A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


70. Onun barəsində hiylə düşündülər. Lakin Biz onları daha çox ziyana uğratdıq (çünki İbrahimə nəinki bir zərər-ziyan toxunmadı, əksinə onların bu əməli onun doğruluğuna qəti bir dəlil oldu).

71. Biz ona və (qardaşı oğlu) Luta nicat verdik ki, aləmdəkilər üçün çox bərəkətli etdiyimiz yerə (peyğəmbərlərin göndərilmə mərkəzləri və səma dinlərinin yayılma məntəqəsi olan Şam torpaqlarına) doğru hərəkət etsinlər.

72. Və (oğlu) İshaqı və (nəvəsi) Yəqubu əlavə bəxşiş kimi ona əta etdik və hamısını saleh və (peyğəmbərlik məqamına) layiq etdik.

73. Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.

74. Və Biz Luta hökm (hikmət, hakimiyyət və hökm çıxarmaq) və (şəriət hökmləri və İbrahimin kitabının təlimlərinin) elm(ini) əta etdik və ona çirkin işlər görən cəmiyyət(in için)dən nicat verdik. Çünki onlar çirkin əməl sahibi və pozğun bir tayfa idilər.

75. Və onu Öz mərhəmətimizə daxil etdik. Çünki o, ləyaqətlilərdən idi.

76. Və Nuhu – onun bundan öncə (bu peyğəmbərlərdən qabaq Öz Allahını) səslədiyi zamanı (yada sal)! Biz onun duasını qəbul etdik, onu və (zövcəsi ilə bir oğlundan başqa bütün) ailəsini o böyük qəmdən (qövmünün küfr və nankorluğundan və doqquz yüz ildən artıq bir dəvətin nəticəsizliyindən) qurtardıq.

77. Biz nişanələrimizi təkzib və inkar edən qövmdən (nicat verməklə) ona kömək etdik. Onlar doğrudan da pis işlər görən bir tayfa idilər. Buna görə də onların hamısını suda batırdıq.

78. Davudu və (onun oğlu) Süleymanı – onlar bir tayfanın qoyunlarının gecə vaxtı (və çobansız) səpələn(ərək bütün salxım və yarpaqları ye)diyi əkin yeri (yaxud üzüm bağı) barəsində hökm çıxardıqları zamanı (yada sal)! (Onlar bu məsələnin hökmü barəsində məsləhətləşirdilər. Qədim adətə görə həmin qoyunlar bağa dəymiş xəsarətə görə bağ sahibinə çatırdı.) Və Biz onların (bütün keçmiş peyğəmbərlərin) hökm çıxarmalarında iştirak edir və hökmlərinə şahid idik.

79. Beləliklə Biz onu (əvvəlki hökmü ləğv edən yeni hökmü) Süleymana öyrətdik (ki, bağ yenidən yarpaqlayana və bar gətirənə kimi qoyunların özü deyil, gəliri bağ sahibinin olsun). Və Biz onların hər ikisinə hökm (peyğəmbərlik, qəzavət və hakimiyyət) və elm (din elmi və insanlara lazım olan digər elmlər) əta etdik. Dağları və quşları ram etdik ki, Davudla birlikdə (Allahı) pak sifətlərlə mədh etsinlər. Biz (istədiyimizi) edənik.

80. Sizə görə (siz insanlara gərək olduğu üçün) Davuda zireh düzəltmək və döyüş geyimi hazırlamaq peşəsini öyrətdik ki, sizi müharibələrin çətinlik və zərər-ziyanından qorusun. Belə isə şükr edəcəksinizmi?

81. Və Süleyman üçün bərk (və yavaş) küləyi ram etdik ki, (küləklər) onun əmri ilə çox bərəkətli etdiyimiz torpağa (Şam torpaqlarına və Fələstinə) əsərdi. Biz hər şeyi əzəldən bilirik.

82. Şeytanların bəziləri onun üçün dalğıclıq edir, bundan başqa (şəhərlər salmaq, saraylar tikmək kimi digər) işlər də görürdülər. Və Biz onları həmişə (itaətsizlikdən və təbiətlərində olan xəbisliklərin ardınca getməkdən) qoruyurduq.

83. Və Əyyubu – onun «mənə xəstəlik, çətinlik və bəla üz verib və Sən mehribanların ən mehribanısan» (deyə) Rəbbini səslədiyi zamanı (yada sal)!

84. Biz onun duasını qəbul etdik, içində olduğu çətinlik və bəlanı ondan uzaqlaşdırdıq və ona rəhm etmək və (digər səbrli) abidlər üçün ibrət olsun deyə onun (hadisələr nəticəsində həlak olmuş) adamlarını və onlarla birlikdə bənzərlərini ona əta etdik.

85. Həmçinin İsmaili, İdrisi və Zəlkifli (İlyası yada sal) ki, onların hamısı səbrlilərdən idilər (peyğəmbərlik yükünün ağırlığına və onun gözəl icrasının və ümmətin tərbiyə edilməsinin çətinliklərinə dözürdülər).

86. Onların hamısını Öz mərhəmətimizə (peyğəmbərlik məqamına, mənəvi kamilliklərə, səma kitabı verilmək və cəmiyyətin tərbiyəçisi olmaq şərəfinə) daxil etdik. Çünki onlar doğrudan da yaxşı və ləyaqətlilərdən idilər.

87. Və Zənnunu (balina yoldaşı Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarnının) qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam.»

88. Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk.

89. Və Zəkəriyyanı (yada sal). O zaman o, «ey Rəbbim, məni tək (övladsız və varissiz) qoyma və (əlbəttə, əgər varis verməsən də eybi yoxdur, çünki) Sən varislərin ən yaxşısısan» (deyə) öz Rəbbini səslədi.

90. Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (doğmağa) layiq etdik. Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər.

91. Və öz iffətini (halal və haramdan) qorumuş o qadını (Məryəmi də yada sal). Biz ona Öz ruhumuzdan üfürdük (və onun bətnində bir oğlan uşağı yaratdıq). Onu və oğlunu (oğlunun yaradılmasını, peyğəmbərliyini, kitabının yayılmasını, müxtəlif növ möcüzələrini və ömrünün uzunluğunu) aləmdəkilər üçün (Öz tovhid, əzəmət və qüdrətimizin) bir nişanə(si) etdik.

92. (Ey insanlar!) Şübhəsiz bu (insan cinsi) sizin ümmətinizdir və hamınız bir tayfa və bir millətsiniz [yaxud: Peyğəmbərlərin dəvət etdikləri bu tovhid dini sizin dininizdir, bütün bəşəriyyət üçün yeganə dindir]. Və Mən sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin.

93. Lakin onlar öz (din və şəriət) işlərini öz aralarında parça-parça etdilər (hər bir dəstə onun bir parçasını bidətlərlə qarışdıraraq özü üçün din etdi və bütpərəst, yəhudi, xaçpərəst, zərdüşt, sabii və digər dinlərə bölündü). (Nəhayət sabah, Qiyamət günü) hamılıqla Bizə tərəf qayıdacaqlar.

94. Buna görə də kim mömin olaraq yaxşı işlər görsə onun səyləri əsla itirilməyəcəkdir və Biz şübhəsiz, onları yazırıq.

95. Həlak etdiyimiz topluma (dünyaya qayıtmaq) qadağan və qeyri-mümkündür. Onlar qayıtmayacaqlar.

96. (İnsanın ixtiyara malik olması Qiyamət əlamətlərinin zühuruna, səddin sınması nəticəsində) Yəcuc ilə Məcuc(un yolu) açılana və onların yüksəkliklərdən sürətlə töküldükləri zamana kimi (davam e)dir.

97. Haqq olan vəd (Qiyamət) yaxınlaşar, beləliklə kafirlərin gözləri qəflətən (mənzərənin əzəmətindən və dəhşətindən) bərələ və hərəkətsiz qalar (və fəryad qopararlar ki:) «Vay olsun bizə ki, bu çətin (gün)dən qəflətdə olmuşuq; biz hətta zalım bir dəstə olmuşuq (və qəflətimiz öz zülmlərimizin nəticəsində yaranıb).»

98. (Həmin gün kafirlərə xitab edilər ki:) «Həqiqətən siz və Allahın yerinə ibadət etdikləriniz (bütlər, şəkillər, ulduzlar və digər şeylər) Cəhənnəmin odunusunuz, siz hamınız ona daxil olacaqsınız.»

99. Əgər onlar tanrı olsaydılar Cəhənnəmə girməzdilər. (Onların) hamısı orada əbədi qalacaqlar.

100. Onlar orada möhkəm ah-nalə edərlər və (qoxrudan, əzabın şiddətindən və dünyada haqqı eşitməməyin cəzası olaraq) heç nə eşitməzlər.

101. Əlbəttə, tərəfimizdən (dünyadakı imanlarına görə) yaxşılıq (vədi verilib) keçmiş (bağışlanma, şəfaət və Cənnət vəd etdiyimiz) kəslər, həmin oddan uzaq saxlanılacaqlar.

102. Onlar (Sirat körpüsündən keçəndə və daha sonra) onun (Cəhənnəmin) uğultusunu belə eşitməzlər və ürəkləri istəyən şey (Cənnət nemətlərin)in içində əbədi qalacaqlar.

103. O böyük vahimə onları kədərləndirməz və mələklər onları (təbriklə) qarşılayar(aq deyərlər): «Bu, (dünyada) sizə vəd olunmuş həmin o gününüzdür.»

104. (Yada sal) o günü ki, Biz göyü (daxilində olan hər bir şeylə, lülə şəkilli) yazı səhifəsinin bürmələnməsi kimi bürmələyəcəyik. Məxluqatı birinci dəfə (zərrəciklərini su və torpaqdan toplayıb) vücuda gətirdiyimiz kimi yenidən qaytaracağıq (onun dağılmış və ya məhv olmuş zərrəciklərini toplayaraq əvvəlki vəziyyətinə salacağıq). (Bu iş) Bizim öhdəmizdə olan bir vəddir ki, Biz onu edəcəyik.

105. Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Quranda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər).

106. Həqiqətən bunda (bu surədə və ya kitabın içindəkilərdə) Allaha ibadət edən dəstə üçün son məqsədə (və sağlam din və dünyaya) çatmaq vasitəsi vardır.

107. (Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik.

108. De: «Həqiqətən mənə vəhy olunur ki, sizin məbudunuz tək olan Allahdır. Belə isə siz (bu sözün müqabilində) təslim olacaqsınızmı?»

109. Əgər üz döndərsələr de: «Sizə bərabər şəkildə elan və xəbərdarlıq etdim. Sizə vəd olunan şeyin yaxın yoxsa uzaq olmasını (isə) bilmirəm.»

110. O, aşkar sözü (sizin İslamdan eyb axtarmağınızı, ona tənə vurmağınızı və istehza etməyinizi) də bilir, sizin gizlətdiklərinizi də (İslamla düşmənçilik etməyinizi, onu məhv etmək üçün plan hazırlayıb hiylələr qurmağınızı da).

111. Mən bilmirəm, bəlkə də (mənim) bu (xəbərdarlığım və vəd edilən əzabın gecikməsi) sizin üçün bir sınaq və (müəyyən) bir müddətədək bəhrələnmək (üçün bir möhlət)dir.

112. (Peyğəmbər) dedi: «Ey Rəbbim, (mənimlə bu müşriklərin arasında) haqq əsasında hökm çıxar. Və (ey müşriklər,) bizim mehriban Rəbbimiz sizin (qalib gələcəyiniz və müsəlmanların məğlub olacaqları barəsində) dedikləriniz müqabilində (mənim üçün) mədəd yeridir.»

Əl-Həcc ‏ surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ey insanlar, öz Rəbbinizdən qorxun! Həqiqətən qiyamətin (Surun birinci dəfə çalınmasından qabaq baş verəcək) zəlzələsi çox böyük bir şeydir.

2. Onu gördüyünüz gün, (şahid olacaqsınız ki,) hər bir əmzikli qadın körpəsinə süd verməyi unudacaq və hər bir hamilə qadın öz (bətnindəki) yükünü yerə qoyacaqdır. Və (həmin gün) insanları sərxoş görərsən, amma onlar sərxoş deyildirlər, lakin Allahın əzabı şiddətlidir.

3. İnsanlardan eləsi var ki, həmişə, heç bir biliyi olmadan Allah barəsində (mələklər Onun qızlarıdır, Quran keçmişlərin əfsanələridir, axirət yalan şeydir deyə) mübahisə edir və hər bir murdar və itaətsiz şeytana tabe olur.

4. (Allahın əzəli elminə müvafiq olaraq Lövhi-Məhfuzda) onun (Şeytanın) barəsində (belə) yazılıb və qərara alınıb ki: «Kim onu (özünə) dost və başçı götürsə şübhəsiz, (Şeytan) onu (səadət yollarından) azdıracaq və şöləli odun əzabına doğru istiqamətləndirəcəkdir.»

5. Ey insanlar! Əgər (ölümdən sonra) dirilməyə şübhə edirsinizsə, onda (öz yaradılışınıza diqqət yetirin. Görmürsünüzmü ki,) Biz sizi (ulu baba və nənənizi möcüzəvi şəkildə birbaşa) torpaqdan, sonra (onların sonrakı nəsillərini isə vasitə ilə, torpağın tərkibində olan maddələri cəzb edib bədənə ötürməklə) nütfədən, sonra ələqədən (nütfənin dönüb olduğu laxta qandan) daha sonra bəzisinin yaradılışı kamil, bəzisininki isə qeyri-kamil olan muzğədən (ələqənin dönüb olduğu ət parçasından) yaratdıq ki, sizə (bu tədrici yaradılışda qüdrət və hikmətimizin son həddini) aydınlaşdıraq. Biz (muzğədən) istədiyimizi (dölün kamilləşdiyi) müəyyən müddətədək uşaqlıqda saxlayırıq. Sonra sizi körpə olaraq (doğurub) çıxarırıq. (Daha) sonra cismi və ruhi kamala çatmağınız üçün (sizi qoruyuruq). Sizdən bəzisi (qocalmamış) vəfat edir və bəziniz ömrün ən aşağı mərhələsinə kimi aparılır ki, nəhayət o, (çoxlu) elmdən sonra heç nə bilməz. Və (qışda) yeri (torpağı) quru və ölmüş görürsən. Amma ona (yağış, qar və dolu şəklində) su göndərən kimi hərəkətə gəlir, qabarır və sevinc gətirən hər növ (bitki)dən bitirir.

6. (İnsan və bitkilərin) bu (cür yaradılmaları) ona görədir ki, Allah haqdır, ölüləri dirildən Odur və O, hər şeyə qadirdir.

7. Və buna görə(dir) ki, qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir.

8. İnsanlardan eləsi var ki, heç bir elmi dəlili (və əqli sübutu), heç bir hidayəti (və batini idrakı) və heç bir aydın səma kitabı olmadan həmişə Allah barəsində mübahisə edir.

9. (Özü də bunu, başqalarını) Allah yolundan azdırmaq üçün (ilahi dəvətdən) təkəbbürlə üz döndərərək və ona arxa çevirərək (edir). Dünyada onun üçün (Məkkə müşrikləri kimi) xarlıq və rüsvayçılıq vardır və Qiyamət günü ona yandırıcı bir əzab daddıracağıq.

10. (Cəhənnəmdə ona deyiləcək:) «Bu əzab sənin öz əllərinin qabağa göndərdiyi əməllərə görədir, (yoxsa ki,) Allah bəndələrinə əsla zülm edən deyildir (onları cəzalandırandır).

11. İnsanlardan eləsi var ki, Allaha bir tərəfli ibadət edir (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə də əgər həmin şəxsə bir xeyir (sərvət, can sağlığı və məqam) yetişsə, ona arxayınlaşar və əgər bir sınağa çəkilsə (mal və canına bir zərər-ziyan dəysə) üz döndərərək qayıdar. Belə olan şəxs öz dünya və axirətində ziyana uğramışdır (dünyada əməlləri puç olar və axirətdə şirk və günahlarının cəzasına düçar olar). Budur həmin açıq-aşkar ziyan!

12. O, Allahın yerinə ona nə zərər vuran və nə də xeyir yetirən şeyi (bütləri) çağırır. Budur həmin uzun-uzadı azğınlıq!

13. O, ziyanı xeyirindən daha (çox və) yaxın olan kəsi çağırır (onun ziyanı şirkin nəticələri, xeyiri isə xülyadır). Necə də pis yardımçı və başçı, necə də pis yoldaş və həmdəmdir!

14. Həqiqətən Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Əlbəttə, Allah qəti istədiyini yerinə yetirər.

15. (Məkkə müşriklərindən) kim Allahın ona (Muhəmmədə) dünya və axirətə əsla kömək etməyəcəyini güman edirdisə (amma indi Allahın ona yardım etməsini görürsə) [yaxud: kim özü barəsində Allahın dünya və axirətdə ona kömək etməyəcəyini güman etsə və haqqın mərhəmətinə naümid olsa] tavana bir kəndir uzatsın, sonra (özünü) boğazdan assın. O zaman baxsın ki, bu hiylə onun qəzəb və qeyzini aradan qaldırır?

16. Biz bu kitabı beləcə (bu ayələri nazil etdiyimiz kimi tovhid və dini təlimlərin) aydın dəlillər(i) olaraq nazil etdik və həqiqətən Allah istədiyini doğru yola yönəldir.

17. Şübhəsiz, Allah Qiyamət günü (Muhəmmədə və onun kitabına) iman gətirənləri, yəhudiləri, sabiiləri, xaçpərəstləri, zərdüştiləri və müşrikləri (dinlərinin doğruluğu və ya səhvliyi və kimin mükafata, kimin cəzaya layiq olması baxımından) şübhəsiz bir-birindən ayıracaqdır. Həqiqətən Allah hər şeyə şahiddir.

18. Məgər göylərdə və yerdə olan hər bir kəsin (və onlarda olan hər bir şeyin), günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların (qeyri-ixtiyari şəkildə), həmçinin (mömin) insanların çoxunun (ixtiyari şəkildə) Allah qarşısında səcdə etmələrini və (səcdə etməkdən boyun qaçırdıqları üçün insan və cinlərin) bir çoxlarına (şeytanların isə hamısına) əzabın təsbit olunduğunu (qəlb gözü ilə) görmürsən? (Bəli, Allah onları alçaldıb.) Allahın alçaltdığı kəsi əsla əziz tutan olmaz. Çünki Allah qəti istədiyini edir.

19. Bu ikisi (mömin və kafir dəstələri) öz Rəbbləri barəsində (Allahın varlığı, təkliyi, rübubiyyət və übudiyyəti barəsində) çəkişən düşmənlərdir. Beləliklə küfr etmiş kəslər üçün oddan libaslar kəsilmişdir və (Cəhənnəmdə) onların başlarına qaynar su töküləcəkdir.

20. Onunla da (həmin su ilə) qarınlarında olanlar və dəriləri əriyəcəkdir.

21. Və onlar(a əzab vermək) üçün dəmir toppuzlar (da) vardır.

22. Nə vaxt qüssədən (onun çoxluğundan) oradan çıxmaq istəsələr (yenidən məcburi şəkildə) ora qaytarılarlar və (onlara deyilər:) dadın yandırıcı əzabı!

23. Şübhəsiz, Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl qolbağlar və mirvari (boyunbağılarla) bəzədilərlər və onların oradakı (adi) libasları naxışlı ipəkdəndir.

24. Onlar (mələklərlə rastlaşanda və öz aralarında salam, şükr və bu kimi fərəh gətirən) pak söz(lər)ə istiqamətləndiriliblər və sifətləri mədh edilmiş Allahın yoluna hidayət ediliblər (ki, onlar da tərifə layiq sifətlərə malik olsunlar).

25. Əlbəttə, kafir olmuş və (insanları) Allahın yolundan və Bizim (bütün) insanlar(ın ibadət etməsi) üçün müəyyənləşdirdiymiz və yerli ilə müsafirin bərabər olduğu Məscidul-həramdan saxlayan kəslər (yollarını azmış və camaata zülm edən bir dəstədirlər). Kim onda (insanlara) zülm etmək məqsədi ilə (haqqdan) üz döndərsə ona ağrılı əzab daddırarıq.

26. Və (yada sal) o zaman(ı) ki, İbrahim üçün (Kəbənin sütunlarını Adəmin qoyduğu təməl üzərində qaldırsın deyə) Kəbə evinin yerini hazırladıq (və ona dedik) ki: «(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və Mənim evimi təvaf edənlər, (ibadətə) duranlar və ruku və səcdə edənlər üçün təmizlə!»

27. «Və insanları ümumi şəkildə (Allah evinin) həcc(in)ə çağır ki, (onlar sənin dəvətin nəticəsində Qiyamət gününə kimi) piyada və hər uzaq yoldan gələn arıq dəvələr üstündə sənə tərəf üz tutsunlar.»

28. «Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər və müəyyən günlərdə (Zilhiccə ayının ilk on günündə, yaxud bayram günü və ondan sonrakı üç gündə) Allahın onların ruzisi etmiş olduğu heyvanlar(ı – dəvə, inək və qoyunu qurban kəsərkən onların başı) üzərində Onun adını çəksinlər. Beləliklə, ondan özünüz də yeyin, çox ehtiyac içində olan yoxsula da yedirin.»

29. «Sonra (başı qırxmaq, ehramdan çıxmaq və qüsl verərək təmizlik işləri aparmaqla) öz (bədənlərinin) bulaşıq və çirklərini yox etsinlər. Və öz (boyunlarında olan) nəzirlərinə vəfa etsinlər və həmin əziz, qədim və azad evin ətrafında təvaf etsinlər!»

30. (Ya Peyğəmbər!) Budur (İbrahimə və sənə yazdığım həcc)! Kim Allahın müqəddəs ayinlərinə ehtiram göstərsə, (bu,) onun üçün Rəbbinin yanında daha yaxşıdır. Həmişə sizə oxunanları çıxmaqla, bütün heyvanlar sizə halal edildi. Buna görə də murdar bütlərdən çəkinin və (yalan, böhtan, yalandan şahidlik və mahnı oxumaq kimi batil və) əyri söz(lər)dən uzaq olun.

31. Allaha görə haqpərəst olub müşriklərdən olmadan (murdar və batildən çəkinin). (Vücud, rübubiyyət, xilqət və ibadətdə) Allaha şərik qoşan kəs, sanki göydən düşüb və ov quşları onu qapırlar (və özlərinə yem edirlər) və ya (güclü) külək onu uzaq bir yerə atır.

32. Budur (həcc əməlləri)! Kim Allahın (buyurduğu həccin və Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur.

33. Onda (qurbanlıq heyvanlarda) müəyyən müddətədək (ehram bağlayandan onları kəsənə kimi) sizin üçün (süd, yun, bala vermələri və minik olmaları kimi) mənfəətlər vardır. Sonra onları qurban kəsməyin vaxtı o qədim və azad (Kəbə) ev(in)ə çatandadır.

34. (Qurban kəsmək təkcə İbrahimin davamçıları olan sizin həcc əməllərinizə aid deyil.) Hər bir şəriət əhli üçün məxsus qurban ibadəti (və ya qurbanı olan həcc əməlləri) müəyyənləşdirmişik ki, (qurbanlarını kəsəndə) ruziləri etdiyimiz heyvanların (başları) üzərində Allahın adını çəksinlər. Çünki sizin Allahınız tək olan Allahdır. Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə müjdə ver.

35. O kəslərə ki, Allah yad ediləndə (Onun adı çəkiləndə) qəlbləri qorxuya düşür, üz verən (çətinlik)lərə səbr edir, namaz qılır və verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.

36. Biz kök dəvələri (də həcc mərasimində) sizin üçün Allahın (dininin) əlamətlərindən (rəmzlərindən) etmişik. Onlarda sizin üçün (dünya və axirət) xeyir(i) vardır. Buna görə də (onları qurban kəsəndə) ayaq üstə dayandıqları halda başları üzərində Allahın adını çəkin (və sonra özünəməxsus qaydada kəsin). Elə ki, yanları yerə dəydi (və onları təmiz kəsib qurtardınız) onlardan yeyin və qane yoxsullara və uman kasıblara da yedirin. Onları beləcə sizə ram etmişik ki, bəlkə şükr etdiniz.

37. Allaha əsla onların əti və qanları çatmaz, əksinə Ona sizin tərəfinizdən (qəlb və batində olan) təqva çatar. Allah onları beləcə sizə ram etdi ki, sizi doğru yola yönəltməsinin müqabilində Allaha təkbir deyəsiniz və Onu uca tutasınız. Və (ey Peyğəmbər, sən) yaxşı işlər görənlərə müjdə ver.

38. Həqiqətən Allah iman gətirmiş kəsləri müdafiə edir (düşmənlərin hücumlarını dəf edir və qələbə yolunu açır). Əlbəttə, Allah heç bir nankor xəyanətkarı sevmir.

39. Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə əlbəttə, tam qadirdir.

40. O kəslər(ə) ki, öz evlərindən haqsız yerə (heç bir günahları olmadan) yalnız «bizim Rəbbimiz tək olan Allahdır» dediklərinə görə çıxarılmışlar. Əgər Allah insanların bəzisini digər bəzisi ilə (bütün əsrlərdə kafirləri möminlər vasitəsi ilə dini toplum və məkanlardan) dəf etməsəydi əlbəttə, rahiblərin monastırları, xaçpərəstlərin kilsələri, yəhudilərin məbədləri və müsəlmanların, içərisində çox vaxt Allahın adı zikr edilən məscidləri viran olardı. Allah şübhəsiz, Ona (Onun dininə) yardım edənə yardım edəcəkdir. Həqiqətən Allah qüvvətli və yenilməzdir.

41. O kəslərə ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) və güc versək namaz qılar, zəkat verər, (insanları ağıl və şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir nalayiq və çirkin işdən saxlayarlar. Bütün işlərin sonu Allaha məxsusdur.

42. (Ya Peyğəmbər!) Əgər səni təkzib etsələr (bu təəccüblü deyil, çünki) onlardan qabaq Nuhun qövmü, (Hudun qövmü) Ad və (Salehin qövmü) Səmud da (öz peyğəmbərlərini) təkzib etmişdi.

43. Həmiçnin İbrahimin və Lutun qövmü.

44. Və eləcə də (Şüeybin qömü) Mədyən əhli. Musa da təkzib edilmişdi. Kafirlərə bir müddət möhlət verdim, sonra onları qəzəblə yaxaladım. Buna görə də (bax gör) Mənim kəskin əks-əməlim necə idi?

45. Beləliklə neçə-neçə insan cəmiyyətlərini (özlərinə və başqalarına) zalım olduqları halda məhv etdik. (Əzabın nazil olması nəticəsində tavanları yatıb və) evləri(nin divarları) tavanların üstünə uçub. Və (nə çox) tərk edilmiş quyular və uca möhkəm saraylar (ki, hamısı boş sahibsiz qalıb)!

46. Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur.

47. Onlar (istehza ilə) səndən (vəd olunmuş) əzabın tezləşdirilməsini istəyirlər. Halbuki Allah əsla vədinə xilaf çıxmaz. Həqiqətən sənin Rəbbinin yanında bir gün sizin saydığınız min il kimidir. (Zaman çərçivəsindən xaric və onun yaradanı olan Allah üçün bir gün ilə min il birdir. Buna görə də Onun barəsində tələsmək təsəvvüredilməzdir.)

48. Neçə-neçə insan cəmiyyətləri (var idi) ki, onlara zalım oduqları halda möhlət verdim. Sonra onları (qəzəblə) yaxaladım. (Bütün canlı varlıqların) qayıdış(ı) Mənə tərəfdir.

49. De: «Ey insanlar! Mən sizin üçün yalnız aşkar bir qorxudanam (sizi küfr və itaətsizliyin pis nəticəsindən qorxuduram).

50. Buna görə də bağışlanma və gözəl, ürəyəyatan ruzi iman gətirib yaxşı işlər görənlər üçündür.

51. Bizi aciz qoymaq məqsədi ilə ayə və nişanələrimiz(lə mübarizə aparmaq istiqamətin)də çalışanlar od əhlidirlər.

52. Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda və ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın və onun yüksək hədəfləri müqabilində batil məsələlər təlqin etməsin. Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən və hikmət sahibidir.

53. (Şeytana belə bir imkan verməkdən məqsəd budur) ki, şeytanın təlqin etdiklərini qəlblərində mərəz olanları və daşürəkli kəslərin sınaq vasitəsi etsin. Həqiqətən zalımlar uzun-uzadı bir müxalifətdə, ədavət içərisindədirlər.

54. Və (dini) elm verilmiş şəxslərin onun (rəsul və nəbinin dəvətinin) sənin Rəbbin tərəfindən haqq olmasını bilmələri, buna görə də ona iman gətirmələri və nəticədə onların qəlblərinin onun qarşısında ram və müti olması üçün! Həqiqətən Allah iman gətirənləri doğru yola (imandan sonrakı kamilliklərə) tərəf istiqamətləndirəndir.

55. (Qüreyş kafirlərindən) küfr edənlər həmişə (ölüm) saatı qəfil onlara çatana və ya qısır günün (heç bir şeyin yenidən yerinə yetirilməsi mümkün olmayan Qiyamət gününün) əzabı onların arxasınca gələnə kimi bunun (Quranın və ya sənin peyğəmbərliyinin) barəsində şübhə və tərəddüddə olarlar.

56. Həmin gün (həqiqi və zahiri mütləq) hökmdarlıq Allaha məxsusdur. Onların (Məhşər səhnəsində olanların) arasında O, hökm çıxaracaqdır. Beləliklə iman gətirmiş və yaxşı işlər görmüş kəslər nemət dolu bağlarda olacaqlar.

57. Küfr etmiş və Bizim (tovhid, kitabın doğruluğu və din) nişanələrimizi təkzib və inkar etmiş kəslər üçün isə alçaldıcı əzab vardır.



Geri   İrəli
Go to TOP