A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


81. Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür.

82. Həqiqətən Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam. (Çünki İslamı qəbul edən kimi əvvəlki küfr, günahlar və digər ilahi haqların kəffarə və qəzaları yeni müsəlman olmuş şəxsin boynundan götürülür.)

83. (Musa qövmünün seçilmiş nümayəndələri ilə Tur dağına gələndə, mənzil başına onlardan tez çatdı. Ona belə xitab oldu ki:) Ey Musa, səni nə tələsdirdi ki, qövmündən qabaq gəldin?

84. Dedi: İndi onlar da mənim arxamca gəlirlər. Ey Rəbbim, mən Sənə tərəf tələsdim ki, məndən razı qalasan.

85. Allah buyurdu: Biz səndən sonra sənin qövmünü sınadıq və Samiri onları (Mənə ibadətdən) azdırdı.

86. Musa acıqlı və heyfsilənən halda qövmünə tərəf qayıtdı. Dedi: Ey mənim qövmüm, məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdi (ki, sizə Tövratı nazil etsin)? Yoxsa (mənim getdiyim) müddət sizə çox gəldi və ya Rəbbinizdən sizə bir qəzəb nazil olmasını istədiyiniz üçün mənim vədimə xilaf çıxdınız?

87. Dedilər: Biz sənin vədinə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin bizim çiynimizə (Fironun) qövmün(ün) çoxlu miqdarda zinəti qoyulmuşdu. Onları (od kürəsinə) atdıq, həmçinin Samiri də (özündə olanları) atdı.

88. Beləliklə (Samiri) onlar üçün (ərimiş zinət əşyalarından) böyürən bir buzov heykəli (hazırlayıb) çıxartdı. (O və dindaşları) dedilər: Bu sizin və Musanın Allahıdır, (Musa) onu unudub (ardınca Tur dağına gedib. Yaxud: Samiri Allahı unutdu və camaatı buzova sitayiş etməyə məcbur etdi).

89. Məgər onlar həmin buzovun (çağıran zaman) onlara bir cavab vermədiyini və onlar üçün bir ziyan və xeyirə malik olmadığını görmürlər?!

90. Əlbəttə Harun bundan qabaq onlara demişdi: «Ey mənim qövmüm, siz bunun (buzova sitayiş etməyinizin) vasitəsi ilə sınandınız; həqiqətən sizin Rəbbiniz Rəhman olan Allahdır, buna görə də mənə tabe olun və mənim əmrlərimə itaət edin.»

91. Dedilər: «Musa bizim yanımıza qayıtmayınca biz bundan (bu buzova ibadət etməkdən) ayrılmayacağıq.»

92. (Musa görüşdən qayıdanda) dedi: «Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu

93. ki, mənə tabe olasan (və onların şirklərinin qarşısını alasan)? Mənim əmrimə itaətsizlik etdin?»

94. Harun dedi: «Anam oğlu! Saqqal və başımdan tutma. Həqiqətən mən (onlara təzyiq göstərəcəyim təqdirdə) sənin «İsrail övladlarının arasına təfriqə saldın və mənim tapşırığıma əməl etmədin» deyəcəyindən qorxdum.»

95. Musa dedi: «Ey Samiri, sənin (bu böyük qəbahəti etməkdən) məqsədin nə idi?»

96. Dedi: «Mən onların görmədiyi və bilmədiyi bir şeyi (mələyin ayağının torpağının hərəkət etməsini və heykəltəraşlıq peşəsini) gördüm və bildim. Beləliklə həmin elçinin (yəni Cəbrailin) ayağının torpağından bir ovuc götürdüm və onu (buzovun heykəlinin içinə) atdım (və o buzov səsi çıxartdı və camaatı ona ibadət etməyə dəvət etdim). Və nəfsim (bu çirkin əməli) mənə beləcə gözəl göstərdi.»

97. Musa dedi: «Belə isə (camaatın arasından) çıx və sənin həyatdan payın mütləq «mənə toxunmayın» deməkdir (yoluxucu xəstəliyə görə hamı səndən qorxacaq və ya ruhi xəstəliyə tutularaq sən hamıdan qorxacaq və hamıya «mənə toxunmayın» deyəcəksən). Əlbəttə, sənin üçün barəndə xilaf çıxılmayacaq vədə vaxtı da vardır. İndi, (ibadətindən) heç vaxt ayrılmadığın o məbuda bax ki, onu mütləq odda yandıracaq, sonra külünü dənizə səpəcəyik.»

98. Sizin məbudunuz yalnız (bütün kamilliklərə malik və zatı vacib olan) Allahdır ki, Ondan başqa bir məbud yoxdur. Onun elmi ( də vücudu, qüdrəti və mərhəməti kimi) hər şeyi əhatə etmişdir.

99. (Ey Peyğəmbər!) Biz keçənlərin xəbərlərini sənə bu cür nəql edirik. Həqiqətən sənə Öz tərəfimizdən bir zikr (adının yaxşılıqla zikr edilməsi və səma kitabı) əta etmişik.

100. Ondan üz döndərən kəs şübhəsiz, Qiyamət günü çiynində (küfr əqidəsi və günah əməllərindən ibarət) ağır bir yük çəkəcəkdir.

101. Onlar onda (günah yükünün altında) əbədi qalacaqlar. Və o, Qiyamət günü onlar üçün necə də pis bir yük olacaqdır.

102. (İsrafilin) surun(un üçüncü dəfə) çalınacağı gün! Biz həmin gün günahkarları (Məhşər səhnəsinə) çirkin və kor şəkildə toplayacağıq.

103. Onlar öz aralarında gizlincə danışarlar ki: (Dünyada və ya Bərzəx aləmində sanki) on gündən artıq qalmamısınız.»

104. Biz onların (Məhşər səhnəsinə gətirildikdən sonra ömürlərini və ya Bərzəx aləmini əbədiliklə müqayisə edərək) dediklərini daha yaxşı bilirik. O zaman onların həqiqətə ən yaxın olanı deyər: «Bir gündən artıq qalmamısınız.» (Çünki azlıq və qısalıq baxımından bir gün on gündən daha düzgün və ədalətlidir.)

105. Və səndən dağlar(ın taleyi) barəsində soruşurlar. De: «Rəbbim onları (toz-torpaq kimi) küləyə verəcəkdir.»

106. Beləliklə, bunu (yeri) hamar, dümdüz və bomboş hala salacaqdır.

107. Belə ki, onda (yerdə) heç bir hündür-alçaqlıq görməzsən.

108. Həmin gün hamı haqqa çağırana tabe olar, nə dəvət edəndən bir səhv və əyrilik, nə də dəvət ediləndən bir sapma və itaətsizlik baş verər. Rəhman olan Allahın qarşısında bütün səslər batar və yavaş nəfəs səsləri və aram ayaq sədasından başqa bir şey eşitməzsən.

109. Həmin gün (cəzanın tam aradan götürülməsi və ya silinməsi, yaxud məqamın ucaldılması barəsində) Rəhman Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən (peyğəmbərlər, mələklər və əməlisaleh insanlardan) başqa heç kəsin şəfaətinin xeyiri olmaz.

110. Allah onların (dünyadakı) keçmişlərini (ömür və əməllərini) və gələcəklərini (mükafat və cəzalarını) bilir və onlar öz hallarından və Allahın elmindən xəbərsizdirlər.

111. (Həmin gün batinin aynası olan) üzlər diri, əbədi və varlığı bərqərar saxlayan Allahın qarşısında zəlil və itaətkar olacaqlar. Və əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə) naümid olacaqdır.

112. Mömin olaraq yaxşı işlər görən kəs, əsla nə zülmdən və haqqın kəsilməsindən qorxar, nə də şəxsiyyətinin kiçildilməsindən!

113. Beləcə (gördüyün kimi) Biz bunu (bu kitabı) ərəbcə bir Quran olaraq nazil etdik və onda hər cür xəbərdarlıq və təhdid gətirdik ki, bəlkə (düşmənçilik və inadkarlıqdan) çəkinsinlər, yaxud (bu Quran) onlar üçün yeni bir ibrət gətirsin.

114. Buna görə də varlığın mütləq sahib və hökmdarı, haqq və sabit olan Allah pak və ucadır. Quranın sənə vəhy (edilməs)i sona çatmamışdan qabaq on(un mənimsənilməsi və oxunmasın)da tələsmə və «ey Rəbbim, mənim elmimi artır!» de.

115. Həqiqətən Biz əvvəlcədən Adəmə tapşırdıq (ki, qadağan edilmiş ağacdan yeməsin). Amma o unutdu və Biz onda (möhkəm) əzm görmədik.

116. Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. İblisdən başqa (onların hamısı) səcdə etdilər. O, (səcdə etməkdən) boyun qaçırtdı.

117. Onda Biz buyurduq: «Ey Adəm, həqiqətən bu (İblis) sənin və zövcənin düşmənidir. Buna görə də məbada sizi bu Cənnətdən çıxarsın, nəticədə (yaşayışının idarə edilməsində) əzab-əziyyətə düşəsən».

118. Və əlbəttə, burada sənin üçün bu (nemət) var ki, nə acar, nə də çılpaq qalarsan.

119. Həmçinin onda nə susuzlayarsan, nə də səni gün vurar!

120. Beləliklə Şeytan ona vəsvəsə edərək dedi: «Ey Adəm! Sənə əbədilik ağacını (əbədi meyvə verən və ya meyvəsi əbədi həyat bəxş edən ağacı) və köhnəlməz (heç bir hadisə ilə zəifləməyən və dağılmayan) səltənət yolunu göstərim?»

121. Beləliklə (Adəm ilə Həvvanın) hər ikisi həmin ağacdan (onun meyvəsindən) yedilər. (Birdən onların məxsus cənnət libasları əyinlərindən töküldü və) ayıb yerləri onlara aşkar oldu və onlar Cənnət (ağaclarının) yarpaqlarından özlərinə yapışdırmağa başladılar. Adəm öz Rəbbinə (Onun yalnız dünya zərəri olan və ilahi vəzifənin pozulması sayılmayan istiqamətləndirmə göstərişində) itaətsizlik etdi və səhv yola düşdü.

122. Sonra Rəbbi onu (peyğəmbərliyə) seçdi, ona nəzər yetirdi və (onu dinin əsas və qollarına) hidayət etdi.

123. (Allah) buyurdu: «Hər ikiniz bu mühitdən (yer kürəsinə) enin (və orada nəsil artırın). Sizdən (siz insanlardan) bəzisi digər bəzisinin düşməni olacaqsınız. Əgər Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər vasitəsi ilə bir din) gəlsə, həmin hidayətə tabe olan kəs heç vaxt nə yolunu azar və nə də bədbəxt olar.

124. Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik.

125. O deyər: «Ey Rəbbim, mən (dünyada) gördüyüm halda nə üçün məni Məhşərə kor gətirdin?»

126. (Allah) buyurar: Sənə Bizim aydın ayə və nişanələrimiz gəldi, amma sən (bu gün kor olduğun və unudulduğun kimi) onları unutdun. Sən bu gün də (kor olacaq və) unudulacaqsan!

127. Biz israf edən (həddini aşan) və öz Rəbbinin ayə və nişanələrinə iman gətirməyən şəxsi (dünyada) belə cəzalandırırıq. Və əlbəttə, axirət əzabı daha ağır və sürəklidir.

128. Məgər onlardan (Məkkə müşriklərindən) qabaq onların indi məskənlərində gəzdikləri çoxlu dəstələri məhv etməyimiz (Məkkə əhalisinin Yəməndəki Ad, Şamdakı Səmud və Əykə, Fələstindəki Lut qövmünün məskənlərində gəzib onların məhv edilmələrini görmələri) onlar üçün hidayət mənbəyi olmur?! Həqiqətən bunda (bu hadisələrdə) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət və qəzəbini göstərən) nişanələr vardır.

129. Əgər Rəbbin tərəfindən keçmiş söz (onlara qəfildən əzab göndərməmək barəsində Lövhi-Məhfuzda yazılmış qəti hökm) və (onların ömür müddətləri barəsində) təyin edilmiş müddət olmasaydı, şübhəsiz, (keçmiş ümmətlərə gəlmiş əzabın onlara da verilməsi) lazım gələrdi (və onların hamısını birlikdə həlak edərdik).

130. Buna görə də onların dediklərinə səbr et və günəş çıxandan və batandan qabaq Rəbbini, Ona sitayişlə birlikdə pak sifətlərlə mədh et (sübh, zöhr və əsr namazlarını qıl və ya digər zikrləri oxu). Həmçinin Onu (məğrib və işa namazlarını qılmaq və digər zikrləri oxumaqla) gecə saatlarında və (nafilə namazları və digər ibadətlərlə) günün radələrində pak sifətlərlə mədh edərək müqəddəs bil ki, bəlkə (Allahın lütflərinin sənə şamil olması ilə) razı qalasan.

131. Sınamaq üçün onların bəzi təbəqələrini bəhrələndirdiyimiz şeyə (var-dövlət, övlad və məqama) gözünü dikmə ki, onlar dünya həyatının çiçək və zinətləridir. Və Rəbbinin ruzisi (kitab və din) daha yaxşı və əbədidir.

132. Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbr et. Biz səndən heç bir ruzi istəmirik (ki, sənin də imkanın olmasın və gücün çatmasın). Sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya məxsusdur.

133. (Kafirlər Quranı qəbul etməyib Salehin dəvəsi və Musanın əsası kimi başqa bir möcüzə istəyərək) dedilər: «Nə üçün (Muhəmməd) bizə öz Rəbbi tərəfindən bir ayə və möcüzə gətirmir?» Məgər əvvəlki kitablardakıların aydın açıqlaması (olan bu Quran) onlara çatmayıb?!

134. Əgər Biz onları bundan (Muhəmmədin (s) peyğəmbərliyə göndərilməsindən və ya Quranın nazil olmasından) qabaq həlak etsəydik, mütləq «ey Rəbbimiz, nə üçün bizə bir peyğəmbər göndərmədin ki, zəlil və xar olmamışdan qabaq Sənin ayələrinə tabe olaq» deyərdilər.

135. De: «Hər birimiz (həm siz və həm də biz) gözləyirik (biz Allahın düşməninin məğlub və dinin kamil olması haqqında Onun vədinin gerçəkləşməsini, siz isə bizim məğlub olmağımızı və dəvətimizin puç olmasını gözləyirsiniz). Buna görə də gözləyin. Tezliklə doğru yolun sahiblərinin kimlər olmasını və kimin doğru yolu tapmasını biləcəksiniz.

 Əl-Ənbiya surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. İnsanlarla (Qiyamətdə) haqq-hesab aparılması yaxınlaşıb (o, Allah baxımından yaxındır, və yaxud: ümumiyyətlə gəlməsi qəti olan hər bir şey yaxındır), halbuki onlar (həmin haqq-hesabdan) qəflətdədirlər və üz döndərirlər.

2. Rəbblərindən onlara nə yeni öyüd-nəsihət (vəhy, Quran və möcüzə) gəlirsə ona (nəfsi istəkləri ilə) oynayan və əylənən halda qulaq asırlar (lakin ciddi qəbul etmirlər).

3. (Vəhy və Qurana) qəlbləri (puç və batil işlərə) məşğul olan halda (qulaq asarlar). Zalımlar öz sirli danışıqlarını gizlədərək «məgər bu (Muhəmməd) sizin kimi bir bəşər deyil?! Özünüz görə-görə caduya tərəf gedirsiniz!» (deyərlər).

4. (Peyğəmbər) dedi: «(Əbəs yerə pıçıltı ilə danışmayın, çünki) mənim Rəbbim göydə və yerdə olan hər bir danışığı bilir və O, (hər şeyi) eşidən və biləndir.»

5. Hətta dedilər: «(Sehr deyil, Muhəmmədin özünün və ya başqalarının gördüyü) bir ovuc qarmaqarışıq yuxulardır. Xeyr, özünün uydurduğu yalanlardır. Xeyr, o şairdir (bu kitab da onun şerləridir). Buna görə də, (əgər doğru deyirsə) gərək əvvəlkilər (Salehin dəvəsi, Musanın əsası, İsanın süfrəsi kimi möcüzələrlə) göndərildikləri kimi (o da bizə bir) möcüzə gətirsin.»

6. Onlardan qabaq da Bizim həlak etdiyimiz toplumların heç biri iman gətirmədi. Bunlar iman gətirəcəklər?!

7. Biz səndən öncə də (insanlara peyğəmbər və ilahi elçi olaraq mələkləri, qadınları və cinləri deyil) yalnız vəhy etdiyimiz kişiləri göndərmişik. Buna görə də əgər (Allahın bu cari qanununu) bilmirsinizsə, zikr əhlindən (təhrif olunmamış Tövratın, İncilin və digər səma kitablarının alimlərindən) soruşun.

8. Biz həmin peyğəmbərləri yemək yeməyən (həzm orqanı olmayan) bədənlər yaratmadıq və onlar əbədi də olmayıblar (ki ölməsinlər).

9. Sonra onlara verdiyimiz vədi (dinin möhkəmləndirilməsi və düşmənlərin məhv edilməsi vədini) həyata keçirdik. Beləliklə onlara və istədiyimiz şəxslərə nicat verdik və (Allahın təyin etdiyi) həddi aşanları məhv etdik.

10. Həqiqətən Biz sizə (və tarix boyu olacaq bütün gələcək insanlara) içində sizin üçün (dinin hökmlərini, əxlaqi dəyərləri və müxtəlif bilikləri) xatırladan bir kitab nazil etdik, heç düşünmürsünüz?!

11. Biz (şirk, küfr və günahlarda həddi aşmış) neçə-neçə zalım insan cəmiyyətlərini sarsıdıb məhv etdik və onlardan sonra başqa qövmlər yaratdıq.

12. Beləliklə Bizim əzabımızı hiss edən kimi dərhal tez ondan qaçırdılar.

13. (Onlara zahirdə istehza ilə və ya batini dillə deyilirdi:) Qaçmayın və içində olduğunuz naz-nemətə və məskənlərinizə tərəf qayıdın, bəlkə sorğu-sual edildiniz (yoxsullar sizdən mal istəsinlər və siz verməyəsiniz, nökər və xadimlər sizdən haqlarını istəsinlər, siz də öz kibr və məğrurluğunuzu davam etdirəsiniz).

14. Dedilər: «Vay olsun bizə! Doğrudan da biz zalım olmuşuq.»

15. Beləliklə onları (ot kimi) biçib (ölülər kimi) sakit edənə qədər o (ah-vayları) dillərində idi.

16. Biz göyü və yeri və onların arasında olanları oyun və əyləncə üçün yaratmamışıq.

17. Əgər Biz bir əyləncə (düzəltmək və ya arvad-uşaq) götürmək istəsəydik, (qeyri-mümkün olsa da fərz edək) əgər (bu işi) edən olsaydıq, şübhəsiz, onu Öz zatımızdan (və Öz vücudumuza uyğun gələn bir şeydən) götürərdik.

18. Əksinə, Biz haqqın vasitəsi ilə batilin başına vurarıq, (gedib) onun beyninə çatar. Beləliklə batil birdən məhv olar. (Aşkar tovhid dəlillərini və Quran ayələrini küfr və şirk əqidəsi üzərinə tökərik ki, onları tamamilə batil və puç etsin.) (Tovhid, peyğəmbərlik və məad barəsində) söylədiklərinizə görə vay olsun sizə!

19. Göylərdə və yerdə olan hər bir şey və hər bir kəs Ona məxsusdur (çünki yaratmaq, idarə etmək və yox etmək – bunların hamısı – Onun ixtiyarındadır). Onun yanında olanlar (mələklərdən, həmçinin insan və cinlərin əməlisalehlərindən Onun dərgahına yaxın olanlar) Ona ibadət etməkdən heç vaxt boyun qaçırmazlar və heç vaxt yorulmaz, zəif düşməzlər.

20. Onlar gecə-gündüz (Allahı) pak sifətlərlə mədh edər və heç vaxt süst olmazlar.

21. Yoxsa onlar yerdən (insanları dünyada yaradan və axirətdə) dirildən məbudlar (büt və cinlər) götürüblər?!

22. Əgər göylərdə və yerdə Allahdan başqa digər tanrılar olsaydı, şübhəsiz, (göylərin və yerin) hər ikisi (yaranmaq və qalmaq baxımından) xarab (zay) olardı. (Tədbirli, qüdrətli və müstəqil iradəyə malik bir neçə yaradanın olması yaradılışdan öncə ümumiyyətlə xilqətə mane olardı, belə tanrıların yaradılışdan sonra olması isə məxluqatın qalmasını pozardı.) Buna görə də ərşin sahibi olan (varlıq aləminə mütləq hakim olan) Allah (müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır.

23. O (Allah) etdikləri barəsində (heç kəs tərəfindən) sorğu-suala tutulmaz və onların hamısı (yaratdıqlarının hamısı Onun qarşısında) sorğu-sual edilərlər.

24. Onlar Allahın yerinə məbudlar götürüblər? De: «Dəlil-sübutunuzu gətirin. Bu (tovhidə dəvət və şirkin batil olması) mənimlə olanların və məndən qabaq olmuş kəslərin (peyğəmbərlərin) dilinin sözüdür. (Müşriklər dəlil-sübut və məntiq əhli deyildirlər,) əksinə, onların çoxu haqqı tanımırlar və buna görə də (ondan) üz döndərirlər.»

25. Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona «Məndən başqa bir məbud yoxdur, buna görə də (yalnız) Mənə ibadət edin» (deyə) vəhy etməyək.

26. (Bütpərəst müşriklər) «Rəhman olan Allah (mələklərdən) övlad götürmüşdür!» dedilər. Allah (ağılın, peyğəmbərlərin və səma kitablarının hökmünə əsasən övlad götürməkdən) pak (və uzaq)dır! Əksinə, onlar (mələklər) möhtərəm bəndələrdir. (Onların həqiqətləri nur, yerləri uca məkan, işləri ibadət və danışıqları zikrdir.)

27. Söhbətdə heç vaxt Allahdan qabağa keçməzlər (əksinə, söhbətlərinin mənşəyi Allahın əmri olar) və həmişə Onun (əzəli istəyinə müvafiq olan və elə iradələri də onun bir şüası olan istiqamətləndirici) əmri ilə iş görərlər.

28. Allah onların keçmişlərindən (yaradılışlarının əvvəlindən etdikləri bütün əməllərdən) və gələcəklərindən (əbədiyyətə kimi edəcəklərindən) xəbərdardır. Onlar Allahın (əqidəsini) bəyəndiyi kəsdən başqa heç kəs üçün şəfaət etməzlər və onlar (həmişə) Allah qorxusundan xofdadırlar.

29. Onlardan (mələk, insan və cinlərdən) hər kim «mən (özüm) Ondan qeyri və Onun müqabilində bir tanrıyam» desə, onu Cəhənnəmlə cəzalandırarıq. (Bəli,) Biz zalımları belə cəzalandırırıq.

30. Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və yer (göydəki planetlər və yer kürəsi) bir-birinə birləşik idilər və Biz onları parçalayaraq bir-birindən ayırdıq (və sonsuz planetlər yaratdıq)? [Yaxud: Göydəki planetlərin hər biri və yer bağlı və donmuş vəziyyətdə idilər və onları çaylar, mədənlər, ağaclar və bitkilər vasitəsi ilə yardıq və istifadəyə yararlı etdik.] Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?!

31. Yerin onları silkələməməsi üçün yer üzündə möhkəm və sabit dağlar qoyduq və onda (yerdə və ya dağların arasında) geniş yollar yaratdıq ki, bəlkə (öz məqsədlərinə) yol tapdılar.

32. Və göyü (onların başı üzərində uçub dağılmaqdan, şeytan və cinlərin keçmələrindən) qorunmuş tavan (kimi) etdik. Halbuki onlar onun (Bizim onda olan qüdrət və əzəmətimizin) nişanələrindən üz döndərirlər.

33. Gecə, gündüz, günəş və ayı (da) yaradan Odur. (Onların) hər biri bir çevrədə üzür. (Gecə ilə gündüzün çevrəsi yerin səthi, günəşin çevrəsi kəhkəşanların dərinlikləri və ayın çevrəsi yerin dövrəsidir.)

34. Biz səndən öncə (dünyada) heç bir bəşərə əbədiyyət verməmişik. Belə olan halda əgər sən ölsən bunlar əbədi qalacaqlar?!

35. Hər bir kəs ölümü dadacaqdır. Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız.

36. Kafirlər səni görəndə ancaq məsxərə edir (və deyir)lər: «Sizin tanrılarınızı (tənə ilə) yad edən kəs budur?!» Halbuki onlar Rəhman olan Allahın zikrinə (Onun tovhid və kitabına) kafirdirlər (və bu işdən qorxub çəkinmirlər).

37. (Gildən yaradılmış) insan (elə tələskəndir ki, sanki) tələskənlikdən yaradılmışdır (bu səbəbdən Allahın əzabında da tələsir). Tezliklə (əvvəlcə dünyada sonra axirətdə) Öz ayə (və əzab nişanə)lərimizi sizə göstərəcəyəm. Buna görə də Məni tələsdirməyin.

38. Və deyirlər: «Əgər doğruçusunuzsa, bu (əzab və Qiyamət) vəd(i) nə vaxtdır?!

39. Əgər küfr etmiş kəslər üzlərindən və arxalarından (Cəhənnəm) odu(nu) dəf edə bilməyəcəkləri və kömək də olunmayacaqları vaxtı bilsəydilər (əsla tələsməzdilər).

40. Xeyir, (Bərzəx odu ölüm vasitəsi ilə) onlara qəfildən yetişəcək və onları elə mat qoyacaq ki, onu nə dəf edə biləcəklər, nə də onlara möhlət veriləcəkdir.

41. Həqiqətən səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi. Onlara (peyğəmbərlərə) istehza edənləri istehza etdikləri şeyin cəzası tutdu.

42. De: «(Əgər O, sizə əzab vermək istəsə) sizi Rəhman olan Allah(ın əzabın)dan gecə və gündüz kim qoruyar?» (Xeyr, onlar qəflətdən ayılmırlar,) əksinə, onlar Rəbblərini yada salmaqdan tamamilə üz döndərirlər.

43. Məgər onların Bizdən başqa (Bizim əzablarımızdan) qoruyacaq tanrıları var? (Xeyr, əksinə, həmin tanrılar) nə özlərinə və bir-birlərinə kömək edə bilərlər və nə də Bizim tərəfimizdən onlara bir sığınacaq və kömək verilər.

44. Bəli, Biz onları (Məkkə müşriklərini) və onların atalarını (həyatın nemətlərindən) bəhrələndirdik, nəhayət ömürləri uzandı (və İsmailin zamanından indiyə kimi davam etdi və bütpərəst oldular). Məgər onlar Bizim yerə üz tutub onun kənarlarını azaltmağımızı görmürlər (küfr torpaqlarından kəsib İslam torpaqlarına əlavə edirik və onların əhalisini əsrlər keçdikcə azaldırıq, şəxslərin ardınca şəxslərin, millətlərin ardınca millətlərin kökünü kəsirik)? Belə olan halda onlar Bizə qalib gələcəklər?!

45. De: «Mən sizi yalnız vəhy vasitəsi ilə qorxuduram.» Lakin karlar qorxudulduqları zaman dəvəti eşitmirlər.

46. Əgər Rəbbinin əzabından onlara azacıq toxunsa, şübhəsiz, «vay olsun bizə, həqiqətən biz zalım idik» deyəcəklər.

47. Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir.

48. Həqiqətən Biz Musa ilə Haruna haqqı batildən ayırmaq vasitəsi, (qəlblərə və insanların mənəvi yoluna) aydınlıq (gətirən) və təqvalılar üçün öyüd-nəsihət (səma kitabı Tövratı) verdik.

49. O kəslər (üçün) ki, gözlərin görmədiyi Rəbblərindən [və ya: xəlvətdə olanda da Rəbblərindən] qorxur və Qiyamətdən də vahimədədirlər.

50. Nazil etdiyimiz bu (Quran bəşər cəmiyyəti üçün dünya və axirət baxımından) çox bərəkətli bir öyüd-nəsihətdir. Belə olan halda siz onu inkar edirsiniz?!

51. Həqiqətən Biz İbrahimə daha öncə (Musa və Harundan qabaq, tovhid və ilahi maarif barəsində dərs almadan) ona layiq bir ağıl-kamal və fitri hidayət əta etdik və Biz ona (onun bütün mənəvi sifətlərinə və həyat tərzinə əzəldən) bələd idik.

52. O zaman (İbrahim) öz atasına (qaynatasına, yaxud əmisinə, yaxud da ana babası Azərə) və öz qövmünə dedi: «Bu heykəllər nədir ki, siz həmişə təzim və itaətkarlıqla onlara ibadətlə məşğulsunuz?!»

53. Dedilər: «Biz atalarımızı onlara ibadət edən görmüşük (və biz də onlara tabe olaraq həmin heykəllərə ibadət edirik).»

54. Dedi: «Şübhəsiz, siz və atalarınız aşkar azğınlıqda olmusunuz.»

55. Dedilər: «Bizə haqq bir mətləb gətirmisən (bu sözləri ciddi deyirsən) yoxsa zarafat edirsən?!»

56. Dedi: «(Zarafat etmirəm,) əksinə, sizin Rəbbiniz göylərin və yerin onları yaratmış Rəbbidir (sizin, göylərin və yerin ayrı-ayrı tanrı və rəbbinin olması, Allah-təalanın isə Rəbbul-ərbab olması xülyası tamamilə səhvdir). Mən bu həqiqətə şəhadət verənlərdənəm.

57. (İbrahim öz-özlüyündə və ya onların bəzilərinin yanında dedi:) «And olsun Allaha ki, (bayram toplantısı keçirilən yerə) üz tutub bütxananı arxada qoyduğunuz zaman sizin bütləriniz barəsində mütləq bir çarə qılacağam.»

58. Beləliklə (gördüyü işi boynuna yıxmaq və) bəlkə ona üz tutsunlar deyə (bircə) böyüklərindən başqa onların (bütlərin) hamısını parça-parça etdi.

59. Dedilər: «Bizim tanrılarımıza qarşı bunu (bu böyük hörmətsizliyi) kim edib? Şübhəsiz, o, zalımlardandır.»

60. (Onların bəziləri) dedilər: «Eşitmişik İbrahim deyilən bir gənc onları(n adını) dilə gətir(ərək pisləy)ir (bəlkə onun işidir).»

61. (Digərləri) dedilər: «Onu camaatın gözü qabağına gətirin, bəlkə (bütlər haqqında pis danışmasına və ya bu cinayəti törətməsinə) şəhadət verdilər.»

62. (Onu gətirəndən sonra) dedilər: «Ey İbrahim, bizim tanrılarımız barəsində bunu (bu çirkin və qorxulu işi) sən etmisən?»

63. Dedi: «(Xeyr,) əksinə, onu (bu hörmətsizliyi) bu böyükləri edib. Buna görə də əgər danışırlarsa, özlərindən soruşun.»

64. Belə olan halda onlar (əvvəlcə bir anlıq) özlərinə gəlib ayıldılar və (batində özlərinə və ya bir-birlərinə) dedilər: «Doğrudan da siz özünüz zalımsınız (ki, cansız şeylərə ibadət edirsiniz)!»

65. Sonra (fikirlərindən) döndülər (və öz əvvəlki əqidələrinə qayıdaraq İbrahimə dedilər:) «Sən bunların heç vaxt danışmadıqlarını yaxşı bilirsən.»

66. Dedi: «Belə isə, bəs siz Allahın yerinə sizə heç bir xeyir-ziyan yetirməyən şeyəmi ibadət edirsiniz?!»

67. Tfu həm sizə, həm də Allahın yerinə ibadət etdiklərinizə! Heç düşünmürsünüz?!

68. Dedilər: «Əgər (doğrudan da) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!»



Geri   İrəli
Go to TOP