A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


115. «Mən yalnız açıq – aşkar qorxudanam (bir Peyğəmbərəm)».

116. Dedilər: «Ey Nuh, əgər (bu dəvətdən) əl çəkməsən, mütləq daşqalaq olunanlardan olacaqsan».

117. Dedi: «Ey Rəbbim, həqiqətən, qövmüm məni təkzib etdi».

118. «Odur ki, mənimlə onların arasında aydınlaşdıran bir hökm çıxar, mənə və mənimlə birgə olanlara nicat ver».

119. Beləliklə onu və onunla birlikdə (insanlar, heyvanlar və azuqə ilə) dolu olan gəmidəkiləri xilas etdik.

120. Onların nicatından sonra qalanların hamısını (suda) qərq etdik.

121. Həqiqətən, də, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti Haqqa iman gətirən deyildilər.

122. Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.

123. Ad qövmü də (Hud qövmü) Allahın peyğəmbərlərini təkzib etdi.

124. O zaman (qəbilə) qardaşları Hud onlara dedi: «Məgər (şirk və küfrdən) çəkinmirsiniz?!»

125. «Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm».

126. «Belə isə, Allahdan qorxun və mənə itaət edin».

127. «Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»

128. «(Siz) hər bir uca məkanda əbəs yerə və əyləncə xatirinə bir bina ucaldıb var-dövlət nişanəsimi edirsiniz?»

129. «Cah–cəlallı qəsrlər (və su hövzələri və hovuzlar) tikirsiniz, sanki əbədi qalacaqsınız?!»

130. «Və (birini) yaxaladıqda (ona) zülmkarcasına cəza verirsiniz».

131. «Belə isə, Allahdan qorxun və mənə itaət edin».

132. «Qorxun o kəsdən ki, bildiyiniz şeylərlə sizə kömək etdi».

133. «Sizə heyvanlar və oğullar (əta etməklə) kömək etdi»;

134. «Həmçinin bağlar və bulaqlarla (kömək etdi)».

135. «Həqiqətən, mən Böyük Günün sizə (çatacaq) əzabından qorxuram».

136. Dedilər: «Nəsihət etsən də,öyüd verənlərdən olmasan da bizim üçün birdir».

137. «Bu, (Allaha və axirətə dəvət) keçmişdə nübuvvət iddiası edənlərin adətindən başqa bir şey deyildir. (Biz onu qəbul etmədik.) (Yaxud bütlərə və ulduzlara ibadət etməyimiz bizim keçmiş ata–babalarımızın adətindən başqa bir şey deyildir və biz bunu qəbul etmişik. Və ya bizim bu yaşayış və ölümümüz bəşərin əzəldən bəri olan yaşayış və ölümündən başqa bir şey deyildir. Odur ki, dirilmək və hesab – kitab adlı bir şey olmayacaqdır)».

138. «(Bəs, axirət aləmi olmadığı üçün) bizə əsla əzab verilməyəcəkdir».

139. Beləliklə onu (Hudu) təkzib etdilər və Biz də onları həlak etdik. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər.

140. Həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.

141. Səmud qövmü də Allahın bütün peyğəmbərlərini təkzib etdi.

142. O zaman onların (qəbilə) qardaşları Saleh onlara dedi: «Məgər (şirk və küfrdən) çəkinmirsiniz?»

143. «Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm».

144. «Belə isə, Allahdan qorxun və mənə itaət edin»!

145. «Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»

146. «(Güman edirsiniz ki,) burda olanların içində (şəxsi mühitdə və dünyəvi yaşayışda) əmin amanlıqla başlı–başına buraxılacaqsınız?!

147. Bağlar və çeşmələr içində?!

148. Əkinlər və nizamlı, nazik və lətif çiçəkləri olan xurma ağacları (içində)?!»

149. «Məharətlə və təkəbbürlə dağlardan evlər yonub düzəldirsiniz?!»

150. «Nəhayət, Allahdan qorxun və mənə itaət edin».

151. «İsraf edənlərin (həddini aşanların) əmrinə tabe olmayın».

152. «O kəslər ki, yer üzündə fəsad törədər və (heç vaxt) islah etməklə məşğul olmazlar».

153. Dedilər: «Həqiqətən, sən cadu olunmuşlardansan».

154. «Sən yalnız bizim kimi bir insansan. Əgər doğru danışanlardansansa, bir ayə və möcüzə gətir».

155. (Sonra, Salehin duası ilə dağdan dişi bir dəvə çıxdı və Saleh) dedi: «Bu dişi bir dəvədir. (Bu bulağın) suyundan bir pay onunkudur və müəyyən bir günün payı da sizinkidir».

156. «Ona heç bir ziyan yetirməyin ki, Böyük günün əzabı sizi yaxalayar» (dünyada hamılıqla əzab və ya Qiyamət əzabı).

157. (Amma onlar) dəvəni tutub kəsdilər, sonra isə peşman oldular.

158. Beləliklə, (vəd olunmuş) əzab onları yaxaladı. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. nların əksəriyyəti haqqa iman gətirən deyildi.

159. Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib (itaətkarlarla) mehribandır.

160. Lutun qövmü də Allahın peyğəmbərlərini təkzib etdi.

161. O zaman (qəbilə) qardaşları Lut onlara dedi: «(Bu şirk və küfrünüzdən) çəkinmirsinizmi?!»

162. «Həqiqətən, mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm».

163. «Odur ki, Allahdan qorxun və mənə itaət edin».

164. «Mən bunun (risalətin) müqabilində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»

165. «Siz bu dünyadakı insanlardan (yalnız) erkəklərləmi yaxınlıq edirsiniz?!»

166. «Və Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi tərk edirsiniz?! (Günahınız kiçik deyil). Siz (xilqət və fitrət yolundan, şəriət çərçivəsindən) həddi aşan tayfasınız.»

167. (Onlar) dedilər: «Ey Lut, əgər (bu sözlərindən) əl çəkməsən, mütləq sürgün olunanlardan olacaqsan!»

168. (Lut) dedi: «Şübhəsiz, mən sizin bu əməlinizlə düşmən olanlardanam».

169. «Ey Rəbbim, mənə və ailəmə bunların gördüyündən (əməlin cəzasından) nicat ver».

170. Sonra ona və bütün ailəsinə nicat verdik.

171. Yalnız (vəd olunmuş əzabda) qalanlardan olan qoca bir arvaddan (Lutun zövcəsindən) başqa.

172. Sonra da o birilərini məhv etdik.

173. Onların başlarına (daşdan) bir yağış yağdırdıq. (Xəbərdarlığa əhəmiyyət verməyən) qorxudulanların yağışı pis bir yağış idi!

174. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) var və onların əksəriyyəti Haqqa iman gətirən deyildi.

175. Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib, (itaətkarlarla) mehribandır.

176. «Əykə» camaatı da Allahın bütün peyğəmbərlərini təkzib etdi.

177. O zaman Şüeyb onlara dedi: «(küfr və şirkinizdən) çəkinmirsinizmi?!»

178. «Həqiqətən, mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm».

179. «Odur ki, Allahdan qorxun və mənə itaət edin».

180. «Mən bunun (bu risalətin) müqabilində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»

181. «(Alış-veriş zamanı) tərəzi qabını dolu verin (ölçüdə düz olun). Ziyan vuranlardan olmayın».

182. «Düzgün tərəzi ilə çəkin».

183. «İnsanların mallarını əskik verməyin və yer üzündə fəsad törədən hərəkət etməyin».

184. «Sizi və sizdən öncəki qövmləri yaradandan qorxun».

185. (Onlar): «Həqiqətən, sən cadu olunmuşlardansan»–dedilər.

186. «Sən yalnız bizim kimi bir insansan. Həqiqətən, biz səni yalançılardan hesab edirik.»

187. (Və istehza məqsədilə dedilər:) «Əgər doğru danışanlardansansa, onda göyün parçalarını üstümüzə endir».

188. (Şüeyb) dedi: «Mənim Rəbbim sizin nə etdiyinizi daha yaxşı bilir (Əməlinizin cəzası daş, yaxud başqa bir şey olduğunu daha yaxşı bilir)».

189. Beləliklə, onu (Şüeybi) təkzib etdilər və buludlu günün əzabı onları yaxaladı (başlarına od ələyən alovsaçan buludun kölgəsində idilər), Həqiqətən, o, böyük bir günün əzabı idi.

190. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. Onların əksəriyyəti Haqqa iman gətirən deyildi.

191. Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib və (itaətkarlarla) mehribandır.

192. Şübhəsiz bu (Quran) aləmlərin Rəbbinin nazil etdiyidir (Onun əzəli elmindən Lövhi-Məhfuza və oradan da Cəbrailin (Ruhul - Əminin) hafizəsinə nazil olmuşdur).

193. Ruhul-əmin (Cəbrail) onu endirdi,

194. Qorxudanlardan (Peyğəmbərlərdən) olasan deyə, sənin qəlbinə (nazil etdi),

195. (Onu) açıq-aydın ərəb dilində (nazil etdi).

196. Həqiqətən, də, bu (kitabın adı, vəzifəsi və gətirənin adı) keçmişdəkilərin (əvvəlki peyğəmbərlərin) kitablarında gəlmişdir.

197. Məgər Bəni-İsrail alimlərinin bundan (bu kitabdan və onun vəsflərindən tamamilə) xəbərdar olmaları onlar (Məkkə müşrikləri) üçün sübut və nişanə deyilmi?

198. Əgər bunu (bu kitabı bütünlüklə) bəzi əcəmlərə (ərəb olmayanlara başqa bir dildə) nazil etsəydik;

199. Quranı (Peyğəmbər, ya o əcəm) onlara oxusaydı, əsla ona iman gətirməzdilər (və deyərdilər: «Əcəm dilində olan Quran hara, ərəb milləti hara?»)

200. Biz onu belə (xoşagəlməz və batil düşündükləri halda Məkkə) günahkarlarının qəlblərinə beləcə yeritdik.

201. (Ölüm, Bərzəx ya Qiyamətin) ağrılı əzabını görməyincə ona iman gətirməyəcəklər.

202. (Bu əzab) onlara qəflətən, özləri də bilmədən gələr.

203. Sonra (təəssüf və peşmançılıqla) deyərlər: «Görəsən bizə bir möhlət veriləcəkmi?»

204. Belə olduqda, (məzəmmət məqsədilə deyilər:) «Bizim əzabımızamı tələsirdilər?!»

205. (Ya Peyğəmbər!) xəbər ver, əgər onları illərlə (dünya həyatından) bəhrələndirsək;

206. Sonra da vəd olunduqları (əzab) onlara yetişsə;

207. Onlara verilmiş olan nemətlər (Allahın əzabından) nəyi onlardan dəf edə bilər?

208. Biz (cəza olaraq) qorxudanlar (peyğəmbərlər, yaxud onların canişinləri) olmayan heç bir cəmiyyəti məhv etmədik;

209. (Cəmiyyətə) bir öyüd – nəsihət olsun deyə, (dəvət kamil və dəlil-sübut tamam olsun deyə, əks təqdirdə onları məhv etmək zülm olardı). Biz heç vaxt zülmkar olmamışıq!

210. Bunu (Quranı) əsla şeytanlar (Bizim Peyğəmbərimizə) nazil etməmişlər.

211. Və (bu əzəmətli və müqəddəs iş) onlara (zatən şər və fəsad mənbəyi olan şeytanlara) layiq deyildir və (bu işin müqəddəsliyinə, öz zatlarının da xəbisliyinə görə) onların buna qüdrətləri çatmaz.

212. Şübhəsiz, (göyün qapıları üzlərinə qapalı olduğuna görə) onlar (Allah kəlamını) eşitməkdən kənarlaşdırılmışlar.

213. Allahla yanaşı başqa bir tanrı çağırma ki, əzaba düçar edilənlərdən olarsan.

214. Və (əvvəlcə) yaxın qohumlarını qorxut və xəbərdarlıq et.

215. Və öz mehr (məhəbbət) və təvazökarlıq qanadını möminlərdən sənə tabe olan hər bir kəsin üzərinə endir; cəzbedici çətirini onların başları üzərində aç.

216. Əgər sənə itaətsizlik etsələr, de: «Mən sizin etdiklərinizdən (sizin çirkin və batil işlərinizdən) uzağam».

217. Və o qadir, qalib və mehriban (Allaha) təvəkkül et.

218. O Allaha ki, səni (namaza, ya hər hansı bir xeyir işə) duranda, görür.

219. Və həmçinin səcdə edənlər arasında (qiyam, rüku və səcdə) hərəkətlərini (görür).

220. Çünki, O eşidən və biləndir.

221. Şeytanların kimə (o əsrin kahinləri kimi) nazil olduğunu sizə xəbər verimmi?

222. (Onlar) hər bir yalançı (böhtançı) və günahkara nazil olarlar.

223. (Uca məqamdan) eşitdiklərini onlara təlqin edərlər və əksəriyyəti yalançıdır.

224. (Peyğəmbər şair deyildir) şairlərə yalnız azğınlar tabe olarlar (uyarlar).

225. Məgər görmədinmi ki, onlar hər bir vadidə (xəyallar aləmində) dərbədərdirlər?

226. Və onlar özləri etmədikləri şeyləri deyirlər?!

227. Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şerlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar.

Ən-Nəml ‏ surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ta, Sin. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç bir kəsin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və belə mütəşabih ayələri vardır. And olsun Turi-sinaya və Süleymana ki, bu surə Quranın, aşkar və aydınlıq gətirən kitabın ayələridir).

2. Möminlərə yol göstərən və müjdə verəndir.

3. O kəslərə ki, namaz qılır və zəkat verirlər, o kəslərə ki, axirət gününə yəqinlik tapmışlar (möhkəm inanırlar).

4. Həqiqətən, axirət gününə iman gətirməyənlərin (çirkin və batil) əməllərini (onları öz başlarına buraxmaq və şeytanı onlara hakim etməklə) nəzərlərində zinətləndirdik. Buna görə də onlar daim dərbədər bir vəziyyətdədirlər.

5. Onları şiddətli əzab gözləyir və axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır! (Çünki, möminin günahdan əlavə savabları da vardır, lakin onların savabları aradan getmişdir).

6. (Ya Peyğəmbər!) Həqiqətən, bu Quran hikmətli olan və (hər şeyi) bilən (Allah) tərəfindən sənə verilir.

7. (Yada sal) o zaman(ı) ki, Musa öz ailəsinə demişdi: «Mən bir od hiss etdim (uzaqdan gördüm), tezliklə sizə ondan bir xəbər, yaxud (ondan) qoparılmış bir köz gətirərəm ki, bəlkə qızınasınız.»

8. Musa alovun yanına çatdıqda belə bir nida gəldi: «Alovun içində olan (qüdrət və cəlalı alovda təcəlli edən Allah, yaxud alovun içində Allahın müqəddəsliyini bəyan edən mələklər), alovun yanında olan (Musa) çox xeyirli və bərəkətlidir. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir.»

9. «Ya Musa, həqiqətən, yenilməz qüdrət və hikmət sahibi olan Allah Mənəm».

10. «Əsanı at! (Musa əsasını yerə atdı.) Onun – iti sürünən ilan kimi sürətlə hərəkət etdiyini gördükdə, arxaya döndü və (elə getdi ki,) heç arxasına belə baxmadı. (Səs gəldi:) «Ya Musa, qorxma! Həqiqətən, peyğəmbərlərim Mənim yanımda qorxmazlar».

11. «Lakin kim zülm etsə, bu pis əməldən sonra onun əvəzinə yaxşı bir iş görsə, həqiqətən, Mən çox bağışlayan və mehribanam».

12. «Əlini qoynuna qoy ki, doqquz möcüzənin biri kimi parıldayan, eyibsiz-qüsursuz çıxsın. (Beləliklə) Firon və onun qövmünə sarı (yollan). Həqiqətən, onlar fasiq və itaətsiz bir qövmdürlər».

13. Bizim aşkar və aydınlıq gətirən möcüzələrimiz onlara gəldikdə dedilər: «Bu, açıq-aşkar bir sehrdir».

14. Və ona (möcüzələrimizə) daxilən yəqinlikləri olsa da zülm və təkəbbür üzündən inkar etdilər. Bir gör, fitnə fəsad törədənlərin aqibəti necə oldu !

15. Həqiqətən, Biz Davuda və Süleymana bir elm verdik (şəriət, qəzavət, siyasət, sənət və quşların dilini başa düşmək elmi) və onlar dedilər: «Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!».

16. Süleyman (peyğəmbərliyi, elmi, möcüzəni və mal-dövləti) Davuddan irs olaraq apardı və dedi: «Ey insanlar, bizə quş dili öyrədildi və hər bir şeydən (mənəvi kamallardan və maddi vəsaitlərdən) bizə verildi. Həqiqətən, bu, həmin açıq-aşkar fəzilətdir».

17. Süleymanın cin, insan və quşlardan ibarət olan qoşunu (döyüşə çıxmaq, ya hərbi hazırlıq üçün) toplandı. Qoşunun əvvəlinin və axırının birlikdə olması üçün hamısını bir yerə yığdılar.

18. Nəhayət, (onlar) «Vadin-nəmlə» (Taifdəki, ya Şamdakı qarışqa vadisinə) endikdə, bir qarışqa (hamıya elan etmək məqsədilə) dedi: «Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi əzməsinlər!».

19. Süleyman onun sözünə gülümsəyib (onun kəlamını duyduğuna, məqsədini başa düşdüyünə görə şükr edərək) dedi: «Ey Rəbbim, mənim özümə və ata-anama əta etdiyin nemətə şükr etmək və Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver (qüvvət ver) və məni Öz rəhmətinlə saleh bəndələrinin sırasına daxil et».

20. Sonra Süleyman (qoşunundakı) quşları yoxlayıb dedi: «Mənə nə olub ki, Hüd-hüdü görmürəm. Yoxsa o burada deyildir?»

21. «Mütləq ona şiddətli bir əzab verər, ya da başını kəsərəm. Yaxud da o (üzürlü səbəbə görə burada olmaması barədə) açıq-aşkar bir dəlil gətirsin».

22. Beləliklə çox keçmədi ki, Hüd-hüd (qayıtdı və) dedi: «Mən elə bir şeydən xəbərdar olmuşam ki, sən xəbərdar deyilsən. Sənin üçün «Səba» şəhərindən (Yəmənin paytaxtından) mühüm və doğru bir xəbər gətirmişəm».

23. «Həqiqətən, mən onlara (Səba əhlinə) hökmranlıq edən bir qadın gördüm. Ona (padşahlıq, məmləkətin idarə olunması və xalqın xoş güzəranı üçün lazım olan) hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır».

24. «Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmişdir, beləliklə haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər».

25. «Göylərdə və yerdə pünhan olanları aşkara çıxaran (otları torpaqdan, dənləri bitkidən, meyvələri ağacdan, sürünənləri yerdən, heyvanları nütfədən, suları buluddan, elmləri beyindən, mələkləri nurdan, şeytanları oddan və ümumiyyətlə bütün mövcudları «yoxluq» adlı gizli bir «evdən» çıxaran) və gizlətdiyiniz şeyləri (qəlbdən keçənlərin) və aşkar etdiklərinizi (xəlvətdə və aşkarda etdiyiniz əməlləri) bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir)».

26. «Allahdan başqa heç bir tanrı yoxdur və O, böyük (əzəmətli) ərşin sahibidir (varlıq aləmi üzərində həqiqi və geniş hakimiyyəti vardır)».

27. (Süleyman) dedi: «İndi isə, baxaq görək doğru deyirsən, yoxsa yalançısan».

28. «Mənim bu məktubumu apar və onların tərəfinə at, sonra onlardan uzaqlaş (aralan), bax gör ki, (fikir mübadiləsi zamanı) nə danışırlar».

29. (Hüd-hüd məktubu Səba mələkəsinə atdıqda, mələkə) dedi: «Ey əyanlar və böyüklər, mənim üçün çox dəyərli və hörmətli bir məktub atılmışdır».

30. «Bu məktub Süleymandan gəlmişdir və (o) «Bağışlayan və mehriban Allahın adı ilə» (başlayır).

31. «(Və onun məzmunu) belə(dir) ki; «Məndən üstün olmağa çalışmayın və hamılıqla təslim halında mənim yanıma gəlin».

32. (Sonra) dedi: «Ey əyanlar və böyüklər, işim barədə mənə rəyinizi söyləyin, çünki mən heç vaxt siz yanımda olmayınca bir iş barədə qəti hökm verməmişəm».

33. Dedilər: «Bizim (böyük) gücümüz (qoşunumuz və sursatımız) vardır, şücaət sahibiyik, yüksək hərbi imkana malikik. Əmr sənindir. Odur ki, bax gör nə əmr edirsən».

34. Dedi: «Şübhəsiz, padşahlar elə ki, bir şəhərə (ya ölkəyə) daxil olarlar, oranı xarabazara çevirərlər və ölkənin başçılarını və qüdrətlərini zəlil edərlər və (onlar adətən) belə (hərəkət) edərlər».

35. «Mən onlara bir hədiyyə göndərəcəyəm, görüm elçilərim nə ilə (hansı halla və cavabla) qayıdacaqlar».

36. Beləliklə, (elçi) Süleymanın yanına gəldikdə (və hədiyyəni təqdim etdikdə, Süleyman) dedi: «Yoxsa mənə (azacıq) bir mal ilə yardım edirsiniz? Halbuki Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən daha yaxşıdır; (hədiyyənin dəyərsizliyi bir yana dursun) hələ bir siz öz hədiyyənizlə sevinirsiniz».

37. «Onların (mələkə və tayfasının) yanına qayıt! Biz mütləq elə bir ordu ilə onların üstünə gələcəyik ki, onun qarşısında durmağa qüdrətləri yoxdur və şübhəsiz, onları o torpaqdan əsir və zəlil halında çıxaracağıq».

38. (Sonra) dedi: «Ey əyanlar və böyüklər, onlar hamılıqla təslim olaraq mənim yanıma gəlməzdən öncə, hansınız o qadının taxtını mənə gətirə bilər?»

39. Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!»

40. Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir qədər elmi olan birisi dedi: «Mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə, sənin yanına gətirərəm». Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü, dedi: «Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük)? Və kim şükr etsə, öz xeyrinə şükr edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir».

41. (Bu zaman Süleyman) dedi: «Onun taxtını (rəngini və formasını dəyişməklə) tanınmaz hala salın, baxaq görək (onu tanımaqla) yol tapacaq, ya yol tapmayanlardan olacaq».

42. Beləliklə, elə ki, (Səba mələkəsi) gəldi, deyildi: «Sənin taxtın da belədirmi ?» Dedi: «Sanki, özüdür. Bundan öncə bizə (Süleymanın qüdrəti haqda) elm verilmişdir və biz təslim olanlardan idik».

43. Allahdan başqasına ibadət etməsi ona (Allaha iman gətirməyə və Ona ibadət etməyə) mane olmuşdu. Çünki o, kafir bir tayfadan idi.

44. Ona deyildi: «Qəsrin həyətinə daxil ol». Qəsrin həyətini gördükdə çoxlu su olduğunu güman etdi, odur ki, paltarının ətəyini baldırdan yuxarı qaldırdı. (Süleyman) dedi: «(Bu gördüyün) şüşədən ibarət olan şəffaf və sadə bir həyətdir». (Mələkə) dedi: «Ey Rəbbim, həqiqətən, mən (indiyə qədər) özümə zülm etmişəmmiş. İndi isə aləmlərin Rəbbinin müqabilində Süleymanla birgə müsəlman oldum». (Qəsrin əzəmətini görməsi, Hüd-hüdun məsələsi, taxtın gətirilməsi onun müsəlman olmasına səbəb oldu).

45. Biz Səmud qövmünə onların (qəbilə) qardaşları olan Salehi göndərdik ki, Allaha ibadət etsinlər. Bu zaman onlar (möminlər və kafirlərə), bir-birilə çəkişən və düşmənçilik edən iki dəstəyə ayrıldılar.

46. (Saleh) dedi: «Ey mənim tayfam, nə üçün yaxşılıqdan öncə pisliyə və əzaba tələsirsiniz (tövbəni və imanı təxirə salırsınız)?! Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə sizə rəhm oluna?»

47. Dedilər: «(Ey Saleh,) bizim uğursuzluğumuz sənin və yanındakıların nəhsliyindəndir (şərin və pisliyin səbəbi sizsiniz)». Dedi: «Sizin şər və uğursuzluğunuzun (səbəbi günahlarınızdır və günahlarınız) Allah yanındadır (Biz onun səbəbi deyilik). (Əslində) siz imtahan olunan bir tayfasınız (bu hadisələrin hamısı cəza xarakteri daşımır, əslində sizin imtahanınız üçündür)».

48. Və o şəhərdə (şəhərin əşraflarından və azğınlarından ibarət) doqquz nəfər (yaxud doqquz kiçik dəstə) var idi ki, yer üzündə fitnə-fəsad törədər və əsla yaxşı bir iş görməzdilər.

49. Onlar bir-birlərinə dedilər: «Allaha birlikdə and için ki, ona və ailəsinə gecə ikən hücum edək, sonra da qəyyumuna (vəlisinə) deyərik ki, biz (onun və) ailəsinin (kim tərəfindən) qətl olunduğunu görməmişik və əlbəttə, biz düz danışanıq».

50. Və onlar böyük bir məkr işlətdilər. Biz isə özləri də bilmədən böyük məkr işlətdik (tədbir tökdük).

51. Beləliklə bir gör ki, onların məkrlərinin aqibəti necə oldu. Biz onları və (onlarla eyni əqidədə olan) qövmlərini, hamılıqla yox etdik.

52. Beləliklə bu, onların viran və (sakinlərsiz) bom-boş qalmış evləridir! Həqiqətən, bunda (bu hadisədə) bilən bir qövm üçün ibrət nişanəsi vardır.

53. İman gətirən və daim təqvalı olan kəslərə (isə) nicat verdik.

54. Lutu (yada sal), o zaman (o), öz qövmünə dedi: «Belə həddindən artıq çirkin bir işi bir-birinizin gözü qarşısında edirsiniz?!»

55. «Siz qadınları qoyub şəhvət məqsədilə kişilərləmi yaxınlıq edirsiniz?! Həqiqətən, siz daim cahillik edən bir qövmsünüz».

56. Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Lutun ailəsini öz cəmiyyətinizdən çıxarın, çünki onlar təmiz qalmaq istəyən insanlardır (və sizin əməlinizdən uzaq olmaq istəyirlər)».

57. Beləliklə ona və ailəsinə nicat verdik, yalnız zövcəsindən savayı. (Onun məhv olan cəmiyyətdə) qalanlardan olmasını (əzəldən) təqdir etmişdik..

58. Onların başına (daşdan) yağış yağdırdıq. O qorxudulanların yağışı nə yaman pis bir yağış idi!

59. (Ya Peyğəmbər!) de: «Şükr və sitayiş Allaha məxsusdur. Salam olsun Onun seçdiyi bəndələrinə (peyğəmbərlərə, onların canişinlərinə və saleh- əməlli möminlərə); Allah daha yaxşıdır, yoxsa onların Allaha şərik qoşduqları?!»

60. (O şəriklərmi yaxşıdır,) yoxsa göyləri və yeri yaradan, göydən sizə (yağış, qar və dolu şəklində) su nazil edən? Beləliklə (həmin suyun) vasitəsilə gözəl, yamyaşıl və könül oxşayan bağlar yetişdirdik ki, onların ağaclarını bitirmək sizin üçün müyəssər deyildi! Məgər heç tək olan Allahla yanaşı başqa bir tanrımı var? (Xeyr,) əslində onlar (Allahdan) üz döndərən və Ona şərik qoşan bir tayfadırlar.

61. (O şəriklərmi yaxşıdır,) yoxsa yeri (insanlar üçün) sabit və aram edən və onun aralanan yerlərindən çaylar axıdan sabit və möhkəm dağlar yaradan, iki dənizin arasında maneə qoyan kəs?! (Dənizə oxşar olan çayların dənizlə kəsişdiyi yerdə, geniş bir ərazidə şirin su ilə duzlu su arasında bir divar yaratdı ki, bir-birləri ilə qarışmasınlar)? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! (Xeyr) Onların əksəriyyəti bilmirlər.

62. (O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız!

63. (O şəriklərmi yaxşıdır,) yoxsa qurunun və dəryanın zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhmətindən (yağışdan) öncə bir müjdəçi olaraq göndərən? Məgər bir olan Allahla yanaşı başqa bir tanrı da var? Allah (Ona) şərik qoşduqlarından çox-çox ucadır.

64. (O şəriklərmi yaxşıdır,) yoxsa məxluqatı öncə yaradan, sonra onları(n hamısını fani etdikdən, yaxud canlıları öldürdükdən sonra, başqa bir aləmə) qaytaran sizə göydən və yerdən ruzi yetirən? Məgər tək olan Allahla yanaşı başqa bir tanrı da var? De: «Əgər düz deyirsinizsə, dəlil – sübutunuzu gətirin».

65. (Ya Peyğəmbər!) de: «Allahdan başqa göylərdə və yerdə olan heç bir kəs qeybi (şüur sahiblərinin hissiyyatından xaricdə olan aləmləri və elmləri) bilmir və onlar bilmirlər ki, nə vaxt dirildiləcəklər».



Geri   İrəli
Go to TOP