16. Əgər istəsə sizi (aradan) aparar və yeni bir məxluq vücuda gətirər.

17. Bu, (iş) Allaha çətin və ağır deyildir.

18. Günah yükü ilə yüklənmiş heç kəs digərinin günah yükünü götürməz (heç kəs dünyada başqasının işinə görə cəzalanmaz və axirətdə də onun cəzasını çəkməyə məruz qalmaz). Əgər günahla yüklənmiş bir kəs onun günah yükü(nü daşımaq) üçün başqasını hətta yaxın qohumunu çağırsa, o yükdən heç bir şey daşınmaz. Sən ancaq öz Rəbbindən gizlində qorxan və namaz qılan kəsləri qorxudursan. Və kim (əqidə, əxlaq və əməldə) paklıq axtarsa, ancaq öz xeyrinə paklıq axtarar. Hamının dönüşü Allahadır.

19. Korla görən eyni deyildir (möminlər və kafirlər bərabər deyildirlər).

20. Nə zülmətlə nur (cəhalət, küfr, əxlaq və əməl çirkabları ilə elm, iman və fəzilətləri eynidir).

21. Nə də kölgə ilə yandırıcı isti (gözəl mükafatlar və şiddətli cəzalar da eyni olmaz).

22. Və (iman əhli olan beyin və qəlb) dirilər(i) ilə də (küfr və cəhalət əhli olan fikir və qəlb) ölülər(i) eyni deyillər! Şübhəsiz, Allah istədiyi kəsə (dinin dəvətini qəbul etdikdən sonra dini və insani təkamül yollarını) eşitdirər. Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən.

23. Sən yalnız bir qorxudansan (hələlik döyüşə əmr olunmamısan və onların qəlbini eşitdirməyə də məmur deyilsən).

24. Həqiqətən, Biz səni haqla (əqlə, hikmətə, rəhmətə və xilqətin tam quruluşuna uyğun olaraq möminlərə) müjdəverici və (kafirləri) qorxudan (peyğəmbər) olaraq göndərdik. Elə bir ümmət olmamışdır ki, onların içindən qorxudan bir (peyğəmbər, yaxud onun məsum vəsisi və ya saleh bir alim) gəlib-getməmiş olsun.

25. Və əgər səni təkzib etsələr (təəccüblü olmaz), həqiqətən, onlardan qabaq olanları (Allah rəsullarını) da təkzib etdilər, halbuki peyğəmbərləri onlara möcüzələr və (peyğəmbərliyin) aydın dəlillər(ini) və (məsləhət, nəsihət və ürfan) yazılar(ı) və (şəriətin) aydınlıq bəxş edən (yayan) kitab(ını) gətirmişdilər.

26. Sonra isə kafir olanları cəza olaraq yaxaladım, belə isə (bax gör ki,) Mənim onlara qarşı rəftarım necə oldu?

27. Məgər Allahın göydən suyu (yağış, qar və dolu şəklində) nazil etdiyini görmürsənmi?! Biz onun vasitəsilə (yerdən) müxtəlif növlü, sinifli və rəngli meyvələr çıxartdıq? Dağlardan müxtəlif rəngli ağ, qırmızı, qara rəngli yollar (yer kürəsinin üzərindəki dağlardan rəngarəng silsilələr və dağlarda da rəngarəng yollar yaratdıq).

28. İnsanların, heyvanların və davarların da müxtəlif növ və rənglərdə olanları vardır. (Bəli, Allahın qüdrət və hikməti) belədir. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır.

29. Şübhəsiz, Allahın kitabını daim oxuyan və namaz qılan, ruzi olaraq onlara verdiklərimizdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər, əsla kasadlığı və ziyanı olmayan bir ticarətə ümidvardırlar ki,

30. Allah onların mükafatlarını mükəmməl şəkildə əta etsin və Öz lütfündən onlar(ın mükafatların)ı artırsın. Çünki, O, çox bağışlayan, (qədir bilən) və təşəkkür (şükr) edəndir.

31. (Ya Peyğəmbər!) Kitabdan sənə vəhy etdiyimiz özündən əvvəlkiləri (səmavi kitabları və İlahi şəriətləri) təsdiq edən bir haqdır. Həqiqətən, Allah bəndələrindən xəbərdardır və onları görəndir.

32. Sonra Biz bu kitabı bəndələrimizdən (sonuncu ümmət və İslam əhli olaraq) seçdiklərimizə miras verdik. Onlardan bəzisi (ümmətin günahkarları) özünə zülm edər, bəzisi (ümmətin adilləri və əməli-saleh adamları) mötədil, bəzisi isə (Quranın varisləri olan ümmətin məsumları) Allahın (yaradılış) izni ilə bütün xeyirlərdə irəli keçənlərdir. (Bəli) bu, (kitab mövcudluğu, məsumların və əməli-saleh şəxslərin varlığı ümmət üçün) böyük lütfdür.

33. Daxil olacaqları əbədi Cənnətlər (onların mükafatıdır), orada qızıl bilərziklər və incilərlə zinətlənərlər. Orada libasları da ipəkdən olar.

34. Və deyərlər: «(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri) bağışlayan və (yaxşılıqlar müqabilində) qədirbiləndir».

35. «Elə bir Allah ki, Öz lütf və kərəmi ilə bizə daimi iqamətgah olan mənzillərdə yer verdi. Orada bizə nə bir əziyyət yetişər və nə də bir yorğunluq üz verər».

36. Kafir olanlar üçün Cəhənnəm odu vardır. (Orada) nə onların ölümünə hökm olunar ki, ölsünlər və nə də əzabları yüngülləşdirilər. (Bəli,) Biz hər bir kafir və nankora beləcə cəza verəcəyik.

37. Onlar orada dad-fəryad edərlər: «Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq yaxşı işlər görək». (Onlara deyiləcək:) «Məgər sizə nəsihət qəbul etmək istəyən kimsənin öyüd-nəsihət ala biləcəyi qədər ömür vermədikmi? Və sizə bir qorxudan (peyğəmbər) gəlmədimi?! Belə isə, dadın (Cəhənnəmin əzabını). Əsla zalımların dadına yetən olmaz.»

38. Həqiqətən, Allah göylərin və yerin qeybini biləndir (orada hər hansı bir şüur sahibinin fikir əhatəsindən və hislərindən gizlin olan hər şeyi bilir). Şübhəsiz, O, sinələrdə olanı da biləndir.

39. Sizi yer üzündə (keçmişdəkilərin) canişinlər(i) edən Odur. Kim kafir olsa, küfrü onun özünün ziyanınadır. Kafirlərin küfrləri Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz. Kafirlərin küfrləri (onların) yalnız (axirət) ziyan(ı) artırar.

40. (Ya Peyğəmbər!) De: «Allahın yerinə çağırdıqlarınız şəriklərə (diqqətlə) baxmısınızmı? Mənə göstərin görüm, (onlar) yerdə nəyi (yerdəki mövcudlardan hansı bir növü) yaradıblar? Yoxsa onların göylərdə (göylərin yaradılışı, qorunub saxlanılması, ya idarə olunmasında Allahla) bir şərikliyimi var? Yaxud onlara (ilahi) bir kitabmı vermişik ki, (onların Allahla şərikliyi barədə) oradakı bir dəlil-sübuta istinad edirlər?! (Belə deyildir), əksinə, zalımlar bir-birlərinə yalnız aldadıcı vədlər verirlər».

41. Şübhəsiz, Allah göyləri və yeri (varlıq aləminin nizamından) çıxmaması və zavala uğramaması üçün (qoruyub) saxlayır və əgər (onlar) zavala uğrasa və (yolundan) azsa, əsla Ondan (Allahdan) başqa onları heç kəs (qoruyub) saxlaya bilməz. Əlbəttə ki, O, həmişə həlim və bağışlayandır.

42. (Müşriklər) onlara bir qorxudan (peyğəmbər) gələcəyi təqdirdə (peyğəmbər göndərilmiş ümmətlərdən biri olmaqdan əlavə) ümmətlər içərisində (hamıdan) daha artıq düz yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. (Amma) onlara bir qorxudan (peyğəmbər) gəldikdə (bu onlara haqdan) uzaqlaşmaq və (haqqa) nifrətdən başqa bir şey artırmadı.

43. (Bu onların) Yer üzündə təkəbbür göstərmələri, məkr və hiylələri ucbatından idi. Pis əməl, məkr (hiylə) yalnız öz əhlini bürüyər. Məgər onlar keçmişdəkilər (barədə ilahi) sünnədən (qanundan) başqa bir şeymi gözləyirlər (ki, qəfil bir əzabla kökləri kəsilsin)? (Ya Peyğəmbər!) Sən Allahın sünnəsində (qoyduğu qayda-qanunda) heç bir dəyişiklik tapmazsan.

44. Məgər onlar yer üzündə gəzib dolanıb, özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər; Göylərdə və yerdə Allahı aciz qoya biləcək heç bir qüvvə yoxdur. O, hər şeyə qadirdir.

45. Və əgər Allah insanları etdikləri (günahlara) görə cəzalandırsaydı, yer üzərində heç bir canlını (diri) qoymazdı. Lakin (Allah) (Onun əzəli elmində təyin edilmiş Lövhi-Məhfuzda sabit olan) müəyyən bir müddətədək təxirə salır. Əcəlləri yetişdikdə Allah bəndələrini(n halını) görəndir (və hər kəslə əməlinə uyğun rəftar edəcəkdir.)

Ya sin surəsi ‏

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ya, Sin. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirmək qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır. Ey, insaniyyətdə yeganə olan kəs,)

2. Bu hikmətli (batilin ziyanı müqabilində möhkəm olan, hikmətlə danışan, haqla batilin arasında hökm edən və əqli mərifətlər və səmavi şəriətlərə malik olan) Qurana and olsun ki,

3. Şübhəsiz, sən (Allah) peyğəmbərləri (zümrəsi)ndənsən (peyğəmbərliyə seçildiyin vaxtdan insanların nəsilləri kəsilincəyədək onlara göndərilmisən).

4. (Sən) düzgün olan bir yoldasan (şəriət elmləri və əqli mərifətlər yolunda).

5. (Bu), qüdrətli və mehriban (Allah tərəfindən) nazil edilmiş (bir kitab)dır. (Mehribanlığı Quranın nazil olmağına bir səbəb, qüdrəti isə onun icrasına zamindir).

6. (Bu kitabla) elə bir qövmü qorxudasan ki, ata – babaları (İsanın, yaxud İbrahimin zamanından bəri) qorxudulmamışlar, buna görə də (din həqiqətlərindən) qafildirlər.

7. Şübhəsiz, onların əksəriyyətinə (Allahın Lövhi – Məhfuzda dərc olan) söz(ü: «Cəhənnəm onların yeridir» sözləri) sabit olmuş və həyata keçmişdir, buna görə də daha iman gətirməzlər.

8. Həqiqətən, Biz onların boyunlarına çənələrinə kimi çatan zəncirlər keçirmişik, buna görə də başları yuxarı doğru qalmışdır. (buna görə də özlərinə baxa bilmirlər ki, özlərində olan ayələrlə (nişanələrlə) ayılsınlar).

9. Biz onların önlərindən və arxalarından sədd çəkib onları (hər bir tərəfdən) örtdük (yaxud gözlərini kor etdik). Buna görə də görmürlər (öz ətraflarını görə bilmirlər ki, təbiət aləmində nişanələrlə ayılsınlar).

10. Onlar üçün birdir: onları qorxutsan da, qorxutmasan da – iman gətirməyəcəklər.

11. Sən ancaq nəsihətverici Quran(ı qəbul edən və on)a tabe olan, Rəhman (olan zahiri hiss üzvləri ilə dərk olunmayan Allah)dan gizlində qorxan kəsi qorxuda bilərsən; elə isə ona (Allahın) bağışlama(sı) və çox qiymətli bir mükafatla müjdə ver.

12. Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq aşkar nüsxələrdə (Lövhi-Məhfuzda) ətraflı surətdə sayıb hesablamışıq.

13. (Ya Peyğəmbər!) Sən onlara o şəhərin (Antakiya) əhalisinin dastanını məsəl çək. O zaman Allahın göndərdiyi (peyğəmbərlər) oraya gəlmişdi.

14. O zaman onlara, iki nəfər (peyğəmbər) göndərmişdik, amma onların ikisini də təkzib etdilər. Biz (həmin peyğəmbərləri) göndərdiyimiz üçüncü (peyğəmbər) ilə qüvvətləndirdik. (Peyğəmbərlər) hamılıqla dedilər: «Biz sizə göndərilmiş (peyğəmbərlər)ik».

15. (Şəhər camaatı) dedi: «Siz də bizim kimi ancaq adi bir insansınız (peyğəmbər isə mələklərdən olmalıdır). Rəhman heç bir şey nazil etməmişdir, siz yalnız yalan danışırsınız».

16. (Peyğəmbərlər) dedilər: «Rəbbimiz bilir ki, biz sizə göndərilmişik».

17. «Və bizim vəzifəmiz yalnız (öz risalətimizi) açıq – aşkar çatdırmaqdır. (Bizim vəzifəmiz möcüzələrin təkrarı, məcburi surətdə qəbul etdirmək, dünyada və axirətdə cəza və mükafat vermək deyildir)».

18. Dedilər: «Biz siz(i görməy)i nəhs bildik (zərər və ziyan yetişməsinin bir əlaməti hesab edirik), şübhəsiz əgər dediklərinizdən əl çəkməsəniz, mütləq sizi daşqalaq edəcəyik. Bizim tərəfimizdən sizə mütləq ağrılı bir əzab yetişəcəkdir».

19. (Peyğəmbərlər) dedilər: «Nəhsliyiniz özünüzdəndir (günahlarınız ucbatındandır), sizə öyüd-nəsihət verildikdə (onu əzablamı hədələyirsiniz)?! (Bizim danışığımız nəhslik gətirmir), əksinə, siz həddini aşan bir qövmsünüz».

20. Şəhərin ən ucqar yerindən bir kişi tələsik gəlib dedi: «Ey mənim qövmüm, bu elçilərə tabe olun».

21. «Sizdən heç bir muzd istəməyən və özləri də hidayət olmuş kəslərə tabe olun».

22. «Axı mən niyə məni yaradana ibadət etməməliyəm, halbuki hamınız Onun hüzuruna qaytarılacaqsınız»?!

23. «Ondan qeyri məbudlaramı ibadət edim? Əgər Rəhman (olan Allah) mənə bir zərər və ziyan vurmaq istəsə, onların şəfaətləri məndən heç bir şeyi uzaqlaşdıra bilməz və mənə nicat verə bilməzlər».

24. «Belə olan surətdə, şübhəsiz mən açıq – aşkar azğınlıqda olaram».

25. (Bu zaman peyğəmbərlərə xitabən dedi:) «Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim, belə isə məni eşidin (İman gətirməyimə şahid olun).»

26. (Axırda onu öldürdülər və ona) deyildi: «Cənnətə (Cənnət Bərzəxinə) daxil ol!» O dedi: «Kaş qövmüm biləydi ki,

27. Rəbbim məni bağışladı və məni hörmət sahiblərindən etdi».

28. Biz ondan sonra qövmünün üstünə göydən heç bir qoşun nazil etmədik və (ondan qabaq da hər hansı bir qövmün məhvi üçün səmavi qoşun) nazil edən deyildik.

29. (Onların məhvi) ancaq (səmavi) bir bağırtı idi. Dərhal hamılıqla sakit və ruhsuz oldular (məhv oldular).

30. Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlmədi ki, ona daim istehza etməsinlər.

31. Məgər onlar özlərindən öncə nə qədər insan cəmiyyətlərini uzun əsrlər (boyunca tüğyanlarının cəzası olaraq) məhv etdiyimizi və onların (keçmişdəki səhvlərini düzəltmələri üçün) bir daha bunların yanına qayıtmadığını görmürlərmi ?!

32. Və onların hamısı – istisnasız olaraq – (axirət günü) Bizim hüzurumuza çağırılacaqlar.

33. Onlar üçün (aydın) bir nişanə (Bizim tovhidimizin, qüdrətimizin və insanların dirildilməsinin isbatı üçün yer üzündə olan nişanə) ölmüş həmin bu torpaqdır. Biz onu (həyat gücü və bitmək qabiliyyəti verməklə) diriltdik və ondan dən(li bitki)lər çıxartdıq, onlar da ondan yeyirlər.

34. Və orada xurma və üzüm bağları vücuda gətirdik və müxtəlif bulaqlar qaynatdıq (coşdurduq),



Geri   İrəli
Go to TOP