A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


78. (Qarun) dedi: «Həqiqət budur ki, bu mal – dövlət məndə olan elm (Tövrata, kimyagərliyə, ticarətə və əkinçiliyə yaxşı bələd olmaq) sayəsində mənə verilmişdir». Məgər o (Qarun) Allahın ondan öncə (gəlmiş) ondan da qüvvətli, sərvətli və sayca çox olan insan cəmiyyətlərini məhv etdiyini bilmirdimi? Və (əzab nazil olan zaman) əsla günahkarlardan günahları barədə soruşulmayacaq (Allahın əzabı qəfildən nazil olacaqdır).

79. (Bir gün Qarun) şəxsi zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyənlər dedilər: «Kaş Qaruna verilən qazanc bizə də veriləydi! Həqiqətən, o (dünyada) böyük bir qazanc sahibidir».

80. (İlahi və din) elm(i) verilmiş şəxslər isə, dedilər: «Vay sizin halınıza! İman gətirən və yaxşı iş görən şəxs üçün Allahın mükafatı (Qarunun bütün sərvətindən) yaxşıdır və onu da yalnız səbirlilər əldə edərlər».

81. Beləliklə onu (Qarunu) və evini yerə batırdıq. Allahın (əzabı) müqabilində ona kömək edə biləcək (dostlarından və nökərlərindən ibarət) bir dəstə də yox idi. Onun özü də özünü müdafiə edə bilmədi.

82. Dünən (mal-dövlət və məqam baxımından) onun (Qarunun) yerində olmağı arzu edənlər, elə hala düşdülər ki, deyirdilər: «Vay-vay, sən demə Allah öz bəndələrindən istədiyi hər bir kəsin ruzisini artırar və azaldarmış! Doğrudan Allah bizə lütf etdi (və bizi Qarunun gününə salmadı), yoxsa bizi də torpağa batırardı. Vay-vay, sən demə kafirlər nicat tapmayacaqlarmış!»

83. Biz bu yüksək və uca axirət evini yer üzündə təkəbbürlük, (başqaları üzərində) hökmranlıq və fitnə-fəsad iddiasında olmayanlara nəsib edirik. (Gözəl) aqibət (ancaq) təqvalılara məxsusdur.

84. Hər kəs (əqidə və əməl mərhələsində) yaxşı əməllə gəlsə, onun üçün (dünyada və axirətdə) ondan daha yaxşısı (mükafat) vardır və hər kəs pis əməllə gəlsə, pis iş görənlər yalnız günahları ölçüsündə cəzalandırılarlar.

85. (Ya Peyğəmbər!) Şübhəsiz, bu Quranı(n təbliğini) sənə vacib edən (Allah) səni qayıdacağın yerə (yenidən dönmək arzusunda olduğun doğma Məkkə şəhərinə) qaytaracaqdır. De: «Mənim Rəbbim kimin hidayətlə gəldiyini, kimin açıq-aşkar azğınlıqda olduğunu daha yaxşı bilir».

86. Bu kitabın sənə nazil olacağına ümid etmirdin, lakin (o) sənin Rəbbin tərəfindən olan bir rəhmət sayəsində nazil oldu. Buna görə də əsla kafirlərə arxa olma.

87. Və məbada (Quran) sənə nazil edildikdən sonra (düşmənlər) səni Allahın ayələrinə (əməl etməkdən və camaata çatdırmaq)dan saxlayalar. (İnsanları) Rəbbinə tərəf dəvət et və əsla müşriklərdən olma!

88. Və yeganə olan Allahla yanaşı başqa bir tanrı çağırma, Ondan başqa (heç) bir tanrı yoxdur. Yalnız Onun zatından başqa (vücudu mümkün olan) hər şey məhv və puç olmağa məhkumdur. (Çünki O, vücudu vacib olandır, varlıq aləmi üzərində) hakimiyyət (varlıq aləmində olan ən nüfuzlu əmr və bütün ixtilaflarda haqq üzrə hakimlik) Ona məxsusdur. Və (siz) Ona tərəf qaytarılacaqsınız!

Əl-Ənkəbut ‏ surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Muhəmməd-səlləllahu ələyhi və Alihi və səlləmə) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)

2. Məgər insanlar «İman gətirdik» - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?!

3. Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar.

4. Yoxsa (etiqadlarıyla və əməlləriylə) günahlara batanlar (hesab-kitab və cəza məqamında) Bizdən sovuşacaqlarını və Bizi aciz edəcəklərinimi güman etdilər?! Onlar necə də pis mühakimə yürüdürlər?

5. Hər kəs Allahla görüşəcəyinə (Bərzəx, Qiyamət günü və Cənnətdə Onun hüzuruna daxil olmağa) ümid edirsə, onda (çox çalışsın, çünki) şübhəsiz, Allah (tərəfindən müəyyən olunmuş) müddət (mütləq) gələcəkdir. O, (hər şeyi) eşidən və biləndir.

6. Və kim (öz nəfsi, yaxud Allah düşməni ilə) cihad etsə, yalnız öz xeyrinə cihad etmişdir, çünki Allah aləmdəkilərin heç birinə möhtac deyil.

7. İman gətirib yaxşı işlər görənlərin günahlarını mütləq silərik və onların ən gözəl əməllərinə mükafat verərik.

8. (Biz) insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik və (dedik:) «Əgər (atan, anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağa vadar etsələr onlara itaət etmə. Hamınızın dönüşü Mənə tərəfdir (hüzuruma qayıdacaqsınız). (Mən də) sizə etdiklərinizdən xəbər verəcəyəm».

9. İman gətirib yaxşı işlər görənləri şübhəsiz, salehlər zümrəsinə daxil edəcəyik.

10. Camaat arasında elələri (də) vardır ki, (dillə) «Allaha iman gətirdik» deyərlər, amma Allah yolunda bir işkəncə görsələr, insanların fitnəsini Allahın əzabı hesab edərlər (və onun qorxusundan zahiri imandan dönərlər). Əgər Rəbbindən bir kömək yetişsə, (zəfər, ya qənimət əldə etsəniz) ciddi surətdə deyərlər: «Biz də sizinləydik». Allah aləmdəkilərin sinələrində olanları daha yaxşı bilən deyilmi?!

11. Əlbəttə, Allah iman gətirənləri də tanıyacaqdır, münafiqləri də mütləq tanıyacaqdır. (Onların halı barədə Onun əzəli elmi həqiqətə çevriləcəkdir və halları hamıya məlum olacaqdır).

12. Və (Məkkə müşriklərindən) kafir olanlar iman gətirənlərə dedilər: «Siz bizim yolumuza tabe olun ki, (əgər axirət və cəza olmuş olsa) biz sizin günahlarınızı öz öhdəmizə (boynumuza) götürərik». Və onlar əsla bunların günahlarından heç bir şeyi öz boyunlarına götürəsi deyillər. Onlar, həqiqətən, yalançıdırlar.

13. Əlbəttə, (onlar Qiyamət günü) həm öz (günahlarının) ağır yüklərini, həm də öz ağır yüklərindən əlavə daha ağır yüklər (azdırdıqları kəslərin yüklərini) daşıyacaqlar. (Eyni zamanda azdırdıqları şəxslərin günahları azaldılmayacaq). Mütləq Qiyamət günü onlar uydurduqları yalanlar (şirk və digər bidətlər) barəsində sorğu-sual olunacaqlar!

14. Həqiqətən, Biz Nuhu öz qövmünə (Peyğəmbər) göndərdik. Beləliklə onların arasında doqquz yüz əlli il qaldı (amma az bir qism istisna olmaqla ona iman gətirmədilər). Zalım olduqları halda tufan (su) onları yaxaladı.

15. Beləliklə Biz ona və gəmi əhlinə nicat verdik və onu (o hadisəni, yaxud o gəmini) aləmlər üçün (Öz qüdrət və qəzəbimizə dair) bir nişanə (ibrət) etdik.

16. Və İbrahimi (göndərdik). O zaman (o), öz qövmünə demişdi: «Allaha ibadət edin və Ondan qorxun, bu sizin üçün daha yaxşıdır, əgər bilsəydiniz!»

17. «Həqiqətən, siz Allahı qoyub (təsirsiz) bütlərə ibadət edirsiniz və (onlara İlah (məbud), şəfi və müqərrib adları verməklə) yalan uydurursunuz. Şübhəsiz, Allahın yerinə ibadət etdikləriniz sizin üçün heç bir ruzi verməyə qadir deyildirlər. Odur ki, ruzini yalnız Allahdan diləyin və Ona ibadət edin. Ona şükr edin ki, hamınız Ona tərəf (hüzuruna) qaytarılacaqsınız».

18. «Əgər (məni) təkzib etsəniz (təəccüblü olmaz). Sizdən öncəki ümmətlər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Açıq-aşkar təbliğdən başqa bir şey Peyğəmbərin öhdəsində deyildir (təslim olmağa və əməl etməyə məcbur etmək isə imamın öhdəsindədir. Dünyada və axirətdə mükafat və cəza vermək isə Allahın öhdəsindədir)».

19. Məgər görmədilər (bilmədilər)mi ki, Allah canlı məxluqları (dünyada) necə vücuda gətirir, sonra isə onları (öldükdən sonra, axirət aləmində) yenidən qaytaracaqdır?! Şübhəsiz bu (iş) Allah üçün asandır.

20. (Ya Peyğəmbər!) De: «Yer üzündə gəzib dolanın, baxın görün ki, (Allah) məxluqları necə yaratmışdır. Sonra isə Allah başqa bir aləm icad edəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir».

21. İstədiyinə (əzaba layiq bildiyinə) əzab verər və istədiyinə (layiq bildiyinə) rəhm edər. (Siz) Ona tərəf qaytarılacaqsınız.

22. Siz əsla (Qiyamət günü) nə yerdə və nə də göydə Allahı aciz edəcək və Onun qüdrətindən qaçacaq deyilsiniz və sizin (orada) Allahdan başqa heç bir dost, hami və yardımçınız olmayacaqdır.

23. Allahın (tovhid və kitab) nişanələrinə və Onunla görüşə kafir olanlar (inanmayanlar) mənim rəhmətimdən ümidlərini üzənlərdir. Onlar üçün şiddətli bir əzab vardır.

24. Beləliklə, onun (İbrahimin) qövmünün cavabı «Onu öldürün, yaxud da yandırın!» – deməkdən başqa bir şey olmadı. (Və onu oda atdılar). Amma Allah onu oddan xilas etdi, həqiqətən, bunda (bu cür xilas etmədə) iman gətirən bir tayfa üçün (Onun tovhidinə və qüdrətinə dair) nişanələr (ibrətlər) vardır.

25. Və (İbrahim) dedi: «Həqiqət budur ki, dünya həyatında aranızda dostluğa səbəb olsun deyə siz Allahı yox, bütləri qəbul etdiniz (hər hansı bir məzhəb adamlarının aralarındakı dostluq kimi). Sonra – Qiyamət günü – sizin bəziniz digərinizi inkar edəcək və bəziniz digərinizə lənət oxuyacaqdır. Sizin qalacağınız yer oddur və sizə heç bir kömək edən olmayacaqdır».

26. Beləliklə (qardaşı oğlu) Lut ona iman gətirdi. Və (İbrahim) dedi: «Həqiqətən, mən (öz qövmümün arasından) Rəbbimə tərəf hicrət edirəm. Odur yenilməz qüdrət və hikmət sahibi».

27. İshaq və Yəqubu (ömrünün axırlarında) ona bəxş etdik və nübuvvəti və (səmavi) kitabı övladlarına əta etdik. Dünyada onun mükafatını verdik və əlbəttə (o,) axirətdə də salehlərdən olacaqdır.

28. Və Lutu (göndərdik), o zaman öz qövmünə dedi: «Həqiqətən, siz özünüzdən əvvəl aləmlərdəkilərdən heç birinin etmədiyi olduqca iyrənc bir işi görürsünüz!»

29. «(Doğrudanmı) siz kişilərlə cinsi əlaqədə olur və yol kəsirsiniz (nəsil artırma yolunu yaxud da şəhərin yolunu oradan keçənlərin üzünə bağlayırsınız) və ümumi məclislərinizdə çirkin işlər görürsünüz?!» Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Əgər düz danışanlardansansa, bizə Allahın əzabını gətir!»

30. (Lut) dedi: «Ey Rəbbim, bu fitnə-fəsad törədən qövmə qarşı mənə kömək et».

31. Göndərdiklərimiz (mələklər) İbrahimə müjdəni (övladı olması xəbərini) gətirdikdə, dedilər: «Əlbəttə Biz bu şəhərin (Lut qövmünün məskəninin) əhalisini də həlak edənik, çünki oranın əhalisi zalımdır».

32. (İbrahim) dedi: «Lut oradadır!» Dedilər: «Biz orada olanları daha yaxşı bilirik, mütləq onu və ailəsini xilas edəcəyik. Yalnız zövcəsindən başqa. O, (əzab içində) qalanlardandır».

33. Bizim göndərdiklərimiz (elçilərimiz) Lutun yanına gələndə, onlara (qövmünün onların dalınca gələ biləcəklərinə) görə halı pisləşdi və taqəti azaldı. Dedilər: «Qorxma və qəmgin olma, Biz sənin və ailənin xilaskarıyıq. Yalnız zövcəndən savayı. O (əzab içində) qalanlardandır».

34. «Biz etdikləri pozğunluğa görə bu şəhərin əhalisinə göydən bir əzab endirəcəyik».

35. Həqiqətən, Biz düşünən bir tayfa üçün o şəhərdən aydın bir nişanə (yağmış daşlar, qurumuş bulaqlar və sahibsiz torpaqlar) qoyduq.

36. Mədyən (əhlin)ə onların (qəbilə) qardaşları Şüeybi (göndərdik). O, dedi: «Ey mənim qövmüm! Allaha ibadət edin və axirət gününə ümidiniz (və imanınız) olsun və yer üzündə fəsad törədici hərəkət etməyin».

37. (Mədyənlilər) onu təkzib etdilər, bu zaman şiddətli bir zəlzələ onları yaxaladı. Öz evlərində üzləri üstə yerə düşdülər və həlak oldular.

38. Ad və Səmud qövmünü də (məhv etdik) və onların (viran olmuş) məskənlərindən (pis aqibətləri) sizə bəlli oldu. Şeytan onların (çirkin) əməllərini nəzərlərində zinətləndirdi, beləliklə də onları (Allahın) yol(un)dan saxladı. Halbuki bundan öncə (tovhid və din barədə) bəsirət əhli idilər.

39. Və Qarunu, Fironu və Hamanı da (məhv etdik). Şübhəsiz, Musa (tovhid və şəriətlər barədə) Bizim aydın dəlillərimizi onlara gətirmişdi, onlar isə yer üzündə təkəbbür və tüğyan etdilər. Amma əsla Bizim iradəmizdən önə keçən deyildilər (Bizim əzabımızdan qaça bilməzlər).

40. Beləliklə (Biz) onların hər birini öz günahının cəzası ilə (bərk) yaxaladıq. Onlardan elələri var idi ki, başına daş yağdırdıq (Lut qövmü kimi), yaxud qum yağışı ilə (qarışıq) bir külək göndərdik (Ad qövmü kimi). Onlardan (Şüeyb və Səmud qövmü kimi) elə tayfa da var idi ki, onları (göydən gələn öldürücü) bağırtı bürüdü. Onlardan bəzisini yerə batırdıq (Qarun kimi). Bəzisini (suda) qərq etdik. (Nuhun qövmü və Fironun adamları kimi). Allah onlara əsla zülm etmirdi. Lakin onlar (özləri) özlərinə zülm edirdilər.

41. Allahdan başqa (və Onun müqabilində) özlərinə hami və yardımçı qəbul edən kəslər (etimad etdikləri şeyin süstlüyü və mənfəətsizliyi baxımından) özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş biləydilər.

42. Şübhəsiz, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini hər nə olursa-olsun (həqiqətini) bilir (ki, Allahın müqabilində təsirsiz və cansızlardan başqa bir şey deyillər). O, yenilməz qüdrət və hikmət sahibidir.

43. Və (Biz) belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır (və dərinliyinə, həqiqətinə varmır).

44. Allah göyləri və yeri haqq olaraq (uca, üstün və əqli bir məqsəd naminə) yaratdı; şübhəsiz, bunda (yaradılışda) möminlər üçün (Onun tovhidinə, cəlalına və camalına dair) bir nişanə vardır.

45. Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir.

46. Və kitab əhli ilə (yəhudilər və xristianların) zülm edənləri (təkəbbürlü olanlar, inadkarlar və haqqı qəbul etməyənlər) istisna olmaqla, yalnız ən gözəl bir tərzdə (təhqirsiz, hədəsiz, kobud davranmadan) mücadilə və mübahisə edin. Deyin: «Biz özümüzə nazil olana və sizə nazil olana iman gətirmişik və bizim də Allahımız və sizin də Allahınız birdir və biz Ona təslim olanlarıq».

47. (Keçmiş peyğəmbərlərə necə kitab nazil etmişdiksə) bu kitabı da sənə belə nazil etdik. Beləliklə kitab verdiyimiz kəslər (öz kitablarına diqqət yetirmək və etiqad bəsləməklə) bu kitaba iman gətirirlər. Bunlardan (müşriklərdən də) bəzisi iman gətirir. Bizim ayələrimizi (inadkar) kafirlərdən başqa (heç kəs) inkar etmir.

48. Sən bu Qurandan öncə heç bir yazı və kitab oxumurdun. Və öz əlinlə heç bir yazı yazmırdın. Əgər belə olmasaydı, onda batilə uyanlar (sənin peyğəmbərliyinə) şəkk edərdilər.

49. Xeyr, bu Quran (İlahi) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi zalımlardan başqa (heç kəs) inkar etmir.

50. (Kafirlər) dedilər: «Bəs nə üçün ona (Salehin dişi dəvəsi, Musanın əsası və İsanın maidəsi kimi möcüzəli) nişanələr (möcüzələr) nazil olmur?» De: «O ayələr yalnız Allahın ixtiyarındadır və mən isə yalnız açıq-aşkar qorxudan bir peyğəmbərəm».

51. Məgər daim oxunmaqda olan bu kitabı sənə nazil etməyimiz (sənə möcüzə nazil olması məsələsində) onlara kifayət etmədimi,? (Və onlar Quranın müxtəlif yöndən möcüzələrini görürlər?) Həqiqətən, bu kitabda iman gətirən tayfa üçün rəhmət və öyüd – nəsihət vardır!

52. De: «Allahın mənimlə sizin aranızda şahid olması kifayət edər; O, göylərdə və yerdə olanı bilir. O kəslər ki, batilə (Allahdan başqa ibadət olunan hər bir şeyə) iman gətirib Allaha küfr etmişlər, onlar ziyankarlardır».

53. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər (Allahın Lövhi – Məhfuzda onlar üçün yazmış olduğu) müəyyən bir müddət olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Əlbəttə, onların əzabları qəfildən – onlar qafil olduqları halda yetişəcəkdir.

54. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Halbuki, Cəhənnəm kafirləri əhatə edir, yaxud əhatə edəcəkdir.

55. O gün ki, əzab onları başları üstündən və ayaqları altından bürüyəcəkdir, deyəcəkdir: «Etdiklərinizin cəzasını (yaxud o əqidə və əməlin eynilə təcəssümünü) dadın».

56. Ey mənim iman gətirən bəndələrim, şübhəsiz, Mənim yerim genişdir. Odur ki, (əgər hər hansı bir mühitdə dini əqidənizi qorumağa, yaxud onun əməllərini, hökmlərini həyata keçirməyə qadir deyilsinizsə, başqa bir yerə gedin və) yalnız Mənə ibadət edin.

57. Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim Bərzəx aləmimizə, Bizim Qiyamət səhnəmizə, Bizim Cənnətimizə və Cəhənnəmimizə) qaytarılacaqsınız!

58. İman gətirən və saleh işlər görən kəsləri, şübhəsiz altından çaylar axan Cənnət otaqlarında əbədi olaraq yerləşdirəcəyik. (Yaxşı) mükafat necə də gözəldir!

59. O kəsləri ki, (həm camaat qarşısında vəzifələrini, həm də öz ilahi vəzifələrini yerinə yetirməkdə) səbr etdilər və daim öz Rəbbinə təvəkkül etdilər.

60. Bir çox canlılar var ki, öz ruzilərini əldə edə bilmirlər (quruda və suda yaşayan heyvanların bir çoxu kimi). Onlara da, sizə də ruzini Allah verir. O, eşidən və biləndir.

61. (Ya Peyğəmbər!) əgər onlardan (Məkkə müşriklərindən) soruşsan ki; «Göyləri və yeri kim yaratmış və günəşi, ayı kim ram etmişdir?» Mütləq deyəcəklər: «Allah» (Çünki, onlar bütləri xaliq və aləmlərin idarə edəni deyil, yalnız Rəbbin dərgahında, onun nəzəri altında olan şəfaət edən, dərgaha yaxın olan tanrılar bilirdilər). Bəs belə isə (Haqdan) necə və haraya döndərilirlər?

62. Allah bəndələrindən istədiyi hər bir kəsin ruzisini artırar da, azaldar da. Həqiqətən, Allah hər şeyi biləndir.

63. Və əgər onlardan: «Göydən (yağış, qar və dolu şəklində) su nazil edib, bunun vasitəsilə yeri ölümündən sonra (bitkilər, ağaclar bitirməklə) dirildən kimdir?» – deyə soruşsan, mütləq deyəcəklər: «Allah». De: «Həmd yalnız Ona məxsusdur. Lakin onların çoxu (dərindən) düşünmür».

64. Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!

65. Gəmiyə minən (və qərq olmaq təhlükəsi ilə üzləşən) zaman dini yalnız Allaha məxsus edib Ona dua edərlər. (İbadət etdikləri bütləri unudarlar. Allah) onları quruya çıxarıb, xilas edən kimi dərhal ona şərik qoşarlar.

66. Qoy onlar verdiklərimizə (nicat nemətinə) nankorluq etsinlər və (dünya ləzzətlərindən) bəhrələnsinlər, (əməllərinin nəticələrini) tezliklə biləcəklər.

67. Məgər görmədilərmi ki, Biz (dünya əhalisinə) əmin-amanlıq olan bir hərəm (yer) etdik, halbuki (əmin-amanlığın olmaması üzündən) onların ətrafında insanlar oğurlanırdı? Belə isə, (indi) məgər batiləmi iman gətirirlər, Allahın nemətinimi (din və kitabı) inkar edirlər?!

68. Allaha qarşı yalan uydurandan (Allah bütləri özünə şərik, şəfaət edən qərar vermişdir deyən kəsdən), yaxud haqq (Peyğəmbərin nübuvvəti və kitabı) ona yetişdikdə təkzib edəndən də daha zalım kimdir?! Məgər Cəhənnəmdə kafirlər üçün qalacaq yer yoxdur?

69. Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir.

Ər-Rum ‏ surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitab Əlif (Allah) tərəfindən Lam (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd – səlləllahu ələyhi və Alihi və səlləmə) nazil olunmuşdur. Bu kitabın möhkəm və bu cür mütəşabih ayələri vardır.)

2. Rumlular məğlub oldular.

3. (Hicaza, yəni Suriya və İordaniyaya) ən yaxın olan bir yerdə. Onlar məğlubiyyətlərindən sonra tezliklə qalib gələcəklər.

4. (Gələcəkdə) bir neçə il ərzində. (Aləmin idarə olunma) iş(i) və ondan (o qələbədən) öncə və ondan sonra (bütün aləmdə olan nüfuzlu) əmr Allaha məxsusdur və o gün möminlər (müsəlmanlar) sevinəcəklər;

5. Allahın köməyi və yardımı ilə, O, (Allah) istədiyinə kömək edər. O yenilməz qüdrət sahibi və mehribandır.

6. Allahın vədidir, Allah əsla Öz vədinə xilaf çıxmaz, lakin camaatın əksəriyyəti (bunu) bilmir (Allahı tanımır və Allah barəsində vədə xilaf çıxmaq məsələsinin qeyri – mümkün olduğunu bilmir).

7. Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər.

8. Və məgər onlar öz – özlüklərində Allahın göyləri və yeri və o ikisinin arasındakıları yalnız haqq ilə (əql əsasında olan yüksək hədəf və məqsəd üçün) və yalnız məhdud və müəyyən bir müddət üçün yaratdığını fikirləşmədilərmi? Və şübhəsiz, insanların əksəriyyəti öz Rəbbi ilə görüşü (ölümdən sonrakı həyata inanmırlar) inkar edir.

9. Məgər onlar yer üzündə gəzib – dolanmadılarmı ki, görsünlər onlardan öncəkilərin aqibəti necə olmuşdur? Onlar bunlardan daha qüvvətli idilər və torpağı (əkinçilik, bağçılıq və s. üçün) şumlamış və bunların abad etdiklərindən çox abad etmişdilər. Peyğəmbərləri onlara (tovhid, peyğəmbərlik və məad barədə) aydın dəlillər gətirdilər, (lakin inkar və təkziblərinin cəzası olaraq məhv oldular), beləliklə Allah onlara zülm edən deyildi. Lakin onlar özləri-özlərinə zülm edirdilər.

10. Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu.

11. Allah məxluqları əvvəlcə yaradır, onları (öldürdükdən sonra, axirət günündə) yenidən dirildir. O zaman siz Ona (Onun Cənnətinə, ya Cəhənnəminə) tərəf qaytarılacaqsınız.

12. Qiyamət qopacağı gün (əqidələri fəsadlı olan) günahkarlar sərgərdan, (məxluqatın köməyindən və Haqqın rəhmətindən) naümid olarlar.

13. Onlar üçün öz şəriklərindən (bütlərdən) şəfaətedicilər olmayacaqdır. (Onlar) öz şəriklərini inkar edəcək və onlara ibadət etmələrini danacaqlar.

14. Qiyamətin qopacağı gün – məhz o gün – hamı bir-birlərindən ayrılacaq (cinlər adamlardan, insanlar şeytanlardan, möminlər kafirlərdən və yaxşı iş görənlər pis iş görənlərdən).

15. İman gətirib yaxşı iş görənlər (Cənnət) bağ(ların)da şadlıq və sevinc içərisində olarlar.

16. Lakin kafir olub Bizim ayələrimizi və axirət görüşünü təkzib edənlər (Cəhənnəm) əzab(ın) a gətiriləcəklər.

17. Belə isə, Allahı həmişə təsbih edin (xüsusilə) axşam düşərkən (məğrib və işa namazlarını qılmaqla) və sübh açılırkən (sübh namazını qılmaqla).

18. Göylərdə və yerdə (ixtiyari və qeyri-ixtiyari) həmd-səna Ona məxsusdur. (Günün bütün vaxtlarında həmd-səna Ona məxsusdur, xüsusi ilə) əsr zamanı (əsr namazını qılmaqla) və zöhr zamanı (günorta namazını qılmaqla).

19. Allah dirini ölüdən (bitkiləri dənlərdən, toxumlardan, heyvanları və adamları nütfələrdən, mömin nəsli kafirdən) çıxarır və ölünü diridən (dənləri, toxumları bitkilərdən, nütfələri heyvanlardan, kafir nəsli mömindən) çıxarır. O, yeri (və onda olan maddələri) (soyuq fəsildə) öldükdən sonra (isti fəsildə) dirildir və siz də (qəbirlərinizdən) beləcə çıxarılacaqsınız.

20. (Sizin ilk baba və nənənizi vasitəsiz olaraq), sizi (bir neçə vasitə ilə) torpaqdan yaratması, sonra da sizin (saysız-hesabsız) bir bəşər (dəstəsi) olub daim (yer üzünə) yayılmağınız Onun (tovhid və qüdrət) nişanələrindəndir.

21. Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.

22. Göylərin və yerin yaradılışı, sizin dillərinizin (kəlmələrinizin, danışıq tərzinizin, səsinizin) və rənglərinizin (irqlərinizin və hər birinizin) müxtəlifliyi də onun nişanələrindəndir. Şübhəsiz, bunda (zatın xilqətində və sifətlərin müxtəlifliyində) alimlər üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.

23. Sizin gecə və gündüz (beynin və bədənin fəaliyyətdə olan qüvvələrinin öz güclərini bərpa etmək üçün olan) yuxunuz və Onun fəzlindən (ruzi və yaşayış ehtiyaclarını təmin etmək üçün imkanlar) aramanız da Onun nişanələrindəndir. Şübhəsiz, bunda (iki halda: istirahət və çalışmada) eşidən bir qövm üçün nişanələr (ibrətlər) vardır.

24. (Şimşəyi və) ildırımı qorxu və ümid üçün (viran olmaq qorxusu və yağışa olan ümid) sizə göstərməsi və göydən (yağış, qar və dolu şəklində) su nazil etməsi, onun vasitəsilə yeri (yaxud bitkilər üçün lazım olan maddələri) öldükdən sonra diriltməsi də onun nişanələrindəndir. Həqiqətən, bunda (suyun nazil olması və bitkilərin həyat tapmasında) düşünən bir qövm üçün (Onun qüdrət və hikmətinə dair) nişanələr vardır.

25. Onun nişanələrindən (biri) budur ki, göy və yer (məhdud bir müddətədək) Onun mütləq iradəsi ilə durmaqdadır. (Canlıları öldürdükdən və torpaq altına apardıqdan sonra) sizi bircə dəfə yerin altından səsləməklə (surun ikinci dəfə üfürülməsi ilə) qəfildən sizin hamınız (torpağın köksündən) çıxarsınız.

26. Göylərdə və yerdə olan hər kəs (və hər şey) Ona məxsusdur (Onun həqiqi mülküdür, çünki yaradılış, qoruma, idarəetmə və məhv etmək Onun iradəsi ilədir və) hamısı Onun müqabilində itaətkar və əmrinə boyun əyəndirlər.

27. Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (fani etdikdən sonra) onları qaytaran Odur. (Bu əməl) Onun üçün olduqca asandır. Göylərdə və yerdə olan ən üstün sifətlər Onun üçündür (göylərdə və yerdə olan hər bir varlığın bütün üstün sifətləri – həyat, elm, qüdrət və nur yalnız Ona məxsusdur), yerdə və göylərdə olan (mələklər, məsumlar, övliyalar kimi) ən üstün nümayəndələr Ona məxsusdur. O, yenilməz qüdrət və hikmət sahibidir.



Geri   İrəli
Go to TOP