A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


29. (Xeyr, onlar ağılla düşünmədilər), əslində (əksinə) zülm edənlər heç bir elm(ə sahib) olmadan öz nəfsani istəklərinə tabe oldular. Belə isə, (dəlil-sübutlar təqdim edilib tamamlandıqdan sonra) Allahın azğınlıqda buraxdığı kəsləri kim hidayət edər?! Və əsla onlara heç bir kömək edən olmaz.

30. (Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir.

31. (Allahın dininə üz tutun!) Tövbə edərək Ona tərəf qayıdın, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın.

32. O kəslərdən ki, öz dinlərini parçaladılar, bölük-bölük oldular və hər bir dəstə özündə olana sevinər.

33. İnsanlara bir çətinlik və ziyan yetişən zaman tövbə edib özlərinin Rəbbinə tərəf qayıdar. Sonra (Allah), Öz rəhmətindən onlara dadızdırdıqda isə dərhal onlardan bir dəstə (yenə) Rəbbinə şərik qoşar.

34. Nəticədə Bizim onlara verdiklərimizə nankorluq etsinlər deyə. Belə isə, (ey kafirlər, bir neçə günlük) bəhrələnin, tezliklə başa düşəcəksiniz!

35. Yoxsa (Biz) onlara şərik qoşmalarını (doğruluğunu) söyləyən (təsdiq edən, yaxud şərik qoşduqları məbudların, tanrıların xeyrinə danışan) bir dəlil-sübutmu nazil etmişik.

36. İnsanlara (əmin-amanlıq, ruzi bolluğu kimi) hər hansı bir mərhəmət dadızdırdığımız zaman ona çox sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir ziyan yetişdikdə, dərhal (Haqqın rəhmətindən də) məyus olarlar. (Bu halların hər ikisi də pisdir.)

37. Allahın istədiyi hər bir kəsin (varlıq aləminin tam nizamının tələbatına uyğun olaraq) ruzisini bol etdiyini, yaxud azaltdığını görmürlərmi?! Şübhəsiz, bunda (bu işdə) mömin bir qövm üçün (Allahın qüdrəti, tədbiri və hikmətinə dair) nişanələr (ibrətlər) vardır.

38. Qohumların, fəqirin (miskinin) və (pulu qurtarıb) yolda qalan kəsin haqqını ver. (Yaxın qohumlarının yaşayış xərcini, Peyğəmbərin yaxın qohumlarına (məsumlara) ənfal və xumsu, yoxsullara zəkatı, yolda qalan kəslərə zəkat və xumsu ver.) Bu (cür xərcləmək) Allahın razılığını istəyənlər üçün daha yaxşıdır və səadətə qovuşanlar onlardır.

39. Xalqın var-dövləti hesabına sərvətinizin artması üçün başqasına sələmlə verdiyiniz mal Allahın yanında artmaz, və zəkatdan Allahın razılığını diləyərək verdiyinizdən isə (mənfəət götürəcəksiniz). Bunu edənlər mənfəətlərini qat-qat artıranlardır.

40. Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və sonra da dirildən Allahdır. Şərikləriniz (Allaha şərik qoşduqlarınız) içərisində bunları edə biləcək bir kəs vardırmı? (Şübhəsiz yoxdur). (Allah) Ona şərik qoşduqlarından pak (və uzaq)dır.

41. İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad (zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniyyətsizlik) aşkar olur. Bununla (Allah) onlara etdiklərinin bəzisini daddırır ki, bəlkə Allaha tərəf qayıtsınlar.

42. (Ya Peyğəmbər!) de: «Bu yer üzündə gəzin, dolanın, beləliklə baxın görün ki, sizdən öncəkilərin (tüğyan edənlərin, zalımların, sərvət toplayanların) aqibəti necə oldu?! Onların əksəriyyəti müşrik idi».

43. (Ya Muhəmməd!) Allah tərəfindən qarşısıalınmaz gün gəlməzdən öncə (qəlbinin) üzünü bu düzgün və möhkəm (sabit) dinə doğru döndər. O gün (insanlar) parçalanıb bölük-bölük olarlar.

44. Kim kafir olsa, küfrü öz ziyanınadır. Yaxşı iş görənlər isə özləri üçün (axirət aləminin əbədi həyat vasitələrini) hazırlayarlar ki,

45. (Allah) iman gətirib və saleh əməllər edənlərə Öz fəzlindən mükafat versin. Həqiqətən, O, kafirləri sevməz.

46. Öz rəhmətindən sizə daddırması (küləkləri əsdirməsi), gəmilərin onun mütləq iradəsi altında hərəkət etməsi üçün küləkləri müjdəverici olaraq (yağışın yağma müjdəsini versin deyə) göndərməsi, Onun fəzlindən (külək və yağış vasitəsi ilə yaranan ruzini) axtarmanız Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir. Bəlkə şükr edəsiniz!

47. (Ya Muhəmməd!) Şübhəsiz, səndən öncə də (bəzi) qövmlərə peyğəmbərlər göndərdik, onlara (Allah tərəfindən) aydın dəlillər gətirdilər (onların bəzisi kafir və bəzisi mömin oldular), bu zaman Biz günahkarlardan intiqam aldıq. Möminlərə daim kömək etmək Bizim öhdəmizdə olan bir haqdır və vacibdir.

48. Küləkləri göndərib, buludu hərəkətə gətirən (Allah) onu göydə istədiyi kimi yayır və müxtəlif topalar şəklinə salır, bu zaman görürsən ki, yağış onun arasından çıxır. Elə ki, (Allah) o yağışı bəndələrindən istədiyinə yetirir, dərhal sevinir və şad olurlar.

49. Həqiqətən, onlar başlarına yağış yağmazdan öncə çox ümidsiz idilər.

50. Belə isə, (Ya Muhəmməd!) Allahın rəhmətinin əsər-əlamətinə (yağışa) bir bax ki, necə də yeri (və onun yetişdirici maddələrini) öldükdən sonra (baharda) dirildir. Həqiqətən, O ölüləri (axirət günü) dirildən Allahdır və O hər şeyə qadirdir.

51. Və əgər (yandırıcı və ziyanverici) bir külək göndərsək və onun nəticəsində öz əkinlərini saralmış (solmuş) görsələr, mütləq ondan sonra (da ayılmaq əvəzinə) küfr edərlər.

52. Şübhəsiz, sən (küfr və inad) ölülər(in)ə (heç nəyi) eşitdirə bilməzsən, öz dəvətini arxa çevirib, dönüb gedən karlara yetirə bilməzsən.

53. Və sən qəlbləri ölmüş kəsləri öz azğınlıqlarından düz yola yönəldən deyilsən; sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə əsasən) Bizim ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən, buna görə də (onlar fitri qabiliyyətlərinə görə də Bizim müqabilimizdə) təslimdirlər.

54. Allah sizi bir zəifdən və qüdrətsizdən (zəif bir varlıqdan–nütfədən) yaratdı, (sizin üçün) zəiflik və gücsüzlükdən sonra (həddi-büluğa yetişdikdən qocalıq çağına kimi fikri və cismi) qüvvə və güc verdi və yenə də (sizdə) qüdrətdən sonra gücsüzlük və qocalıq bərqərar etdi. (Bəli,) O, istədiyini yaradır və Odur (hər şeyi) bilən və qüdrət sahibi.

55. Və Qiyamət qopacağı gün günahkarlar and içəcəklər ki, (dünyada, yaxud öldükdən sonra) yalnız bircə saat qalmış (və ölümlə dirilmə arasında heç bir fasilə olmamışdır). Onlar(ın dünyada da) bu cür (səhv edib) azırdılar.

56. Elm və iman verilmiş kəslər (peyğəmbərlər, övliyalar və mələklər) isə deyərlər: «Siz, şübhəsiz, Allahın kitabına (Lövhi-Məhfuz və Qurani-Məcidə) əsasən (o aləmdə) dirilmə gününə qədər qaldınız. Budur dirilmə və Qiyamət günü. Lakin siz (Bərzəx aləmini keçirəcəyinizi) bilmirdiniz (və Qiyamətin haqq olduğuna inanmırdınız).

57. Beləliklə o gün zülm edənlərin üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onlardan üzr diləmələri istənilməyəcəkdir.

58. Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik (lakin ayılmadılar) və əgər onlar üçün (aydın) bir nişanə gətirsən, kafir olanlar mütləq deyəcəklər: «Siz yalnız batil əhli və boş danışanlarsınız».

59. Allah bilməyənlərin (tovhid və din elminə yiyələnməyənlərin) qəlblərinə beləcə (bədbəxtlik və anlamazlıq) möhür(ü) vurar.

60. (Ya Peyğəmbər! Onların hədələri və hiylələri müqabilində) sən səbr et. Şübhəsiz, Allahın vədi (ümmətin qələbəsi, kitabın yayılması və dininin bütün dünyaya şamil olması və əbədiliyi) haqdır və (Allahın vədlərinə) yəqinləri olmayanlar, səni yüngüllüyə (səbirsizliyə) və iztiraba vadar etməsinlər.

Loğman ‏ surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Mim. (Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Eyni zamanda bir möcüzədir. Bu kitab Əlif (Allah) tərəfindən Lamın (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd – səlləllahu ələyhi və Alihi və səlləmə) nazil olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)

2. Bu (surənin) ayələr(i) hikmətamiz kitabın ayələridir (Quranın, yaxud Lövhi-Məhfuzun ayələridir. O, elmlərə, şəriət hökmlərinə və müstəqil əqli məfhumlara şamildir).

3. O yaxşı əməl sahibləri üçün düz yol göstərən və rəhmətdir.

4. O kəslər ki, namaz qılır, zəkatı ödəyir və axirətə də yəqinlikləri vardır.

5. Onlar öz Rəbbi tərəfindən (din mərifətləri və insani kamallara doğru gedən) doğru bir yol üzərindədirlər və nicat tapanlar da onlardır.

6. İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şerlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar.Onların rüsvayedici bir əzabı olacaqdır.

7. Bizim ayələrimiz (kitabımızın ayələri) ona oxunduğu zaman təkəbbürlə üz çevirir, elə bil onu eşitmir, elə bil hər iki qulağında ağırlıq vardır! Belə isə (ya Peyğəmbər!) sən də ona ağrılı bir əzabla müjdə ver!

8. Əlbəttə iman gətirib yaxşı işlər görənlər üçün bol nemətli Cənnətlər və bağlar vardır.

9. (Onlar) Orada həmişəlik qalacaqlar; (bu) Allahın haqq və sabit vədidir. (O,) yenilməz qüdrət və (dünyada dini qanunlar çıxarmaq və axirətdə cəzanı tətbiq etməkdə) hikmət sahibidir.

10. (Allah) göyləri görə bilməyəcəyiniz bir sütunla yaratdı və (yer zəlzələlər ilə) sizi yırğalamasın deyə yerdə sabit, möhkəm dağlar bərqərar etdi və ora hər növ canlılardan yaydı. (Biz) göydən (yağış, qar və dolu şəklində) su nazil etdik, beləliklə yerdə gözəl və dəyərli bitkilərin hər cütündən bitirdik.

11. Bunlar Allahın yaratdıqlarıdır, (siz də) Mənə Allahdan başqalarının (Allahın şəriki hesab etdiklərinizin) nə yaratdığını göstərin. (Onlar heç bir şey yaratmamışlar), xeyr, bu zalımlar açıq-aşkar azğınlıq içindədirlər.

12. Və həqiqətən, Biz Loqmana hikmət verdik (çox faydalı əqli və nəqli elmlər verdik, ona dedik) ki: «Allaha şükr et. Kim şükr etsə, həqiqətən, öz xeyrinə şükr edər və kim kafir (nankorluq) olsa, (bilsin ki,) Allah (onun şükrünə) möhtac deyil, (O,) həmd olunmuşdur (Onun sifətləri və işləri həmd olunmağa layiqdir)».

13. Və (yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən ona dedi: «Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür». (Zülmün böyüklüyü məzlumun böyüklüyü ilə ölçülər və bütün nemətlərin əsl sahibi ilə heç bir nemətə malik olmayanı eyni hesab etmək son dərəcə pisdir.)

14. Və Biz insana ata-anası barəsində tövsiyə etdik. Anası onu (hamiləlik dövründə öz bətnində) getdikcə artan bir zəifliklə daşıdı (uşağa süd vermək və) süddən kəsmək iki il ərzində olur. (Dedik) ki: «Mənə və ata-anana şükr et ki, (hamının) dönüş(ü) Mənə tərəfdir».

15. Əgər onlar (ata-anan) cəhd etsələr ki, haqqında elmin olmayan bir şeyi (ilahilikdə, müqəddəslikdə) Mənə şərik qoşasan, əsla onlara itaət etmə. Dünyada onlarla yaxşı davran və (bütün hallarda) Mənə tərəf dönən (yönələn) kəslərin yolunu tut! Sonra isə hamınızın dönüşü Mənə tərəfdir. Beləliklə (Mən) sizə etdiklərinizdən xəbər verəcəyəm.

16. (Loğman dedi:) «Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır».

17. «Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et. (İnsanlar və Xaliq qarşısında olan vəzifələrinə əməl edərkən baş verəcək çətin hadisələrdən) sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir».

18. «Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz».

19. «Öz yerişində və rəftarında orta həddi gözlə və (danışanda) səsini azalt ki, ən pis səs ulaqların səsidir».

20. Məgər Allahın göylərdə və yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini və Öz aşkar və gizlin (bədənlərinizin istifadə etdiyi görmə, eşitmə və s. beyinlərinizin bəhrələndiyi əql, şüur, fəhm və s.) nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?! İnsanlardan bəzisi heç bir elmi (və əqli dəlili) və (vəhy və ilham əsasında) düz yol göstərəni aşkar və aydınlıq gətirən (səmavi) kitabı olmadan (ona əsaslanmadan) Allah barəsində mücadilə və mübahisə edir.

21. Onlara deyildikdə ki: «Allahın nazil etdiyinə (kitabına və dini qayda-qanunlarına) tabe olun», deyərlər: «(Xeyr,) biz atalarımızdan gördüyümüzə (bütlərə ibadətə və cahiliyyət adətlərinə) tabe oluruq!» Bəs Şeytan onları (Cəhənnəmin) yanar əzabına tərəf dəvət edirsə necə?! (Yenədəmi onlara tabe olarlar?)

22. Və kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, şübhəsiz, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir.(İnsanın əməlləri mükafat və cəza baxımından Allahın dərgahına qayıdar.)

23. Kim kafir olsa, onun küfrü səni kədərləndirməsin. Çünki, onların dönüşü Bizə tərəfdir. Biz onlara etdikləri əməlləri xəbər verəcəyik (və cəzalandıracağıq). Şübhəsiz, Allah sinələrin dərinliklərindəkini biləndir.

24. (Biz) onları bir qədər (dünya ləzzətləri ilə) bəhrələndirərik, sonra da ağır bir əzaba düçar edərik.

25. (Ya Peyğəmbər!) Əgər onlardan (müşriklərdən) soruşsan ki: «Göyləri və yeri kim yaratmışdır?» Deyəcəklər: «Allah» (Çünki, onlar xaliqlik və ilahilik baxımından Allaha şərik qoşmayıblar, bütləri özlərinə yalnız rəbb bilirlər.) De: «Həmd olsun (o) Allaha (ki, özünüz də etiraf edirsiniz)». Əslində onların əksəriyyəti bilmir (ki, hər şeyi nizamlayan və idarə edən elə onların xaliqidir).

26. Göylərdə və yerdə olanların hamısı Allahın həqiqi mülküdür (çünki, yaratmaq, qorumaq, idarə etmək və axırda fani etmək – hamısı Onun istəyinə tabedir). Həqiqətən, Allah özü (heç nəyə) möhtac deyil və ehtiyacsızdır və (zatı, sifətləri və işləri) həmd olunmuşdur(həmd olunmağa layiqdir).

27. Və əgər yer üzündəki hər ağac bir qələm olsaydı və dəryaya yeddi dərya belə qoşulsaydı (mürəkkəb olsaydı, Allahın yaratdıqlarından ibarət olan kəlmələrini yazmaqla) Allahın kəlmələri tükənməzdi; çünki Allah yenilməz qüdrət və hikmət sahibidir (Onun qüdrətinin və hikmətinin feyzi hüdudsuzdur).

28. Sizin hamınızı yaratmaq və (öləndən sonra) diriltmək (ilk məxluqu yaratmağın asanlığı və Qiyamət günü insanları, əməlləri bir-birindən ayırmaq baxımından) yalnız bir nəfəri (yaratmaq və diriltmək) kimidir. Çünki Allah (hər şeyi) eşidən və görəndir (hamının danışığını eşidir, hamının xasiyyətini və əməllərini görür. Beləliklə Qiyamətdə Onun heç bir çətinliyi olmayacaqdır).

29. Məgər Allahın (müəyyən fəsillərdə) gecəni(n bir hissəsini tədriclə) gündüzə və (başqa fəsillərdə) gündüzü(n bir hissəsini tədriclə) gecəyə daxil etdiyini, günəşi və ayı ram etdiyini görmürsənmi? Onların hər biri (Allhın əzəli elmində təyin olunduğu kimi) müəyyən bir müddətədək (öz düz və dairəvi hərəkəti ilə) hərəkətdədir. Allah etdiklərinizdən xəbərdardır!

30. Bu (nəhayətsiz malikiyyət, elm və qüdrət) ona görədir ki, Allah (mütləq və sabit olan bir) haqdır (vücudu vacib olandır) və Ondan başqa bütün çağrılanlar isə (ilahilik və tanrılıq baxımından mütləq surətdə) batildir. Allah (hər şeydən) uca və böyükdür.

31. Sizə öz (tovhid, qüdrət və hikmət) nişanələrindən bəzisini göstərsin deyə gəmilərin Allahın nemətləri sayəsində (dənizin suyu, külək və hava sayəsində) dənizdə hərəkət etdiyini (və Onun nemətlərini daşıdığını) görmədinmi?! Həqiqətən, bunda daim səbrli olan hər bir şükr edən kəs üçün nişanələr (ibrətlər) vardır.

32. Elə ki, dənizin dalğası kölgə salan buludlar kimi onları bürüyər, ixlaslı etiqad və dua ilə Allahı çağırarlar. Lakin elə ki, (Allah) onları sahilə çıxarıb nicat verər, yalnız onlardan bəzisi orta mövqe tutar (tək olan Allaha etiqadlarından dönməzlər). Bizim nişanələrimizi yalnız əhdə vəfasız, xain və nankorlar inkar edərlər.

33. Ey insanlar, öz Rəbbinizdən qorxun. O gündən qorxun ki, heç bir ata (o günün əzabından) heç bir şeyi öz övladından uzaqlaşdıra bilməz, övlad da öz atasından heç bir şeyi kənarlaşdırıb uzaqlaşdıra bilməz. Şübhəsiz, Allahın vədi haqdır. Belə isə dünya həyatı sizi məğrur etməsin və hiyləgər Şeytan sizi Allah barəsində aldatmasın!

34. Həqiqətən, Qiyamət (qopacağı vaxt) barəsində elm Onun yanındadır (Qiyamətin qopacağı vaxtı yalnız O bilir). Yağışı (göydən) O yağdırır. O, (balası olan canlıların) bətnlər(in)dəkini (balanın bir, ya bir neçə olmasını, gələcək xüsusiyyətlərini, ruhi vəziyyətini, gələcək əməllərini və son mənzilini) bilir. Heç kəs sabah nə qazanacağını (nə elm, əməl və mal-dövlət əldə edəcəyini), harada öləcəyini bilməz. Həqiqətən, Allah (isə bunların hamısını) bilir və hər şeydən xəbərdardır.

Əs-Səcdə surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Mim. (Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur və eyni zamanda möcüzədir. Bu kitab Əlif (Allah) tərəfindən Lamın (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd – səlləllahu ələyhi və Alihi və səlləmə) nazil olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)

2. Bu kitabın aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk – şübhə yoxdur.

3. Yoxsa (Məkkə müşrikləri): (Muhəmməd) Bunu (bu kitabı) özündən uydurmuşdur»- deyirlər. (Belə deyildir) əksinə, bu səndən öncə (İbrahim (ələyhissalam)ın, yaxud İsa (ələyhissalam)ın zamanından sonra) onlara bir qorxudan (peyğəmbər) gəlməyən bir qövmü qorxutmağın üçün sənin Rəbbin tərəfindən (nazil) olan həmin haqdır və (O) sabitdir. Bəlkə doğru yola yönəlsinlər.

4. Göyləri və yeri və onların arasındakıları altı gündə (altı gündüzdə, yaxud altı gecə və gündüzdə və ya altı dövrdə uzun bir müddətdə) yaradan, sonra isə (aləmin səltənət və tədbir) ərş(in)i hökmü altına alan Allahdır. Sizin Ondan başqa heç bir haminiz (qəyyumunuz) və şəfaətedəniniz (yaradılış işlərinin axınında bir vasitə) yoxdur. Məgər öyüd-nəsihət almırsınızmı?!

5. O, (xilqətin əvvəlindən Qiyamət qopacağı vaxta qədər) bu dünyanın işlərini (Öz cəlal) səma(sın)dan (bu yer barəsində olan fərmanla, mələklərinin əli ilə) tədbir və tənzim edir. Sonra (tədbirdən hasil olunan nəticələr) sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə On(un dərgahın)a sarı yüksələr (və araşdırılmaq və hökm olunmaq üçün «hesab» dayanacağında Ona təqdim olunar).

6. O uca məqam, qeybi də, aşkarı da bilən və yenilməz qüdrət sahibi və mehriban olan (Allah)dır.

7. O, yaratdığı hər şeyi gözəl yaratmışdır (onun üzvlərini bir-birinə və bütünlükdə isə onu yaradılış məqsədinə mütənasib etmişdir) və insanın yaradılışına palçıqdan başladı (insanların ulu baba və nənəsini birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır).

8. Sonra da onun nəslini zəif və dəyərsiz bir su damcısından (nütfədən) əmələ gətirdi.

9. Sonra onun (bədən) üzvlərini (ananın bətnində) kamil etdi və ona Öz ruhundan üfürdü; sizin üçün (insanlar üçün hiss edilənləri dərk etmə vasitəsi olan) qulaq və göz və (ağılla qavranılanları dərk etmə vasitəsi olan) ürək verdi, halbuki, çox az şükr edirsiniz.

10. (Müşriklər) dedilər: «Məgər (biz) torpağın köksündə dağılıb yox olduqdan sonra, yenidənmi yaradılacağıq?!» (Bizim qüdrətimiz məhdud deyildir). Əksinə, onlar öz Rəbbi ilə görüşü inkar edirlər.

11. (Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar), (ruh qalar və bədən isə torpağa çevrilər), sonra (Qiyamətdə, həmin bədənin qəlibində) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!»

12. Kaş günahkarlar öz Rəbbinin hüzurunda başlarını aşağı salaraq «Ey Rəbbimiz! (vəd verdiyin şeyi öz gözümüzlə və qulaqlarımızla) gördük və eşitdik, belə isə bizi geri qaytar ki, yaxşı işlər görək, şübhəsiz, biz tam yəqinliklə inananlardanıq!» - (deyəndə) görəydin.

13. «Və əgər istəsəydik, hər bir kəsə (möminə və kafirə) (onlar boyun əyənə qədər möcüzəni təkrar etməklə, iradədə-istəkdə məcburiyyət tətbiq etməklə) ona münasib doğru yol göstərərdik. Lakin Mənim sözüm (əzəldən) sabitdir və həyata keçəcəkdir, mütləq Cəhənnəmi (Mənim dəvətimi, dəlil-sübutumu tamamlandıqda da qəbul etməyən) cinlər və insanlarla dolduracağam!»

14. (Onlara deyərik:) «Belə isə, bu günkü günümüzün görüşünü unutmağınızın cəzasını (Cəhənnəmin əzabını) dadın, biz də sizi unutduq (Öz mərhəmətimizdən sildik)və etdiklərinizin cəzası olaraq dadın əbədi əzabı».

15. Həqiqətən, Bizim ayələrimizə və nişanələrimizə ayələrlə öyüd-nəsihət verildikdə səcdə halında üzü üstə düşənlər və öz Rəbbinə həmd deməklə (Onu) təsbih edənlər, (Onu) hər bir eyib və nöqsandan pak (və uzaq) bilənlər, əsla təkəbbür və lovğalıq etməyənlər iman gətirər.

16. (Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər.

17. Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!

18. Belə isə, məgər imanlı olanlarla fasiq olanlar eynidirmi? Əsla (onlar) eyni deyildir!

19. Lakin iman gətirib saleh əməllər edənlər üçün «Məva» Cənnətləri və bağları vardır, (və bunlar hamısı dünyada) etdiklərinin mükafatı olaraq bir qonaqlıqdır.

20. Fasiqlərə gəldikdə isə olanların məskəni (cəhənnəm) odudur, hər zaman oradan çıxmaq istəsələr (qapılara və ya divarlara yaxınlaşsalar) oraya qaytarılarlar və onlara deyilər: «Dadın təkzib və inkar etdiyiniz odun əzabını!»

21. Biz ən böyük əzabdan (axirət əzabından) öncə onlara mütləq ən yaxın əzabı (dünya əzabını – qıtlıq, xəstəlik, məğlubiyyət və sairə) daddıracağıq, bəlkə (düz yola) qayıdalar!

22. Öz Rəbbinin ayələri ilə öyüd – nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz mütləq günahkarlardan intiqam alanıq.

23. Şübhəsiz Biz Musaya (səmavi) kitab (Tövrat) verdik, belə isə (sən) onunla görüş (meracda, yaxud Qiyamətdə Allahla və ya Musa ilə görüş) barəsində şəkk və şübhədə olma. Biz onu İsrail övladları üçün doğru yol göstərən bir vasitə etdik.

24. Səbr etdikləri və ayələrimizə (Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən imamlar təyin etdik.

25. Həqiqətən, sənin Rəbbin Özü Qiyamət günü onların arasında ixtilafda olduqları şey barəsində hökm verəcəkdir.

26. Məgər (bu) onları hidayət etmədimi, onlar uçun aydın olmadımı ki,onlardan öncə (indi) yurdlarında gəzib dolandıqları (və məhv olma nişanələrini və evlərinin viran qaldığını gördükləri) neçə-neçə dəstələri məhv etdik?! Həqiqətən, bu işdə (Allahın tovhidi və qüdrətinə dair) nişanələr vardır, məgər (onlar qəlb qulağı ilə) eşitmirlərmi?!

27. Məgər görmədilərmi ki, Biz suyu (yağış, çay, çeşmə və bulaq şəklində) otsuz yerə tərəf axıdıb, onun vasitəsilə heyvanlarının və özlərinin yedikləri əkinlər yetişdiririk?! Məgər (onlar bütün bunları öz gözləri ilə və qəlblərinin gözü ilə) görmürlərmi?!

28. Və (müşriklər istehza ilə) dedilər: «Sizin bu qələbəniz nə vaxt olacaqdır, əgər düz danışansınızsa?!»

29. (Ya Peyğəmbər) de: «Fəth günü (əzabın nazil olma zamanı, yaxud Qiyamət günü) kafir olanların iman gətirmələrinin heç bir faydası olmaz və onlara heç bir möhlət verilməz!»

30. Belə isə (hələlik) onlardan üz döndər və (İlahinin vədini) gözlə ki, onlar da (sənin məğlubiyyətini, ya ölümünü) gözləyirlər.

Əl-Əhzab ‏ surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ya Peyğəmbər, Allahdan qorx və kafirlərə və münafiqlərə itaət etmə, çünki Allah daim (işlərin məsləhətlərini) biləndir və (onların icrasında) hikmət (diqqət və möhkəmlik) sahibidir.

2. Sənə Rəbbin tərəfindən vəhy olunana tabe ol (və müşriklərin saziş bağlamaq təklifinə əhəmiyyət vermə), həqiqətən, Allah daim etdiklərinizdən xəbərdardır!

3. Allaha təvəkkül et və Allah (bəndələrinin işlərində) vəkil olmaqda və işləri düzüb – qoşmaqda kifayət edər.

4. Allah heç bir kəs üçün daxilində iki ürək (və bədənində iki can və əlbəttə ki, beynində iki bir – birinə zidd etiqad) yaratmamışdır; «zihar» etdiyiniz (analarınıza oxşatmaqla özünüzə haram etdiyiniz) qadınlarınızı (zövcələrinizi) sizə (həqiqi) ana etməmişdir; oğulluğa götürdüklərinizi də sizə (həqiqi) oğul etməmişdir, bunlar (qadınlarınızı haram etməyiniz və özünüzə oğul seçməyiniz) sizin dilinizlə dediyiniz (boş) sözdür. Allah haqq söyləyir və O, bəndələrini (doğru) yola gətirir.

5. Onları (öz) atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Əgər atalarının kim olduğunu bilməsəniz onlar sizin din qardaşlarınız və dostlarınızdır (deyin: bu, mənim din qardaşım, yaxud dostumdur). Əgər bir yerdə – (aid etməkdə) – səhv etsəniz, sizə günah yoxdur. Lakin (günah) qəlblərinizlə, qəsdən (bilərəkdən onları başqasına aid) etmənizdir və Allah həmişə bağışlayan və rəhimlidir.

6. Peyğəmbər möminlərə özlərindən daha çox layiqdir (Peyğəmbərin onların can və mallarından istifadə etmək barədəki istəyi onların öz istəklərindən irəlidir) və onun zövcələri (onların ehtiramının saxlanması və onlarla evliliyin haram olması baxımından) onların (möminlərin) anaları (hökmündə)dir. Qohumlar (vərəsəlik məsələsində) bir-birlərinə Allahın kitabında (Lövhi-Məhfuzda, ya Quranda) möminlərdən və mühacirlərdən daha layiqdirlər, amma əgər (varis olmayanlara) öz dostlarınıza (mal vəsiyyət etməklə) yaxşılıq etmək istəsəniz bu istisnadır. Bu, (hökm, qədim zamanlardan bəri) kitabda (Lövhi – Məhfuzda, yaxud Quranda) yazılmışdır.



Geri   İrəli
Go to TOP